XƏBƏR LENTİ

Cümə axşamı, 14 Noyabr 2019 06:31

BAKI DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCAN RESPUBLİKASININ MÖTƏBƏR ALİ TƏHSİL OCAĞIDIR

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, bu günlərdə 100 illiyini qeyd etdiyimiz Bakı Dövlət Universiteti ölkəmizin aparıcı ali təhsil ocağıdır. Bu təhsil müəssisəsinin yaranması xalqımızın müasir, dünyəvi, mütərəqqi ənənələrini özündə əks etdirən, təhsil almasını istəyən M.F.Axundov, H.Zərdabi, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağayev, M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, Ü.Hacıbəyli kimi mübariz maarifpərvər ziyalılarımızın apardığı davamlı, ardıcıl mübarizənin nəticəsi idi.


İlk təhsil ocağımızın keçdiyi kəşməkəşli yola nəzər salarkən görürük ki, Azərbaycanın bu gününü, onun dünya şöhrətli elmini, iqtisadiyyatını, mədəniyyətini, alimlər ordusunu, bütövlükdə Azərbaycan cəmiyyətini bu elm məbədinin fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil.
Millətimiz yüzilliklər boyu arzusunda olduğu azadlığa 1918-ci il mayın 28-də qovuşduqdan sonra ölkədə ümumtəhsil hərəkatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, milli hökumət və Parlament səviyyəsində savadsızlığın ləğvi istiqamətində mühüm qanun və qərarlar qəbul edilmiş, sistemli tədbirlər görülmüşdür. Məhz bu dövrdə Azərbaycan dilinin dövlət dili elan edilməsi, məktəblərin milli köklər üzrə yenidən qurulması, Azərbaycan dilinin təhsil-tədris və təlim-tərbiyə dilinə çevrilməsi, anadilli məktəblər şəbəkəsinin yaradılması, ümumi icbari ibtidai təhsilə keçid, çoxsaylı pedaqoji kursların və müəllim seminariyalarının açılması, Azərbaycanda ilk müasir ali təhsil və elm ocağı olan Dövlət Universitetinin təsis edilməsi, dövlətin himayəsi altında ilk məktəbəqədər tərbiyə müəssisələrinin əsasının qoyulması, milli hərbi məktəblərin yaradılması, dövlət səviyyəsində azərbaycanlıların xaricdə təhsil almağa göndərilməsi, əlifba islahatı, ana dilində yeni dərslik və proqramların hazırlanması və digər istiqamətlərdə mühüm addımlar atılmışdır. Azərbaycanda ali təhsilin təşkili və inkişafı tarixi bilavasitə universitetin yaranması tarixi ilə başlanır. Bu əlamətdar hadisə sonrakı dövrlərdə də respublikamızda təhsilin və xalq maarifinin inkişafında, milli kadrların hazırlanmasında mühüm rol oynamışdır.
Qeyd etmək lazımdır ki, Bakı Dövlət Universiteti çox təlatümlü bir dövrdə yaradılmışdı. Yeni elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə imkanlarının məhdud olmasına, daxildən və xaricdən sıxan təhlükələrə və təzyiqlərə baxmayaraq, bu dövlətin qurucuları milli universitetin əhəmiyyətini başa düşərək bu təhsil ocağını yaratmaqda qərarlı idilər.
Arxiv sənədləri də göstərir ki, Müsavat partiyası ilə yanaşı, Azərbaycan parlamentində təmsil olunmuş fraksiyaların əksəriyyəti öz fəaliyyətində ölkədə təhsilin, maarifin inkişaf etdirilməsi məsələlərinə mühüm yer ayırmışdır. Respublikada xalq maarifi və təhsilin inkişafı, savadsızlığın və geriliyin aradan qaldırılması, eləcə də məktəb-təhsil işinin geniş surətdə yayılmasına nail olunması Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və hökumətinin qarşısında duran vacib məsələlərdən biri idi. Vətənin, millətin ictimai-siyasi həyatında, tərəqqisində universitetin rolu heç nə ilə ölçülə bilməzdi.
