XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 01 Aprel 2021

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib
Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev onlayn Zirvə görüşünü açaraq iştirakçıları salamladı, təşkilatın əsas məqsədinin türk dünyasını ən vacib iqtisadi, mədəni məkanlardan birinə çevirmək olduğunu dedi. Qazaxıstan dövlətinin başçısı Türküstan şəhərinin türk dünyasının mənəvi paytaxtlarından biri olduğunu bildirdi.
Sonra Qazaxıstanın qədim Türküstan şəhərinin tarixindən, mədəniyyətindən və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətindən bəhs edən qısa film nümayiş etdirildi.
Qazaxıstanın birinci Prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edərək dedi:
- Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır.
Nursultan Nazarbayev 2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşündə Türk Şurasının fəxri sədri seçildiyini və bundan böyük şərəf duyduğunu bildirdi. Nursultan Nazarbayev budəfəki Zirvə toplantısının keçirilməsinin səbəblərindən biri kimi dünyada baş verən dəyişiklikləri, xüsusilə pandemiya ilə mübarizəni qeyd edərək “Türk dünyasının gələcəyi - 2040” adlı sənədin hazırlanmasını təklif etdi. O, Türküstan şəhərinin yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirdi. Qazaxıstanın ilk Prezidenti iqtisadi əlaqələrin əhəmiyyətinə toxunaraq dedi:
- Biz hamımız bu prosesləri həyəcanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır.
Prezident Kasım-Jomart Tokayev: Növbəti çıxış üçün söz Türk Şurasının hazırkı sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə verilir.
Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı
- Hörmətli Qazaxıstan Respublikasının Prezidenti.
Hörmətli həmkarlar.
İlk növbədə, Zirvə görüşünün keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə görə Nursultan Abışoviç Nazarbayevə təşəkkürümü bildirmək istəyirəm. Nursultan Abışoviç Nazarbayev Türk Şurasının fəxri sədri kimi çox fəal iş aparır və bu Sammitin keçirilməsi bunun bariz təsdiqidir.
Bugünkü Zirvə görüşü 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra ikinci Zirvə görüşüdür. Bir il əvvəl, keçən ilin aprel ayında Bakıda Azərbaycanın təşəbbüsü ilə COVİD-19-a həsr edilmiş Zirvə görüşü keçirilmişdir və bu, özlüyündə bir göstəricidir. Göstərir ki, Zirvə görüşləri müntəzəm olaraq keçirilir və əlbəttə ki, üzv ölkələr arasındakı birliyə bunun çox böyük müsbət təsiri vardır.
Bu ilin sonunda Azərbaycan Türk Şurasındakı sədrliyini qardaş Türkiyəyə təhvil verəcək. Türkiyədə keçiriləcək rəsmi Zirvə görüşündə Azərbaycanın sədrliyi dövründə gördüyü işlərlə bağlı məlumat veriləcəkdir.
Bu gün isə fürsətdən istifadə edərək, II Qarabağ müharibəsi haqqında məlumat vermək istərdim. Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir.
Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası - dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. Halbuki real, praktiki müstəvidə məsələnin həllinə xidmət etmirdi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir.
Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.
Əfsuslar olsun ki, bu, baş vermədi. Əksinə, məsələnin dondurulması istiqamətində addımlar atılmışdır. Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi. Ermənistan rəhbəri iki il bundan əvvəl bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Təbii ki, bizim buna cavabımız oldu və ən ciddi cavab döyüş meydanında verildi. Ancaq bu, özlüyündə göstərir ki, Ermənistan rəhbərliyi məsələni həll etmiş hesab edirdi və torpaqları geri qaytarmaq istəmirdi. Ondan başqa, Ermənistanın keçmiş müdafiə naziri, hansı ki, hərbi məğlubiyyətdən sonra vəzifədən azad edildi, Azərbaycanı yeni müharibə ilə hədələyirdi. Amerikada olarkən erməni diaspor təşkilatları ilə görüş əsnasında bəyan etmişdi ki, Ermənistan yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşır. Bu, faktiki olaraq, Azərbaycana qarşı çox ciddi, təxribat xarakterli bir addım idi. Bizi hədələyən keçmiş müdafiə naziri hərbi məğlubiyyətə görə vəzifədən uzaqlaşdırıldı.
Digər təxribat xarakterli addımlardan biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də, - bu bina indi məhv ediləcək, yaxud söküləcək, - təxribat xarakterli addım idi. Yəni, bütün bu addımlar göstərirdi ki, Ermənistan bizi təxribata çəkir, bizdən sərt reaksiya gözləyir və ondan sonra günahı bizim üstümüzə yıxıb, yenə də məsələni daha 30 il uzatmaq istəyir. Biz təxribata uymadıq. Biz özümüzü təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik və onları geri oturtduq. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Bir neçə gün davam edən hərbi toqquşma dayandı. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yox idi. Halbuki istəsəydik rahatlıqla Ermənistan ərazisinə daxil ola bilərdik. Ondan bir ay keçəndən sonra - avqust ayında yeni bir təxribat törədildi və Azərbaycana diversiya qrupu göndərildi. Diversiya qrupunun rəhbəri saxlanıldı və ifadə verdi ki, o, terror aktları keçirmək üçün Azərbaycana göndərilmişdir və bu, növbəti təxribat idi. Nəhayət, sentyabrın sonlarında bizim hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə məruz qalmışdır və bunun nəticəsində bir neçə hərbçi və bir neçə mülki şəxs həlak olmuşdur. Biz təbii olaraq buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzalayıblar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb.
Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk. Digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizə öz siyasi dəstəyini göstərmişlər.
Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. İndi jurnalistlər oraya gəlir, diplomatlar səfərlər edirlər. Görürlər ki, şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər bütün şəhərlərimizi məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bu videokadrlar internetdə vardır. Yəni, bu, bütün müsəlman aləminə qarşı təhqirdir, cinayətdir və bütün dünya artıq bunu görür və görməlidir. Biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik. Hazırda bərpa işlərinə start verilib. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik.
Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər.
Mən öz çıxışımı yekunlaşdırmaq istəyirəm. Yenə də demək istəyirəm ki, mən öz çıxışımı bu məsələyə həsr etdim. Bu, təbiidir. Çünki dost ölkələrin rəhbərləri məsələnin mahiyyətini dərindən bilməlidirlər. Ümid edirəm ki, növbəti canlı təmaslar əsnasında biz bu məsələni daha geniş formatda müzakirə edəcəyik. Əminəm ki, Türkiyədə keçiriləcək Zirvə görüşündə biz hamımız canlı olaraq iştirak edəcəyik. Biz sədr kimi orada həm görülmüş işlərlə bağlı məlumat verəcəyik, həm də ki, gələcək planlar haqqında danışacağıq. Diqqətinizə görə təşəkkür edirəm.
***
Prezident Kasım-Jomart Tokayev: Hörmətli İlham Heydər oğlu, məlumatlı və mənalı nitqiniz üçün təşəkkür edirik. Azərbaycan və Ermənistan arasında razılaşma çox vacib amil rolunu oynayır, biz onun uğuruna inanırıq və biz Sizi bir daha təbrik edirik.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əhəmiyyətini vurğuladı, pandemiyaya qarşı birgə mübarizənin vacibliyindən danışdı. Türkiyə Prezidenti ölkələrimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə də təşkilatın həmrəylik nümayiş etdirdiyini bildirərək dedi:
- Bu münasibətlə əziz qardaşım, hörmətli İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı Zəfərləri ilə bağlı şəxsən öz adımdan və xalqım adından bir daha təbrik edirəm. Qırx dörd gün davam edən, dastana bənzər mübarizədən sonra 30 illik işğal sona çatıb, Dağlıq Qarabağ Ana Vətənlə yenidən qovuşub. Ancaq deməliyəm ki, Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılıb, həmçinin kilsələr də yerlə-yeksan edilib.
Həmçinin bu gün 1918-ci ildə azərbaycanlı qardaşlarımızın məruz qaldıqları soyqırımın anıldığı gündür. Biz Xocalı qətliamını heç vaxt unuda bilmərik. Biz bu qətliamın növbəti ildönümünü bir müddət əvvəl qeyd etdik. Mən qətlə yetirilən 10 minlərlə qardaşımıza rəhmət diləyirəm.
Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz hamımız üçün əhəmiyyət daşıyır. Eyni qaydada bu addımı atarkən tezliklə Azərbaycanın bu bölgəsini inkişaf etdirmək üçün bütün məcburi köçkün qardaşlarımızın yenidən doğma torpaqlarına qayıtmalarına önəm verirəm. Arzum odur ki, ən qısa zamanda - Ramazan bayramından sonra qardaşımla birgə Şuşanı ziyarət edək, inşallah, burada yeni bir bayram yaşayaq.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Şurasının regional əməkdaşlıq üçün səmərəli mexanizmə çevrildiyini vurğuladı. O, türk dövlətlərinin istənilən çağırışlara hazır olmasının, mövcud potensialı genişləndirməsinin vacibliyindən danışdı. Şavkat Mirziyoyev Azərbaycanın qazandığı Qələbə münasibətilə təbriklərini çatdıraraq dedi:
- Fürsətdən istifadə edərək bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını Dağlıq Qarabağın qaytarılması və tarixi ədalətin bərpası münasibətilə təbrik etmək istəyirəm. Özbəkistan bu prosesə töhfə vermək üçün hazırdır. Biz qədim abidələrin, məscidlərin, mədəni maarifləndirmə məkanlarının bərpası haqqında danışmışıq. Biz hazırda bu istiqamətdə fəaliyyətimizi azərbaycanlı həmkarlarımızla davam etdiririk.
Türk Şurasının Baş katibi Bağdad Amreyev türk dünyasının digər ölkələrlə sabit əlaqələr qurduğunu, 10-dan çox ölkənin təşkilatda müşahidəçi statusu əldə etməkdə maraqlı olduğunu bildirdi. B.Amreyev pandemiyanın Türk Şurası daxilində əməkdaşlığa yeni stimul verdiyini vurğuladı, İstanbulda keçiriləcək sammitlə bağlı bir sıra təkliflər səsləndirdi. Türk Şurasının Baş katibi də Azərbaycanı parlaq Qələbəsi münasibətilə təbrik edərək dedi:
- Bütün çağırışlara və çətinliklərə baxmayaraq, 2020-ci ilin gündəliyi zəngin olub. Ötən il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Dağlıq Qarabağdakı müharibə zamanı Türk Şurası bütün üzv dövlətləri və Zati-aliləriniz adından Azərbaycanı bütün vasitələrlə dəstəkləyib. İcazə verin, təşkilatın fəaliyyətdə olan sədri kimi Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çoxşaxəli əməkdaşlığın inkişafında göstərdiyi səylərinə görə təşəkkürümü bildirim.
Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban da Zirvə görüşündə çıxış ediblər.

