XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə axşamı, 05 Noyabr 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Bakı şəhərinin inkişafının daim diqqət mərkəzində olduğunu bildirən Prezident İlham Əliyev dedi:

- Bilirsiniz ki, mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir.

Şəhərin ekoloji vəziyyəti yaxşılaşır, bir çox önəmli layihələr icra edilmişdir. Əvvəlki illərdə şəhərin havasını çirkləndirən mənbələr aradan götürüldü. Onların arasında, ilk növbədə, keçmiş Balaxanı zibilxanasını qeyd etməliyəm. Bu zibilxana elə bir tüstü buraxırdı ki, havanın keyfiyyəti böyük dərəcədə aşağı düşmüşdü və insan sağlamlığına böyük zərər verirdi. İndi keçmiş Balaxanı zibilxanasının yerində müasir poliqon qurulub və zibilin çeşidlənməsi, bərk məişət tullantılarının yandırılması istiqamətində böyük addımlar atılıb, böyük investisiyalar qoyulub, zibilyandırma zavodu inşa edilibdir. Biz bu ekoloji fəlakət mənbəyini aradan götürdük.

Digər ekoloji fəlakət mənbəyi Bibiheybət neft mədənləri idi. Oradakı vəziyyət, ümumiyyətlə, çox acınacaqlı idi, neftlə çirklənmiş yerlər, gölməçələr. Bunların hamısı aradan götürüldü. İndi orada gözəl park salınıb və vətəndaşların sərəncamına verilib. Eyni zamanda, idman şəhərciyi yaradılıb, müasir idman hovuzu, digər ictimai obyektlər tikilib.

Eyni zamanda, Böyükşor gölü də böyük təhlükə mənbəyi idi. Onilliklər ərzində Böyükşor gölünə axıdılan kanalizasiya, lay suları, neftlə çirklənmiş sular o bölgəni də ekoloji fəlakət zonasına çevirmişdi. Biz oranı da təmizlədik, Böyükşor gölünün bir hissəsi tam ekoloji standartlara cavab verir, köçəri quşlar oraya qonur. Göl üzərində yeni yol çəkilib və gölün ikinci hissəsinin təmizlənməsi istiqamətində işlər gedir. Olimpiya Stadionu vaxtilə bataqlıq kimi tanınan yerdə tikilibdir.

Ağacların əkilməsi şəhərin ekoloji vəziyyətini böyük dərəcədə yaxşılaşdırır. Milyonlarla ağac əkilmişdir. Bu gün Bakı yaşıl parklar, bağlar şəhəridir. Parkların sayına görə, hesab edirəm ki, Bakı dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim ən böyük parkımız olan bulvarın məsafəsi 3 kilometrdən 15 kilometrə uzadıldı. Mərkəzi Park indi şəhərə yeni yaraşıq verir. Sovetski adlandırılan ərazidə 20 hektarda çox gözəl, abad park salınıbdır. Heydər Əliyev Mərkəzinin önündə, Konqres Mərkəzinin önündə, - vaxtilə Səttarxan zavodunun ərazisi olan bu yer də ekoloji təhlükə mənbəyi idi, - 20 hektar ərazidə park salınıb və vətəndaşlar böyük həvəslə bu imkanlardan istifadə edirlər. Vaxtilə havanı çirkləndirən lampa zavodu, şifer zavodu və digər müəssisələr köçürüldü, onların yerində nəqliyyat infrastrukturu yaradılmışdır. Bir sözlə, bu gün Bakı həm ekoloji, həm də rahatlıq baxımından çox sürətlə inkişaf edən şəhərdir.

Eyni zamanda, şəhərin təsərrüfatı yenilənir və bu məqsədlə mənim tərəfimdən müvafiq sərəncamlar verilmişdir, qərarlar qəbul edilmişdir. Mən sizə dəfələrlə bu məsələlərlə bağlı öz tövsiyələrimi vermişdim və bu il şəhər təsərrüfatının müasirləşdirilməsi istiqamətində işlər aparılıb. Həm dövlət investisiya proqramı çərçivəsində, eyni zamanda, Prezidentin ehtiyat fondunun vəsaiti hesabına lift təsərrüfatı yenilənir, nümunəvi həyətlər qurulur. Heydər Əliyev Fondu bu sahədə çox böyük iş aparır. Dam örtüklərinin təzələnməsi üçün ehtiyat fondundan 10 milyon manat vəsait ayrılmışdır.

Bu üç istiqamət üzrə hansı işlər görülüb? Şəhərin abadlaşdırılması və inkişafı ilə bağlı daha hansı işlər görülüb? Bu barədə məlumat verin.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov: Möhtərəm cənab Prezident, qeyd etmək istərdim ki, son vaxtlar qonaqlar və Bakı sakinləri görülən bu işləri həqiqətən yüksək qiymətləndirirlər. Birmənalı deyirlər ki, son on il ərzində Sizin səylərinizin nəticəsində Bakı keyfiyyətcə yeni bir səviyyəyə qalxıb. Bu, əhali və xarici qonaqlar tərəfindən qiymətləndirilir.

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin balansında 11 min yaşayış binası var. Onları şərti olaraq həyətləri olan və olmayanlara bölmək olar. Deməli, bu gün həyətləri olan binaların sayı 6331-dir. Sizin tapşırığınıza uyğun olaraq, 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıbdır. Mən burada bir məsələyə də toxunmaq istərdim. İlk növbədə, Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini qeyd etməyə dəyər. Möhtərəm cənab Prezident, İctimai Birliyin səyləri nəticəsində bu gün Bakı şəhərində yeni bir format - məhəllələrarası parklar formatı tətbiq olunub və olunur. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıbdır. Bu proses davam edir.

İlin axırınadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcəkdir. Bizim hesablamalarımıza görə, yaxın illərdə hələ 743 bu cür layihə icra etmək mümkündür. Bu proses davam edir. Bu gün biz bir daha Heydər Əliyev Fondunun rəhbərliyinə və ilk növbədə, Leyla xanım Əliyevaya minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Bu, çox vacib məsələdir. Çünki vətəndaşların gündəlik həyatda üzləşdikləri problemlərdir. Biz bilirik ki, bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Evlərarası həyətlər bəzi hallarda zəbt olunur və ictimai istifadə üçün yerlər yoxa çıxır. Ona görə nümunəvi həyətlərin qurulması çox böyük məna daşıyır. Biz bu sahəyə kompleks şəkildə yanaşmalıyıq. Əlbəttə ki, həyətlər, ilk növbədə, vətəndaşlar üçün rahat, işıqlı olmalıdır, təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur. İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun.

Lift təsərrüfatı da həmçinin. Bir neçə il bundan əvvəl yenə də mənim Sərəncamımla bir çox binaların lift təsərrüfatı yeniləndi. Ancaq təəssüflər olsun ki, istismar dövründə liftlər sıradan çıxır. Ona görə lift təsərrüfatı tam yenilənməlidir və onların istismarı ilə bağlı təkliflər verilməlidir. Ümumiyyətlə, biz indi nümunəvi həyətlər yaradırıq. Ancaq əgər bu həyətlər normal vəziyyətdə saxlanmazsa, əgər daim diqqət olmazsa, orada qurulan bütün işlər bir il, iki il, beş ildən sonra sıradan çıxacaq. Ona görə siz fikirləşin, təkliflər verin, necə edək ki, yaradılmış yeni infrastruktur, o cümlədən abadlıqla bağlı işlər daim nəzarətdə olsun və təmirə ehtiyacı olan obyektlər vaxtaşırı təmir edilsin.

Prezident İlham Əliyev: İndi liftlərin quraşdırılması necə gedir?

Eldar Əzizov: Möhtərəm cənab Prezident, Sizin Sərəncamınızla Bakı şəhərinin lift təsərrüfatını inkişaf etdirmək üçün 32 milyon manat vəsait ayrılmışdır. Biz bu sahədə Almaniyanın tanınmış “Wittur” şirkəti ilə danışıqlar apardıq, müqavilə bağlandı və bu günədək 430 lift Bakıya gətirilib. Onlardan 130-u artıq istifadəyə verilib. Bu proses davam etdirilir. Həmin Sərəncamda 542 liftin alınması nəzərdə tutulmuşdu. Biz büdcə vəsaitindən səmərəli istifadə etmək barədə Sizin tövsiyələrinizə və tapşırıqlarınıza əsasən şirkətlə danışıqlar apardıq və beləliklə, burada vəsaitə qənaət yarandı. Biz bu qənaət hesabına ilin axırınadək əlavə 39 lift almaq niyyətindəyik, danışıqlar gedir.

Prezident İlham Əliyev: Bütövlükdə nə qədər yeni lift quraşdırılmalıdır?

Eldar Əzizov: İlin axırınadək 581 lift quraşdırılacaqdır. Amma yaxın illər üçün proqnozlarımız belədir ki, 2500-ə qədər lift mərhələ-mərhələ dəyişdirilməlidir.

Prezident İlham Əliyev: Onları da biz dəyişdirməliyik. İndi Dövlət İnvestisiya Proqramına baxılır, ona görə siz təkliflərinizi verin ki, Bakı şəhərinin lift təsərrüfatı tam yenilənsin və bütün liftlər həm təhlükəsizlik normalarına cavab versin və işlək vəziyyətdə olsun.

Eldar Əzizov: Sizə məlumat verim ki, ilkin olaraq quraşdırılacaq 581 liftə Almaniya şirkəti tərəfindən xidmət göstərilməsi üçün Vahid Elektron İdarəetmə Mərkəzi yaradılır. Lift təsərrüfatında yaranan bütün problemlər dərhal həmin mərkəzə daxil olacaqdır və tədbir görüləcəkdir.

Prezident İlham Əliyev: Dam örtükləri ilə bağlı vəziyyət necədir? Çünki qış yaxınlaşır. Bu məqsədlər üçün də ilkin olaraq Prezidentin ehtiyat fondundan 10 milyon manat vəsait ayrılıb. Əlbəttə ki, bütün dam örtüklərini bu vəsaitlə təmir etmək mümkün deyil. Ancaq mən sizə göstəriş vermişdim ki, bu işləri planlı şəkildə görməliyik, illərə bölməliyik və maksimum qısa müddət ərzində Bakı şəhərinin bütün binalarının dam örtükləri tamamilə standartlara cavab versin. Hansı işlər görülüb və nə planlaşdırılır?

Eldar Əzizov: Sizin Sərəncamınıza uyğun olaraq bu proses artıq Bakı şəhərində fəal surətdə həyata keçirilir. Şəhərdə 380 binanın dam örtüyünü təmir etmək nəzərdə tutulubdur. Biz inşaat materiallarını mərkəzləşdirilmiş qaydada alandan sonra danışıqlar apardıq və burada da qənaət yaranıbdır. Biz artıq 380 deyil, 420 binanın dam örtüyünü təmir edə biləcəyik. Şirkətlərlə danışıqlar aparılıb, Sizin tələbiniz çatdırılıb ki, ən keyfiyyətli materiallardan istifadə etmək vacibdir. Biz öz tərəfimizdən sakinlərin istək və arzularını nəzərə alaraq işin nəticələrini onların iştirakı ilə qəbul edəcəyik. Bu gün demək olar ki, artıq 150 damda işlər tamamlanıb və proses gedir. Noyabrın ortalarına qədər bütün bu işi qurtarmaq niyyətindəyik.

