XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə, 05 Mart 2021

Azərbaycan Prezidenti İlham Əliyev toplantıda videoformatda çıxış edib

Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda videoformatda çıxış edib. 

Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan əvvəlcə sammit iştirakçılarını salamladı və Azərbaycanın Qələbəsi münasibətilə təbriklərini çatdıraraq dedi:

–Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm.

Pakistanın Baş naziri belə çətin bir zamanda Zirvə toplantısının təşkilinin birgə səylər sayəsində mümkün olduğunu qeyd etdi. Pakistan hökumətinin başçısı çıxışında təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğuladı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin təşkilata sədrliyi dövründə görülən işlərdən danışdı. O, bir çox sahələrdə tənəzzülə səbəb olan pandemiyaya yalnız həmrəylik, regional əməkdaşlıq sayəsində qalib gəlməyin mümkün olduğunu qeyd etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğal altında qalan torpaqlarını uğurla azad etdiyini bildirərək dedi:

–Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı bir Zəfərlə azad etmiş, bölgədə yeni bir dövrün qapılarını açmışdır. Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycan ilə tam həmrəylik içində olacağımıza inanıram. Ermənistanın da atacağı sülhsevər addımlarla regional sabitliyin bir hissəsi olacağına ümid edirik. Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleymanpur qarşıda duran vəzifələrdən danışaraq təşkilat çərçivəsində iqtisadi-ticari əlaqələrin inkişafının prioritet olduğunu vurğuladı. Baş katib investisiyaların stimullaşdırılması zərurətindən danışdı, pandemiya ilə mübarizədə kollektiv səylərin əhəmiyyətini vurğuladı. Hadi Suleymanpur Azərbaycanı parlaq Qələbəsi münasibətilə təbrik edərək dedi:

–Mən mərhum Prezident, zati-aliləri Heydər Əliyevin təşəbbüsü olan Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılmasına görə Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Bu, təşkilatı çoxşaxəli etmək məqsədilə İƏT ailəsi üçün böyük bir nailiyyətdir. Gəlin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatlarını qurban vermiş azərbaycanlı şəhidlərin xatirəsini də yad edək.

Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış edərək dedi:

–Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrin baxışlarının həyata keçirilməsi üçün mühüm platforma olduğunu deyən Məhəmməd Əşrəf Qani pandemiyanın mənfi təzahürlərinin minimuma endirilməsi üçün regional əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini dedi.

Prezident Rəcəb Tayyib Ərdoğan: Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, mənim qardaşım İlham Əliyevə söz vermədən öncə deyim ki, həqiqətən də 30 illik işğal baş vermişdir və orada olan milyonlarla azərbaycanlı qardaşımız, bildiyiniz kimi, öz torpaqlarından qovulmuşdur. Onlar təxminən 30 il idi ki, öz doğma torpaqlarından uzaqda yaşayırdılar. Əfsuslar olsun ki, Minsk qrupu heç bir nəticə əldə edə bilməmişdir və buna görə İlham Əliyevin rəhbərliyi ilə bizim azərbaycanlı qardaşlarımız bu torpaqları işğaldan azad etmişdir. İndi infrastruktur üzrə hazırlıq işləri davam edir və tezliklə bu torpaqların həqiqi sahibləri öz ərazilərində yaşayacaqlar. İndi isə sözü, mənim əziz qardaşım, Azərbaycan Prezidenti hörmətli İlham Əliyevə verirəm. Söz sizindir.

 

 

Prezident İlham Əliyevin çıxışı

–Əziz qardaşım, əziz Prezident cənab Ərdoğan.

Mənə söz verdiyiniz zaman səsləndirdiyiniz fikirlərə görə Sizə təşəkkür edirəm.

Bütün həmkarlarımızın diqqətinə çatdırmaq istərdim ki, Prezident Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə, Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynamışdır.

Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır. Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir.

Hörmətli cənab sədr, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli cənab baş katib.

Əvvəlcə, mən bir daha əziz qardaşlarıma, Prezident Ərdoğana, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın Qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürümü bildirmək istərdim.

Qardaş Türkiyəni İqtisadi Əməkdaşlıq Təşkilatında uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdim. Yeni sədr ölkə kimi qardaş Türkmənistana uğurlar arzulayıram.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.

2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi Zəfər siyasi yollarla tam təmin edildi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk. 

Ötən il sentyabrın 27-də və 28-də - müharibənin birinci və ikinci günü qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər. Mən bizi dəstəklədiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, müharibə dövründə bizi dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına da təşəkkür edirəm.

İşğal zamanı Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtmışdır. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilmişdir. Bütün bunların foto və videoları internetdə var. Bu, bütün İslam dünyasına qarşı düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilmişdir. Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən İslam ölkələrini birliyə çağırmışıq. Azərbaycan İslam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz islamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini - sülh, tolerantlıq və ədaləti təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının martın 15-nin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq.

Hazırda qarşımızda azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır. Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq, mədəni və dini abidələrimizi bərpa edəcəyik.

Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olmuşdur. Azərbaycan ötən il hazırda sədrlik etdiyi iki beynəlxalq təşkilatın - Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu təşəbbüslər bizim beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyimizi bir daha nümayiş etdirmişdir.

Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı etmişik. Azərbaycan koronavirusla əlaqədar dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı edib. 

Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik. Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq.

Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm.

Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq.

Artıq qeyd etdiyim kimi, Azərbaycanın Ermənistan üzərində şanlı Qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı.

Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.

Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik.

Diqqətinizə görə sağ olun.

Prezident Rəcəb Tayyib Ərdoğan: Mənim əziz qardaşım, çox dəyərli fikirlərinizə və mülahizələrinizə görə çox sağ olun. Siz bu problemli və ağrılı dövrü uğurla geridə qoymusunuz. Bu günləri arxada qoyduğunuzu görməyə çox şadıq. İndi isə Dağlıq Qarabağdakı torpaqların sahiblərinin öz doğma yurdlarına qayıtmasını təmin etmək vaxtıdır.

Daha sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Şimali Kiprin Prezidenti Ersin Tatar və Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak çıxış etdilər. 

Sonda İqtisadi Əməkdaşlıq Təşkilatının Araşdırma Mərkəzinin Nizamnaməsi imzalandı.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı Türkmənistanda keçiriləcək.

 

 

AZƏRTAC

Published in Siyasət

Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

Hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 mart 2021-ci il.

Published in Məktublar

Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində gördüklərim məni dəhşətə gətirdi. Burada müharibənin izlərindən başqa heç nə yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə gürcü telejurnalist, “Tv Pirveli” telekanalının müxbiri Miranda Baqaturiyanın Ağdamdan hazırladığı reportajda məlumat verilib.

Telejurnalist bildirib ki, 1990-cı illərə qədər Ağdamda əsasən azərbaycanlılar yaşayıb. Lakin elə həmin illərdə Azərbaycanın Qarabağ bölgəsi işğal olunduqdan sonra Ağdam rayonunda da heç kim qalmayıb. Yurd-yuvalarından didərgin düşmüş insanlar Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. İndi onlar bu torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Ağdama hərbiçilərin və yeri polis əməkdaşlarının nəzarəti altında getdiklərini söyləyən telejurnalist deyib ki, erməni işğalından azad olunmuş ərazilərdə işğalçılar minlərlə mina basdırıblar. Ona görə də həmin ərazilərdə sərbəst gəzmək və istədiyin yerə getmək çox təhlükəlidir. Burada ümumiyyətlə dağıdılmış evlərdən başqa heç nə yoxdur. Yalnız ermənilərin hərbi məqsədlər üçün istifadə etdikləri yeraltı sığınacaq və istehkamlar var. İşğalçılar dini, tarixi, mədəni abidləri də dağıdıblar. Ermənilər Ağdamdakı Ağdaban məscidini silah-sursat anbarına çeviriblər. Məscidin yaxınlığındakı mədəniyyət mərkəzindən isə tövlə kimi istifadə olunub.

M.Baqaturiya bütün əzab-əziyyətlərə sinə gərərək evini tərk etməyən, cəbhənin lap yaxınlığında yaşayan, hər gün atəş və bomba səsləri altında ölümlə üz-üzə gələn yerli sakindən - 75 yaşlı Nuri nənədən müsahibə də alıb. Nuri nənənin müharibənin ağrı-acısı, erməni vəhşilikləri barədə söylədikləri də gürcü ictimaiyyətinin diqqətinə çatdırılıb.

Reportajda işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edən gürcü politoloq, tarixçi alim Guram Marxuliyanın müsahibəsi də yer alıb.

G.Marxuliya erməni vəhşiliyindən söz açıb, işğalçıların törətdikləri insanlığa sığmayan cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Gürcü jurnalist Qubadlı rayonunda gördüklərini də tamaşaçılara təqdim edərək deyib: “Sonra biz Qubadlıya getdik. Orada 2010-cu illərdə Suriyadan gəlmiş erməni qaçqınlar üçün tikilmiş kənddən keçdim. İkinci Qarabağ müharibəsindən sonra - 2020-ci ilin noyabrında erməni əhali bu kəndi və ümumilikdə Qubadlını tərk edib. Buradakı evlərin çoxu yandırılıb, yararsız hala salınıb. Təbiət məhv edilib. Gördüklərim məni dəhşətə gətirdi”.

 

 

