XƏBƏR LENTİ

Cümə, 15 Noyabr 2019 08:57

“Ailənizi qoruyun!” şüarı altında maarifləndirici aksiyası keçirilib

Noyabrın 14-də Dünya Diabetlə Mübarizə Gününə həsr olunmuş “Ailənizi qoruyun!” şüarı altında maaifləndirici aksiyası keçirilib. 

Aksiya Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinologiya Mərkəzi, Azərbaycan Diabet Liqası və Danimarkanın “Novo Nordisk” şirkətinin birgə  əməkdaşlığı ilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, aksiyada çıxış edən İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri  Səbinə Babazadə Dünya Diabetlə Mübarizə Gününün qeyd olunması ilə bağlı təklifin 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və Dünya Səhiyyə Təşkilatı tərəfindən dünyada diabet hallarının çoxalmasının qarşısını almaq məqsədilə irəli sürüldüyünü bildirib: “2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günü kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları ilə bağlı məlumatlandırmaqdır. Çünki şəkərli diabetlə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir”. Qeyri-infeksion xəstəliklərin, o cümlədən şəkərli diabetin qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açan S.Babazadə İSİM tərəfindən əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırıb.

Azərbaycan Diabet Liqasının sədri, Respublika Endokrinologiya Mərkəzinin həkim-endokrinoloqu Yeganə Sultanova maarifləndirici aksiyanın təşkilində əsas məqsədin ictimaiyyətin diqqətini şəkərli diabetin profilaktikasına və sağlam qidalanmanın şəkərli diabet xəstələri üçün həyati önəm daşıdığına yönəltmək olduğunu deyib. İSİM-in səhiyyə kommunikasiyası şöbəsinin meneceri Nigar İsmayılova aksiya iştirakçılarına sağlam həyat tərzi keçirməyin və fiziki aktiv olmağın əhəmiyyəti barədə ətraflı məlumat verib, qeyri-sağlam qidalanmanın artıq çəkinin artmasına səbəb olduğunu, bunun da bilavasitə şəkərli diabetin yaranmasına təkan verdiyini diqqətə çatdırıb.

Aksiya zamanı Respublika Endokrinologiya Mərkəzinin mütəxəssisləri arzu edən şəxslərdə qanda şəkərin miqdarını yoxlayıb və nəticələr əsasında onlara lazımi tövsiyələr veriblər. Sağlam qidalanma guşəsində gündəlik istifadə olunan məhsulların tərkibindəki karbohidratın  və qlükozanın miqdarı əhalinin diqqətinə çatdırılıb. Eyni zamanda, aksiya zamanı maarifləndirici viktorina keçirilib və qaliblər mükafatlandırılıb.

Azərbaycan Diabet Liqasının şəkərli diabetli uşaqlardan ibarət “Şirin balalar” rəqs qrupunun ifaçıları çıxış edərək hər kəsi fiziki fəal olmağa səsləyiblər.

Bununla yanaşı, aksiya iştirakçılarına İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb.

 

 

AZƏRTAC

Read 54 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər494351

Currently are 107 guests and no members online