XƏBƏR LENTİ

Bazar, 15 Fevral 2015 16:10

FARAŞ KARTOF MƏHSULU ALMAĞIN SƏMƏRƏLİ YOLLARI

Kartof kənd təsərrüfatı bitkiləri içərisində ən mühüm ərzaq qidalarından sayılır. Uzun müddət saxlandıqda onun qidalılıq xüsusiyyəti pisləşir. Bu zaman yumruların tərkibində su ilə bərabər nişasta, vitaminlər və digər qiymətli maddələr də azalır. Yumrular cücərdikdə bu itkilər daha çox nəzərə çarpır. Payızda yığılan yumruları adi şəraitdə saxladıqda yazda cücərir, büzüşür, qidalılıq göstəriciləri azalır, dadsız olur. Məhz bu səbəbə görə əhalini mümkün qədər təzə kartofla uzun müddət təmin etmək böyük əhəmiyyət kəsb edir. Bizim respublikada bu problemi həll etmək o qədər də çətin deyildir. Belə ki, təzə kartof respublikamızın bazarlarına aprel ayında çıxarılmağa başlayır. Aran və dağətəyi rayonlarda kartofun yığımı iyul ayının axırına kimi davam edir. Bu dövrdə yığılan kartofu süni soyuduculu saxlama anbarları olmadan iki aydan artıq saxlamaq qeyri-mümkündür. Ona görə bu dövrdə istehsal edilən kartofun bir hissəsi xarici bazarlara (əsasən Rusiyaya) çıxarılır.

Dağlıq rayonlarda kartofun yığımı sentyabr-oktyabr aylarında aparılır və yığılmış məhsulu dağ şəraitində mart-aprel aylarına kimi adi anbarlarda saxlamaq olur. Bu məhsulun bir hissəsi toxumluq, qalan hissəsi isə faraş kartof yığımına kimi respublikada ərzaq ehtiyacını tam ödəmədiyindən yanvar-aprel aylarında respublikaya xaricdən ərzaq kartofu gətirilir. Məhz bu səbəbə görə faraş kartof istehsalı ilə məşğul olan təsərrüfatların məqsədi mümkün qədər bazara tez məhsul çıxarmaqdan ibarətdir. Elmi tədqiqat işlərinin və qabaqcıl təcrübələrin nəticələri göstərir ki, Azərbaycanda yüksək faraş kartof məhsulu almaq mümkündür.

Məlumdur ki, kartofu həm vegetativ (yumrularla, gözcüklərlə, budaqcıqlarla), həm də generativ yolla, yəni botaniki toxumlarla artırmaq olur. Bu zaman bitkilər nisbətən zəif inkişaf edir, məhsuldarlıq az olur. İstehsalat şəraitində kartof yalnız yumrularla əkilib becərilir.

Kartof yumrusu bitkinin gövdəsinin dəyişilmiş formasıdır. Yumruların üzərində gözcüklər yerləşir. Hər bir gözcükdə 3-4 ədəd tumurcuq olur. Bu tumurcuqların hamısı cücərmir. Bir qayda olaraq, gözcüyün mərkəzi tumurcuğu cücərir. Əgər bu cücərti qırılarsa, digər tumurcuqlar cücərməyə başlayır. Lakin bu cücərtinin inkişafından alınan gövdə birinci (qırılan) cücərtidən alınan gövdəyə nisbətən zəif olur.

Kartof yumrusu yeraltı gövdələrdə (stolonlarda) əmələ gəlir. İnkişafın ilk fazalarında stolonlar nazik olur, sonrakı mərhələlərdə tədricən yoğunlaşır. Sortlardan asılı olaraq formalarına görə yumrular yumru, ovalvarı, uzunsov-ovalvarı; gözcüklərinə görə - dayaz, orta və dərin gözcüklü olur.

