XƏBƏR LENTİ

Çərşənbə axşamı, 05 Noyabr 2019 09:04

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib

Noyabrın 2-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında 2020-2021-ci tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib. Tədbirə 600-dən çox şagird qatılıb.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçi “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib.
Bildirib ki, oktyabrın 29-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçinin Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə görüşü zamanı həm Moskvada yerləşən təhsil ocağının, həm də onun filiallarının yerləşdikləri ölkədə təhsilin inkişafına töhfəsi qeyd edilib, habelə yeni filialların açılması barədə razılıq əldə olunub. “Bir sıra obyektiv göstəricilər, o cümlədən qəbul olunan tələbələrin sayı, professor-müəllim heyəti, magistraturanın sayı, maddi-texniki baza baxımından əminliklə demək olar ki, Bakı Filialı MDU-nun digər filialları arasında liderdir. Eləcə də Bakı Filialı Azərbaycanda universitetlər arasında aparıcı ali təhsil müəssisələrindən biridir. Bu il fəaliyyətə başlamasının 11 illiyini qeyd edən Bakı Filialı daim inkişaf edir. Əgər 2008-ci ildə filial üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri ilə fəaliyyətə başlayıbsa, sonralar psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb. 2020-ci ildə fizika fakültəsində bakalavr üzrə ilk məzun buraxılışı olacaq. Həmçinin 2020-ci ildən fizika fakültəsi magistratura təhsilinə başlayır. Beləliklə, filialda bütün fakültələr üzrə magistratura fəaliyyət göstərəcək. Bu və digər uğurlar MDU-nun Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevanın böyük xidmətləri sayəsində reallaşıb. Həmçinin MDU-nun rektoru Viktor Sadovniçi Bakı Filialına lazım olan köməyi hər zaman göstərib. Filial təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycanda nüfuzlu elmi-tədris mərkəzidir. Yəni burada elmi tədqiqatlar da aparmaq mümkündür. MDU-nun Bakı Filialı Belarusun, Qazaxıstanın, Rusiyanın (Moskva) elmi, pedaqoji mərkəzləri ilə birgə layihələr reallaşdırır. Tələblər müxtəlif ölkələrdə təcrübə keçirlər. Bakı Filialı 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi edib. 2017-ci ildən etibarən burada Rus Coğrafiya Cəmiyyətinin “Coğrafi imla” tədbiri keçirilir. Hər həftənin şənbə-bazar günlərində filialda (Elmlər Akademiyası metrosunun yaxınlığında) MDU-nun müəllimləri bazar günü məktəbi keçirlər. Bütün məşğələlər pulsuzdur. Filialın tələbələri nəinki keyfiyyətli tədris alır, həmçinin özlərinə yeni dostlar, o cümlədən MDU-nun müəllimləri simasında dostlar qazanırlar”, - deyə professor Yuri Sadovniçi vurğulayıb.
Xatırladaq ki, filialda tədris 2012-ci ildən əsasən Xocasəndə yerləşən mükəmməl kampusda aparılır. Burada tələbələrin təhsili və istirahəti üçün hər cür şərait yaradılıb. Tədris rus dilində, əyani təhsil formasında, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir. Məzunlara bütün dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir. Bu müddət ərzində təqribən 700 məzun MDU-nun diplomunu alıb. Onlar Azərbaycanda və xaricdə müxtəlif nüfuzlu qurumlarda çalışırlar.
Qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi, diferensial həndəsə və tətbiqlər kafedrasının dosenti Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, qəbulla bağlı bütün məlumatları M.V.Lomonosov adına MDU-nun Mərkəzi Qəbul Komissiyasının http://cpk.msu.ru/ və Bakı Filialının http://msu.az/ saytlarından öyrənmək mümkündür.
MDU-nun Bakı filialında həm dövlət sifarişi, həm də ödəniş əsasında təhsil almaq olar.