AZƏRTAC

Published in Dünya bu gün

Dövlətimizin başçısının dünyada bənzəri olmayan mətbuat konfransı haqqında bəzi düşüncələr
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı dünyada geniş rezonans doğurub. Azərbaycan dövlətinin başçısı ilk dəfə idi ki, yerli və xarici jurnalistlərlə məhz bu cür yeni formatda görüşürdü. Koronavirus pandemiyası bundan əvvəl də müəyyən tədbirləri, həmçinin KİV nümayəndələrinə müsahibələri məhz onlayn formatda keçirməyə zərurət yaradırdı. Bununla belə, ötən həftə biz tarixdə ilk dəfə Azərbaycan Prezidentinin eyni vaxtda çoxsaylı yerli və xarici jurnalistlərin iştirakı ilə çox geniş onlayn mətbuat konfransının şahidi olduq. Bizim hamımız üçün formadan daha çox məzmunun həmişə böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, hər halda dünya jurnalistikasının gözümüzün qabağında yaşadığı texnoloji tərəqqinin ağlasığmaz səviyyəsini qeyd etmək istərdik. İndi artıq “tet-a-tet” rejimdə, əlində mikrofon, kamera, qələm-kağız tutmuş jurnalistlərin əyani müsahibələrindən rəqəmsal XXI əsrin böyük ekranda və internet şəbəkəsində birbaşa translyasiya edilən genişmiqyaslı mətbuat konfranslarına keçid baş verir. Hətta ilk baxışda müasir dövr üçün adi sayılan, bizim peşəmizin nümayəndələrinin çoxunun qısa müddətdə vərdiş etdiyi yenilik də bu gün Azərbaycanın zamanla ayaqlaşmasına, çox vaxt başqa dövlətlərə gözəl nümunə göstərməsinə dəlalət edir.

 


