XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 16 Noyabr 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib. 

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

–Sizə bir daha “Xoş gəlmisiniz!” demək istəyirəm, sizi yenidən görməyimə şadam. Çox şadam ki, Şimali Qafqaz respublikalarının dini liderləri Azərbaycanda tez-tez qonaq olurlar. Artıq uzun illərdir ki, biz görüşür, söhbət edir, dinlərarası dialoq, təhsil, Qafqazın dini liderlərinin qarşılıqlı əlaqələri ilə bağlı mühüm məsələləri müzakirə edirik. Hesab edirəm ki, bizim görüşlərimiz və fikir mübadilələri Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, bizim görüşlər və sıx qarşılıqlı əlaqələr çox uğurla inkişaf edən və artıq çoxdan bəri strateji tərəfdaşlıq səviyyəsinə çatmış Rusiya-Azərbaycan münasibətlərinin mühüm amilidir.

Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə mənim çoxsaylı görüşlərim bizim dostluq, mehriban qonşuluq əlaqələrimizin daha da möhkəmlənməsində çox mühüm rol oynayır. Bu yaxınlarda - ötən ay mən Rusiya Prezidentinin dəvəti ilə Soçidə “Valday” Diskussiya Klubunun işində iştirak etdim və həmin səfər çərçivəsində Rusiya Prezidenti ilə də görüşümüz oldu. Biz münasibətlərimizin çox geniş gündəliyinə bir daha nəzər saldıq və əlaqələrimizin bütün istiqamətlər üzrə durmadan inkişaf etdiyini bir daha gördük. Əlbəttə, Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir. Hamıya yaxşı məlumdur ki, Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqını çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır. Biz, sadəcə, atalarımızın, babalarımızın ənənələrini davam etdirir, əlaqələrimizi möhkəmlədir, bununla da Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk. Dəfələrlə dediyimiz kimi, Qafqaz vahid orqanizmdir, o elə bir məkandır ki, orada yerli xalqlar əsrlərboyu yaşayır, qurur, yaradırlar, memarlıq abidələri yaradırlar və gələcəyə inamla baxırlar. Əlbəttə, hesab edirəm ki, Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır. Şadam ki, siz bu Sammitdə iştirak edirsiniz. Sammit həm də qlobalmiqyaslı hadisədir. Mənim fikrimcə, bu qəbildən olan və bu səviyyədə təmsil olunmuş Sammit dünya arenasında nadir hadisədir. Əlbəttə, Zati-müqəddəsləri, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin iştirakı və onun dünən səslənən çox müdrik kəlamları bu tədbirə xüsusi əhəmiyyət verir. Lakin onu da qeyd etməliyəm ki, Rusiya nümayəndə heyəti 70-ə yaxın ölkədən olan nümayəndə heyətlərinin ən böyüyüdür. Əlbəttə, dünən Sammit masası arxasında bizim qardaşlarımızı, Şimali Qafqazın dini liderlərini görmək çox xoş idi. Bu insanlar öz respublikalarında, bütün Qafqazda və Azərbaycanda çox böyük nüfuz sahibləridir. Sizi yaxşı tanıyırlar, sizə hörmət edirlər və biz sizə fəaliyyətinizə görə təşəkkür edirik. Sizin sözləriniz xalqlarınızın nümayəndələrinin qəlbində əks-səda doğurur. Siz inkişafa, sabitliyə, sülhə və təhlükəsizliyə çağırırsınız. Azərbaycanda biz bunların hamısını çox yüksək qiymətləndiririk. Əlbəttə ki, bizim möhtərəm şeyximiz Allahşükür Paşazadə ilə sizin münasibətləriniz əməkdaşlığımızın çox mühüm amilidir. Dünən biz möhtərəm şeyxə təntənəli şəraitdə bir çox ölkələrin yüksək mükafatlarının, Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeninin, digər dövlətlərin ordenlərinin təqdim edilməsinin şahidi olduq. Bu, şeyxin təkcə bizim regionda deyil, həm də dünyada nüfuz sahibi olmasını göstərir. Möhtərəm şeyx bizim böyük sərvətimizdir. O, dünya səviyyəli dini liderdir. Biz həmişə onunla ünsiyyətdə olarkən, o cümlədən dünən də sizin barənizdə, sizin münasibətləriniz barədə də danışdıq. Nə yaxşı ki, münasibətlərin belə formatı yaranıb. Əlbəttə, belə bir gündə mən çox mühüm bir missiyanı yerinə yetirmək istərdim. Bir neçə ay bundan əvvəl mənim Fərmanımla İsmayıl Əliyeviç Berdiyev Azərbaycanın yüksək ordeni - “Dostluq” ordeni ilə təltif edilib. Bu orden öz fəaliyyətləri ilə xalqlarımız arasında dostluğun möhkəmlənməsinə töhfə verən xarici ölkə nümayəndələrinə təqdim edilir. Odur ki, bu gün görüşümüzü məhz sizə bu yüksək mükafatı təqdim etməklə başlamaq istərdim.

