XƏBƏR LENTİ

Çərşənbə axşamı, 22 Oktyabr 2019 06:28

Şəki Bələdiyyəsi uğurlu yoldadır

ümummilli liderimiz Heydər Əliyev yerli özünüidarəetməni ölkəmizdə gedən demokratiya prosesinin mühüm tərkib hissəsi kimi qiymətləndirərək bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini də müəyyən etmiş, onun inkişafına xüsusi diqqət və qayğı göstərmişdir.
Hüquqi dövlətdə yerli demokratiya öz ifadəsini yerli özünüidarə orqanlarının hüquqi statusunda, təşkilində və fəaliyyətində tapır. Bununla bağlı “Yerli özünüidarə haqqında Avropa Xartiyası”nda müəyyən edilmiş prinsiplər “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu Qanuna görə yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Təsadüfi deyil ki, ümummilli lider ilk bələdiyyə seçkilərinin keçirilməsindən əvvəl xalqa müraciət edərək vətəndaşları seçkilərdə fəal iştirak etməyə səsləmişdir. O, arzu edirdi ki, hər bir vətəndaş Azərbaycanda dövlət quruculuğu prosesində, o cümlədən seçkilərdə fəal iştirak etsin. Xalqımızın ulu öndəri deyirdi: “Təbiidir ki, seçkilərdə iştirak etmək, yaxud iştirak etməmək hər bir vətəndaşın şəxsi hüququdur. Ancaq eyni zamanda, hər bir vətəndaş Konstitusiyanın ona verdiyi hüquqdan istifadə etməli, kənarda qalmamalıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşları Azərbaycanda demokratiyanın yaranmasında, dövlət quruculuğu prosesinin yaranmasında indiyə qədər fəal iştirak etdikləri kimi, yerli idarəetmə orqanlarının yaranması üçün keçirilən bələdiyyə seçkilərində də fəal iştirak edəcəklər”.
Məhz ulu öndərin xeyir-duası ilə yaranmış bələdiyyələrin fəaliyyətə başlamasından iyirmi ilə yaxın bir vaxt ötür. Bu müddət ərzində “Yerli özünüidarə haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını əsas götürərək fəaliyyətini tənzimləyən, seçici müraciətlərini məmnunluqla yerinə yetirən bələdiyyələr sırasında Şəki Bələdiyyəsinin öz xüsusi çəkisi vardır. Qədim Şəkinin daha da gözəlləşməsi, əhalinin müxtəlif təbəqələri ilə keçirilən görüşlərdə qaldırılan həlli vacib problemlərin vaxtında icra olunması yolunda rayon icra hakimiyyəti ilə daim əlbir işləyən yerli özünüidarə qurumunun fəxr olunası işləri çoxdur.
Şəki Bələdiyyəsinə bu gün Elşad İbadov rəhbərlik edir. Onunla söhbət zamanı öyrəndik ki, cari il nəinki Şəki Bələdiyyəsi üçün bütünlükdə bu qədim diyarın bütün əhalisi üçün olduqca əlamətdar olmuşdur. Belə ki, Bakıda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sesiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqına təbriki hamı kimi biz şəkililərin ürəyini fərəhlə döyündürdü.
Ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın apardıqları ölçüyəgəlməz siyasətin nəticəsində baş tutan bu böyük uğur bir daha göstərdi ki, Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Vətənimiz öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır.
Hazırda Azərbaycan dünyada zəngin və milli-mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfindən irəli sürülüb. Mədəni irsin qorunması Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir.
Bir daha vurğulmaq istəyirəm ki, xalqımızın həyatında ən yaddaqalan hadisələrdən biri olan “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi biz şəkililərin məsuliyyətini birə-beş artırır, daha yaxşı işləməyə sövq edir.
Bələdiyyəmizin fəaliyyətinə gəlincə onu qeyd etmək istərdim ki, 2019-cu ilin iyulunda Şəki Bələdiyyəsinin cari ilin yanvar-iyun aylarındakı fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilmiş, həmin dövr ərzində bələdiyyə büdcəsinin yerinə yetirilməsinin icrası təhlil edilmiş və qarşıda görüləcək işlər müəyyənləşdirilmişdir.
Diqqətə çatdırılmışdır ki, hesabat dövründə fiziki şəxslərin torpaq və əmlak vergisi, tikinti altında olan torpaqların icarə haqları, avtomobil dayanacağı xidmətindən, reklam və mehmanxana xidmətindən, vətəndaşların mülkiyyətinə satılmış torpaq sahələrinə görə və sair sahələrdən daxil olan vəsaitlərin uçotunun qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibatlıqla yanaşı vergi yığım şöbəsi tərəfindən də aparılması təmin edilmişdir. Müddət ərzində 20409 ədəd tədiyyə bildirişi vergi ödəyicilərinə çatdırılmaq üçün vergi müfəttişlərinə verilmiş və bildirişlərin 8847-si vergi ödəyicilərinin ünvanına çatdırılmışdır ki, onlardan 7200 ədədi fərdi yaşayış evlərinə, 840 ədədi ictimai binaların mənzillərinə, 807 ədədi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə aiddir. Vergi uçotu kitablarında vergi ödəyicilərinin 1 yanvar 2019-cu il tarixə olan borcları öz əksini tapmış və bununla yanaşı 2019-cu il üçün vergilərin hesablanması 1 yanvar 2015-ci il tarixdən fiziki şəxslərin əmlak və torpaq vergisinin hesablanması qaydasına edilmiş məlum dəyişikliklər nəzərə alınmaqla aparılmışdır. Vergi ödəyicilərinin qeydiyyatı üzrə dürüstləşdirmə və vergilərin yeni qaydalara uyğun hesablanması istiqamətində işlər davamlı olaraq aparılır.
Həmçinin, bələdiyyə vergilərinin hesablanması və yığılması, fiziki şəxslərin əmlak vergisinə cəlb olunması və verginin toplanması, torpaq icarəsindən və satışından vəsaitlərin daxil olması işi də gündəlik nəzarətdə saxlanılmışdır.
Seçicilərimizlə keçirilən müntəzəm görüşlərdə onların qaldırdıqları məsələlərin operativ araşdırılması və həll edilməsi də fəaliyyətimizin ana xəttini təşkil edir. Seçici etimadının daha dolğun yerinə yetirilməsi, qədim tarixə malik Şəkinin daha da gözəlləşməsi üçün şəhər icra hakimiyyətilə birlikdə bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik.

Söhbəti qələmə aldı:
İlham PƏNAHOV,
“Respublika”.

Read 80 times