Prezident İlham Əliyev: Çox yaxşı, bütün bu işləri görmək lazımdır, çünki buna ehtiyac var. Biz elə etməliyik ki, Bakı şəhərinin hər bir yeri abad olsun və vətəndaşları narahat edən problemlər aradan qaldırılsın, o cümlədən tikintilərlə bağlı məsələlər. Mən bu barədə də müvafiq göstərişlər vermişəm. Bəzi hallarda tikinti üçün yerlər zəbt olunur, bəzi hallarda sərəncamlar qanunsuz olaraq verilir, ağaclar qırılır. Vətəndaşlar sağ olsunlar ki, bir çox hallarda belə vəziyyətlə üzləşdikdə müvafiq orqanlara məlumat verirlər. Yəni, bu, ictimai nəzarətin mövcudluğu deməkdir. Bundan sonra Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir. Bütün şəhərlərdə bina tikintisi üçün müvafiq əmsallar mövcuddur. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bu əmsallar 10 dəfə, bəlkə də artıq götürülürdü. Yəni, bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları Günəş işığından məhrum edirdilər. Bir çox hallarda həyətlərdə evlərin tikintisi baş verirdi. Əvvəlki dövrdə hətta bəzi məktəblərin həyətlərində evlər tikilirdi. Sonra bu məsələyə son qoyuldu. Yəni, şəhərsalma qaydaları tətbiq olunmalıdır, burada yerli icra orqanları və əlbəttə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi öz işini yüksək səviyyədə qurmalıdır ki, bütün şəhərsalma normaları təmin edilsin. Əlbəttə ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir. Əlbəttə, bütün məsələlərə obyektiv şəkildə baxılmalıdır. Bəzi hallarda elə məsələlər qaldırılır ki, bunun heç bir əsası yoxdur, yaxud da sırf şəxsi xarakter daşıyır. Ancaq bir çox hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları narahat edən problemləri qaldırırlar. Həm Bakı Şəhər İcra Hakimiyyəti və bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar. Beləliklə, Bakı şəhəri və Azərbaycanın bütün şəhərləri planlı şəkildə inkişaf etməlidir.

Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir. İçərişəhər UNESKO tərəfindən qorunur. Deyə bilərəm ki, dünyada o qədər də çox şəhərlər belə qədim İçərişəhər kimi şəhərlərlə öyünə bilməz, bu, bizim böyük sərvətimizdir. Eyni zamanda, şəhərin hər bir yeri abad olmalıdır. Bəzi yerlərdə ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən artıq bu barədə Azəravtoyol Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni, şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər. Ancaq biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik. Ona görə siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin. İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət - bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır. Biz şəhərimizi inkişaf etdirməliyik. Bir daha demək istəyirəm ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaqdır.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli  890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 19 255 000 (on doqquz milyon iki yüz əlli beş min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 noyabr 2019-cu il.

Published in Sərəncam

Noyabrın 4-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkmənistan Məclisinin Sədri xanım Gülşat Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu səfərin ölkələrimiz arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Qeyd edildi ki, oxşar mədəniyyəti, adət-ənənələri bölüşən xalqlarımızın dostluğunun qədim tarixi kökləri var. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqların əlaqələrimizin inkişafında mühüm rolu var. Bu günədək ölkələrimiz arasında 90 sənəd imzalanıb. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi sahəyə də müsbət təsirini göstərir. 2018-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 133 milyon dolları həcmində olub. Cari ilin 9 ayı ərzində isə bu rəqəm 163 milyona çatıb.

Vurğulandı ki, bu gün Azərbaycan qlobal miqyaslı neft və qaz layihələrinin reallaşmasında, müasir nəqliyyat infrastrukturunun yaradılmasında fəal iştirak edir. Bu sahələrdə əməkdaşlığımız üçün geniş imkanlar var. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, Azərbaycanın iştirakı ilə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər fikrimizin sübutdur.

Spiker qeyd etdi ki, parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsi dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edirik. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi görüşlərini müsbət dəyərləndiririk.

Xanım Gülşat Məmmədova ölkəmizə səfərinin və burada keçirilən görüşlərin ümumi məqsədlərə xidmət edəcəyinə inamını ifadə etdi. Qonaq səfər çərçivəsində gördüklərindən və Milli Məclisdə olmasından məmnunluğunu bildirdi. Qeyd etdi ki, Türkmənistan Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri genişləndirmək niyyətindədir. Deputatların qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.

Görüşdə Milli Məclis Sədrinin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkmənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Dilarə Cəbrayılova, hər iki ölkənin səfirləri Həsən Zeynalov, Məkan İşanquliyev və digər rəsmi şəxslər iştirak ediblər.

 

 

AZƏRTAC

Published in Siyasət

Neft Daşlarının 70 illiyi tamam olur. AZƏRTAC bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, neft tariximizin canlı əfsanəsi Xoşbəxt Yusifzadənin məqaləsini təqdim edir.

 


