XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 22 Sentyabr 2019

Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 19  sentyabr 2019-cu il.

Published in Məktublar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Xələf Alı oğlu Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 sentyabr 2019-cu il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 sentyabr 2019-cu il.

Published in Sərəncam

(əvvəli 20 və 21 sentyabr tarixli saylarımızda)

 

Bakı yaxınlığındakı Səngəçal terminalından başlayan bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə verilməsi təmin edilmişdir. Avropanın qaz təchizatının isə Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.

Bu barədə Azərbaycanın dövlət başçısı demişdir:

“Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.
Bu gün biz beynəlxalq tərəfdaşlarımızla fəal şəkildə yeni layihələr, Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyirik. Tezliklə, ola bilsin ki, bir neçə ilə, bəlkə də bundan az müddətdə hasilata başlanacaq “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı Azərbaycan xarici şirkətlərlə fəal danışıqlar aparır. Tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyimiz başqa bir yataq “Qarabağ” adlanır. Həmçinin, böyük qaz potensialı olan iki yataq - “Dan ulduzu” və “Əşrəfi”. Beləliklə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları “Şahdəniz” yatağından iki dəfədən artıq çoxdur - 2,6 trilyon kubmetr qaza bərabərdir və əminəm ki, daha çox olacaq. Çünki bizim təcrübəmiz onu göstərir ki, ilkin olaraq gözlənilən ehtiyatlar əvvəlkindən daha çox olur. Məsələn, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 500 milyon tondan bir qədər çox qiymətləndirilirdi. Təvazökarlıqla desək, hazırda bu rəqəm iki dəfə çox - 1 milyard tona yaxındır. Düşünürəm və ümid edirəm ki, qaz yataqlarında da eyni mənzərinin şahidi olacağıq. Ona görə də Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq. Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdə biri və ya daha çox, hətta 40 faizini təşkil edir. Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır...”
Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələr - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bu layihəni yüksək qiymətləndirir, Azərbaycan dövlətinə öz minnətdarlıqlarını bildirirdilər. Layihədə iştirak barədə Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumları imzalanmışdır. Rumıniya və Türkmənistan da bu böyük dəhlizə maraq göstərdiklərini bəyan etmişlər. Cənub Qaz Dəhlizi cəlb olunmuş bütün ölkələrdə bir neçə milyardlıq investisiyalara yol açır. Bu, minlərlə yeni iş yeri deməkdir. Bu, təkcə enerji deyil, həm də nəqliyyat infrastrukturu, nəqliyyat infrastrukturuna investisiya yatırılması deməkdir. Cənub Qaz Dəhlizi marşrutu boyunca yerləşən və Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin bir çox hissələrinin qazlaşdırılmasına gətirib çıxaracaq. Bütün bunlar inkişaf, sabitlik, proqnozlaşdırılma imkanı deməkdir və əməkdaşlığa yol açır. Çünki bu gün Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır. Azərbaycan artıq bu ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair bəyannamələr imzalamışdır...

 

“TANAP” və “TAP”ın istifadəyə verilməsi Türkiyə ilə Azərbaycan arasında əbədi dostluğun növbəti təzahürü - Avropanın enerji təhlükəsizliyinin güclü mənbəyidir

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimin keçirilməsi böyük tarixi hadisə idi. Azərbaycanın iştirakı və dəstəyi ilə reallaşdırılan növbəti nəhəng layihənin həyata keçirilməsi ilə Azərbaycan daha bir tarixi iqtisadi, siyasi uğuruna imza atdı, nəinki regionun, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinə özünün növbəti töhfəsini vermiş oldu.
2018-ci il ərzində o qədər möhtəşəm, genişmiqyaslı layihələr, tədbirlər keçirilib ki, müstəqil inkişaf xəttimiz, müstəqil dövlət siyasətimiz olmadan onlara nail ola bilməzdik.
Eyni zamanda, açılış mərasimində də vurğulandığı kimi, enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP həm də qarşıdakı illərdə həyata keçiriləcək yeni layihələrin müjdəçisidir. Elə layihə ilə bağlı rəqəmlər bu həqiqəti açıq-aşkar ortaya qoyur.
Diametri 56 düymlük borulardan ibarət olan 1850 kilometrlik TANAP Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun təbii qaz boru kəməridir. TANAP-ın marşrutu 20 vilayət, 67 rayon və Çanaqqala boğazından keçir. Bu layihənin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr təbii qazdır. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql olunacaq. Tələbdən asılı olaraq, ötürücülük qabiliyyətinin əvvəlcə 22 milyard, daha sonra əlavə sərmayələrlə 31 milyard kubmetrə çatdırılması hədəflənir. Trans-Anadolu qaz kəməri layihəsinin icrası müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdü. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyəti bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Ölkəmizin iqtisadi qüdrətini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu bir daha təsdiqləyən TANAP dünyanın siyasi və iqtisadi həyatında Azərbaycanın yerini və özəlliyini bir daha nümayiş etdirdi.

 

Azərbaycan dünya miqyaslı layihələrdə iştirak edən mühüm bir tərəfdaş dövlətdir
STAR: Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının növbəti ifadəsi...
Müstəqilliyimizin 100-cü ilinin uğurlarından bəhs edərkən, Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimini qeyd etməmək mümkün deyil. Hələ 2011-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təməli atılan “Star” zavodu hər iki ölkənin, bütövlükdə isə bu bölgənin iqtisadi inkişafına və enerji təhlükəsizliyinin təmin olunmasına öz müsbət töhfəsini verəcək tarixi layihədir.
Qeyd edək ki, illik istehsal gücü 10 milyon ton olan “Star” neft emalı zavodu ilk beş il müddətində Azərbaycan iqtisadiyyatına ildə 850 milyon ABŞ dolları, sonrakı dövrlərdə isə hər il 600 milyon ABŞ dollarından çox gəlir gətirəcək. Bu o deməkdir ki, Azərbaycan dünya miqyaslı əhəmiyyətə malik bir zavodun sahibidir və bu da əbədi kapital deməkdir. Bu, eyni zamanda, onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərində gündən-günə möhkəmlənən yeni müsbət meyillər yaranır. Bu layihə həm istehsalçı olaraq respublikamız, həm də istehlakçı kimi Türkiyə üçün maraqlıdır.
2018-ci ilin oktyabr ayının 19-da qardaş və dost Türkiyənin İzmir şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə nəinki hər iki ölkənin, bütövlükdə regionun həyatında, inkişafında çox böyük və mühüm rola malik olan “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi. Çox böyük tarixi hadisə idi. Hər iki ölkənin liderləri Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin möhkəmləndirilməsi yolunda daha bir uğura imza atdılar. Azərbaycan və Türkiyə birlikdə XXI əsrin enerji tarixini yazır.
“Star” neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulmuşdur. “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək. Müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikanın Dövlət Neft Şirkəti - SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Onu da qeyd edək ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Bundan əlavə, “Star” Neft Emalı Zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə qoyduğu ən böyük investisiya layihəsidir.
Yeri gəlmişkən qeyd edək ki, Dövlət Neft Şirkəti digər ölkələrə də investisiya yatırır. Son 10 ildə SOCAR-ın Gürcüstandakı nümayəndəliyi tərəfindən SOCAR-ın Tbilisi və Batumidə inzibati ofis binaları, Tbilisidə Azərbaycanın böyük ədibi və mütəfəkkiri Mirzə Fətəli Axundovun ev muzeyi, Marneulidə “Çay Evi” və “Gənclər Mərkəzi”, Tbilisidə Nəriman Nərimanovun ev muzeyi alınıb əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Ümumiyyətlə, 2007-2018-ci illər ərzində SOCAR və ona tabe qurumlar tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard ABŞ dollarından artıq sərmayə yatırılmış, Gürcüstan dövlət büdcəsinə təxminən 1,3 milyard ABŞ dolları məbləğində vergi (bütün növ vergi tutmaları üzrə) ödənilmişdir.
SOCAR Azərbaycan ərazisində dənizdə və quruda neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qaz təchizatı ilə məşğul olur. Beynəlxalq şirkət statusuna malik olan SOCAR təkcə ölkənin daxili tələbatının böyük hissəsini neft-qaz, həmçinin geniş çeşidli neft məhsulları ilə təmin etməklə kifayətlənmir, həmin məhsulların artıq qalan hissəsini xarici bazarlara çıxarmaqla da məşğul olur. Bütün bu vacib və müxtəlif istiqamətli işləri həyata keçirmək üçün şirkət dəniz və quru sahələrində yeni qaz və qaz-kondensat, neft yataqlarının kəşfiyyatı, işlənməsi və son işlənmə mərhələsində olan yataqların abadlaşdırılması üçün yeni texnika və texnologiyaları tətbiq etməyə qadir olan yüksəkixtisaslı mühəndislər, texniki işçilər və fəhlə kadrları yetişdirir.
“Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biridir.
Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak Türkiyə və Azərbaycan arasındakı dostluğu və birliyi dünya üçün nümunə adlandırdı və dedi: “Bu gün burada yaranan mənzərə dünyanın içində olduğu bədbinliyə, qeyri-müəyyənliyə ən gözəl həll formasını təqdim edir. Dünya Türkiyə ilə Azərbaycan arasındakı dostluğu, birliyi örnək götürməlidir. Qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu bu mənzərə sayəsində çox aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini həll etməsinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan deyil, həmrəylikdən, rəqabət mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur”.