1919-cu ilin mayın 31-də parlamentdə Bakı Dövlət Darülfünunun açılması haqqında qanun layihəsinin bəyannaməsi oxunur. Bəyannaməyə əsasən universitetin yaradılması üzrə professor Razumovskinin sədrliyi ilə komissiya təşkil edilir. Uzun sürən müzakirələrdən sonra 1919-cu il sentyabrın 1-i Darülfünun açılması haqqında qanun qəbul edilir. Sənəddə yeni açılan ali məktəbin dörd fakültədən: tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olduğu, strukturu, ştatı, smeta cədvəli, maddi-texniki bazası, maliyyələşməsi və s. göstərilmişdi. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə 1919-cu ilin sentyabrın 29-da parlamentdə qəbul edilmişdir.
1919-cu il noyabrın 15-də universitetdə birinci dərs günü elan edilir. Nəhayət, milli ziyalılarımızın uzun illər ürəyində gəzdirdiyi arzular, apardığı mübarizə öz real təcəssümünü doğma universitetimizin yaradılmasında tapır. Müsəlman şərqində ilk dəfə olaraq universitetə kişilər ilə yanaşı, qadınlar da bərabər hüquqla qəbul olunurdular. Qəbulda Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. Universitetin təsisi haqqında qanunun Parlament tərəfindən təsdiq olunması münasibətilə V.İ.Razumovski Parlamentdəki çıxışında demişdi: “Azərbaycanda, hətta müsəlman dünyasında bu böyük hadisənin - Darülfünunun təsisi mərasimi təntənəsini qeyd etməyə, nəinki Parlamanı, buraya toplaşan kütlələrin şəxsində ictimai fikri də gördüyümə hədsiz xoşbəxtəm...”.
Universitetin təşkilat komissiyası V.İ.Razumovskini yekdilliklə universitetin rektoru, görkəmli tarixçi, publisist N.A.Dubrovskini tarix-filologiya fakültəsinin, prof. İ.İ.Şirokoqorovu isə tibb fakültəsinin dekanı seçdi. İ.İ.Şirokoqorov bu zaman Bakıda olmadığına görə prof. A.M.Levin tibb fakültəsində müvəqqəti olaraq dekan vəzifəsini icra etdi.
İlk tədris ilində universitetdə təhsil alan tələbələrin sayı 877 nəfər idi. Bundan başqa, universitetə 217 azad dinləyici qəbul edilmişdi. BDU özünün ilk bəhrəsini 1922-ci ildə verdi: 30 nəfər gənc ali təhsilli həkim adına layiq olmaları barədə universitet diplomu aldı.
Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin 28 aprel işğalından sonra Bakı Dövlət Universiteti yeni tarixi şəraitdə fəaliyyət göstərdi. Artıq universitetdə təlim-tərbiyə və elmi fəaliyyətin əsas istiqamətləri sinfi mübarizə və kommunist partiyası prinsipləri əsasında qurulurdu. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin 1920-ci il 10 və 22 may tarixli dekretləri ilə Universitetdə yenidənqurma işləri aparıldı.
1920-ci ildə qəbul edilmiş “Bakı Dövlət Universiteti haqqında” yeni Əsasnamədə bütün əsas kursların və məşğələlərin müvəqqəti olaraq rus dilində aparılması nəzərdə tutulurdu. 1920-ci ilin dekabrında universitetdə fəhlə fakültəsi açıldı. Bununla belə, 1920-1922-ci illər ərzində universitetin həyatında nisbi müstəqillik dövrü olmuşdur. 1920-ci ildə fizika-riyaziyyat, 1922-ci ildə şərqşünaslıq fakültələri təşkil edildi.
Azərbaycan Xalq Maarifi Komissarlığının 1922-ci il 6 dekabr tarixli qərarı ilə universitetin əvvəlki adı dəyişdirilərək, Azərbaycan Dövlət Universiteti adlandırıldı. 1923-cü ildə tarix-filologiya fakültəsi ictimai elmlər fakültəsinə çevrildi, 1924-cü ildə isə ictimai elmlər və fizika-riyaziyyat fakültələri əsasında pedaqoji fakültə yaradıldı. 1924-cü il yanvarın 23-də universitetə V.İ.Leninin adı verildi. 1927-ci ildə hüquq şöbəsi açıldı və həmin şöbə bir ildən sonra müstəqil fakültəyə çevrildi. Onillik fəaliyyəti dövründə universitetin kafedra, laboratoriya və klinikalarında diqqətəlayiq elmi-tədqiqat işləri aparılmışdır. Birinci onilliyin sonunda iqtisadiyyat fakültəsi yaradıldı.