Prezident İlham Əliyev 4 saatdan çox müsahibə verdi, sualları dörd dildə cavablandırdı, bir dildən digərinə çox rəvan keçid etdi. Jurnalistlərdən birinin qeyd etdiyi kimi, təkcə bu fakta görə həmin mətbuat konfransı Ginnesin Rekordlar Kitabına daxil edilməyə layiqdir. Bu fonda qonşu Ermənistan tamamilə miskin və aciz görünür, çünki erməni jurnalistlərin özlərinin etiraf etdikləri kimi, onların ölkəsinin rəhbəri fikrini hətta öz ana dilində izah etməyə çətinlik çəkir, dedikləri heç də həmişə lazımınca əlaqəli olmur.
Qarşımızda, sadəcə, Azərbaycan Prezidenti çıxış etmirdi. Qarşımızda əyləşən, sualları dinləyən və onlara son dərəcə sərrast cavablar verən cəmi üç ay bundan əvvəl Azərbaycan xalqının Vətən müharibəsində möhtəşəm Qələbə qazanmış dövlət başçısı idi. Qarşımızda qalib Ordunun sərkərdəsini, Müzəffər Ali Baş Komandanı gördük! Buna görə də tamamilə gözlənilən idi ki, məhz bu mətbuat konfransı bütün dünyanın diqqətini cəlb edəcək. Hazırda həmin mətbuat konfransının dünya mediasında bu qədər geniş işıqlandırılması buna əyani sübutdur. Aydın məsələdir ki, bu mətbuat konfransını yaxın-uzaq ölkələrdə siyasətçilər, icmalçılar, politoloqlar və ən müxtəlif kalibrli ekspertlər diqqətlə izləyir, deyilən hər bir sözü, səslənən hər bir fikri təhlil edir, ola bilsin müəyyən gizli sətiraltı mənaları duymağa çalışırdılar. Hərçənd buna elə bir zərurət yox idi, çünki Prezident İlham Əliyev həmişəki kimi, birbaşa, açıq danışır, heç bir ikimənalılığa, yozumlara yer qoymurdu.
Bu və ya digər səbəblər üzündən birbaşa yayımı izləyə bilməyənlər üçün isə həmin gün rəqəmsal XXI əsrin daha bir yeniliyi - “Twitter” və “Telegram” kanalı köməyə gəldi. Səmimi etiraf edirəm, sosial media platformaları bazarında bolluq şəraitində mən “Twitter”in böyük fanatı olmamışam və hətta “Telegram” kanalından istifadə etməmişəm. 2020-ci ilin ildırımsürətli Vətən müharibəsi isə sanki hiss olunmadan, lakin müharibənin özü kimi çox sürətlə öz təshihlərini etdi, başqa platformaları ikinci plana keçirdi. Bütün Azərbaycan “Telegram” kanalında qeydiyyatdan keçməyə tələsdi, çünki ölkəmizin Müdafiə Nazirliyinin hərbi məlumatları və informasiya agentliklərinin, o cümlədən AZƏRTAC-ın qaynar xəbərlərinə istinadla ən operativ rejimdə bu kanala daxil olmağa başlamışdı. Prezidentin tvitləri isə az qala Vətən müharibəsinin növbəti rəmzinə çevrildi. Ölkəmizdə və xaricdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin mikrobloqunda qısa, lakin böyük coşqu və sevinc hissi doğuran xəbərlərini səbirsizliklə gözləyirdilər. İnsanlar bu xəbərləri bir-birinə göndərməyə və sosial şəbəkələrdə paylaşmağa tələsirdilər. Bu, artıq hər birimizin heç vaxt unutmayacağı fenomen idi. Bu, Vətən müharibəsinin və Böyük Qələbənin ən emosional məqamlarından biri idi.
İndi də belə oldu, mətbuat konfransında iştirak edən jurnalistlər, habelə birbaşa yayımı “YouTube” kanalında izləyən reportyorlar Prezidentin cavablarında səslənən fikirləri çox qısa formada, tezislər şəklində, bəzən bircə cümlə ilə “Twitter” və ya “Telegram” kanalı vasitəsilə ötürürdülər. Həmin vaxt küçələrdə, avtomobillərdə, qatarlarda, avtobuslarda olan vətəndaşlar isə məlumatları və tvitləri öz smartfonlarında izləyir, mətbuat konfransının gedişindən dərhal xəbər tuturdular. Sonrakı günlər ərzində isə Prezidentin söylədiyi ən mühüm fikirlər, verdiyi mesajlar dövlətimizin başçısının rəsmi mikrobloqunda yerləşdirildi. Bir məqamı xüsusi qeyd etmək istərdim ki, həmin fikirlər çox gözəl tərtib edilib. Yəni, bu, sadəcə, bir-iki cümləlik mətn deyil, infoqrafika elementlərindən və rənglərin uğurlu qammasından istifadə edilməklə tərtib olunmuş fikirlərdir. Bunun özü də digər dövlətlərin başçılarına bir nümunə ola bilər.
Mətbuat konfransının tarixi təsadüfi seçilməmişdi. Həmin gün Azərbaycan xalqı ilə bərabər, bütün sivil dünya da Xocalı soyqırımının kədərli ildönümünü qeyd edirdi. Təsadüfi deyil ki, Prezident çıxışının elə ilk cümləsində məhz bu mövzuya toxundu, hər şeyi öz adı ilə adlandırdı. “Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi”, - deyən Prezident İlham Əliyev qətiyyətlə bəyan etdi ki, ölkəmiz güclü dövlət kimi bir daha heç vaxt erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək. Azərbaycan xalqının döyüş meydanında Xocalı qurbanlarının qisasını alması bunun sübutudur. Prezident dedi: “44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq”.
Erməni silahlı dəstələrinin törətdiyi dəhşətli cinayətin ildönümü günündə Azərbaycan Prezidentinin xarici jurnalistlərlə görüşü bu mətbuat konfransına müəyyən rəmzi məna verir və dünya birliyi ilə ünsiyyətdə “sözün gücü”nü nümayiş etdirirdi. Axı, bir sıra mühüm mesajlar siyasi mərkəzlərə məhz KİV-lərlə çatdırılır.
M ətbuat konfransının gedişində mesajlar isə bol idi. Onlardan ən əsaslarına diqqət yetirək: münaqişə artıq keçmişdə qalıb, Azərbaycan xalqı öz dövlətinin ərazi bütövlüyünü bərpa edib. Bu, tarixin məntiqli gedişidir, indi onu heç kəs geri döndərə bilməz. Ermənistan logistik baxımdan təcrid olunub, mənəvi-siyasi baxımdan sarsılıb, onun iqtisadi imkanları tükənib. O, kənardan kömək göstərilməsə və qonşu ölkələrlə normal münasibətləri bərpa etməsə, ayağa qalxmaq iqtidarında deyil. Azərbaycan daha da güclənəcək, Ermənistan isə daha da zəifləyəcək, bu iki dövlətin gücü arasındakı fərq daha da artacaq. Buna görə də Köçəryan-Sarkisyan xuntasının başçılarının revanş haqqında hər hansı populist söhbətləri nəinki absurddur, həm də, ilk növbədə, Ermənistanın özü üçün təhlükəlidir. “Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir”, - deyə birmənalı şəkildə xəbərdarlıq edən Prezident Əliyev öz mesajını maksimum aydın şəkildə səsləndirdi. O, sualların birinə cavab verərkən Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən sitat gətirdi. Putin demişdi ki, Ermənistanın üçtərəfli Bəyanatı yerinə yetirməkdən imtina etmək cəhdi ondan ötrü “intihar” olacaq. Prezident İlham Əliyev əlavə etdi ki, o, rusiyalı həmkarının bu fikrinə tamamilə şərikdir.