Prezident İlham Əliyev “Dostluq” ordenini Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevə təqdim etdi.

Müfti İsmayıl BERDİYEV dedi:

–Çox sağ olun, İlham Heydər oğlu. Biz burada özümüzü Vətənimizdəki kimi hiss edirik. Bu, Sizin sayənizdə, Şeyxülislamın sayəsində belədir. Bu mükafat şəxsən mənə deyil, bizim hamımıza aiddir. Biz hamımız bunu çox gözəl başa düşürük. Lakin biz də nə iş görürüksə, bu, Şeyxülislamın sayəsindədir.

O, bizim ağsaqqalımız, müəllimimizdir. Bizim də 65 yaşımız var, bu, az deyil, lakin o, bizi hələ də öyrədir. Bütün bunlar onun müdrikliyi sayəsindədir.

Sizin atanızın Azərbaycanda gördüyü işlərin bəhrələrini biz burada Sizin timsalınızda görürük. Çox sağ olun. Biz hər dəfə buraya gələndə Azərbaycanda necə dəyişikliklər baş verdiyini görürük. Burada hər yer gözəldir, xaricdə belə şey yoxdur. Bütün bunlar Sizin sayənizdə mümkün olub. Axı, mən Bakını sovet dövründə də, Elçibəyin zamanında da görmüşəm. İndi tamamilə başqadır. Siz nə edirsinizsə, Azərbaycan xalqı üçün edirsiniz. Çox sağ olun.  

Prezident İlham Əliyev: Sağ olun.  

Müfti İsmayıl Berdiyev: Mən heç vaxt unutmuram, mənə söyləyiblər ki, biz hamımız Kəbədə, Qara daşın qarşısında dayananda atanız Sizə demişdi: “Heyf ki, anan burada yoxdur”. O, bu sözləri nə üçün demişdi? İnsanın əhvalı yaxşı olanda istəyir ki, doğmaları onun yanında olsun. O, buna görə belə demişdi. İnşallah, o, Azərbaycan üçün etdiklərinə görə cənnətdə olacaq. Biz hamımız onunla fəxr edirdik. Sovet dövründə biz fəxr edirdik ki, Sov. İKP MK Siyasi Bürosunda bir müsəlman var. Siz onun yolunu davam etdirirsiniz. Bu işi davam etdirmək üçün Allah Sizə qüvvət və sağlamlıq versin.

