XƏBƏR LENTİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının inkişafının daim diqqət mərkəzində olduğunu bildirən Prezident İlham ƏLİYEV dedi:
–Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir.
Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir. Hazırda düşmənlə sərhəddə vəziyyət necədir və hərbi potensialın möhkəmləndirilməsi üçün əlavə hansı işlər görülməlidir?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV dedi:
–Çox sağ olun cənab Prezident. Bütün bunlar hamısı Sizin ölkəmizə uğurlu rəhbərliyinizin, Ümummilli Liderimizin yolunu uğurla davam etdirməyinizin nəticəsidir. Bütün bunlara görə muxtar respublika sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Bu günlər sərhədlərdə məhəlli münaqişələr baş verir, ancaq buna baxmayaraq, Sizin rəhbərliyinizlə, qayğınızla muxtar respublikada yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə və hissələri uğurlu yol keçib, Əlahiddə Ümumqoşun Ordusu korpusdan Əlahiddə Ümumqoşun Ordusuna qədər yol keçibdir. Bu da Sizin qayğınızla yaradılıb. Alınmış silah-sursatla bu gün muxtar respublikanın ordusu da lazımınca təmin olunur. Hazırda muxtar respublikada yerləşən birləşmə və hissələrdə qəbul edilmiş planlara uyğun olaraq təlimlər və nəzəri işlər həyata keçirilir. Eyni zamanda, hazırda muxtar respublikanın əsgəri məişət komplekslərinin yaxşılaşdırılması sahəsində işlər gedir, hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir. Bir sözlə, Sizin qayğınızla muxtar respublikanın müdafiəsi üçün orada yerləşən hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə tam hazırdır.
Prezident İlham Əliyev: O dağ postlarına təchizatın təşkili ilə bağlı işlər görülüb?
Vasif Talıbov: Demək olar ki, hamısına yollar çəkilibdir. Bəzi postlarımız var ki, onların təminatı avqust-sentyabr aylarında həyata keçirilir. Bütün hamısı ilə əlaqəmiz var, gələn ilin iyun ayına qədər təminat artıqlaması ilə həyata keçirilibdir və xidmətin aparılmasında heç bir problem yoxdur.
Prezident İlham Əliyev: Çox yaxşı. Digər vacib sahə energetikadır. Bu istiqamətdə də böyük işlər görülüb. Hazırda Naxçıvanda generasiya gücü 220 meqavata yaxındır və sevindirici hal ondan ibarətdir ki, bunun əksəriyyəti bərpaolunan enerji növləridir. Su və Günəş elektrik stansiyalarının tikintisi geniş vüsət almışdır. Hazırda uzun illər üzərində işlədiyimiz və İran İslam Respublikası ilə imzalanmış anlaşma nəticəsində reallaşan önəmli layihə icra edilir - 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası tikilir. Soruşmaq istəyirəm, bu istiqamətdə hansı işlər görülüb və stansiyanın tikintisi ilə bağlı əlavə hansı addımlar atılmalıdır?
Vasif Talıbov: Sizin qayğınız və iştirakınızla 2005-ci il dekabrın 20-də muxtar respublikada İran İslam Respublikasından alınmış qazın açılışı həyata keçirildi, bu gün 90 minə yaxın abonent qazla təmin olunubdur. Elektrik enerjisi sahəsində də böyük işlər görülüb. Əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur. Siz qeyd etdiyiniz kimi, bunun da 6-sı bərpaolunan enerji sistemləridir. Əgər 2003-cü ildə muxtar respublika 1 milyard kilovatsaata yaxın enerji idxal etmişdisə, 2018-ci ildə 35 milyon kilovatsaata yaxın ixrac edibdir. Buna görə bu sahədə də Sizin qayğınızla işlər davam etdirilir, problem yoxdur. Ordubad Su Elektrik Stansiyası ilə bağlı Araz çayının bizim əraziyə tərəf hissəsində bənd tikilibdir, qapılar qoyulubdur, kanalda işlər davam etdirilir. İran İslam Respublikası ilə danışıqlar aparılır ki, o tərəfdən də bəndin tikintisi ilə bağlı işlərə başlanılsın. Vəsait ayırıbsınız, heç bir problem yoxdur, işlər davam etdirilir.
Prezident İlham Əliyev: Çox yaxşı. Bu, doğrudan da tarixi nailiyyətdir. Çünki Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb və belə olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bu, əslində, təhlükəsizlik məsələsidir və heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə mümkün deyildi, bu gün reallıqdır. Şadam ki, bərpaolunan enerjinin ümumi enerji balansındakı payı getdikcə artır və Ordubad Su Elektrik Stansiyasının istifadəyə verilməsi nəticəsində prinsip etibarilə Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına qarşılayacaqdır.
Bir də ki, yolların tikintisinə də böyük vəsait ayrılmışdır və yollar keyfiyyətli tikilir. Mən özüm şəxsən bunun şahidi olmuşam. Naxçıvan-Şərur-Sədərək avtomobil yolu bir neçə ildir ki, istifadəyə verilib. Naxçıvan-Şahbuz yolu layihəsi tam icra edilib. Naxçıvan-Culfa yolu da icra edilib, hazırda Culfa-Ordubad yolunun tikintisi davam etdirilir. Bu istiqamətdə hansı işlər görülüb və bu yolun nə vaxt istifadəyə verilməsi nəzərdə tutulur?
