XƏBƏR LENTİ

Cümə axşamı, 12 Yanvar 2017 10:04

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri

Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanma

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.

 

 

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.

 

 

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib

Yanvarın 11-də Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək.

Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, suqəbuledici qurğu, çökəltmə hovuzu, derivasiya kanalı, yükləmə hovuzu daxildir. Bundan başqa, burada metal boru xətti, aparıcı kanal, sutullayıcı və balıqaxıdan qurğular da yaradılacaq. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq. Tənzimləyici dəmir-beton bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiya tipli kanalın uzunluğu 12738 metr olmaqla, maksimum su sərfi saniyədə 126,6 kubmetr təşkil edəcək.

Dövlətimizin başçısı yeni stansiyanın təməlini qoydu.

Belə stansiyaların istifadəyə verilməsi Azərbaycanda, o cümlədən Naxçıvanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdiyini bir daha nümayiş etdirir. Bu cür layihələrin icrası həm də respublikada dövlətimizin başçısının tapşırığı ilə alternativ və bərpaolunan enerjidən istifadənin geniş tətbiqi üçün hərtərəfli imkanlar açır.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

Culfa rayon mərkəzinə və ətraf kəndlərə içməli suyun verilməsi mərasimi olub

Prezident İlham Əliyev mərasimdə iştirak edib

Yanvarın 11-də Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısına “Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Culfa şəhərində və Gülüstan kəndində su şəbəkəsi, Culfa şəhərində isə kanalizasiya şəbəkəsinin tikintisi aparılıb, ev birləşmələri aparılaraq sayğac quraşdırılıb.

Layihə çərçivəsində Əlincəçay yatağında 2088 metr müxtəlif diametrli borularla kaptaj və onu sel sularından qorumaq üçün uzunluğu 1500 metr olan selyönəldici bənd tikilib. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 10 min 800 kubmetr və ya saniyədə 125 litr sutəmizləmə gücünə malikdir.

Hər birinin tutumu 5000 kubmetr olan iki təmiz su anbarı tikilib.

Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər Türkiyə, membranlar isə Amerika istehsalıdır.

Su anbarlarından təmizlənmiş su öz axını ilə Culfa şəhərinin və Gülüstan kəndinin əhalisinə fasiləsiz olaraq verilir. Anbarlardan Culfa şəhərinə qədər çəkilmiş boru xətti daxil olmaqla layihə ərazisində diametri 400 millimetrdən 63 millimetrə qədər borularla 59,7 kilometr daxili su şəbəkəsi çəkilib, 3438 evə su verilərək sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində bir təzyiq azaldıcı, 23 yanğın hidrantı tikilib. Yerin relyefindən asılı olaraq mənzillərə 2 barla 5 bar arasında təzyiqlə su verilir.

Culfa şəhərində diametri 500 millimetrdən 200 millimetrə qədər borularla 34,5 kilometr daxili kanalizasiya şəbəkəsi çəkilib.

Bununla da Culfa şəhəri və Gülüstan kəndində 25 min 700 nəfər təmiz, dayanıqlı, ekoloji cəhətdən tam yararlı və Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin edilib.

Prezident İlham Əliyev sutəmizləyici qurğuda istifadə edilən avadanlığa baxdı.

Sonra dövlətimizin başçısı Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı sisteminin istifadəyə verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa edilmiş yaşayış binası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır.

Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir.

Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb.

 

 

Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Məlumat verildi ki, burada əsgər yataqxanası, Əsgəri-Məişət Kompleksi inşa olunub, sıra meydanı, idman sahəsi yaradılıb, abadlıq-quruculuq işləri aparılıb.

Dövlətimizin başçısı əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əsgər yataqxanasında yaradılan şəraitlə tanış oldu. 900 yerlik yataqxanada əsgərlərin istirahəti üçün hərtərəfli şərait var. üçmərtəbəli bina müasir səviyyədə yaradılıb. ümumi sahəsi 4 min kvadratmetr olan yataqxana bütün zəruri avadanlıqla təchiz edilib. Binada ümumi sahəsi 800 kvadratmetr olan 24 otaq var. Bir sözlə, burada yaradılan şərait dövlətimiz tərəfindən əsgər və zabitlərin sosial məsələlərinin həlli istiqamətində atılan addımların ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir.

