XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 08 Aprel 2021

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (109 km)-Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.9-cu yarımbəndində göstərilmiş 13,6 milyon (on üç milyon altı yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın  1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 aprel 2021-ci il.

Published in Sərəncam

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus şəxsi “Twitter” hesabında aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciətindəki çağırışları ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, ÜST-ün Baş direktoru paylaşımında Azərbaycan Prezidentinə təşəkkür edərək qeyd edib: “BMT-nin İnsan Hüquqları Şurasında ədalətli, əlverişli, vaxtında və universal şəkildə COVİD-19 peyvəndlərinə çıxışın əldə olunması ilə bağlı çağırışdakı liderliyinizə görə Prezident Əliyev, Sizə təşəkkür edirəm. Razıyam ki, biz vaksinlərin ədalətli paylanmasını təmin etmək, peyvənd və sağlamlıq təminatı üçün birlikdə daha çox iş görməliyik”.

AZƏRTAC

Published in Digər xəbərlər

İtaliyanın “Politicamente Corretto”, “Askanews”, “Agenzia Nova”, “Yahoo Notizie”, “KmetroO” kimi kütləvi informasiya vasitələrində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina təhlükəsi barədə məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalələrdə Beynəlxalq Mina Xəbərdarlığı və Minalara Qarşı Mübarizə Günü münasibətilə ADA Universitetində təşkil olunmuş tədbirdə səsləndirilmiş fikirlərə geniş yer verilib. 

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi -  Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev tədbirdə çıxış edərək, Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi bir təhlükə yaratdığını, eləcə də sosial-iqtisadi inkişafa mane olduğunu vurğulayıb.

H. Hacıyev bildirib ki, ölkələr tərəfindən minalara qarşı mübarizə şəraitinin yaradılması və səylərin inkişaf etdirilməsi məsələsi çox vacib əhəmiyyət kəsb edir. Bu, xüsusən də minalardan zərər çəkmiş ölkələrə aiddir. Təəssüf ki, Azərbaycan minalardan zərər çəkmiş ölkələr kateqoriyasına daxildir. Həmçinin vurğulanıb ki, hərbi əməliyyatlar zamanı və ya hərbi vəziyyətlərdə mülki şəxslər hədəfə alınmamalıdır.

Prezidentin köməkçisi, eyni zamanda, vurğulayıb ki, azad olunmuş ərazilərində qalan hər bir mina Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarına və mülki əhaliyə təhdid təşkil edir.

Hikmət Hacıyev xüsusi qeyd edib ki, minaların yaratdığı əlillik ağır fəsadlarla müşayiət olunur, qurbanlar, onların ailələri və ümumilikdə cəmiyyətin rifahına mənfi təsir göstərir. Minaların qurbanları ölçüyəgəlməz dərəcədə fiziki ağrı, psixoloji və emosional zədə alırlar. Piyada əleyhinə minalar Ermənistan tərəfindən məqsədyönlü qisas strategiyasının bir hissəsi kimi mülki əhalini terrora məruz qoymaq və təxminən 30 ildən bəri davam edən etnik təmizləmə siyasətinin nəticələrini aradan qaldırılmasını əngəlləmək üçün istifadə olunur.

Ermənistanın minalanmış ərazilərin xəritələrini təhvil verməməsi məsələsinə də toxunan Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Ermənistanın xəritələri verməkdən imtina etməsi də iki ölkə arasında sülh və etimadın yaranmasına mənfi təsir göstərir, ölkələr arasında, eyni zamanda, bölgədəki sabitliyi və əmin-amanlığı əngəlləyir. İşğaldan azad edilmiş ərazilərə səpələnmiş minalar sosial-iqtisadi inkişafa mane olur və 2030-cu ilədək davamlı inkişaf proqramı çərçivəsində Azərbaycanın hədəflərinə çatmaq üçün ciddi maneə törədir. Hazırda Azərbaycanın azad edilmiş ərazilərini minalardan və digər partlayıcı qurğulardan təmizləmək Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir.

Sonda Hikmət Hacıyev diqqətə çatdırıb ki, minaların basdırılması çətin olmasa da, onların çıxarılması son dərəcə ləng, təhlükəli və bahalı bir işdir. Minaların təmizlənməsi Azərbaycan hökumətinin prioritetlərindən biri kimi müəyyən edilib.