1941-1945-ci illərin Böyük Vətən müharibəsindən sonra Azərbaycanda neft hasilatı kəskin şəkildə azalmış və 1948-ci ildə 14 milyon tona düşmüşdü.
Respublikada neft hasilatını artırmaq üçün sahənin işini yenidən qurmaq, mədənlərə yeni texnika və texnologiyalar gətirmək, qazma işlərini sürətləndirmək, köhnə yataqlarda lay təzyiqinin tələb olunan səviyyədə saxlanılmasını təmin etmək, dərin neft laylarında kəşfiyyat işlərini gücləndirmək lazım idi. Lakin bunlar da kifayət deyildi. Azərbaycan neftinin şöhrətini bərpa etmək üçün bunlarla yanaşı, yeni neft və qaz yataqlarının kəşf olunması və işlənilməsinin sürətləndirilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edirdi.
Bəs, yeni yataqları harada axtarmalı? Bu sual axtarış-kəşfiyyat işlərinin istiqamətləri barəsində neftçi-alimlər və geoloqlar arasında hələ müharibə illərində yaranmış fikir ayrılığını yenidən gündəmə gətirdi: quruda, yoxsa dənizdə?
Neftçi-alimlərin və geoloqların bir qrupu hesab edirdi ki, kəşfiyyat işlərini quruda aparmaq, bu işləri mezozoy çöküntülərinə yönəltmək və yeni neft yataqlarını orada axtarmaq lazımdır. Onlar bunu belə əsaslandırırdılar ki, dənizdə iş çox baha başa gəlməklə yanaşı, olduqca çətin və risklidir.
Alimlərin və geoloqların digər bir qrupu isə dənizdə işləməyin tərəfdarı idi. “Dənizçilərə” məşhur geoloq Ağaqurban Əliyev başçılıq edirdi. Onlar bildirirdilər ki, axtarış-kəşfiyyat işlərinin Xəzərin içərilərinə - açıq dənizə istiqamətləndirilməsi olduqca perspektivli bir məsələdir və bunun alternativi yoxdur.
Sonda “dənizçilər” qalib gəldilər. Onlar açıq dənizdə kəşfiyyat işlərinin ilk ünvanı kimi Neft Daşları sahəsini seçdilər.
Bunun səbəbi suyun üzündə idi və yaxşı görünürdü. Neft Daşları sahəsində uzununaqırılma boyunca dənizin səthinə çıxan təbii neft və qaz sızmaları geoloqların diqqətini çoxdan cəlb etmişdi. Uzun illərdən bəri neft və qaz çatlar vasitəsilə laylardan dənizə sızırdı. Neft buradakı daşları-qayaları da qara rəngə boyamışdı və bu yer “Qara daşlar” kimi də tanınırdı. Burada neftin yataq şəklində daha dərin yerlərdə yığılıb qalmasının mümkünlüyünü yoxlamaq lazım gəlirdi. Lakin bu fikrin əleyhdarları da var idi və onlar tədqiqat sahəsində neftin dəniz səthinə sızması faktına başqa cür baxır və deyirdilər ki, orada daha nə neft qalıb, nə də qaz. Hamısı suyun üzünə çıxıb, neft suya qarışıb, qaz da havaya uçub. Ağaqurban Əliyev və tərəfdarları isə bu iddialara belə cavab verirdilər ki, suyun üzünə çıxan neft əsasən yuxarı obyektlərdən sızır. Aşağı obyektlər isə neft və qazla zəngindir.
O vaxt SSRİ-nin gələcək qaz sənayesi naziri Sabit Orucovun rəhbərlik etdiyi “Azneftkəşfiyyat” Birliyində bacarıqlı və fədakar insanlar çalışırdılar. Neft Daşlarına göndəriləcək ilk neftçi-desantçılar da Birliyin işçiləri arasından seçilmişdi. 1948-ci il noyabrın 14-də geoloq Ağaqurban Əliyev, istedadlı qazma mütəxəssisi Yusif Səfərov və Sabit Orucov neftçi-desantçılar dəstəsinin digər üzvləri ilə birlikdə təcrübəli kapitan Əjdər Sadıxovun “Pobeda” yedək gəmisində böyük çətinliklə Neft Daşları rayonuna gəldilər və gəmidən enib, suyun üzünə çıxmış qayalıqların birinə qədəm qoydular. Burada onların maraqlı bir “eksperiment”ini yada salmaq istəyirəm: neftçilər iri bir qara daşın üstünə bir neçə kisə sement qoyub, yoxlamaq istədilər ki, su bu kisələri yuyub aparacaq, ya yox. Təxminən iki həftədən sonra onlar həmin yerə qayıdanda sement kisələrini qupquru gördülər. Yalnız bundan sonra - 1948-ci ilin dekabrında dəniz inşaatçılarının ilk dəstəsi “Transportnik” (“Nəqliyyatçı”) gəmisi ilə Pirallahı adasından “Qara daşlar”a göndərildi. Buradakı adacıqda qazma briqadası üçün 14 kvadratmetrlik bir “yaşayış evi” inşa edildi. Sahil ilə gecə-gündüz əlaqə saxlamaq üçün radiostansiya quruldu.
1949-cu ilin iyununda adada ilk quyunun qazılmasına hazırlıq başlandı. Qazma işləri üçün əməliyyat meydanı yaratmaq məqsədilə ömrünü başa vurmuş “Çvanov” gəmisi “Qara daşlar”a gətirilib, neftçilərin nişan verdikləri yerdə batırıldı və dəniz fatehlərinə stasionar qurğu kimi xidmət etməyə başladı. Sonralar ada daha altı köhnə gəminin son mənzili oldu. Həmin gəmilər adanı küləkdən və dalğalardan qorumaq məqsədilə yarıya qədər suya batırıldı. Onların kayut və anbarları isə qazmaçılar üçün yeməkxanaya, tibb məntəqəsinə, yataq otaqlarına çevrildi. Süni adanın ərazisi genişləndi. Az sonra adı şerlərdə, mahnılarda vəsf edilən “7 gəmi adası” belə yarandı.
1949-cu il avqustun 24-də təcrübəli buruq ustası Mixail Kaveroçkinin briqadası dünyada ilk dəfə sahildən 40, Bakı şəhərindən isə 90 kilometr uzaqda - açıq dənizdə 1 nömrəli ilk quyunu qazmağa başladı. Həmin il noyabrın 7-də quyu 942 metr dərinlikdən, Qala lay dəstəsindən ilk neft fontanı vurdu və gündə 100 tondan çox neft verməyə başladı.
“Neft Daşları” yatağı belə kəşf olundu. Coşqun Xəzər dəniz neftçilərinin qəhrəmanlığı, cəsarəti, mühəndis və ustaların fədakarlığı, onların yuxusuz gecələri sayəsində fəth edildi. Azərbaycan tarixə dənizdə neft hasilatının vətəni, Neft Daşları isə dünyanın 8-ci möcüzəsi kimi düşdü.
Neft Daşları yatağının kəşf edilməsi və işlənməsində böyük xidmətlərinə görə 1951-ci ildə Azərbaycan neftçilərinin bir qrupu - Qurban Abasov, Ağaqurban Əliyev, Mixail Kaveroçkin, Nəsrulla Babayev, Aleksandr Kamladze, Yusif Səfərov, Solomon Qrobşteyn, Viktor Noqayev, Sabit Orucov, Əhəd Yaqubov birinci dərəcəli Stalin mükafatına (sonralar SSRİ Dövlət mükafatı) layiq görüldülər.
1961-ci ildə isə dəniz neft yataqlarının mənimsənilməsinə görə Ənvər Əlixanov, Abbas Biləndərli, Bəhmən Hacıyev, Məmmədcavad Qasımzadə, Vsevolod Neqreyev, İsrafil Quliyev, Mirkazım Məmmədov, Fuad Səmədov o dövrdə SSRİ-nin ən yüksək mükafatı - Lenin mükafatı ilə təltif edildilər.
Neft Daşları qəhrəmanlar məskəni kimi də geniş şöhrət tapmışdı. Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş dəniz neftçilərindən Qurban Abasovun, Ağa Dadaş Kərbəlayı oğlunun, Məmməd Qənbərovun, Məlik Göyçayevin, İsrafil Hüseynovun, Akif Cəfərovun, Mixail Kaveroçkinin, Yusif Kərimovun, Xanoğlan Bayramovun, Bəxtiyar Məmmədovun adları ilə Azərbaycan haqlı olaraq bu gün də fəxr edir.
1950-ci ildə Xəzər nefti ilə dolu ilk tanker Neft Daşlarından sahilə yol aldı. Təxminən bir ildən sonra isə Neft Daşlarında artıq 6 kəşfiyyat quyusundan neft hasil edilirdi. Belə bir vaxtda dənizdə estakada tikintisi məsələsi ortaya çıxdı. Hidrotexniki qurğuların layihəçiləri bu məsələni də uğurla həll etdilər. Neft Daşlarında estakadalar suyun dərinliyi 40 metrə çatan yerlərdə inşa olunur və yataq bu estakadalardan qazılmış maili quyular vasitəsilə istismar olunurdu. Dənizin dərinliyinin artması ilə əlaqədar olaraq, hər estakada meydançasından 4-dən 32-yə qədər quyu qazılırdı ki, bu da yatağın “küt” üsulu ilə işlənməsini təmin edirdi. Bu olduqca səmərəli və mütərəqqi bir üsul idi. Belə maili quyular suyun dərinliyi hətta 60 metrə çatan yerlərin neftinə də gedib çıxmağa imkan verirdi.
Ötən illər ərzində Neft Daşları Azərbaycan neftinin şöhrətinin artırılması işinə böyük töhfələr verib. İşlənmənin əvvəlindən yataqdan təxminən 176 milyon ton neft və 14 milyard kubmetr qaz hasil edilib. Hazırda yataqda illik neft hasilatı 945-950 min ton, qaz hasilatı isə 85 milyon kubmetr həcmindədir.
İndiyədək Neft Daşları yatağında 1939 quyu qazılıb. Hazırda yatağın istismar fondunda 406 quyu var ki, bunların da 399-u işləyən quyulardır. “Neft Daşları” NQÇİ-nin kollektivi həmin quyulardan gündə 2750 tona qədər neft və 250 min kubmetr qaz hasil edir. İşlənmənin əvvəlindən burada laylara 268 milyon kubmetrədək su vurulub.
İşlənmənin əvvəlində yatağın çıxarıla bilən karbohidrogen ehtiyatı 194 milyon ton neftdən və 15 milyard kubmetr qazdan ibarət idi. Hazırda onun çıxarıla bilən qalıq ehtiyatı 18 milyon tona qədər neft və 2 milyard kubmetrə qədər qaz həcmində qiymətləndirilir. Yataqda cari neftvermə əmsalı 0,45, son neftvermə əmsalı isə 0,50-dir. Düşünürəm ki, neftvermə əmsalının artırılması, yeni sahələrin aşkar edilməsi çıxarıla bilən neft ehtiyatını əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək.
Hər dəfə Neft Daşlarından söz düşəndə ömrümün burada keçən 10 ili gözlərimin önündə gəlib durur. 1954-cü ilin mart ayında “Gürganneft” Neft Mədənləri İdarəsi 1-ci mədəninin (indiki “Neft Daşları” NQÇİ) böyük geoloqu kimi işə başlamış, 1958-1959-cu illərdə idarənin elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, daha sonra həmin sexin rəisi, 1960-1963-cü illərdə idarə rəisinin müavini - baş geoloq vəzifəsində çalışmış və oradan sahilə “Başdənizneft” İdarəsi (sonralar “Dənizneft” İstehsalat Birliyi) geoloji şöbəsinin rəisi-baş geoloqun müavini kimi qayıtmışam. Deyə bilərəm ki, mən Neft Daşlarında hasilatın ən yüksək səviyyədə olduğu illərdə çalışmışam. Amma o illərdə biz harada və necə yaşayırdıq? Kontorumuz - suya batırılmış gəmidə, yeməkxanamız - gəmidə, yatıb-durmağımız - gəmidə.
“Gürganneft” NMİ-də Pirallahı adasına yaxın yerdə - Abşeronun ucunda yerləşirdi. O dövrdə Pirallahı adası ilə Neft Daşları arasındakı qırx kilometrlik yolu “Loger” tipli gəmilər təxminən 3 saata qət edirdi. Sonralar Bakıdan da oraya gəmi işləməyə başladı. “Andoqa” adlı həmin gəmi hava yaxşı olanda Bakıdan Neft Daşlarına 90 kilometrlik yolu 8-9 saata, hava pis olanda isə 12-13 saata gedirdi. Lakin bütün çətinliklərə, bizi tez-tez imtahana çəkən Xəzərin şıltaqlığına baxmayaraq, burada əsl neftçi xarakteri formalaşırdı. On il ekstremal şəraitdə doğmalaşdığım adamlarla birgə çalışmağım mənə çox şey verdi və sonrakı nailiyyətlərimin açarı oldu. Ekstremal şəraitdə müxtəlif xarakterli insanlarla hər gün ünsiyyətdə olmaq, ailə qayğılarını və müxtəlif məişət məsələləri ilə bağlı qayğılarını sahildə qoyub gəlmiş, dalğalar qoynunda bir-birinin ən yaxın, ən doğma adamlarına çevrilmiş fəhlə və mütəxəssislər arasında işləmək hər bir şəxsi o təbii mühitə uyğun şəkildə cilalayır. Dəniz hər şeyi - ən yüksək mənəvi dəyərləri də, insanın dünyagörüşündəki, xarakter və tərbiyəsindəki boşluqları da tez üzə çıxarır, adamları ümumi məqsəd naminə birləşdirir. Mən çox xoşbəxtəm ki, ömrümün on ili Neft Daşlarında keçdi və Xəzər mənim kimi gənc bir mütəxəssisə insanlara gərək olmağı öyrətdi.
Mən o vaxt Neft Daşlarında mühüm bir iş gördüm. Hiss etdim ki, cavan mütəxəssislər axşamlar bilmirdilər nə ilə məşğul olsunlar. Ağlıma gəldi ki, onlar üçün bir iş tapmalıyam. Neft Daşlarında bilik cəmiyyəti yaratdım. Gənc mühəndislərin hamısını bu bilik cəmiyyətinə cəlb etdim. Onların hər birinə ayrı-ayrı mövzular verir, sonra çıxışlarını dinləyib müzakirə edirdik. Deyim ki, bu, çox maraqlı bir iş idi və gənc mütəxəssislər bilik cəmiyyətinin fəaliyyətində həvəslə iştirak edirdilər.
Bizim bu cəmiyyətin səsi bütün respublikaya yayıldı. Bizi Respublika Elmi-Texniki bilikləri cəmiyyətinə qəbul etdilər. Mən hətta Elmi-Texniki bilikləri yayılmasında nailiyyətlərimə görə “Bilik” cəmiyyəti Mərkəzi İdarə Heyətinin xətti ilə Sovet İttifaqından Rumıniyaya yola düşən nümayəndə heyətinin tərkibinə daxil edildim. O vaxt bunun özü də böyük bir mükafat idi.
Neft Daşlarında həqiqi romantika ilə dolu fərəhli günlərlə yanaşı, təəssüf ki, çox ağır, hətta faciəli günlərimiz də olurdu. 1957-ci il noyabr ayının 20-dən 21-nə keçən gecə baş vermiş faciəni bu gün də bütün təfərrüatı ilə xatırlayıram. O vaxt Neft Daşlarında mədən müdirini əvəz edirdim. Axşam saat doqquz radələrində “Gürganneft” Neft Mədənləri Trestinin baş mühəndisi Bəhmən Hacıyev zəng edib dedi ki, ehtiyatlı olun, güclü külək əsəcək. Sonra da tapşırdı ki, “ustaları götür, çıx mədən ərazisinə, görün vəziyyət nə yerdədir”.
Tez yığışıb, çıxdıq. Estakadada yerimək mümkün deyildi. Birtəhər özümüzü 3-cü neftyığma məntəqəsinə yetirdik. Dalğalar quyulardan məntəqəyə gələn boru xətlərini sındırıb dağıdırdı. İşləyən quyuları bağlamaq lazım idi. Operatorlar bu işi çox çətinliklə yerinə yetirirdilər, çünki ayaq üstə durub nəsə etmək mümkün deyildi. Onlar estakadada sürünə-sürünə gedirdilər. Səhərədək bu işləri gördük. Səhər saat 5-də Bəhmən Hacıyev zəng etdi. Xəbər verdi ki, üzərində buruq ustası Mixail Kaveroçkinlə birlikdə 22 nəfərin olduğu özülü buruqla birlikdə dalğa yuyub aparıb. Bu ağır xəbəri yanımdakıların hamısı eşitdi. Həmin dəqiqələrdə adamlara tapşırıq verib, yenidən hara isə yollamaq çox riskli idi.