 

Azərbaycan neftinin xaricə daşınması məsələsi diqqət mərkəzində
2000-ci il martın 22-23-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Gürcüstana səfər etdi. Səfər zamanı Gürcüstan ərazisindən daşınan Azərbaycan neftinin tranzit tarifi məsələsi həll olundu. Amma qonşu ölkə ərazisindən keçən neft kəmərinə dəyə biləcək mümkün ziyana dair Gürcüstan tərəfi ilə razılığa gəlmək üçün əlavə danışıqlara ehtiyac vardı və 2000-ci il aprelin 28-də Vaşinqtonda Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələri arasında bu razılaşma əldə edildi - Gürcüstanla tranzit razılaşma imzalandı.
2000-ci il mayın 26-da sənədlər toplusu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildi. 2000-ci il mayın 29-da isə ARDNŞ Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda işləyən yerli və xarici neft şirkətləri üçün bu layihənin təqdimatını keçirdi. Mərasimdə iştirak edən 31 xarici şirkətdən 27-si ARDNŞ ilə razılaşdırılmış şərtlərlə bu layihədə iştirak etmək arzusunu bildirdi.
2000-ci il oktyabrın 17-də Bakıda Prezident sarayında “Azərbaycan Respublikası hökuməti, ARDNŞ və tranzit əraziyə malik ölkə hökuməti arasında razılaşma” və “Bakı-Tbilisi-Ceyhan xam neft boru kəmərinin mühəndislik işləri və layihənin hazırlanması üçün maliyyələşmə və əməkdaşlıq haqqında razılaşma”nın imzalanması mərasimi keçirildi.
2001-ci il yanvarın 23-də Londonda Bakı-Tbilisi-Ceyhan ƏİBK layihəsinin İdarə Komitəsinin iclası keçirildi. Komitə üzvləri baza layihənin yerinə yetirilməsinə dair hesabatlar dinlədilər. Bundan sonra, daha dəqiq desək, 2001-ci il martın 1-də Astanada Qazaxıstanın, ABŞ-ın, Türkiyənin, Azərbaycanın və Gürcüstanın nümayəndələri Aktau-Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neftin daşınması layihəsi üzrə qarşılıqlı anlaşmaya dair memorandum imzaladılar.
2001-ci il mayın 15-də isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli yataqlarının işlənib hazırlanmasına dair təcili tədbirlər, eləcə də “Şahdəniz” yatağının işlənməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin və “Şahdəniz” yatağından təbii qazın ixracı üzrə boru kəmərinin tikintisi, istifadəyə verilməsi ilə əlaqəli layihələrin yerinə yetirilməsi haqqında” sərəncam imzaladı.
Ümumiyyətlə, neft müqavilələrinin reallaşması ilə əlaqədar görüləsi işlər o qədər çox və əhatəli idi ki, onların hamısını ətraflı işıqlandırmaq mümkün deyil. Ona görə də burada bu hadisələrin qısa xronologiyasını verməyi məqsədəuyğun hesab edirik.
2001-ci ilin sentyabrında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti “Azəri”, “Günəşli” və “Çıraq” yataqlarında neft hasilatına dair tammiqyaslı işlərin layihəsinin təqdimatını keçirdi. Aparılan hesablamalar, araşdırmalar sübut edirdi ki, daha güclü neft kəmərinin tikilməsinə artıq ehtiyac yaranmışdır. Belə neft kəməri isə Bakı-Ceyhan neft kəməri ola bilərdi. Konkret faktlarla qeyd etdiyimiz kimi, bu marşrutun tikilməsinə maneçilik törədənlər vardı. Amma Heydər Əliyevin mövqeyi qəti idi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 16-da “Neftçilər Günü” peşə bayramının təsis edilməsi haqqında” sərəncam imzaladı. Sərəncamda deyilir:
“Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları - böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar. Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyətini nəzərə alaraq və neftçilərin əməyini yüksək qiymətləndirərək qərara alıram: Hər il sentyabrın 20-si Azərbaycan Respublikasında “Neftçilər Günü” peşə bayramı kimi qeyd olunsun”.
Bu, həqiqətən, böyük bir məna daşıyan sərəncam idi. Dünya neft sənayesinin inkişafına Azərbaycan neftçiləri böyük töhfələr vermiş, əsl qəhrəmanlıq nümunələri göstərmişlər. Müstəqillik illərində onların fəaliyyət imkanları daha da genişlənmiş neftçilərimiz xarici neft şirkətləri ilə iş birliyində özlərinin peşəkarlığını, məsuliyyətli olduqlarını bir daha sübut etmişlər.
Azərbaycanın neft və qaz sənayesinin inkişafında böyük xidmətləri olan, tanınmış alim və geoloqlardan biri də akademik Xoşbəxt Yusifzadədir. Azərbaycanın bütün dövrlərdə neft sənayesinin inkişafında X.Yusifzadənin əməyi var. Xoşbəxt Yusifzadə bizim neft tariximizdə xüsusi bir səhifə, onun keçdiyi həyat yolu və gördüyü işlər isə ayrıca bir mərhələdir. Prezident Heydər Əliyev 2000-ci il yanvarın 13-də neftçi-geoloq Xoşbəxt Yusifzadənin 70 illik yubileyi münasibətilə təbrikində yazmışdı:
“Siz ölkəmizdə zəngin neft yataqlarının kəşf edilməsi və işlənməsinə böyük əmək sərf etmiş görkəmli mütəxəssis kimi tanınırsınız. Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla yerinə yetirilməsində sizin xidmətləriniz xüsusilə böyükdür. “Bahar”, “Azəri”, “Çıraq”, “Kəpəz” və başqa neft və qaz-kondensat yataqlarının kəşfi bilavasitə rəhbərliyiniz və iştirakınızla həyata keçirilmişdir.
Respublikanın neft və qaz sənayesinin aktual problemlərinin həllinə yönəldilmiş elmi yaradıcılığınız Azərbaycan dəniz neft və qaz-kondensat yataqlarının işlənmə layihələrinin hazırlanıb həyata keçirilməsində, Xəzər dənizinin dərin sahələrində yerləşən neft-qaz yataqlarının mənimsənilməsi üçün elmi metodların tətbiq edilməsində mühüm rol oynamışdır. Neft laylarının açılmasının təkmilləşdirilməsi, neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi üsulları üzrə ixtiralarınız böyük səmərə gətirmiş, fəaliyyətinizdə elmlə istehsalatın sıx bağlılığını əyani nümayiş etdirmişdir. Karbohidrogen ehtiyatlarının hesablanması ilə bağlı proqnozlarınız həmişə təsdiq olunaraq, öz dəqiqliyi və mötəbərliyi ilə neft alimləri və mütəxəssisləri arasında nüfuzunuzu daha da artırmışdır.
Görkəmli neftçi-alim və peşəkar mütəxəssis kimi topladığınız böyük təcrübə Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində göstərdiyiniz səylər nəticəsində daha da zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikasının yeni neft strategiyasının uğurla həyata keçirilməsində, dünyanın tanınmış neft şirkətləri ilə bağlanmış müqavilələrin gerçəkləşdirilməsində Siz böyük əzmkarlıq göstərirsiniz.
Neft sənayesinin inkişafında dövlət mükafatlarına, müxtəlif orden və medallara layiq görülmüş fəaliyyətiniz neftçilərin gənc nəsilləri üçün əsl həyat məktəbidir. Əminəm ki, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın rifahının yaxşılaşdırılması naminə neft sərvətlərimizin səmərəli işlənməsi və istehsalı uğrunda bundan sonra da var qüvvənizi sərf edəcək və respublikanın neft sənayesi sahələrində yeni nailiyyətlər qazanacaqsınız”.
***
Müstəqillik uğrunda gedən mübarizədə neft amili həmişə ön planda olub. Neft amili bu gün də Azərbaycanın müstəqilliyinə, onun dünyada layiqli yer tutmasına xidmət edir və bu işdə fədakar neftçilərimiz öz ustadlarının başını uca edərək, əsl qəhrəmanlıq nümunələri göstərirlər. İnkaredilməz bir həqiqətdir ki, onların uzun illər ərzində qazandıqları zəngin təcrübə respublikamızın gələcək inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir. Dünyanın böyük neft şirkətləri ilə bağlanmış müqavilələrin reallaşması bunu əyani surətdə sübut edir.
Neftçilər keçmişdə də, indi də ən vacib, hörmətli peşə sahibləridir. Onlara qayğı Azərbaycanın gələcəyinə qayğıdır. Onlara diqqət əməksevər xalqımıza diqqətdir. Qeyd etməliyik ki, bu münasibət uzun müddət olub və indi də vardır. Əlbəttə, keçid dövrünü spesifik şəraitdə yaşayan respublikamızın çətinlikləri neft sənayesinin, burada çalışanların problemlərinin həllinə də təsir edir.
Qəhrəman neftçiləri dalğalı, fırtınalı Xəzərdə işləməyə təkcə maaş deyil, peşəyə vurğunluq, Vətənin qüdrətinin artırılması arzusu cəlb etmişdir. Mən uzun illərdən bəri neftçilərlə, o cümlədən neftçi alimlərlə təmasda oluram. Onların qayğıları, narahatlıqları, iqtisadiyyatla bağlı düşüncələri, sözün əsl mənasında, Vətənini, torpağını sevən insanların düşüncələridir. Onlarla çoxsaylı söhbətlərimdə bir həqiqəti də aşkar etmişəm. Neftçilər çox saf, mərd və dostluğa sadiq insanlardır. Bu keyfiyyətləri həmişə qoruyub saxlayan, gələcəyə nikbin baxan neftçilər ordusu Azərbaycan iqtisadiyyatının möhkəm və əzəmətli sütunlarındandır. Şanlı ənənələri olan Azərbaycan neft sənayesi iqtisadiyyatın aparıcı sahələrindən biridir.
Biz çalışdıq ki, dəniz neftçilərinin keçdiyi şərəfli yola bir daha nəzər salaq, bu işin başlanğıcından indiyə qədər baş vermiş ən vacib hadisələri, ömrünü Azərbaycan neft sənayesinin inkişafına sərf etmiş qəhrəman Azərbaycan övladlarını xatırlayaq. Bu gün onların çoxu aramızda yoxdur. Lakin onlar unudulmur və unudulmayacaqlar. Neftçilər bayramı sözün əsl mənasında milli bayramdır. Bu bayram, təbii ki, qəhrəman neftçilərimizi yeni-yeni uğurlara ruhlandıracaq və onları müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artması işində fəal iştirak etməyə səsləyəcəkdir.
Müstəqilliyin təminatının əsas sütunlarından biri iqtisadi güc və tərəqqidir. Dövlətin iqtisadi potensialı onun müstəqilliyini möhkəmləndirirsə, müstəqillik də öz növbəsində iqtisadi inkişaf və yüksəliş üçün münbit zəmin yaradır.
Azərbaycan neftçiləri hələ uzun illər Azərbaycan iqtisadiyyatının inkişafında, neft strategiyasının uğurla həyata keçirilməsində, eləcə də hər birimizin yaşayışı ilə bağlı olan dövlət büdcəsinin maliyyə təminatında mühüm rol oynayacaqdır.
Sənayenin neft-qaz sektorunda ümumi dəyəri 2018-ci ildə 31,3 milyard manat olmaqla 38,8 milyon ton neft (əvvəlki ilə nisbətən 0,3 faiz çox), 30,6 milyard kubmetr qaz (əvvəlki ilə nisbətən 7,1 faiz çox) hasil edilmişdir.
2018-ci il üzrə dünya bazarlarında Azərbaycan neftinin orta qiyməti 73,1 dollar/ton təşkil etmişdir. 2018-ci ildə SOCAR üzrə əsaslı vəsait qoyuluşu 1,8 milyard manat təşkil etmişdir. İl ərzində şirkətin valyuta və hesablaşma hesablarına 28,7 milyard manat, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Fonduna aid mənfəət neftinin satışından 17,4 milyard manat, “Şahdəniz” neftinin ixracından əldə edilən vəsait hesabına 187,0 milyon manat, dövlət büdcəsindən nizamnamə kapitalının artırılması üçün 1,2 milyard manat, bank kreditlərinin alınmasından 1,0 milyard manat vəsait daxil olmuşdur.
Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində lokal neft hasilatçısı olan Azərbaycan, onun Dövlət Neft Şirkəti “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 il ərzində öz inkişafının növbəti tarixi mərhələsinin astanasına çatmışdır.
Oxucuya təqdim edilən materiallar əyani surətdə sübut edir ki, bu mübarizələrdə Heydər Əliyevin siyasəti qalib gəldi və Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən, beynəlxalq aləmdə öz nüfuzunu artıran, xalqının firavan yaşaması üçün böyük işlər görən bir dövlətdir. Neft Fondunun yaradılması, neftdən gəlirlərin bir hissəsinin ölkənin strateji iqtisadi, sosial məsələlərinin həllinə yönəldilməsi ildən-ilə valyuta ehtiyatlarının daha da güclənməsini, qlobal risklərin təsirlərinin minimuma endirilməsini şərtləndirir.
“Biz bu gün tarixi bir gün yaşayırıq. Tarixi bir hadisənin şahidiyik. Bu tarixi biz yazırıq. Bugünkü nəsillər, Azərbaycan, Türkiyə, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Norveç, Fransa, İtaliya və digər dövlətlər, hamımız bir yerdə böyük bir tarix yazırıq. Bunların hamısı gələcək nəsillər üçündür. Şübhə yoxdur ki, gələcək nəsillər bizim gördüyümüz bu işlərdən bəhrələnərək, daha da firavan yaşayaraq, ölkələrimizdə, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu şəraitində, vətəndaş cəmiyyəti şəraitində yaşayaraq bunların bəhrələrini görəcəklər”.
Heydər Əliyev
Əgər 1994-cü ildə, çətin dövrdə, həm iqtisadi, həm də siyasi cəhətdən çox ağır dövrdə bütün təzyiqlərə və hədə-qorxulara baxmayaraq, Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanda nəinki neft sektorunda, ümumiyyətlə, iqtisadi sahədə inkişafdan söhbət gedə bilməzdi.
İlham Əliyev: “Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik - neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək”.

