XƏBƏR LENTİ

Çərşənbə axşamı, 19 Noyabr 2019 09:06

YENİ SƏNƏT UĞURU

(“Son gecə” bədii televiziya filminin yaradıcı heyəti ilə müsahibə)


-İlahi!
Mən ki səni danmamışam.
Səni dərk etmişəm özümdə.
Nə riya olub,
nə yarınmaq
şeirimdə, sözümdə.
Nə şöhrət, nə sərvət olub
gözümdə.
Məndə iki cahan sığdı,
sığa bilmədim bu cahana.
Yaşadım insana məhəbbətlə
içimdən yana-yana.
Bu misralar Rəsul Rzanın dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr etdiyi “Son gecə” poemasındandır. Xalq şairi Rəsul Rzanın insan qəlbinə hakim olan poeziyası ekran poetikasına doğmalığı ilə də seçilir. Şairin istər lirik, istərsə də fəlsəfi şeirləri, poemaları sanki qüdrətli rəssam fırçası ilə yaranan tablolardır. Bu tabloların bədii rənginə, təkrarsız naxışlarının incəliyinə biganə qalmaq mümkün deyil... Məhz bu cəhətlər Rəsul Rzanın əbədiyaşar poeziyasını kino poetikasına daha da doğmalaşdırır. Müsahiblərim Xalq şairimiz Rəsul Rzanın “Son gecə” poemasına ekran həyatı bəxş edən quruluşçu rejissorlar Xalq artisti Ramiz Həsənoğlu və Nazim Məmmədov, quruluşçu operator Eldar Məmmədov, Xalq artisti Vidadi Əliyev və Əməkdar artist Elşən Rüstəmovdur.
Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,
Bu “quş dili”dir, onu Süleyman bilir ancaq.
—Nəsimi sözü həmişə şairlərin, tədqiqatçıların, sənətçilərin diqqət mərkəzində olub. Mütəfəkkir şairə sonsuz məhəbbətin ifadəsi kimi həyatı, yaradıcılığı haqqında dəyərli əsərlər yaranıb. Bu əsərlər sırasında Rəsul Rzanın yüksək sənətkarlıqla qələmə aldığı “Son gecə” poemasının xüsusi yeri var. Ramiz müəllim, ilk sualım Sizədir. “Son gecə” poemasını ekranlaşdırmaq ideyası nə vaxt, necə yarandı?
—1974-cü ildə Xalq şairimiz Rəsul Rza Hələbdə səfərdə olarkən Nəsiminin məzarını ziyarət etmişdi. Bakıya qayıdandan sonra Rəsul müəllim duyğularını qələmə aldı. “Son gecə” poemasını yazdı və bizim rəhbərliyə təklif etdi ki, poemanın əsasında veriliş hazırlansın. O vaxt rəhbərimiz Elşad Quliyev idi. Məni yanına çağırdı, dedi ki, bu poemaya göz gəzdir. Poemanı böyük məmnuniyyətlə götürdüm. Rəsul Rzanı sevirdim. Gözəl şair idi. O vaxtın yaşı, təfəkkürü ilə, o vaxtın şəraiti ilə tamaşa hazırladıq. Nəsimi obrazını Hamlet Xanızadə oynamışdı. Gözətçi Nicatı isə Süleyman Ələsgərov. Aparıcı Azərbaycan radiosunun qızıl səsi Həsən Əbluc idi. Yadımdadır, o vaxtlar “Leonardo da Vinçi” serialı getmişdi. Serialdan bəhrələnərək tamaşada müasir görkəmdə aparıcını iştirakçılarla görüşdürdüm. Düzdür, onlar bir-birilə təmasda deyildilər. Amma münasibətləri Rəsul Rzanın poemasından çıxış edərək qurmuşdum. Ekranda ilk Nəsimi Hamlet Xanızadə oldu. Həsən Seyidbəyli “Nəsimi” filmini sonralar çəkdi. Xalq yazıçısı Hüseyn Abbaszadə “Ədəbiyyat və incəsənət” qəzetində haqqımda ilk resenziya yazdı. Bildiyiniz kimi, bu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Əlamətdar yubiley dünyada YUNESKO-nun xətti ilə keçirilir. Rəsul Rzanın poeması bu gün də aktualdır. Bizim rəhbərlik müraciətimi qəbul etdi.