 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: “Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

AZƏRTAC

Published in Sosial həyat
Cümə axşamı, 01 Aprel 2021 06:55

31 Mart soyqırımı ibrət dərsi olmalıdır

Azərbaycan xalqı son 200 il ərzində davamlı olaraq erməni millətçilərinin etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalıb. Bu çirkin, mənfur siyasətin nəticəsi olaraq dəfələrlə soyqırımlarla, faciələrlə üzləşib, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevrilib. Bu şovinist siyasətin əsas məqsədi isə azərbaycanlıları öz tarixi dədə-baba torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində “böyük Ermənistan” dövləti yaratmaq olub. Bu sərsəm xəyallarla yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar.
1905-1906-cı illərdə, 1918-1920-ci illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan və digər tarixi torpaqlarımızda dinc Azərbaycan əhalisi soyqırımına məruz qalıb. Yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, olmazın işgəncələrin qurbanı olub. XX əsrin sonunda Xocalıda törədilən soyqırımı isə əsrin faciəsi olaraq tarixə düşdü. Bir gecədə Xocalını yer üzündən silən erməni vandallarının əməlləri insanlıq tarixinin görmədiyi vəhşilik idi. Dünyada baş verən bütün müharibələrin öz qanunları olub. Ahıl qocaya, körpə uşağa, hamilə qadına güllə atmazlar, amma Xocalıda ermənilərin törətdikləri qaniçən əməllər məhz faşizmə xas olan terrorçuluq siyasəti idi.
Ötən ay Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirdi ki, Xocalı soyqırımını törədən hərbi cinayətkarların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. “Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının qanını da aldıq”, - deyən ölkə başçısı bildirdi ki, bu gün Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın. Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş bu soyqırımı əməlləri təəssüf ki, öz siyasi-hüquqi qiymətini almamışdı.
Azərbaycan 1991-ci ildə yenidən müstəqillik qazandıqdan sonra bu tarixi həqiqətlər açılmağa və öyrənilməyə başlandı. Separatçı erməni-daşnak millətçiləri və onların havadarlarının törətdikləri vəhşilikləri əks etdirən sənədlər gizli saxlanılaraq xalqımıza qarşı törədilən mart qırğınları Azərbaycanda vətəndaş müharibəsi kimi qələmə verilmişdi. Lakin Ermənistanın tarixi ərazilərimizdə həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu öndər Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalayıb. 1998-ci ildə imzaladığı Fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ermənilərin iki əsrdir azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasətinin ətraflı öyrənilməsi və tədqiqi, həqiqətlərin xalqımıza və dünya ictimaiyyətinə çatdırılması istiqamətində iş yalnız ulu öndərin bu Fərmanından sonra sistemli şəkil aldı və ilbəil daha da mütəşəkkil surətdə təşkil olundu. İnsanları milli birliyə, gələcəyimiz naminə keçmişimizi unutmamağa çağırdı. “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”, - deyən ümummilli lider tövsiyə edirdi ki, ermənilərin Azərbaycanın əzəli torpaqlarında törətdiyi qeyri-insani əməllərinin, terror hadisələri haqqında kütləvi informasiya vasitələrində geniş məlumat verilməsi gənc nəslin vətənpərvərlik, düşmənə sonsuz nifrət ruhunda tərbiyə edilməsində az rol oynamır. Ulu öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbəri dəfələrlə mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərində, İkinci Qarabağ müharibəsi dövründə dünyanın nüfuzlu KİV-lərinə verdiyi müsahibələrdə qeyd edib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. İndiki Ermənistan Respublikası Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur, bu tarixdir.
“Ermənilərin törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Fondun xətti ilə Qarabağ həqiqətləri geniş miqyasda təbliğ olunub, ölkəmizin hüdudlarından kənarda vacib tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası isə son illər geniş bir hərəkata çevrilib. Onun rəhbərliyi və təşkilatçılığı ilə dünyanın 70-dən çox ölkəsində Xocalı ilə bağlı konfranslar, sərgilər təşkil olunub və bu proses bu gün də davam edir. Bu gün “Xocalıya ədalət!” kampaniyasının çağırışı BMT, Avropa parlamenti, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təşkilatlarda eşidilir.
İllər keçsə də, xalqımız baş verənləri unutmur, soyqırımı qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Nahaq demirlər ki, tarix unudulduğu zaman təkrarlanır. İki əsrlik zaman içərisində ermənilərin xalqımıza qarşı yürütdüyü ağlasığmaz vəhşiliklər millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) nəzdindəki bütün təhsil müəssisələrində hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü böyük hüznlə anılır. Bu məqsədlə ədəbi-bədii kompozisiyalar, disputlar, açıq dərslər, sərgilər təşkil edilir. “Qan yaddaşımız”, “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır”, “Soyqırımı tarixinin dastanı” və digər mövzularda konfrans, dəyirmi masalar keçirilir. Şagirdlərə erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında məlumat verilir. Mövcud karantin rejimi ilə əlaqədar onlayn formada keçirilən tədbirlərdə şagirdlər Quba məzarlığını virtual izləyərək öz hisslərini şeirlər, bayatılar vasitəsilə ifadə edirlər.
Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordumuz İkinci Qarabağ müharibəsində sübut etdi ki, Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır. Bu prinsipdən və qalib ölkə mövqeyindən çıxış edərək gələcəyimiz olan gəncləri hər zaman vətənpərvər və qurucu ruhda yetişdirməyi əsas fəaliyyət istiqaməti kimi qəbul edirik. 31 Mart soyqırımı xalqımız üçün ibrət dərsi olmalı, xain düşmənin daim fürsət gözlədiyini unutmamalıyıq. İnanırıq ki, bölgədə sülh və əməkdaşlığın qarantı olan Azərbaycan gələcəkdə də öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcəkdir.