Ziyad SƏMƏDZADƏ,
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq
Komitəsinin sədri, akademik.

Published in Digər xəbərlər

Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC ikili diplom proqramları” sərgisi keçirilib.

Sərgidə UNEC rektoru, professor Ədalət Muradov, millət vəkili Fazil Mustafa, “APA Group”un rəhbəri Vüsalə Mahirqızı, UNEC İctimai Nəzarət Şurasının koordinatoru Etibar Əliyev, mətbuat nümayəndələri, tələbə, magistr və valideynlər iştirak ediblər.

Sərgidə UNEC-in Avropa və Amerikanın aparıcı universitetləri ilə bakalavr və magistratura pilləsi üzrə ikili diplom proqramları təqdim olunub. Sərgini ziyarət edənlərə UNEC-də bakalavr pilləsi üzrə London Unversiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, Fransanın İCD Beynəlxalq Biznes Məktəbi (İnstitut international du commerce et du dveloppement) və Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə ikili diplom proqramları barədə ətraflı məlumat verilib. UNEC-in Montpellier universiteti ilə ikili diplom proqramının məzun tələbələri ziyarətçilərə və qonaqlara proqramın üstünlüklərindən bəhs ediblər.

Sərgidə UNEC-in magistr pilləsi üzrə ABŞ-ın Linkoln Universiteti, Fransanın Montpellier Universiteti, Litvanın Mikolas Romeris Universiteti (MRU), İsveçrənin UBİS (University of Business and İnternational Studies) Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (BBTU) ikili diplom proqramları da nümayiş olunub.

UNEC rektoru, professor Ədalət Muradov qonaqlara və jurnalistlərə sərgi barədə açıqlama verib. Bildirib ki, UNEC-in ikili diplomları barədə sərgi ilk dəfədir ki, təşkil olunur. Burada UNEC-in 8 xarici universitetlə magistr və bakalavr pilləsi üzrə ikili diplom proqramı təqdim olunur. Sərginin məqsədi tələbə və magistrlərə ikili diplomlar barədə ətraflı məlumat vermək, onların maraq və istəklərinə uyğun seçim etmələrinə dəstək göstərməkdir. Rektor bildirib ki, 4 illik təhsil müddətində tələbələr UNEC-in diplomu ilə yanaşı, ikili diplom proqramına qoşularaq nüfuzlu xarici universitetin də diplomunu əldə edə bilərlər. Eləcə də magistratura təhsilində UNEC ilə ABŞ-ın və ya Avropanın aparıcı universitetlərindən birinin diplomunu qazanaq mümkündür.

Sərgini ziyarət edən qonaqlar UNEC-in ikili diplom proqramlarını yüksək qiymətləndirərək, bu imkanı tələbə və magistrlər üçün böyük uğur adlandırıblar.

Sərgidə tələbələri maraqlandıran suallar cavablandırılıb, ikili diplomlar barədə bukletlər paylanılıb.

Published in Digər xəbərlər
Bazar, 22 Sentyabr 2019 10:58

Nəsillərə örnək bir ömür

İnsan dünyaya göz açanda onun əməl dəftəri təmiz ağ kağıza bənzəyir. Yaşa dolduqca hər kəsin həyatdakı uğurları, əldə etdiyi nailiyyətləri öz əməl dəftərinə qeyd olunur. Xeyirxahlıq, nəcib əməllər bu dünyada insanı ucaldan, digərlərindən fərqləndirən ən ülvi duyğulardır. İnsan var Tanrının verdiyi ömür payını elə yaşayır ki, ömrünün sonunadək yaddaşlarda qalacaq bir xoş xatirəsi qalmır. İnsan da var hələ gəncliyindən çalışdığı kollektivdə, yaşadığı şəhərdə çoxlarına kömək olur, darda qalana yol göstərir, bütün mənalı ömrünü xalqının firavan həyatına, cəmiyyətin tərəqqisinə sərf edir. Belə insanlardan biri də Fikrət Cümşüd oğlu Teymurovdur.