Prezident İlham Əliyev: Xoş sözlərinizə görə çox sağ olun. Siz çox düzgün olaraq qeyd etdiniz ki, bugünkü Azərbaycan Heydər Əliyevin qəhrəmancasına fəaliyyətinin nəticəsidir. O, Azərbaycanın inkişafı üçün həmişə çox böyük səy göstərirdi. Sovet dövründə, 1969-cu ildə Azərbaycana rəhbərlik edəndə o, cavan idi, 46 yaşı vardı. O, Azərbaycanı inkişaf səviyyəsinə görə SSRİ-də ən axırıncı yerdən ən qabaqcıllar sırasına çıxardı. O vaxt Rusiya Federasiyasından başqa cəmi iki respublika - Azərbaycan və Belarus Ümumittifaq xəzinəsinə aldıqlarından çox verirdi. Rusiya Federasiyası sırf şərti mənada müttəfiq respublika idi. O, dövləti və respublikanı yaradan qurum idi. Bütün digər respublikalar dotasiya alırdı. Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan bütün göstəricilər üzrə ən yüksək yerlərə çıxdı - həm sənayedə, həm kənd təsərrüfatında, həm elektronikada, həm infrastrukturda, həm də regionların inkişafında. Təsadüfi deyil ki, bizim xalqımız böyük çətinliklərlə, faciə ilə üzləşəndə insanlar, ilk növbədə, Heydər Əliyevə müraciət etdilər. Xalqımız 1993-cü ildə onu Azərbaycana rəhbərliyə dəvət etməklə, əslində, bizi fəlakətdən xilas etdi. Mən dünən də, bundan əvvəlki tədbirlərimizdə də demişəm ki, Heydər Əliyevin möhtərəm şeyx ilə dostluğu təkcə onların şəxsi münasibətləri deyildi. Onlar bir-birini çoxdan tanıyırdılar, hələ möhtərəm şeyx gənc yaşlarında Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etməyə başladığı vaxtdan. Biz də çox sıx dostluq münasibətləri saxlayırıq. Düşünürəm ki, bu, bizim uğurlu inkişafımızın rəhnidir.

Əlbəttə, biz hamımız tariximizin qaranlıq dövrünü xatırlayırıq. O vaxt təsadüfi adamlar hərbi çevriliş yolu ilə ölkə rəhbərliyinə gəlmişdi. Hərçənd bunu çevriliş də adlandırmaq çətindir. Ona görə ki, hətta çevriliş etmək üçün cəsarət və ağıl lazımdır. Bu, sadəcə, hakimiyyətsizlik dövrü idi. O vaxt hakimiyyət tam iflasa uğramışdı və hakimiyyətə küçə adamları gəlmişdi.

Müfti İsmayıl Berdiyev: Bu, hakimiyyətin qəsb edilməsi idi. 