Prezident ona sual verən jurnalistlərə, eyni zamanda, kompüterlərin, qacetlərin və televizorların ekranları qarşısındakı tamaşaçılara bir daha, bu dəfə artıq Müzəffər sərkərdə kimi xatırlatdı ki, erməni işğalının davam etdiyi bütün onilliklər ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, habelə ayrı-ayrı ölkələr Azərbaycana misli görünməmiş dərəcədə təzyiq edirdilər. Onlar özlərinin qeyri-rəsmi mesajlarında Bakıya “yaranmış reallıqlarla” barışmağın zəruri olması barədə siqnal verir, bizim ölkəmizi “uduzmuş tərəf” adlandırır və Azərbaycana “pis” ilə “ən pis” arasında seçim etməyi məsləhət görürdülər. Yaxşı, onları müəyyən mənada başa düşmək olar - xüsusən ikili standartların, gizli və açıq islamofobiya və türkofobiyanın hökm sürdüyü dünyada uzaq və yad Azərbaycan xalqının amalları onların nəyinə gərəkdir! Onlar üçün əsas məsələ beynəlxalq reytinqlərini yüksəltməkdən ötrü guya nizamlanmış bir münaqişəni öz aktivlərinə yazmaq idi. Qarabağın kimə - işğalçılara, yoxsa bu yerin əzəli sahiblərinə, öz ata-baba yurdlarından qovulmuş sakinlərə qaytarılması isə onları az narahat edirdi.
İndi rollar dəyişib: Azərbaycan qalib gəlib, yeni reallıqlar yaranıb. İndi qoy, elə həmin qüvvələr məğlub olmuş tərəfi dilə tutsunlar ki, o, bizimlə barışsın. “İndi Ermənistan qarşısında bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər”, - deyə qarşı tərəfə xəbərdarlıq edən Prezident bu mesajı başqa aktorlara da ünvanlayırdı.
Bununla əlaqədar, əldə edilmiş razılaşmaların yerinə yetirilməsini pozan, lakin köhnə adəti üzrə öz təqsirini başqasının üstünə yıxmaq istəyən Ermənistan rəhbərliyinin növbəti yalanını ifşa etmək çox vacib idi. Söhbət erməni tərəfin daim Azərbaycanı hansısa “hərbi əsirləri” saxlamaqda, Bakının guya “razılaşmaları pozaraq” həmin şəxsləri İrəvana verməkdən imtina etməsindən gedir. Üçtərəfli Bəyanatın imzalandığı vaxta qədər qeydiyyata alınmış hərbi əsirlərin hamısı, həm də Azərbaycan öz vətəndaşlarını geri almazdan əvvəl erməni tərəfə verilib. Prezident İlham Əliyev sualların birinə cavabında bu barədə danışdı. Lakin İrəvanın hansı səbəbdən Bəyanatın üçüncü bəndini pozması və öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq əvəzinə oraya, özü də müharibə başa çatandan bir neçə həftə sonra təxribatçılar göndərməsi barədə həm erməni boşboğazlar, həm də onların xaricdəki ruporları rüsvayçı şəkildə susurlar, onlara, sadəcə, üzündən oxumaq üçün mətn verilir. Bəs onlardan kimsə maraqlanıbmı ki, bu 60-dan çox adam kimdir, onlar Azərbaycan ərazisinə necə və nə vaxt keçiblər və ən başlıcası, onlar ölkəmizə nə məqsədlə gəliblər?! Axı, onlar buraya gül əkmək və ya kəpənək dalınca qaçmaq üçün gəlməyiblər.
Azərbaycanda hərbi əsir yoxdur, həmin 60 nəfər terrorçu və təxribatçıdır, bu cür hallarda bütün başqa ölkələrdə də belələri ilə söhbət qısa olur. Buna görə də Ermənistanda və onu himayə edən dairələrdə artıq çoxdan başa düşməli idilər ki, demaqoq hoqqalar, isteriya, qara piar, Azərbaycanın xaricdəki səfirlikləri qarşısında təşkil olunan hər cür oyunbazlıqlar, ucuz fləşmoblar artıq bizə təsir etmir. Əslində, onlar əvvəllər də güclü təsir etmirdi, nəinki Qələbədən sonra! Öz ölkələrinin biabırçı kapitulyasiyasından sonra Azərbaycanın ərazisinə soxulmuş, müharibədən sonra bizim dörd hərbi qulluqçunu və mobil rabitə operatorunu qətlə yetirmiş terrorçular məhkəmə qarşısına çıxarılacaq və “terrorizm” maddəsi ilə ittiham olunaraq qanun qarşısında cavab verəcəklər. Onları müdafiə etmək üçün səsini ucaldan Avropa Parlamentinin üzvləri, müxtəlif dövlətlərin parlamentlərinin deputatları, üçüncü ölkələrin mədəniyyət xadimləri isə beynəlxalq hüquq sahəsinə aid məsələləri şərh etməkdənsə, mahnı oxumağı, rəqs etməyi, filmlər çəkməyi və simfoniyalar yazmağı daha yaxşı bacarırlar. Qoy, onlar fikirləşsinlər, Quantanamo, Əbu-Qreyb məhbuslarının, İŞİD, Əl-Qaidə və başqa təşkilatların terrorçularına azadlıq verilməsini tələb edərdilərmi? Bəlkə türkləri və azərbaycanlıları qətlə yetirənlər terrorçu “hesab edilmir”? Qoy, onlar erməni xuntasının iki Kəlbəcər sakinini - öz dədə-baba yurdunda doğmalarının məzarlarını ziyarət etməyə cəsarəti çatmış insanları neçə il həbsxanada saxladıqlarını yada salsınlar.
P rezident İlham Əliyev jurnalistlərdən birinin sualına cavab verərkən bu mövzuya birdəfəlik nöqtə qoydu, bu məsələ bağlanıb və Azərbaycana təzyiq göstərməyin faydası yoxdur. Amma Ermənistanın istər işğal illərində, istər müharibə günlərində, istərsə də bu gün törətdiyi hərbi cinayətlər məsələsi açıq qalır. Axı, Prezidentin qeyd etdiyi kimi, minalanmış sahələrin xəritələrini verməkdən imtina edilməsi də belə müharibə cinayətlərindən biridir.
