XƏBƏR LENTİ

Cümə axşamı, 19 Dekabr 2013 15:00

Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

 

 

 

Azərbaycanda siyasi natiqliyin, eləcə də natiqlik sənətinin formalaşıb inkişaf etməsində Heydər Əliyevin rolu əvəzsizdir. Heydər Əliyev nitq mədəniyyətinin kompleks şəkildə, hərtərəfli araşdırılmasına aid monoqrafik elmi-tədqiqat əsəri “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” bu yaxınlarda Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər və reanimatologiya kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Nağdəli Zamanov tərəfindən oxuculara təqdim olunmuşdur. İki hissədən ibarət olacaq bu kitabın I hissəsi “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilmişdir. Həcm etibarilə 480 səhifədən ibarət olan bu maraqlı monoqrafiya 14 fəsildən ibarətdir.

“Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində” fəslində ulu öndərin canından əziz saydığı Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsindən danışılır. Müəllif Heydər Əliyevin dil problemlərinə necə bələd olduğu haqda fikirlərini oxucuları ilə bölüşür, böyük natiqin çıxışlarından sitatlar gətirir: “Məsələn, ordumuzda da vəziyyət belədir. Çünki keçmişdə Sovet ordusunda olan terminlərin və s. əksəriyyəti dilimizə o qədər də çevrilməyib. Amma mən müdafiə nazirinə də göstəriş vermişəm ki, artıq vaxt keçib, təhsili də, ordunun idarəsini də, başqa şeyləri də tədricən dilimizə, Azərbaycan dilinə çevirmək lazımdır”.

Kitabın mühüm fəsillərindən biri “Heydər Əliyevin nitqində məntiqi ardıcıllıq” adlanır. Müəllif bu fəsildə möhkəm yaddaş, güclü analitik təfəkkür sahibinin nitqlərində məntiqi ardıcıllığı araşdırır və oxuculara çatdırır.

“Heydər Əliyev nitqində poetik duyğular” fəsli də ciddi maraq doğurur. Poetizmin bütün insanlara, xüsusən də Azərbaycan insanına daxilən xas olan bir keyfiyyət halı olduğunu nəzərə alsaq, böyük natiq auditoriyalarda poetik duyğulardan yararlanır, auditoriyanı ələ almağı bacarır. Müəllif Heydər Əliyevin nitqinə xas olan poetikliyi ortaya qoya bilir: “Poetik duyğular bəzən Azərbaycan şairlərinin şeirləri ilə auditoriyalara ayaq açır. Özbəkistanda səfərdə olan Heydər Əliyev görkəmli Azərbaycan şairi Süleyman Rüstəmin bir parça şeiri ilə Özbəkistan adlı bir türk respublikasının, çoxmilyonlu özbək xalqı auditoriyasının məhəbbətini qazana bilir”.

Müəllif bu şərhdən sonra Heydər Əliyevin nitqindən poetik bir parçanı oxuculara təqdim edir: “Mən bu qədim torpağa, özbək xalqına, hörmətli dostlar, sizin hamınıza bir daha dərin ehtiramımı bildirirəm. Mən sözümü görkəmli Azərbaycan şairi Süleyman Rüstəmin özbək qardaşına həsr etdiyi şeirindən bir parça ilə tamamlamaq istəyirəm:

Candan əziz torpağını,

Anam kimi, balam kimi sevirəm.

Düşmənlərin qarşısında əyilməyən başımı

Qardaş kimi qarşınızda əyirəm”.

Nağdəli Zamanovun “Heydər Əliyevin nitqində fəlsəfi fikirlər” fəslində ulu öndərimizin fəlsəfi dünyagörüşləri oxucular üçün açıqlanır. Dialektikanın forma və məzmun kateqoriyalarının vəhdəti Heydər Əliyev nitqində tez-tez səslənir. Görkəmli şəxsiyyətlərə ucaldılan heykəllər haqqında onun fikirləri bu sıradandır. Əsas məzmun heykəllərin qoyulduğu insanların şəxsiyyəti ilə səciyyələnir. Heykəllər vasitədir. Şəxsiyyətlərin öyrənilməsi yolunda, xalqın yaddaşının qorunması yolunda, məzmuna açar olmaq yolunda heykəllər mühüm bir vasitədir: “Biz bu gün, bu el bayramı günü Məhəmməd Füzulinin Azərbaycanın paytaxtı Bakıda, Füzuli meydanında ucaldılmış heykəlinin önünə getdik, onun heykəlinin qarşısına güllər qoyduq. Ancaq Füzulinin özünün yaratdığı mənəvi heykəl bizim hər birimizin qəlbindədir. O əbədi yaşayacaq, gələcək nəsillərin qəlbində yaşayacaqdır”.

Müəllif nitqin gücünü artıran səmimiyyət, qətiyyət, proqnozlar kimi elementləri sistemləşdirmişdir. Heydər Əliyevin çıxışlarında “bunları etiraf etmək lazımdır”, “mən çox açıq danışan adamam”, “sizə açığını deyim”, “sözün düzü”, “tarixi qaralamaq olmaz”, “xalqdan heç kəs inciyə bilməz” kimi yüzlərlə ifadələri, eləcə də “heç kəs mənim iradəmi sındıra bilməz”, “dövlət dilini qəbul etməliyik”, “hamı bilməlidir”, “yol verə bilmərik”, “şəxsən nəzarət edəcəyəm”, “bütün bunlara son qoyulmalıdır” kimi qətiyyətli ifadələr yerli-yerində işlənmişdir. Kitabın XI-XIV fəsilləri Heydər Əliyevin nitqlərində üslubların araşdırılmasına həsr olunmuşdur. Müəllif üslublara novatorcasına yanaşır. Məsələn, “Heydər Əliyev nitqində dini üslub” fəslində islamın müasirliklə vəhdətdə verilməsinin şahidi oluruq. İslam əxlaqının, islam dini-fəlsəfi dünyagörüşünün formalaşmasında Heydər Əliyevin dini mövzulardakı çıxışlarının elmi şəkildə araşdırılması mühümdür. Məhz bu məsələləri N.Zamanov öz monoqrafiyasında dəqiq araşdıra bilib: “Sabahkı günə inam, nikbinlik Heydər Əliyevin dini üslublu çıxışlarını, dindarlarla olan görüşlərini tərk etmir. Böyük natiq xoşbəxt günlərə aparan yolun dözümdən, dəyanətdən keçdiyini addımbaşı xatırladır: “Xalqımız bundan sonra ulu babalarının yolu ilə, Həzrəti Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və xoşbəxt gələcəyə çatacaqdır. Azərbaycan xalqı bu çətinliklərin hamısına dözür və güman edirəm ki, bundan sonra da dözəcəkdir”.

Sonda “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyasının I hissəsini müvəffəqiyyətlə başa çatdırıb II hissə üzərində (Heydər Əliyevin nitqlərinin üslubi-qrammatik xüsusiyyətləri) işləyən müəllifə bu gərgin və maraqlı yaradıcılıq axtarışlarında uğurlar arzulayırıq.

 

Zemfira MƏMMƏDOVA,

Azərbaycan Tibb Universitetinin

Xarici dillər kafedrasının müdiri,

filologiya elmləri doktoru.

 

 

 

Read 25387 times