Səhər açıldı. Yoxlama, araşdırma başlandı. Məlum oldu ki, gecə dalğalar köhnə estakadaların da bir hissəsini yuyub aparıb. Öyrəndik ki, gecə küləyin sürəti saniyədə 43 metrə, dalğanın hündürlüyü isə 13 metrə çatıbmış. Son 100 ildə Xəzərdə belə bir hadisə müşahidə edilməmişdi. Ona görə də dənizdə hidrotexniki qurğular inşa ediləndə bunu nəzərə almamışdılar. Amma həmin vaxtdan - 1957-ci ilin noyabrından başlayaraq bütün yeni layihələr bu faktorlar nəzərə alınmaqla işlənirdi. Həm təzə hidrotexniki qurğular bu faktorlara əsasən inşa edilirdi, həm də harada mümkün idisə, orada köhnə qurğular yeni hündür estakadalarla əvəzlənirdi.
Üstündən 62 il keçsə də, 1957-ci ilin həmin noyabr gecəsində baş verənlər bu günədək mənim yaddaşımdan silinməyib.
Kəşf olunduğu vaxtdan başlayaraq, işlənmənin bütün dövrlərində Neft Daşlarına insanlar həmişə böyük neft məbədi, neft ziyarətgahı kimi baxmışlar. Yazıçı və şairlərdən, mədəniyyət və incəsənət xadimlərindən tutmuş, dünyanın məşhur siyasət adamlarına qədər hamı Neft Daşlarını öz gözləri ilə görmək istəyirdi.
SSRİ Xalq artisti Bülbülün səsi burada dalğaların səsinə qarışmışdı. Böyük yazıçımız Mehdi Hüseyn özünün məşhur “Abşeron”, “Qara daşlar” və “Yeraltı çaylar dənizə axır” romanları üzərində işləyəndə həftələrlə Neft Daşlarında “yaradıcılıq növbəsində” olmuşdu. Məşhur sovet kino rejissoru və kinooperatoru, sənədli kino ustası, jurnalist və publisist Roman Karmen 1953-cü ildə “Xəzər neftçiləri haqqında povest” və 1959-cu ildə “Dənizi fəth edənlər” filmlərini çəkəndə neftçilər kimi özü də dəfələrlə cəsarət göstərmişdi. Həmin filmlər keçmiş SSRİ-nin respublikalarında və xarici ölkələrdə nümayiş etdirilmiş, Xəzər neftçilərinin şöhrətini dünyaya yaymışdı. “Dənizi fəth edənlər” filmində Karmen məni də çəkmişdi və indi həmin filmə baxanda dənizdə keçən gənclik illərimi xatırlayıram.
Neft Daşlarında SSRİ-nin və xarici ölkələrin bir çox siyasi xadimləri, dövlət rəhbərləri və nazirləri də olmuşlar. Keçmiş SSRİ-nin neft sənayesi naziri, SSRİ Dövlət Plan Komitəsinin sədri-SSRİ Nazirlər Soveti sədrinin müavini, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı Nikolay Konstantinoviç Baybakov yatağın kəşf edildiyi 1949-cu ildə Neft Daşlarına gəlmişdi.
Mənim Nikolay Konstantinoviçlə tanışlığım 1954-cü ildə başlanmışdı. O vaxt mən artıq Neft Daşlarında işləyirdim, gənc geoloq idim. O isə neft sənayesinin tanınmış marşalı idi. Bizim tanışlığımız sonralar böyük dostluğa çevrildi. 1999-cu ildə biz onu Neft Daşlarının yarıməsrlik yubileyinə dəvət etdik. N.K.Baybakov Bakıya gəldi, qırx beş ildən sonra Neft Daşlarını yenidən gördü və çox sevindi.
SSRİ Qaz sənayesi naziri Viktor Çernomırdin də Neft Daşlarının adını həmişə böyük hörmətlə çəkirdi. O, Xəzər neftçilərinin əməyini və qəhrəmanlığını çox yüksək qiymətləndirən rəhbərlərdən biri idi.
SSRİ kimi nəhəng bir ölkənin rəhbəri Nikita Xruşşovun buraya gəlişi də yadıma düşür. 1960-cı il idi. Nikita Sergeyeviç Xruşşov Azərbaycana gəlmişdi. O, Neft Daşlarını da görmək istəmişdi. O vaxt mən artıq Neft Daşlarında elmi-tədqiqat və istehsalat idarəsinin rəisi işləyirdim. Neft Daşlarında elmi-tədqiqat işləri və laylarda təzyiqi onlara su vurmaq yolu ilə saxlamaq vəzifəsi bizim idarəyə həvalə edilmişdi. Yeri gəlmişkən qeyd edim ki, gündə 20-22 min ton neft hasil etmək üçün hər gün laylara 30 min kubmetr su vurulurdu.
Neft Daşlarında N.S.Xruşşova göstərilmək üçün seçilmiş obyektlərdən biri də rəhbərlik etdiyim idarənin üçüncü suvurma stansiyası idi. Burada böyük təzyiqli nasoslar işləyirdi. Hərdən quyulara güclü təzyiq altında su vurmaq lazım gələndə iki nasosu birləşdirib, təzyiqi 90 atmosferə çatdırırdıq. Bəzən bu, su nasosları gövdəsinin, yaxud qapaqlarının partlaması ilə nəticələnirdi.
İş elə gətirdi ki, N.S. Xruşşov bizim sahəyə qədəm qoyanda, tərslikdən, birbaşa bu nasoslara tərəf getməyə başladı. Mən bərk təşvişə düşdüm, fikirləşdim ki, Allah eləməmiş, nasosların birində qəflətən partlayış olsa, onda neyləyərik? Axı bunu təxribat kimi də qələmə verə bilərdilər! Odur ki, cəld tərpənib, sovet rəhbərinin qarşısını kəsdim və dedim:
Bolğşoe Vam spasibo, doroqoy Nikita Serqeeviç, za to, çto Vı k nam priexali. (“Əziz Nikita Sergeyeviç, çox sağ olun ki, bizə gəlmisiniz”).
Bu sözlərdən sonra Nikita Xruşşovu müşayiət edən şəxslər də dayandılar və elə oradaca istehsalata dair söhbət başlandı. O vaxt N.S.Xruşşov sahil ilə Neft Daşları arasında vertolyotların uçuşlarını təşkil etməyi tapşırdı və bu marşrutda vertolyotlar elə həmin ildən uçmağa başladı. Xruşşovun ikinci təklifi də kifayət qədər orijinal və maraqlı idi. O, Neft Daşları sahəsində quru yerin az olduğunu nəzərə alıb burada doqquzmərtəbəli yataqxanalar tikməyi məsləhət gördü və belə bir yataqxana inşa edildi.
Bir-birindən kəskin şəkildə fərqlənən çoxsaylı geoloji obyektlərinə və zəngin neft ehtiyatına görə unikal yataq olan Neft Daşlarının işlənməsinin böyük bir mərhələsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Neft Daşlarında dəfələrlə olmuş, dəniz neftçilərinin əməyini daim yüksək qiymətləndirmişdi. Neft Daşlarının 25 illik yubileyinə isə o, SSRİ neft sənayesi naziri Valentin Dmitriyeviç Şaşinlə birlikdə gəlmişdi. Ulu Öndərimiz yubiley mərasimində dəniz neftçiləri ilə, onların hünəri ilə fəxr etdiyini dedi. O, Xəzər neftçilərinə xüsusi qayğı göstərirdi. Təkcə belə bir faktı qeyd edim ki, Ümummilli Liderimizin respublikaya rəhbərlik etdiyi 70-ci illərdə neftçilər üçün tikilən mənzillərin sayı rekord həddə çatmışdı. Neftçilərin 95 faizindən çoxunun mənzil problemi həll olunmuşdu. Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi illərdə də Heydər Əliyev ölkəmizin neft sənayesinin inkişafında Neft Daşlarının rolunu xüsusi qeyd edirdi. Deyirdi ki, Azərbaycanın “Yeni neft strategiyasının maddi və elmi təməli məhz Neft Daşları ilə qoyulmuşdur”.
Vaxtilə Neft Daşlarından başlanmış və 25 il bundan qabaq bizi “Azəri”, “Çıraq” və “Günəşli” (dərinsulu hissə) yataqları üzrə “Əsrin müqaviləsi”nə, daha sonra “Şahdəniz”, “Ümid”, “Abşeron” kimi nəhəng və iri qaz-kondensat yataqlarına gətirib çıxarmış böyük neft epopeyasının yeni parlaq səhifələri Heydər Əliyevin neft strategiyasının layiqli davamçısı - möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yazılır. Cənab İlham Əliyev Neft Daşlarının 55 və 60 illik yubileylərini burada bizimlə birlikdə qeyd etdi. 2009-cu ildə “Möcüzələr adası”nın 60 illiyinə həsr olunmuş mərasimdəki çıxışında Prezident dedi ki, “Neft Daşları həmişə Azərbaycan xalqının qəlbində yaşayacaqdır...Neft Daşları Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl inkişaf nümunəsidir. Azərbaycanda neftçilər bütün dövrlərdə böyük hörmətə malik adamlar olmuşlar, bu gün də belədir. Neftçi peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlət tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə olacaqdır”. Prezidentimiz belə bir həqiqəti xüsusi vurğulamışdır ki, “neft sənayesinin və neftçilərin ölkəmizin inkişafında çox böyük rolu, çox böyük xüsusi çəkisi vardır”.
Yubiley günündə Prezident SOCAR-ın rəhbərliyi ilə birlikdə Neft Daşlarının ərazisini gəzdi, dəniz mədənlərindəki yeniliklərlə, neftçilərin gördükləri işlərlə tanış oldu.
Burada “Neft Daşları” yatağının kəşfinin və işlənilməsinin Azərbaycanda neft sənayesinin inkişafında və dünyanın yanacaq-energetika potensialının artırılmasında rolu barəsində fikirlərimi bölüşmək istəyirəm:
- Bu yataq neft-qaz sənayesinin inkişafında yeni mərhələnin - dəniz yataqlarının mənimsənilməsi mərhələsinin başlanğıcını qoydu;
- Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Ötən illərdə Neft Daşlarında meydançalarla birlikdə təxminən 300 kilometr estakada inşa edilib;
- Neft Daşları Azərbaycanda neft hasilatının artmasına təkan verdi. Respublikada illik neft hasilatı 1948-ci ildəki 14 milyon tondan 1966-cı ildə 22 milyon tona çatdı.
- Dünya təcrübəsində ilk dəfə olaraq dənizdə laylara suvurma metodu məhz “Neft Daşları”nda tətbiq edildi. İşlənmənin əvvəlindən bəri Neft daşlarında laylara 268 milyon ton su vurulmuş, bunun da nəticəsində quyuların fontan üsulu ilə işləməsinin müddəti xeyli uzadılmışdır. Su vurulan horizontlardan indiyədək 108 milyon ton neft çıxarılmışdırsa, bunun 24 milyon tonu suvurma nəticəsində əldə edilən əlavə neftdir.
- “Neft Daşları” açıq dənizdə təcrübəli kadrların hazırlanması üçün praktiki bir məktəb oldu Həmin mütəxəssislər nəinki Azərbaycanda və keçmiş SSRİ-də, həmçinin dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə işləyirdilər;
- Abşeron-Balxanyanı qalxımından neft alınması sonradan “Azəri-Çıraq-Günəşli” kimi yataqların açılmasına zəmin yaratdı;
- Dünyada dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının əsasını qoymuş Neft Daşlarının kəşfi təkcə keçmiş SSRİ-də - Xəzərdə, Oxot, Barents dənizlərində, Qara dənizdə deyil, həm də dünyanın bütün dəniz və okean akvatoriyalarında - Meksika körfəzində, Şimal dənizində axtarış-kəşfiyyat işlərinin inkişafına güclü təkan verdi. Hazırda dünya üzrə axtarış-kəşfiyyat işlərinin və karbohidrogen hasilatının böyük bir hissəsi dəniz akvatoriyalarının payına düşür. Dünya okeanları və dənizlərinin şelfində işlərin miqyası sürətlə genişlənir. Suyun dərinliyi min metrdən çox olan sahələrdə karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesi gedir və biz fəxrlə deyə bilərik ki, bu böyük prosesin təməlini Azərbaycan neftçiləri qoymuşlar.
Artıq qeyd etdiyim kimi, Neft Daşları yatağında qalıq neft ehtiyatının çıxarılması işləri hələ 15-20 il davam edə bilər. Lakin fikrimizcə, Neft Daşları yatağının çıxarıla bilən qalıq neft ehtiyatı bundan sonra da əhəmiyyətli dərəcədə artırıla bilər. Hazırda bu istiqamətdə perspektiv proqramlar işlənib həyata keçirilir. Həmin proqramlar əsasında əlavə hidrotexniki qurğular tikilir, texnoloji obyektlər təmir və bərpa edilir, yeni quyular qazılır, neft hasilatının artırılması üçün elmi-tədqiqat və sınaq-təcrübə işləri aparılır.
Eyni zamanda, ekoloji məsələlər unudulmur. Tərtib edilmiş ekoloji proqramlar əsasında əhəmiyyətli tədbirlər həyata keçirilir. Məsələn, gündəlik gücü 500 kubmetr olan bioloji təmizləmə qurğusu yenidən qurulmuşdur. Neft Daşlarında içməli su problemi müasir bir qurğunun inşası ilə birdəfəlik həll edilmişdir. Köhnə estakadaların sökülməsi prosesi davam etdirilir. Yeni tikilən özüllərdən qazma işləri ekoloji baxımdan daha müasir və təhlükəsiz metodlarla, o cümlədən eyni bir dəzgahla maili istiqamətləndirilmiş bir neçə quyunun qazılması üsulu ilə həyata keçirilir.
Bu gün Neft Daşları abad bir dəniz şəhəridir. Hazırda bu şəhərdə 1654 dəniz neftçisi yaşayır və işləyir (slayd 16).
Möcüzələr adasının bugünkü mənzərələri görənləri valeh edir. Onun sosial həyatı tamamilə dəyişib. Neftçilər üçün burada beynəlxalq standartlara uyğun əmək və məişət şəraiti yaradılıb. Binalar zövqlə təmir edilib, yeni idman qurğuları, mədəniyyət və iaşə obyektləri inşa olunub, gözəl parklar salınıb. Burada Ümummilli Liderimizin abidəsi ucaldılıb, Heydər Əliyev muzeyi yaradılıb. Muzeyin eksponatları Ulu Öndərin zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətini, onun neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirir. Muzeydə neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini əks etdirən eksponatlara da geniş yer ayrılıb.
Neft Daşlarında 1957-ci ilin noyabrında baş vermiş güclü qasırğada həlak olmuş Xəzər fatehlərinin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhid neftçilərin xatirəsinə əbədi ehtiram ifadəsi olaraq möhtəşəm abidə də ucaldılıb.
Neft Daşları Azərbaycan neftçilərinin yaşlı nəslinin qiymətli yadigarıdır. Bu gün də o, “möcüzələr adası” olaraq qalır və insanlar bu möcüzəni indi də ziyarət etməyə can atırlar. Dünya ölkələrinin hökumət başçılarını, parlament üzvlərini, alimləri, yazıçı və şairləri, mədəniyyət və incəsənət xadimlərini buraya cəlb edən, yalnız neft və bu dəniz şəhərinin bənzərsiz mənzərələri deyil, həm də coşqun Xəzəri ram edən insanların iradəsi və qəhrəmanlığıdır.
Mən Neft Daşlarının veteranlarını, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin işçilərini və onlarla birlikdə bütün dəniz neftçilərini şanlı yubiley münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür və yeni nailiyyətlər arzulayıram.