2020-2021-ci tədris ilində filologiya fakültəsində dövlət sifarişi əsasında 30 yer (o cümlədən “Rus dili və ədəbiyyatı” tədris proqramı üzrə 10, “Müasir Qərbi Avropa dilləri və ədəbiyyatı” tədris proqramı, fransız, ispan, italyan və ingilis dilləri üzrə 20) və 3 ödənişli yer nəzərdə tutulur. Tətbiqi riyaziyyat fakültəsində 26 yer (25-i dövlət sifarişi, 1-i ödənişli), kimya fakültəsində 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli), psixologiya fakültəsində 30 yer (25-i dövlət sifarişli, 5-i ödənişli), fizika fakültəsində 26 yer (25-i dövlət sifarişli və 1-i ödənişli) planlaşdırılır. İqtisadiyyat fakültəsində 27 yer - dövlət sifarişli 25 yer (iqtisadiyyat üzrə 13, menecment üzrə 12) və 2 ödənişli yer (1 iqtisadiyyat, 1 menecment) ayrılıb. Bütün imtahanlar yazılıdır.
Magistraturaya 6 fakültə üzrə qəbul aparılacaq. Filologiya fakültəsi üzrə 16 yer - dövlət sifarişi əsasında 11, ödənişli 5 yer ayrılıb. Tətbiqi riyaziyyat fakültəsində 6 yer (5-i dövlət sifarişli, 1-ödənişli), kimya fakültəsində 7 yer (6-sı dövlət sifarişli, 1-i ödənişli), psixologiya fakültəsində 14 yer (12-si dövlət sifarişli, 2-si ödənişli), iqtisadiyyat fakültəsində 12 (10-u dövlət sifarişli, 2-si ödənişli), fizika fakültəsində 6 yer (5-i dövlət sifarişli, 1-i ödənişli) nəzərdə tutulur.
Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün təhsil pulsuzdur. Həmçinin əvvəllər pulsuz təhsil almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.
Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən ixtisas qrupu üzrə azı 150 bal toplamaq tələb olunur.
Ərizələri yalnız bir fakültəyə vermək olar. Lakin fakültədə bir neçə tədris proqramı varsa, bütün istiqamətlər üzrə ərizə vermək mümkündür, eyni zamanda, prioriteti göstərmək lazımdır. Qəbul barədə ərizə elektron formada, elektron rəqəmsal imza - FİN kod əsasında verilə bilər. Ərizə forması http://msu.az/ saytında və ya DİM-in saytında (http://dim.gov.az/) doldurula bilər. Sualı olanlar Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına yaza bilərlər.
Dövlət büdcəsi hesabına təhsil almış Azərbaycan vətəndaşları, əvvəllər pulsuz təhsil almış və Azərbaycanda daimi yaşayan əcnəbilər MDU-nun Bakı filialında ödənişli əsasla təhsil ala bilərlər.
Ali təhsil müəssisəsinin fizika fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Aleksandr Saletski diqqətə çatdırıb ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yalnız Bakı Filialında fizika fakültəsi fəaliyyət göstərir. Fakültədə fizika fənni, həmçinin riyaziyyat yüksək səviyyədə tədris olunur. Ümumiyyətlə, fizika fakültəsi MDU-nun ən güclü fakültələrindən biridir. Onu tez-tez Nobel mükafatı laureatları fakültəsi də adlandırırlar. Belə ki, Rusiyada fizika üzrə 10 Nobel mükafatçısından 9-u ya Moskvada MDU-nun bu fakültəsinin məzunu olub, ya da orada çalışıb. Bakı Filialında fakültənin laboratoriyaları ən müasir avadanlıqla təchiz edilib və istənilən elmi təcrübəni aparmağa imkan var.
MDU-nun tətbiqi riyaziyyat fakültəsi üzrə elmi-tədris işinin əlaqələndirilməsinə məsul, fizika-riyaziyyat elmləri namizədi, ümumi topologiya və həndəsə kafedrasının böyük elmi işçisi Yevgeni Mıçka çıxışında qeyd edib ki, fakültədə oxumaq çətindir, lakin məzunların iş problemi olmur. Məzunlar müxtəlif dövlət qurumlarına, həmçinin BP, SOCAR, “Azercell”, “Azərkosmos” və digər nüfuzlu şirkətlərə işə düzəlir, maliyyə, bank sahələrində, sığorta şirkətlərində işləyirlər. Onlar nəinki Azərbaycanda, xaricdə də işləyə bilirlər. Fakültədə tədrislə yanaşı, elmi fəaliyyət də aparılır. İkinci kursdan başlayaraq tələbə elmi rəhbərlə işləyir və burada keçirilən elmi konfransa məruzə hazırlayır. Ən yaxşı məruzə Moskvaya, MDU-ya göndərilir. Fakültənin ən yaxşı tələbələri müxtəlif müsabiqələrdə, konfranslarda iştirak edirlər. Magistraturadan sonra Moskvada aspirantura təhsili almaq imkanı da var.
