XƏBƏR LENTİ

Bazar, 07 Mart 2021 10:16

DAŞKƏSƏNDƏ BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD OLUNMUŞDUR

Daşkəsən rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tədbiri giriş sözü ilə açaraq Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan xanımlarını təbrik etmiş, daşkəsənli qadınların rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakından danışmışdır.

Qeyd edilmişdir ki, Azərbaycan qadınının bütün dövrlərdə gözəl örnəkləri olub. Tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazıblar. Seçki hüququnu dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Həyatımızın bəzəyi olan qadınlara tale ana olmaq, övladlarını cəmiyyət üçün gərəkli bir insan kimi böyüdüb tərbiyə etmək səadəti nəsib edib. Bu zərif cinsin nümayəndələri həm də cəmiyyətin bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışır, öz əməyi, bacarığı, səriştəsi, davranışı ilə fərqlənirlər. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Bu gün həmin siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil güclənir. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir.

Çıxış edən qadınlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək bundan sonra da rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında yaxından iştirak edəcəklərini bildirmişlər. Tədbirdə bütün Azərbaycan qadınlarına möhkəm cansağlığı, ailə səadəti, müstəqil dövlətimizin inkişafı naminə daha fəal və təşəbbüskar olmaları arzu edilmişdir.

Sonda bir qrup qadına hədiyyələr təqdim olunmuşdur.

 

Zabit XƏLİLOV,

“Respublika”.

Read 98 times