 

 

 

Xoşbəxt Yusifzadə,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti,
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki

Published in İqtisadiyyat
Çərşənbə axşamı, 05 Noyabr 2019 09:05

Radio və televiziya işçilərinin peşə bayramı qeyd edilib

Son vaxtlar efir məkanında bir-birindən maraqlı layihələri, verilişləri ilə tamaşaçıların diqqətini cəlb edən, istedadlı jurnalist Rövşən Məmmədovun sədrlik etdiyi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 4-də Akademik Opera və Balet Teatrında tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov radio və televiziya günü münasibətilə teleradio işçilərini təbrik edib. Prezidentin köməkçisi teleradio fəaliyyətinin Azərbaycan mədəniyyətinin güzgüsü olduğunu bildirib. Qeyd edib ki, teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin və incəsənətinin formalaşmasında mühüm rol oynayıb. Teleradio, eyni zamanda, Azərbaycanın siyasi salnaməsini yaradır və onun ən yaxşı nümunələrini dünyada tanıdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin teleradio fəaliyyətinə böyük önəm verdiyini vurğulayan Əli Həsənov deyib ki, Azərbaycanda teleradio fəaliyyəti mühüm inkişaf yolu keçib, xüsusilə də müstəqillik illərində bu sahə xeyli inkişaf edib. Teleradio fəaliyyəti ilə məşğul olan insanlar Azərbaycan dövlətinin milli, tarixi, mədəni salnaməsini yaradırlar. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Azərbaycanda mətbuat üzərindən senzuranı götürməsi teleradio fəaliyyətinin inkişafına da mühüm təsir göstərdi. Bu gün Azərbaycanda kifayət qədər müstəqil teleradio kampaniyaları fəaliyyət göstərir. Bu teleradio kampaniyaları müasir texnologiyalar və avadanlıqlarla təmin olunub və dünyanın qabaqcıl teleradio kampaniyaları ilə rəqabət aparmaq qabiliyyətindədir. Teleradio kampaniyaları bu gün Azərbaycanı, ölkəmizin mədəniyyətini həm regionda, həm də dünyada layiqincə təbliğ edir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov deyib ki, Azərbaycanda teleradio fəaliyyəti ən mühüm fəaliyyət sahələrindən birinə çevrilib. Azərbaycanda radionun yaranmasından 93, televiziyanın yaranmasından isə 63 il keçir. Sovet dövründə məhdudiyyətlərə baxmayaraq, o zaman Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri teleradio sahəsində gözəl bədii mühit yaratmağı bacarmışdılar. Müstəqillik illərində Azərbaycanda özəl televiziya kanalları yarandı və teleradio sahəsinə bir zənginlik gəldi. Bu sahədə çalışan insanlar da çoxaldı. Kabel, internet, peyk, mobil yayım növləri fəaliyyətə başladı. Eyni zamanda, Azərbaycanda ixtisaslaşmış telekanallar meydana gəldi. Mədəniyyət, idman, xəbər kanalları yarandı və bu, teleradio sahəsində çox ciddi bir uğurdur. Bir sözlə, bu gün Azərbaycanın teleradio palitrası olduqca zəngindir. Ümummilli lider Heydər Əliyevin teleradio sahəsinə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir bədii hissə ilə davam edib.

 