Mehriban VƏLİYEVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri.

Published in Digər xəbərlər

Böyük fəxarət və qürur hissi ilə bəyan etmək olar ki, Vətən müharibəsində müzəffər Azərbaycan ordusu iyirmi səkkiz il yarım faşist xislətli erməni daşnaklarının işğalı altında olan Qarabağın tacı sayılan Şuşa şəhəri azad olundu. Bu tarixi qələbə döyüş meydanında qazanıldı. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu, bizim tarixi Qələbəmiz, Zəfərimiz günüdür. Şuşadakı qələbə döyüş meydanında qazanıldı, danışıqlar masası arxası arxasında yox.


28 il yarım işğal altında olan Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub-yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Mənfur düşmənimiz olan ermənilər Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimiz dağıdıldı.
Şuşanın işğaldan azad edilməsi, burada üçrəngli Azərbaycan Bayrağının dalğalanması xalqımızı, bütün dünya azərbaycanlılarını, daha doğrusu, türk dünyasını sevindirir.
Xoş qədəmli bahar yurdumuza qədəm qoymuşdur. Dağlar qoynunda yerləşən, ağ örpəyə bürünmüş Şuşa şəhərində bu günlərdə bayram təntənəsi duyulur, yurdumuzun bu cənnət guşəsində xoş qədəmli Novruzun gəlişi təntənə ilə qeyd olunur.
Novruzun gəlişi, nəhayət, Şuşaya da xoş ovqat, çal-çağır gətirdi. Novruzun ilk günü bütün azərbaycanlıların diqqəti 28 ildən sonra işğaldan azad olan qədim Şuşa şəhərinə dikilmişdi. İnsanlar qürur hissi keçirdilər ki, neçə-neçə illərdən sonra Şuşada Novruz tonqalı yandırıldı. Bu tonqalın gur işığı Qarabağ ellərini işıqlandırdı, qalib ölkənin sakinləri sevindi, məğlub ermənilər isə yasa batdı.
Prezident, Ali Baş Komandan cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Novruz şənliyində Şuşanın cıdır düzündə bayram tonqalı alovlandırmaları 28 ildən sonra tarixi ədalətin bərpasının rəmzi kimi qürurverici idi. Qarabağı işıqlandıran Novruz tonqalını isə ölkə başçısı İlham Əliyev yandırdı. O, əlamətdar bayramda Vətən müharibəsində qazanılan tarixi qələbəmizdən, Şuşada aparılacaq quruculuq, bərpa işlərindən danışdı. Vurğuladı ki, biz bu il Novruz bayramını Şuşada Cıdır düzündə qeyd edirik. “Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşəallah gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.
Şuşada yandırılan Novruz tonqalları çox tezliklə işğaldan azad olunmuş ərazilərimizdə-Ağdamda, Qubadlıda, Zəngilanda, Laçında, Füzulidə, Kəlbəcərdə, Xocavənddə, Suqovuşanda, Hadrutda və digər yurd yerlərində də yandırılacaq, bir sözlə, insanlar xonçalı novruzu çal-çağırla qeyd edəcəklər.
Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Novruz tonqalının yandırılması başdan-başa Qarabağ torpağını, hətta bütün türk dünyasını işıqlandırdı, birlik, həmrəylik nümayiş etdirildi.
Şuşadakı Novruz tonqalı bir nəğməyə dönərək qardaş Türkiyənin sakinlərinə də bol-bol sevinc gətirdi, neçə illərdən sonra Şuşanın erməni tapdağından azad edilməsi İstanbulda, Ankarada, İzmirdə, Qarsda və Türkiyənin digər ellərində coşqu ilə qarşılandı. Hamı bir ağızdan deyirdi:
—Tonqalın gur yansın ay gözəl Şuşa, Cıdır düzündən həmişə musiqi səsi gəlsin, Qarabağın şikəstəsi eşidilsin, Xanın səsi dağlar qoynunda dalğa-dalğa yayılsın. Şuşaya azadlıq günəşi əbədilik doğsun!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla olan dostluğu, qardaşlığı, qədim Şuşa ilə bağlı ürək sözlərini belə dəyərləndirmişdi: “Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizim üçün də bir sevgidir. Bu sevgini də yaşamaq istəyirik”.
2021-ci ilin Novruz bayramında Şuşada tonqalın yandırılması Prezident Rəcəb Tayyib Ərdoğan və bütün türk xalqı tərəfindən coşqu ilə qarşılanmışdır.
Şuşa şəhərində Novruz bayramının qeyd olunması, bayram tonqalının yandırılması insanlarda yüksək əhval-ruhiyyə, sabaha inam yaratmışdır. Biz həmin insanlardan bir neçəsinin ürək sözlərini oxuculara təqdim edirik.
Hulusi Kılıç (tanınmış diplomat):
—Cənab Prezident İlham Əliyevin Cıdır düzündə yandırdığı Novruz tonqalı təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının içini isitsə də, İrəvanı yaxıb-yandırdı. 30 ildən sonra nəhayət Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarında can rahatlığı, könül xoşluğu ilə qalib və qürurlu bir toplum olaraq Novruz tonqalları yandırdı. Novruzun bir başqa təntənə ilə keçirildiyinə özüm Bakıda böyük elçilik yapdığım dönəmlərdə bir daha şahidlik etdim.
Ancaq hər zaman gözlərdə kədər gördüm, üzlərdə nisgil gördüm. Qarabağın işğalda qalması bu gözəl bayramı coşqu ilə qeyd etməyə imkan vermədi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Cıdır düzündəki çıxışı isə çox mənalı idi və qəlblərin dərinliyinə işlədi. Xüsusilə onun “Allah Azərbaycan xalqının duasını eşitdi” kəlməsi məni bərk kövrəltdi. Bəli, gərçəkdən Aləmlərin Rəbbi belə bir haqsızlığı qəbul etmədi və çox şükürlər olsun ki, 30 ildən sonra Türk dünyasına belə bir qələbə bəxş etdi. Təbii ki, dövlət xadimlərinin cəsarətli qərarları, igid oğullarımızın misilsiz cəsarəti öz yerində və onların haqqına girmək böyük günah olardı. Amma uca Tanrının qüdrəti və Azərbaycan xalqının haqlı mücadiləsini İlham Əliyevin təbirincə desək, eşitməsi bu problemin çözülməsində həlledici amil oldu.
Can Azərbaycanın Novruz bayramını təbrik edirəm, süfrələrinizdən ruzi-bərəkət əksik olmasın, hər zaman qələbə ovqatında olasınız. Allahdan təmannam odur ki, ən qısa zamanda işğaldan azad olunan torpaqlarda həyat qaynasın və qardaş-bacılarımız öz ata-baba yurdunda, doğma ev-eşiklərində bayramlarını qeyd etsinlər. Azərbaycan xalqına bu bayramda Türkiyədən 82 milyonluq qardaş-bacılarımıza da çoxlu pay düşür və bizlər də sizin bu sevincinizə şərik olmaqla özümüzü bəxtiyar hesab edirik. Allah qiyamətə qədər bu qardaşlığın daha da möhkəmlənməsinə yardım etsin və inşallah bu birliyə, heç zaman xalqlarımıza zaval gəlməyəcək.
Günel Bayramova (tələbə):
—Vaxtilə ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev demişdir ki, vaxt gələcək ki, işğal altında olan torpaqlarımız azad ediləcəkdir. Elə də oldu. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində peşəkarlıq, rəşadət göstərərək işğal altında olan ərazilərimizi düşməndən azad etdi.
Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Novruzun ilk günündə Şuşada bayram tonqalının yandırılmasını sidq ürəklə qarşıladılar. Prezident İlham Əliyevin Novruz tonqalını yandırması və dərin, məzmunlu çıxışı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Eşq olsun, Azərbaycan Ordusuna!
Elçin Bağırov (iş adamı):
—Şuşa şəhəri işğaldan azad olunanda İstanbul şəhərində hamı bir-birini qucaqlayır, azərbaycanlılar, türklər qürur hissi keçirir, sevinirdilər ki, 200 ildən çox Azərbaycanda tüğyan edən erməni terroruna, erməni vandalına son qoyuldu.
Şuşadakı Novruz tonqalı bütün türk dünyasını işıqlandırdı.
Zülfiyə Günəş (tədqiqatçı):
—Şuşada Novruz tonqalı yandırılanda biz özümüzü Qarabağda, Azərbaycanın mədəniyyət mərkəzində, “Cıdır” düzündə hiss edirdik. Biz azərbaycanlılar hər addımda türk bacı və qardaşlarımızın təbriki ilə üzləşirdik. Sanki həmin gün Şuşada yanan tonqallar, İstanbuldakı Mərmərə, Qara dəniz sahillərini işığa qərq etmişdi...
Tarixin təkəri Azərbaycanın xeyrinə işlədi, 28 ildən sonra Şuşadakı bayram tonqalları yenidən yandırıldı, Cıdır düzü, qarlı dağlar, romantik görüntülər hamıda xoş ovqat, sabaha inam yaratdı.

Esmira YAZKAN Aslanova,
“Respublika” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri.