Məlumat verildi ki, hərbi hissədə hamam kompleksi də yaradılıb. Ümumi sahəsi 272 kvadratmetr olan bu kompleksdən 1 saat ərzində 172 hərbçi istifadə edə bilər. Hərbi hissədəki Əsgəri-Məişət Kompleksinin ümumi sahəsi 6172 kvadratmetrdir. Binada poçt xidmətləri üçün otaq, mağaza və çay evi də hərbi qulluqçuların ixtiyarına veriləcək.

Kompleksdə 1000 yerlik 2, 500 yerlik 1 və 250 yerlik 2 yemək salonu var. ümumilikdə, burada eyni vaxtda 3000 hərbçi qidalana bilər.

Prezident İlham Əliyev burada qida məhsullarına baxdı, aşpazlarla söhbət etdi.

Prezident İlham Əliyev: Çox gözəl şərait yaradılıb.

Vasif Talıbov: Yaratdığınız şəraitə görə Sizə minnətdarlıq edirik. İşçilərin hamısı mülki vətəndaşlardır.

Prezident İlham Əliyev: Bəli, əvvəllər əsgərlər yemək bişirirdilər. O da dadlı deyildi. İndi isə iş yerləri yaradılıb, yerli vətəndaşlar, qadınlar üçün. Yaxşı yeməklər bişirirsiniz, əsgərlərə də yaxşı baxırsınız.

Vasif Talıbov: Sizin tapşırığınızdan sonra 6 minə yaxın mülki vətəndaş, gizir, müddətdən artıq xidmət edən hərbi qulluqçu işə qəbul olunub.

Prezident İlham Əliyev: Çox yaxşı.

 Bu, yeni iş yerlərinin yaradılmasıdır, xüsusilə qadınlar üçün. Əsgərlər də öz xidməti işləri ilə məşğul olacaqlar.

Vasif Talıbov: Yeməyin də keyfiyyəti yaxşılaşıb. İndi əvvəlki illərlə müqayisədə demək olar ki, tullantı yoxdur.

Prezident İlham Əliyev: İndi hamısını yeyirlər. Xoşlarına gəlir, ona görə. Sağ olun. Sizə uğurlar arzulayıram.

Aşpaz Gülarə Qurbanova: Cənab Ali Baş Komandan, Sizin gəlişinizə çox şadıq. Sizə öz minnətdarlığımızı bildiririk. Gün o gün olsun, belə hərbi hissələr Qarabağda, Laçında, Şuşada salınsın, biz də orada əsgərlərimizə qulluq edək. Sizə bir daha uzun ömür, cansağlığı arzulayıram.

Prezident İlham Əliyev: Çox sağ olun. Sizə də uğurlar arzulayıram. Əsgərlərə yaxşı baxın, onları yaxşı yedirdin ki, onlar daha da möhkəm olsunlar, Vətəni daha da yaxşı qorusunlar.

Aşpaz qadınlar: Minnətdarıq. Sizin sayənizdə belə gözəl şəraitdə yaşayırıq. Allah Sizin ömrünüzü uzun eləsin. Daim Azərbaycanın başının üstündə olasınız.

Prezident İlham Əliyev: Sağ olun.

***

Sonra xatirə şəkli çəkdirildi.

Kompleksin anbarları da müasir səviyyədə qurulub. Burada ərzaq və əşya anbarları var. Anbarlar müasir soyuducu kameralar və digər zəruri avadanlıqla təchiz edilib. Kompleksdə camaşırxana, dərzi otağı və qazanxana da mövcuddur. Bu hərbi hissədə yaradılan şərait bir daha göstərir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər maddi-texniki bazası daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır.

Sonra dövlətimizin başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu.

Bu gün Azərbaycan Ordusu ən müasir silah-sursat, hərbi texnika ilə təmin olunub. Silahlı qüvvələrimizin balansında olan bu müasir texnika bir çox özəllikləri ilə seçilir. Bunların vasitəsilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu gün Azərbaycan Ordusunun balansı dünyanın aparıcı ölkələrinin istehsalı olan silah-sursatla genişlənir. Bundan başqa, son illərdə dövlətimizin başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur.

 

 

Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su sistemi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına “Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verildi.

Bildirildi ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Şahbuz şəhərinə, Kiçikoba və Daylaqlı kəndlərinə su şəbəkəsi, Şahbuz şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 6 min 600 kubmetr və ya saniyədə 76 litr sutəmizləmə gücünə malikdir. Hər birinin tutumu 2500 kubmetr olan iki təmiz su anbarı inşa olunub. Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər isə Türkiyə istehsalıdır.