1930-cu il yanvarın 12-də universitetin onillik yubileyi təntənəli surətdə qeyd edildi və cəmi bir neçə aydan sonra isə bu ali təhsil müəssisəsi bağlanır və onun yenidən açılmasına yalnız 1934-cü ilin mayın 15-də universitetin oktyabr bayramı münasibəti ilə qərar verilir.
XX əsrin 30-cu illərinin repressiyaları Bakı Dövlət Universitetindən də yan keçmir. Belə ki, bu dövrdə universitetin 4 rektoru ən ağır cəzaya, güllələnməyə məhkum edilir. Təkcə 1937-ci ildə 100 nəfər universitet əməkdaşı güllələnir. Bu dövrdə 20-ci illərdə qəbul olunan əsasnamələrdən artıq söhbət belə getmir. Fakültə dekanları belə Mərkəzi Komitənin əmri ilə təyin edilməyə başlanır.
Bütün bu terror və təzyiqlərə, hətta II Dünya müharibəsi kimi bütün SSRİ üçün ağır olan bir zamana baxmayaraq, BDU-nun kollektivi elmi-pedaqoji fəaliyyətinin məhsuldarlığını saxlamaqla yanaşı həm də cəbhədə təşviqat və döyüş ruhunun yüksəldilməsində təbliğat briqadaları vasitəsi ilə iştirak etmişdir. Elə həmin ağır illərdə universitetin fəaliyyətinə ağır zərbə vurulsa da, onun kollektivi bu ağır sınaqdan şərəflə çıxdı. Bu dövrdə universitet alimləri beynəlxalq əhəmiyyətli bir sıra kəşflərə imza atdılar. Buna ən parlaq misal kimi Yusif Məmmədəliyevin donmayan sürtkü yağlarını kəşf etməsini göstərmək olar ki, müharibə illərində hərbi aviasiya sənayesində sovet təyyarələri üçün bu tapıntı həlledici rol oynadı.
Müharibədən sonrakı dövrdə Azərbaycan Dövlət Universitetinin strukturunun təkmilləşdirilməsi məqsədi ilə işlər aparılır, maddi-texniki bazası gücləndirilir. Bu məqsədlə fakültələrin və kafedraların sayı artırılır, yeni laboratoriyalar istifadəyə verilərək, yeni avadanlıqlarla təchiz edilir.
Ötən əsrin 50-ci illərinin ortalarında sovet cəmiyyətində baş verən nisbi yumşalma universitet həyatına da müsbət təsir etdi. Ümumiyyətlə, 50-60-cı illər universitetin həyatında yüksəliş dövrü kimi dəyərləndirilə bilər.
Bakı Dövlət Universiteti yarandığı vaxtdan mötəbər elm və təhsil ocağı kimi təhsil və elmin inkişafında Azərbaycan milli məfkurəsinin inkişaf edib qorunmasında müstəsna rol oynamış, respublikada sovet dövründə milli kadrların hazırlanmasını təmin etmiş və ölkənin əsas kadr bazasına çevrilmişdi.
