XƏBƏR LENTİ

Cümə axşamı, 29 Dekabr 2016 10:24

İkitərəfli münasibətlərin fəallaşması Belarus və Azərbaycan üçün 2016-cı ilin başlıca yekunu olub

Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçin 2016-cı ildə Belarus-Azərbaycan əməkdaşlığının yekunlarına və 2017-ci ildə Belarus-Azərbaycan qarşılıqlı əlaqələrinin perspektivlərinə həsr edilmiş mətbuat konfransı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın aparıcı mətbu və elektron KİV-lərinin nümayəndələri iştirak ediblər.

Belarusda baş verən hadisələrin obyektiv işıqlandırılmasına görə KİV nümayəndələrinə təşəkkür edən səfir G.Axramoviç ölkəsində sosial-iqtisadi inkişafın müsbət meyilləri barədə jurnalistləri məlumatlandırıb, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə dinamik inkişaf etdiyini bildirib. Səfir 2016-cı ildə Belarus-Azərbaycan münasibətlərinin əlamətdar hadisələri üzərində ətraflı dayanıb, siyasi, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın perspektivlərini göstərib. O bildirib ki, ikitərəfli münasibətlərin fəallaşması Belarus və Azərbaycan üçün 2016-cı ilin başlıca yekunu olub.

Səfirin sözlərinə görə, hazırda hər iki ölkə bu münasibətlərin proqram xarakterli uzunmüddətli münasibətlərə çevrilməsi üzərində çalışır. Prezident İlham Əliyevin tapşırığı ilə aqrar sektorda uzunmüddətli proqramlar işlənib hazırlanıb.

Səfir dünya iqtisadiyyatında müşahidə edilən böhranın ticari münasibətlərə mənfi təsirini və bununla əlaqədar ikitərəfli əmtəə dövriyyəsinin azaldığını qeyd edərək bildirib ki, bu azalma ötən illə müqayisədə təqribən 50 faiz təşkil edib. Bununla belə, bu il Azərbaycandan ixrac xeyli - 3,5 dəfə artıb.

Azərbaycan və Belarus Gəncə avtomobil zavodunda istehsal edilən avtomobil və kənd təsərrüfatı texnikasının üçüncü ölkələrə ixracının genişləndirilməsi məsələləri üzərində çalışırlar. Onun sözlərinə görə, sənaye kooperasiyası sahəsində əməkdaşlıq  perspektivlidir və iki ölkənin ticarət dövriyyəsinin 20 faizə qədərini təşkil edir. Burada istehsal edilən Belarus maşınlarının spektri genişlənir. Fəaliyyət göstərdiyi müddət ərzində zavodda 8 mindən çox “Belarus” markalı traktor və 3 mindən çox “MAZ” markalı yük avtomobili istehsal olunub. Gürcüstana traktor ixracı təşkil edilib, başqa ölkələrə ixracın genişləndirilməsi istiqamətində iş gedir. Gəncədə Belarus avtobuslarının istehsalı daha bir perspektivli layihədir.

Tərəflər Gəncə avtomobil zavodunun bazasında Minsk avtomobil zavodunun sərnişinlər üçün texnikasının yığma istehsalının təşkili layihəsinin həyata keçirilməsinə də maraq göstərirlər.

G.Axramoviç bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi başa çatan ilin mühüm hadisəsi olub.

Sonda Gennadi Axramoviç jurnalistlərin suallarına cavab verib.

AZƏRTAC

 

 

 

Read 36 times