—Siz eyni zamanda filmin həmssenaristlərindən birisiniz. Adətən, ekranlaşdırılan əsərlərə rejissorlar müdaxilələr edir, ixtisarlar aparır, improvizələrə yol verirlər. “Son gecə” poemasını ekranlaşdırarkən ədəbi mənbəyə nə dərəcədə sadiq qaldınız?
—İlk materiala həmişə böyük sayğı ilə yanaşıram. Poema oxumaq üçün yaranmışdı. Görüntülü sənətin öz sirləri var. Film çəkəndə, təbii ki, bəzi motivlər bir qədər dəqiqləşdirilir. İxtisarlar, əlavələr olunur. Ədəbi materiala naşı yanaşılanda son nəticə qüsurlu olur. Burada mənimlə quruluş verən Nazimin də fikirləri var idi. Ssenarinin yazılışına ssenari kollegiyamızın sədri Afaq xanım Vasifqızını və gənc yazıçı, jurnalist Pərvini də cəlb elədim. Pərvinlə mənim qabaqlar da gördüyüm işlər olub. Ona inanırdım ki, ortaya bir şey çıxarıb qoyacaq. Ssenarini kollegial şəkildə işlədik. Burada təəccüblü heç nə yoxdur. Bu dəqiqə dünya kinosuna baxsanız, titrlərdə 5-6 nəfərin adını görərsiz. Biri süjet yazır, biri dönüşü, biri dialoqları... Bizdə də belə məqam oldu. Bəzən məcbur olduq ki, Rəsul Rzanın hansısa misrasını dialoqa çevirək. Yəni, Rəsul Rzanın mətnindən uzaqlaşmadan, istədiyimizə nail olmağa çalışdıq.
—Ramiz müəllim, quruluş verdiyiniz tamaşalarda, filmlərdə sənətkar axtarışlarınızla fərqlənmisiz. Hər quruluşunuz təkrarsız üslubunuza fərqli çalarlar qatıb. Maraqlıdır, “Son gecə” filmində rejissor poetikanız hansı cəhətləri ilə daha çox fərqləndi?
—Bir var, dramatik əsəri götürürsən, onun öz qaydaları, qanunları var. Yeri gəlmişkən, yaxın günlərdə Bakıda Beynəlxalq teatr festivalı keçirilirdi. Vaxtanqov teatrının “Yevgeni Onegin” poeması əsasında qoyduğu tamaşaya baxanda artıq filmi çəkmişdik. “Yevgeni Onegin” tamaşasında da ədəbi materiala yanaşmada üzləşdiyim problemləri gördüm. Onlar çox uğurla onun öhdəsindən gəlmişdilər. Burada həm səriştə lazımdır, həm də o işin nəticəsini görə bilmək imkanı olmalıdır. O nəticəni mənə elə gəlir ki, biz görə bildik. “Son gecə” filmi kollektiv əməyin nəticəsidir. Hər dəfə ədəbi materiala müraciət eləyəndə hökmən hesablaşmalısan ki, bu, məxsusi ekran üçünmü yazılıb, yoxsa oxumaq üçün. “Son gecə” poeması oxumaq üçün yaranmışdı. Təbii ki, oxumaq üçün yaranan poemanı görüntüləşdirmək peşəkarlıq tələb edirdi. Biz də peşəkar komanda ilə işləyirdik. Burada operatorun və rəssamın da işini qeyd eləmək lazımdır. Hələbdəki arxitektura bizim Şirvanşahlar sarayına çox uyğundur. Ona görə əsəri bütünlüklə Şirvanşahlar sarayında çəkdik. Quruluşçu rəssam Rafael Əlizadə, quruluşçu operator Eldar Məmmədovla bir yerdə o atmosferi yaratmağa çalışdıq.
—Nazim müəllim, “Son gecə” filminə həmrejissor təklifi alanda sevinc hissi ilə bərabər, yəqin ki, həyəcanlı anlar da az olmadı...
—Ramiz müəllim mənə dedi ki, bir film var, istəyirəm səninlə həmrejissor olum. Dəvəti qəbul elədim. Sevindim ki, Ramiz müəllim məni qiymətləndirir. Ramiz müəllim hər sənətkarla çiyin-çiyinə işləməyə razı olmaz. Mən gələndə aktyorlar təyin olunmuşdu. Rəssam eskizləri çəkilmişdi. Film Ramiz müəllimin rəhbərliyi ilə çəkildi.