Prezident İlham Əliyev sutəmizləyici qurğuda istifadə edilən avadanlığa baxdı.

Su anbarlarından təmizlənmiş su öz axını ilə əhaliyə fasiləsiz olaraq verilir. Anbarlardan Şahbuz şəhərinə qədər diametri 315 və 280 millimetr olan 2,7 kilometr uzunluğunda plastik boru xətti quraşdırılıb. Layihə ərazisində diametri 280 millimetrdən 63 millimetrədək borularla 64,3 kilometr içməli su xətti çəkilib. Su şəbəkəsində 31 yanğın hidrantı və 4 təzyiqazaldıcı inşa olunub. Yerin relyefindən asılı olaraq mənzillərə 2-5 bar arasında təzyiqlə su verilir. Layihənin həyata keçirilməsi nəticəsində Şahbuz şəhəri, Kiçikoba və Daylaqlı kəndlərində 15 min 300 nəfər 24 saat daimi su ilə təmin ediləcək. Bundan başqa, əhaliyə verilən su ekoloji cəhətdən də yararlı və təmizdir. Bu su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.

Bildirildi ki, Şahbuz şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər borularla 40,1 kilometr kanalizasiya xətti çəkilib.

Dövlətimizin başçısı Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı sisteminin istifadəyə verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Yanvarın 11-də Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə burada görülən işlərlə bağlı ətraflı məlumat verildi.

Qeyd edildi ki, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. 600 şagird yerlik məktəbdə beşi elektron lövhəli olmaqla 32 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, iki kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet və idman zalı fəaliyyət göstərəcək. Məktəbdə 42 kompüter quraşdırılıb və internetə qoşulub.

Məktəbin kitabxana fondunda 6900 dərslik və 4603 bədii ədəbiyyat olmaqla 11503 kitab var. Məktəbdə 460 şagirdin təhsili ilə 59 müəllim məşğul olur.

Prezident İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu.

Sonra dövlətimizin başçısı məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

 

Prezident İlham Əliyevin çıxışı

- Naxçıvan Muxtar Respublikasında yenidən olmağımdan çox şadam. Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Bu, mənim Prezident kimi muxtar respublikaya sayca 13-cü səfərimdir. On üç il ərzində on üçüncü dəfədir ki, Naxçıvandayam. Bu rəqəm özlüyündə bir göstəricidir, onu göstərir ki, Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir.

Ulu öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşırdı, respublikanın problemlərinin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm və Naxçıvana həmişə çox böyük diqqət verilir, böyük qayğı göstərilir.

Çox şadam ki, respublikanın uğurlu inkişafı təmin edilir. Bu münasibətlə respublikanın rəhbərliyini və sakinlərini təbrik etmək istəyirəm. Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var.

Bu gün mən üç rayonda - Ordubad, Culfa, Şahbuz rayonlarında və Naxçıvan şəhərində olmuşam. Ordubad rayonunda elektrik stansiyasının təməli qoyuldu. Bu, çox böyük layihədir, böyük stansiya olacaq, 36 meqavat gücündə su elektrik stansiyası tikiləcək. Bu, Naxçıvan Muxtar Respublikasının iqtisadi və enerji potensialını böyük dərəcədə gücləndirəcək. Naxçıvanın enerji təhlükəsizliyi təmin edilir. Son illərdə bir neçə stansiya tikilmişdir. Xatırlayıram, 2010-cu ildə Biləv Su Elektrik Stansiyasının açılışını qeyd etmişdik, 2014-cü ildə Arpaçay Su Elektrik Stansiyasının, 2015-ci ildə isə Günəş Elektrik Stansiyasının açılışları olmuşdur. Bunlardan əvvəl isə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası istifadəyə verilmişdir. Yəni, respublikanın enerji potensialının möhkəmləndirilməsi işində çox böyük addımlar atılmış və enerji təhlükəsizliyi tam təmin edilmişdir.

Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra isə enerji təhlükəsizliyi daha da möhkəmlənəcək və eyni zamanda, Naxçıvanın ixrac potensialı daha da artacaq. Çünki bu gün respublika elektrik enerjisini ixrac edir.

