XƏBƏR LENTİ

Bazar, 07 Mart 2021 10:18

Şagirdlərimin uğuru ən böyük mükafatımdır

Onun haqqında ilk söhbətimiz rayon təhsil şöbəsində oldu. Şöbənin müdiri İnqilab Musayev bildirdi ki, Gülnarə Nuriyeva rayonumuzun təhsil öncüllərindəndir. Savadlı müəllim, gözəl təşkilatçıdır. Uşaqların vətənpərvərlik tərbiyəsində əməyi çoxdur. Hazırda Köhnə Xaçmaz kənd tam orta məktəbində direktor əvəzi vəzifəsində çalışır.

Xaçmaz rayonunun nümunəvi məktəblərindən sayılan Köhnə Xaçmaz kənd məktəbi üç mərtəbəli, yaraşıqlı binada yerləşir. Məktəbin həyətinə ayaq basanda adamın ürəyi açılır. Hər tərəfdə yaşıllıq, səliqə-sahman, təmizlik görürsən. Bu xoş təəssürat məktəbin daxilində də davam edir. Dəhlizlər, sinif otaqları, kabinetlər, bir sözlə, hər yerdə xoş mənzərənin şahidi olursan.

Gülnarə müəllimlə iş otağında görüşdük. Elə ilk baxışdan o, sadə, səmimi, mehriban bir insan təsiri bağışladı. Əvvəlcə qısaca tərcümeyi-halı ilə tanış olduq. Öyrəndik ki, o, müəllim ailəsində böyüyüb, elə bu məktəbdə oxuyub. Orta məktəbi əla qiymətlərlə bitirib. Ailə ənənəsini davam etdirən Gülnarə müəllim olmaq arzusu ilə sənədlərini Azərbaycan Müəllimlər İnstitutunun Quba filialına verib. İmtahanlardan müvəffəqiyyətlə keçərək tələbə adını qazanıb. Burada da yaxşı oxuyub. Nümunəvi tələbə olub. İnstitut tələbə elmi cəmiyyətinin sədri olub. İnstitutu bitirib ibitidai təhsilin pedoqogikası və metodikası ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Köhnə Xaçmaz kənd tam orta məktəbində uşaq birliyinin sədri vəzifəsində başlayıb. 2007-ci ildə həmin məktəbdə ibtidai sinif müəllimi təyin olunub. Sinif müəllimi olmaqla bərabər məktəbin bütün tədbirlərində xüsusi fəallıq göstərib. Yüksək təşkilatçılıq qabiliyyəti ilə sinifdənxaric, məktəbdənkənar tədbirlərin önündə olub. Elə bu fəaliyyətinə görə 2016-cı ildə məktəb direktorunun sinifdənxaric və məktəbdənkənar işlər üzrə müavini təyin edilib. İşgüzarlığı ilə seçilən bu müəllim daha sonra direktorun tədris işləri üzrə müavini təyin olunub. Ötən ilin noyabr ayından isə məktəb direktorunu əvəz edir. Bu günlər Təhsil Nazirliyinin keçirdiyi dövlət ümumtəhsil müəssilərində direktor vəzifəsinə qəbul müsabiqəsində iştirak edir.

Gülnarə müəllim məktəbdə tədrisin təşkilindən, qazanılan uğurlardan həvəslə söhbət açır. Deyir ki, məktəbimizdə 999 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 55 nəfər müəllim məşğul olur. Məktəb bütün fənlər üzrə ixtisaslı müəllimlərlə təmin olunmuşdur. Məlum olduğu kimi pandemiyanın yaratdığı çətinliklər təhsildən də yan keçməyib. Lakin buna baxmayaraq məktəbimizin uğurları yenə davam edir. 2019-2020-ci dərs ilinin yekunlarına görə 11 nəfər şagirdimiz müxtəlif ali, orta-ixtisas məktəblərinə qəbul olunub. Ali məktəbə daxil olan 7 nəfər məzunumuzun 5-i ali məktəblərə yüksək balla girib. 1 nəfər şagirdimiz isə orta məktəbi “Qızıl medal”la bitirib. Məktəbimizin qızıl medallı məzunu Jalə Həbibova Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsinə yüksək balla qəbul olunub. Şagirdlərimiz Respublika Fənn Olimpiadasına ciddi hazırlaşır. Onlardan üç nəfəri artıq rayon mərhələsindən müvəffəqiyyətlə keçib, zona mərhələsində iştirak şansı qazanıb.

Məktəbimizdə şagirdlərin vətənpərvərlik, milli ruhda yetişdirilməsi həmişə diqqət mərkəzindədir. Vətən müharibəsinə aid keçirilən söhbətlər, rəşadətli ordumuza həsr olunmuş fotostend guşələr şagirdlərdə böyük maraq doğurur. Məktəbimizin rəhbərliyi, müəllimlərimiz dəfələrlə şəhid ailələrinə, qazilərə baş çəkmiş, onlara mənəvi dayaq olmuşlar.

Məktəbdə şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılmasına da xüsusi diqqət yetirilir. Bu işdə Gülnarə müəllimin ayrıca zəhmət payı var. Deyir ki, şagirləri çox sevirəm. Elə bilirəm ki, onlar mənim məktəbdəki balalarımdır. İstedadlı şagirlər gözümün işığıdır. İbtidai siniflərdə dərs dediyim bir neçə şagird artıq nəinki məktəb, rayon, hətta respublika səviyyəli tədbirlərdə iştirak edirlər. İstedadlı şagirdlərimdən Hacıbəy İlyasov, Nicat Məmmədov, Səbinə Mirzəyevanın adını xüsusi qeyd etmək istəyirəm.

Gülnarə Nuriyeva bacarıqlı müəllim olmaqla bərabər, bir-birindən maraqlı və məzmunlu tədbirlərin təşkilatçısı və rəhbəridir. 2018-2019-cu tədris ilində onun rəhbərliyi ilə hazırlanmış Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Ana dilimizi sevək və sevdirək”, “Aprel döyüşləri: qələbəyə aparan yol” adlı ədəbi-bədii kompozisiyalar Təhsil şöbəsinin təqdimatı ilə Xaçmaz şəhər Mədəniyyət mərkəzində keçirilən ümumrayon tədbirində böyük rəğbətlə qarşılanmışdır. Bu gözəl təqdimata görə Gülnarə Nuriyeva Təhsil şöbəsinin Fəxri Fərmanı və Təşəkkürnaməsinə layiq görülmüşdür.

Ömrünün tən yarısını - 20 ildən çoxunu məktəbə həsr edən Gülnarə müəllim işlədiyi kollektivdə çox böyük nüfuz sahibidir. Müəllim yoldaşları deyir ki, Gülnarə bizim öz yetirməmizdir. 

Onun sinəsini heç bir orden, medal bəzəmir. Xüsusi mükafatları, təltifləri də yoxdur. Ancaq ürəyində şagirdlərinə qarşı qucaq dolu sevgisi, rəğbəti, məhəbbəti var. Özünün dediyi kimi ən böyük mükafatı məktəbin uğurları, sevimli şagirdlərinin xoş səsi-sorağıdır.

 

Ziyafəddin BAYRAMOV,

“Respublika”.

Read 199 times