Universitetin inkişafında yeni keyfiyyət mərhələsi, yeni yüksəliş dövrü heç şübhəsiz, xalqımızın ümummilli lideri, universitetin tarix fakültəsinin görkəmli məzunu Heydər Əlirza oğlu Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Bakı Dövlət Universitetinə xüsusi həssaslıqla yanaşan o zamanki, Azərbaycan SSRİ-nin KP MK-nın birinci katibi Heydər Əliyevin 1969-cu ildə respublikanın rəhbəri kimi məhz Bakı Dövlət Universitetinin 50 illik yubileyi mərasimində doğma Azərbaycan dilində çıxışı heç də təsadüfi deyildi. Qeyd etmək lazımdır ki, Bakı Dövlət Universitetinin yubileylərindən dördü Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir və onun adı ilə bağlıdır. Bu əlamətdar hadisə bütün respublikada böyük sevinc və razılıqla qarşılandı. Azərbaycan rəhbərinin cəsarətli hərəkəti yubileydə iştirak edən Moskvadan gəlmiş rəhbər işçiləri və xarici qonaqları təəccübləndirmişdi. Çünki hakim dilin rus dili, respublikanın Moskvanın nəzarəti altında olduğu o dövrdə belə bir addımı atmaq böyük cəsarət, eyni zamanda milli təəssübkeşlik tələb edirdi və onun milli dəyərlərə dərindən bağlı olduğunu göstərirdi. Elə həmin il universitet Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olundu.
Ümumiyyətlə, müasir dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici, iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi, dünya iqtisadiyyatına daha dərindən inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır. Bu milli təhsilin inkişafı prosesində də öz əksini tapmışdı. 1969-1982-ci illərdə 15 minə yaxın gəncin Sovet İttifaqının aparıcı ali təhsil məktəblərinə oxumağa göndərilməsi düşünülmüş, müdrik siyasətin tərkib hissəsi idi.
XX əsrin 70-ci illərində universitetin maddi-texniki bazası gücləndirildi və tədris prosesində müasir texniki vasitələrdən istifadə olunmasında əsaslı dəyişikliklər baş verdi. Heydər Əliyevin diqqət və qayğısı nəticəsində universitetin əldə etdiyi müvəffəqiyyətlər Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1987-ci il 13 mart tarixli qərarı ilə yüksək qiymətləndirilmişdir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin tarix fakültəsinə və elminə xüsusi münasibəti olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubiley mərasimindəki çıxışında o, tarix fakültəsinin də adını vurğulayaraq onun ölkəmizdə elmin inkişafında müstəsna rolundan danışmışdır. Bu da onun öz universitetinə, öz fakültəsinə doğmalığının, sevgisinin göstəricilərindən biri idi.
31 yanvar 1997-ci il Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə ulu öndər Heydər Əliyev “...xüsusən millətin, xalqın tarixi, ya ümumiyyətlə, tarix onun ədəbiyyatının, mədəniyyətinin tarixidir. Bu, indi bizim üçün xüsusilə lazımdır. Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır. O cümlədən, mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır” sözləri ilə tarix elminin müstəsna rolunu, əhəmiyyətini bir daha vurğulamışdır.
Bu gün Azərbaycanın aparıcı ali məktəbi olan universitet dövlətimizin milli təhsil konsepsiyasının, milli ideologiyamızın həyata keçirilməsində mühüm rol oynayır. Həmçinin Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin qayğısı və diqqəti sayəsində BDU-nun ölkədə olan nüfuzu, eləcə də beynəlxalq şöhrəti də günü-gündən artır. Görkəmli yazıçı, şair, mədəniyyət və dövlət, ictimai-siyasi, elm xadimlərinin böyük bir hissəsi Bakı Dövlət Universitetinin məzunlarıdır. Universitet bu günə qədər dövlət idarəçiliyinin, xalq təsərrüfatının, elmin, təhsilin, mədəniyyətin müxtəlif sahələrində müvəffəqiyyətlə çalışan 100 mindən artıq yüksəkixtisaslı milli kadr hazırlamışdır.
