XƏBƏR LENTİ

Cümə axşamı, 29 Dekabr 2016 10:23

Mahmud Vaezi: İran Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətindədir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-İran əməkdaşlığının bütün sahələrdə uğurla inkişaf etdirilməsindən, o cümlədən ölkələrimiz arasında ticarət dövriyyəsinin və sərmayə qoyuluşunun artımı, habelə kənd təsərrüfatı, nəqliyyat, turizm, sənaye və digər istiqamətlərdə uğurlu inkişafdan məmnunluq ifadə olunub.

Mahmud Vaezi Dövlət Komissiyasının fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat verib, İranın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov iki ölkənin prezidentlərinin iradəsinə, müəyyən etdikləri strateji xəttə və xalqlarımızın ənənəvi dostluğuna uyğun olaraq Azərbaycanın da İranla bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib və Dövlət Komissiyasının işini, xüsusilə Mahmud Vaezinin fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi istiqamətində hazırda görülən işlər, layihənin əhəmiyyəti barədə söz açılıb və bu layihənin regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edilib. Tərəflər bu ilin avqustunda Bakıda keçirilmiş Azərbaycan-İran-Rusiya dövlət başçılarının üçtərəfli görüşünün əhəmiyyətini qeyd edərək, bu formatda İranda keçiriləcək növbəti görüşü müzakirə ediblər.

Regional məsələləri müzakirə edən nazirlər terrorizmə qarşı birgə mübarizə və informasiya mübadiləsinin vacibliyini vurğulayıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC

 

 

 

Read 17 times