Naxçıvanda qazlaşdırma layihələri artıq neçə ildir ki, başa çatıb. İndi Naxçıvanda qazlaşdırma 100 faizdir. Elə bir yaşayış məntəqəsi yoxdur ki, orada qaz olmasın. Bu da böyük nailiyyətdir. Bildiyiniz kimi, 2005-ci ildə burada mənim iştirakımla İran İslam Respublikasından Naxçıvana mübadilə yolu ilə təbii qazın verilməsinə başlanmışdır. Artıq üstündən on ildən çox vaxt keçib və bu layihə çox uğurla icra edilir. Ordubad Su Elektrik Stansiyasının yaradılması da İran ilə Azərbaycan arasında imzalanmış və təsdiqlənmiş saziş əsasında baş verir. Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi həm İranın, həm də Azərbaycanın enerji gücünü artıracaq və eyni zamanda, bu layihə İran-Azərbaycan dostluğunun təzahürüdür. Biz enerji sahəsində, digər sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu yaxınlarda Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu qatarı yola salındı.

Enerji potensialı və enerji təhlükəsizliyi Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmizin əsas hissəsi ilə Naxçıvanın coğrafi əlaqəsi yoxdur. Belə olan halda biz mütləq enerji potensialının inkişafına fikir verməliyik. Bu gün Naxçıvan elektrik enerjisi ilə tam təmin olunub və eyni zamanda, enerji ixrac edir. Naxçıvan təbii qazla da tam təmin olunub. Gələcəkdə bərpa olunan enerji növlərinin yaradılmasından, xüsusilə Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra Naxçıvanda enerji məsələləri ilə bağlı bundan onilliklər sonra heç bir problem olmamalıdır.

Bununla bərabər, əlbəttə ki, digər infrastruktur layihələri daim diqqət mərkəzindədir. Naxçıvan şəhərini digər şəhərlərlə birləşdirən gözəl və çox keyfiyyətli yollar salınıb. Bu gün mən bu yollardan keçmişəm. Onlar bir neçə ildir ki, istifadəyə verilib, amma elə bil ki, dünən tikilib. Yəni, çox gözəl, keyfiyyətli yollardır. Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz, Naxçıvan-Sədərək yolları ən yüksək standartlara cavab verir. Bir yol layihəsi hələ ki, öz həllini gözləyir. Bu da Culfa-Ordubad layihəsidir. Biz onu da növbəti mərhələdə həll edəcəyik və beləliklə, şəhərlərarası yollar problemi aradan götürüləcək. Kənd yollarının tikintisi də uğurla gedir və bu proses davam edəcək.

Bu gün biz Culfa və Şahbuz rayonlarında içməli su və kanalizasiya layihələrinin rəsmi açılışını qeyd etdik. Bu da çox önəmli layihələrdir. Hər iki şəhərə təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilməsinə başlanmışdır. Ondan əvvəl Naxçıvan şəhəri su ilə təmin edilmişdir. Bu gün biz artıq digər şəhərlərə də suyun verilməsini təmin edə bildik. Bu da çox önəmlidir. İnsan sağlamlığı üçün əsas amillərdən biri də təmiz sudur. Biz onu da həll etmişik. Bu il Dövlət İnvestisiya Proqramında Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin su-kanalizasiya problemlərinin həlli məsələləri də öz əksini tapacaq.

Yəni, bunlar əsas infrastruktur layihələridir - elektrik enerjisi, təbii qaz, içməli su, yollar. Artıq demək olar ki, bu işlərin mütləq əksəriyyəti görülübdür. Bu, respublikanın potensialını göstərir, eyni zamanda, sosial infrastruktur da yaradılır. Bax, bu məktəb bunun bariz nümunəsidir. Son illər ərzində Naxçıvan Muxtar Respublikasında artıq 200-ə yaxın yeni məktəb tikilib, yaxud da ki əsaslı şəkildə təmir olunub. Təmirə ehtiyacı olan cəmi bir neçə məktəb qalıb. Əminəm ki, yaxın gələcəkdə bu məsələ də həllini tapacaq.

Digər sosial infrastruktur layihələri səhiyyə ilə bağlıdır. Hesab edirəm ki, Naxçıvan bu istiqamətdə də nümunəvi bir respublikadır. Burada bütün şəhərlərin və rayonların mərkəzi xəstəxanaları yenidən tikilib. Mən onların bəzilərinin açılışlarında iştirak etmişəm. Naxçıvan şəhərində doğum evi, diaqnostika mərkəzi, respublika xəstəxanası, bütün bu tibb ocaqları ən yüksək standartlara cavab verir və ən müasir avadanlıq quraşdırılıb.

