XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə, 07 Aprel 2021

İƏT Təmas Qrupunun nümayəndələri Ağdamda erməni vəhşiliklərinin şahidi olublar

Aprelin 6-da İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Əvvəlcə Ağdam şəhərindəki avtovağzal və texniki peşə məktəbinin binalarının qalıqlarına baxış keçirilib. Ağdam şəhər sakini Zülfü Qasımov məlumat verib ki, avtovağzal binası 1991-ci ilin fevralında erməni terrorçuları tərəfindən partladılıb. Avtovağzalın yaxınlığındakı peşə məktəbinin binası keçmiş SSRİ dövründə təhsilin səviyyəsinə və texniki bazasına görə ən qabaqcıl təhsil ocaqlarından idi. Erməni vandalları Ağdamdakı bütün binalar kimi peşə məktəbinin binasını da yerlə-yeksan ediblər.

Xarici nümayəndələr sonra Ağdam Cümə məscidində ermənilərin törətdikləri barbarlıqla tanış olublar. Onlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri məsciddə namaz qılıb, dualar ediblər.

Ağdam şəhərinin viran qoyulmuş mərkəzi küçəsi ilə tanış olan nümayəndə heyətinə məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada 15 mindən artıq fərdi yaşayış evi, 31 çoxmərtəbəli bina olub, 42 mindən çox insan yaşayıb. Ağdamda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi xarabalıqlar qalıb.

Sonra nümayəndə heyəti Ağdamın I Şəhidlər xiyabanını ziyarət ediblər. Məlumat verilib ki, burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır.

Ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.

Sonra səfər iştirakçıları Ağdam şəhərindəki İmarət qəbiristanlığına gəliblər. Məlumat verilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Bildirilib ki, məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə, dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.

Diqqətə çatdırılıb ki, Ağdamda məhv edilən idman infrastrukturundan biri də bu ərazidə yerləşən rayonun “Qarabağ” futbol klubunun meydançası olan “İmarət” stadionudur. Vaxtilə stadionda restoran və futbolçuların bazası da vardı. Yaxınlıqda isə Xurşidbanu Natəvanın heykəli var idi. İndi onlardan əsər-əlamət qalmayıb. Bir çox el şənlikləri, festivallar, eləcə də mədəniyyət və incəsənət xadimlərinin konsertləri məhz “İmarət” stadionunda təşkil edilərdi.

Səfər zamanı İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrini Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları müşayiət edib.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Qeyd edək ki, tədbirdə 4 ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlanıb.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciətini təqdim edir.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus dedi:

- İndi isə pandemiya ilə bağlı təcrübəsi və pandemiyanın kəskin fazasının mümkün qədər tez bitməsi üçün hansı tədbirlərin görülməsinin vacib olması barədə danışmaq üçün sözü Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verirəm.

Prezident İlham Əliyevin videomüraciəti

 

 

Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edirik. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artmışdır. Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir.

Hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.

Bu arada, COVİD-19 pandemiyasının ikinci ili bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam edir.

Azərbaycan COVİD-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik.

Builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək.

Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.

Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir.

Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq.

Ümumdünya Sağlamlıq Gününüz mübarək!

***

Tedros Adhanom Qebreyesus:

- Təşəkkür edirəm, Prezident Əliyev. Mən Sizin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyiniz liderliyi alqışlayıram və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməli olması ilə bağlı fikrinizlə razıyam.

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”ni (bundan sonra - Mərkəz) on beş gün müddətində yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. Müəyyən edilsin ki, Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.

3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Mərkəzin nizamnaməsinin və nizamnamə fondunun miqdarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi, onların dəyişdirilməsi;

3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

3.1.3. Mərkəzin strukturunun təsdiq edilməsi;

3.1.4. Mərkəzin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla yenidən təşkili və ləğv edilməsi;

3.2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

4.1. Mərkəzin strukturunu və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla nizamnaməsini təsdiq etsin;

4.2. fəaliyyətinin təmin edilməsi məqsədilə Mərkəzin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görsün;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 aprel 2021-ci il.

