XƏBƏR LENTİ

Şənbə, 19 Oktyabr 2019 11:14

İSLAHATLARA ALTERNATİV YOXDUR

Məlum olduğu kimi, oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilmişdir. Dövlət başçısı digər məsələlərlə yanaşı, maliyyə, vergi, bank, sahibkarlara münasibət mövzularını da diqqətdə saxlamışdır. Dövlət başçısı bütün dövlət qurumlarından tələb etmişdir: “... Maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar, dövlət vergisini tam şəkildə ödəməlidirlər”.
Müşavirədə qaldırılan bu və ya digər məsələlərlə bağlı müxbirimiz Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun fikirlərini öyrənmiş və ondan müsahibə almışdır. Həmin müsahibəni oxucularımıza təqdim edirik.


— Vahid müəllim, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə ölkə iqtisadiyyatının bir sıra taleyüklü problemləri müzakirə edilmişdir. Lakin bu problemlər içərisində ən çox diqqət şəffaflığa yönəlmişdi. Sizcə, bu nə ilə əlaqədardır?
— Şəffaflığın artırılması və maliyyə resurslarından səmərəli istifadə hər bir ölkədə sosial-iqtisadi inkişafın təminatının vacib ünsürlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir.
Heç də təsadüfi deyildir ki, cənab Prezidentin imzaladığı fərman və sərəncamlarda şəffaflığın artırılmasına, maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə və bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsinə böyük önəm verilir. Hələ 24 noyabr 2003-cü il tarixdə imzalıdığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanda cənab İlham Əliyev ölkənin sosial-iqtisadi problemlərinin həlli üçün ayrılan vəsaitin şəffaflığının qorunmasını, müəssisələrdə maliyyə intizamının möhkəmləndirilməsini və bu sahələrdə mövcud olan nöqsanların aradan qaldırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Belə bir sual yarana bilər ki, şəffaflığın artırılması zərurəti nədən irəli gəlir?
Beynəlxalq təcrübə də göstərir ki, şəffaflığı yüksək olan maliyyə sisteminin səmərəliliyi şəffaf olmayan sistemdən qat-qat yüksək olur, iqtisadiyyatın idarə olunmasında səmərəli qərarların qəbul edilməsi, təkcə dövlətin deyil, eyni zamanda, sahibkarların və əhalinin mənafelərinin qorunması sahəsində real zəmin yaranır.
Qeyd etmək lazımdır ki, müasir şəraitdə şəffaflığın artırılması və bununla bilavasitə bağlı olan korrupsiyaya qarşı mübarizə dünyəvi bir problem olaraq, bütün ölkələrdə, o cümlədən bizim respublikamızda xüsusi diqqət tələb edir.
Onu da qeyd etmək lazımdır ki, müasir şəraitdə şəffaflığın artırılması və bununla bilavasitə bağlı olan korrupsiyaya qarşı mübarizə dünyəvi bir problem olaraq, bütün ölkələrdə xüsusi diqqət tələb edir. Beynəlxalq təcrübə də göstərir ki, şəffaflığı yüksək olan maliyyə sisteminin səmərəliliyi şəffaf olmayan sistemdən qat-qat yüksək olur, iqtisadiyyatın idarə olunmasında səmərəli qərarların qəbul edilməsi, təkcə dövlətin deyil, eyni zamanda, sahibkarların və əhalinin mənafelərinin qorunması sahəsində real zəmin yaranır.
Maliyyə şəffaflığının təmin olunması istiqamətində respublikamızda görülən tədbirlər beynəlxalq peşəkar qurumlar tərəfindən böyük maraqla qarşılanır. Bunun əsas səbəbi maliyyə şəffaflığının təmin edilməsinin Beynəlxalq Mühasiblər Federasiyasının, Qlobal daxili auditorlar təşkilatının, ACCA-nın, Avropa Mühasiblər və Auditorlar Konfederasiyasının və s. təşkilatların mühüm tələbi olması, habelə BMT, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi qurumların çoxsaylı direktiv, tövsiyə və göstərişlərində əksini tapmasıdır. Təsadüfi deyil ki, şəffaflıq maliyyə hesabatlarının beynəlxalq standartlarının üç əsas prinsipindən biridir.