 

 

Fikrət Teymurov 23 sentyabr 1944-cü ildə Bakı şəhərində anadan olub. 1951-ci ildə Bakı şəhərindəki 1 saylı orta məktəbə daxil olub və 1961-ci ildə həmin məktəbi bitirib. 1963-1965-ci illərdə hərbi xidməti başa vurduqdan sonra o, 1973- cü ildə Odessa Dəniz Donanması Mühəndislər İnstitutunun Bakı filialının iqtisadiyyat fakültəsinə qəbul olub və 1979-cu ildə həmin ali məktəbin mühəndis-iqtisadçı ixtisası üzrə bitirib.

Fikrət Teymurov 1974-1977-ci illərdə “Paris Kommunası” adına Gəmi təmiri zavodunda təsərrüfat müdiri vəzifəsində çalışıb. Onun sonuncu olaraq tutduğu vəzifələr 1977-2005-ci illərdə Bakı Limanının Dəniz Vağzalının rəis müavini, daha sonra 2005-2015-ci illərdə Dəniz Vağzalının rəisi olub.

Fikrət müəllim hələ uşaqlıq illərindən Xəzərin mavi sularının vurğunu idi. Sahildə dayanıb ləpələri seyr etməkdən, dənizdə üzən gəmilərə baxmaqdan xüsusi zövq alırdı. Elə dənizə, sahili döyəcləyən ləpələrə olan maraq və istək onun ömrünün 38 ilini Bakı dəniz vağzalı ilə bağladı.

F.Teymurovun Bakının keçmişi ilə bağlı acılı-şirinli xatirələri var. 1988-ci ilin meydan hadisələri, 1990-cı ilin 20 Yanvar qırğını Fikrət Teymurovun yaddaşında silinməz iz qoyub. Çalışdığı Dəniz Vağzalı Azadlıq meydanının yaxınlığında yerləşirdi. Azadlıq, müstəqillik duyğuları ilə döyünən qəlbi həmişə xalqın yanında olub.

Onun təvazökarlığı, elədiyinin mində birini dilinə gətirməməsi, doğrudan da, gözəl insanlıq xüsusiyyətlərinə malik olmasından irəli gəlir. Deyir ki, xalqım, Vətənim üçün indiyədək etdiklərim həmişə məndə qürur hissi doğurub. Fəxr edirəm ki, müstəqil Azərbaycanın qurucuları sırasında mənim də azacıq da olsa, əməyim var.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə qayıdışını Fikrət müəllim Azərbaycan xalqının tarixi seçimi kimi qiymətləndirir. 1993-cü ildə Azərbaycanda vətəndaş qarşıdurması, xaos hökm sürdüyü bir vaxtda ümummilli lider xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gəldi və həyata keçirdiyi iqtisadi, siyasi islahatlar nəticəsində inkişaf və tərəqqinin əsasını qoydu. Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycan artıq 29-cu ildir günü-gündən güclənir, inkişaf edir.

Bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin iqtisadi cəhətdən daha qüdrətli dövlətə çevrilməsi üçün böyük islahatlara təkan verib. Son dövrlər əməkhaqlarının, pensiya və müavinətlərin artırılması ilə bağlı verilən sərəncamlar xalqın rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar dövlət başçısının əhalinin sosial vəziyyətinin daim diqqət mərkəzində saxlamasının bariz nümunəsidir.

Fikrət Teymurovun əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2011-ci ildə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub, 2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. O, 2014-cü ildə Dəniz Donanmasının Fəxri işçisi, 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının “30 il” yubiley medalı, Fəxri fərmanları ilə təltif olunub.

F.Teymurov hər gün Bakı Dənizkənarı Milli Parka gəzməyə çıxanda qeyri-ixtiyari olaraq ayaqları onu Dəniz Vağzalına gətirir. Bir vaxtlar birlikdə çalışdığı insanlar onu görən kimi xoş üzlə, mehribanlıqla qarşılayırlar. İndi də doğma kollektivində hər kəs işləri çətinə düşəndə tez Fikrət müəllimi arayıb ondan məsləhət alır. O da həvəslə bilik və bacarığını gənclərlə bölüşür, onları doğru yola istiqamətləndirir.

Ömrünün kamillik dövrünü yaşayan təcrübəli mütəxəssis Fikrət Teymurovun 75 yaşı tamam olur. Bakı Limanının kollektivi öz dəst-xətti və qabaqcıl iş təcrübəsi ilə uzun müddət çalışdığı sahəyə töhfələr verən Fikrət müəllimi yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona cansağlığı və həyatda müvəffəqiyyətlər arzu edir.

Bəybala BƏYBALAYEV,

“Respublika”.