Published in Fərman

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə XXİ əsrin əvvəllərində hərb sahəsində yeni səhifə açdı. Azərbaycanın Qələbəsini həzm etməyən qüvvələr, xüsusilə də erməni lobbisi ölkəmizə qarşı qarayaxma kampaniyasına başladı. Fransa mətbuatında reallığı təhrif edən, böhtan xarakterli yazılar yer alsa da, erməni lobbisi istəyinə nail ola bilmədi. Bir qrup fransız vəkilin Azərbaycan reallıqları ilə bağlı Fransa hökumətinə ünvanladığı petisiya da məhz erməni lobbisinin bu istiqamətdə fəaliyyətinin iflasa uğradığını göstərir. 

AZƏRTAC xəbər verir ki, “Musulmansenfrance” portalında Fransa Vəkillər kollegiyalarının bir qrup vəkilinin hökumətə ünvanladığı petisiya ilə bağlı “Fransız vəkillər Dağlıq Qarabağda beynəlxalq hüquqa riayət olunmasını tələb edirlər” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Paris və Marsel şəhərlərinin Vəkillər kollegiyalarının bir qrup üzvü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əvvəlki illərdə BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələri sadalayaraq, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha xatırladıblar. Fransanın özünün dəfələrlə səs verdiyi, beynəlxalq hüququn norma və prinsipləri əsasında tərtib edilmiş bu qətnamələrə riayət olunmasının vacibliyini diqqətə çatdırıblar.

Fransız vəkillər hökuməti beynəlxalq hüquqa riayət etməyə çağıraraq, Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və inkişafın qorunub saxlanmasında məhz beynəlxalq hüquqa hörmət olunmasının vacibliyini bildiriblər. Bəzi fransız deputat, mer və siyasətçilərin Azərbaycana və xalqımıza qarşı qanunsuz, təcavüzkar və məsuliyyətsiz hücumlar etməklə, Fransanın nüfuzuna və etibarlılığına, eləcə də Cənubi Qafqaz regionunda davamlı sülh və inkişafa xələl gətirdiklərini qeyd ediblər.

Vəkillər Fransa hökumətini 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatı  dəstəkləməyə çağırıblar. Həmçinin BMT Nizamnaməsinə uyğun olaraq, dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinə dair Beynəlxalq Hüququn Prinsiplərinə dair Bəyannamə əsasında diplomatik əlaqələr qurmaqda Ermənistan və Azərbaycanı fəal şəkildə dəstəkləməyi tələb ediblər. 

Petisiyada dövlətlərin suverenliyi, ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, Ermənistan və Azərbaycana qarşı balanslı münasibəti təmin etmək məqsədilə münaqişə zamanı zərər çəkmiş azərbaycanlı məcburi köçkünlərə və mülki qurbanlara da humanitar yardım göndərilməsi tələb olunub.

Fransız vəkillər hökuməti Azərbaycan hökuməti ilə əməkdaşlıq edərək, Ermənistan ilə Azərbaycan arasındakı münaqişə, ərazilərimizin işğalı zamanı mədəni irsimizə vurulmuş ziyanın qiymətləndirilməsi, eləcə də “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının digər müddəalarının pozulmasını müəyyən etmək məqsədilə UNESCO-nun nümayəndə heyətinin Azərbaycana göndərilməsini təşviq etməyə çağırıblar.

Qeyd edək ki, sənəd Paris və Marsel şəhərlərinin Vəkillər kollegiyalarının 22 üzvü tərəfindən imzalanıb. 

AZƏRTAC

Published in Diaspora

Ermənilər tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər. Ermənilərin bu cinayət əməllərinin miqyasına və nəticələrinə diqqət yetirsək, belə qənaətə gəlmək olar ki, bu soyqırımı və terror aktları həm beynəlxalq hüquq normaları ilə təsbit edilən konvensiyalara əsasən, həm də mənəvi-əxlaqi kodekslərə görə insanlığa qarşı və bəşəriyyət əleyhinə cinayətdir. 1905-1907-ci illərdə soydaşlarımıza qarşı baş verən kütləvi qətliamdan sonra azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması tarixin sonrakı dövrlərində də davam edib.