Şəffaflığın az olması, bir tərəfdən korrupsiyanın yayılmasına zəmin yaradır, digər tərəfdən isə iqtisadi sərbəstliyin məhdudlaşmasına və əksinə, məmurların lüzumsuz, tələb olunandan da artıq funksiyalarının möhkəmlənməsinə səbəb olur.
Şəffaflıq olmadan nə səmərəli və dayanıqlı dövlət, nə də bazar iqtisadiyyatı mümkündür.
Xarici mütəxəssislərin hesablamalarına görə, birbaşa şəffaflığın məhsulu olan təkmil korporativ idarəetmə şirkətlərinin kapitallaşma səviyyəsi 20-40% yüksələ bilər.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son illərdə ölkəmizdə həyata keçirilən kompleks tədbirlər nəticəsində əldə edilən uğurlu nəticələrlə yanaşı, maliyyə resurslarından səmərəsiz istifadə, vergidən yayınma, qanunsuz sahibkarlıq, inhisarçılıq, haqsız rəqabət və digər qanunazidd hərəkətlər hələ də tam aradan qaldırılmamışdır ki, bunlar da, öz növbəsində, ölkə iqtisadiyyatında şəffaflıq probleminin həlli yolunda əngəllər yaradır.
Belə halların yolverilməzliyini kəskin və davamlı olaraq tənqid edən Prezident cənab İlham Əliyev iqtisadi siyasətinə dair iclasdakı çıxışında da vurğulamışdır.
— Müşavirədə həm də şəffafılığın artırılmasına dair ölkə Prezidenti tərəfindən bir sıra dəyərli göstərişlər verildi.
— Tamamilə haqlısınız. Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi proqram xarakterli göstərişlərində mühüm vəzifə kimi qarşıya qoyulan şəffaflıq problemləri ilə bağlı məsələlərin yerinə yetirilməsi ölkəmizdə sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan ciddi amilə çevriləcəkdir.
Ölkə rəhbərliyinin şəffaflığa dair tələb və tapşırıqları ciddi şəkildə nəzərə alınmaqla, gələcəkdə beynəlxalq standartların daha geniş miqyasda tətbiqi üçün işlərin sürətləndirilməsi vacibdir.
Ölkə iqtisadiyyatında yüksək şəffaflığa nail olunmasının istiqamətlərindən biri kimi beynəlxalq standartların tətbiqi zərurəti xüsusi qeyd olunmalıdır. Bu zaman beynəlxalq standartlar dedikdə, istər beynəlxalq maliyyə hesabatı standartları, istər beynəlxalq mühasibat uçotu və audit standartları, istərsə də beynəlxalq nəzarət prosedur və qaydaları əhatə olunmalıdır. Bütün bunlar möhtərəm Prezidentimizin diqqətində olan və təxirəsalınmaz həllini gözləyən məsələlərdir. Bu mənada cənab Prezidentin aşağıdakı sözləri çox ibrətamizdir: “Bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Bütün biznes strukturları şəffaf olmalıdır. Biznes strukturları başa düşməlidirlər ki, əgər onlar dünya iqtisadiyyatına inteqrasiya etmək istəyirlərsə, öz biznesini böyütmək və xarici bazarlara çıxmaq istəyirlərsə, - mən görürəm ki, bu var, - onlar mütləq və mütləq dünya praktikasını tətbiq etməlidirlər. Onlar beynəlxalq auditə məruz qalmalıdırlar, bütün mühasibat sistemini müasir səviyyəyə qaldırmalıdırlar. Bütün pul əməliyyatları şəffaf olmalıdır. Belə olmasa, onları dünya biznes məkanında heç kim qəbul etməyəcəkdir”.
Məhz buna görə də Prezident cənab İlham Əliyev öz siyasətində şəffaflıq amilini daim diqqət mərkəzində saxlamaqdadır. 2018-ci il 18 aprel tarixində Prezidentin andiçmə mərasimindəki nitqində şəffaflığa münasibət belə ifadə olunmuşdur: “İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır”. 2018-ci ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumunda isə Azərbaycan Prezidenti şəffaflığı belə dəyərləndirmişdir: “Gələcək innovasiya texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq”.