Vasif Talıbov: Çox sağ olun. Ayırdığınız vəsaitlə orada işlər başlanıbdır, yolun uzunluğu 50 kilometrdir. O vaxt layihəni təsdiq edən zaman verdiyiniz tapşırığa əsasən onun 11 kilometri 2 gedişli-2 gəlişli, qalan 40 kilometrə yaxını isə 1 gedişli-1 gəlişlidir. Artıq orada torpaq və bir qat asfaltın qoyulması işləri başa çatıbdır. Bu ilin sonuna kimi orada ikinci asfalt qatının qoyulması başa çatacaq. İcazənizlə, biz üçüncü qatı qışda deyil, may-iyun aylarında qoyaq.
Prezident İlham Əliyev: Gələn ilə?
Vasif Talıbov: Bəli, yol böyüsün, otursun, may-iyun aylarında tamamilə tamamlanacaqdır.
Prezident İlham Əliyev: Beləliklə, şəhərlərarası bütün yollar artıq ən yüksək standartlara cavab verəcək.
Vasif Talıbov: Bəli, birinci dərəcəli yollar demək olar ki, tam standartlara cavab verən səviyyədə qurulur.
Prezident İlham Əliyev: Kənd yolları da tikilir, bu istiqamətə də vəsait ayrılmışdır və gələn ilin investisiya proqramında bu, nəzərə alınmalıdır.
Vasif Talıbov: Sağ olun. Ümumiyyətlə, 2003-2019-cu illər ərzində kənd yolları da daxil olmaqla, 2 min kilometrə yaxın ümumi yollar investisiya və büdcə vəsaiti hesabına qurulmuşdur.
Prezident İlham Əliyev: Çox yaxşı. Şərur Sənaye Məhəlləsinin yaradılması üçün bu il 5 milyon manat vəsait ayrılıb və bu sahədə hansı işlər görülür? Eyni zamanda, Naxçıvanda yeni xalça fabrikinin tikintisi də nəzərdə tutulur. Bu sahədə hansı işlər görülüb? Məruzə edin.
Vasif Talıbov: Çox sağ olun. Ayırdığınız vəsait hesabına Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıbdır, qısa müddət ərzində investorların cəlbi ilə bağlı təkliflər vermişik. Təklifləri gözləyirik ki, orada hansı sənaye müəssisələri qurulsun. Demək olar ki, bu ilin sonuna artıq orada ilk müəssisənin qurulması işlərinə başlanılacaqdır. İlk olaraq bitki yağları istehsalı müəssisəsinin qurulması nəzərdə tutulubdur. Ona görə ki, muxtar respublikamızda bu, yüz faiz idxal hesabına həyata keçirilir.
Xalça fabrikinin qurulması işləri başa çatdırılıbdır. İndi yun tədarükü sexinin qurulması işləri davam etdirilir. Artıq orada işçilər götürülübdür, yəni, sınaq işləri başlanılıbdır, xalçalar toxunur. Bir-iki ay müddətində orada işlər tamamilə başa çatdırılacaq.
Prezident İlham Əliyev: Çox yaxşı. Artıq bir neçə ildir ki, Naxçıvan özünü taxılla tam təmin edir və məhsuldarlıq da yaxşıdır. Kənd təsərrüfatının inkişafı üçün indi pivot suvarma qurğularının alınması məqsədilə vəsait ayrılmışdır. Eyni zamanda, bu ilin investisiya proqramında Süni Mayalanma Mərkəzinin tikintisi nəzərdə tutulur. Bunun ümumi dəyəri təqribən 7 milyon manatdır, onun böyük hissəsi bu il verilməli idi, vəsait verildi və bu sahədə hansı işlər görülüb?
Vasif Talıbov: Muxtar respublikada bu sahəyə də diqqətiniz sayəsində, cənab Prezident, deyə bilərəm ki, bu illər ərzində 4 min hektara yaxın ərazidə yeraltı suvarma şəbəkələri qurulmuş, 160-dan yuxarı artezian quyusu qazılmışdır və kəhrizlər bərpa olunmuşdur. Bunun hesabına 2003-cü ildə muxtar respublikanın əkinə yararlı torpaqları əgər 39 min hektarı əhatə edirdisə, Heydər Əliyev su anbarını istifadəyə verdiyinizdən, yeraltı suvarma şəbəkələri qurulandan sonra bu gün artıq 62 min hektar əkinəyararlı torpaqlardan istifadə olunur və muxtar respublika özünü ərzaqla tam təmin edə bilir. Deyə bilərik ki, Sizin rəhbərliyinizlə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi məsələləri tam təmin olunubdur.
Prezident İlham Əliyev: Çox yaxşı. Eyni zamanda, əminəm ki, artıq ixrac potensialı da formalaşa bilər. Bildiyiniz kimi, Türkiyə tərəfi böyük addım ataraq Naxçıvanın istehsalı olan malların idxalı ilə bağlı da göstəriş vermişdir. Hesab edirəm ki, Naxçıvanın istehsal potensialı artdıqca, ixrac imkanları da genişlənəcək.
Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin.
Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu vəsait sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır.
Vasif Talıbov: Gələn ilin büdcəsi ilə əlaqədar deyə bilərik ki, maaş artımı ilə əlaqədar büdcənin həcmi də artmışdır. Gəlirlər hissəsi isə 12 milyon manata yaxın artırılmışdır, yəni, 2020-ci ilin büdcəsində yerli gəlirlər 100 milyon manata yaxındır. Pensiya və təqaüdlərin ödənilməsi üçün yerli büdcədə təqribən 100 milyon manata yaxın yığım nəzərdə tutulub.
Prezident İlham Əliyev: Çox yaxşı. Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır.