Filialın filologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul olan, MDU-nun rus dili kafedrasının dosenti Valeriya Baqryantseva qeyd edib ki, tədris rus dilində aparıldığı üçün hər fakültədə qəbul imtahanına rus dili fənni daxil edilib. “Gələcəyin kimyaçısının, fizikinin, iqtisadçısının rus dilini nə dərəcədə bilməyi bizim üçün vacibdir. Rus dili fənnindən imtahan ifadə yazı formasında və bütün fakültələr üzrə eyni gündə keçirilir. İfadə yazı mətni 350-dək sözdən ibarətdir. Abituriyentin vəzifəsi iki dəfə və çox asta sürətlə oxunacaq mətnə diqqətlə qulaq asaraq orada əksini tapan bütün informasiyanı rus dilinin yazı qaydalarına riayət etməklə yazmaqdır”, - deyə Valeriya Baqryantseva bildirib.
MDU-nun kimya fakültəsinin aparıcı elmi işçisi, kimya elmləri doktoru Yekaterina Lokteva deyib ki, informasiya texnologiyaları istisna olmaqla, sənayenin bütün istiqamətlərində kimyaçılara ehtiyac var. “MDU-nun Bakı Filialında kimya fənni çox yüksək səviyyədə tədris edilir. Ali təhsil müəssisələrinin reytinqi bir çox hallarda kimya üzrə tərtib olunur ki, bu sahədə də MDU çox yüksək göstəriciyə malikdir. Həm Moskvada, həm də Bakıda kimya fakültəsinin laboratoriyaları ən müasir avadanlıqla təchiz edilib. Bu fakültənin məzunları nüfuzlu şirkətdə işləyirlər”, - deyə Yekaterina Lokteva vurğulayıb.
MDU-nun psixologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, ümumi psixologiya fakültəsinin baş müəllimi Leonid Babanin diqqətə çatdırıb ki, fakültənin məzunları iş tapmaqda əsla çətinlik çəkmir. Magistraturadan sonra Moskvada aspirantura təhsili də almaq mümkündür. Qəbul zamanı MDU-nun proqramı əsasında biologiya fənnindən imtahan verildiyi nəzərə alınaraq, Bakı Filialında biologiya üzrə bazar günü məktəbi təşkil edilir ki, bu da abituriyentlərin biliklərini artırmağa imkan yaradır. Başqa ali məktəbləri bitirənlər də MDU-nun Bakı Filialına psixologiyadan magistratura təhsili üçün müraciət edirlər.
İqtisad fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, dünya iqtisadiyyatı kafedrasının elmi işçisi, iqtisad elmləri namizədi Ceyhun Hüseynov xatırladıb ki, 2012-ci ildə yaradılmış fakültənin indiyədək iqtisadiyyat ixtisası üzrə 51 bakalavr, menecment üzrə 39 bakalavr və 17 menecment magistr məzunu olub. Onlar iqtisadiyyatın ən müxtəlif sahələrində - həm dövlət sektorunda (Azərbaycan Dövlət Dəmir Yolları, AFFA, Azərbaycanın Mərkəzi Bankı və s.), həm də özəl şirkətlərdə (Kapital Bank, PwC, Ernst&Young, Encotec, Bakcell və s.) uğurla fəaliyyət göstərirlər. Universitetin Bakı Filialında bu yaxınlarda “Menecerin və iqtisadçının kabineti” interaktiv təlim metodları laboratoriyası açılıb.
Qeyd edək ki, bu laboratoriya master-klasslar, debatlar, konkret vəziyyətlərin təhlili (case-study), dəyirmi masa formatında diskussiyalar, beyin hücumu (brainstorming) və digər növ interaktiv təlim metodları üçün nəzərdə tutulan xüsusi avadanlıqla təchiz edilib. Bütün bunlar tələbələrdə ictimaiyyət qarşısında çıxış etmək, əsaslı diskussiya aparmaq, təqdimatlar hazırlamaq, müsahibədən uğurla keçmək kimi keyfiyyətləri formalaşdırmağa yönəlib.
“Açıq qapı” günündə çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Sonra onlara xüsusi avtobuslarda Xocasəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb.
Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.

 

 

 

AZƏRTAC

Read 139 times