Prezident İlham Əliyev: Bəli, qəsb edilməsi idi. Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı. Hər bir cəmiyyətdə töküntülər var. Onlar da belə idi. Onlar hakimiyyəti qəsb etdilər. Mahiyyət etibarilə Azərbaycan xalqının çoxəsrlik ənənələrini məhv etdilər. Onlar düşmənçilik, nifrət toxumu səpir, dinlərarası ayrı-seçkiliyi qızışdırır, oğurluqla məşğul olur, tramvay xətlərini kəsirdilər, çünki orada mis vardı, kəsdiklərini qonşu ölkələrə satırdılar. Təsəvvür edin ki, savadsız bir demaqoq müdafiə naziri olmuşdu. Xırda alverlə məşğul olması ilə tanınan bir adam baş nazir olmuşdu. İdarəçilik sahəsində heç bir təcrübəsi olmayan insan ölkəyə başçılıq edirdi. O, hətta kolxoza da rəhbərlik etməmişdi. Hələ onu demirəm ki, parlamentin rəhbəri 11 il kiçik elmi işçi olmuşdu və bu illər ərzində hətta namizədlik dissertasiyasını da müdafiə edə bilməmişdi. Onlar, sadəcə, savadsız adamlar idi. Dövlət katibi isə keçmiş komsomol fəalı, karyerist və qorxaq adam idi. Onun qorxaqlığını bütün Azərbaycan xalqı bu yaxınlarda bir daha gördü. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində də pis danışan fizika müəllimi xarici işlər naziri olmuşdu. Belə işlər də olub, ümumiyyətlə, o, nə ingilis dilini bilirdi, nə də rus dilini. Ümumiyyətlə o, diplomatiyanın nə demək olduğunu anlamırdı. O vaxt vəziyyət belə idi. Bax, şeyx bunu yaxşı xatırlayır. Onlar faciəyə, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə, vətəndaş müharibəsinə gətirib çıxardılar. Orada ərazilərimiz işğal olunur, onlar isə öz hakimiyyətini möhkəmlətmək üçün Gəncəni bombalamaq əmri verirdilər. Onların Gəncə aeroportunu, bir çox evləri bombalamasını, insanların həlak olmasını göstərən kadrlar var. Bu canilər vətəndaş müharibəsi təşkil etmişdilər. Burada onları asmaq üçün dar ağacı qurulanda onlar qorxuya düşərək o vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevə müraciət etdilər ki, gəlib onları xilas etsin. Onlar xalqı deyil, özlərini düşünürdülər. Onlar Heydər Əliyevi uzun müddət dilə tutdular, üç dəfə onun üçün təyyarə göndərdilər. O vaxt Heydər Əliyevin yaşı az deyildi, 70 yaşı vardı. O, xalqı fəlakətdən xilas etmək üçün gəldi və bunu etdi. Biz belə yollar keçmişik. Ona görə biz bunların hamısını xatırlayırıq və qiymətləndiririk. Gərək gənc nəsil bunu bilsin. Çünki o vaxt onlar balaca idilər və ya heç doğulmamışdılar. Buna görə də möhtərəm şeyx də, biz də çalışırıq ki, bu həqiqət hamıya məlum olsun və bunu xatırlayanlar unutmasınlar. Çünki yaxşı olana çox tez vərdiş edirlər. Buna görə biz bütün bunları xatırlayırıq və öz müstəqilliyimizin, ləyaqətimizin, öz yolumuzun - inkişaf, əməkdaşlıq, tərəqqi yolunun qədrini bilirik.

Əlbəttə ki, bugünkü görüş, mənim fikrimcə, çox böyük əhəmiyyət kəsb edir. Biz hamımız Qafqazın birliyini, qardaşlığımıza, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığa sadiq olduğumuzu nümayiş etdiririk və İnşallah, beləcə irəli gedəcəyik.

Müfti İsmayıl Berdiyev: İnşallah. Sizin Rusiyada çox böyük nüfuzunuz var. Biz Prezidentimiz Vladimir Vladimiroviçin Sizə necə münasibət bəslədiyini görürük, o Sizə hörmətlə yanaşır. O, Sizin atanızı tanıyır. Onlar vaxtilə birlikdə işləyiblər. Belə adamlar heç nəyi gözdən qaçırmırlar, onlar hər şeyi bilirlər. Buna görə Sizin bu dostluğunuz bizim üçün çox dəyərlidir. İndi Rusiya artıq dünyada Sovet İttifaqına bənzər böyük dövlətə çevrilib. Onlar dağıtmaq, uçurmaq, tapdalamaq istəyirdilər. Lakin məhz Putin buna imkan vermədi. O, başa düşdü ki, biz birlikdəyik, bizim gücümüz bundadır.