Naxçıvanın gözəlləşməsi, abadlaşması məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir. Binalar təmir olunur, yeni, gözəl binalar tikilir, geniş prospektlər salınır. Abadlıq-quruculuq işləri bir tərəfdən ölkəmizin gücünü, digər tərəfdən Naxçıvan rəhbərliyinin səmərəli işini, sakinlərin bu işlərə olan münasibətini göstərir. Bütün bu işlər böyük məhəbbətlə, zövqlə və səliqə ilə görülür.

Naxçıvan dünya miqyasında öz gözəlliyi ilə seçilən bir şəhərdir. Əlbəttə ki, Naxçıvanın qədim və zəngin tarixi bizim milli sərvətimizdir. Naxçıvan Azərbaycanın qədim diyarıdır, qədim torpağıdır. Burada tarixi abidələr qorunur. Bu tarixi abidələr bizim qədim tariximizi göstərir. Onu göstərir ki, əsrlər boyu Azərbaycan xalqı bu diyarda yaşayıb, yaradıb. Bu, bizim böyük milli sərvətimizdir.

Bu gün, eyni zamanda, hərbi hissədə olarkən bir daha gördüm ki, Naxçıvanın hərbi potensialı da lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq. Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb.

Yəni, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir. Mən çox şadam ki, bu məsələlər də uğurla öz həllini tapır və əlbəttə ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı çox önəmli addımlar atılır. Naxçıvanda sənaye müəssisələri yaradılır, kənd təsərrüfatı inkişaf edir, bir çox kənd təsərrüfatı məhsulları ilə siz özünüz-özünüzü təmin edirsiniz. O cümlədən inşaat materialları sektoru inkişaf edir. Bu gün Fövqəladə Hallar Nazirliyi üçün tikilmiş yaşayış binasında olmuşam və orada da, bu məktəbdə də istifadə olunan materialların demək olar ki, hamısı yerli məhsullardır. Bu, onu göstərir ki, sənaye də inkişaf edir, yeni müəssisələr yaradılır və Naxçıvanın ixrac potensialı da artır və artmalıdır.

Nəhayət, biz Naxçıvanın nəqliyyat problemlərinin həlli üçün də çalışırıq. Qeyd etdiyim kimi, Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu fəaliyyətə başlayıb. Bildiyiniz kimi, biz indi İran İslam Respublikası və Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyirik. İşlərin bizə aid olan hissəsi artıq başa çatıb. Bu dəhliz tam işə düşəndən sonra Naxçıvan dəmir yolu ilə İran vasitəsilə Azərbaycanın əsas hissəsi ilə də birləşəcək. Biz bu layihəni sürətləndirmək istəyirik ki, tezliklə bu, baş versin. Ondan sonra Naxçıvanda istehsal olunan mallar artıq dünya bazarlarına rahatlıqla çıxa biləcək və insanlar üçün bu, əlbəttə ki, əlavə imkanlar yaradacaq. 

Bir sözlə, bugünkü səfərim mənim üçün çox xoş keçir. Ona görə ki, sizinlə görüşürəm. Ona görə ki, bir daha görürəm, respublika yaşayır, uğurla yaşayır, siz yaradırsınız, qurursunuz, belə gözəl məktəblər yaradırsınız. Bu məktəbin özəlliyi ondan ibarətdir ki, bu, rus məktəbidir. Artıq bizim ölkəmizdə 300-dən çox məktəbdə tədris rus dilində aparılır. Ancaq bu məktəb sırf rus məktəbidir və bu da bir göstəricidir. Biz burada da öz siyasətimizi, öz niyyətimizi göstəririk. Bunu nəzərə alaraq mən rus dilində də bir neçə kəlmə söz demək istəyirəm.