Published in Diaspora

1991-ci ildə müstəqil dövlət kimi tarixə qədəm qoymuş Azərbaycan Respublikasının müstəqillik yolu mürəkkəb və kəşməkeşli olmuşdu. Müstəqil dövlətçiliyin siyasi və iqtisadi dayaqlarının yaradılması sahəsində zəruri vəzifələrin həll edilməməsi, daxili siyasətdə buraxılan ciddi səhvlər respublikada sosial-iqtisadi böhranın dərinləşməsinə, ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxarmışdı. Şəxsi iddialarını həyata keçirməyə səy göstərən müxtəlif qüvvələr arasında qarşıdurmanın güclənməsi, cəmiyyətdə hökm sürən özbaşınalıq, hərc-mərclik heç bir siyasi qüvvəyə inamın olmaması ilə nəticələnmişdi. Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Hakimiyyət orqanları iflic vəziyyətinə düşmüşdü. Hakimiyyətə qanunsuz yollarla gəlmiş siyasi partiyaların “liderləri” ölkənin yeraltı, yerüstü sərvətlərini talayır, şəxsi mənafelərini güdürdülər. Səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti nəticəsində xalqımız əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış, ölkədə iqtisadi, siyasi, sosial və eyni zamanda mənəvi-psixoloji böhran dövrü başlamışdı. Bu dövrdə həm də Ermənistanın təcavüzkar siyasəti nəticəsində əzəli, əbədi torpaqlarımız işğal olunur, qaçqın və köçkünlərin sayı günbəgün artırdı. Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin ilk illərində respublikanın rəhbərliyində bir-birini əvəz edən “iqtidarlar” ölkənin qarşısında duran mühüm vəzifələri nəinki həyata keçirə bilmədilər, respublikada gündən-günə dərinləşən sosial-iqtisadi, siyasi, mənəvi böhranın aradan qaldırılmasına əsaslı addım belə atmadılar. AXC-Müsavat birliyi qısa zaman ərzində səriştəsiz fəaliyyəti ilə ölkəni daha dərin böhrana yuvarladı. Bütün bunlar Azərbaycanın təzəcə bərpa etdiyi dövlətçiliyi və müstəqilliyi üçün ciddi təhlükə yaradırdı. Lakin xalqımız vaxtilə müstəqil dövlətçiliyini itirsə də, müstəqilliyi, istiqlalı uğrunda mübarizədən heç vaxt usanmamışdı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın yaddaşında silinməz izlər qoymuş, demokratik dövlət qurmağa, dövlətçilik ənənələrini yaşatmağa qadir olduğunu göstərmişdir. Bu dəfə də xalqımız öz müstəqilliyini qorumaq, ölkədə başlamış vətəndaş müharibəsini durdurmaq, doğma vətənini parçalanmaqdan, dağılmaqdan xilas etmək üçün arxalandığı, inandığı, güvəndiyi xilaskar oğlunu - böyük şəxsiyyət, təcrübəli dövlət xadimi Heydər Əliyevi təkidlə Azərbaycana rəhbərlik etməyə çağırdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı ölkəmizi parçalanmaqdan, milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Onun qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu, xalqımız, millətimiz öz müstəqilliyinə qovuşdu, ölkəmizdə əmin-amanlıq bərqərar oldu.
Heydər Əliyev deyirdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir”. Ulu öndərin siyasi təcrübəsi, bilikləri, çalışdığı bütün dövrlərdə xalqına, millətinə sadiqliyi Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirmişdi. Bütün siyasi fəaliyyətini yalnız və yalnız xalqının xoş gələcəyi, işıqlı sabahı istiqamətində quran ümummilli lider Azərbaycanın müstəqilliyi uğrunda var gücünü səfərbər etmişdi. Bu gücün, iradənin, əzmin sayəsində Azərbaycanın müasir tarixində misilsiz hadisələrə imza atıldı. Öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması da bu hadisələr arasında mühüm yer tutur. Azərbaycan tarixinin son dərəcə ağır, mürəkkəb və ziddiyyətli dövründə - 1992-ci ilin noyabr ayında Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə keçirilən konfransda YAP-ın yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi.
Cəmiyyətin artmaqda olan ictimai-siyasi tələbatına, Azərbaycan xalqını, onun min bir əziyyətlərlə, fədakarlıqlarla qurduğu müstəqil dövlətini uçurumlara sürükləyən bəzi üzdəniraq ünsürlərə cavab olaraq yaranan Yeni Azərbaycan Partiyası qısa zaman ərzində cəmiyyətin həyatında sabitləşdirici meyillərin gücləndirilməsi, vətəndaş həmrəyliyinin, milli birliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi, hərbi, siyasi və s. problemlərin həllində böyük fəaliyyət dairəsi olan təşkilata çevrildi.
Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, xalqın dinc və firavan həyatının təmin edilməsi prinsipləri üzərində qurulan Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir, xalqına, millətinə məsuliyyətlə xidmət edən bir partiyadır. Bu partiyanın təməli sağlam amal, işıqlı ideyalar üzərində qurulduğu üçün ümumxalq məhəbbəti qazanmışdır. Heydər Əliyevin dediyi kimi bu partiya Azərbaycanın ictimai-siyasi həyatında ən güclü, ən səviyyəli, ən mütəfəkkir fikirli, ən tərəqqipərvər bir siyasi təşkilatdır.
Məqsədi, məramı, missiyası yalnız və yalnız Azərbaycanın işıqlı gələcəyinə xidmət göstəməkdən ibarət olan Yeni Azərbaycan Partiyası sıralarında qərarlaşan hər bir üzvünün qarşısında milli ideologiyamızın əsasını təşkil edən dövlətçiliyimizin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, milli vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərimizin inkişafı, ana dilimizə, dinimizə, mənəvi-əxlaqi mentalitetimizə bağlılığı, ümumbəşəri dəyərlərin mənimsənilməsi, tarixi köklərimizin dərindən öyrənilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunması kimi mühüm vəzifələr qoyur. Elə bunun nəticəsidir ki, bu gün Yeni Azərbaycan Partiyası xalqın partiyası kimi qəbul edilir.
Yeni Azərbaycan Partiyası 30 ilə yaxın bir müddətdə qət etdiyi şərəfli yolda hər zaman sivilizasiyalı, hüquqi və demokratik dövlət qurmaq, xalqın milli, mədəni, mənəvi irsini, ümumbəşəri dəyərlər təməlində təkamül yolunu inkişaf etdirmək və bütün ictimai təşkilat və partiyalarla fəal əməkdaşlıq etmək prinsipləri ilə fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatında dəyərli yerini tutmuş və öz mövqeyini gündən-günə möhkəmləndirir.
Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası XXI əsrin, üçüncü minilliyin partiyasıdır və getdikcə ucalan, böyük bir dövlətə çevrilən müstəqil Azərbaycanı daim irəliyə aparacaqdır”. Bu bir həqiqətdir ki, yeniləşən, müasirləşən Azərbaycan böyük bir sürətlə irəliyə doğru addımlayır.
Yeni tarixi dövrdə, günbəgün yeniləşən Azərbaycanda Yeni Azərbaycan Partiyası mütərəqqi fikirli gəncləri öz ətrafında birləşdirir. YAP-da nəsillərin müsbət mənada varislik prinsiplərinə ciddi əməl edilir. Belə ki, gələcəyimizi, sabahımızı təmin edən gənclərin rolu YAP-ın fəaliyyətində yüksək qiymətləndirilir, ölkəmizdə gənclər siyasətinin düzgün strategiya və taktikasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Elə bunun nəticəsidir ki, bir pedaqoq, təhsil müəssisəsinin rəhbəri kimi qürur hissi ilə deyə bilərəm ki, bu gün saf əqidəli, amallı gənclərimizin sayı gündən-günə artır.
Ümummilli lider Heydər Əliyev zəkasının, siyasi nüfuzunun, dühasının məhsulu, ölkəmizdə qaynar siyasi həyatın aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanda, eləcə də beynəlxalq aləmdə siyasi fəallığı, diplomatik bacarığı ilə siyasi lider kimi tanınan İlham Əliyevin rəhbərliyi altında üzərinə götürdüyü tarixi missiyanı uğurla həyata keçirir. Analitik təfəkkürə, müasir idarəçilik bacarığına, dərin biliyə, intellektə və yüksək nüfuza sahib olan, Azərbaycanı dünya miqyasında şərəflə təmsil edən Prezident İlham Əliyev Heydər Əliyev kursunun layiqli davamçısı olaraq dövlətçiliyimizin, müstəqilliyimizin əbədi olması, Azərbaycanın xoş gələcəyi naminə var qüvvəsini sərf edir. Yeni Azərbaycan Partiyası bu gün Ali Baş Komandanın rəhbərliyi altında ulu öndərin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu daha da möhkəmləndirir.
Bu günlərdə Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Ölkəmizin həyatında mühüm hadisə olan qurultayda partiyanın yenilənmiş strukturu, YAP-a birləşən siyasi partiyalar, ölkə başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu mühüm tələblər müzakirə olundu, müasir dövrün tələblərinə uyğun olaraq partiyanın məqsəd və vəzifələri, eləcə də inkişaf yolları müəyyənləşdirildi. Ən başlıcası isə banisi, memarı ümummilli lider Heydər Əliyev olan müstəqil Azərbaycanın daha da inkişaf etdirilməsi, dünyanın qüdrətli dövlətləri sırasında yer alması istiqamətində aparılan islahatlarda partiyanın hər bir üzvünün iştirakının vacibliyi vurğulandı.
Bu gün ölkə başçısı cənab İlham Əliyevin diplomatik fəaliyyəti təkcə ölkə daxilində deyil, Azərbaycanın hüdudlarından kənarda da böyük maraqla izlənilir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev müstəqil Azərbaycana, onu təmsil edən Yeni Azərbaycan Partiyasına qətiyyətlə, inamla rəhbərlik edir. Bu inam, qətiyyət, cəsurluq və mübarizlik də onu xalqına sevdirən, güvəndirən əsas amildir.