 

Tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövləti öz havadarlarının dəstəyilə Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasəti yürüdüb. Beləliklə, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini görünməmiş qəddarlıqla həyata keçiriblər. Dünya ictimaiyyəti 2020-ci ilin sentyabr-noyabr aylarındakı 44 günlük müharibədə də Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsinə, mülki şəxsləri hədəfə almasına, beynəlxalq hüquq normalarını kobud surətdə pozmasına şahidlik etdi. Bu faktlar ermənilərin dinc əhaliyə qarşı soyqırımı və terror aktlarının daha bir nümunəsi kimi tarixin səhifələrinə yazıldı.

30 illik işğal dövründə də Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə, 7 rayonu da viranə qoyub, şəhərlər, qəsəbələr, kəndlər darmadağın edilib, tarixi abidələr məhv olunub, qəbiristanlıqlar şumlanıb, qəbirlər sökülüb, məscidlər və ibadət yerləri dağıdılıb, saysız-hesabsız hərbi cinayətlər törədiblər. Bu, hərbi cinayətlərdən biri də müharibə dövründə Ermənistan tərəfindən Şuşaya Operativ-Taktiki Raket Kompleksindən “İsgəndər-M” raketinin atılmasıdır.

Bu günlərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bildirib ki, Şuşada minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işləri zamanı martın 15-də qurumun əməkdaşları bu şəhərdə iki partlamamış raketin qalıqlarını aşkar edib. Agentliyin təmsilçisi deyib ki, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edib. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların “İsgəndər” raket sisteminə aid olduğu müəyyən edilib. Bu, Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etdiyini təsdiq edir. Raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. ANAMA əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Raketin qalıqları aprelin 2-də Bakıda mediaya nümayiş etdirilib.

II Qarabağ müharibəsi zamanı Ermənistan rəsmilərinin və baş nazir Nikol Paşinyanın bəyanatları, açıqlamalarında da “İsgəndər”lərdən istifadə edildiyi bildirilir.

Rusiya Prezidentinin Administrasiyasından yayılan məlumatda bildirilib ki, Qarabağda münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunmayıb. Lakin qalıqların tapılması bu açıqlamanı şübhə altına qoyur. Sual olunur, əgər Rusiya Ermənistana “İsgəndər-M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İsgəndər -M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İsgəndər-E” raket kompleksi verib. Bununla müqayisədə  “İsgəndər-M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafə qət edə bilir.

44 günlük müharibə dövründə Ermənistanın Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutduğu, Gəncə, Bərdə, Tərtər şəhərlərinin böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurulduğu, çoxlu sayda mülki insanın qətlə yetirildiyi və yaralandığına dair faktlar vardır. Ermənistan ordusu tərəfindən qadağan olunmuş silahlardan, o cümlədən kasetli bombalardan istifadə olunub.

Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurub. Vətən müharibəsi dövründə Ermənistanın böyük dağıdıcı gücə malik “İsgəndər” raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadan təmizləmə tədbirləri zamanı tapılması və onun Bakıda nümayiş etdirilməsi dünyanın aparıcı KİV-lərində geniş əks-səda doğurub.