Bu gün də Bakı Dövlət Universiteti respublikamız üçün yüksək ixtisaslı kadrların hazırlanması prosesində müstəsna rola malik olan ali təhsil ocağıdır. Rəhbərlik etdiyim Qafqaz xalqları tarixi kafedrası da Bakı Dövlət Universitetinin şanlı nailiyyətlərin əldə olunmasına öz töhfəsini verir. Qeyd etmək lazımdır ki, XXI əsrdə Qafqaz regionunun geostrateji əhəmiyyətinin əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artması fonunda, Qafqaz xalqları ilə qarşılıqlı münasibətlərin öyrənilməsinə, xüsusən Ermənistan respublikasının qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarını, regionda sabitliyin yaranması və Ermənistanın destruktiv mövqeyi, böyük dövlətlərin Qafqazla bağlı siyasəti və s. bu kimi məsələlərin dərindən araşdırılmasına, xüsusi elmi-tədqiqatlar aparılmasına böyük ehtiyacın yaranmasını nəzərə alaraq 2011-ci ildə Qafqaz xalqları tarixi kafedrası yaradıldı. Bu da universitetin inkişafında yeni bir mərhələ kimi qiymətləndirilə bilər. Nəzərə alsaq ki, ölkəmizdə müasir dövrdə dövlət rəhbərliyi səviyyəsində qafqazşünaslıq elminin inkişafına böyük önəm verilir, bu baxımdan qafqazşünaslığın aktual problemlərini tədris edən, elmi təhlillər, araşdırmalar aparan kafedranın açılması böyük əhəmiyyət kəsb edirdi.
Respublikamızın Qafqaz regionunda yerləşməsi baxımından bölgədə yaşayan xalqların tarixinin, dilinin, mədəniyyətinin, adət-ənənələrinin daha dərindən və hərtərəfli öyrənilməsi vacib məsələlərdən biridir. Bununla yanaşı, beynəlxalq müstəvidə qonşu dövlətlərlə ictimai-siyasi münasibətlərin daha səmərəli qurulması üçün yüksəkixtisaslı qafqazşünas kadrların hazırlanmasına böyük zərurət yaranmışdır. Qafqaz xalqları tarixi kafedrasında bu sahə üzrə yüksəkixtisaslı və səriştəli professor-müəllim heyəti fəaliyyət göstərir. Qafqazşünaslığın aktual problemləri ilə bağlı mühüm elmi araşdırmalar aparılır, dərsliklər, elmi monoqrafiyalar, dərs vəsaiti, tədris proqramları, işıq üzü görür, gənc qafqazşünas və elmi kadrların hazırlanmasına kafedramız öz töhfəsini verir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra BDU-nun beynəlxalq nüfuzu artmış, dünya dövlətləri və xalqları ilə əlaqələri genişlənmişdir. Ölkəyə rəsmi səfərə gələn bir çox dövlət rəhbərləri, siyasət və mədəniyyət xadimlərinin 224-nün universitetin fəxri doktoru adına layiq görülməsi onun böyük nüfuza malik olduğunu sübut edir, dünya şöhrətini daha da artırır. BDU-nun fəxri doktoru adını şərəflə daşıyan Süleyman Dəmirəl, İslam Kərimov, Marat Baqlay, Corc Robertson, Zbiqnev Bjezinski, Kotaro Matsuura, Eduard Şevardnadze, Frederiko Mayor, Petro Luçinski kimi siyasi və dövlət xadimləri, Lütfizadə, İren Məlikova, Tadeuş Svyatoxovski, Cavad Heyət, İhsan Doğramacı, Əhməd Şimide, Xəlil Çin kimi görkəmli alimlər onun şöhrətinin bütün dünyaya yayılmasında yaxından iştirak ediblər.
Lakin hesab edirəm ki, universitetin ən böyük və dünya şöhrətli məzunu - xalqımızın böyük və qəhrəman oğlu, qüdrətli, tarixi şəxsiyyət, öz taleyini xalqın taleyi ilə bağlayan, görkəmli dövlət və siyasi xadim Heydər Əliyev olmuşdur.
Bakı Dövlət Universiteti ölkəmizin ali təhsil müəssisələri arasında əvvəllər olduğu kimi, bu gün də ali təhsilin flaqmanı rolunu oynayır. Doğma ocağımız öz tarixinə, elmi-pedaqoji ənənələrinə, təcrübəsinə, keçdiyi böyük keşməkeşli yola, Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasətə əsaslanaraq elm və təhsil yolunda xalqımıza, dövlətimizə dəyərli töhfələrini verir, gələcəyə doğru inamla addımlayır və inkişaf edir.

İradə HÜSEYNOVA,
Bakı Dövlət Universitetinin
Qafqaz xalqları tarixi kafedrasının müdiri,
tarix elmləri doktoru, professor.

Read 333 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər496891

Currently are 187 guests and no members online