 

 

AZƏRTAC

Published in Diaspora

Bu, üzv dövlətlər arasında həmrəyliyin təzahürüdür

Published in Digər xəbərlər

30 ilə yaxın düşmən nəzarətində olmuş və müzəffər ordumuz tərəfindən işğaldan azad edilən ərazilərdəki mövcud vəziyyət ermənilərin bu ərazilərdə faşist xislətli hərəkətlər həyata keçirdiklərini bütün çılpaqlığı ilə nümayiş etdirir. Bu ərazilərdə, kəndlərdə, şəhərlərdə hər şey yerlə yeksan edilib, bir bina belə qalmayıb, tarixi abidələr dağıdılıb, yandırılıb.

44 gün ərzində düşmənin yerüstü arsenalı məhv edilsə də, yer altındakı gizli arsenalı hələ qalmaqdadır. Torpaqları tərk edərkən, Ermənistan silahlı qüvvələri heç bir qeyd aparmadan və ayırd etmədən, xaotik şəkildə əraziləri minalayıbdır. Bu da ərazilərin şübhəli və təhlükəli olmasına dəlalət edir. Minalar demək olar ki, hər yerə, işıq xətləri, yol kənarları, kənd və qəsəbə daxili cığırlara, çay kənarlarına və digər yerlərə basdırılıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb və mina sahələrinin xəritələri yoxdur. Ermənistan tərəfində mövcud olan minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması humanitar minatəmizləmə fəaliyyətinin planlaşdırılmasına və icrasına öz mənfi təsirini göstərir və azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsini, şəhər və kəndlərin bərpasını və növbəti mərhələdə məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə törədir. Ermənistan tərəfinin bu məlumatların təqdim etməməsi, beynəlxalq humanitar normaları məqsədli şəkildə pozması deməkdir.

Həm işğal dövründə, həm də müharibə zamanı ərazini total şəkildə minalayan Ermənistanın həmin ərazilərin xəritələrini təqdim etməməsi, bu ölkənin Azərbaycan tərəfinin daha çox insan itkiləri verməsinə çalışması, müharibəni bu üsulla davam etdirməsi erməni faşizminin növbəti təzahürüdür. Təcavüzkar ölkə minaladığı ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməklə yeni formada müharibəni, terror siyasətini davam etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyev qətiyyətlə bildirir ki, azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz.

Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işlər də ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra həyata keçirilir. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. “Əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər”.

İşğaldan azad olunmuş ərazilərdə mina risklərinin aradan qaldırılmasına müəyyən zaman lazımdır. Beynəlxalq təşkilatlar, qurumlar durumun ciddiliyini nəzərə alıb minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana təzyiq göstərməlidirlər.Təəssüf ki, müharibədən sonra da bu ərazilərdə problemlə bağlı bədbəxt hadisələr baş verir, insanlar həlak olur, yaralanır, xəsarət alırlar. Uzun illər vətən həsrəti ilə yaşayan, keçmiş məcburi köçkünlər tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, minalardan təmizləmə işlərinin başa çatmasını gözləməyə səbirləri çatmır. Onlar azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməyə çalışırlar. Bununla da həyatlarını riskə atırlar.

Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə əlaqədar ADA Universitetində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan hazırda minaların təsirinə məruz qalan və ondan əziyyət çəkən ölkələr sırasındadır. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları minalarla dolu bir məkana çevrilib. Bu amil müharibədən sonra daha çox aktuallıq kəsb edib. İşğaldan azad olunmuş ərazilərimizdə basdırılmış hər bir mina istənilən halda Azərbaycan vətəndaşlarına və mülki əhaliyə qarşı təhlükədir. Bu, Ermənistanın hərbi cinayətlərinin təzahürü olmaqla, eyni zamanda, beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliyə ziddir. Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə iki ölkə arasında etimadın yaranmasına ziyan vurur və regional əməkdaşlığa mane olur: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalarla bərabər, təmizlənməsi kifayət qədər çətin olan tələlər də qurulub. Bu da minalardan təmizləmə əməliyyatına mane olur. İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Azərbaycan hökuməti üçün əsas prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir”. Ərazilərin minalardan təmizlənməsi prosesinin kifayət qədər bahalı və çətin olduğunu söyləyən Hikmət Hacıyev vurğulayıb ki, hazırda Azərbaycan hökuməti üçün prioritet olan bu məsələ müxtəlif qurumların birgə fəaliyyət göstərdiyi istiqamətdir. Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin strukturu dəyişdirilib. İndi texniki baxımdan onun potensialının artırılması prosesi həyata keçirilir. Minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan həm də azərbaycanlıların doğma torpaqlarına qayıdışının ləngiməsinə səbəb olur. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də maneçilik törədir.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri Çaru Bist bildirib ki, bununla əlaqədar daha bir fəaliyyət istiqaməti tərəfdaşlığın qurulmasıdır. Biz Azərbaycanla bu cür əməkdaşlığı görürük. Azərbaycan hökuməti, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın yaradılması bu məsələlərdə mühüm nailiyyətlər əldə etməyə imkan verir. Əgər hər hansı dövlət minalardan və partlamamış sursatlardan azad olmayıbsa, orada dayanıqlı inkişaf məqsədlərinə çatmaq mümkün olmayacaq. İnsanların həyatını xilas etməklə yanaşı, mina və digər sursatlardan zərərçəkənlərə də dəstək göstərilməlidir. BMT-nin dəstəyi ilə 1999-cu ildən bəri Azərbaycanda ANAMA 6 mindən çox mina təmizləyib və bunun nəticəsində 160 mindən çox köçkünün geri qayıtmasına şərait yaranıb: “Biz ANAMA ilə daha yaxından əməkdaşlıq edirik. İki həftə əvvəl yeni bir sazişə imza atmışıq. Bu məqsədlə BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan 1 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Bu vəsait həm işçi heyətə təlim keçirilməsinə, həm də avadanlıqların alınmasına yönəldiləcək. Biz Azərbaycanda bu istiqamətə dəstəyimizi artırmışıq. ANAMA-ya mina xəbərdarlığına dair ehtiyacların araşdırılmasında və tədqiqat sahəsində də dəstək olacağıq. Fəaliyyətimiz, həmçinin mina avadanlığının satın alınmasını, minalardan təmizlənən ərazilərin bərpasını və minaları aşkarlayan itlərin təlimləndirilməsi prosesini də əhatə edəcək”.

 

Mustafa KAMAL,

“Respublika”.

Published in Digər xəbərlər

Aprelin 7-də Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sədr qonağı səmimi salamlayaraq, Misirin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayıb. O, ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini bildirərək, tərəflər arasında imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib.

İki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın əhəmiyyətini bildirən Sahibə Qafarova deyib ki, Milli Məclisdə Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Görüşdə Azərbaycanın  Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında da məlumat verilib. Bildirilib ki, Azərbaycan bu Qələbə nəticəsində Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad edərək, öz ərazi bütövlüyünü və ədaləti bərpa edib. Bununla da ölkəmiz üçün yeni mərhələnin başlandığını diqqətə  çatdıran Sahibə Qafarova vurğulayıb ki, hazırda  qarşıda duran əsas məqsədlərdən biri azad olunmuş ərazilərimizin ən yüksək səviyyədə yenidən qurulması, şəhər və rayonlarımızın bərpa edilməsidir.

Görüşdə qeyd olunub ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında 30 il ərzində böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri, bütün infrastrukturu tamamilə dağıdıb, talan edib. Ermənistan, həmçinin həmin əraziləri minalayıb və bu gün bütün çağırışlara baxmayaraq, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda davam edir, minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bunun nəticəsi olaraq, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Sahibə Qafarova həmin xəritələrin Azərbaycan tərəfinə verilməməsinin hərbi cinayət olduğunu vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər qazandığını və inkişaf etdiyini vurğulayaraq, hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdiyini bildirib.

Səfir iki ölkənin parlamentləri arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin növbəti mərhələsini izləmək məqsədilə aprelin 7-də təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonuna gələn müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində olub, təlimin təşkili və gedişi ilə maraqlanıb. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edilib.

Məruzə edilib ki, təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra olunur. Müdafiə naziri Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin komanda-idarəetmə məntəqələri ilə əlaqə saxlayıb, rabitənin dayanıqlılığını və fasiləsizliyini yoxlayıb.

General-polkovnik Z.Həsənov Şuşa, Laçın, Kəlbəcər, həmçinin azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə videokonfrans rejimində əlaqə saxlayıb, təlimlərin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonra təlimin idarəetmə məntəqəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birbaşa videobağlantısı baş tutub. Hər iki ölkənin müdafiə nazirləri təlim iştirakçılarına müraciət edərək onlara uğurlar arzulayıblar. Videobağlantı zamanı müdafiə nazirləri rabitə qoşunlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkili, həmçinin bu sahədə birgə tədbirlərin davam etdirilməsinin vacibliyini bildiriblər.

Eyni zamanda, müdafiə nazirləri Azərbaycan və Türkiyə ordularının bütün qoşun növləri arasında əməliyyat uyğunluğunun təkmilləşdirilməsi, birgə əməliyyat planlarının işlənilməsi, bölmələr arasında döyüş uzlaşmasının inkişaf etdirilməsi və digər fəaliyyətləri dəyərləndiriblər.