Prezident İlham Əliyev: Siz tamamilə haqlısınız. Rusiya Prezidenti ilə məni yaxın, etimada əsaslanan münasibətlər bağlayır. Bu, çox vacibdir. Biz dəqiq başa düşürük ki, sıx qarşılıqlı fəaliyyətimiz, strateji tərəfdaşlığımız bizim üçün, xalqlarımız üçün vacibdir. Bundan əlavə, şəxsi münasibətlər də var. Məhz bu qarşılıqlı etimad səviyyəsi çoxillik, səmimi və həqiqi əməkdaşlıq sayəsində qazanılıb. Bu etimad səviyyəsi bizim hər hansı məsələləri müzakirə etməyimizə və onları həll etməyimizə imkan verir. Mən də Rusiya Prezidentinə böyük hörmət bəsləyirəm. Mən onunla hələ Heydər Əliyev Azərbaycan Prezidenti olduğu dövrdən tanışam. O vaxt Vladimir Vladimiroviç Azərbaycana səfər etmişdi. Ona qədər Sovet İttifaqı dağılandan sonra 10 il ərzində Rusiya Prezidenti Azərbaycana gəlməmişdi. Hərçənd, biz qonşularıq, bizi çox şey bağlayır. Vladimir Vladimiroviç isə Prezident olan kimi atamın dəvətini qəbul etdi, Azərbaycana gəldi və bizə hörmətini göstərdi. Əslində, o vaxt Heydər Əliyevlə o, bizim münasibətlərimizin təməlini qoydu, bu münasibətlər bu gün də davam edir. Ona görə mən bu yolla gedirəm və Rusiya Prezidenti ilə mənim çoxsaylı, məzmunlu görüşlərim bir-birimizə səmimi münasibətin təzahürüdür. Xalqlarımız bunu bilir və görür. Bu, böyük sərvətdir.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Sultan Tofiq oğlu Dadaşov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15 noyabr 2019-cu il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15 noyabr 2019-cu il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15 noyabr 2019-cu il.

Published in Sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarı qəbul edib.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Bakıda keçirilən Dünya dini liderlərinin ikinci Sammitinin əhəmiyyəti qeyd edildi. Bu tədbirdə dünyanın bir sıra ölkələrindən böyük nümayəndə heyətlərinin, nüfuzlu ictimai və din xadimlərinin iştirakından məmnunluq ifadə olundu.

Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarın dinlərarası dialoq və Azərbaycanla bağlı fikirlərinin önəmi vurğulandı. Şlomo Amar Azərbaycana səfərindən və dünya dini liderlərinin sammitində iştirakından dərin məmnunluq hissi keçirdiyini bildirərək ölkəmizə və dövlətimizin başçısına xeyir-dualarını çatdırdı.

 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammarı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artması ilə əlaqədar narahatlıq ifadə olundu.

Söhbət zamanı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəniyyət və dini abidələri, o cümlədən məscidləri məhv etməsi vurğulandı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və işğalçı Ermənistanla diplomatik əlaqə qurmadığına görə Səudiyyə Ərəbistanının mövqeyi yüksək qiymətləndirildi. 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Rabbi Abraham Kuperi və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri, yevangelist din xadimi Conni Muru qəbul edib.

AZƏRTAC xəbər verir ki, Rabbi Abraham KUPER dedi:

–Hesab edirəm ki, Sammitin özü heyrətamiz və uğurlu idi. Ümid edirik ki, Azərbaycan lider ölkə olaraq, sadəcə, danışmaqla yox, çoxkonfessiyalılıq, liderlik nöqteyi-nəzərdən özünün təqdim olunmasında səylərini davam etdirəcək. Biz buraya gələndə özümüzü evimizdəki kimi hiss edirik. Biz bilirik ki, bu, əsasən Sizin şəxsən rəhbərliyiniz və mərhum atanızın birgə səyləri nəticəsində mümkün olmuşdur.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunuldu. Prezident İlham Əliyev Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, soydaşlarımızın öz doğma torpaqlarından qovulduğunu bildirdi.

Prezident İlham ƏLİYEV dedi:

–Bütün azərbaycanlılar torpaqlarından qovulmuşdur və bundan sonra ermənilər qeyri-qanuni, saxta referendum təşkil etdilər və heç kim onun nəticələrini tanımır. O vaxtdan bəri onlar bir neçə dəfə saxta referendumlar təşkil etmiş, lakin Minsk qrupunun həmsədr ölkələri olan Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Fransanın hökumətləri bunu açıq şəkildə pisləmişdir. Onlar bizim məscidlərimizi dağıtmış, lakin biz erməni kilsəsini bərpa etmişik. Beləliklə, bu, bizim və onların dini abidələrə münasibətimizin göstəricisidir. Azərbaycan çoxkonfessiyalı, multietnik ölkədir, Ermənistan isə monoetnik ölkədir. Bütün digər etnik qrupların nümayəndələri qovulmuşdur. Eşitmişəm ki, Ermənistanda guya yəhudi icmasının rəhbəri var, lakin onun Karapetyan və ya Varapetyan kimi bir adı var. Orada yəhudilər yoxdur, azərbaycanlılar yoxdur.