Dövlətimizin başçısı öz cavablarında bir daha xatırlatdı ki, Azərbaycan Ermənistanın zəbt etdiyi ərazilərini işğaldan könüllü azad etməsini təqribən 30 il gözləyib. Bizim bu məsələni hərbi yolla həll etmək üçün dəfələrlə imkanımız olub, lakin ölkəmiz son məqama qədər gözləyib, qan tökülməsini istəməyib, Ermənistanı vicdanlı olmağa, vəziyyəti anlamağa çağırıb, bunun nəticələri barədə xəbərdar edib, insan tələfatının qarşısını almaq üçün hər cür - mümkün olan və olmayan şanslar verib. Prezident İlham Əliyev Britaniyanın “Telegraph” xəbər agentliyinin müxbirinin sualını cavablandırarkən xatırlatdığı kimi, hətta müharibə dövründə də Bakı qan tökülməsinin dayandırılması üçün İrəvana bir neçə dəfə şans verib. Ermənistan hökumətinin başçısı öz qoşunlarının çıxarılması qrafikini elan etsəydi, elə həmin anda müharibə dayandırılardı. Bu, Azərbaycan dövlətinin sülhsevərliyini və müharibənin nə ilə nəticələnəcəyini ilk günlərdən bildiyi halda öz qoşunlarını mənasız qırğına göndərən Ermənistan rəhbərliyinin avantürizmini bütün dünyaya göstərdi.
H ətta bütün baş verənlərdən, yaşanmış bütün sarsıntılardan sonra da Azərbaycan öz düşməninə yenə birinci olaraq kömək əli uzadır, əməkdaşlıq, birgə iqtisadi inkişaf, kommunikasiya layihələri təklif edir, başa salır ki, bu layihələr bütün tərəflərin xeyrinə olacaq və heç kəs uduzmayacaq. Prezidentin dediyi “Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada - Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər” sözləri Ermənistanda sağlam düşüncəli insanlara ünvanlanmış daha bir mesaj idi. Yuxarıda sitat gətirdiyimiz sözlərdən dərhal sonra səslənən mesaj isə revanşist məqsədlər güdənlərə ünvanlanmışdı. Prezident İlham Əliyev çox ciddi şəkildə xəbərdarlıq etdi: “Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır”.
Yaponiyanın “Jiji Press” agentliyinin müxbirinin sualına Prezidentin cavabında daha bir mühüm mesaj səsləndi. Bu, azərbaycanlı köçkünlərin hazırda sülhməramlıların nəzarətində olan zonalara aid edilən yerlərə, məhz Xocalıya və digər yaşayış məntəqələrinə qayıtmasının labüdlüyü barədə idi. Prezident İlham Əliyev birmənalı şəkildə bəyan etdi: “Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar”.
Prezident başqa bir sualın cavabında vurğuladı ki, indi artıq Dağlıq Qarabağ anlayışı yoxdur. O, tarixdə qaldı. İndi Azərbaycanın tərkibində vahid Qarabağ var.
Azərbaycan dövlətinin başçısının dünya liderlərinə bir mesajı da diqqətdən kənar qala bilməzdi. O, həmin liderləri bundan sonra Ermənistana pulsuz silah verməkdən çəkinməyə, imkan daxilində ona verilmiş ölümsaçan silahları - “İskəndər”, “Toçka-U”, “Skad” raket sistemlərini geri almağa çağırdı. Axı, avantüristlərin, özü də bu və ya digər raket növləri arasında fərqi görməyən avantüristlərin əlində belə silahlar dəhşətli nəticələrə gətirib çıxara bilər. Prezident o vaxta qədər ictimaiyyətə məlum olmayan daha bir detalı açıqladı: müharibə günlərində Vladimir Putin ilə çoxsaylı danışıqlarının birində o, Rusiya rəhbərindən İrəvana təsir göstərməsini, onu Azərbaycanın dinc şəhərlərinə qarşı raketlərdən istifadə etməkdən çəkindirməsini xahiş etmiş, əks halda, Bakının İrəvana cavab zərbələri endirməyə hazır olduğunu bildirmişdi. Dövlətimizin başçısı xəbərdarlıq edərək dedi: “Əks halda, bizim seçimimiz olmayacaq, biz onların şəhərlərini bombalayacağıq. Bizdə hər şey nişan altında idi. Bizim raketlərimiz təkcə Naxçıvan Muxtar Respublikasından deyil, digər regionlardan da rahatlıqla Yerevanadək çatar. Biz bunu hər an nümayiş etdirə bilərik. Buna görə də mənim bu çağırışım artıq bütün qırmızı xətləri keçmiş, azğınlaşmış Ermənistan hərbi-siyasi rəhbərliyini vəziyyətin sağlam düşüncəli təhlilinə çağırış idi”.
Bu açıq-aydın mesaj müharibədən sonra da öz aktuallığını saxlayır. Ermənistanda başa düşməlidirlər ki, ona hökmən cavab veriləcək və bunun bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək. Prezident İlham Əliyevin etiraf etdiyi kimi, onun Rusiya rəhbəri ilə telefon danışıqlarının gedişində bu məsələnin müzakirəsi faktı İrəvan üçün bir növ “soyuq duş” effekti verməlidir: əgər siz bu cür təxribata getsəniz, sizə dərhal cavab veriləcək və heç kəs sizi dəstəkləməyəcək, heç kəs köməyinizə gəlməyəcək! Bütün bunların Ermənistan rəhbərliyinin diqqətinə hansı formada çatdırıldığını bilməsək də, Bərdəyə zərbə endiriləndən sonra bu cür təxribatların dayandırıldığı göz qabağındadır: Bakının xəbərdarlığı İrəvanda quzğunların dumanlı başlarını ayıltdı.
Rusiyanın Ermənistan ordusunu modernləşdirmək planları barədə məlumat haqlı olaraq Prezidenti heyrətləndirdi. O, “Zvezda” telekanalı vasitəsilə müvafiq ünvan sahiblərinə müraciətlə dedi: “Nə üçün? Nə məqsədlə? Mənim sualım əsaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün? Buna heç bir zərurət yoxdur”. Prezident İlham Əliyev bu günlərdə Ermənistanda hökm sürən siyasi hərc-mərcliyi xatırladaraq soruşdu: “Belə adamların əllərinə təhlükəli silah vermək olarmı?”.
Eyni zamanda, Prezident İlham Əliyev Bakı ilə Moskva arasında hərbi-texniki əməkdaşlığın səviyyəsini çox yüksək qiymətləndirdi. O, Rusiya silahının keyfiyyəti barədə də yüksək fikirdə olduğunu bildirdi. Prezident Rusiya silahının ayrı-ayrı növlərinin “effektivliyinin 10 faiz olması” barədə Paşinyanın dediklərini nəzərdə tutaraq dəqiqləşdirdi: “Rusiyanın hərbi texnikası bəzi göstəricilər üzrə dünyada ən yaxşı texnika və bütövlükdə dünyada ən yaxşı texnikalardan biridir. Sadəcə, o, düzgün əllərdə olmalıdır ki, sonradan bu cür əsassız, əslində, Ermənistanda hərbi-siyasi böhrana gətirib çıxarmış ittihamlar olmasın”.