 

 

AZƏRTAC

Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında 2019-cu il sentyabrın 11-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 noyabr 2019-cu il.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Litva Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 noyabr 2019-cu il.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib. 

AZƏRTAC xəbər verir ki, səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Feysal bin Abdullah Həməd Abdullah Al HİNZAB etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək dedi:

–Cənab Prezident, böyük şərəf hissi ilə qardaş və dost Azərbaycan Respublikasına səfir təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim edirəm. Sizin baxışınıza ən uyğun şəkildə ikitərəfli münasibətlərimizin inkişafı üçün əlimdən gələni edəcəyəm. Çox sağ olun.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham ƏLİYEV dedi:

–Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı davam edəcəkdir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Hər iki tərəf bu münasibətləri qardaş ölkələr arasında münasibətlər kimi dəyərləndirir. Bu, həqiqətdir. Əminəm ki, siyasi, iqtisadi və müxtəlif sahələrdə biz çoxlu tərəqqi müşahidə edəcəyik. Ölkələrimiz beynəlxalq arenada fəal əməkdaşlıq edir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər olmuşdur. Bizim hökumətlərarası fəaliyyətimiz var. Nazirlər səviyyəsində qarşılıqlı səfərlər var. Ona görə əminəm ki, tərəfdaşlığımızın ənənəvi sahələrinə əsas diqqəti yetirmək və yeni sahələri aşkar etmək üçün gələcəkdə çoxlu imkanlar olacaq.

Hesab edirəm ki, ticarət dövriyyəsi ilə bağlı olan məsələyə xüsusi diqqət yetirməliyik. Hesab edirəm ki, ticarət dövriyyəsini hər iki istiqamətdə artırmaq üçün potensial var. Çünki indi bizim bir-birimizə təqdim edə biləcəyimiz daha çox şey var. Şadam ki, ölkənizdən gələn turistlərin sayı artmaqdadır və bu da bizim əməkdaşlığımızın yaxşı əlamətidir. Bildiyiniz kimi, sizin vətəndaşlar üçün heç bir viza tələbi yoxdur və əminəm ki, hər iki istiqamətdə biz turistlərin sayının artdığını görəcəyik.

Həmçinin potensial əməkdaşlıq sahələrindən biri də investisiyalardır. Bilirəm ki, sizin ölkəniz xaricə sərmayə yatırır, Azərbaycan da xaricə sərmayə yatırır, biz birgə investisiya layihələri üçün sahələri tapa bilərik. Odur ki, diqqətimizi cəmləşdirmək üçün çoxlu sahələr olacaq. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı siz çox məşğul olacaqsınız və əlaqələrimizin gücləndirilməsi üçün bütün vaxtınızı sərf edəcəksiniz.

