XƏBƏR LENTİ

Cümə axşamı, 02 Mart 2017 12:46

Müasir coğrafiya elminin böyük strateqi

Hazırda Azərbaycanda müasir coğrafiya elminin qloballaşması və konstruktiv elmi-nəzəri prinsiplərinin əsasının Baş strateqi bilavasitə, Dövlət Mükafatı Laureatı, akademik Ramiz Məmmədovu hesab etmək olar.

Akademik Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevral ayının 4-də Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur.

R.Məmmədov ilk elmi yaradıcılıq fəaliyyətinə 1973-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır. Hələ o vaxtlarda da onun gələcək elmi prespektivlərini nəzərə alaraq Coğrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə 1975-1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajor - təkmilləşmə təcrübəsi keçmiş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olmuşdur. Artıq 1980-ci ildə “Dayaz dənizlərdə və şirinsulu su tutarlarında turbulent mübadilə” mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında “Okeanologiya” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək gənc fizika-riyaziyyatçı alim kimi öz vətəninə dönmüşdür.

O, 1980-1985-ci illərdə Azərbaycanda yeni yaradılmış “Kosmik Tədqiqatlar” Elm-İstehsalat Birliyində “Xəzər elmi tədqiqat stansiyası”nın müdiri vəzifəsində çalışmışdır. Lakin 1985-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır. 1991-ci ildən başlayaraq Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinə uzun illər rəhbərlik etmişdir. Lakin 1995-ci ildən həmin institutun elmi işlər üzrə direktor müavini, 2013-cü ildən isə direktoru vəzifəsində çalışır.

Görkəmli alim 1996-cı ildə Coğrafiya elminin ayrılmaz sahəsi olan “Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yayılmasına təsiri” mövzusunda doktorluq dissertasiya müdafiə etmişdir. Elmdə qazandığı yeni nailiyyətlərə və metodiki tədbiqlərə görə “Hidrologiya” ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsinə layiq görüldü. Artıq R.Məmmədov istedadlı tədqiqatçı kimi elm aləmində tanınmağa başladı. 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə müvəffəqiyyətlə AMEA-nın həqiqi üzvü (akademik) seçildi. Akademik R.Məmmədova 2009-cu ildə isə Azərbaycan Ali Attestasiya Komissiyasının xüsusi qərarı ilə “hidrologiya” ixtisası üzrə “professor” rütbəsi verilmişdir.

O, Azərbaycanda və dünyada Xəzər dənizi problemləri üzrə ən tanınmış alim və mütəxəssisdir. Onun elmi tədqiqatlarının əsasları bilavasitə Xəzər dənizinin ən aktual ekocoğrafi problemlərinə - hidrofizikasına, hidrologiyasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, müasir səviyyənin dəyişməsinə, iqlim dəyişmələri və Xəzər dənizinin qarşılıqlı əlaqəsinə, ekocoğrafi çirkləndiricilərin dəniz akvatoriyasında yayılmasının hidrocoğrafi modelinin yaradılmasına həsr olunmuşdur. Xəzər dənizinin Azərbaycan daxilində status probleminə və ümumiyyətlə, müasir Xəzərin geofizikası, hidrofizikası, ekocoğrafi problemlərinin tədqiqinə dair sistemi müşahidələr davam etdirilir.

Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin qloballaşması, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi kimi klassik probleminin həlli hazırda R.Məmmədovun əsas tədqiqatlarının qayəsini təşkil edir.

R.Məmmədovun müasir “Okeançılar nəzəriyyəsinin” tərkib hissəsi olan nəzəri tədqiqatlar sahəsində də dəyərli elmi nəticələri mühüm əhəmiyyət kəsb edir. Onun işləmiş olduğu yeni yarımempirik modelə görə, dəniz səthində müasir küləyin və istilik cərəyanının hətta dənizin müxtəlif dərinliklərində belə proqnozunu müəyyən etmək mümkündür. Xəzər dənizinin sahil zonasında mövcud temperatur və sinoptik anomaliyaların modelləşdirilməsi sahəsində alınan kompleks nəticələr bu istiqamətdə aparılan yeni eksperimental tədqiqatların davamıdır.

Onun Xəzər dənizinin transsərhəd çirklənməsinə dair konstruktiv modelinin 2000-ci ildə ABŞ-nın Mülkü Tədqiqatlar və İnkişaf Fondunun qrantına layiq görülməsi Azərbaycan elminin uğurudur. Alınmış elmi nəticələrin dünyada bu sahədə ən sanballı nəşr sayılan “Spill Science Technology Bulletin” jurnalında çap olunması da böyük uğur hesab olunur.

Xəzər dənizini ekocoğrafi cəhətdən həddindən çox çirkləndirən əsas mənbələrdən biri sahil zonasında vaxtilə yerləşmiş, lazımsız sənaye və məişət obyektlərindən sistemli şəkildə dənizə çirkab sularının axıdılmasıdır. Hazırda bu sahədə yeniləşmə islahatlarının aparılması haqqında R.Məmmədov səmərəli təkliflər vermişdir. Xəzər dənizinin hazırda ən əsas problemlərindən biri onun müasir səviyyəsinin mərhələli dəyişməsinin öyrənilməsidir. Apardığı elmi axtarışlar səviyyə dəyişmələrinin səbəblərini müəyyən dərəcədə izah etmişdir. Bu məqsədlə o ilkin variantda səviyyə dəyişmələrinin kompleks model sxemini tərtib etmişdir. Nəticədə birinci yaxınlaşma mərhələsinin şərti proqnozunu vermişdir. Şərti olaraq Xəzər dənizinin səviyyəsinin yaxın keçmişlərdə kəskin qalxdığı və 1978-1995-ci illərdə bir sıra tədqiqatlarının nəticəsi kimi bundan sonra da qalxacağı fikrini söyləmişdir. Həqiqətən R.Məmmədovun 1993-cü ildə dəniz səviyyəsinin qalxmasının 1996-cı ildə dayanacağı haqqında proqnozu tamamilə özünü doğrultmuşdur.