Published in Digər xəbərlər

Orta ümumtəhsil məktəblərində gənc nəslin bədii-estetik dünyagörüşünün formalaşması və inkişaf etdirilməsi musiqi pedaqogikası qarşısında duran əsas vəzifələrdəndir. Təqdirəlayiq haldır ki, müasir Azərbaycan dövləti təhsilə böyük əhəmiyyət verərək, bu sahənin daim yeniləşməsi və yüksək səviyyədə inkişaf etməsi üçün müxtəlif səpkili tədbirlər və layihələr həyata keçirir. Bu baxımdan “Musiqi” dərsliyi və dərs vəsaitlərinin nəşr olunması təhsil sahəsində yeniliklərin daha bir nümunəsi kimi xüsusilə diqqətəlayiqdir.
Yeni tədris ilinin başlanması ilə əlaqədar bir sıra dərsliklər yenidən işlənərək redaktə olunmuş və təkrar nəşrə təqdim edilmişdir. Bu baxımdan ümumtəhsil məktəblərinin IV və VIII sinfləri üçün nəşr olunan “Musiqi” və “Musiqi müəllimi üçün vəsait” kitabları şagirdlərin estetik dünyagörüşünün formalaşması sahəsində aparılan məqsədyönlü və planlı təhsil strategiyasının növbəti mərhələsi kimi təqdirəlayiqdir. Kurikulum sisteminin tətbiqi ilə başlanan bu strategiya növbəti dəfə nəşr olunan dərslik komplektlərində uğurla davam etdirilmişdir. Ardıcıl olaraq, mütəmadi şəkildə orta ümumtəhsil məktəblərinin I-VII sinifləri üçün nəzərdə tutulan “Musiqi” dərslikləri və metodik vəsait mərhələli şəkildə, sadədən mürəkkəbə prinsipi üzrə şagirdlərin musiqi haqda biliklərə yiyələnməsi üçün mühüm bir vasitədir.
2019-cu ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq sərəncamına əsasən Azərbaycan və rus dillərində yenidən işlənərək nəşr olunan IV və VIII siniflər üçün dərs komplektləri təhsil prosesinin müasir mərhələsində qarşıya qoyulmuş tələblərə cavab verəcək səviyyədə hazırlanmışdır. Təqdim olunan dərslik və metodik vəsaitlər şagirdlərin musiqi haqda biliklərininin mənimsənilməsinə bilavasitə xidmət edərək onların musiqi-estetik zövqünün formalaşmasına şərait yaradır.
IV sinifdə təhsil alan şagirdlər üçün buraxılmış O.Rəcəbov, N.Kazımov, O.İmanova- “Musiqi” dərsliyi və O.Rəcəbov, N.Kazımov, Y.Axundova- “Musiqi- müəllimi üçün vəsait” kiçik yaşlı şagirdlərin ilkin musiqi zövqünün və musiqi haqda anlayışlarının formalaşmasında mühüm bir addımdır.
“Musiqi 4” dərsliyi 4 bölmə və 34 mövzudan ibarətdir. Dərslikdə ardıcıl olaraq Azərbaycan xalq musiqisi ilə yanaşı Azərbaycan və dünya xalqlarının musiqisi, bəstəkar yaradıcılığında digər xalqların musiqisindən istifadə olunma, bəstəkar, ifaçı və dinləyici adlı tematik bölmələr yer alır. Mövzu seçimində dərslik müəlliflərinin şagirdlərin yaş dövrünün xüsusiyyətlərini nəzərə alaraq mövzuların uyğunlaşdırması xüsusilə diqqətəlayiqdir.
Azərbaycan xalq musiqisinin müxtəlif janrları ilə ilkin tanışlıq mərhələsində xalq mahnıları, xalq rəqsləri, aşıq musiqisi, muğamlar və zərbi-muğamlar kimi mövzular haqqında ətraflı məlumat verilir. Dərsliyə, həmçinin bəstəkar yaradıcılığında digər xalqların musiqisindən istifadə olunması da bölmələr üzrə verilmişdir. Əvvəlcə, Azərbaycan bəstəkarlarının, sonra da rus və xarici bəstəkarların yaradıcılığında başqa xalqların musiqisindən yaradıcı şəkildə istifadə edərək yazılan əsərlərlə bağlı mövzular daxil edilmişdir. Dərsliyin son bölməsində isə müxtəlif musiqi janrları (mahnı, romans, opera, operetta, simfoniya, balet və s.) haqqında anlayışlar verilir.
“Musiqi 4” dərsliyi şagirdlərin Azərbaycan xalq musiqisi ilə bağlı təsəvvürlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edərək milli-mənəvi dəyərlərimiz haqqında onların dünyagörüşünün təkmilləşməsinə bilavasitə təkan verir.
VIII sinifdə təhsil alan şagirdlər üçün nəzərdə tutulan “Musiqi” dərsliyi (O.Rəcəbov, N.Kazımov, A.Babayeva) və “Musiqi müəllimi üçün vəsait” (O.Rəcəbov, N.Kazımov, F.Hidayətova) yeniyetmə şagirdlərin şəxsiyyət kimi formalaşmasında növbəti mərhələ kimi onların estetik dünyagörüşünün zənginləşməsində mühüm rol oynayır.
“Musiqi 8” dərsliyi 4 bölmə üzrə qruplaşaraq 34 mövzudan ibarətdir. Dərslikdə ardıcıl olaraq bəstəkar yaradıcılığında xalq musiqisi, muğamdan operayadək, xalq musiqisi və professional musiqiçilər adlı tematik bölmələr verilir. Mövzu seçiminə yaradıcı yanaşan müəlliflər Azərbaycan və rus bəstəkarlarının yaradıcılığında xalq musiqisinin əhəmiyyəti məqamını xüsusilə vurğulamışlar.
Konkret bəstəkarlara həsr edilən mövzularla yanaşı, dərsliyə, musiqinin olduqca önəmli olan janrları- xalq musiqisi və muğam sənəti ilə bağlı mövzular daxil edilmişdir. Milli musiqi sərvətimiz olan muğamın əsas müddəalarının izah edilməsi şagirdlərdə bu janra olan marağın daha da artmasını təmin edir. Dərsliyin maraqlı mövzuları arasında “Amerika cazı və Azərbaycan muğamı” şagirdlərin dünyagörüşünün və musiqi haqda təsəvvürlərinin genişləndirilməsinə təkan verərək onlarda fərqli mədəniyyətlər, yaradıcı yanaşmalar haqda təsəvvür yaradır.
Bəstəkar yaradıcılığında mövzu seçiminin önəmli faktorlardan biri olması qeyd olunaraq bu dərsliyə milli-vətənpərvərliklə bağlı mövzular içərisində “20 Yanvar 1990-cı il və muğamlar” adlı bölmənin daxil edilməsi milli şüurun formalaşmasında olduqca gərəkli məqamlardan biri kimi vurğulanır.
“Musiqi 8” dərsliyində “Xalq musiqisi və professional musiqiçilər” diqqətçəkən bölmələrdən biri olub, musiqi ifaçılığı sahəsində ən layiqli, istedadlı şəxsiyyətlərin timsalında maraqlı məlumatlar verilir .
Hər iki dərsliyin ümumi quruluşu özünəməxsusluğu ilə fərqlənir. Burada bilavasitə tədris olunan mövzuların mətni ilə yanaşı, illustrativ materiallar - haqqında bəhs edilən bəstəkar və ya ifaçının portret şəkilləri, hər bir mövzu ilə bağlı olan mahnının təksəsli not nümunəsi, hər mövzuya uyğun və dinləmək üçün seçilən musiqi əsərləri verilir ki, bu da keçilən dərsin daha dərindən mənimsənilməsinə xidmət edir. Həmçinin, mövzu ilə əlaqəli müxtəlif diaqram və sxemlərdən də istifadə olunur.
Dərsliklərdə diqqəti cəlb edən, önəmli məqamlardan biri təqdim olunan mövzuların səlis, anlaşıqlı, şagirdlər tərəfindən asan qavranılan dillə izah edilməsidir.
Qeyd etmək lazımdır ki, “Musiqi 4” dərsliyində şagirdlərin yaş səviyyəsini və musiqi haqda ilkin biliklərinin formalaşmasını nəzərə alaraq, musiqi lüğətinin verilməsi, musiqi janrları haqda lakonik məlumatların olması, mətnlərin yığcamlığı, mövzu ilə əlaqədar müxtəlif illüstrasiyaların verilməsi, “Musiqi 8” dərsliyində isə hər bölmənin sonunda mövzu ilə bağlı test nümunələrinin olması önəmli tərəflərdən biri kimi dəyərləndirilir.
“Musiqi” dərslikləri ilə birlikdə təqdim olunan “Müəllim üçün vəsait” də öz yüksək məziyyətləri ilə seçilir. Metodik vəsaitin əvvəlində Giriş, “Musiqi” fənni üzrə standartlar, məzmun xətləri üzrə əsas və alt standartlar, habelə resurslar, “Musiqi” dərsinin planlaşdırılmasına dair alternativ nümunələr və nəhayət, fənn üzrə illik planlaşdırma kimi paraqraflar verilmişdir ki, bu da tədris prosesində müəllimin fənn üzrə apardığı bütün işləri mərhələli şəkildə həyata keçirmək üçün son dərəcə vacibdir.
Metodik vəsaitdə hər mövzu ilə bağlı tədrisin məqsədi, mövzunun əsas məzmunu, differensial təlimin bəndləri, mövzunun yaradıcı tətbiqi, müvafiq tapşırıq, sual və testlər verilir. Dərsliklərdə olduğu kimi, metodik vəsaitlərin də sonunda musiqi repertuarı təqdim edilir. Əgər dərslikdə repertuar əsasən xalq və bəstəkar mahnılarından ibarətdirsə, metodik vəsaitdəki repertuara daha çox operalar, simfoniyalar, simfonik muğamlar, caz üslubunda əsərlərdən fraqmentlər daxil edilmişdir. Bu isə şagirdlərin tanış olacaqları musiqi janrının müxtəlifliyini və rəngarəngliyini təmin edir.
Əlbəttə, dərsliklərdə qeyd olunan musiqi əsərlərinin disk üzərində yazılmış audioversiyalarının əlavə olunması pedaqoqların işinin daha əyani həyata keçirilməsinə imkan yaradardı. Bu mənada disk variantlarının hazırlanması istiqamətində aparılan məqsədyönlü işlər üzərində fəaliyyətin tezliklə yekunlaşdırılmasını arzu edirik.
Dərslik və metodik vəsaitdə qeyd olunan internet ünvanları nəşrlə bağlı olan irad və təkliflər üçün nəzərdə tutulmuşdur.
Dərslik müəllifləri məktəblilərin musiqi təhsili ilə bağlı olan bütün müasir tələblərə uyğun şəkildə məqsədyönlü fəaliyyət göstərmişlər. Dərslik və metodik vəsaitin kifayət qədər ətraflı və məzmunlu olması O.Rəcəbov, N.Kazımov, Y.Axundova, A.Babayeva, O.İmanova, F.Hidayətova kimi müəlliflərin musiqi pedaqogikası sahəsində böyük təcrübəyə malik mütəxəssis olmalarından irəli gəlir. Qeyd etmək lazımdır ki, dərslik və metodik vəsaitin ərsəyə gəlməsində mühüm rolu olan pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosioloji Elmlər Akademiyasının akademiki, bəstəkar Oqtay Rəcəbov həmmüəlliflərlə birlikdə milli ənənələrə əsaslanan ümumbəşəri dəyərləri məktəblilərə aşılamağa çalışmışdır. Eyni zamanda, “Musiqi 4” dərsliyi şagirdlərin yaş səviyyəsini nəzərə alaraq, Psixologiya Elmi-Tədqaqat İnstitutunun mütəxəssisi, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev tərəfindən müvafiq parametrlər üzrə dəyərləndirilmişdir.
Müasir dövrün tələblərinə uyğunlaşdırılaraq yenilənmiş şəkildə təqdim olunan dərslik və metodik vəsait ölkəmizdə orta ümumtəhsil məktəblərində təhsil prosesinin planlı şəkildə aparıldığını, məktəblilərin estetik tərbiyəsinin düzgün şəkildə formalaşdırılmasının bariz nümunəsidir. Bu mənada ümumtəhsil məktəblərinin IV və VIII sinfləri, Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulan “Musiqi” dərsliyi və metodik vəsaitin musiqi pedaqogikası sahəsində əhəmiyyətini dəyərləndirərək əminliklə demək olar ki, bu dərslik şagirdlərin gələcəkdə hərtərəfli şəxsiyyət kimi formalaşmasında öz təsirini göstərəcəkdir.

Xatirə HƏSƏNZADƏ,
Ü.Hacıbəyli adına
BMA-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru.

Published in Elm və təhsil

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə Beynəlxalq Bankın IBA Tech Akademiyasının nümayəndələrinin tələbələrlə görüşü keçirilib.

Görüşdə BMU-nun Elmi işlər üzrə prorektoru Elçin Süleymanov universitetin fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, universitetdə əksəriyyəti ingilis dilində olmaqla mühəndislik, iqtisadiyyat və pedaqoji ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Tələbələrin ixtisaslarına ingilis dilində yiyələndikləri üçün beynəlxalq təhsil proqramlarında, olimpiadalarda və layihələrdə həmişə uğur qazandıqlarını da nəzərə çatdırıb.