Qeyd etmək lazımdır ki, ölkəmizdə maliyyə hesabatlarını təqdimetmə sahəsində hələ də bir sıra problemlər öz həllini gözləyir. İlk öncə, qeyd etmək lazımdır ki, məhdud məsuliyyətli cəmiyyətlər və səhmdar cəmiyyətlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi üzrə dolğun və tam statistika mövcud olmadığı kimi, həmin hesabatların təsdiq edilməsi səviyyəsi də çox aşağıdır. Məsələn, 2017-ci il üzrə səhmdar cəmiyyətlərinin məcburi auditdən keçmə səviyyəsi 14,9%, məhdud məsuliyyətli cəmiyyətlər üzrə isə daha az, yəni 0,9% təşkil etmişdir. Halbuki inkişaf etmiş ölkələrdə hesabatların gec təqdim edilməsinə görə şirkətlər üçün ciddi cərimə məbləğləri nəzərdə tutulmuşdur. Məsələn, Böyük Britaniyada 1 gün - 1 ay hesabat gecikdirməyə görə xüsusi şirkət 150 funt sterlinq, ictimai əhəmiyyətli qurum isə 750 funt sterlinq, 1 ay 1 gün - 3 ay gecikdirməyə görə 375 funt sterlinq və 1500 funt sterlinq, 3 ay 1 gün - 6 ay gecikdirməyə görə 750 funt sterlinq və 3000 funt sterlinq, 6 aydan artıq gecikdirməyə görə 1500 funt sterlinq və 7500 funt sterlinq cərimə tətbiq edilir.
— Müşavirədə ölkə başçısının korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi tələbini nə ilə izah edə bilərsiniz?
— Korrupsiya cəmiyyət üçün ciddi iqtisadi, siyasi və sosial təhlükə mənbəyi kimi çox qorxulu neqativ sosial hadisədir. Korrupsiyanın dağıdıcı təsiri hər şeydən əvvəl, hakimiyyətin bütün səviyyələrinin nüfuzunun aşağı düşməsinə və cəmiyyətin mənəvi əsaslarının korroziyasına gətirib çıxarır, “kölgə iqtisadiyyatı”nın, ondan törəyən mənfi halların geniş yayılmasına zəmin yaradır.
Bütün bunlar isə son nəticədə beynəlxalq arenada ölkələrin nüfuzuna mənfi təsir göstərir. Ən təhlükəlisi isə son illərdə bir sıra ölkələrdə müşahidə edildiyi kimi, siyasi situasiyanın nəzarətdən çıxmasına və demokratiyanın pozulmasına gətirib çıxarır.
Korrupsiyadan törəyən haqsız rəqabət amili də real iqtisadiyyatın inkişafına ciddi mane olur. Məhz bunun nəticəsində sahibkarlıq fəaliyyətində əsassız müdaxilə və maneə halları mümkün olur, istehlakçıların hüquqları pozulur.
Təbii ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin əsas leytmotivi olan möhkəm siyasi iradənin mövcudluğudur. Dünya ölkələrində korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan işlər onu göstərir ki, bu mübarizə dövlət siyasəti olaraq davamlı hal alırsa, hökmən müsbət nəticələr əldə olunur. Bu baxımdan, Azərbaycan dövləti tərəfindən də belə bir siyasətin davamlı olması mühüm əhəmiyyət daşıyır. Ən önəmlisi isə bu mübarizədə ölkə başçısının siyasi iradə nümayiş etdirməsidir. Siyasi iradə olan yerdə korrupsiyaya qarşı mübarizənin strategiyasını, taktiki gedişlərini müəyyənləşdirmək asandır. Prezidentin dediyi kimi, “Korrupsiyaya qarşı uğurlu mübarizə üçün güclü siyasi iradə olmalıdır və o da vardır”.