Kartof yumrusunu toxumluq material kimi keyfiyyəti itirilmədən bir neçə ay saxlamaq olur. Bu xüsusiyyət yumruların dinclik dövrünün uzunluğundan asılıdır. Bu müddət bəzi sortlarda normal hava şəraitində iki aydan çox çəkir. Qış dövründə, xüsusi şəraitdə 2-30C temperaturda, 85-90 faiz nisbi rütubətli otaqda yumruları cücərtmədən 6-7 ay saxlamaq olur. Yumruları tez cücərtmək lazım gələrsə (adətən, yazda əkindən əvvəl) havanın temperaturu 10-150C olmalıdır. Tezyetişən sortlarda bitkilər çox güclü inkişaf etmir. Ona görə də bu sortların əkini nisbətən sıx aparılır.

Bütün bitkilər kimi, kartofun inkişaf edib məhsul toplaması üçün temperatur, su, işıq və qida maddələri lazımdır. Bunlardan birinin olmaması bitkilərin məhv olmasına səbəb olur.

Temperatur. Kartof bitkisi yayı sərin keçən yerlərdə daha yaxşı inkişaf edir. Yumrularda olan tumurcuqlardan yaranan cücərtilərin inkişafı 13-150C temperaturda sürətlənir və kartofun çıxışı tez alınır.

Bitkilərin kök sistemi 70C-dən yüksək temperaturda inkişaf edir. Aşağı temperaturda yumrular torpaqda inkişaf etmədən qalır. Yumrulardakı qida maddələri hesabına yerüstü hissə əmələ gətirmədən yeni xırda yumrular əmələ gəlir. Belə hal adətən, kartofu soyuq torpağa əkdikdə (70C-dən aşağı), yaxud quru hava şəraitində, temperatur 250C-dən artıq olduqda əmələ gəlir.

Yumru əmələ gəlməsi üçün optimal temperatur 14-200C sayılır. 70C-dən aşağı və 260C-dən yuxarı temperaturda yumrular, demək olar ki, böyümür. 290C-dən yuxarı isə tam dayanır. 

Su. Kartof bitkisinin suya olan tələbatı inkişaf fazalarından asılı olaraq müxtəlifdir. Çıxış alındıqda və gövdələrin ilk inkişaf dövründə (yarpaqlar xırda olduqda) suya olan tələbat az olur.

Bitkilər inkişaf etdikcə xüsusən çiçəkləmə vaxtı suya olan tələbat artır. Bu dövrdə su çatışmazlığı olarsa, yumrularda nişasta toplanması prosesi dayanır. İnkişafın son dövrlərində digər vaxtlara nisbətən suya olan tələbat azalır.

İşıq. Kartof işıqsevən bitki sayılır. İşığın azacıq zəifləməsi baş verərsə, kartofun boyu uzanmağa başlayır və bitki sarı rəng alır.

Kartof bitkisinin stolonları torpaqda işıqsız əmələ gəlir. İşıqda adətən stolon əmələ gəlmir. Stolon və yumrular torpağın üstündə işıq keçirməyən örtük altında əmələ gələ bilir.

Təzə kartof yumrularını bir neçə gün işıqda saxladıqda, o yaşıllaşır, üzərində xlorofil əmələ gəlir. Belə yumruların qabığı qalınlaşır. İşığın təsirindən yumrularda zəhərli solanın maddəsi əmələ gəlir. Toxumluq məqsədilə saxlanılan kartof üçün belə hal xeyirlidir. Çünki belə yumrular həm xəstəliklərə, həm də gəmiricilərə qarşı nisbətən davamlı olurlar.

Ərzaq məqsədilə saxlanılan kartofun üzərinə işıq düşməməlidir. Çünki yumruların üzərinə işıq düşdükdə onlar həm acı olur, həm də xoşagəlməz tam verir.

Qida maddələri. Kartofdan yüksək məhsul alınması üçün bitkilər lazım olan qida maddələri ilə tam təmin olunmalıdır. Kartof bitkisi ən çox azot, fosfor və kalium gübrələrinə tələbkardır. Kartof bitkisinin kalium gübrəsinə olan tələbatı çox olduğundan kartofa kalium bitkisi də deyirlər. Ona görə də kartof bitkisinə digər mineral gübrələrlə yanaşı, kalium gübrəsi də verilməlidir. Gübrələr verildikdə həm gübrələrin torpaqda olan nisbəti, həm də bitkinin hər hansı gübrəyə olan tələbatı nəzərə alınmalıdır.

