XƏBƏR LENTİ

Cümə, 05 Mart 2021 09:50

ŞANLI QƏLƏBƏMİZ TƏHSİL İŞÇİLƏRİNİ RUHLANDIRIR

Bu günlərdə Tərtər rayonunda təhsilin hazırki durumu ilə tanış olmaq üçün rayona yollandıq. Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Yaşar Məhərrəmovla bu barədə maraqlı söhbətimiz oldu. Yaşar müəllim qeyd etdi ki, Azərbaycanda milli təhsilin inkişaf etdirilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Respublikamızda savadlı pedaqoji kadrların yetişdirilməsi, təhsilin maddi-texniki bazasının gücləndirilməsi, dövlət hesabına gənclərin inkişaf etmiş xarici ölkələrdə təhsillərini davam etdirmələri ulu öndərin siyasətində prioritet təşkil etmişdir.

Bu gün dövlətimizin başçısı cənab İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirərək bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsilinin inkişaf etdirilməsi istiqamətində bir sıra vacib qərar və sərəncamlara imza atmışdır. Bu sahədə kadr islahatının şəffaflığı, maddi-texniki bazanın gücləndirilməsi, pedaqoji sahədə çalışanların əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması, infrastruktur layihələrin həyata keçirilməsi davam etdirilir. Atılan bütün addımlar ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə zəmin yaratmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan təhsilinin inkişaf etdirilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olmuşdur. Məhz Mehriban xanımın “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə respublikanın hər yerində çox sayda qəzalı, yararsız, köhnəlmiş məktəblərin yerində müasir standartlara cavab verən zəruri avadanlıqlarla təchiz olunmuş məktəb binaları inşa olunaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Tərtər rayonu da bu layihələrdən kənarda qalmamışdır. Məlumdur ki, 30 ilə yaxındır ki, mənfur düşmən doğma Qarabağımızı işğal altında saxlayırdı. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz misilsiz döyüş nümunələri göstərərək 44 gün ərzində torpaqlarımızı azad etdilər. Təəssüflər olsun ki, döyüş meydanında cəsur Azərbaycan əsgərləri ilə bacarmayan hiyləgər düşmən dinc əhaliyə, yaşayış məntəqələrinə istifadəsi qadağan olunmuş raket və iriçaplı silahlardan atəş açaraq çoxlu sayda ictimai binaları və şəxsi evləri yararsız hala saldılar. Bu zaman Tərtər rayonundan 17 nəfər mülki şəxs, o cümlədən bir məsum məktəbli ermənilər tərəfindən qətlə yetirilmişdir. Azərbaycan əsgəri döyüş meydanında şəhidlərimizin qisasını aldılar. Hazırda rayonda yararsız hala düşmüş şəxsi evlər və ictimai binalarda təmir-bərpa və yenidənqurma işləri aparılır.

Rayonda 47 təhsil müəssisəsi, o cümlədən 34 tam orta, 10 ümumi orta və 3 ibtidai məktəb fəaliyyət göstərir. Mənfur düşmən 16 məktəbə ciddi zərər vurmuşdur. Şəhər 5 saylı, Şıxarx 1 saylı tam orta məktəbləri və Düyərli ümumi orta məktəbi tam yararsız hala düşmüşdür. Düyərli ümumi orta məktəbin 1 korpusu, 5 saylı şəhər və 1 saylı Şıxarx tam orta məktəbləri yenidən inşa olunmalıdır. Qalan 13 məktəbdə təmir işləri başa çatdırılmışdır. Rayonda fəaliyyət göstərən 18 təhsil müəssisəsində mərkəzləşmiş istilik sistemi quraşdırılmış, qalanları isə odun yanacağı ilə təmin olunmuşdur.

Məktəblərin əksəriyyəti İKT sistemi ilə təmin olunmuşdur. Tərtərdə 10728 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1468 nəfər müəllim məşğul olur. Karantin qaydalarına uyğun olaraq hazırda hazırlıq qrupları da daxil olmaqla 8626 şagird əyani təhsilə cəlb olunmuş, qalanlara isə distant qaydada dərs keçilir. Şıxarx kənd 1 saylı tam orta məktəbi yararsız hala düşdüyündən şagirdlər Şıxarx qəsəbə 1 saylı tam orta məktəbində təhsillərini davam etdirirlər. Qeyd etmək lazımdır ki, qeyd olunan yaşayış məntəqələri arasında məsafə uzaq olduğuna görə şagirdlərin dərsə gedib-gəlmələri üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi xüsusi avtobus təşkil etmişdir.

Müsahibim bildirdi ki, 2019-2020-ci tədris ilində Tərtər təhsil müəssisələrini 597 nəfər bitirmişdir. Məzunlardan 371 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş, bundan 177 nəfər (60 %) respublikanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olmuşlar. Tələbə adını qazananlardan 14 nəfər 500-dən, 2 nəfər 600-dən yuxarı bal toplamışdır.

Rayonun Mamırlı kənd tam orta məktəbinin şagirdi respublika fənn olimpiadasında 3-cü yerə layiq görülmüşdür. Nəzərə almaq lazımdır ki, Tərtər rayonu hər gün düşmən atəşinə məruz qalmışdır. O zaman əldə olunan nailiyyətlər ürəkaçandır.

Vətən müharibəsində tarixə qızıl hərflərlə yazılmış möhtəşəm Qələbə sevincindən ən çox tərtərlilərə pay düşdüyünü qürurla ifadə edən Y.Məhərrəmov şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzuladı.

Vəli VƏLİYEV,

“Respublika”.

Read 102 times