Beynəlxalq Bankın idarə heyətinin sədrinin müşaviri Zaur Ələkbərov çıxış edərək görüşün təşkili üçün universitet rəhbərliyinə minnətdarlığını bildirib. Zaur Ələkbərov qeyd edib ki, Akademiyanın yaradılmasında məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar İT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Azərbaycan Beynəlxalq Bankının Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Akademiyada təhsil ödənişsiz olacaq. CİSCO, WiX, SİGMA və s. bu kimi qurumlar təmsil olunan və İT təhsili sahəsində bir çox qlobal şirkətlərə tərəfdaşlıq köməyi göstərən “DAN.IT” mərkəzi də Azərbaycan Beynəlxalq Bankının ölkəmizin biznes mühitində ilk dəfə olaraq həyata keçirdiyi bu sosial layihənin icrasında yaxından iştirak edəcək. IBA Tech Akademiyasına  sentyabrın 9-dan qəbul başlayıb və proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılacaq: qeydiyyat, məntiq testi, texniki test və fərdi müsahibə. Təlimlər isə oktyabrın 10-dan Bakıda keçiriləcək.

“DAN.IT” mərkəzinin nümayəndələri isə bildirib ki, TELEM metodikasının prinsiplərinə görə, IBA Tech Akademiyasına müraciət edən şəxslərin texniki təhsilli şəxslər olması mütləq şərt deyil. Çünki burada hər kəs sıfırdan başlayaraq öyrədiləcək. Tədbirdə o da vurğulanıb ki, burada təhsil almaq istəyən şəxslərin adekvat məntiqi təfəkkürə malik olması, yüksək texnologiyalara maraq göstərməsi, öyrəndiklərini təcrübədə tətbiq etmək marağı çox mühümdür.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

 

Müşfiq MİRZƏ,

“Respublika”.

Published in Digər xəbərlər

Sülh insanların hər zaman ehtiyac duyduğu ən vacib həyati şərtdir. Bu gün təlatüm içində çalxalanan dünyamızda, xüsusilə də daha həssas olan bizim regionda yerləşən xalqların sülhə daha çox ehtiyacı vardır.
Bildiyiniz kimi, BMT tərəfindən qəbul edilən “21 sentyabr - Beynəlxalq Sülh Günü” dünya miqyasında əlamətdar gün kimi qeyd edilir. Bu da insanların münaqişəsiz və firavan yaşamaq hüquqlarının müdafiəsinə xidmət edir. BMT-nin Baş Assambleyasının 39/11 saylı 12 noyabr 1984-cü il tarixli qətnaməsi ilə qəbul edilən “Xalqların sülh hüququna dair” Bəyannaməsində də sülh hüququna xüsusi diqqət yetirilmişdir. UNESCO-nun 1995-ci il tarixli Dözümlülük haqqında Prinsiplər Bəyannaməsində deyildiyi kimi, tolerantlıq, sülh, ədalət, qarşılıqlı anlaşmanın əsasını təşkil edən dözümlülük “sülhü bərqərar edərək müharibə və münaqişələrin sülh və birgə yaşayış münasibətləri ilə əvəz olunmasını təbliğ edir”. Lakin bütün bu təqdirəlayiq tədbirlərə rəğmən demək lazımdır ki, insanların ildə bir gün deyil, hər zaman sülh və əmin amanlıq içərisində yaşamağa ehtiyacı var.
Əslində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bütün bu sənədlər ümumilikdə sülh hüququnun təmin edilməsinin bəşəriyyət üçün nə qədər zəruri olduğunu bir daha təsdiq edir və hər bir dövlətin üzərinə insan hüquqlarına hörmət, sülhün təmin edilməsi və qorunması öhdəliyini qoyur. Lakin dini, milli və sair ayrı-seçkiliyin tətbiqinə və ikili yanaşma siyasətinin yürüdüldüyünə göz yummağa alışmış dünyada bir çox münaqişələri və işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə “Xalqların öz müqəddəratını təyin etmək hüququ” çərçivəsində bəzi ölkələr məkrli siyasət yürütməkdədir. Buna misal olaraq Ermənistan hökuməti ən azından son 30 ildə tətbiq etdiyi dövlət siyasətinin ana xəttinə çevirdiyi və havadarlarının dəstəyilə həyata keçirdiyi işğalçılıq siyasətini belə anlayışla dünya ictimaiyyətinin gözləri önündə pərdələmək niyyətindədir. BMT nizamnaməsində təsbit edilmiş prinsiplərə, xüsusilə də ərazi toxunulmazlığı prinsipinə uyğun şəkildə müxtəlif dövrlərdə qəbul edilmiş qətnamələrin mövcudluğuna baxmayaraq, münaqişənin həllində bu vaxta qədər əsaslı dönüş əldə edilməmişdir. Fərqli dinlərə və milli-mədəni xüsusiyyətlərə malik insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı, sülhməramlı mövqeyi ilə daim fərqlənən müstəqil Azərbaycan Respublikasının ötən 28 illik tarixinin ən faciəli səhifəsi Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, əzəli torpaqlarından qovulmuş soydaşlarımızın çadır düşərgələrinə, qaçqın və məcburi köçkün qəsəbələrinə sığınması, insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulmasından ibarət olmuşdur.
Ümummilli liderimizin 1994-cü ildə nail olduğu atəşkəs rejiminə baxmayaraq, ötən dövr ərzində Azərbaycana qarşı düşmənçilik siyasəti davam etdirilir, atəşkəs rejimi mütəmadi pozulur, işğal altında olan torpaqlarımızda nadir tarixi abidələrimiz amansızcasına dağıdılır, milli-mədəni irsimiz mənimsənilir və cəbhə bölgəsinə yaxın inzibati ərazilərdə mülkü əhalinin həyatına təhlükə yaradır. Ermənistanın sülhə və təhlükəsizliyə saymazyana münasibətinə isə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən göz yumulur. Bütün bunun məsuliyyəti Ermənistanın və onun havadarlarının üzərinə düşür. Bu neqativ proseslər regionumuzda sülhə və əmin-amanlığa daha da həssaslıqla yanaşılması zəruriyyətini yaradır.
Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir və bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilir. Ötən dövrdə bir çox ölkələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasına nail olunmuş, Ermənistanın mövcud status-kvonun uzadılmasına olan marağının qarşısının alınmasına ardıcıl səylər göstərilməkdədir. Qeyd olunmalıdır ki, ölkə Prezidenti münaqişənin beynəlxalq hüququn prinsipləri çərçivəsində sülh yolu ilə həllinə çalışır.
Bildiyiniz kimi, Azərbaycan Ombudsmanının təşəbbüsü ilə elan olunan və hər il 21 avqust - 21 sentyabr tarixlərində ənənəvi olaraq keçirilən “Sülh aylığı” əhalinin müxtəlif qrupları arasında, onsuz da milli ruhumuza uyğun olan sülh və dözümlülük mədəniyyətinin inkişaf etdirilməsi və hüquqi maarifləndirmə məqsədini daşıyır, mənəvi dəyərlərin, insan hüquqlarına hörmətlə yanaşmanın təbliğinə xidmət edərək ölkəmizin sülh siyasətinə öz töhfəsini verir. Bu gün dünya ictimaiyyəti, dövlətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, xalqımıza qarşı törədilmiş faciələr, soyqırımı aktları müxtəlif dövlətlər tərəfindən tanınır. Milli mədəniyyətimizin dünyada geniş təbliği, xalqımızın müxtəlif mədəniyyətlərə tolerant münasibətə malik olması ölkəmizin sülhsevər siyasətinin davamlı inkişafına edilən ən mühüm töhfələrdəndir. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O həm insani münasibətlərin, insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. O təkcə dinlərin bir-birinə yaxınlaşması deyil, onların bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir”.
Mədəniyyət və xalqlar arasında mədəni əlaqələr ən perspektivli diplomatiya alətidir. Əsasən Vətəndaş Cəmiyyətləri və Xalq Diplomatiyası vasitəsilə xalqlar arasında qarşılıqlı mədəni əlaqələrin yaradılması və inkişaf etdirilməsi ölkələrin və xalqların yaxınlaşmasına, onların arasında mədəni münasibətlərin formalaşmasına münbit şərait yaradır. Azərbaycanda da bu sahədə mütəmadi olaraq çeşidli layihələr həyata keçirilməkdədir.
Azərbaycanın milli mədəniyyəti tarixində xalq tətbiqi sənətinin müxtəlif sahələri geniş yayılaraq ölkəmizə şan-şöhrət gətirmiş, xalqımızı dünyada tanıtmışdır. Tətbiqi sənət növlərinin ən çox diqqət tələb edən sahəsi olmaqla yanaşı xalqımızın milli atributuna çevrilmiş Xalça sənəti bu sahədə xüsusi əhəmiyyət kəsb edir. Qonağa hədiyyə olunmuş milli incəsənət nümunələri, o cümlədən xalçalarımız hətta bir şəxsin timsalında olsa da belə, bütövlükdə xalqımıza xoş münasibət aşılayır və qədim mədəniyyətə malik olduğumuzu sübuta yetirir. Belə mədəniyyət nümunələrimiz vasitəsilə yaradılmış gözəllik dünyası xalqımıza - tariximizə, mədəniyyətimizə və ümumilikdə bütün problemlərimizə laqeyd olan buz qəlbləri əridərək siyasətdə də, xalqlar arasında da dostluğa körpü salır. Hələ 40-cı illərdə Azərbaycanda, konkret olaraq “Azərxalça” Birliyində toxunmuş SSRİ-nin ovaxtkı lideri İosif Vissarionoviç Stalinin portreti əks olunmuş xalça dünyada tiran kimi tanınmış bu şəxsin xalqımıza qarşı repressiv, (təzyiqçi) münasibətinə son qoymuş, bütünlükdə Azərbaycan xalqının öz vətənindən kütləvi deportasiyasının qarşısının alınmasında mühüm rol oynamışdır.
1986-cı ildə Sov İKP Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov Hindistana səfərə hazırlaşarkən hədiyyə hazırlanması məqsədilə bütün 15 respublika rəhbərlərinə müraciət etmişdi. Həmin dövrlərdə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev bu məsələ ilə əlaqədar Xalq rəssamı Kamil Əliyevə İndira Qandinin xalça üzərində portretinin toxunmasını tapşırmışdı. Bütün İttifaq respublikalarından gətirilən hədiyyələr arasında Azərbaycan xalçasına istər dövlət komissiyası, istərsə də M.Qorbaçov tərəfindən xüsusi önəm verilmişdi. Bu xalça, SSRİ-nin timsalında olsa da Azərbaycan milli xüsusiyyətlərinin və hind mədəniyyətinin vəhdətini təşkil etməklə əslində iki şərq xalqlarının mədəni yaxınlığına atılmış ciddi addım idi. Kamil Əliyevin söylədiklərinə görə, həmin dövrdə “İzvestiya” qəzetində dərc olunmuş fotorəsmlərə və məqaləyə əsasən demək olar ki, bir xalça iki xalqın mədəni yaxınlaşmasına və iki dövlətin diplomatik əlaqələrinin ciddi surətdə yaxşılaşmasına səbəb olmuşdur. Bu görüş zamanı iki dövlət arasında əsasən SSRİ-nin maraqları çərçivəsində olan dəyərli müqavilələr də imzalanmışdı.
Belə faktları çox sadalamaq olar. Dünya xalqlarının ruhunu oxşayan xalçaçılıq əsərləri və özünəməxsus dəyərli xüsusiyyətləri ilə fərqlənən digər incəsənət nümunələrimiz milli mədəniyyətimizin demək olar ki, bütün sahələrini əhatə edir. Ümumilikdə Azərbaycan mədəniyyətini təmsil edən ayrı-ayrı incəsənət nümunələrimiz daim sülhsevərliyi ilə fərqlənən xalqımızın tolerant xüsusiyyətlərini əks etdirir. Bu ənənə xalqımızın bütün nümayəndələri kimi Azərbaycan Milli Xalça Muzeyi kollektivi tərəfindən qorunub yaşadılır. Kollektivimiz hər il Sülh Gününü xüsusi təmtəraqla bayram etməklə yanaşı, bütün fəaliyyəti dövründə dünyada və Azərbaycanda sülhə və əmin-amanlığa xidmət edən tədbirlər həyata keçirmiş və keçirməkdədir.
Azərbaycan Milli Xalça Muzeyində 2019-cu ilin iyul-sentyabr aylarında Fransanın məşhur Luvr Muzeyindən gətirilmiş Azərbaycan xalçalarının nümayiş etdirilməsi özlüyündə sənətə dünya ictimaiyyətinin verdiyi dəyərli qiymətin təzahürüdür və ilk növbədə Azərbaycan və Fransa xalqları arasında dostluğun və mədəni əlaqələrin genişlənməsinə xidmət edir. Muzeyimizdə 3 ay müddətində davam edən “Azərbaycan Mədəni İrsi Luvr Muzeyində” adlı sərgi təkcə yerli sakinlərin deyil, muzeyimizə gələn əcnəbi ziyarətçilərin də diqqətini cəlb etmişdir.
Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan Mədəni İrsi Luvr Muzeyində” adlı sərginin açılışı mərasimində əbəs yerə deyilməmişdir: “Gözəllik dünyanı xilas edəcəkdir”.
Ən böyük arzumuz isə sülh göyərçinlərinin işğal altında olan torpaqlarımızın üzərində süzməsini görməkdir. Beynəlxalq Sülh Günü münasibətilə xalqımıza aydın səma, sarsılmaz və əbədi sülh diləyirik.