Faraş kartof almaq üçün hansı sortu əkməli?

Yüksək faraş kartof məhsulu alınmasında sortların seçilməsinin böyük əhəmiyyəti vardır. Tezyetişən, ortayetişən və gecyetişən sortlar bir-birindən öz bioloji xüsusiyyətləri ilə fərqlənir. Tezyetişən sortlarda bitkilər nisbətən tez böyüyür və yumru əmələ gəlməsi də tezləşir. Yumru əmələgəlmə prosesi tezyetişən sortlarda kütləvi çıxışdan sonra 45-50-ci gündə, gecyetişən sortlarda 70-80-ci gündə başlayır. Bu zaman havanın temperaturu və nisbi rütubəti də nəzərə alınmalıdır. Eyni zaman intervalında tezyetişən sortlar gecyetişən sortlara nisbətən daha çox yumru əmələ gətirir.

Respublikada rayonlaşmış tezyetişən və ortatezyetişən kartof sortlarından Monaliza, Aqriya, Marabel, Arinda, Nevski, İmpala və Laymdotanı göstərmək olar. Bir ildə iki dəfə kartof məhsulu alınması üçün ortayetişən yerli Əmiri-600 və Telman sortları daha sərfəlidir. Belə ki, bu sortların yumrularının dinclik dövrü nisbətən qısamüddətlidir.

Faraş kartofun əkin yeri alaqsız, torpağın strukturu yumşaq dənəvər olmaqla rütubəti yaxşı saxlamalıdır. Belə torpaqlar yaxşı havalanır və kartof bitkisinin kök sistemi yaxşı inkişaf edir. Kartof bitkisi üçün ən yaxşı sələf bitkisi dənli-paxlalı, bostan, qarğıdalı, şəkər çuğunduru, xiyar, soğan və s. hesab edilir. Kartofu badımcançiçəklilər fəsiləsindən olan bitkilərdən sonra əkmək olmaz, çünki bu zaman kartof xəstəliklərə tez yoluxur, zəif inkişaf edir.

Payızda şum adətən optimal müddətdə — sentyabr, oktyabr aylarında 27-30 sm dərinlikdə aparılır. Erkən yazda sahəyə çıxmaq mümkün olarkən torpağın 15-20 sm dərinliyində əkinqabağı becərilməsinə başlanır. Gilli torpaqlarda, lazım gələrsə, şumdan sonra diskləmə, sonra isə malalama aparmaq lazımdır.

Kartofun gübrələmə sisteminə əsas və əlavə yemləmə şəklində verilən gübrələr daxildir. Torpağın fiziki xassələrinin yaxşılaşmasında peyin xüsusi rol oynadığından kartof əkiləcək sahələrin əsas şum altına hektara 40 ton hesabilə peyin verilməlidir.

Bitkilərin qida ilə təminatında mineral gübrələrin rolu böyükdür. Fosfor-kalium gübrəsinin illik normasının 50 faizi payızda əsas şum altına, qalan 50 faizi azot gübrəsi ilə birlikdə bitkinin vegetasiya dövründə yemləmə şəklində verilir. Faraş kartof istehsalında bölgələrdən asılı olaraq təsiredici maddə hesabilə hektara 120-150 kq azot, 150-180 kq fosfor və 150-200 kq kalium gübrələri verilməlidir.

Faraş kartofun məhsuldarlığı onun sortunun seçilməsindən daha çox toxumluq materialın (yumruların) sağlam olmasından asılıdır. Əkindən əvvəl toxumluq kartof üç fraksiyada çeşidlənməlidir: 40 qramadək; 40-80 qram və 80 qramdan ağır. Əkində yaxşı olar ki, 40-80 qramlıq yumrulardan istifadə edilsin. Toxumluq məqsədilə seçilmiş yumrular saxlama anbarına qoyulmaq üçün əvvəlcə 4-5 gün işıqda saxlanılmalıdır. Bu müddətdə yumruların üzərində olan artıq nəmlik buxarlanır, yumrular quruyur, qabığı kobudlaşır və onda solanın maddəsi toplanır.