—Rejissor ssenarisinin yazılışında, çəkiliş meydançalarında mübahisəli məqamlar, fikir ayrılıqları yaranırdımı?
—Ciddi fikir ayrılıqları olmadı. Masa arxasında müzakirələr apardıq, hər şeyi çox dəqiqliklə araşdırırdıq. Əlbəttə, arada mübahisələrimiz də olurdu. Hətta inadkarlıq da eləyirdim. Ramiz müəllim mənimlə razılaşırdı. Çəkiliş meydançasında isə mübahisələr olmurdu. Bir-birimizə dayaq idik. Mən çaşanda Ramiz müəllim düzəliş verirdi. Şeir əsasında film çəkmək olduqca çətindir. Çünki şeiriyyətə nəsrdən fərqli olaraq müdaxilə edəndə, onu bölüb ramkaya salanda qırıla bilər. Burada çətinliyimiz oldu. R.Rzanın poeziyasına xələl gətirməməyə çalışdıq. Əvvəldə müəllifin sözünü bölüşdürdüm. Nicatla Nəsiminin dialoqu yarandı. Hətta orada iki-üç obrazı da artırdım. Ramiz müəllimin çox xoşuna gəldi. Titrləri yazanda Ramiz müəllim əsas rollar kimi onların adını yazdı. Əslində baş keşikçi sözsüz idi. Ramiz müəllimlə işləmək çox xoşdur.
—Eldar müəllim, Siz uzun illərdir Ramiz müəllimlə enişli-yoxuşlu sənət yolunda çiyin-çiyinə addımlayırsınız. “Son gecə” filmini bu sənət tandeminin növbəti uğurlu addımı adlandırsaq, məncə, yanılmarıq. Sizi Ramiz müəllimlə doğmalaşdıran hansı cəhətləri vurğulamaq istərdiz?
—Ramiz müəllimlə doğmalığımız uzun illərin nəticəsidir. Əsasən yaradıcılığımız tamaşalar, film-tamaşalar, filmlər olub. Ramizlə işləmək mənim üçün niyə asan olub? Bir-birimizi çox gözəl başa düşürdük. Sizə deyim ki, bu, uzun illərdən sonra oldu? Xeyr. Əvvəldən bizdə çox yaxşı alındı. Ramizlə çəkdiyimiz “Ordan-burdan” tamaşası istirahət günü Moskvada getdi. Halbuki, o zaman Moskva öz tamaşalarını istirahət günü televiziyada göstərmirdi. “Son gecə” filmini bu sənət tandeminin uğurlarından adlandırmaq olar. Mən, tamaşanın, filmin dekorasiyadan kənarda çəkilməyinin o qədər də tərəfdarı deyiləm. Bəlkə də əleyhinəyəm. Tamaşalarımızın, filmlərimizin 90 faizi studiyada çəkilib. Dekorasiyada işığı istədiyimiz kimi qururuq. Amma kənara çıxanda artıq məkan sənə diktə eləyir. Divanxanada gur işıq qurmaq olmazdı, divarlarda kölgə olardı. Mühiti itirə bilərdik. Bir neçə variant fikirləşdim. Studiyada bizə lazım olan mühiti, o auranı ala bilməzdik.
—Poeziyanın bədii ruhunu təsvirlərdə qorumaq kinooperatorları həmişə düşündürüb. “Son gecə” bədii televiziya filmində siz bu mürəkkəb vəzifənin öhdəsindən məharətlə gəlmisiz. Sənətkarlıq sirlərinizi bölüşərsinizmi?
—Bu bir az çətin sualdır. Bilirsiniz, sənətkarlıq içəridən gəlmə olmalıdır. Operator, necə deyərlər, rəssam olmalıdır. Söhbət rəngkarlıqdan getmir. Səndə daxili istedad olmalıdır. Təvazökarlıqdan kənar da olsa, yəqin ki, bu məndə var. Təsəvvür edin, studiyaya təzə gəlmişdim. 1-2 il işıqçı işlədim. Sonra operator keçirtdilər məni. Cəmi 12 nəfər adam var idi. Mən oldum 13-cü. O vaxt bütün verilişlər canlı gedirdi. Mənə orta kameranı verdilər. Tamaşanın rejissoru Arif Babayev mənə dedi ki, axşam sən işləyəcəksən. Gələcəkdə inamla işləməyim hamısı ordan başladı. Arif Babayev o sözləri, bəlkə də, heç kimə deməmişdi. Bir az keçəndən sonra Ramizlə işlədim. Ramizlə işləmək mənə çox asan və rahat olub. “Fatehlərin divanına” yəqin ki baxmısınız. Onun uğuruna əvvəlcə şübhə ilə yanaşdım. Mənə belə gəldi ki, çox sakit gedir. Ramiz şübhələrimi dağıtdı, dedi ki, baxılacaq. Nəticə sevindirici oldu. Türkiyədə bəlkə bizdən çox göstəriblər o tamaşanı. Ramiz müəllim nə istədiyini bilir. Çəkiliş meydançasına həmişə hazır gəlir. Ona görə adam yorulmur.