Mən müəllimləri, pedaqoqları salamlamaq və bu məktəbin açılışı münasibətilə onları təbrik etmək istəyirəm. Bu məktəb rusdillidir. Mənə dedilər ki, bu məktəb 600 şagird üçün nəzərdə tutulub və artıq 400 şagird burada təhsil alır. Bu, onu göstərir ki, rus dilinin öyrənilməsinə təkcə Bakıda deyil, Naxçıvanda və başqa bölgələrdə də maraq var. Mən bunu alqışlayıram. Bizim vətəndaşlarımız nə qədər çox müxtəlif dil bilsələr, onlar üçün bir o qədər yaxşı olacaq. Əlbəttə, qonşu ölkələrin dillərini bilməliyik ki, onlarla ünsiyyət saxlayaq, dostluğu möhkəmləndirək. Bu, həm də dövlətlərarası münasibətlər üçün mühüm amildir. Ona görə də mən məktəbin bütün çoxmillətli kollektivini salamlayır, ona uğurlar arzulayıram. Arzu edirəm ki, bu məktəbin məzunları Azərbaycanın layiqli vətəndaşları olsunlar.

Bir daha sizi salamlayıram və sizə yeni uğurlar arzulayıram.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış etdi.

 

Ali Məclisin Sədri Vasif Talıbovun çıxışı

- Möhtərəm cənab Prezident.

Regionlara etdiyiniz səfərlərin birində demişdiniz ki, “Bizim ölkəmizin gələcək inkişaf perspektivləri çox gözəldir və çox aydındır. Mən çox istəyirəm ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin, hər bir rayon mərkəzi müasir standartlara cavab versin, bütün kəndlərdə abadlıq işləri aparılsın, yollar salınsın, elektrik enerjisi ilə təminat yaxşılaşsın. Bir sözlə, insanların gündəlik həyatında çox müsbət dəyişikliklər baş versin”.

Bu gün yeni inkişaf dövrünü yaşayan ölkəmizlə bağlı tövsiyələriniz muxtar respublikada da ardıcıl şəkildə həyata keçirilir. Sizin rəhbərliyinizlə həyata keçirilən quruculuq işləri, sabitlik və iqtisadi inkişaf uğurla davam etdirdiyiniz ümummilli lider Heydər Əliyev yoluna sədaqətin bəhrələridir.

2004-cü ildən ötən dövr ərzində muxtar respublikaya səfərləriniz zamanı müasir həyatın bütün sahələrini əhatə edən 130-dan çox obyektin açılışını həyata keçirmisiniz.

Vaxt var idi ki, qaz təsərrüfatı dağılmış vəziyyətdə olan muxtar respublikaya sutka ərzində 6-8 saat elektrik enerjisi verilir, qonşu ölkələrdən elektrik enerjisi alırdıq. Bu gün Sizin himayənizlə elektrik təsərrüfatı güclənmiş, yeni elektrik stansiyaları istifadəyə verilmiş, ərazi tamamilə qazlaşdırılmışdır.

Əvvəllər blokada səbəbindən muxtar respublika sakinlərinin gediş-gəlişində problemlər mövcud olduğu halda Sizin tapşırığınız əsasında hava limanında aparılan yenidənqurma işləri, yeni müasir terminalların istifadəyə verilməsi hesabına bir saatda sərnişin dövriyyəsi 600-ə çatdırılmışdır. 

Naxçıvan Muxtar Respublikası tarixən istər içməli, istərsə də suvarma suyuna görə tələbatın tam ödənilmədiyi ərazilərdən olub. Bu gün Sizin himayənizlə Naxçıvan Muxtar Respublikasında içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsi həyata keçirilir. Naxçıvan şəhərində, Şahbuz və Culfa rayonlarında başa çatdırılan layihələr 133 min nəfərin təmiz və ekoloji cəhətdən tam yararlı içməli su və müasir  kanalizasiya sistemləri ilə təmin olunmasına  şərait yaradır. Bununla  bərabər, təsərrüfat sahələrinin suvarma suyu ilə təminatı da yaxşılaşdırılmış, aqrar sektor inkişaf etdirilmişdir.

Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirlərin nəticəsi olaraq doğma Azərbaycanımızın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında ərzaq və enerji təhlükəsizliyi təmin olunub, etibarlı müdafiə sistemi yaradılıb.

Bu gün Naxçıvan Muxtar Respublikası üçün daha bir əhəmiyyətli layihə olan 36 meqavatlıq Ordubad Su Elektrik Stansiyasının təməlini qoydunuz. Bu isə muxtar respublikanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsini təmin edəcəkdir.

Möhtərəm Prezident, Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə minnətdarlığımızı, dərin hörmət və ehtiramımızı bildiririk. Sağ olun.

***

Sonda xatirə şəkli çəkdirildi.

 

 

Səfər başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və hökumətin üzvləri yola saldılar.

AZƏRTAC

 

 

 

Read 70 times