Əlisəfa NURİYEV,
Azərbaycan Milli Xalça Muzeyinin
Şuşa Filialının müdiri.

Published in Mədəniyyət
Bazar, 22 Sentyabr 2019 10:56

Elmə həsr edilmiş ömür

Tanınmış tədqiqatçı, coğrafiyaçı alim Şahvələd Xəlilov 1939-cu ildə Gürcüstan Respublikasının qədim Borçalı mahalının Qarabulaq kəndində anadan olmuşdur. 1957-ci ildə Qardabani rayonunda orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsinin coğrafiya bölməsinə daxil olmuşdur. ADU-nu fərqlənmə diplomu ilə başa vurduqdan sonra müstəsna hal kimi, 1962-ci ildə Azərbaycan MEA Coğrafiya İnstitutuna işə göndərilmişdir. O vaxtdan bəri gənc Şahvələdin ömür coğrafiyası AMEA Coğrafiya İnstitutunun taleyi ilə bağlı oldu. Elmə hədsiz məhəbbəti və güclü marağı Şahvələd müəllimi Coğrafiya elminin elmi-nəzəri sirləri və mürəkkəb qanunları daha dərindən düşündürməyə başladı. Onun elmə olan dərin həvəsi ömür coğrafiyasının elmi yaradıcılıq salnaməsində öz bəhrəsini verdi. Xüsusilə aspirantlıq illərində Şahvələd müəllimin elmi təfəkküründə, elmi-nəzəri metodoloji yanaşmalarında elmin perspektiv problemləri haqqında, yaradıcılıq təcrübəsində güclü dönüş yarandı.