***

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al HİNZAB dedi:

–Təşəkkür edirəm Zati-aliləri. Cənab Prezident, burada olmaqdan, Sizinlə görüşməkdən, Sizə etimadnaməmi təqdim etməkdən şərəf hissi duyuram. Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taninin Sizə salamlarını, xalqınıza daha böyük nailiyyətlər, rifah və tərəqqi arzularını çatdırıram. Buraya gəldikdən sonra biz hərtərəfli inkişafın şahidi olmuşuq və mən bunu görüşdüyüm hər kəsə söyləyirəm. Biz ilk baxışdan ölkənizə aşiq olmuşuq. Qoşulmama Hərəkatının Sammitində iştirak etmək, dini liderlərin Sammitini isə izləmək fürsəti mənə nəsib olmuşdur. Zati-aliləri, bu iki sammitin uğurlu keçirilməsi münasibətilə Sizi, hökumətinizi və xalqınızı təbrik edirik. Bu, bizdə belə bir təəssürat yaradır ki, Azərbaycan dünya xəritəsində öz çəkisinə malik olan ölkələrdəndir, düzgün istiqamətdədir və müxtəlif tədbirlərin keçirilməsi üçün ev sahibi kimi çıxış edir. Bu da Azərbaycan üçün siyasi vasitədir. Əlbəttə ki, bizim çox mükəmməl münasibətlərimiz var. Mənə şəxsən bu münasibətlərin bütün istiqamətlərdə inkişafı üçün gərgin çalışmaq təlimatı verilmişdir. 

***

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.

 

 

 

 

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Sami Abdullah Ğoşeh fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Sami Abdullah ĞOŞEH etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək dedi:

–Cənab Prezident, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi etimadnaməmi və sələfimin geri çağırılma məktubunu təqdim etmək mənim üçün şərəfdir.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham ƏLİYEV dedi:

–Xoş gəlmisiniz cənab səfir, sizi Azərbaycanda salamlayıram, sizə uğurlar arzulayıram. Əminəm ki, fəaliyyətiniz dövründə biz İordaniya-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafını görəcəyik.

Bildiyiniz kimi, əlaqələrimiz çox yüksək səviyyədədir və biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik. Mənim qardaşım Kral həzrətləri ilə çox möhkəm dostluq-qardaşlıq münasibətlərimiz vardır. Bildiyiniz kimi, dövlət başçılarının bir çox qarşılıqlı səfərləri təşkil edilmişdir. Beynəlxalq təşkilatların tədbirləri zamanı biz həmişə bir-birimizlə görüşürük. Eyni zamanda, beynəlxalq tədbirlər zamanı da həmişə görüşürük. Ötən ay Rusiyada “Valday” Diskussiya Klubunun iclasında birlikdə iştirak etmişik. Doğrudan da Kral həzrətləri ilə bizim çox yaxın əlaqələrimiz var və bu əlaqələr ikitərəfli münasibətlərimizin inkişafı üçün də mühüm rol oynayır. Beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik və bu qarşılıqlı dəstək və həmrəylik davam etdiriləcək.

Hesab edirəm ki, biz növbəti mərhələdə daha çox iqtisadi əməkdaşlığa fikir verməliyik. Hələ ki, qarşılıqlı ticarət dövriyyəmiz bizim istəklərimizi əks etdirmir. Ona görə ticarət dövriyyəsinin artırılması istiqamətində əlavə addımların atılması lazımdır. Hesab edirəm ki, hökumətlərarası komissiya da bu istiqamətdə önəmli addımlar atacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də çox diqqətlə baxmaq lazımdır. Son zamanlar turizm sahəsində yaxşı irəliləyiş var və əminəm ki, bu müsbət dinamika davam etdiriləcək. Ölkənizin çox məşhur, dünya səviyyəli tarixi abidələri, əlbəttə ki, bir çox ölkələrdən turistləri ölkənizə cəlb edir. Son illərdə Azərbaycana da xaricdən gələn turistlərin sayı kəskin artmışdır. Bu ilin on ayında 11 faiz artım var. Ancaq oktyabr ayında keçən ilin oktyabrı ilə müqayisədə 25 faiz artım olub.

Biz sözlə, əlaqələrimizin hərtərəfli inkişafı üçün çox gözəl şərait vardır. Əminəm ki, siz öz fəaliyyətinizlə bu işlərə yeni təkan verəcəksiniz. Bir daha xoş gəlmisiniz.

***

Səfir Sami Abdullah ĞOŞEH dedi:

–Cənab Prezident, gərgin iş qrafikinizə baxmayaraq, bizə vaxt ayırıb qəbul etdiyinizə, etimadnaməni təqdim etmək üçün şərait yaratdığınıza görə Sizə təşəkkürümüzü bildiririk. İcazə verin, İordaniya Haşimilər Kralı II Abdullahın salamlarını Sizə çatdırım. Azərbaycan Respublikasına və Azərbaycan xalqına davamlı inkişaf, rifah və şəxsən Sizə cansağlığı, uzun ömür arzulayıram.  

