XƏBƏR LENTİ

Bazar, 07 Mart 2021 10:15

“Şəmkir” SES-in su anbarı qəzalı vəziyyətdən çıxarılır

Ölkədə əhəmiyyətinə görə ikinci sayılan “Şəmkir” Su Elektrik Stansiyasının su anbarında yaranan təhlükəli problemin aradan qaldırılması istiqamətində “Azərenerji” ASC təxirəsalınmaz işləri davam etdirir, - qurumdan verilən xəbərdə bildirilir. - Qeyd edək ki, 40 il əvvəl tikilən anbarın daşmaması, yağıntı zamanı yığılan artıq suyun buraxılaraq səviyyəsinin tənzimlənməsi üçün tikilən sutullayıcı qurğu 2003-cü ildən qəzalı vəziyyətə düşmüşdü. Belə ki, hər biri 160 metr uzunluğunda olan üç bloklu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəldiyindən və beton qatları qırıldığından güclü su sızması hər an qurğunun uçmasına və daşqına səbəb ola bilərdi. Buna görə də, ötən ildən etibarən sutullayıcı qurğuda təmir işlərinə başlanılıb. Çətin və xüsusi dəqiqlik tələb edən iş “Azərenerji”nin mütəxəssisləri ilə yanaşı, yerli şirkət tərəfindən həyata keçirilir. Hazırda sutullayıcı qurğunun giriş başlığında, hər 3 tunelin içərisində və qurğunun genişləndirilmiş çıxış hissəsində yenidənqurma, bərkitmə, betonlama və təmir işləri aparılır. İşin 90 faizi görülüb. Təmirin bu ilin aprel ayında yekunlaşdırılması nəzərdə tutulur.

Eyni zamanda, “Şəmkir” SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb, 2 saylı hidroaqreqatın ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok avtotransformatorunun əsaslı təmiri başa çatdırılıb. Bununla “itirilmiş” güc bərpa olunaraq, dayanıqlılıq və etibarlılıq artırılıb. Planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, təsirlənmə və SCADA dispetçer idarəetmə sistemlərinin, tezliyin, o cümlədən aktiv gücün avtomatik tənzimlənməsinin bərpası nəzərdə tutulur.

Səfər MAHMUDZADƏ,

“Respublika”.

Read 89 times