Yazda əkindən əvvəl toxumluq material seçilir və işıq altında 12-150C temperaturda bir ay saxlanılır. Kartofu torpağın temperaturu 7-80C olduqda əkmək lazımdır. Əgər əkindən sonra soyuq hava uzun müddət davam edərsə, cücərtilər zəif inkişaf edər. Kartofun əkini üçün 50-80 qramlıq yumrular azdırsa, xırda və iri yumrulardan da istifadə etmək olar. Xırda yumrularda sapvarı cücərtilər əmələ gətirən viruslar daha çoxdur. Bu onunla əlaqədardır ki, xəstə bitkilərin yumruları adətən xırda olur. Ona görə də həmin xırda yumruların sağlam bitkilərdən alındığına əmin olduqdan sonra toxum kimi istifadə etmək olar. Xırda yumrularla olan əkində hər bir yumruda üç-dörd normal cücərti alınırsa, orta yumrularla olan əkində bu rəqəm altı-səkkiz olur. Ona görə də orta yumrularla aparılan əkində 50-55 min bitki olduğu halda, xırda yumrularla aparılan əkində bitkinin sıxlığı 70 min təşkil edir.

Yumruların əmələ gəlməsində burada müəyyən fərqlər meydana çıxır. Belə ki, normal yumrularla aparılan əkinlərdə xırda yumrularla aparılan əkinlərə nisbətən yeni yumrularıın böyüməsi tez başa çatır. Bütün hallarda 100 qramdan ağır yumrular kəsilərək əkilməlidir. Kəsiklərin hər bir hissəsində 3-4 gözcük olmaqla, çəkisi 40 qramdan az olmamalıdır. Hər bir yumrunu kəsdikdən sonra bıçaq dezinfeksiya olunmalıdır. Bu məqsədlə 3-5 faizli lizol, yaxud 2 faizli formalin məhlulundan istifadə edilir. Kəsilmə zamanı hər hansı bir yumruda xəstəlik əlamətləri aşkar edilərsə, həmin yumru çıxdaş edilməlidir. 30 qramdan yüngül yumrulardan əkin materialı kimi istifadə etmək olmaz. Çünki xırda yumrularda qida maddələri az olduğundan alınan cücərtilər zəif olur.

Faraş məhsul almaq üçün kartof yumruları mütləq cücərdilməlidir. Cücərdilmə zamanı temperaturun təsirindən yumrularda boy maddələrinin oyanması başlayır. Nəticədə kartofun çıxışı cücərdilməyən yumrularla olan əkinə nisbətən 7-15 gün tez alınır. Bundan başqa, qönçələmə və çiçəkləmə fazaları da nisbətən tezləşir ki, nəticədə faraş məhsul alınır. Cücərdilmiş yumrulardan alınmış bitkilər ana yumrulardakı qida maddələrini tam mənimsəyərək güclü kök sistemi əmələ gətirir. Bu da öz növbəsində məhsuldarlığın artmasına səbəb olur. Bundan başqa, cücərdilmiş yumrularla aparılan əkinlərdə fitoftora xəstəliyi meydana gəlməsi müddətinə kimi məhsulun çox hissəsi toplanmış olur.

Yumruları bir neçə üsulla cücərdirlər: işıq düşən bağlı yerlərdə günəş işığı altında, nəmlik olan mühitdə və işıq altında, nəmlik olan mühitdə. Lakin kartofu 12-150C temperaturda işıqda cücərtdikdə məhsuldarlıq daha çox olmaqla faraş məhsul alınır. Cücərdilmə dövründə temperaturun 200C-yə yaxınlaşması yumrulardakı ehtiyat qida maddələrinin nəfəsalma və nəmlik hesabına normadan artıq itirilməsinə səbəb olur. Cücərdilmənin yalnız başlanğıc dövründə belə temperaturda yumruları təqribən 3-4 gün saxlamaq olar. Əks halda, yumruların toxumluq keyfiyyəti pisləşə bilər. Cücərdilmə vaxtı otaqda havanın nisbi rütubəti 85 faiz olmalıdır. Çünki bu vaxt yumrularda əlavə nəmlik itirilmir və cücərdilmə üçün daha yaxşı şərait yaranır.