1999-cu ildən başlayaraq onun elmi tədqiqatlarında yeni müasirləşmə və modelləşdirmə prinsipləri və müşahidələri Azərbaycan Respublikası ərazisində səhralaşma prosesinin intensivləşməsi problemlərinin həllində xüsusi rol oynamışdır. Bilavasitə onun rəhbərliyi və iştirakı ilə süni peyklərdən alınmış rəqəmli kosmik şəkillərin emalı sayəsində, respublikanın 35 min kv. km ərazisində gedən yeni səhralaşmanın növü, dərəcəsi, areallarının xəritələri tərtib olunmuşdur, bu neqativ dağıdıcı ekocoğrafi hallara qarşı köməkçi qabaqlayıcı tətbiqi tövsiyələri olmuşdur.

R.Məmmədovun tədqiqatları həmişə özünün novatorluğu ilə fərqlənmişdir. Bu baxımdan onun son illərdə Azərbaycanda landşaft planlaşdırılmasına dair kompleks tətbiqi elmi-praktiki işlərini xüsusilə misal göstərmək olar. Hazırda təbiətdən səmərəli istifadənin və ekosistemlərin mühafizənin ən müasir vasitələrindən biri sayılan bu tətbiqi metod ilk dəfə Şirvan Milli Parkı və onun ətraflarındakı zonası landşaft planlaşdırılması layihəsini və tədbirlərin coğrafi konsepsiyasını hazırlamışdır.

R.Məmmədov bir mütəxəssis kimi beynəlxalq elm fondlarının dəstəyi ilə Xəzər dənizində su dövranının tədqiqi üçün yeni “drifter” metodunu tətbiq etmişdir və yerin süni peyki ilə qurulmuş əlaqə əsasında Xəzər dənizinin su dövranları haqqında yeni hidrofiziki düzəlişlər aparmışdır.

O, ilk dəfə olaraq Xəzər dənizinin tədqiqinə aid yeni tədbiqi texnologiyalardan biri yerin süni peyklərindən radar altimetriyası ilə tədqiqatların aparılmasına nail olmuşdur. Bu iş onun vasitəsilə ilk dəfə 2004-cü ildə Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi ilə başlamış və daha sonra İtaliya, Böyük Britaniya və Alman alimləri ilə birgə tədqiqatlarını davam etdirmişdir. Əldə olunan uğurlu nəticələr 2005-ci ildə Venesiyada “Radar Altimetriyasının 15 illiyinə” həsr olunmuş beynəlxalq simpoziumda elmin yenilikləri kimi alqışlanmışdır. Bütün bunların sayəsində 2014-cü ildə Azərbaycanda tamamilə yeni 300-ə yaxın xəritədən ibarət “Xəzər dənizinin hidrometroloji atlası” nəşr olunmuşdur.

R.Məmmədov beynəlxalq elm aləmində yaxşı okeanoloq kimi tanınmış tədqiqatçıdır. Son on ildə dünyanın 30-a qədər ölkəsində elmi məruzə ilə çıxış etmiş, bəzilərinə isə mütəxəssis kimi sədrlik etmişdir. Ramiz müəllim ümumiyyətlə dünyanın 82 şəhərində müxtəlif elmi toplantıların iştirakçısı olmuşdur. Bunlar akademik R.Məmmədovun yaradıcılıq salnaməsində ən uğurlu nəticələri hesab olunur. Hazırda dünyanın 15-dən çox elmi tədqiqat mərkəzləri ilə qlobal ekocoğrafi problemin həllinə dair elmi əməkdaşlığını davam etdirir.

R.Məmmədov Azərbaycanda müasir kadr potensialının hazırlanmasında olduqca fəal iştirak edir. Bu qısa zaman ərzində onun rəhbərliyi ilə 20-ə yaxın fəlsəfə doktorları, elmlər doktorları hazırlamışdır. O, uzun müddətdir AMEA Yer elmləri bölməsinin nüfuzlu “Xəbərlər” jurnalı baş redaktorunun müavinidir.

Demək olar ki, 2002-ci ildən Coğrafiya İnstitutunda fəaliyyət göstərən Doktorluq Dissertasiya Şurasına rəhbərlik edir. Eyni zamanda Coğrafiya Elminin Fundamental Problemləri üzrə Beynəlxalq Elmi Şuranın (Moskva ş.) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində yaradılmış “Təmiz su” beynəlxalq mərkəzin Direktorlar Şurasının üzvüdür.

Uzun müddət Azərbaycan Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, 2014-cü ildən isə cəmiyyətin prezidenti olaraq fəaliyyət göstərir. Ramiz müəllim 2000-2009-cu illərdə isə Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzrə Beynəlxalq Ekoloji Mərkəzin Konsultativ Şurasının prezidenti olmuşdur. Onun mindən çox elmi əsərləri və müasir atlas və coğrafi elminin konstruktiv və tədbiqi istiqamətində Bakı stratejinin müəyyənləşdirilməsinə böyük stimul vermişdir.

 

Habil Haqverdiyev,

Həlimə ƏhmƏdzadƏ,

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları

 

 

 

Read 529 times