—Ramiz müəllim, adətən, filmə çəkilən aktyorlar əvvəl foto və kino sınaqlarından keçir. Bəzən isə, rejissorlar çəkəcəyi aktyorları yəqinləşdirdiyindən belə sınaqları aparmır. “Son gecə” filmində necə? Çəkilən aktyorlarla sınaq çəkilişləri oldumu?
—Demək olar ki, yox. Əslində o praktika pis deyil. Yəni, rejissor istər-istəməz gələcək səhvlərdən özünü sığortalayır. Film istehsalında bu xüsusilə əhəmiyyətli prosesdir. Müxtəlif illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında iki tarixi film çəkmişəm: “Cavid ömrü” və “Sübhün səfiri”. Orada baş rola çəkəcəyim rollara sınaq çəkilişləri apardım. “Son gecə”də baş rola Elşən Rüstəmov çəkildi. Sizə bir sirr açacam. Elşən Rüstəmov 7 il bundan əvvəl “Sübhün səfiri”ndə də baş rola sınaq çəkilişlərində oldu. Demək olar ki, hamı bəyənmişdi onu. Amma Bədii Şurada bir səslə başqa aktyor təsdiqləndi. O bir səs mən idim. Tam əmin deyildim ki, onun zahiri görünüşü—söhbət aktyor ustalığından getmir—bizə lazım olan fakturanı verə biləcək. Çünki bizim qrim imkanlarımız məhduddur. Hollivudda film çəkəndə tarixi filmə xərclədiyimiz smetanın pulunu təkcə qrimə verirlər. Baxmayaraq ki, bizdə Elbrus Vahidov kimi gözəl bir qrim rəssamı çalışırdı. Mən onda Elşənə dedim borclu borclunun sağlığını istər. Vaxt gələr borcumu qaytararam. Elə də oldu. Düşünmədən, şübhə etmədən Elşəni bu rola cəlb elədim. Və mənə elə gəlir ki, Azərbaycan kinematoqrafında Nəsimi obrazının çox ləyaqətli yeni ifaçılarından biri də Elşən oldu. Nəsimi dünən də vardı, bu gün də var, sabah da olacaq. Və çəkilən personajların içində Elşən Rüstəmov xüsusi yer tutacaq. Burada ola bilsin ki, təkcə Nəsimi personajı üzərində dayanmaq lazım deyil. Gözətçi Nicatı da qeyd etmək istəyirəm. Məncə, Azərbaycan səhnəsinin yaşlı nəslinə mənsub olan çox istedadlı aktyoru — Vidadi Əliyevi bu rola çəkməkdə yanılmadıq.
—Elşən Rüstəmovu tamaşaçılar zəngin obrazlar qalereyası ilə tanıyır. Uğurlarınızın davamı kimi, “iki cahana sığmayan” Nəsiminin ekran obrazı -çətin olmadı ki?..
—Nəsimi kimi bir şairi, mütəfəkkiri canlandırmaq, oynamaq, əlbəttə, hər bir aktyor üçün məsuliyyətlidir, həm də böyük qürurdur. Nəsimi obrazında biz ilkin olaraq Rasim Balayevi görürük. Rasim Balayevdən sonra Nəsimini oynamaq, sözsüz ki, çətindir.
—Sizin “Son gecə” filmindəki ifadəli aktyor oyununuzu sənətçilər xüsusi vurğulayırlar. Bu uğurda Ramiz Həsənoğlu və Nazim Məmmədovun rejissor əməyini necə dəyərləndirirsiniz?
