XƏBƏR LENTİ

Çərşənbə axşamı, 30 Mart 2021 06:50

Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Göyçədən türk dünyasına” mövzusunda videokonfrans keçirilib

Martın 29-da Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyinə həsr olunmuş “Göyçədən türk dünyasına” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfrans Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Qaçqınlar Cəmiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, konfransın “Göyçədən türk dünyasına” adlandırılması təsadüfi deyil. Aşıq Ələsgər Göyçədə doğulmuş, ustad dərsi almış, sağlığında böyük nüfuz qazanmış qüdrətli sənətkardır: “Aşıq Ələsgərin həyat və yaradıcılığı yalnız sənətkarlıq baxımından deyil, ifadə etdiyi bir çox mənalar baxımından da qiymətlidir, vacibdir. Ona görə ki, Göyçə bu gün siyasi coğrafiyamıza aid olmasa da, mədəniyyət coğrafiyamıza aiddir”.

Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov Aşıq Ələsgər yaradıcılığının bütün türk dünyası üçün önəmli rol oynadığını vurğulayıb. Qeyd edib ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə bədii-estetik meyarlarla yeni məzmun qazandırıb. Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ilə bağlı 18 fevral 2021-ci il tarixində Sərəncam imzalayıb. Sərəncama əsasən, ustad sənətkarın yubileyi geniş şəkildə qeyd olunacaq. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanır.

Aşıq Ələsgər yaradıcılığının dövlətimizin daim diqqət mərkəzində olduğunu bildirən nazir deyib ki, hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük söz ustadının 150 illik yubileyi respublikamızda və onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub: “Tarixi Azərbaycan torpağı olan Göyçə mahalında Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb, Azərbaycan Elmlər Akademiyası tərəfindən əsərləri iki cilddə nəşr olunub. Müstəqillik illərində də Aşıq Ələsgərə, bütövlükdə bu ulu sənətə ölkəmizdə diqqət və qayğı olub. 2009-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Aşıq Ələsgərin yaradıcılığı dini inanclarımıza sayğı, Vətənə və onun təbiətinə vurğunluq, cəhalətə, sosial ədalətsizliyə qarşı etiraz, məhəbbətə, dostluğa, sədaqətə, halal zəhmətə, düzlüyə çağırışdan ibarətdir. Öz zəngin və mənalı yaradıcılığı ilə ustad aşıq bu gün də bizimlədir”.

Nazir çıxışının sonunda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.

Sonra videokonfrans Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalının moderatorluğu ilə davam edib.

Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Aşıq Ələsgərin sözü və sazının Göyçə mahalından başlayaraq türk dünyası xalqlarının genetik yaddaşına həkk olunduğunu vurğulayıb.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Aşıq Ələsgəri türk dünyasında aşıq ədəbiyyatını zirvələrə qaldırmış qüdrətli ustad kimi xarakterizə edib: “Aşıq Ələsgər aşıq ədəbiyyatının nizamnaməsini yaratmış ölməz sənətkardır”.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Aşıq Ələsgəri bu ulu sənətin ən yüksək zirvəsi adlandırıb. Bildirib ki, onun irsi aşıq yaradıcılığının bütün janrlarına böyük təsir göstərib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov deyib ki, il ərzində Aşıq Ələsgərin 200 illiyi ilə bağlı da təşkilat tərəfindən müxtəlif layihələr həyata keçiriləcək.

Konfransda çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi Təşkilat komitəsinin sədri Xətai Ələsgərli, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, millət vəkili Əziz Ələkbərli, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru Yusif Alı Afşar və yazıçı, tərcüməçi İmdat Avşar qüdrətli söz ustadının aşıq yaradıcılığının inkişafındakı xidmətlərindən söz açıblar.

Daha sonra məruzələr dinlənilib. Aşıq Bəhmən Göyçəli Dədə Ələsgərin “Yaylaq”, Aşıq Samirə isə “Gözələ” şeirləri üstündə saz havalarını ifa ediblər.

 

 

AZƏRTAC

Read 95 times