Əlahəzrət Kralın təlimatına uyğun olaraq mən işlədiyim müddət ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı istiqamətində səylərimi əsirgəməyəcəyəm. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindəki həmkarlarımla birlikdə və digər qurumların köməyi ilə bu əlaqələrin daha da inkişaf etməsinə nail olacağıq. İki ölkə arasında iqtisadiyyat, investisiya və turizm sahələrində əlaqələrin inkişafı  üçün azərbaycanlı həmkarlarımızla birgə iş görəcəyik. Cənab Prezident, Əlahəzrət Kral gələn ay Sizinlə görüşmək arzusundadır.

Cənab Prezident, icazə verin, mən Azərbaycanda gördüyüm bu möhtəşəm inkişaf, bütün sahələri əhatə edən tərəqqiyə valeh olduğum barədə hisslərimi Sizə bildirim. Qeyd etmək istəyirəm ki, cənab Prezident, mən, əlbəttə, Azərbaycanın necə gözəl, füsunkar ölkə olduğunu şəkillərdən, fotolardan bilirdim, amma buraya gəldiyim ilk gündən bunun bilavasitə şahidi oldum. Əlbəttə, əldə olunmuş bu misilsiz, əvəzolunmaz tərəqqinin adamda yaratdığı ilk təəssürat odur ki, həqiqətən Azərbaycan inkişaf etmiş dövlətlərin sırasındadır.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, xahiş edirəm mənim də səmimi salamlarımı Kral həzrətlərinə çatdırasınız.

Ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Əminəm ki, fəaliyyətiniz dövründə siz Azərbaycanın müxtəlif regionlarına səfər edəcəksiniz, ölkəmizlə, xalqımızla yaxından tanış olacaqsınız. Eyni zamanda, onu görəcəksiniz ki, İordaniyaya, onun xalqına Azərbaycan cəmiyyətində çox böyük rəğbət var.

 

 

 

 

AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə rəsmi “İnstagram” səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bu gün - 17 Noyabr - birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür. Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”.

 

 