—Əlbəttə, Ramiz müəllim olmasaydı, bu rol mənə təklif olunmazdı. Sənət insanları da çox sağ olsunlar ki, baxıblar və qiymətləndiriblər. Tamaşaçılara öz təşəkkürümü bildirirəm. Ramiz müəllimlə bir neçə iş birliyimiz olub. Təşəkkür edirəm ki, o, Nəsimi obrazını mənə etibar elədi. Və mən də onun dediklərini yerinə yetirməyə çalışdım. Bu rol aktyor bioqrafiyamda qırmızı xətlə keçəcək. Hər bir aktyorun arzusudur ki, Nəsimi obrazını canlandırsın. Ramiz müəllim bir çox filmlərin rejissorudur. Əsasən də televiziya rejissoru kimi uşaqlıqdan onun tamaşalarına baxıb gülmüşük, ağlamışıq, kədərlənmişik, sevinmişik. O tamaşalarla böyümüşük. Böyük aktyorları Ramiz Həsənoğlunun tamaşalarında baxıb sevmişik. Ramiz müəllim kimi rejissorla işləmək böyük fəxarətdir. Nazim müəllimlə də mənim bir işim olub. Hələ çox gənc idim. “Karvan” qrupunun solistləri üçün klip çəkilirdi. O zaman keyfiyyətli kliplərimiz var idi. Və Nazim müəllim o keyfiyyətli kliplərdən birini çəkdi. Nazim müəllimlə orada tanış oldum. Onun işini sevdim. Bu filmdə də Nazim müəllimin çox köməyi oldu. Ona da təşəkkür eləyirəm. Yenə də qayıtmaq istəyirəm iş prosesinə... Çoxdandı mən o hissləri yaşamırdım. Ramiz müəllim əvvəlcə məşq eləyirdi. Məkanlara da gedib baxırdıq. Bizim üçün də çəkiliş vaxtı asan olurdu. Çox gözəl hisslərdi. Və mən çəkiliş müddətində bu hissləri yaşadım. Bütün çəkiliş qrupuna təşəkkür edirəm.
—Vidadi müəllim, “Son gecə” filmindəki Nicat rolunda dəst-xəttinizə sadiq qalaraq obrazı daxili dünyası, xarakteri ilə təqdim etməyə nail olmusunuz. Rol üzərində çalışmalarınız, axtarışlarınız, heç şübhəsiz, az olmayıb...
—Öz oyunum haqqında nə deyə bilərəm? Əgər bəyənilibsə, tamaşaçının xoşuna gəlibsə, deməli, bu yaradıcı heyətin uğurudur. Ramiz müəllim yaradıcılıq atmosferini gözəl təşkil etmişdi. Çəkiliş meydançasında hamı-rejissor, operator, assistentlər, işıqçılar, qrimçilər, pirotexniklər əlbir işləyirdi. Aktyor yalnız yaradıcılıq haqqında düşünürdü. Ramiz müəllim kamera arxasından aktyoru obraz yaradacılığına məharətlə yönəldirdi. Heç şübhəsiz, bu uğur rejissor axtarışlarının bəhrəsi idi. Ramiz müəllim aktyorun özündən çıxış edir, aktyora özünü büruzə verməyə imkan yaradırdı. O, aktyor heyətini rejissor həssaslığı ilə seçmişdi. Aktyorlar bir-birini, görüb, eşidə bilirdilər. Uğurlu iş alınıbsa, səbəbi məhz bundadır...
—“Son gecə” bədii televiziya filmi Nəsiminin 650 illik yubileyinə layiqli töhfələrdən biridir. Maraqlı rejissor və operator quruluşu, aktyor oyunu ilə “Son gecə” sənət öncülləri sırasında özünəməxsus məziyyətləri ilə fərqlənir. Qazanılan böyük uğur ağır, lakin şərəfli sənətkar əməyinin şirin bəhrəsidir. Ramiz müəllim, maraqlı müsahibəyə görə “Son gecə” filminin, eləcə də yaradıcı qrupun sənət həyatına işıqlı sabahlar arzulayıram.
—Məni çox sevindirən odur ki, Azərbaycan televiziyasında vaxtilə gözəl bir ənənə şəklini almış bədii quruluşlar yenidən qayıdır. “Son gecə” ilk qaranquşdu. Uzun illərdən sonra bədii quruluşlarla tamaşaçıların görüşünə gəldik. Və ümid edirəm ki, biz bundan sonra da gördüyümüz və görəcəyimiz işlərlə onları sevindirəcəyik.

Müsahibəni apardı:
Hatəm ƏSGƏROV.

Read 156 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər496894

Currently are 198 guests and no members online