XƏBƏR LENTİ

Bazar, 03 Noyabr 2019 11:44

Nümunəvi mədəniyyət evi

Yeni Suraxanı qəsəbəsindəki 8 Mart adına mədəniyyət evi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nəzdində fəaliyyət göstərən nümunəvi mədəni-maarif müəssisələrindən biridir. 1930-cu ildən fəaliyyətə başlayan mədəniyyət evi 5 dərnək otaqlarından, 170 nəfərlik tamaşa salonu, akt zalı, anbar və müdiriyyət otağından ibarətdir. Onu da qeyd etmək lazımdır ki, Mədəniyyət Evinin nəzdində 2 saylı kitabxana da fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, 2015-ci ildə mədəniyyət evi əsaslı təmir olunmuşdur. Mədəniyyət evinin yaradıcı kollektivi xidmət sahəsində nümunəvi mədəni xidmət göstərmək üçün iş planına uyğun olaraq bu gün real imkanlardan bacarıqla istifadə edirlər.

Mədəniyyət evinin direktoru Rüfət Məmmədovla söhbət edərkən o, bildirdi ki, mədəniyyət evi uşaq və yeniyetmələri müxtəlif kurs və dərnəklərə cəlb etmək üçün ərazidəki 101 və 89 saylı ümumtəhsil məktəbləri ilə daim əlaqə saxlayır. Rüfət müəllim onu da qeyd etdi ki, son zamanlar mədəniyyət evində yeni kurslar açılmış, bədii və texniki özfəaliyyət kollektivləri fəaliyyətə başlamışdır. Elə bunun nəticəsidir ki, axır zamanlar burada ingilis dili, rus dili, məktəbəqədər iş, fortepiano, rəsm, rəqs, ilkin tibbi yardım, kompüterin əsasları, gimnaziya, gitara, məktəbəqədər, karate, qarmon və sair kurslar və özfəaliyyət kollektivləri yaradılmışdır. Qeyd etmək lazımdır ki, kursları bitirmiş dinləyicilər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə mədəniyyət evinin sertifikatı ilə təltif olunurlar.

Rüfət Məmmədov onu da qeyd etdi ki, mədəniyyət evində ansamblların yaradılmasına da daim diqqət yetirilir. Belə ki, bu məqsədlə mədəniyyət evində “Azad” və “Köhnə Bakı” rəqs ansamblı yaradılmış və hazırda fəaliyyətdədir. Mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri istər qəsəbə, rayon, istərsə də respublika əhəmiyyətli tədbirlərdə yaxından iştirak edir və müxtəlif mükafatlara layiq görülürlər.

Mədəniyyət evinin qiraət ustaları və musiqiçiləri təqvim günlərində, bayram tədbirlərində daha böyük fəallıq göstərirlər.

Bundan başqa, mədəniyyət evində mütəmadi olaraq yaradıcı insanlarla da görüşlər, “dəyirmi stol”, sual-cavab və sair klub tədbirləri də keçirilir.

Zabit CAVADOV,

“Respublika”.

Read 58 times