ABŞ-ın “Azadlıq” radiosu və Litvanın “Slaptai” xəbər saytı məlumat yayıb ki, Azərbaycan hərbçiləri Qarabağda ərazilərin minalardan təmizlənməsi zamanı “İsgəndər” raketinin qalıqlarını aşkar ediblər. Materiallarda qeyd olunub ki, raketin qalıqlarının fotoşəkilləri ölkənin internet resurslarında dərc edilib. Raketin qalıqları martın 15-də Şuşa yaxınlığında tapılıb. 2020-ci ilin payızında Azərbaycan ilə Ermənistan arasında Qarabağ uğrunda ay yarımlıq müharibənin son günlərində bu şəhərdə şiddətli döyüşlər gedib. BBC Azərbaycanın Minatəmizləmə Agentliyinin nümayəndəsinə istinadla xəbər verir ki, raketin qalıqları Ermənistan tərəfindən “İsgəndər” kompleksinin tətbiq olunmasını sübut edir. Mərkəzi ofisi Vaşinqtonda yerləşən “Jameston” Qlobal Araşdırma və Analitika Fondunun saytında yayımlanan “İsgəndər” raketləri Qarabağda uğursuzluğa düçar oldu, lakin Ermənistanda böhran yaratdı” sərlövhəli məqalədə 44 günlük müharibənin gedişatı, Ermənistanın məğlubiyyəti, bu səbəbdən ölkədə siyasi elita daxilində çəkişmələr geniş təsvir olunur. Yazıda qeyd edilir ki, Ermənistan “İsgəndər” raket sistemini əldə edən ilk ölkədir və o, Qarabağ müharibəsində bu raketdən istifadə edib. Sayt Ermənistanın baş naziri N.Paşinyanın həmin raketlərin 10 faiz yararlı olduğu barədə fikirlərini sitat gətirərək bu faktın həqiqət olduğunu qeyd edib. Qərb ölkələrinin digər media orqanları, o cümlədən “konflikty.pl”, “eurasiamtimes.com”, “Caucasus watch”, “pl.sputniknews.com” saytları yazırlar ki, 44 günlük müharibə dövründə Ermənistan öz arsenalındakı ən güclü silah sayılan “İsgəndər” raket kompleksindən Azərbaycana qarşı istifadə edib. Xəbərlərdə bildirilir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı fotoşəkillərdə raketin qalıqlarının “İsgəndər” raket kompleksinə aid olduğunu təsdiqləyən seriya nömrələri əksini tapıb. Qardaş Türkiyə Respublikasının mətbuatı da 44 günlük Vətən müharibəsində Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raket kompleksindən istifadə etməsi barədə çoxsaylı materiallar yayımlayıb. Anadolu Agentliyi yazır ki, Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketi tətbiq etməsi təsdiq olundu. Agentlik qeyd edir ki, bununla bağlı Rusiya və Ermənistan ziddiyyətli açıqlamalar verir. Rusiya Müdafiə Nazirliyi Azərbaycana qarşı “İsgəndər”in tətbiq olunmadığını iddia etsə də, bu məsələ raketin qalıqları ilə sübut olunur. Mövzu ilə bağlı Türkiyənin “yenisafak.com”, “sabah.com”, “haber7.com” saytları, “Haber türk” telekanalı, “İstikrar” qəzeti və digər KİV-ləri də ətraflı məlumatlar yayımlayıblar.

İkinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan ərazilərini bir sıra təhlükəli silahlardan, o cümlədən “İsgəndər” raketi ilə atəşə tutması Gürcüstan mətbuatının da diqqət mərkəzində olub. Gürcüstanın “info9.ge”, “report.ge”, “24news.ge”, “interpress.ge”, “accentnews.ge”, “4news.ge”, “ghn.ge” informasiya portallarında və 1tv.ge ictimai televiziya kanalında gürcü, Azərbaycan, rus və ingilis dillərində yayılan məlumatlarda Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqlarının Şuşa şəhəri istiqamətində aşkarlandığı bildirilir. Məlumatlarda qeyd olunur ki, araşdırma zamanı raketlərin üzərində “9M723” kod indeksi tam yoxlanılıb və məlum olub ki, bu qalıqlar “İsgəndər-M” raketlərinə aiddir.

Ukraynanın “dialog.ua”, “İnterfaks-Ukrayna”, “mil.in.ua” saytları da yazırlar ki, Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edib. Məlumatlarda qeyd edilir ki, raketin qalıqlarının Bakıda nümayiş etdirilən fotolarından aydınca görünür ki, Ermənistanın Azərbaycanın Şuşa şəhəri istiqamətində atdığı raketlər “İsgəndər” raketinin qalıqlarıdır. Beləliklə, müharibədə “İsgəndər” raketindən istifadə olunmaması barədə yayılan məlumatların yalan olduğu üzə çıxır. Yaxın Şərqdə geniş oxucu auditoriyasına malik olan “MENAFN” informasiya portalı və İndoneziyanın “intemational.sindones” saytı yazırlar ki, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən Azərbaycan ərazisinə “İsgəndər-M” raketi atılıb. Bu raketin qalıqları aprelin 2-də Bakıda nümayiş etdirilib. Xəbərlərdə qeyd olunur ki, raketin qalıqları martın 15-də Şuşa şəhərinin və ətraf ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi zamanı aşkarlanıb.