A zərbaycan dövlətinin başçısı Britaniyanın “İndependent” qəzetinin müxbirinin sualını cavablandırarkən daha bir mühüm mesaj səsləndirdi: xarici ölkə əsgərlərinin Azərbaycan ərazisində qalmaları müvəqqəti xarakter daşıyır - bu, hansısa “hərbi baza” deyil və əgər beş ildən sonra Azərbaycan həmin əsgərlərin burada olması məsələsinə öz fikrini bildirərsə, onların fəaliyyəti başa çatacaq. Beləliklə, Prezident üçtərəfli Bəyanat imzalandığı andan etibarən yəqin ki, hər bir vətəndaşımızı narahat edən bir sualı Azərbaycan cəmiyyətinin gündəliyindən çıxarmış oldu. İndi Bakının rəsmi mövqeyi açıq elan edilib. Bu da öz növbəsində, əksəriyyəti müxalifət dairələrindən olan çoxsaylı opponentləri tərksilah edir, Azərbaycana o qədər də rəğbət bəsləməyən bəzi əcnəbi şərhçilərin nikbinliyinə son qoyur.
Bir mühüm məsələ də var ki, Prezident İlham Əliyev sülhməramlı kontingentin müsbət rolunu məhz azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtması kontekstində qeyd edib. Əgər həmin əhali qayıdarkən sülhməramlılar tərəfindən onların təhlükəsizliyinə zəmanət verilməsi tələb olunursa, onlar haraya qayıdacaq? Təbii ki, sülhməramlıların nəzarətində olan zonaya, bu insanlar etnik təmizləməyə məruz qaldığı illərdə qovulduqları keçmiş DQMV-nin Xocalı, Kərkicahan, Umudlu, Muğanlı, Əmiranlar, Kuropatkino, Cəmilli, Meşəli, Sırxavənd, Çərəktar, Narınclar, Kosalar, Malıbəyli və azərbaycanlılar yaşayan digər kəndlərə qayıdacaqlar.
Ermənistan tərəfindən ölkəmizə vurulmuş zərərin həcminin hesablanması və beynəlxalq qurumlarda iddia qaldırılması mövzusu ayrıca diqqət tələb edir. Prezident öz çıxışında bu sahədə aparılan böyük iş barədə jurnalistlərə məlumat verdi, lakin, eyni zamanda, qeyd etdi ki, hələ çox məqamlar beynəlxalq məhkəmənin mövqeyindən və onun obyektivliyindən asılıdır. Hakimlər ədalət normalarına riayət edəcəklər, yoxsa yenə siyasi sifarişi yerinə yetirəcəklər? Prezident İlham Əliyev bu fikri səsləndirərək bu dəfə beynəlxalq birliyə daha bir mesaj ünvanladı. Prezident bildirdi ki, ölkəmizdə bu praktika və analoji presedentlər ilə yaxşı tanışdırlar və hakimlər bu məsələyə ədalətlə yanaşsalar, Ermənistanın dünyadakı himayədarlarının siyasi sifarişlərindən asılı olmasalar, cavabdehin gözlənilən hökmdən yaxa qurtarmaq şansı olmamalıdır. İndi beynəlxalq strukturlar özləri vicdanlılıq və obyektivlik imtahanı verməli olacaqlar.
Ümumiyyətlə, həmin mətbuat konfransını həqiqətən tarixi hadisə kimi səciyyələndirmək olar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, o, özü sonuncu dəfə jurnalistlərlə məhz bu cür geniş formatda nə vaxt görüşdüyünü xatırlamırdı. Prezident bunu onunla izah etdi ki, bu qədər çoxsaylı xarici jurnalistin eyni vaxtda ölkəmizdə olması şəraitində müzakirələr üçün heç də həmişə bu qədər mövzu yığılıb qalmamışdı. Məhz indi belə bir fürsət yaranıb, media işçilərindən azad edilmiş ərazilərə səfərləri çərçivəsində Prezidentdən müsahibə verməsi xahişləri alınıb. Media nümayəndələri ilə görüşün ən yaxşı forması məhz bu cür mətbuat konfransı olub. Müharibə dövründə isə dövlətimizin başçısı 44 gün ərzində xarici KİV-lərə 30-dan çox müsahibə verib.
B eləliklə, Prezident İlham Əliyev bütün dünyaya bir daha nümayiş etdirdi ki, o, mətbuata daim açıqdır. Müxbirləri qəbul edərkən, onların suallarını cavablandırarkən bəyanatlar verir, mesajlar göndərir, həm ölkədə, həm də xaricdə cəmiyyəti istər döyüş meydanında, istərsə də siyasi arenada baş verən proseslər barədə məlumatlandırırdı. Prezident haqlı olaraq dedi: “Buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.
KİV-lərin köməyi ilə ictimaiyyətlə daimi əlaqə dünya mediasının Azərbaycana münasibətinin dəyişməsində müsbət rol oynayıb. “Bu məsələyə yanaşma dəyişir, fikirlər dəyişir və reallıq artıq daha yaxşı dərk edilir”, - deyən Prezident bildirib ki, müharibə dövründə o, Azərbaycana hücumlar ediləcəyini və ədalətsiz yanaşmaları gözləyirdi. Lakin Azərbaycanın haqq işinin bütün dünyada etiraf edilməsi, həmçinin onilliklər boyu davam etmiş işğal dövründə xalqımızın Birinci Qarabağ müharibəsindən sonra yaranmış status-kvo ilə razılaşmamasını bircə gün belə bildirməməsi faktı öz rolunu oynayıb - dünyada Azərbaycan xalqı üçün bu ağrılı məsələyə daha həssas yanaşmağa başlayıblar və bu, müharibə günlərində də özünü göstərib.
“Məni təəccübləndirdi ki, Azərbaycana qarşı ədalətli mövqe var idi. Bunun da əlbəttə, səbəbi ondan ibarətdir ki, biz haqlı idik, biz öz ərazilərimizi işğaldan azad edirdik. Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun”. Əminəm ki, Prezidentin bu mesajı həm də təcrübəli siyasi xadimin jurnalistlərə xeyirxah məsləhəti - vicdanlılığı, obyektivliyi qoruyub saxlamaq və “bizim etdiklərimizin hamısını gözdən salmaq, bizə qara yaxmaq, Azərbaycan haqqında və onun hökuməti barədə yalan təsəvvürlər yaratmaq” məqsədi güdən rəhbərlərinin göstərişlərinə həmişə əməl etməmək tövsiyəsi kimi qəbul olunub.
Xocalı soyqırımının 29-cu ildönümü günündə Azərbaycan Prezidenti İlham Əliyevin həqiqətən tarixi mətbuat konfransı sonradan dünya KİV-lərində müsbət yöndən işıqlandırılıb. Bu fakt onu göstərir ki, jurnalistlərin Azərbaycana şəxsən səfər etmələri, onların burada öz gözləri ilə gördüklərini yuxarıdan “kukla oynadanların” göstərişi ilə deyil, vicdanla işıqlandırmaları obyektiv jurnalistin reputasiyasını qoruyub saxlamaq üçün yeganə düzgün yoldur.
Bu, bizim peşə nümayəndələrinin kredosu olmalıdır.