AZƏRTAC

Çərşənbə axşamı, 19 Noyabr 2019 09:08

Əli Kərimli və radikal ətrafı bəraət axtarışında

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” səhifəsində “Əli Kərimli və radikal ətrafı bəraət axtarışında” adlı status paylaşıb. AZƏRTAC statusu təqdim edir.
Bu günlər dövlətin yeni iqtisadi-siyasi islahatlar aparması, fərqli sosial zümrələrə açılma, Prezidentin ictimai nəzarət üçün cəmiyyətdən dəstək istəməsi Azərbaycanımızın taleyinə biganə qalmayan bütün sivil qüvvələr tərəfindən təqdirlə qarşılanır, ölkədə yeni, daha sağlam siyasi mühit yaranır. Amma bununla paralel olaraq, əsasən Əli Kərimli və radikal antimilli ətrafının get-gedə daha da ifrat, barışmaz mövqeyə yuvarlanmasının şahidiyik.
Belə ifrat inkarçı mövqenin səbəbləri nədir?
Birincisi, Azərbaycan iqtidarının sosial təşəbbüslərinin uğuru radikal müxalifətin məhdud sosial bazasını daha çox tükəndirir. Bu, özünü 19 oktyabr aksiyasındakı biabırçı fiasko və noyabrın 2-nə təyin etdikləri aksiyanı təxirəsalma məcburiyyətləri ilə təsdiqlənir.
İkincisi, bəlli olur ki, Əli Kərimli və radikal antimilli ətrafı sosial şəbəkələrdə izləyicilərinin yarıdan çoxunu itiriblər. Onların “Facebook” səhifəsində bəyənmələrin, paylaşımların statistikasında azalma templəri güclənib. Xatırladaq ki, “Facebook” sosial şəbəkəsi administrasiyası bəyan edib ki, bu il 5,4 milyard saxta hesabı bağlayıb. Bu, sosial mediada manipulyasiya və dezinformasiyaya qarşı savaşın davam etdiyini göstərir. “Saxta, manipulyasiya məqsədilə yaradılan hesabları aşkarlayaraq bloklamaq qabiliyyətimizi gücləndirmişik”, - deyə internet şirkəti hesabatında bildirir. Diqqətli oxucu bu iki hadisə arasında paralel apararaq asanlıqla Əli Kərimli, Cəmil Həsənli və radikal antimilli ətraflarının izləyici və bəyənmə itkilərinin “Facebook” şəbəkəsinin öz araşdırmasının, dezinformasiyaya qarşı effektiv mübarizəsinin nəticəsi olduğunu anlaya bilir.
Üçüncüsü, uzun illər özünü milli qüvvə kimi təqdim edənlərin Bako Saakyan, Masis Mailyan kimi işğalçı xunta rəhbərləri ilə eyni lojaları, Azərbaycana və Türkiyəyə münasibətdə həm də eyni ədavəti bölüşməsi bu yaxınlarda ABŞ-da keçirilən dinləmələrdə bir daha faş oldu.
Dördüncüsü, Almaniyada aparılan hüquqi araşdırmalar radikal müxalifətin trafikinq-insan alveri biznesində iştirakına dair hər gün yeni faktlar aşkara çıxarır. Almaniyadakı araşdırmaların ardınca Fransa və digər Avropa ölkələrində də araşdırmalar aparıldığı barədə informasiyalar verilməkdədir. İlkin açıqlanmış araşdırmalar Müsavatı silkələdiyi kimi, araşdırmaların davamı Əli Kərimli və radikal antimilli ətrafını bəri başdan təhdid etməkdədir. Axı, Müsavatın AKM uzantısının bu biznesdə əsas rəqibi “Milli şura”nın Avropadakı müxtəlif strukturlarıdır.
Beşincisi, bu qruplaşma son zamanlar yalnız ailə-məişət qalmaqalları, qadınlara qarşı zorakılıq aktları ilə gündəmə gəlir, cəmiyyətə hər hansı yenilik, siyasi və ya şəxsi əxlaq nümunəsi təqdim etməyə qabil olmadığını sübut edib və s.
Beləliklə, iqtidarın uğurlu daxili siyasəti radikalları dəstəkləyə biləcək məhdud elektoratın daha çox əriməsinə səbəb olur. “Facebook”, “YouTube” kimi sosial şəbəkə administrasiyalarının tətbiq etdiyi yeniliklər Əli Kərimli, Cəmil Həsənli və “Milli şura”dakı digər radikalların ictimai rəy lideri olmaları haqqında uydurulmuş saxta rəqəmlərin birdən-birə iki-üç dəfə azalması ilə nəticələnir. Bu, həm də o deməkdir ki, Əli Kərimli və radikal antimilli ətrafının sosial şəbəkə üzərindən inqilab etmək arzusu da puç olub. İqtidarın milli maraqlara söykənən uğurlu diplomatik həmlələrinin antimilli ünsürlər tərəfindən sabotaj edilmə cəhdləri cəmiyyətdə daha çox marginallaşmalarına səbəb olur. Nəhayət, Avropada başlamış hüquqi araşdırmalar radikal müxalifətə Qərbdə guya böyük dəstək verilməsi barədə uydurmaların da yalan olduğunu, bu müxalifətin Qərbin ciddi institutları tərəfindən məhz insan alveri ilə məşğul mafioz qurumlar kimi qəbul edildiyini aşkarlayır. Bəlli oldu ki, Azərbaycan iqtidarının illərlə dedikləri həqiqətdir: xaricdə, Qərbdə bu qüvvələrə yalnız anti-Azərbaycan dairələr, erməni lobbisi dəstək verir.
Belə hərtərəfli ifşa, dibə vurmadan sonra Əli Kərimli və radikal antimilli ətrafı nəticə çıxarıb indiyədək dəfələrlə media və İT ekspertlərinin açıqladığı faktları qəbul edib daha sağlam fəaliyyət metodları seçməli, saxta profillərdən istifadəyə, botlarla izləyici sayı artırmaq, özünə barmaqdan elektorat sorub çıxarma cəhdlərinə son qoymalı idilər. Antimilli qüvvələrin əlində alətə çevrildiklərini, müxalifətin yenilənməsi, cəmiyyətdə vətəndaş sülhünün dərinləşməsi önündə əngəl olduqlarını, minlərlə soydaşımızı “liberal cənnət” vədi ilə aldadıb son qəpiklərini də mənimsədiklərini, indi həmin soydaşlarımızı Avropada qaçqın kamplarında çox pis vəziyyətdə yaşadıqlarına görə məsuliyyət daşıdıqlarını etiraf etməli idilər. Bunun əvəzində nə görürük?
Müşahidə etdiyimiz odur ki, Əli Kərimli çevrəsindəki yaxın “silahdaşlarına” maksimum müdafiə olunmaq, heç bir səhvi etiraf etməmək, vətəndaşları aldatmanın kiçik miqyasda olduğunu deməklə ittihamları sovuşdurmaq, ənənəvi qaydada dövlətə, dövlət rəhbərliyinə qarşı kin-küdurət qusmaq tapşırığı verib. Bu işdə “Əli Kərimli TV” kimi rebrendinqə getməyi nədənsə xeyli ləngidən Sevinc Osmanqızı, Nəcəf Nəcəfovun “Azadlıq” brendini gözdən salıb Nikol Paşinyanın “Haykakan jamanak (“Erməni saatı”) qəzetinin adından ucuz plagiat yolu ilə anti-Azərbaycan “Azərbaycan saatı” yaratmış Qənimət Zahidov və əli gah ifşa olunmuş korrupsionerlərin cibindən, gah otel odalarından, gah da ayətullahların risalələrindən çıxan Natiq Adilov xüsusi canfəşanlıq edirlər.
İnsanın savadsızlığına da, mədəniyyətsizliyinə də, cahilliyinə də göz yumub birtəhər onunla yanaşı yaşamaq olar, amma əxlaqsızlıqla bir arada yaşamaq çox çətindir. “Tutaq ki, müxalifət funksionerlərindən kimlərsə saxta viza alverində iştirak ediblər. Etiraf edim ki, mən bunu ciddi miqyaslı problem kimi qəbul etmirəm. Bu alverin həcmi nə qədərdir ki? Nə qədər məbləğdən söhbət gedir? Olsun 500 min, 1 milyon, 5 milyon”, - Sevinc Osmanqızı belə deyir. Bu nə məntiqdir, bu nə “siyasi şəffaflıq” nümunəsidir? 500 minlə 5 milyon arasında doğrudanmı fərq yoxdur sizin üçün? Axı, bu pulların hər bir qəpiyi də aldatdığınız, milli dövlətlə, ana vətənlə problem yaratdığınız insanların sınan taleləri, dağılan ailələri deməkdir. Sizin “izzəti -nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?
Əxlaqsızlığa “şəxsi həyatımdır” deyib haqq qazandırmaqdırmı sağlam cəmiyyət uğrunda, izzəti-nəfs uğrunda mübarizə? Siyasi islam liderlərini sitatlarını tutuquşu kimi təkrarlamaqdırmı liberal Qərb dəyərləri uğrunda mübarizə? Ən korrupsiyaya bulaşmış ünvanlardan “gecə növbəsi” işi adı ilə aylıq almaq, susmaq- yazmamaq müqabilində ianə qoparmaq üçün saatlarla qapıları pusmaqdırmı cəmiyyəti sağlamlaşdırma? Cibindən asılı olduğun qaranlıq dairələrin sifarişi ilə siyasi opponent bildiyin komandanın ayrı-ayrı fərdlərinə qarşı qara PR aparmaqdırmı urvatlı-sanbalı mübarizə? Cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməkdirmi siyasi mübarizə? Satqınlığı tərəfdarlarına nümunə kimi təqdim etməkdirmi müxalifətçilik?
Əminəm ki, qarşıdan gələn bələdiyyə seçkiləri də klaviatura qəhrəmanlarının heç bir siyasi sanbalı, çəkisi olmadığının növbəti nümayişi olacaq.