Böyük Britaniyanın “BBC News” televiziya kanalı və saytı bəyan edib ki, Qarabağda “İsgəndər” raketlərinin qalıqları aşkar olunub. Aprelin 2-də raketin qalıqları Bakıda nümayiş etdirilib. Azərbaycan Minatəmizləmə Agentliyinin nümayəndəsi jurnalistlərə bildirib ki, “İsgəndər” raketlərinin bu qalıqları martın 15-də Şuşa şəhərinin minalardan təmizlənməsi zamanı aşkar edilib. Məlumat verilib ki, raketin qalıqları bir-birindən 780 metr məsafədə olub. Aparılmış təhqiqat nəticəsində məlum olub ki, Şuşa şəhəri istiqamətində “İsgəndər-M” raketi buraxılıb. Reportajda qeyd olunur ki, noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən atəşkəs barədə Bəyanatın imzalanmasından bir neçə saat əvvəl sosial şəbəkələrdə yayılmış videoda erməni əsgərlərin raketi işəsalma fonunda şəkilləri, həmin qurğudan 41 saniyə fasilə ilə iki raketin uçması görünür. Jurnalistlər vurğulayırlar ki, “İsgəndər-E” Ermənistanın arsenalında bu cür tezliklə raketlər buraxa bilən yeganə sistemdir. Bundan əlavə, hələ noyabr ayında BBC-nin Ermənistan hökumətindəki mənbəyi müharibənin son günlərində “İsgəndər” raketlərindən istifadə olunmasını bildirib.

44 günlük Vətən müharibəsində tarixi missiyamızı şərəflə yerinə yetirdiyimizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən Zirvə görüşünün iştirakçılarının diqqətinə çatdıran dövlət başçısı cənab İlham Əliyev bildirib ki, Azərbaycan erməni faşizmini məhv etdi: “Hazırda bərpa işlərinə start verilib. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir”.

Azərbaycan qəti əmindir ki, Ermənistan törətdiyi bütün hərbi cinayətlərə görə cavab verməli olacaq. Dövlətimiz bu istiqamətdə beynəlxalq təşkilatların müvafiq dəstəyini gözləməkdə tam haqlıdır.

Şükür ƏLİZADƏ,

“Respublika”.

Published in Digər xəbərlər

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Qlobal Texnologiya İdarəetməsi Sammitinin onlayn formatda keçirilən Milli Süni İntellekt Strategiyasının Yaradılması sessiyasında iştirak edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, süni intellektin yaradılması  və inkişafı potensialı barədə müzakirələrin aparıldığı sessiyada M.Cabbarov dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində rəqəmsal transformasiyanın, yeni texnologiyaların fəal tətbiqinin və bununla əlaqədar olaraq müasir təhsil və innovasiyaları təşviq edən münbit mühitin, yüksək rəqabətli, dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşan insan kapitalının formalaşdırılmasının və rəqəmsal texnologiyalar dövrünə hazırlanmasının önəmini vurğulayıb. Qeyd olunub ki, COVİD-19 pandemiyası bu prosesi daha da sürətləndirib.

Bildirilib ki, Azərbaycanda rəqəmsallaşmanın inkişafına böyük önəm verilir. Nazir 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri barədə məlumat verib, sənəddə ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu diqqətə çatdırıb. Ölkəmizdə “ağıllı” texnologiyaların tətbiqi işğaldan azad olunmuş ərazilərimizin yenidənqurulmasına və Böyük Qayıdışa töhfə verəcək.