Rabbi Abraham Kuper: Lakin orada antisemitizm var.

Prezident İlham Əliyev: Bəli, əlbəttə ki, antisemitizm var. Bilmirəm, sizin bu barədə məlumatınız var, ya yox. Bu ilin oktyabr ayında keçmiş Sovet İttifaqı respublikalarının rəhbərlərinin görüşdüyü Aşqabad şəhərində keçirilən MDB Sammiti çərçivəsində mövzulardan biri İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı idi və mən söz alaraq dedim ki, Azərbaycan və MDB-yə üzv olan digər ölkələr faşizmin pislənməsi ilə bağlı ortaq mövqedən çıxış edirlər. Nasistlərin qəhrəmanlaşdırılması haqqında danışarkən mən dedim, təəssüf ki, bizim bölgədə, MDB məkanında faşistləri tərənnüm edən bir ölkə var. Mən faşistlərə xidmət edən, Ermənistan hökuməti tərəfindən şərəfinə 6 metr hündürlüyündə abidə ucaldılmış Qaregin Ter-Arutunyanın adını çəkdim. O, faşist Almaniyası, müharibə vaxtında “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” ifadəsini işlədən bir şəxs idi və bu şəxsin müxtəlif millətlərin, o cümlədən yəhudilərin və digər insanların qətlində əli olub. O, Bolqarıstanda gizli şəbəkə yaratmışdı. Casusluq şəbəkəsi yaradılmışdı. O, həbs olunmuş, uzun müddətə azadlıqdan məhrum edilmiş və Vladimir şəhərində həbsxanada vəfat etmişdi. Mən Ermənistanın yeni hökumətini o abidəni sökməyə çağırdım, çünki onu əvvəlki hökumət ucaltmışdı. Yeni hökumət özünü demokratik hökumət kimi göstərir. Beləliklə, bunu göstərin, abidəni sökün. Mənim ittihamlarım ona qarşı deyildi, onun qondarma inqilab nəticəsində devirdiyi sələflərinə qarşı idi və o, dedi: Soljenitsin də həbsdə olub və bir çox başqa sovet dissidentləri Vladimir həbsxanasında olublar. Beləliklə, o, faktiki olaraq deyirdi ki, faşist qatil Soljenitsinlə eynidir. Bundan daha səfeh bəyanatı təsəvvürə gətirmək mümkün deyil. Bu səbəbdən, əlbəttə ki, biz hər şeyi olduğu kimi deməliyik. Biz bilirik ki, Amerikada, Rusiyada, Fransada, Minsk qrupunun həmsədr ölkələrinin hamısında erməni lobbisi var. Lakin bir həqiqət var. Qələbənin 75-ci ildönümü ərəfəsində biz Yerevanın mərkəzində bu abidənin olmasına necə dözə bilərik. İndi onlar, - mən mətbuatdan eşitmişəm, - Bolqarıstanda abidə tikməyə çalışırlar. Onlar birini Rusiyanın Armavir şəhərində ucaldıblar. Çox cəsur bir insan gəlib onun üstünə qara boya töküb və indi erməni diasporu ona hücum edir. Onlar faşisti müdafiə edirlər. Ona görə də, əlbəttə ki, biz ümid edirik dünyadakı yəhudi icmaları bizim səsimizə səs verəcək və Ermənistan hökumətini bu abidəni sökməyə məcbur edəcəklər.