İşıq cücərtilərin həddən artıq boy artmasının qarşısını alır, gözcüklər möhkəmlənir. Elə etmək lazımdır ki, cücərdilmə vaxtı yumruların üzərinə günəş işığı birbaşa düşməsin. Əks halda, yumrularda buxarlanma hesabına əlavə su itkisi alınar, gözcüklər kobudlaşar və hətta məhv ola bilər. Cücərdilmə əməliyyatı normal gedərsə, 25-45 günə yumrular üzərində qısa, yoğun, müxtəlif rəngli (sortlardan asılı olaraq) cücərtilər əmələ gəlir. İşıqda cücərmə müddəti sortlardan asılı olaraq dəyişir. Tezyetişən sortlar 25-30 gün, gecyetişən sortlar 40-45 gün cücərdilməyə qoyulmalıdır. Belə hesab edilir ki, cücərdilmə müddəti uzanarsa, məhsuldarlıq nisbətən artar.

Əgər cücərdilmə prosesi süni işıq mənbəyi ilə aparılarsa, yadda saxlamaq lazımdır ki, bu məqsədlə qırmızı işıq şüaları daha effektlidir.

Cücərdilmə işi döşəmədə, qəfəslərdə (stellajlarda), xüsusi yeşiklərdə, yaxud müxtəlif yerlərindən deşiklər açılmış polietilen örtükdən hazırlanmış torbalarda aparılır. Cücərdilmə işi döşəmədə aparıldıqda yumrular iki yumru qalınlığında düzülməli, 15-16 metr enində zolaqlar (zolaqlar arası məsafə 30-40 sm buraxılmaqla) olmalıdır. Hər bir kvadratmetrdə təqribən 50-60 kq toxumluq kartof yerləşdirilməlidir.

Stellajlar bir neçə yaruslu olmaqla eni 1,5-1,6 m, hava işləyən yarıqlar 2-2,5 sm, aşağıdan birinci yarus yerdən 50 sm hündürlükdə olmalıdır. Cücərmənin bütün yumrularda normal getməsi üçün cücərdilmə dövründə yaruslarda yumruların yerləri müntəzəm olaraq dəyişdirilməlidir. Bu əməliyyat zamanı cücərtilərin qırılmaması üçün yeşiklərdən istifadə edilməsi daha sərfəlidir.

Əgər hər hansı bir səbəbdən kartofu işıqda cücərtmək imkanı yoxdursa, onda yumrularda ağ, xırda cücərtilər görünənə kimi isti və havalanan otaqda saxlamaq lazımdır. Əkin müddəti gecikərsə, yumrular heç olmasa 2-3 gün 400C temperaturda saxlanmalı və sonra əkilməlidir.

Daha effektli üsul yumruların parnikdə əkilməsi üsuludur. Bu məqsədlə yumrular işıqda cücərdilib parnikdə əkilir və üzərinə 2-3 sm qalınlığında yanmış peyin tökülür. Parnikdə temperatur 12-150C olmalıdır. Bitkilərin boyu 4-5 sm olduqda onlar ehtiyatla çıxarılır və açıq sahəyə əkilir. Bu üsul tez faraş məhsul alınmasında tətbiq edilir.

Faraş kartof məhsulu almaq üçün suvarılan aran rayonlarında kartofun qışaltı əkini yaxşı nəticə verir. Qışaltı əkinin optimal müddəti dekabrın 10-dan 25-nə qədər hesab edilir. Kartofu dekabrın 10-dan tez əkmək məqsədəuyğun hesab edilmir. Belə ki, kartof tez çıxış verər, şaxta cücərtiləri məhv edə bilər.

Faraş kartofun yaz əkinini aran rayonlarında fevralın 15-dən martın 15-dək, dağətəyi rayonlarda martın 1-dən 31-dək keçirmək lazımdır.

İstər qışaltı, istərsə də yaz əkinində cərgə araları 70 sm, bitkilərin arası isə 20-25 sm olmalıdır. Bu sxemlərdə olan bir hektar əkin sahəsinə müvafiq olaraq 53-71 min bitki düşür.