Qeyd edilib ki, qlobal iqtisadiyyatda rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycanın mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi, rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların, layihələrin təhlilinin və koordinasiyasının həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

M.Cabbarov deyib ki, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) yaradılmasına dair Azərbaycan Respublikası Hökuməti ilə Dünya İqtisadi Forumu arasında razılaşma imzalanıb. 2021-ci il aprelin 1-dən fəaliyyətə başlamış 4SİM Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılmasının əsası 2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Azərbaycanda bu mərkəzin yaradılması rəqəmsal ekosistemin inkişafına, Dördüncü Sənaye İnqilabı texnologiyalarının sürətli mənimsənilməsinə və tətbiqinə təkan verəcək.

Sessiyada süni intellektin ticarət əməkdaşlığının inkişafına təsiri barədə sualı cavablandıran iqtisadiyyat naziri bu amilin məhsuldarlığın artırılmasında, istehsalın avtomatlaşdırılmasının sürətləndirilməsində, təchizat zənciri risklərinin idarə olunmasında, nəqliyyat-tranzit marşrutlarının və daşınan yüklərin həcminin optimallaşdırılmasında, ticarətin rəqəmsallaşdırımasında mühüm rolunu vurğulayıb.

Qeyd edək ki, aprelin 2-də Azərbaycan və Türkiyə hökumətləri arasında Rəqəmsal Ticarət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandum imzalanıb. Bu sənəd ölkələrimizdə rəqəmsallaşma prosesinin inkişafına töhfə verməklə, digər qonşu ölkələri də bu təşəbbüsə qoşulmağa, regional rəqəmsal əməkdaşlığa və ticarətin asanlaşdırılmasına təşviq edəcək.

Məlumat üçün bildirək ki, Dünya İqtisadi Forumunun Qlobal Texnologiya İdarəetməsi Sammiti ilk dəfədir keçirilir. Aprelin 6-7-də onlayn formatda təşkil edilən sammitə Yaponiya ev sahibliyi edir və tədbirdə 50-dən çox hökumət, 600-dən artıq şirkət rəhbəri iştirak edir. Sammitdə sənayenin texnoloji transformasiyası, qlobal texnoloji idarəetmə və ən son texnologiyaların tətbiqi və sair məsələlər müzakirə olunur.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, M.Cabbarov ölkəmizin Asiya İnkişaf Bankı ilə əməkdaşlığa böyük önəm verdiyini, bankın maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, hazırda Asiya İnkişaf Bankının kredit ayırdığı yol şəbəkəsinin inkişafı üzrə layihələri icra edilməkdədir. Bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının həyata keçirilməsində Azərbaycan 2021-ci il üzrə ev sahibi kimi fəal iştirak edir. Bildirilib ki, Asiya İnkişaf Bankı ilə 2022-2024-cü illər üçün Azərbaycanın ortamüddətli iqtisadi inkişaf prioritetləri və potensial sahələr üzrə əməkdaşlıq önəmlidir.

Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılması, regional əməkdaşlıq və sair istiqamətlər üzrə Asiya İnkişaf Bankı ilə tərəfdaşlıq imkanları diqqətə çatdırılıb.

AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri K.Makdeyqan ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edib, bankın Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı, bankın dövlət-özəl tərəfdaşlığı sahəsində texniki yardımı, dövlət müəssisələri ilə bağlı islahatlara dəstək imkanları və qarşılıqlı maraq doğuran digər məsələlərı müzakirə ediblər.

 

 

AZƏRTAC

Published in İqtisadiyyat

Azərbaycanla İraq arasındakı münasibətlərin qədim tarixi var. Tarixən bizi birləşdirən dini, mədəni əlaqələrimiz olub. Azərbaycan alimləri İraqda təhsil alıblar.