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Tarixdə elə şəxsiyyətlər var ki, həmişə yadda qalır. Belə insanlardan biri də 1919-cu il noyabrın 4-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olmuş Mürsəl Qarayevdir
Mürsəl bir növ xalq həkimi idi Eyni zamanda, öz peşəsinin vurğunu, böyük professional idi...
AZƏRTAC xəbər verir ki, bu fikirlər noyabrın 4-də Azərbaycan Tibb Universitetində (ATU) görkəmli tibb xadimi, ötən əsrin 60-cı illərində Azərbaycan Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş Mürsəl Qarayevin 100 illiyi münasibətilə keçirilən tədbirdə səslənib.
Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə Bakı şəhəri 2 saylı Uşaq klinik xəstəxanasının qarşısında Mürsəl Qarayevin atası - ilk azərbaycanlı pediatr, Əməkdar elm xadimi Əbülfəz Qarayevin abidəsini ziyarət ediblər, abidənin önünə tər çiçəklər düzüblər.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında keçirilən yubiley tədbirində dövlət və hökumət rəsmiləri - Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Səhiyyə naziri Oqtay Şirəliyev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Fövqəladə Hallar nazirinin birinci müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, elm, mədəniyyət, ədəbiyyat xadimləri, ATU-nun professor-müəllim heyəti, Abşeron rayonu Fatmayı kəndinin ağsaqqalları iştirak ediblər.
Tədbirin açılışında universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək qonaqları salamladı. Rektor Mürsəl Qarayevin həyat və fəaliyyəti haqqında danışdı.
Bildirdi ki, 1919-cu ildə Bakının Fatmayı kəndində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində dünyaya gələn Mürsəl Qarayev Azərbaycan tibb elmində çoxprofilli cərrah kimi böyük nüfuz sahibi, cərrahiyyə tariximizdə ən savadlı və peşəkar insanlardan biri olub. 1938-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olan Mürsəl Qarayev 1942-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılır. Qafqaz Cəbhəsi 65-ci xüsusi motoatıcı briqadasının seçmə-qəbul məntəqəsində ordinator-cərrah işləyir. Döyüşlərin birində yaralanır və bir müddət müalicə olunandan sonra 1943-cü ilin avqust ayından müharibənin sonuna qədər orduda 482-ci Tibb-sanitar batalyonunda cərrah kimi xidmət edir. Kursk dairəsi döyüşlərində hərbi eşelonun baş həkimi olur. Budapeşt ətrafındakı döyüşlərdə daha bir dəfə yaralanır, tibb xidməti kapitanı kimi ordudan tərxis olunur. “Döyüşdə cəsurluğa görə”, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində Qələbəyə görə” medalları ilə təltif edilir.
Sonradan cərrah kimi fəaliyyətini davam etdirən Mürsəl Qarayev 1960-1964-cü illərdə Səhiyyə Nazirliyinin baş cərrahı işləyir. Namizədlik və doktorluq dissertasiyalarını müdafiə edir.
5000-dən artıq cərrahiyyə əməliyyatı edən doktor Qarayevin son iş yeri ovaxtkı Azərbaycan Dövlət Tibb İnstitutunun “Travmatologiya, ortopediya və hərbi səhra cərrahiyyəsi” kafedrasında dosent vəzifəsi olub. Görkəmli tibb xadimi 1975-ci ildə vəfat edib.
Çıxışdan sonra əlləri hər zaman insanlara şəfa, ömür bəxş edən Mürsəl Qarayevə həsr edilmiş “Cərrah” sənədli filmi nümayiş olundu.
Filmdə cərrahın peşə yoldaşlarının, dostlarının, ailə üzvləri və tələbələrinin xatirələri yer alıb. Xalq rəssamı Tahir Salahov, akademiklər Vasim Məmmədəliyev, Cəmil Əliyev, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Mürsəl Qarayevin ailə üzvləri və yaxınları - nazir Əbülfəs Qarayev, qardaşı övladları Fərəc Qarayev, Züleyxa Qarayeva, nəvələri unudulmaz insan haqqında düşüncələrini bölüşürlər. Film doktor Qarayevlə tanışlığı olmayan insanların təsəvvüründə belə onun işıqlı simasını yaradır.
Tədbirin davamında çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, Mürsəl Qarayev çox virtuoz cərrah idi. Cərrahiyyə elminin bütün sahələrinə dərindən bələd olan Mürsəl Qarayev neçə-neçə cərrahlar nəslinə nümunə olub. Onun belə peşəkar cərrah kimi yetişməsində ilk təcrübəsinin müharibə dövrünə təsadüf etməsi də rol oynayıb. Çünki o, cəbhədə, ağır şəraitdə əməliyyatlar edərkən çox vaxt təkbaşına qərar verməyə məcbur olurdu. Təbii ki, digər mühüm səbəb onun tanınmış pediatr Əbülfəz Qarayevin ailəsində doğulması idi. Əhliman Əmiraslanov cərrahla bağlı xatirələrini də bölüşdü.
Mürsəl Qarayevin yaxın qohumu - Xalq artisti, kinorejissor Oqtay Mirqasımov çıxışı zamanı filmin yaradıcı heyətinə təşəkkür etdi. Bildirdi ki, belə sənədli filmlərin çəkilməsi Azərbaycan xalqının həyatında mühüm rol oynayan ziyalıların xatirəsinin yaşadılması və gənc nəslə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. O, Azərbaycanın elm, mədəniyyət tarixinə töhfələr vermiş Qarayevlər və Mirqasımovlar nəslinin davamçısı olmasından qürur duyduğunu dilə gətirdi. Vurğuladı ki, Mürsəl Qarayev onun üçün həmişə nümunə və parlaq bir obraz olub.
Fövqəladə Hallar nazirinin birinci müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə xatirələrini bölüşərək, Mürsəl Qarayevin müəllim kimi gözəl xüsusiyyətlərindən söz açıb. Bildirib ki, o, öz nəslinin parlaq təmsilçisi idi. Azərbaycan cərrahlıq məktəbinin qızıl nəslinin nümayəndəsi olan Mürsəl müəllim ən çətin, çıxılmaz vəziyyətlərdə belə hökmən bir çıxış yolu tapırdı. Böyük məktəb keçən cərrah qeyri-peşəkarlığa qarşı sərt bir şəxsiyyət idi. Görünür, müharibəni keçməsi, hərbi-səhra cərrahlığı təcrübəsi onda tez və qeyri-adi çıxış yolları tapmaq vərdişi yaratmışdı.
Daha sonra filmin ssenari müəlliflərindən olan Səlim Babullaoğlu çıxış edib. O, filmin ərsəyə gəlməsi, həmçinin tərtibçisi olduğu “Doktor Qarayev” kitabı ilə bağlı düşüncələrini bölüşüb. Vurğulayıb ki, Mürsəl Qarayev həyatını ləyaqətlə, peşəsini sevə-sevə yaşayıb. İnsanların həyatını xilas edərək yaşadı, onu həyat və şəfa bəxş etdiyi insanların ümid və inamı böyütdü: “O hesab edirdi ki, həkim mütləq vətənpərvər və gözütox olmalıdır. Heç nədən qorxmamalıdır. Gənc həmkarları ilə zəngin təcrübəsini bölüşər, gənclər də onunla tez-tez məsləhətləşərdilər”.
Səlim Babullaoğlu filmin yaradıcı heyətinə, ssenari müəlliflərindən biri və həm də ekran əsərinin rejissoru olan Əməkdar artist Rafiq Haşımova, operator Rüfət Süleymanova təşəkkürünü bildirib.
Tədbirin sonunda Mürsəl Qarayevin ailəsi adından Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib. O, tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək vurğulayıb ki, ölkəmizdə tanınmış elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mürsəl Qarayevin yubileyinin keçirilməsi ölkə rəhbərliyinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin görkəmli insanlarının xatirəsinə diqqətinin təzahürüdür.
Əbülfəs Qarayev təqdim olunan filmin və kitabın müəlliflərinə təşəkkür edib. Bildirib ki, hər bir xalqın görkəmli nümayəndələrinin tarixdə qalması üçün incəsənətin, mədəniyyətin böyük rolu var: “Kitabda və filmdə yaddaqalan anlar, xatirələr yer alıb. Atamın fəaliyyəti əks olunub. Filmi izlədikcə, orada səslənən fikirləri eşitdikcə bir daha əmin oluruq ki, bu insan həyatını hədər yaşamayıb”.
Sonda tədbir iştirakçılarına “Doktor Qarayev” xatirə kitabı hədiyyə edilib.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Noyabrın 2-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında 2020-2021-ci tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib. Tədbirə 600-dən çox şagird qatılıb.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçi “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib.
Bildirib ki, oktyabrın 29-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçinin Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə görüşü zamanı həm Moskvada yerləşən təhsil ocağının, həm də onun filiallarının yerləşdikləri ölkədə təhsilin inkişafına töhfəsi qeyd edilib, habelə yeni filialların açılması barədə razılıq əldə olunub. “Bir sıra obyektiv göstəricilər, o cümlədən qəbul olunan tələbələrin sayı, professor-müəllim heyəti, magistraturanın sayı, maddi-texniki baza baxımından əminliklə demək olar ki, Bakı Filialı MDU-nun digər filialları arasında liderdir. Eləcə də Bakı Filialı Azərbaycanda universitetlər arasında aparıcı ali təhsil müəssisələrindən biridir. Bu il fəaliyyətə başlamasının 11 illiyini qeyd edən Bakı Filialı daim inkişaf edir. Əgər 2008-ci ildə filial üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri ilə fəaliyyətə başlayıbsa, sonralar psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb. 2020-ci ildə fizika fakültəsində bakalavr üzrə ilk məzun buraxılışı olacaq. Həmçinin 2020-ci ildən fizika fakültəsi magistratura təhsilinə başlayır. Beləliklə, filialda bütün fakültələr üzrə magistratura fəaliyyət göstərəcək. Bu və digər uğurlar MDU-nun Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevanın böyük xidmətləri sayəsində reallaşıb. Həmçinin MDU-nun rektoru Viktor Sadovniçi Bakı Filialına lazım olan köməyi hər zaman göstərib. Filial təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycanda nüfuzlu elmi-tədris mərkəzidir. Yəni burada elmi tədqiqatlar da aparmaq mümkündür. MDU-nun Bakı Filialı Belarusun, Qazaxıstanın, Rusiyanın (Moskva) elmi, pedaqoji mərkəzləri ilə birgə layihələr reallaşdırır. Tələblər müxtəlif ölkələrdə təcrübə keçirlər. Bakı Filialı 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi edib. 2017-ci ildən etibarən burada Rus Coğrafiya Cəmiyyətinin “Coğrafi imla” tədbiri keçirilir. Hər həftənin şənbə-bazar günlərində filialda (Elmlər Akademiyası metrosunun yaxınlığında) MDU-nun müəllimləri bazar günü məktəbi keçirlər. Bütün məşğələlər pulsuzdur. Filialın tələbələri nəinki keyfiyyətli tədris alır, həmçinin özlərinə yeni dostlar, o cümlədən MDU-nun müəllimləri simasında dostlar qazanırlar”, - deyə professor Yuri Sadovniçi vurğulayıb.
Xatırladaq ki, filialda tədris 2012-ci ildən əsasən Xocasəndə yerləşən mükəmməl kampusda aparılır. Burada tələbələrin təhsili və istirahəti üçün hər cür şərait yaradılıb. Tədris rus dilində, əyani təhsil formasında, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir. Məzunlara bütün dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir. Bu müddət ərzində təqribən 700 məzun MDU-nun diplomunu alıb. Onlar Azərbaycanda və xaricdə müxtəlif nüfuzlu qurumlarda çalışırlar.
Qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi, diferensial həndəsə və tətbiqlər kafedrasının dosenti Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, qəbulla bağlı bütün məlumatları M.V.Lomonosov adına MDU-nun Mərkəzi Qəbul Komissiyasının http://cpk.msu.ru/ və Bakı Filialının http://msu.az/ saytlarından öyrənmək mümkündür.
MDU-nun Bakı filialında həm dövlət sifarişi, həm də ödəniş əsasında təhsil almaq olar.
2020-2021-ci tədris ilində filologiya fakültəsində dövlət sifarişi əsasında 30 yer (o cümlədən “Rus dili və ədəbiyyatı” tədris proqramı üzrə 10, “Müasir Qərbi Avropa dilləri və ədəbiyyatı” tədris proqramı, fransız, ispan, italyan və ingilis dilləri üzrə 20) və 3 ödənişli yer nəzərdə tutulur. Tətbiqi riyaziyyat fakültəsində 26 yer (25-i dövlət sifarişi, 1-i ödənişli), kimya fakültəsində 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli), psixologiya fakültəsində 30 yer (25-i dövlət sifarişli, 5-i ödənişli), fizika fakültəsində 26 yer (25-i dövlət sifarişli və 1-i ödənişli) planlaşdırılır. İqtisadiyyat fakültəsində 27 yer - dövlət sifarişli 25 yer (iqtisadiyyat üzrə 13, menecment üzrə 12) və 2 ödənişli yer (1 iqtisadiyyat, 1 menecment) ayrılıb. Bütün imtahanlar yazılıdır.
Magistraturaya 6 fakültə üzrə qəbul aparılacaq. Filologiya fakültəsi üzrə 16 yer - dövlət sifarişi əsasında 11, ödənişli 5 yer ayrılıb. Tətbiqi riyaziyyat fakültəsində 6 yer (5-i dövlət sifarişli, 1-ödənişli), kimya fakültəsində 7 yer (6-sı dövlət sifarişli, 1-i ödənişli), psixologiya fakültəsində 14 yer (12-si dövlət sifarişli, 2-si ödənişli), iqtisadiyyat fakültəsində 12 (10-u dövlət sifarişli, 2-si ödənişli), fizika fakültəsində 6 yer (5-i dövlət sifarişli, 1-i ödənişli) nəzərdə tutulur.
Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün təhsil pulsuzdur. Həmçinin əvvəllər pulsuz təhsil almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.
Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən ixtisas qrupu üzrə azı 150 bal toplamaq tələb olunur.
Ərizələri yalnız bir fakültəyə vermək olar. Lakin fakültədə bir neçə tədris proqramı varsa, bütün istiqamətlər üzrə ərizə vermək mümkündür, eyni zamanda, prioriteti göstərmək lazımdır. Qəbul barədə ərizə elektron formada, elektron rəqəmsal imza - FİN kod əsasında verilə bilər. Ərizə forması http://msu.az/ saytında və ya DİM-in saytında (http://dim.gov.az/) doldurula bilər. Sualı olanlar Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına yaza bilərlər.
Dövlət büdcəsi hesabına təhsil almış Azərbaycan vətəndaşları, əvvəllər pulsuz təhsil almış və Azərbaycanda daimi yaşayan əcnəbilər MDU-nun Bakı filialında ödənişli əsasla təhsil ala bilərlər.
Ali təhsil müəssisəsinin fizika fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Aleksandr Saletski diqqətə çatdırıb ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yalnız Bakı Filialında fizika fakültəsi fəaliyyət göstərir. Fakültədə fizika fənni, həmçinin riyaziyyat yüksək səviyyədə tədris olunur. Ümumiyyətlə, fizika fakültəsi MDU-nun ən güclü fakültələrindən biridir. Onu tez-tez Nobel mükafatı laureatları fakültəsi də adlandırırlar. Belə ki, Rusiyada fizika üzrə 10 Nobel mükafatçısından 9-u ya Moskvada MDU-nun bu fakültəsinin məzunu olub, ya da orada çalışıb. Bakı Filialında fakültənin laboratoriyaları ən müasir avadanlıqla təchiz edilib və istənilən elmi təcrübəni aparmağa imkan var.
MDU-nun tətbiqi riyaziyyat fakültəsi üzrə elmi-tədris işinin əlaqələndirilməsinə məsul, fizika-riyaziyyat elmləri namizədi, ümumi topologiya və həndəsə kafedrasının böyük elmi işçisi Yevgeni Mıçka çıxışında qeyd edib ki, fakültədə oxumaq çətindir, lakin məzunların iş problemi olmur. Məzunlar müxtəlif dövlət qurumlarına, həmçinin BP, SOCAR, “Azercell”, “Azərkosmos” və digər nüfuzlu şirkətlərə işə düzəlir, maliyyə, bank sahələrində, sığorta şirkətlərində işləyirlər. Onlar nəinki Azərbaycanda, xaricdə də işləyə bilirlər. Fakültədə tədrislə yanaşı, elmi fəaliyyət də aparılır. İkinci kursdan başlayaraq tələbə elmi rəhbərlə işləyir və burada keçirilən elmi konfransa məruzə hazırlayır. Ən yaxşı məruzə Moskvaya, MDU-ya göndərilir. Fakültənin ən yaxşı tələbələri müxtəlif müsabiqələrdə, konfranslarda iştirak edirlər. Magistraturadan sonra Moskvada aspirantura təhsili almaq imkanı da var.
Filialın filologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul olan, MDU-nun rus dili kafedrasının dosenti Valeriya Baqryantseva qeyd edib ki, tədris rus dilində aparıldığı üçün hər fakültədə qəbul imtahanına rus dili fənni daxil edilib. “Gələcəyin kimyaçısının, fizikinin, iqtisadçısının rus dilini nə dərəcədə bilməyi bizim üçün vacibdir. Rus dili fənnindən imtahan ifadə yazı formasında və bütün fakültələr üzrə eyni gündə keçirilir. İfadə yazı mətni 350-dək sözdən ibarətdir. Abituriyentin vəzifəsi iki dəfə və çox asta sürətlə oxunacaq mətnə diqqətlə qulaq asaraq orada əksini tapan bütün informasiyanı rus dilinin yazı qaydalarına riayət etməklə yazmaqdır”, - deyə Valeriya Baqryantseva bildirib.
MDU-nun kimya fakültəsinin aparıcı elmi işçisi, kimya elmləri doktoru Yekaterina Lokteva deyib ki, informasiya texnologiyaları istisna olmaqla, sənayenin bütün istiqamətlərində kimyaçılara ehtiyac var. “MDU-nun Bakı Filialında kimya fənni çox yüksək səviyyədə tədris edilir. Ali təhsil müəssisələrinin reytinqi bir çox hallarda kimya üzrə tərtib olunur ki, bu sahədə də MDU çox yüksək göstəriciyə malikdir. Həm Moskvada, həm də Bakıda kimya fakültəsinin laboratoriyaları ən müasir avadanlıqla təchiz edilib. Bu fakültənin məzunları nüfuzlu şirkətdə işləyirlər”, - deyə Yekaterina Lokteva vurğulayıb.
MDU-nun psixologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, ümumi psixologiya fakültəsinin baş müəllimi Leonid Babanin diqqətə çatdırıb ki, fakültənin məzunları iş tapmaqda əsla çətinlik çəkmir. Magistraturadan sonra Moskvada aspirantura təhsili də almaq mümkündür. Qəbul zamanı MDU-nun proqramı əsasında biologiya fənnindən imtahan verildiyi nəzərə alınaraq, Bakı Filialında biologiya üzrə bazar günü məktəbi təşkil edilir ki, bu da abituriyentlərin biliklərini artırmağa imkan yaradır. Başqa ali məktəbləri bitirənlər də MDU-nun Bakı Filialına psixologiyadan magistratura təhsili üçün müraciət edirlər.
İqtisad fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, dünya iqtisadiyyatı kafedrasının elmi işçisi, iqtisad elmləri namizədi Ceyhun Hüseynov xatırladıb ki, 2012-ci ildə yaradılmış fakültənin indiyədək iqtisadiyyat ixtisası üzrə 51 bakalavr, menecment üzrə 39 bakalavr və 17 menecment magistr məzunu olub. Onlar iqtisadiyyatın ən müxtəlif sahələrində - həm dövlət sektorunda (Azərbaycan Dövlət Dəmir Yolları, AFFA, Azərbaycanın Mərkəzi Bankı və s.), həm də özəl şirkətlərdə (Kapital Bank, PwC, Ernst&Young, Encotec, Bakcell və s.) uğurla fəaliyyət göstərirlər. Universitetin Bakı Filialında bu yaxınlarda “Menecerin və iqtisadçının kabineti” interaktiv təlim metodları laboratoriyası açılıb.
Qeyd edək ki, bu laboratoriya master-klasslar, debatlar, konkret vəziyyətlərin təhlili (case-study), dəyirmi masa formatında diskussiyalar, beyin hücumu (brainstorming) və digər növ interaktiv təlim metodları üçün nəzərdə tutulan xüsusi avadanlıqla təchiz edilib. Bütün bunlar tələbələrdə ictimaiyyət qarşısında çıxış etmək, əsaslı diskussiya aparmaq, təqdimatlar hazırlamaq, müsahibədən uğurla keçmək kimi keyfiyyətləri formalaşdırmağa yönəlib.
“Açıq qapı” günündə çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Sonra onlara xüsusi avtobuslarda Xocasəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb.
Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.