Xanlar İMAMƏLİYEV,
236 saylı məktəbin direktoru,
Əməkdar müəllim.

Published in Digər xəbərlər

Dövlət rəhbərliyinin apardığı uğurlu sosial-iqtisadi kursa uyğun olaraq, bazar iqtisadiyyatı münasibətləri inkişaf etdikcə, bir şəxsin digər şəxsin mülkiyyət hüququnda əsaslı iştirakını təmin edəcək müxtəlif hüquqi mexanizmlərin yaradılması məsələsi ortaya çıxır. Belə hüquqi formalardan biri olan ipoteka institutu bazar iqtisadiyyatı münasibətlərinin hakim olduğu bir şəraitdə mülki dövriyyənin inkişafında mühüm əhəmiyyət kəsb edir.
İpoteka institutunun hüququn bir elementi olduğu və inkişaf edən respublikamızda əhalinin həyat səviyyəsinin, mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyi, habelə, ölkəmizdə ipoteka sisteminin təşəkkül tapması və təkmilləşdirilməsi baxımından ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak üzərində sərəncam verilməsi üsullarının səciyyəvi cəhətlərinin öyrənilməsi vacibdir.
Azərbaycan Respublikasının mövcud qanunvericiliyində ipoteka institutu təkcə mülki hüquq münasibətlərinə aid olan normativ-hüquqi aktları deyil, həm də sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik aktlarını əhatə edir. İpoteka münasibətlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı olması bazar iqtisadiyyatı şəraitində onun aktuallığını daha da artırır. Çünki, dinamikada olan bazar iqtisadiyyatı ipotekasız mövcud ola və fəaliyyət göstərə bilməz. İpotekanın əsas və başlıca rolu bundan ibarətdir ki, o, mühüm və vacib kredit alətidir. Belə ki, iqtisadi dövriyyə subyektləri təsərrüfat fəaliyyətini həyata keçirmək üçün öz əmlaklarını ipotekaya qoyur və bankdan kredit alırlar. Bu istiqamətdə notariusun fəaliyyəti, təminatlı kreditorların hüquqlarının həyata keçirilməsinin yaxşılaşdırılması, səmərəliliyi, mövcud təminatlı qeydlər sistemində məhdudiyyətlərin və qeyri-müəyyənliklərinin aradan qaldırılması, fiziki və hüquqi şəxslərin bu qəbildən olan əməliyyatları daha əlçatan, çevik, maneəsiz, səmərəli həyata keçirilməsinə öz töhfəsini verir.
Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Bu baxımdan, əşyanın girov və ya ipotekaya qoyulması mülkiyyətçinin sərəncam vermək səlahiyyətinin həyata keçirilməsi deməkdir.
Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İpoteka hüququ, müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsində iki tərəf iştirak edir: ipoteka qoyan və ipoteka saxlayan. Əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. İkinci tərəf - ipoteka saxlayan ipoteka hüququ olan şəxsdir və ona kreditor da deyilir. İpoteka saxlayan dedikdə, borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs başa düşülür. Bütün hallarda kreditor və ipoteka saxlayan eyni şəxs olur, yəni ipoteka saxlayan rolunda yalnız kreditor çıxış edə bilər.
Girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə, kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir.
İpoteka predmeti bölünməz əşyadırsa, yaxud başqa əsaslara görə, mülkiyyətçilərin ümumi mülkiyyətinə daxildirsə, onlar birgə ipoteka qoyanlar olurlar. Ümumi birgə mülkiyyətdə olan əşyanın ipoteka ilə yüklü edilməsi zamanı bütün mülkiyyətçilərin hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Belə ki, ümumi mülkiyyətdə olan əmlaka bütün mülkiyyətçilər birlikdə sahiblik edir və onun barəsində sərəncam verirlər. Ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri isə, öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipotekaya qoya bilər. İpotekada olan daşınmaz əmlak üzrə sərəncam hüququnun həyata keçirilməsi “İpoteka haqqında” Qanunun 30-cu maddəsi ilə tənzimlənir.
Həmin Qanunun 30.1-ci maddəsinə əsasən, İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti, ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka saxlayanın razılığı ilə, o cümlədən ipoteka saxlayanla ipoteka qoyanın notariat qaydasında təsdiq edilmiş razılaşması üzrə ipoteka predmeti satılarkən də, əldə olunan vəsait notariusun depozit hesabı vasitəsilə qanunvericiliyə müvafiq olaraq tərəflərin razılığına uyğun olaraq bölüşdürülür.
İpoteka haqqında qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklərə görə isə ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. Əldə olunan vəsait notariusun depozit hesabı vasitəsilə qanunvericiliyə müvafiq olaraq tərəflərin razılığına uyğun olaraq bölüşdürülür.
Daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı müqavilələrin hüquqi baxımdan düzgünlüyünü və icrasının təminatlılığının möhkəmləndirilməsi, gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması və nağdsız hesablaşmaların aparılmasının stimullaşdırılması məqsədilə pul məbləğlərinin depozit hesabı vasitəsilə verilməsi, ödəmənin bank köçürməsi ilə aparılması və bu yolla ödənişin qeydə alınması mexanizmi bu sahədə əhəmiyyətli və səmərəli bir addım olmuşdur.
İpotekada olan daşınmaz əmlakın realizə olunması üsullarından biri də notariusun icra qeydi əsasında, əmlaka tutma yönəldilməsidir. Belə ki, notariusun icra qeydi ilə ipoteka predmetinin satılmasına hüquqi əsas yaranır və satışdan əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bölüşdürülür. Son dövrdə icra qeydlərinin elektron qaydada aparılması təmin olunmuş və icra qeydlərinin aparılması statistikası əhəmiyyətli dərəcədə artmışdır. İpotekada olan daşınmaz əmlaka sərəncam verilməsinə və icra qeydlərinin aparılmasına dair notariat hərəkətləri aparılarkən müqavilə üzrə tərəflərin hüquq və mənafelərinin təmin olunması baxımından qanunvericilikdə nəzərdə tutulmuş zəruri sənəd və arayışların “Elektron notariat” informasiya sisteminin imkanlarından istifadə etməklə əldə edilməsi, fiziki və hüquqi şəxslərə daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, əvvəllər tələb edilən bir sıra sənədlərin toplanması və bununla da digər qurumlara müraciət olunması zərurətinin aradan qaldırılmasına, bu prosesin rahat və operativ həyata keçirilməsinə xidmət etmişdir.
Onu da qeyd etmək istərdim ki, fiziki və hüquqi şəxslərin daşınmaz əmlak üzərində olan bu hüquqlarından istifadə etməsi və qanuni mənafelərinin gerçəkləşməsi notariat tənzimləməsi yolu ilə mübahisəsiz və təminatlı şəkildə yerinə yetirilməkdədir.
Cəmiyyətimizin sosial-iqtisadi inkişafı naminə mülki dövriyyənin bu vacib istiqamətinin rahat və təkmil şəkildə həyata keçirilməsi üçün, notariat xidmətinin mövcud imkanları ilə vətəndaşlarımızın və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin hüquqi tənzimlənməsi məqsədilə daim xidmətindəyik.