Hələ çox gənc olan Şahvələd müəllimin su sferasını öyrənən hidrologiya elminin sirlərinə yiyələnməsində ilk dəfə işlədiyi “Hidrologiya” şöbəsinin güclü kollektivinin də mühüm rolu olmuşdur. Sistemli olaraq çöl tədqiqatlarının aparılmasında, çöl müşahidələrinin metodoloji normativ qaydaları, həmçinin tədqiqat metod və prinsiplərinə uyğunlaşma, adi çöl qeydlərinin aparılması təcrübəsini Şahvələd müəllim bilavasitə onlardan öyrənmişdir.
1969-cu ildə Şahvələd müəllim keçmiş sovetlər məkanında həcminə görə seçilən “Mingəçevir su anbarının lillənməsi” mövzusunda “Namizədlik” dissertasiyasını müdafiə etdi, 1996-cı ildə isə Azərbaycanda “Böyük su anbarlarının ətraf mühitlə qarşılıqlı təsirinin əsas ekocoğrafi problemləri” mövzusunda doktorluq dissertasiyasını tamamladı. Bununla da Şahvələd müəllim müstəqil ömür coğrafiyasının elmi-fəlsəfi nəzəriyyəsinin təməlini daha da dərinləşdirdi.
Tədqiqatçı alimin əsas elmi fəaliyyət mövzusu əsasını Azərbaycanda bilavasitə su anbarlarının və göllərinin hidroloji xüsusiyyətləri, su anbarlarının çirklənməsi, lillənməsi və sahil landşaftlarının dinamikası, su təsərrüfatı üzrə Dövlət layihə tədbirlərinin, o cümlədən su anbarlarının ətraf ekoloji mühitə təsiri problemlərinin tədqiqi olmuşdur. Şahvələd müəllim öz tədqiqatlarında həmişə su obyektlərinin mühafizəsi və onlardan səmərəli istifadəsi problemlərinin həllinə də yeni tətbiqi metodların işlənilməsinə xüsusilə geniş fikir vermişdir.
İlk dəfə olaraq Şahvələd müəllim Azərbaycanda bütünlüklə su anbarlarını coğrafi aspektlərinə, yaratdığı ekocoğrafi problemlərinə görə təsnifləşdirmişdir. Azərbaycanda yeni su anbarlarının coğrafi yerləşdirilməsinin əsas ekoloji-coğrafi prinsiplərini, o cümlədən onların elmi-texniki layihə və xəritələrini o işləyib hazırlamışdır. Hətta onların ətraf mühitə vurduğu ziyanın kəmiyyət və keyfiyyət təsirini, o cümlədən mövcud su anbarlarının lillənməsi, sahillərin dinamikasının coğrafi proqnozunu vermişdir. Beləliklə, Şahvələd müəllimin bir mütəxəssis kimi, Azərbaycanda su anbarlarının ekoloji coğrafiyası haqqında verdiyi kompleks proqnozları və təklifləri həmişə o dövrdəki Azərbaycan Su Təsərrüfatı Nazirliyi və müvafiq ekoloji qurumlar tərəfindən yüksək qiymətləndirilmiş və tətbiq üçün qəbul olunmuşdur.
Bunların nəticəsi olaraq Azərbaycanın iri su anbarları və onların kompleks ekoloji problemlərinə həsr etdiyi (2003-cü ildə) kitabında su anbarlarının çox yığcam formada coğrafiyasını verməsi çox təqdirəlayiq oldu. Kitabda onların kompleks coğrafi kəmiyyət və keyfiyyət parametrlərinin işlənilməsi elmdə yenilik kimi qarşılandı. Monoqrafiyanın ən mühüm elmi keyfiyyətləri və dəyərləri müəllifin indiyə qədərki Azərbaycanda su anbarlarına dair coğrafi problemlərin və mövcud tədqiqatları nəticələrinin qruplaşdırması olmuşdur. Daha doğrusu Şahvələd müəllim özlüyündə ilk dəfə Azərbaycanda müasir su anbarlarının ekoloji-coğrafi problemlərini olduqca lakonik və yüksək elmi səviyyədə tədqiq etmişdir. Həmçinin, onların ekocoğrafi problemlərinə dair yeni elmi fikir və ideyalar mühüm elmi nəticələrdir. Bu yanaşmalar elmi tədqiqatlarda müqayisə metodu kimi olduqca vacibdir. Biz vətənimizin paleocoğrafi keçmişini bilməliyik ki, yaşadığımız təbiətin sonrakı coğrafi hadisələrinə dair daha mükəmməl elmi-təcrübi reallıqlara hazır olmaq üçün.
Bu tədqiqatlara görə Azərbaycanın ən mühüm aqro həyatı əhəmiyyəti olan su anbarlarının, xüsusilə ən iri Mingeçevir, Ağstafaçay, Şəmkir, Yenikənd, Ceyranbatan, Xudafərinin və s. ekocoğrafiyası və sahil dinamikası haqqında yeni kompleks elmi məlumatların verilməsi mühüm yer tutur. Coğrafi cəhətdən böyük su anbarlarının kompleks ekocoğrafi problemləri və koordinatları bəlli olduqda onların mövcud problemlərinin rekonstruksiyası, xüsusilə, sahillərin dinamikasına dair gələcək təhlükəsizliyini təmin etmək məsələsi asanlaşır. Eyni zamanda, həmin təhlükələrə qarşı dövlət səviyyəli elmi-tətbiqi proqramların və aqrar islahatların vaxtında işlənilməsi məsələsinə zəruriyyət yaranır. Bu, olduqca böyük şərtdir. Müəllif son monoqrafiyasında iri su anbarlarının hamısının bu tipli coğrafi göstəricilərini yüksək səviyyədə vermişdir. Şahvələd müəllimin 2006-cı ildə nəşr etdirdiyi “Azərbaycanın Ekocoğrafi Problemləri” əsəri bu gün də Azərbaycanda müasir ekocoğrafi problemlər və onların həlli yollarının işlənilməsi haqqında fikirləri bir daha yenidən gündəmə gətirir.
Hazırda Azərbaycan ərazisində dövlət səviyyəsində lahiyələşdirilmiş 60-dan çox su anbarının hidrocoğrafi vəziyyətinin öyrənilməsi bilavasitə Şahvələd Xəlilovun adı ilə bağlıdır. Aqro istehsal sahəsində suvarma kanallarının, kollektor şəbəkəsinin ümumi həcmi, onlara texniki baxımsızlığı üzündən vaxtilə respublika ərazisinin 3%-ə qədərinin su altında qalması fikri (ehtimalı) Şahvələd Xəlilova məxsusdur. Respublika ərazisində bəzən tələsik tikilən su qurğularının gələcəkdə hansı coğrafi fəsadların törətməsini çəkinmədən tədqiqatlarının yekununda həmişə göstərirdi. Məsələn, o tədqiqatlarının birində qeyd edirdi ki, təkcə su anbarlarının sahillərinin uçması nəticəsində vaxtında 3 min hektardan çox torpaq sahələrinin su altında qalması cəmiyyətdə həyəcan təbili kimi qarşılanmışdır. Bunun 94%-i, yəni 2500 hektarı təkcə Mingəçevir gölünün payına düşmüşdür. Bunun nəticəsində təbii olaraq su anbarlarında çirklənmə və lillənmə dərəcəsi getdikcə çoxalırdı. Bunların müəyyən olunması isə şübhəsiz mühüm sosial-təsərrüfat əhəmiyyəti olan su tutumlarında əvvəlcədən təhlükəsizliyi təmin olundu.
Görkəmli tədqiqatçı-alim, təbiətşünas, təbiətin keşiyində zəhmət çəkən, həssas-vətənpərvər insan Şahvələd müəllim az yaşadı. Lakin vətəni üçün, xüsusilə müasir coğrafiya elminin inkişafı üçün çox iş gördü. Şahvələd müəllim həm yaşadı və həm də xalqımız üçün yeni coğrafi fikir və ideyaları yaradıb yaşatdı. Onun son illərdə əldə etdiyi elmi nailiyyətləri və konkret nəticələri Azərbaycanda coğrafi elminin elmi-metodoloji və konstruktiv uğurları idi. Onun coğrafiya elminə, təbiətşünaslıq, vətənpərvərlik mədəniyyətinə gətirdiyi elmi-metodoloji yeniliklər, onların iqtisadi-təcrübi dəyərləri həmişə Azərbaycan MEA-nın Rəyasət Heyətində coğrafiya elminin mühüm nəticələri kimi qəbul edilmiş və qiymətləndirilmişdir.
Şahvələd Xəlilovun apardığı çoxsaylı tədqiqatların nəticələrindən “Bakı-hidrolayihə” İnstitutu, Yeni Azərbaycan DRES-in baş sugötürücü qurğusunun və onun tunelinin (1974), Xudafərin və Qız Qalası su anbarlarının (1979), Mingəçevir su anbarının rekonstruksiyası və HES tikintisinin (1982), İsmayıllı rayonunda Girdimançay və Əyriçay üzərində su anbarlarının (1991-1992) və Baş Mil Kanalı üzərində HES və su anbarı (1994) layihələrinin tərtibində və su anbarlarının mühafizəsi və səmərəli istifadəsi üzrə əldə etdiyi elmi nəticələri keçmiş Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən Azərbaycan Respublikasının potensial su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi üzrə yol xəritəsinin hazırlanmasında istifadə edilmişdir.
Ş.Xəlilov bir çox Beynəlxalq və Ümumittifaq simpozium və müşavirələrdə (Pedinq-İngiltərə, Helsinki, Moskva, Sankt-Peterburq, Novosibirsk, Tiflis, Minsk, Yakutsk, Velikiy Novqorod və s.) Azərbaycanın coğrafiya elminin kadr potensialını və onun uğurlarını layiqincə təmsil etmişdir. O, 100-dən artıq elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Həmçinin, ASE-nin VI-X cildlərində Azərbaycanın çayları, gölləri və su anbarlarına aid 50-dən artıq məqalə çap etdirmişdir. Onun 12 elmi əsəri xarici ölkələrdə nəşr olunmuşdur.
20 il ərzində (1974-1993) daimi aparıcısı olduğu Azərbaycan televiziyasının ən çox sevilən verilişlərindən olan elmi-kütləvi “Səyahət” və “Sovet Azərbaycanına səyahət” (1981-1986) verilişləri coğrafi biliklərin yayılmasına, milli ekoloji mədəniyyətin yüksəlməsinə və təbiətə olan vətənpərvərlik münasibətlərinin düzgün istiqamətləndirilməsinə mühüm təsir göstərmişdir. Ş.Xəlilov çox mühüm ictimai-siyasi qabiliyyəti və fəaliyyəti ilə də fərqlənmişdir. O, 1978-84-cü illərdə AMEA partiya komitəsinin katibi, Bakı Şəhər Sovetinin deputatı seçilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da, o YAP Yasamal rayon təşkilatının əsas təşkilatçılarından biri olmuş və 1993-cü ildən 2001-ci ilədək rayon təşkilatı sədrinin birinci müavini olmuşdur. YAP-ın I (1999) və II qurultaylarında (2001) YAP siyasi şurasının üzvü seçilmişdir. Bundan başqa, Ş.Xəlilov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert şurasının üzvü olmuşdur. O, 2000-ci ilin sonunda BDU-nun Humanitar məsələlər üzrə prorektoru və 1997-ci ildən coğrafiya fakültəsində ətraf mühitin mühafizəsi kafedrasının professoru işləmişdir. 2001-ci il iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Uzun müddət Azərbaycan Coğrafiya Cəmiyyətinin hərtərəfli formalaşmasında, cəmiyyətin regionlaşmasında Şahvələd müəllimin çox böyük xidmətləri olmuşdur.
Şahvələd müəllimin coğrafiya elminin inkişafındakı xidmətləri və əziz xatirəsi bu gün də həmkarları, dostları və yaxınları tərəfindən yad edilir və hörmətlə xatırlanır.

Habil HAQVERDİYEV,
Coğrafiya üzrə fəlsəfə doktoru.

Published in Digər xəbərlər
1 -dən səhifə 2