 

 

 

AZƏRTAC

Published in Elm və təhsil
Çərşənbə axşamı, 05 Noyabr 2019 08:59

Cəfər Cabbarlının 120 illik yubileyi AzTU-da qeyd olundu

Azərbaycan Texniki Universitetində (AzTU) görkəmli şair, yazıçı-dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük ədibin yubileyi ilə bağlı imzaladığı 17 dekabr 2018-ci il tarixli sərəncamına uyğun keçirilən təntənəli mərasimi açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev dahi yazıçının zəngin yaradıcılığından söz açıb və Texniki Universitetin ədəbi mövzulara diqqətinin önəmini vurğulayıb. Professor V.Vəliyev C.Cabbarlı yaradıcılığının əsas mövzuları olan vətənpərvərlik, qəhrəmanlıq və əbədi sevginin bu gün də gənc nəslin formalaşmasında böyük rolu olduğunu qeyd edib. Rektor bunu da xatırladıb ki, C.Cabbarlı AzTU-nun sələfləri sırasında olan Bakı Politexnikumunun məzunu olub.

Cəfər Cabbarlı yaradıcılığının tanınmış tədqiqatçısı, professor Tahirə xanım Məmməd isə çıxışında böyük sənətkarın həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı maraqlı, az bilinən faktları iştirakçıların diqqətinə çatdırıb. Daha sonra ulu öndər Heydər Əliyevin C.Cabbarlının heykəlinin ucaldılması prosesi ilə bağlı tarixi açıqlaması və fikirlərinin yer aldığı videoçarx nümayiş etdirilib.

Yubiley tədbiri tələbələrin ifasında şeir və mahnıların səsləndirilməsi ilə davam edib. Onların ifasında “Oqtay Eloğlu” əsərindən bir parça oynanılıb və tələbələr, həmçinin, gənc Cəfərin Nuru Paşa ilə görüş səhnəsini canlandırıblar.

Respublikanın Əməkdar artisti Fehruz Səxavətin ifasında “Azad bir quşdum”, AzTV-nin solisti Nicat Cəfərzadənin ifasında “Tellər oynadı” və tanınmış müğənni Vüsal Hacıyevin ifasında “Gərək Günəş dağları aşıb sönməyəydi” mahnıları alqışlarla qarşılanıb.

Gənc müğənnilər Aydan və Fidan Süleymanzadələrin ifasında sözləri və musiqisi C.Cabbarlıya aid olan “Zalım yar” mahnısı maraqla dinlənilib.

Dahi ədibin nəvəsi, C.Cabbarlı Ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı yubiley tədbirinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq başda rektor Vilayət Vəliyev olmaqla AzTU-nun kollektivinə öz minnətdarlığını bildirib.

Yubiley tədbiri AzTU tələbəsinin ifasında “Çırpınırdı Qara dəniz...” mahnısının sədaları altında yekunlaşıb.

 

Nəriman CAVADOV,

“Respublika”.