Tamerlan QURBAN,
Qəbələ regional “ASAN xidmət”
mərkəzində Notariat ofisinin notariusu.

Published in Digər xəbərlər

Müasir və daim yenilənən cəmiyyətimizdə mülki-hüquq münasibətlərinin və mülki dövriyyənin tənzimlənməsində notariusların böyük rolu vardır. Notariuslar öz vəzifələrini yerinə yetirərək mülki-hüquq subyektlərinə onların hüquq və vəzifələrini izah edir, bu hüquqların həyata keçirilməsində və qanuni mənafelərinin qorunmasında köməklik göstərir, hüquqi məlumatsızlığın əqd iştirakçılarına vura biləcəyi ziyanın qarşısının alınması üçün notariat hərəkətlərinin nəticələri barədə xəbərdar edir.
Notariuslar “Notariat haqqında” Qanunun 17-ci maddəsində müəyyən edilmiş notariat hərəkətlərini aparır, o cümlədən daşınmaz əmlakın sərəncam verilməsi barədə əqdləri təsdiq edirlər. Mülki Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Əqdlərin notariat qaydasında təsdiq edilməsi gələcək mülki-hüquqi mübahisələrin yaranmasının qarşısını alır.
Mülki dövriyyədə daşınmaz əmlak obyektlərinə sərəncam verilməsinə dair müqavilələr, yəni daşınmaz əmlakın alqı-satqısı, bağışlanması, dəyişdirilməsi, rentası, ipotekaya qoyulması, icarəyə, kirayəyə verilməsi və digər müqavilələr respublika üzrə aparılan notariat hərəkətlərinin əhəmiyyətli hissəsini təşkil edir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə əqdlərin mühüm hissələrindən birini də hüquqi şəxslərin iştirakı ilə olan əqdlər təşkil edir.
Azərbaycan Respublikası Mülki Məcəllənin 43.1-ci bəndinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslərin zəruri əlamətlərindən biri də onun dövlət qeydiyyatından keçməsidir. Hüquqi şəxsin hüquq qabiliyyəti dövlət qeydiyyatına alındığı gündən əmələ gəlir və onun ləğvinin başa çatdığı andan xitam verilir. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Hüquqi şəxs bir və ya bir neçə şəxs tərəfindən təsis edilir və təsdiq edildikdən sonra dövlət qeydiyyatına alındığı nizamnamə əsasında fəaliyyət göstərir. Hüquqi şəxsin orqanlarının fəaliyyəti qanunvericiliyə və onun nizamnaməsinə uyğun olaraq həyata keçirilir.
Notariuslar əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlayırlar. Əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlayarkən notariuslar hüquqi şəxslərin nizamnaməsi və ya əsasnaməsi ilə tanış olaraq aparılan notariat hərəkətlərinin hüquqi şəxsə onun nizamnaməsi və ya əsasnaməsi ilə verilmiş hüquqlara müvafiq olub-olmadığını da aydınlaşdırırlar. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa, nizamnaməyə və ya əsasnaməyə əsasən hüquqi şəxsin və ya onun filial və nümayəndəliklərinin rəhbərləri əqd bağlamaq hüququna malikdirlərsə, notariuslar etibarnamə tələb etmirlər. Bu halda yalnız hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması yoxlanılır. Hüquqi şəxs seçkili kollegial orqan tərəfindən idarə olunursa, vəzifəli şəxslərin seçilməsi və onlar arasında vəzifə bölgüsü haqqında qərar tələb edilir.
Hazırda notariuslar üçün “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində yaradılmış “Vergi ödəyiciləri barədə məlumat” bölməsində vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və ya hüquqi şəxsin adını yazmaqla Hüquqi Şəxslərin Dövlət Reyestri məlumatlarını əldə etmək imkanı yaranmışdır. Müvafiq notariat hərəkətləri aparılarkən informasiya sistemində olan məlumat çap edilərək notariat işinə əlavə edilir. Bunun köməyi ilə hüquqi şəxsin təqdim etdiyi sənədlərdə eyniləşdirmə aparıla bilir. Bundan başqa, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə, yəni təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasına əməl olunub-olunmaması yoxlanılır.
Daşınmaz əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı, tikintisi başa çatdırılmamış daşınmaz əmlaka münasibətdə isə tikili üzərində mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayışı tələb edir və əmlakın özgəninkiləşdirilməsi müqavilələri üzrə həmin sənədlərin əslini notariat işinə əlavə edir. “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda, çıxarış notarius tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən “Elektron notariat” informasiya sistemi vasitəsilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə edilir. Həmçinin, notariusa daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış mülkiyyətçi (hüquqi şəxs) və ya onun nümayəndəsi tərəfindən təqdim edilir.
Hüquqi şəxsin mülkiyyətində olan daşınmaz əmlaka sərəncam verildikdə hüquqi şəxsin nizamnaməsində başqa hal nəzərdə tutulmayıbsa, hüquqi şəxsin iştirakçılarının (təsisçilərin, payçıların, səhmdarların, üzvlərin) ali orqanının - ümumi yığıncağının, Direktorlar şurasının (müşahidə şurası) qərarı, bir iştirakçı (təsisçi, səhmdar) olduqda təkbaşına qərar notariusa təqdim olunmalıdır. Qərarda hüquqi şəxsin əmlakının dəyəri və hansı qaydada özgəninkiləşdirilməsi nəzərdə tutulur. Həmçinin, qeyri-kommersiya təşkilatının əmlakına sərəncam verildikdə əldə edilən vəsaitin qeyri-kommersiya təşkilatının nizamnaməsində müəyyənləşdirilmiş məqsədlərə istifadə edilməsi göstərilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, Açıq Səhmdar Cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır.
Daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Bu bank hesabı notariusun cari hesabı deyil, digər notariat əməliyyatlarının aparılması üçün nəzərdə tutulmayan, məhz müqavilə üzrə ödənilməli olan məbləğlərinin rəsmən və nağdsız qaydada tərəflərin bir-birinə verilməsi üçün açılmış xüsusi depozit hesabıdır. Əməliyyatların notariusun depozit hesabı vasitəsilə aparılması gələcək mübahisələrin qarşısını alır, şəffaflığı təmin edir.
Hüquqi şəxsin daşınmaz əmlakına sərəncam verilməsi ilə bağlı müqavilə rəsmiləşdirildikdə, notariusun bankda açılmış depozit hesabına mədaxil edilmiş pul vəsaiti hüquqi şəxsin təqdim etdiyi hesaba notariusun ödəniş tapşırığı əsasında ödənilir.
Dövlət mülkiyyətində olan əmlaka sərəncam verildikdə İqtisadiyyat nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Xidmətinin razılığı, bələdiyyə mülkiyyətində olan əmlaka sərəncam verildikdə isə müvafiq bələdiyyənin nizamnaməsi ilə müəyyən edilmiş orqanın qərarı notariusa təqdim olunmalıdır. Həmçinin, ipoteka ilə yüklü edilmiş hüquqi şəxsin əmlakına sərəncam verildikdə, ipoteka saxlayanın razılığına və razılıqda göstərilən şərtlərə əməl edilməlidir.
Qeyd olunanlarla yanaşı, hüquqi şəxsin əmlakına sərəncam verildikdə notarius “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməlidir. Hüquqi şəxslər mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (özgəninkiləşdirilməsi) zamanı AR Vergi Məcəlləsinin 218-ci maddəsində nəzərdə tutulmuş sadələşdirilmiş verginin tutulmasına cəlb edilmirlər.
Bu bir gerçəklikdir ki, hüquqi şəxslərin iştirakı ilə daşınmaz əmlaka dair əqdlərin notariat qaydada təsdiq olunması zamanı sadalanan tələblərə riayət olunması qanunçuluğun təmin olunmasına imkan verməklə yanaşı, hüquqi şəxslərin və onların təsisçilərinin (iştirakçılarının) Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mülkiyyət hüquqlarının qorunması baxımından vacib əhəmiyyətə malikdir. Hüquqi şəxslərə məxsus daşınmaz əmlak əməliyyatlarının notarial təsdiqlənməsi mülki dövriyyənin sabit və mübahisəsiz hüquqi tənzimlənməsinə və mülkiyyət hüquqlarının daha etibarlı qorunmasına təminat verir. Notarial tənzimləmə və onun hazırki təkmilləşmiş mexanizmi hüquqi şəxslərin daşınmaz əmlakı ilə bağlı əməliyyatların daha rahat və peşəkar səviyyədə sənədləşdirilməsini şərtləndirmiş və bu proses öz səmərəliliyini göstərməkdə davam etməkdədir.