Təlimlər davam edir.

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Aprelin 7-də xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan ən yüksəksəviyyəli münasibətlərin inkişafında səfir qismində Erkan Özoralın rolunu məmnunluqla qeyd edərək, bu  xüsusda verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib.

Azərbaycan ilə Türkiyə arasında mövcud olan yüksəksəviyyəli münasibətlərin, eyni zamanda, səfirlərin üzərinə böyük məsuliyyət qoyduğunu bildirən nazir Ceyhun Bayramov Azərbaycandakı diplomatik fəaliyyəti müddətində səfir Erkan Özoralın bu önəmli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyini və ölkəmiz üçün tarixi bir dövrdə qardaş Türkiyənin elçisi qismində uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Səfir Erkan Özoral Azərbaycanı Türkiyədən ayırmadığını və bunun hər zaman belə olacağını bildirib. O, Azərbaycan üçün çox önəmli bir dövrdə ölkəmizdə səfir qismində çalışmaqdan qürur hissi keçirdiyini söyləyib, diplomatik fəaliyyəti dövründə ona göstərilən yüksək diqqətə və əməkdaşlığa görə təşəkkürünü ifadə edib. Ölkələrimiz arasında səfərlər üçün viza tələbinin aradan qaldırılmasını və vətəndaşlarımızın təkcə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklərini məmnunluqla vurğulayan səfir bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib.

Nazir Ceyhun Bayramov Erkan Özoralın növbəti vəzifəsinin də öhdəsindən yüksək peşəkarlıqla gələcəyindən əminliyini ifadə edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycanın bir qrup media nümayəndəsi və blogerlər Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb.

AZƏRTAC müraciəti təqdim edir.

- Şuşa şəhərində Rusiyaya məxsus “İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin Azərbaycan tərəfi bu qalıqların məhz “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.

Biz xatırlatmağa məcburuq: Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İsgəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.

Lakin Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İsgəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib: “Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”.

Lakin indi Şuşada “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur.

Şuşada məhz “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb. Lakin indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.

Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcəkdir.  

1. Mir Şahin Ağayev - REAL TV-nin rəhbəri

2. Əflatun Amaşov - Mətbuat Şurasının sədri

3. Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru

4. Eynulla Fətullayev - Haqqın.az saytının baş redaktoru

5. Mehriban Məmmədova - AzTV-nin İnformasiya Proqramları Baş Studiyasının Baş direktoru

6. Orxan Fikrətoğlu - müstəqil jurnalist

7. Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru

8. Səadət Məmmədova - ATV prezidentinin müşaviri

9. Həmid Həmidov - jurnalist, bloger

10. Murad Hüseynov - İTV-nin Baş direktorunun müavini

11. Mübariz Əsgərov - müstəqil jurnalist

12. Şakir Eminbəyli - “Rossiya 24” kanalının Azərbaycandakı nümayəndəsi

13. İlqar Mikayıloğlu - REAL TV-nin hərbi analitiki

14. Lalə Azərtaş - Xəzər TV-nin aparıcısı

15. Emin Musəvi - ASAN radionun rəhbəri

16. Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru

17. Elçin Şıxlı - “Ayna-Zerkalo” qəzetinin baş redaktoru

18. Azər Qərib - bloger

19. Tofiq Abbasov - AzTV-nin siyasi icmalçısı

20. Əli Hacızadə - bloger, “The Greater Middle East” layihəsinin rəhbəri

21. Vyacheslav Sapunov - bloger

22. Ədalət Verdiyev - bloger

23. Tofiqəxanım Qasımova (Nurani) - “Minval.az” saytının siyasi icmalçısı

24. Elçin Alıoğlu - Milli.az saytının baş redaktoru

25. Vüsal Məmmədov - Azvision.az saytının baş redaktoru

26. Şakir Ağayev - “Novaya Vremya” qəzetinin baş redaktoru.

AZƏRTAC

Published in Digər xəbərlər

Baş prokuror Kamran Əliyev Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, hüquqi əlaqələrin ən yüksək səviyyədə olması məmnunluqla vurğulanıb. Baş prokuror bildirib ki, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələri strateji əməkdaşlıq səviyyəsində olmaqla dünya ölkələrinə nümunədir.

Baş prokuror qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirib.

İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən Baş prokuror, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Səmimi görüşə və xoş sözlərə görə minnətdarlığını ifadə edən səfir Erkan Özoral bundan sonrakı fəaliyyətində də ikitərəfli əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3