Qışaltı əkində kartofu 8-10 sm, yazda isə 5-8 sm dərinliyə basdırmaq lazımdır. Kütləvi çıxış alındıqdan sonra kartofun cərgə aralarında aqrotexniki becərmə işlərinə başlamaq lazımdır. İlk növbədə, əgər bitkilər zəifdirsə, yemləmə gübrələri verilməli və bitkilərin boyu 18-20 sm-ə çatana kimi kultivatorla 1-ci dibdoldurma əməliyyatı aparılmalıdır. 2-ci dibdoldurma əməliyyatı çiçəkləmənin başlanğıcında görülür.

Faraş kartof sahələrində suvarmalar tələbata görə aparılmalıdır. Əgər əkindən sonra sahəyə yağış düşmürsə və torpaq qurudursa, çıxışın yaxşı alınması üçün əkin sahəsi suvarılmalıdır. Kütləvi çıxış alınandan sonra torpağın nəmliyindən asılı olaraq kartof sahəsi 8-10 gündən bir, çiçəkləmə dövründə isə 5-8 gündən bir suvarılmalıdır.

Respublikanın aran rayonlarında kartof tez cırlaşdığından onu hətta süni soyuduculu anbarlarda toxumluq məqsədilə saxlamaq əlverişli deyildir. Çünki cırlaşma kartofun ərzaq və toxumluq keyfiyyətini aşağı salır. Yay əkinindən alınmış kartof cırlaşmaya çox az məruz qalır. Ona görə də suvarılan aran rayonlarında kartofun toxumçuluğu probleminin həllində yay əkini xüsusi rol oynayır.

Yay əkini aparmaq üçün yeni yığılmış yumrulardan, yaxud keçənilki yumrulardan istifadə edilir. Kartofun 2-ci məhsulunun alınması üçün əkiləcək sortun dinclik dövrü qısa olmalıdır. Bu məqsədlə Marafona, Laymdota, Nevski, Əmiri-600 və Telman sortları daha əlverişlidir.

Əkindən əvvəl yumrular əl bıçaqları vasitəsilə uzununa kəsilir. Bu əməliyyatı elə aparmaq lazımdır ki, hər hissənin üzərində gözcüklər olsun. Bu zaman kartof yumrusu axıra kimi kəsilmir, təqribən 1 sm dərinliyində kəsilir. Sonra yumrular 2 faiz tiokarbamid məhlulunda bir saat saxlanıldıqdan sonra xırda cücərtilər əmələ gələnə kimi saxlanılır və əkilir. Tiokarbamid məhlulunun hər litrinə 1-2 mq giberrelin əlavə etdikdə daha yaxşı nəticə alınır. Qeyd etmək lazımdır ki, kartofu bıçaqla kəsdikdə xəstəliklərin yayılmasının qarşısını almaq üçün hər dəfə kəsik etdikdən sonra bıçaq faizli lizol məhluluna, yaxud qaynar suya salınmalıdır.

Yay əkinini yeni yığılmış yumrularla iyul ayının 20-dən avqust ayının 5-dək, keçənilki yumrularla avqust ayının 1-dən 10-dək aparmaq lazımdır. Yay əkinindəki bitkilərin yaşıl kütləsi az olduğundan məhsuldarlıq da az olur. Ona görə də əkin 70x15; 70x20; 70x25 sm sxemləri ilə aparılmalıdır. Çıxış alınana kimi torpağı nəm saxlamaq lazımdır. Həddindən artıq nəmlik kartof yumrularını çürüdə bilər. Başqa qulluq işləri yaz əkinlərində olduğu kimdir. Yay əkinlərində məhsul yığımı şaxtaların başlanması ərəfəsində başa çatdırılmalıdır.

Fuad MƏMMƏDOV,

Kənd Təsərrüfatı Nazirliyi ET

Tərəvəzçilik İnstitutunun direktoru,

aqrar elmləri üzrə fəlsəfə doktoru.

 

Vaqif ABDULLAYEV,

İnstitutun kartofçuluq şöbəsinin müdiri,

biologiya elmləri üzrə fəlsəfə doktoru.

 

 

 

Read 9158 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər892328

Currently are 105 guests and no members online