Elçin ZEYNALOV,
Bakı şəhəri 52 saylı Notariat ofisinin
notariusu.

Published in Digər xəbərlər
Cümə axşamı, 01 Aprel 2021 06:51

Əczaxanaların fəaliyyətinə xüsusi diqqət

Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, son vaxtlar Azərbaycanda da dövlət səviyyəsində səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. İstər dövlət tibb müəssisələri, istərsə də özəl sahələrdə dünya təcrübəsinə yiyələnmiş onlarla, yüzlərlə tibb mütəxəssisi çalışır, insanları sağlam həyata qaytarmaq üçün bütün imkanlarını sərf edir. Şübhə yoxdur ki, həkim nə qədər təcrübəli olsa belə, dəva-dərmansız xəstəni sağalda, onun sağlamlığını bərpa edə bilməz. Həkimlərin məsləhəti ilə xəstələr apteklərə üz tutur. Bəs görəsən şəhərdə addımbaşı rast gəldiyimiz apteklər dəva-dərmanları ilə xəstələrin ehtiyacını ödəyə bilirmi? Son vaxtlarda saxta dərman satışı ilə bağlı arada gəzən söz-söhbətlər demək olar ki, səngiyib. Bununla bağlı Azərbaycan Dövlət Tibb Universitetinin yaxınlığında fəaliyyət göstərən “Jasmin” aptekində olduq. Aptekin müdiri, təcrübəli əczaçı Qalib Məmmədovun bu məsələlərə aydınlıq gətirməsini xahiş etdik. O dedi:

—Mənim başçılıq etdiyim “Jasmin” apteki 11 ildir ki, fəaliyyət göstərir. 7 nəfər işçimiz var. Onların hər biri öz işinin mütəxəssisidir. Alıcılara mədəni və nümunəvi xidmət göstərməyin sirrini yaxşı bilirlər. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bizim xidmətdən indiyə kimi bir nəfər belə narazı qalmayıb. Özüm də 2000-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin əczaçılıq fakültəsini bitirmişəm. Çox şükürlər olsun ki, ölkəmiz müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, əczaçılıq sahəsində də xeyli uğurlu irəliləyişlərə nail olub. Ölkəmizdə apteklərin sayı kifayət qədərdir. Dərmana olan tələbatda problem yoxdur. Ölkəmizə yüksək keyfiyyətli dərman preparatları gətirilir. Rusiya, Türkiyə, Hindistan, İran və qərb ölkələrindən gətirilən dərmanların keyfiyyəti “Analitik Ekspertiza Mərkəzi”nin laboratoriyasında yoxlanılıb sertifikatlaşdırıldıqdan sonra satışa buraxılmasına icazə verilir. Son vaxtlar bizim respublikamızda da dərman istehsalına başlanıb. Həkimlərlə də söhbət etmişəm, əhali arasında oluruq, yeni istehsaldan da hələlik narazı qalan eşitməmişəm. Səhiyyə naziri Oqtay Şirəliyev fəaliyyətə başladığı ilk dövrlərdən dərman təchizatı və satışı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır. Son vaxtlar səhiyyədə demək olar ki, neqativ hallara son qoyulub. Dövlətin sifarişi ilə xarici ölkələrdə bizim ölkə üçün istehsal olunan dərmanların annotasiyaları - tanıtım göstəriciləri Azərbaycan dilində verilir ki, bu da xəstənin dərmandan istifadəsində heç bir problem yaratmır. Aptekimizdə dərmanların saxlanma qaydalarına düzgün əməl olunur. Əczaçılarımız bizə müraciət edən xəstələrin ehtiyacını lazımi səviyyədə ödəməyə çalışır.

Məhəmməd VƏLİYEV,

“Respublika”.

Published in Digər xəbərlər
Cümə axşamı, 01 Aprel 2021 06:51

LƏNKƏRAN MƏKTƏBLİSİNİN UĞURU

Allahverən Hüseynzadə V.Əliyev adına Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdidir. Eyni zamanda Lənkəran şəhər 2 saylı musiqi məktəbinin xanəndəlik sinfində də təhsil alır. Gənc müğənni rayonda xalq və bəstəkar mahnılarının istedadlı ifaçısı kimi tanınır. Lənkəran şəhərində keçirilən müxtəlif tədbirlərdə gözəl ifaları ilə sevilir və alqışlarla qarşılanır.

Respublika Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Vətən yaxşıdır” onlayn respublika mahnı müsabiqəsində Allahverən Hüseynzadə uğurla çıxış edib. Müsabiqənin məqsədi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Xudayar Yusifzadənin və onun timsalında bütün şəhidlərin parlaq xatirəsini yad etmək, istedadlı şagirdləri üzə çıxarmaqdan ibarət olub. Allahverən müsabiqədə sözləri Zivər Ağayevaya, musiqisi Rauf Məmmədova məxsus olan “Yaşa mənim xalqım” mahnısını ifa edib.

Respublikanın Xalq artisti Təyyar Bayramovun sədrlik etdiyi münsiflər heyəti lənkəranlı məktəblinin çıxışını yüksək qiymətləndirib. O, bəstəkar mahnıları nominasiyası üzrə 15-20 yaş qrupunda III yerə layiq görülüb.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.

Published in Region
1 -dən səhifə 2