Belə hallar nəzərə alınaraq, Azərbaycanın bu istiqamətdəki fəaliyyəti, qanunvericilik bazası beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən də müsbət qarşılanır. Qalır qanunların işləməsi və onların vətəndaşlar tərəfindən dəstəklənməsi. Təəssüflər olsun ki, bəzi hallarda bu məsələlərdə problemlər yaşanır. Əsas problem kimi məmur özbaşınalığı, qanunların icrasına məmur laqeydliyi, vətəndaşların hüquqi savadsızlığından irəli gələn müqavimət zəifliyidir. Bunlar kompleks şəkildə öz həllini tapmalıdır. Çünki siyasi iradə olan yerdə ictimai iradə olmasa, korrupsiyaya qarşı mübarizənin səmərəliliyi azalır, onun qarşısına maneələr çıxır. Vətəndaşın korrupsiyaya qarşı müqaviməti daha da yüksək olmalıdır ki, cəmiyyət sözügedən xəstəlikdən azad olunsun. Gələcəkdə korrupsiyaya qarşı mübarizədə inzibati tədbirlər daha da gücləndirilməli, maarifləndirilmə prosesləri davam etdirilməlidir.
Artıq qeyd olunduğu kimi, korrupsiya təkcə ayrıca bir ölkənin sosial-iqtisadi inkişafına mane olan və onun milli təhlükəsizliyinə ciddi xələl gətirən bəla deyildir, o həm də beynəlxalq təhlükəsizlik üçün mənfi fəsadlar yaradır. Bunun da nəticəsidir ki, bir çox beynəlxalq və regional qurumlar, qeyri-hökumət təşkilatları və ictimai-siyasi xadimlər korrupsiyaya qarşı mübarizədə səylərini cəmləşdirirlər. Korrupsiyanın səbəblərinin öyrənilməsi, onun səviyyəsinin qiymətləndirilməsi, bu ümumbəşəri bəlanın qarşısının alınması və aradan qaldırılması istiqamətində, habelə qabaqcıl təcrübənin yayılmasında beynəlxalq əməkdaşlığın rolu çox mühümdür.
Ölkəmizdə uğurla həyağa keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi, şəffaflığın artırılması və hesabatlığın yüksək səviyyədə qurulması, vergidən yayınma hallarının qarşısının alınması sahəsində qabaqcıl təcrübənin tətbiqi istiqamətində aparılan işlər geniş vüsət almaqdadır.
Müşavirənin ən maraqlı məqamlarından biri də “qılaflanmış” korrupsionerlərə Prezident İlham Əliyevin göndərdiyi mesaj hesab oluna bilər: “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.
— Cənab Prezidentin xüsusi vurğuladığı ictimai nəzarət haqda nə deyə bilərsiniz?
— Dünya praktikasından məlumdur ki, digər sahələrdə olduğu kimi, nəzarətdə də yalnız bir qurum tərəfindən yox, nəzarətin müxtəlif növlərə ayrılan dövlət və qeyri-dövlət nəzarəti formaları əsasında həyata keçirilir.
Qeyri-dövlət nəzarəti dedikdə, biz müstəqil auditor xidmətini, dövlət bölməsinə aid olmayan daxili auditi və ictimai nəzarəti nəzərdə tuturuq.
İctimai nəzarət ictimai birliklərin və ayrı-ayrı vətəndaşların, yəni dövlət-hakimiyyət səlahiyyətlərinə malik olmayan subyektlərin dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti üzərində qeyri-dövlət nəzarətidir. Hələ 1835-ci ildə V.F.Hegel “Hüququn fəlsəfəsi” əsərində ictimai nəzarətin mahiyyətini bu şəkildə ifadə etmişdi: “Dövlətin və onun hökmü altında olanların idarələr və onların məmurları tərəfindən hakimiyyətin sui-istifadə edilməsindən qorunması, bir tərəfdən, bilavasitə həmin idarələrin iyerarxiyasından və cavabdehliyindən, digər tərəfdən isə icmaların, birliklərin hüquqlarından ibarətdir ki, bunun da sayəsində məmurlara etibar edilmiş hakimiyyətə subyektiv özbaşınalıq qatılması qarşısında maneə qurulur və ayrı-ayrı hallarda yetərli olmayan yuxarıdan nəzarət aşağıdan nəzarətlə tamamlanır”.
Qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti təsisatlarının təşəkkül tapması ictimai nəzarət təsisatının genişlənməsi ilə müşayiət olunmalıdır; bu təsisat dövlət orqanlarının nəzarət fəaliyyətini dəyişmədən və əvəz etmədən dövlət siyasətinin həyata keçirilməsində onlara kömək və dəstək göstərməyə qadirdir. Siyasi-hüquqi sistem çərçivəsində mütəşəkkil və məqsədyönlü şəkildə həyata keçirilən ictimai nəzarət vətəndaşlarla dövlətin arasında meydana çıxan problemləri tamamilə sivil qaydada, qanunla müəyyən edilmiş qarşılıqlı təsir və qarşılıqlı məsuliyyət kanallarından istifadə etmək yolu ilə həll etməlidir, çünki ictimai nəzarət Konstitusiyada bəyan edilmiş xalq hakimiyyəti prinsipinin həyata keçirilməsinin vacib şərtidir. Tamamilə yerinə düşər ki, deyək: dövlət hakimiyyəti mexanizmi üzərində ictimai nəzarət yoxdursa, real xalq hakimiyyəti də olmayacaqdır. Ona görə də müasir şəraitdə dövlət nəzarəti ilə yanaşı, bütün dövlət miqyasında nəzarət fəaliyyətinin optimallaşdırılmasının mühüm şərti olan nəzarətin ictimai formasına da böyük yer verilir.
Heç də təsadüfi deyildir ki, şəffaflığın artırılmasında və korrupsiyaya qarşı mübarizədə geniş ictimai dairələrin cəlb edilməsi ölkə Prezidentinin daim diqqətində duran məsələlərdəndir.
Qeyri-dövlət nəzarətinin mühüm qollarından biri olan ictimai nəzarətin inkişaf etdirilməsi ideyası və zərurəti də ilk olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aşağıdakı kimi vurğulanmışdır: “Qəbul olunmuş bütün qərarlar vaxtlı-vaxtında icra edilməli və ciddi ictimai nəzarət olmalıdır. Biz siyasi islahatları aparmaqla yanaşı, güclü ictimai nəzarətə də diqqət göstəririk ki, dövlətin, hökumətin bütün addımları xalq tərəfindən izlənilsin, ona güclü təhlil verilsin. Lazım gələrsə, müəyyən islahatlarda düzəlişlər də edilməlidir. Geniş müzakirələr keçirilmədən biz buna nail ola bilmərik. Ona görə Azərbaycanda bütün qəbul edilmiş əsas qərarlar həm ictimaiyyətdə, həm Milli Məclisdə, həm də hökumətdə, ictimai təşkilatlarda geniş müzakirə predmetinə çevrilir”, “Büdcə təsdiq olunanda, büdcə paketi ilə bərabər, Neft Fondundan büdcəyə transfertlər də parlament tərəfindən təsdiq edilir. Yəni ki, bütün Azərbaycan xalqı Milli Məclisdəki öz nümayəndələri vasitəsilə gəlirlərin bölünməsində iştirak edir. Bu, belə də olmalıdır. Bu sərvət, təbii sərvətlər xalqa məxsusdur və Azərbaycan xalqı qərar verməlidir ki, o vəsait hansı istiqamətə yönəldilsin”.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin xüsusi rolu vardır. Heç də təsadüfi deyildir ki, ölkə Prezidenti dəfələrlə ictimaiyyəti öz nəzarətini daha da artırmağa və cəmiyyətin mənfi tendensiyalardan xilas edilməsinə yardımçı olmağa səsləmişdir.
Regionlarda ictimaiyyətin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev demişdir: “Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. ... Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq”.
— Müşavirədə iqtisadi sahədə qarşıda duran vəzifələrin mahiyyəti barədə nə deyə bilərsiniz?
— Azərbaycanda iqtisadi inkişafı səciyyələndirən xüsusiyyətlərdən biri də dövlət başçısı cənab İlham Əliyevin gündəlik diqqət və qayğısı sayəsində idarəetmə sistemində ardıcıl struktur islahatlarının aparılması və makroiqtisadi stabilliyin əldə olunmasıdır.
Ölkədə hər bir vətəndaşın və bütövlükdə iqtisadiyyatın mənafeləri naminə dünya praktikasında qəbul edilmiş qaydalara uyğun olaraq islahatların daha da dərinləşməsi sahibkarlığa geniş şərait yaratmaqla bərabər, iş adamlarının sosial məsuliyyətlərinin gücləndirilməsi, vergi qanunvericiliyinə sözsüz əməl edilməsi, öz fəaliyyətlərində açıq olmaları zərurəti bir də sahibkarların nəzərlərinə çatdırılmışdır. Prezidentimizin sözləri ilə desək:
“Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyaların artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Hazırda kifayət qədər çox ehtiyatlarımız var və hökumət qarşısında vəzifə qoyulub ki, biz bütün bu ehtiyatları aşkarlayarıq və həm büdcə gəlirlərimizi artıraq, həm də büdcə xərclərimiz məqsədyönlü və şəffaf olmalıdır.
Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir”.
Maraqlıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ Nazirlər Kabinetinin 2007-ci il 1 avqust tarixli iclasında demişdir: “Biz bütün maliyyə sistemində şəffaflığı təmin etməliyik və belə olan halda, Azərbaycanda həm korrupsiyanın aradan qaldırılması məsələsi öz həllini tapa bilər, həm də xərclər Azərbaycanın iqtisadiyyatının inkişafına daha məqsədyönlü şəkildə xidmət göstərə bilər. Eyni zamanda, biz inflyasiyanın azaldılmasına da nail ola bilərik”.
Bu bir daha ölkə Prezidentinin iqtisadi siyasətinin dönməzliyini, xəlqiliyini, qətiyyətliyini və müasirliyini açıq nümayiş etdirir.
İqtisadi dələduzluq və qanunların pozulmasına qarşı tədbirlərin sərtləşdirilməsi, fikrimizcə, iqtisadi demokratiyanın bərqərar olması, hamının qanun qarşısında bərabər məsuliyyət daşımasının vacibliyi və ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsi tədbirləri kimi dəyərləndirilməlidir.
“Vergi orqanları, digər hüquq-mühafizə orqanları bi tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər. Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Daim qabaqcıl beynəlxalq təcrübədən bəhrələnməyi tövsiyə edən, onları ölkəmizdə yaradıcılıqlı tətbiq etməyin zəruriliyini aşılayan Prezident İlham Əliyevin iqtisadi müşavirədə bu problemə yeni rakursda yanaşması da diqqəti cəlb edir:
“Biz çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verirəm”.
— Dövlət büdcəsi ilə bağlı səslənən fikrlərə münasibətinizi bilmək istərdik.
— Əvvəla qeyd edim ki, cənab İlham Əliyevin qeyd etdiyi kimi, büdcə xərclərində şəffaflıq daha da yüksək səviyyədə olmalıdır. Xərclərə nəzarət güclənməlidir. O cümlədən, ictimai nəzarət. Ona görə ki, bizim xərclərimiz artır, nəzarət də artmalıdır və güclənməlidir. Əlbəttə, Azərbaycanda siyasi proseslərin möhkəmlənməsi, demokratiyanın inkişafı, ictimai nəzarətin güclənməsi bizim ölkəmizin gələcəyinə lazımdır, bizim normal fəaliyyətimizə lazımdır.
Təbii ki, büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində son dövrlərdə ölkəmizdə çox işlər görülmüşdür. Bunu təkcə bizlər yox, bütün beynəlxalq maliyyə qurumları da etiraf edirlər.
Son müşavirədə isə ölkə Prezidenti tərəfindən yeni və aktual bir yanaşma sərgiləndi ki, bu da büdcənin planlaşdırılması və tərtibi prosesinə nəzarətin gücləndirilməsidir. Təkrar edirəm, büdcənin icrasına yox, onun hazırlanması prosesinə nəzarətin...
Başqa sözlə, məqsəd büdcənin planlaşdırma, formalaşdırma, bölgü və istifadə mərhələləri də daxil olmaqla, maliyyə resurslarının, material dəyərlilərinin və qeyri-material obyektlərin idarə edilməsi, qorunub saxlanması və artırılması sahəsində sərəncamverici və icraedici hərəkətlərin qanuniliyi, məqsədə müvafiqliyi və səmərəliliyi prinsiplərinə riayət olunmasını təmin etməkdən ibarət olmalıdır.
Fikrimizcə, bu yanaşma təkcə dövlət büdcəsinə yox, bütün növ büdcələrə aid edilməlidir.
— Vahid müəllim, müşavirədə bir daha vurğulandı ki, ikili mühasibatlıq, uçot və hesabatlıqda nöqsanlar hələ də qalmaqdadır.