Rabbi Abraham Kuper: Xüsusilə, bildiyimiz kimi, yanvarın sonunda Ausşvitzdə onun ildönümü münasibətilə bəlkə də sonuncu toplantı keçiriləcək. Dəqiq desək, keçmiş Sovet İttifaqı ölkələrinin əksər rəhbərləri, onlara bunun baha başa gəlməsinə baxmayaraq, Hitler və silahdaşlarının məğlubiyyətində böyük rol oynamaqları ilə fəxr edirlər. Bu, həmçinin Ermənistanın da digər dövlətlərin sıralarına qoşulmasını təmin etmək üçün münasib vaxtdır. Əfsuslar olsun ki, Avropada tarix yenidən yazılır və nasistlərin silahdaşlarına, kütləvi qırğın törədənlərə abidələr ucaldılır.

Prezident İlham Əliyev: Tamamilə doğrudur. Qələbənin 75-ci ildönümü ərəfəsində biz, - mən siyasətçiləri, ictimai xadimləri, dini liderləri, QHT-ləri, medianı nəzərdə tuturam, - səylərimizi birləşdirməliyik. Biz bir mövqedən çıxış etməliyik. Çünki bu, böyük təhlükədir. Bu, təkcə tarixin təhrif olunması demək deyil. Bu, gələcək diskriminasiya üçün zəmin yaratmaqdır.

 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2018-ci il 22 may tarixli 90 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanının icrası ilə əlaqədar  qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, N 1, maddə 41; 2019, N 1, maddə 95, N 6, maddə 1027) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.0.8-ci yarımbənddə “və hava gəmiləri tərəfindən ətraf mühitin mühafizəsinin” sözləri “, habelə mülki hava gəmilərinin ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğunun” sözləri ilə əvəz edilsin;

1.2. 3.0.18-ci yarımbənddə “aviasiya administrasiyaları” sözləri “aidiyyəti qurumları” sözləri ilə, “milli qayda, norma və prosedurlara” sözləri “yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə” sözləri ilə əvəz edilsin;

1.3. 3.0.21-ci yarımbənddə “vertodromların” sözü “helikopter meydançalarının” sözləri ilə əvəz edilsin;

1.4. 3.0.24-cü yarımbənddə “aviasiya aerodromları” sözləri “hava limanları (aerodromları)” sözləri ilə əvəz edilsin;

1.5. 4.0.5-ci yarımbənddə “şirkətləri” sözü “təşkilatları” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, N 5, maddə 958) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.0.8-ci yarımbənddə “müvafiq sahədə milli qayda, norma və prosedurlara” sözləri “mülki aviasiya sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 3.0.13-1-ci və 3.0.14-1-ci yarımbəndlər əlavə edilsin:

“3.0.13-1. uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək;”:

“3.0.14-1. aviasiya hadisələrinin monitorinqinin, onlara nəzarətin həyata keçirilməsi və onların qarşısının alınması məqsədilə uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi üzrə məlumatların avtomatlaşdırılmış qaydada toplanması və təhlili sistemini təsdiq, eləcə də  tətbiq etmək;”;

2.3. 3.0.17-3.0.19-cu və 3.0.24-cü yarımbəndlərdə “vertodromların” sözü “helikopter meydançalarının” sözləri ilə əvəz edilsin;

2.4. 3.0.20-ci yarımbənddə “hava nəqliyyatı istismarçılarının sertifikatlarının və” sözləri “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülki aviasiya istismarçılarına sertifikatların və bu sahədə fəaliyyət göstərən digər subyektlərə” sözləri ilə əvəz edilsin;

2.5. 3.0.22-ci yarımbənddə “müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri ilə əvəz edilsin;

2.6. 4.0.15-ci yarımbənddə “elmi təşkilatları, şirkətləri” sözləri “elmi və kommersiya təşkilatlarını” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 noyabr 2019-cu il.

Published in Fərman

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il  2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanununun icrası məqsədilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 9, maddə 486; 2007, N 5, maddə 459; 2008, N 6, maddə 498, N 8, maddə 721; 2015, N 7, maddə 837; 2016, N 8, maddə 1384; 2017, N 3, maddə 353; 2019, N 2, maddə 209, N 3, maddə 410) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a  2, 4 və 6 nömrəli əlavələrdən mötərizə ilə birgə “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq” sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 noyabr 2019-cu il.

