XƏBƏR LENTİ

Şənbə, 21 Dekabr 2019 09:11

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçkilərin hazırlanması, keçirilməsi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi prosesləri, eləcə də seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (Mərkəzi Seçki Komissiyası) qanunvericiliyin sözügedən tələblərinə əməl olunmasını təmin etmək məqsədi ilə seçkilərin hazırlanması və keçirilməsi prosesində müşahidəçilərin və digər aşkarlıq institutlarının normal fəaliyyəti üçün daim hərtərəfli şərait və geniş imkanlar yaradır. Seçici siyahılarının mütəmadi şəkildə nümayiş etdirilməsi, seçki günü seçicilərin aktivliyi, səsvermənin gedişi və ilkin nəticələr barədə məlumatların tam və operativ şəkildə ictimailəşdirilməsi, həmçinin ictimaiyyətin bu proseslərlə yaxından tanış olması üçün ardıcıl və davamlı tədbirlər görülür, bütün proseslərdə dövlət avtomatlaşdırılmış informasiya sistemi və kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur.

Müşahidəçi səlahiyyətləri əldə etmədən və hətta seçki məntəqələrinə gəlmədən geniş ictimaiyyətin səsvermənin gedişini internet vasitəsilə müşahidə etməsi, heç bir qanunsuz müdaxilə olmadan seçicilərə səsvermə üçün zəruri şərait yaradılması, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, səsvermənin nəticələrinin müəyyənləşdirilərək rəsmiləşdirilməsi proseslərinin izlənilməsi və beləliklə aşkarlığın daha geniş miqyasda təmin edilməsi məqsədi ilə ölkədə keçirilən seçki və referendumlarda bütün digər vasitələrlə yanaşı, əlavə tədbirlər qismində 2008-ci ildən başlayaraq 500 seçki məntəqəsində (seçki məntəqələrinin təqribən 10 faizində), sonradan isə 1000 seçki məntəqəsində (seçki məntəqələrinin təqribən 20 faizində) veb-kameralar quraşdırılmışdır.

Seçki mütəxəssisləri və ölkəmizdə seçkilərin gedişini izləmiş çoxsaylı yerli və beynəlxalq subyektlər tərəfindən veb-kamera layihəsi yüksək qiymətləndirilmiş, qabaqcıl seçki təcrübəsinə malik bir sıra xarici dövlətlər də sonradan bu mütərəqqi nailiyyətdən öz seçki praktikalarında istifadə etməyə başlamışlar.

Mərkəzi Seçki Komissiyası bu uğurlu ənənəyə sadiq qalaraq hesab edir ki, 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində də veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində işğal edilmiş ərazilər istisna olmaqla, respublikanın ərazisinin tam əhatə edilməsi prinsipi əsas götürülərək, bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılaraq maraqlı tərəflərin istifadəsinə verilməlidir. Bu fəaliyyət tam başa çatdıqdan sonra veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilməklə ictimailəşdirilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10-cu, 25.2.16-cı, 28.2-ci,      28.4-cü, 40.1-ci və 100-cu maddələrinə, habelə Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/31 saylı qərarı ilə təsdiq edilmiş “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”na uyğun olaraq qərara alır:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermə günü seçki məntəqələrində səsvermə prosesinin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədi ilə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kamera quraşdırılsın.

2. Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi prinsipləri əsas götürülərək, veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin təmin olunması ilə əlaqədar müvafiq tədbirlər görülsün.

3. Veb-kamera quraşdırılmış seçki məntəqələrinin siyahısı dərc edilsin.

4. Bu Qərarın icrası öz səlahiyyətləri daxilində aidiyyəti üzrə müvafiq qurumlara həvalə edilsin.

5. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

20 dekabr 2019-cu il tarixli 19/83 saylı qərarına əsasən dərc edilir.

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində müşahidə üçün

veb-kamera quraşdırılan seçki məntəqələri haqqında məlumat

(118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsi)

 

Qeyd: Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edən 7 seçki dairəsi üzrə (118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı) veb-kameraların quraşdırılması nəzərdə tutulmamışdır.

Read 6727 times