XƏBƏR LENTİ

Çərşənbə axşamı, 06 Aprel 2021 08:51

Ağdamın iki kəndində içməli su təchizatı sistemi layihəsi icra edilib

Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilən “Ağdam rayonu Çullu və Xındırıstan kəndlərində içməli su təchizatı sisteminin inşası” layihəsi başa çatıb.

Bu münasibətlə Ağdam rayonunun Xındırıstan və Çullu kəndlərində keçirilən mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Ağdam rayonu Çullu və Xındırıstan kəndlərində içməli su təchizatı sisteminin inşası” layihəsinin ümumi məbləği 88 min 859 ABŞ dollarıdır. Layihənin məqsədi Ağdam rayonunun Çullu və Xındırıstan kəndlərinin hər birində bir subartezian quyusunu qazmaqla əhalinin içməli su ehtiyacının qarşılanması və sanitar vəziyyətinin yaxşılaşdırılmasına nail olmaqdır. Layihədən Xındırıstan və Çullu kəndlərinin ümumilikdə 4762 nəfər sakini bəhrələnəcək.

Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi layihənin əhalinin içməli su təminatına töhfə verəcəyinə əminliyini bildirib: “Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində Xındırıstan və Çullu kəndlərində subartezian quyusu qazılıb. Bu layihənin icrası nəticəsində hər iki kəndin əhalisinin digər kəndlərə su əldə etmək üçün getməsinə və ya suyu baha qiymətə almasına ehtiyac qalmadığını eşitdim və bu, məni çox şad etdi. Bundan sonra kənd əhalisindən subartezianlardan ehtiyatla istifadə etməsini və bu quyuların əhaliyə uzun müddət xidmət etməsini arzulayıram”.

Kənd sakinləri həyata keçirilən layihələrə görə Yaponiya Hökumətinə minnətdarlıqlarını bildiriblər.

Səfir Vada Cüniçi subartezian quyularını işə salıb, yeni inşa edilən bulaqdan su içib.

 

 

AZƏRTAC

Read 59 times