Published in Fərman

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaradıcılıq axşamına baxıblar

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradıcılıq axşamına tamaşa ediblər.

Maksim Qalkin Azərbaycan tamaşaçılarının qarşısına gözəl əhval-ruhiyyə yaradan mahnı ilə çıxdı. Azərbaycan Respublikasının Prezidentini və birinci xanımı bu zalda salamlamağın onun üçün şərəf olduğunu deyən Maksim Qalkin Bakıya tez-tez gəldiyini, şəhərimizin ildən-ilə daha da gözəlləşdiyini vurğuladı. Azərbaycan dilini sevdiyini qeyd edən şoumenin ana dilimizdə “Azərbaycan dilini öyrənmişəm. Mən Azərbaycan dilində danışıram. Amma nə danışıram, özüm bilmirəm”, - deməsi gülüş, zarafat dolu bir gecənin başlanğıcından xəbər verirdi.

Maksim Qalkin tamaşaçılar qarşısında “stand up” şousu ilə çıxış etdi. O, Rusiya və Avropanın məşhur sənətkarlarının, o cümlədən Anna German, Lyudmila Zıkina, Lev Leşşenko, Vladimir Vinokur, Dima Bilan, Valeri Leontyev, Filipp Kirkorov, Valeri Meladze, Toto Kutunyo, Co Dassen və başqa tanınmış ifaçıların mahnılarına parodiyalar təqdim etdi.

Gecənin maraqlı məqamlarından biri isə Maksim Qalkinin dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin repertuarından “Mavi əbədilik” mahnısını ifa etməsi oldu. Dünya şöhrətli sənətkar Alla Puqaçovanın repertuarından “Arlekino” mahnısını oxumasını da tamaşaçılar alqışlarla qarşıladılar.

Maksim Qalkinin təqdim etdiyi proqramlar özündə parodiya, mahnı, yumor, məşhur televiziya şoularından konsert nömrələrini birləşdirir. O, auditoriyanı hiss edir və tamaşaçıları ilə şou boyu ünsiyyət qurur. Bu axşam da istisna olmadı.

Gecənin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Maksim Qalkinlə görüşdülər.

İki saat davam edən gecədə tamaşaçı gülüşünün, sevinc əhval-ruhiyyəsinin ardı-arası kəsilmirdi. Yaradıcılıq axşamı hər kəsə xoş əhval-ruhiyyə bəxş etdi.

Qeyd edək ki, Maksim Qalkinin artistlik debütü 1994-cü ildə Moskva Dövlət Universitetinin Tələbə Teatrında olub. Həmin il o, həmçinin Estrada Teatrında “Debütlər, debütlər, debütlər” proqramında çıxış edib. O vaxtdan artistlik karyerasına uğurla davam edən Maksim Qalkin 2001-ci ildə Rusiyada “Triumf” və “Qızıl Ostap” mükafatlarını alıb. Həmin il “Vitebskdə Slavyan bazarı” festivalında ilk solo konsertini verib. O vaxtdan solo çıxışları mütəmadi xarakter alıb. 2001-ci ilin oktyabrında özünü yeni ampluada - mahnı ifaçılığında sınayıb. Onun ilk vokal təcrübəsi Rusiya estradasının əfsanəsi Alla Puqaçova ilə birlikdə oxuduğu “Bud ili ne bud” (Budğ ili ne budğ) mahnısı olub. Maksim Qalkin, həmçinin bir sıra televiziya proqramlarının aparıcısı kimi məşhurlaşıb. Onun səhnə çıxışları anşlaqla keçir, telelayihələrdə iştirakı isə yüksək reytinqi təmin edir.

Maksim Qalkinin indiyədək Bakıda verdiyi konsertlərin hər biri tamamilə yeni və fərqli olub.

 

 

 

 

 

AZƏRTAC

Published in Mədəniyyət
1 -dən səhifə 2