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Gürcüstan Milli Elmlər akademiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ölkəmizdə dövlət səviyyəsində dost və qonşu Gürcüstanla əlaqələrə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşlərindən söz açıb, ictimai və humanitar elmlər sahəsində elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu bildirib.

 

 

AZƏRTAC

Çərşənbə axşamı, 19 Noyabr 2019 09:07

“Mirqorod” - Dünyanın məşhur sanatoriyası

Avropanın böyük dövlətlərindən olan Ukraynanın hər bir guşəsi gözəlliyi, romantikliyi ilə diqqəti cəlb edir. Bu ölkədəki sanatoriyalar, şəfa ocaqları dünyada məşhurdur. İlin bütün fəsillərində Ukrayna, Azərbaycan, Belarus, Almaniya, Özbəkistan, Moldova, İsrail, İtaliya və digər ölkələrdən yüzlərlə insan müayinə və müalicə üçün “Mirqorod” sanatoriyasına qədəm qoyur, istirahət müddətində dünyanı heyran qoyan, ilan tək qıvrıla-qıvrıla axan Xorol çayının nəğməli sahillərində dincəlir, buradakı nadir ağac və gül kolları, idman, əyləncə mərkəzləri hamıda xoş ovqat yaradır. Bir sözlə, “Mirqorod” müalicəvi mineral suyu, təbiəti ilə insanlara sağlamlıq bəxş edir.

Ukrayna şairi Taras Şevçenko öz şeirlərində Poltava vilayətində yerləşən “Mirqorod”u cəsarətlə dünyanın mirvarisi adlandırmış, min bir qəlbdən Xorol çayının gözəlliyinə aşiq olmuşdur.

500 mindən çox soydaşımız yaşayan Ukraynadakı insanlar həmişə flora və faunası ilə Azərbaycana bənzəri olan “Mirqorod”a üz tutur, burada əziyyət çəkdikləri müxtəlif xəstəliklərə əlvida deyirlər.

“Mirqorod” qədim Kiyev şəhərindən təxminən 350 kilometr uzaqlıqda yerləşir. Bu müalicə ocağına mütəmadi olaraq qatar və avtobuslar işləyir, qiymətləri də sərfəlidir.

Biz yaxın vaxtlarda Poltavanın “Mirqorod” sanatoriyasında, möcüzələr diyarında olduq. Bir-birinə söykənən, başı buludlardan nəm çəkən ağaclar bu yerlərə xüsusi yaraşıq verirdi.