— Əvvəla onu qeyd edim ki, aparılan təhlillər sübut edir ki, iqtisadiyyatımızda mövcud olan problemlərin böyük bir qismi hesabatlıq və şəffaflıqda olan çatışmazlıqlarla bağlıdır.
Heç də təsadüfi deyildir ki, Azərbaycan iqtisadiyyatının inkişafına dair Strateji Yol Xəritəsində hesabatlığın yüksək səviyyədə qurulması və şəffaflığın artırılması iqtisadi siyasətin və islahatların effektivliyininin yüksəldilməsinin mühüm bir amili kimi qiymətləndirilir. Bu istiqamətdə çox mühüm tədbirlərin həyata keçirilməsi məqsədi qarşıya qoyulmuşdur ki, bunlara da, ilk növbədə, yeni hesabatvermə formalarının hazırlanmasını, ilkin uçotun təşviqini, mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılmasını, şəffaflığın artırılması üzrə təşəbbüslərin müəyyənləşdirilməsini, məlumatların açıqlanması mexanizmlərinin müəyyən edilməsini, statistika infrastrukturunun təkmilləşdirilməsini göstərmək olar.
Şəffaflıq və hesabatlığın investisiyalarının cəlb edilməsində və onların idarə edilməsində rolu danılmazdır.
Beynəlxalq təcrübədə sübut olunmuşdur ki, iqtisadiyyatda, o cümlədən maliyyə bazarlarında şəffaflığın artırılması nəticəsində daha çox xarici investor cəlb edilməsi mümkün olur və əksinə şəffaflıq lazımi səviyyədə olmadıqda xarici investisiya da daxil olmaqla investisiya cəlbediciliyi nəzərəçarpacaq dərəcədə zəifləyir.
Maliyyə hesablığının və auditin investorların maraqlarını müdafiə etməmələrinə, şəffaflığın pozulmasına bariz nümunə kimi ad çıxarmış ENRON hadisəsi investorların etimadlarının azalmasına və bunun da nəticəsində ABŞ iqtisadiyyatına qoyulan investisiyaların 300 mlrd. dollardan 30 mlrd. dollara düşməsinə, yəni 10 dəfə azalmasına gətirib çıxarmışdır.
Ölkəmizin iqtisadi imkanları üzrə açıqlanan məlumatların əhatəlilik səviyyəsinin və keyfiyyətinin artırılması, məlumatların açıqlanması üzrə şəffaflığın artırılması daha dəqiq və məlumat-əsaslı qərarların verilməsi imkanı yaratmaqla, bütün bazar iştirakçılarının maraqlarına xidmət etdiyi nəzərə alınaraq Yol Xəritəsində bu sahəyə xüsusi diqqət ayrılmışdır.
Unutmaq olmaz ki, Yol Xəritəsində də göstərildiyi kimi, şəffaflığın təmin edilməsi investorların bazarda iştirakını şərtləndirən mühüm amildir.
Yol Xəritəsində həlli vacib hesab edilən problemlərdən biri kimi biznesin aparılmasında şəffaflığın təmin olunması dəyərləndirilir. Bu baxımdan biznesdə şəffaflığın özünün strukturu böyük maraq doğurur.
Bununla belə, təəssüf ki, ölkəmizdə elə digər, hətta, inkişaf etmiş ölkələrin bəzilərində də hesabatlıq və şəffaflığın səviyyəsi yeni dövrün çağırışlarına tam cavab vermir. Öz növbəsində, şəffaflığın yüksək olmaması qazanılan iqtisadi uğurların davamlılığına və sosial rifahın təmin edilməsinə mənfi təsir göstərmək təhlükəsi yaradır.
Əminəm ki, Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən Azərbaycanın müasirləşməsinə və zənginləşməsinə yönəldilən Yol Xəritəsində nəzərdə tutulan islahatların uğurlarının daha səmərəli və şəffaf mühitdə qazanılmasına zəmin yaratmaqla ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatın idarəedilməsində yeni dövrün çağırışlarının nəzərə alınmasının vacibliyinə dair göstərişlərin reallaşmasına öz töhfəsini verəcəkdir.

Müsahibəni apardı:
Müşfiq MİRZƏ,
“Respublika”.

Read 188 times