AZƏRTAC xəbər verir ki,  bu sözləri aprelin 4-də İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri qeyd edib ki, keçmiş sovetlər dövründəki çətinliklərə baxmayaraq, Azərbaycan dindarları İraqdakı müqəddəs məkanları ziyarət edirdilər. İraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daim Azərbaycanı dəstəkləyir. İraqın Azərbaycanın ərazi bütövlüyünü daim tanıyıb və dəstəkləyib. “Ərazilərimizin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu və bu işğal 30 ilədək davam etdi. Erməni işğalçıları Qarabağdakı dini abidələrimizi dağıdıblar. Oradakı məscidlərimizdə donuz saxlamaqla bir növ İslam dininə iman gətirənləri təhqir edirdilər. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində doğma torpaqlarını işğaldan azad etdi. Erməni dini rəhbərləri guya Qarabağdakı erməni kilsələrinin dağıdılması ilə əlaqədar digər dinlərin nümayəndələri ilə bərabər, İslam dini liderlərinə də müraciətlər edirlər. Vətən müharibəsi dövründə biz dünyanın bir çox ölkələrindən dəstək məktubları alırdıq. Çox xoşdur ki, bu ölkələr arasında İraq da var. Biz bunu dini bağlılıq, qardaşlıq baxımından yüksək dəyərləndiririk. Bu, bizim işimizin haqq işi olduğunu bir daha təsdiqləyir”, - deyə Allahşükür Paşazadə əlavə edib.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vais ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O deyib: “İraq siyasi baxımdan sabitləşib. İraqa çətin günlərində dəstək verən ölkələrdən biri də Azərbaycandır. Bu baxımdan Azərbaycanla əməkdaşlıq bizim üçün önəmlidir. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində İraqı daim dəstəkləyib. İraq da 44 günlük şərəfli mübarizəsində Azərbaycana dəstək verdi. İraq parlamentində Azərbaycanla münasibətlərin daha da inkişafı üçün mütəmadi işlər görülür”.

Görüşdə, həmçinin şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın məqsədi yerli tibb və uşaq inkişaf mütəxəssislərini, valideynləri autizm sindromlu şəxslərdə müxtəlifyönlü bacarıqların davamlı inkişafını təmin edən, onlara effektiv təhsil modeli təklif edən Tətbiqi Davranış Analizi (“ABA”) terapevtik yanaşması ilə yaxından tanış etmək, eləcə də ictimaiyyətin və aidiyyəti qurumların diqqətini autizm spektr pozuntuları olan insanların və ailələrin ehtiyaclarına yönəltməkdir.

Onlayn formatda keçirilən konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini Rahim Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Ceyran Rəhmətullayeva, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova çıxış edərək autizmli uşaqların erkən diaqnostikası, reabilitasiyası, onlarla psixoloji işin aparılması, autizmli uşaqların məktəbəqədər və məktəb yaşlarında ümumi təhsilə cəlb edilməsi, sosiallaşma bacarıqlarının və intellektual səviyyəsinin artırılması, aidiyyəti qurumların qarşısında duran vəzifələr, eləcə də autizmli uşaqlarda müxtəlifyönlü bacarıqların inkişafını təmin edən Tətbiqi Davranış Analizi (“ABA”) metodunun əhəmiyyəti barədə danışıblar.

Konfransda müxtəlif ölkələrdən olan tanınmış mütəxəssislər, ekspertlər, bir sıra dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Tədbirin fəxri qonağı olan autizm spektr pozuntulu professor Temple Grandin ailələri və cəmiyyət tərəfindən göstərilən diqqətin autizmli şəxslərin gələcəyi və inkişafı baxımından vacibliyinə diqqəti çəkib.

Qeyd edək ki, konfrans İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Sosial Xidmətlər Agentliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, “BP” və tərəfdaşları, “Paşa Holding”, “Medox”, “Azərbaycan Coca-Cola Bottlers LTD”  “NUTRİMED” MMC, “Royal Foods” MMC,  “ANES” MMC, “Caravelle Jewellery”, “HİPP”, “Friso Gold” şirkətləri, “Ümid var” Xeyriyyə Cəmiyyəti,  Türkiyənin “ABA klinik” Uşaq İnkişaf Mərkəzi, həmçinin “BBA” təşkilatının dəstəyi ilə həyata keçirilib.

 

 

AZƏRTAC

Published in Sosial həyat

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.

Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3