Biz ilk öncə Xorol çayını seyr etmək üçün enli körpünün üzərindən keçməli olduq. Çay qaz, ördək və digər quşlarla əhatə olunmuşdu. Xorolun hər iki sahilindəki çimərlikdə istirahət edənlərin sayı yetərincə idi. Qayıqlarda gəzintiyə çıxanlar da var idi. Az müddətdə bu müalicə ocağında neçə-neçə azərbaycanlılarla rastlaşdıq. Bu yerlərin hamıda xoş ovqat yaratdığının şahidi olduq. Həmyerlilərimizdən bəziləri qürur hissi ilə vurğuladılar ki, uzun illərdir ki, tərəddüd etmədən, qəlblərinin hökmü ilə müayinə və müalicə məqsədilə uzun məsafəni qət edərək “Mirqorod”a üz tuturlar. Burada xəstələrə göstərilən tibbi xidmətə söz ola bilməz. Bir sözlə, bu müalicə ocağında hər dərdə dərman tapılır...

Biz vaxt tapıb “Mirqorod” sanatoriyasının baş direktoru, Ukraynanın əməkdar həkimi, tibb elmləri namizədi Qavlovski Oleksandr Daniloviçlə görüşdük. O, bizi çox mehribanlıqla qarşıladı. Üzbəüz əyləşib şirin söhbətə başladıq. Müsahibimiz ilk öncə Ukraynanın dost ölkəsi olan, Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycandan söhbət açdı. Qürurla bildirdi ki, Bakı, onun bölgələri haqqında hər yerdə xoş söhbətlər gedir, idman ölkəsi olduğu bildirilir. Bu tərəqqi, inkişaf Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Söhbətin şirin yerində Oleksandr Daniloviç bizi Azərbaycan çayına dəvət etdi. Sonra isə ayağa qalxıb otağındakı televizorun düyməsini basdı. Sevincək bir tərzdə dedi:

—Buyurun, öz ana dilinizdə televiziya verilişinə baxın.

Məlum oldu ki, “Mirqorod” sanatoriyasında müalicə alan insanlar istədikləri vaxt yaşadıqları otaqlarda “Xəzər”, “ATV” və “Space” kanallarındakı verilişlərə arxayın baxa bilərlər. Əlbəttə, biz bunu çoxsaylı azərbaycanlıların arzusu əsasında həyata keçirmişik. Bu yaxınlarda “Mirqorod”da Azərbaycandan gəlmiş incəsənət ustaları maraqlı proqramla çıxış etdilər. Gələcəkdə bu ənənə davam edəcəkdir. Bu, Ukrayna-Azərbaycan dostluğunun bariz nümunəsidir.

Nəhayət, biz söhbətin məcrasını dəyişib insanların bu şəfa ocağında müayinə və müalicəsi və “Mirqorod”un tarixi ilə maraqlandıq. Oleksandr Daniloviç bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

—“Mirqorod” sanatoriyasına hər il dünyanın uzaq-uzaq ölkələrindən xəstəliklərini müalicə etdirmək üçün çoxsaylı insanlar gəlir. Onlar burada müalicəvi mineral sudan, müxtəlif müalicə üsullarından, vanna, palçıq və digər müalicələrdən faydalanır, gəzinti və ekskursiyalara çıxır, diskotekalara üz tutur, konsert, kino verilişlərinə böyük həvəs göstərirlər. Bütün otaqlar geniş və işıqlıdır, yeməklər verilən zaman həkim məsləhətinə uyğun olaraq dietik normalara üstünlük verilir. Bir sözlə, hər kəsin istirahəti şən və mənalı keçir.

Vurğulamaq lazımdır ki, 2017-ci ildə “Mirqorod” sanatoriyasının 100 illik yubileyi keçirilmişdir. Mirqorodda “Poltava”, “Beryozovıy çay”, “Mirqorod”, “Xorol”, “Qoqol” və digər sanatoriyalar fəaliyyət göstərir.

Baş direktor söhbətinin sonunda bildirdi ki, dietik xəstəlikdən əziyyət çəkən insanlar “Beryozovıy çay” sanatoriyasında şəfa tapırlar. Bu sanatoriya dünyanın ən müasir avadanlıqları ilə təchiz olunmuşdur. Azərbaycanlıların sayı isə yetərincədir.

Bəli, “Mirqorod”un təbiəti də möcüzədir, suyu da. Xorol çayı isə bu yerlərin sorağını Olimpin zirvəsinə qaldırır...

 

Qədir ASLAN,

Bakı-Mirqorod-Bakı.  

Çərşənbə axşamı, 19 Noyabr 2019 09:06

YENİ SƏNƏT UĞURU

(“Son gecə” bədii televiziya filminin yaradıcı heyəti ilə müsahibə)

1 -dən səhifə 1453