XƏBƏR LENTİ

Şənbə, 20 İyun 2020 09:29

SAĞLAMLIĞIN ETİBARLI KEŞİKÇİLƏRİ

Səhiyyə işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə səhiyyənin inkişafında xidmətlərinə görə Cəlil Oruc oğlu Nəzərovun respublikanın Əməkdar həkimi fəxri adına layiq görülməsi Masallının tibb işçilərini, ziyalılarını, ictimaiyyətin nümayəndələrini hədsiz sevindirmişdir. Bunu cənab Prezidentin Masallı səhiyyəsinə göstərdiyi yüksək qayğı, dəyər kimi qiymətləndirən rayon mərkəzi xəstəxanasının kollektivi dövlətimizin başçısına razılıqlarını, dərin minnətdarlıqlarını bildirir.

Cəlil Nəzərov 1957-ci il mayın 2-də Masallı rayonunun Miyankü kəndində dünyaya göz açıb. 1986-cı ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib təyinatla doğma rayonda həkim-uroloq kimi fəaliyyətə başlayıb. 1990-cı ildə rayon mərkəzi xəstəxanasının urologiya şöbəsinin müdiri, 2003-cü ilin aprel ayında Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə irəli çəkilib. Bacarıqlı həkim, qabaqcıl səhiyyə təşkilatçısı kimi tanınır. 17 il ərzində əhalinin sayına görə respublikamızın iri rayonlarından olan Masallıda insanların sağlamlığı keşiyində dayanıb. Kollektivi səhiyyə maarifinin genişləndirilməsinə, xəstəliklərin qarşısının alınmasına, müayinə və müalicə işinin düzgün və səmərəli təşkilinə səfərbər edib. Əməyi dəfələrlə Səhiyyə Nazirliyi və Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanlara layiq görülüb.

Azərbaycan Prezidenti İlham Əliyevin səhiyyə sisteminin inkişafına davamlı şəkildə qayğı göstərdiyini, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdıran Masallı Rayon Mərkəzi Xəstəxanasının publik-hüquqi şəxsin direktoru, respublikanın Əməkdar həkimi Cəlil Nəzərov fikirlərini bizimlə bölüşdü:

- Cənab Prezidentin rəhbərliyilə son illər ölkəmizdə yüzlərlə tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu sahədə aparılan ardıcıl islahatlar səhiyyə sisteminin təkmilləşdirilməsinə, yeni, müasir mərhələyə qədəm qoymasına hərtərəfli zəmin yaradıb. Səhiyyə sahəsinin inkişafı ilə bağlı həyata keçirilən layihələr respublikanın bütün bölgələrini əhatə edib. Masallı Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri də dövlət qayğısının əyani nümunəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Masallı Rayon Mərkəzi Xəstəxanası əsaslı şəkildə təmir edilərək 2017-ci ilin oktyabr ayında istifadəyə verilib. Xəstəxana 10 korpusdan ibarətdir. Bura uşaq xəstəlikləri, yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat, mətbəx korpusları, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinin, Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Stansiyasının Masallı regional məntəqəsinin korpusları və digər korpuslar daxildir.

Tibb ocağında ilk dəfə olaraq kompüter tomoqrafiyası, müasir rentgen, flüoroqrafiya, USM müayinə aparatları, exokardioqrafiya, hemodializ aparatları, ən müasir süni tənəffüs aparatları, cərrahiyyə stolları, yeni doğulmuşların reanimasion otağında müasir tibbi avadanlıqlar, stomotoloji avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı və digər müasir tibbi avadanlıqlar quraşdırılıb.

Direktor Cəlil Nəzərov söhbətinə davam edərək bildirir ki, regionda bu cür müasir xəstəxana kompleksinin inşası, ilk növbədə, vətəndaşların sağlamlığının qorunmasına, onların müayinə-müalicə işinin düzgün və yüksək səviyyədə təşkil olunmasına xidmət edir. Həmçinin, bu xəstəxanalar ölkəmizin ümumi inkişafının göstəricisidir. Bütün bunlar sübut edir ki, səhiyyə sisteminin təkmilləşdirilməsi dövlət siyasətində prioritet məsələ kimi daim möhtərəm Prezidentimizin diqqət mərkəzindədir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyinin, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun gündəlik qayğısı və köməyi sayəsində səhiyyə islahatları uğurla, məqsədyönlü şəkildə davam etdirilir.

Rayonda 4 xəstəxana, 30 həkim məntəqəsi, 28 tibb məntəqəsi fəaliyyət göstərir. Son illərdə 11 həkim, 3 tibb məntəqəsi üçün yeni binalar tikilib. 35 çarpayılıq ağciyər xəstəlikləri xəstəxanası, Boradigah qəsəbə, Viləş kənd sahə xəstəxanaları əsaslı şəkildə təmir edilib. Tibb ocaqlarında 206 həkim, 454 nəfər orta tibb işçisi, 326 nəfər kiçik tibb işçiləri olmaqla, ümumilikdə 986 tibb işçisi çalışır. Xəstəxanalar keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün lazımi avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunub.

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq olunmuş səhiyyə üzrə Dövlət proqramları uğurla icra olunur. Hazırda 6200 nəfər şəkərli diabet, 1250 nəfər ruhi-əsəb xəstəsi dispanser qeydiyyatındadır. İmtiyazlı qrupa daxil olan xəstələrə hər ay dərmanlar pulsuz paylanılır. Son iki ildə bütün şəkərli diabet xəstələr şəkəryoxlayıcı aparatla təmin edilib. Uzun illər hemodializ müalicəsi almaq üçün xəstələr qonşu rayonlara getmək məcburiyyətində qalırdılar. Əsaslı təmirdən sonra xəstəxanada hemodializ şöbəsi fəaliyyətə başlayıb. Şöbədə 10 ədəd müasir hemodializ aparatı quraşdırılıb. üç növbədə burada dövlət təminatı hesabına 66 nəfər xəstə hemodializ qəbul edir.

Bu ilin fevral ayının 28-dən başlayaraq rayon mərkəzi xəstəxanası yeni növ koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə qoşulub. Xarici ölkələrdən çarter reysi ilə gələn soydaşlarımız xəstəxanada yerləşdirilib. Hazırda koronavirusa yoluxmuş xəstələr stasionar şəraitdə müalicə olunurlar. Rayonun səhiyyə işçiləri əzmlə çalışır, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün qüvvə və bacarıqlarını əsirgəmirlər. Əsas məqsədləri, amalları dövlətimizin başçısının etimadını layiqincə doğrultmaqdır.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.

Read 121 times