Published in Digər xəbərlər
Çərşənbə axşamı, 05 Noyabr 2019 08:58

ÖLKƏNİN HƏYAT ARTERİYASI

Samur-Abşeron suvarma sistemi və Taxtakörpü su anbarı haqqında məhz belə demək olar

Published in İqtisadiyyat
Çərşənbə axşamı, 05 Noyabr 2019 08:58

Milli-mədəni düşüncə sisteminin “kitab” konsepti

“Kitab” hər bir milli-mədəni düşüncə sisteminin ana konseptlərindən biridir. Hər bir etnos öz “kitabı” ilə xalq və millət səviyyəsinə qalxa bilir. “Bitik”dən “kitab”a qədər nəhəng bir mədəniyyət tarixi yaşamış Azərbaycan milli-ideoloji düşüncə sistemi üçün də “kitab” taleyüklü düşüncə konsepti və mədəniyyət hadisəsidir. Tanınmış şair, filologiya elmləri doktoru, folklorşünas alim İslam Sadığın bu günlərdə çap olunmuş “Azərbaycanda kitab mədəniyyəti” (Bakı, “Renessans-A” nəşriyyatı, 248 s.) adlı yeni əsərinin də əsas qayəsini bu ideya - kitabın milli-ideoloji varlığımızın ana sütunlarından biri olması təşkil edir.
İ.Sadıq akademik statusu etibarilə folklorşünas olsa da, onu bütün elmi, bədii və publisistik yaradıcılığı ilə “Azərbaycanşünas” adlandırmaq daha doğru olar. O, istər folkorşünaslıq, istər şumerşünaslıq, istərsə də publisistik yaradıcılığı ilə Azərbaycan milli kimliyinin ana qaynaqlarını araşdırmaqla məşğuldur. Bu cəhətdən alimin “Azərbaycanda kitab mədəniyyəti” əsəri də öz konseptual mahiyyəti ilə “kitab” anlayışının türk-şumer qaynaqlarına bağlanır.
“Azərbaycanda kitab mədəniyyəti” əsəri səkkiz fəsildən ibarətdir. Əsərin “Kitab anlayışı. Qədim kitablar” adlanan birinci fəslində “Kitab nədir” sualından tutmuş yazının kəşfi, yazının kitaba transformasiyası, qədim kitablar, kitab mədəniyyəti, kitabın cəmiyyətdə rolu kimi məsələlərdən bəhs olunur.
“Kitab” İslam müəllimin baxışlar sistemində geniş məna tutumuna malik konsept olaraq modelləşdirilmişdir. İ.Sadıq bu anlayışın ənənəvi mənasını genişləndirərək, oraya yazının, haqlı olaraq, bütün simvolik sistemlərini daxil etmişdir. Bu cəhətdən müəllifin “Azərbaycan xalçaçılığında bir “kətəbə” termini var. Xalçanın aşağı hissəsində kitaba oxşayan bir yerə kətəbə deyirlər”, fikri “kitab” anlayışının semantik tutumunu bizim adət etdiyimiz obrazından çıxararaq, ənənəvi mədəniyyətin milli düşüncənin arxetipik simvolları ilə “oxunan” bütün semiotik vahidlərini, o cümlədən xalçaları həmin anlayışın məna çevrəsinə daxil edir. Bu mənada əsərin “Azərbaycanda kitab” adlanan ikinci fəsli qədim qaya təsvirlərini “kitab” paradiqmasında əsaslandıran “Qobustan və Gəmiqaya dünyanın ilk açıq kitab muzeyidir” bölümü ilə başlayır. İslam müəllim bu fəsildə türk xalqlarında yazı və əlifba məsələləri, Azərbaycanın qədim kitabları, o cümlədən əlyazma kitabları, ilk mətbəələrin yaranması, Azərbaycan kitabı, ilk milli çap kitabları, Azərbaycanda kitab və nəşriyyat tarixinin öyrənilməsi kimi məsələləri əhatə etmişdir.
Müəllifin ikinci fəsildə irəli sürdüyü və əsaslandırdığı ana tezislərindən biri onun “digər xalqlarda olmayan, yalnız Azərbaycanda yaradılmış kitab növlərinin olması” haqqında fikridir. İslam Sadığa görə, bunlar milli sənət və sənətkarlıqla bağlı olaraq yaranmış kitablardır. Müəllif belə kitablar sırasına xalçalarla yanaşı, tikmələri, ipək parça yazılarını, o cümlədən kələğayı yazılarını və s. daxil etmişdir.
Tikmələrdən danışan müəllif göstərir ki, onlarda xalçalarda olduğu kimi, çoxlu rəmzlərdən, süjetlərdən istifadə olunmuşdur. Bunlar şəkli yazılardır. Hər bir rəmz və süjet müəyyən fikrin istifadəsi üçün seçilmişdir. Bundan başqa, xalçalarda olduğu kimi, tikmələrdə də müəyyən adların, tarixlərin və sözlərin yazıldığını görürük. Həmin yazılar da sinələri sözlə dolu olan analarımızın, nənələrimizin fikir və düşünclərini ifadə etmişdir. Deməli, tikmələri də kitabın bir növü adlandırsaq, yanılmarıq.
Əlbəttə, İ.Sadığın bu fikri “kitab” dedikdə gözümüzün qabağına ənənəvi kitab obrazı gələn bizlərə bir qədər “çöçun” (qəribə) görünə bilər. Ancaq bütün məna tutumu “yazı” sözünə müncər olunan “kitab”ın, onun şəklinin və hazırlandığı materialın necə və nədən olmasından asılı olmayaraq, “yazılı bilgi” çatdıran obyekt olduğunu nəzərə aldığımızda müəllifin yanaşmasına haqq verməyə bilmirik. Bir sinkretik mədəniyyət hadisəsi olaraq xalçalar, tikmələr və s. ənənəvi mədəniyyətdə həm də həmin mədəniyyətin semiotik özünüifadə dilləri, etnokosmik informasiyanın daşındığı və ötürüldüyü “kitab” rolunu oynayırdı. Bu cəhətdən İ.Sadığın Azərbaycan kitabının növləri olaraq təqdim etdiyi aşağıdakı siyahı “kitab” anlayışının müasir olduğu qədər, arxetiplərini də əhatə edərək, bizim təsəvvürlərimizi dolğunlaşdırır:
1. Qar kitablar (qarüstü uşaq yazıları);
2. Ağac kitablar;
3. Daş kitablar;
4. Sümük kitablar;
5. Metal kitablar;
6. Saxsı kitablar;
7. Gil kitablar;
8. Dəri kitablar;
9. Yarpaq kitablar;
10. Papirus kitablar;
11. Mum kitablar;
12. Xalça kitablar;
13. Tikmə kitablar;
14. İpək kitablar;
15. Kağız kitablar;
16. Elektron kitablar.
Qeyd edək ki, İ.Sadığın Azərbaycan kitabının növləri kimi müəyyənləşdirdiyi bu cədvəl-siyahı milli mədəniyyət tariximizin gerçəkliklərini özündə əks etdirməklə yanaşı, müəllifin dünya kitabşünaslıq elmi fikri dövriyyəsinə daxil etdiyi yeni tematik təsnifatdır.
Kitabın üçüncü fəsli “Azərbaycan ziyalıları və kitab” adlanır. Burada Azərbaycan bədii fikir tarixinin Nizami Gəncəvi, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Nəriman Nərimanov kimi simalarını kitab haqqında kəlamlarından tutmuş, milli kitab mədəniyyətinin formalaşmasındakı rol və fəaliyyətlərinə qədər əhatə olunmuşdur. İ.Sadıq orta əsrlərin “kitab” konseptindən bəhs edərkən ümumən orta əsrlər düşüncəsinin dünyanı “Böyük kitab” (Kitabi-əkbər), insanı isə “Kiçik kitab” (Kitabi-əsğər) hesab etməsi kimi fundamental təsəvvüfi-irfani konsepsiyaya əsaslanır. Bu cəhətdən alimin kitabının üçüncü fəsli “kitab” anlayışının, sadəcə, orta əsrlərdən müasir dövrə qədər “görünən” cəhətlərinin sistemləşdirilməsinə yox, bu anlayışın milli-mədəni düşüncə sistemindəki konseptual modelinin gerçəkləşdyi realilərin sistemləşdirilməsinə əsaslanır.
Kitabın digər fəsillərində Azərbaycanda kitab mədəniyyəti statistik-təsviri kontekstdə təqdim olunmuşdur. Belə ki, kitabın “Çap maşını və kitab nəşri” adlanan fəslində çap maşınının kəşfi, kitab nəşrinin mətbəə mərhələsi, poliqrafiya materialları kimi məsələlərdən bəhs edilir.
Müəllif əsərin “Azərbaycan Dövlət Nəşriyyatı” adlanan növbəti fəslində “Azərnəşr”in yaranma tarixi, fəaliyyəti, onun bazasında yaranmış digər nəşriyyatlar, Azərbaycanda kitab mədəniyyətinin inkişafında rolu, nəşriyyatın quruluşu kimi məsələləri əhatə etmişdir.
“Azərbaycanda kitab mədəniyyəti” əsərinin altıncı fəsli kitabın texniki göstəricilərindən bəhs etməklə praktiki xarakter daşıyır. Müəllif bu fəsildə kitabın məzmununa və üz qabığına görə növləri, kağızın və kitabın ölçüləri, format anlayışı, səhifələnməsi, quruluşu, redaktə normaları məsələlərindən danışmışdır.
Kitabın “Nəşriyyatda redaktə işi” adlanan fəsli belə hesab edirik ki, kitab nəşrinin genişlənməsi ilə kitablardakı nəşr qüsurlarının artdığı hazırkı şəraitdə böyük elmi-praktiki əhəmiyyət kəsb edir. İ.Sadıq burada redaktor sənətinin nə olduğunu anlatmış, nəşriyyat redaktorunun vəzifələrini göstərmş, redaktənin ilkin prinsipləri, əsas məqsədi, əlyazmanın dəyərləndirilməsi, redaktor-müəllif münasibətləri, redaktə işi, onun növləri, mürəkkəbliyi, normaları, sxemi, redaktə işinin keyfiyyətinə təsir edən amillər və s. kimi aktual məsələlərdən sadə, anlaşıqlı və elmi əsaslarla bəhs etmişdir.
Kitabın sonuncu fəsli “Kitab ticarətinin təşkili” adlanır. Müəllif həmin fəsildə bu məsələni milli mədəniyətimizin mövcudluğu baxımından çox mühüm hesab edir. Belə ki, məhz kitab ticarəti milli həyatda “kitabın hərəkətini” təşkil etməklə onun milli mədəniyyət sistemindəki rolunu funksionallaşdırır. İ.Sadığa görə, müasir dövrdə böyük əhəmyyətə malik olan kitabın yazılması və çap edilməsi işin əsas tərəflərindən yalnız biridir. Hazırkı informasiya cəmiyyətində məlumat daşıyıcılarının bolluğu şəraitində kitabın oxucunun diqqətinə çatdırılması işinin (mexanizminin) təşkili daha vacib məsələdir. Radio, televiziya, internet kitab mədəniyyətinin rəqibləridir. Lakin bu rəqiblərin heç biri kitabı əvəz edə bilməz. Buna görə də kitabın müəllifdən oxucuya gedən yolunun müasir prinsiplərlə təşkilinə böyük ehtiyac vardır.
Əlbəttə, İslam Sadığın “Azərbaycanda kitab mədəniyyəti” adlı yeni əsərinin məziyyətləri, təbii ki, yalnız bu deyilənlərlə məhdudlaşmır. Yuxarıdakı qeydlərimiz yenicə çapdan çıxmış bu dəyərli əsər haqqında ilkin müşahidələrimizi əks etdirir. İnanırıq ki, İslam müəllimin kitabının əsl qiyməti ona olan ciddi oxucu marağında öz həqiqi ifadəsini tapacaqdır.

Seyfəddin RZASOY,
İlkin ELSEVƏR.

Published in Digər xəbərlər
1 -dən səhifə 2