Aslan Aslanov,
AZƏRTAC-ın
İdarə Heyətinin sədri,
OANA-nın vitse-prezidenti.

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan və Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində xalqımızın və ordumuzun zəfər salnaməsi yazıldı.

Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin dörd ədliyyə işçisinin ailə üzvü şəhid olub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri və könüllüləri ilə martın 4-də ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.

Qlobal pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə keçirilən görüşdən əvvəl müharibə iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın, həmçinin Vətən müharibəsində şəhid olmuş ədliyyə işçisi Ruhin Xəlilovun əziz xatirəsi anılıb.

Nazirlikdə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən ədliyyə naziri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və yenilməz sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Qələbə münasibətilə iştirakçıları təbrik edib, əsl vətəndaşlıq nümunəsi göstərərək döyüşlərdə şücaət və fədakarlıq nümayiş etdirdiklərinə görə nazirliyin kollektivi adından təşəkkürünü ifadə edib.

Bildirib ki, ölkəmizin hərbi-siyasi uğuru, ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına 30 il düşmən əsarətində qalan torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz təmin olunub.

Hazırda azad olunan ərazilərin bərpa olunması ilə bağlı Azərbaycan Prezidentinin rəhbərliyi ilə nəhəng quruculuq işlərinin həyata keçirildiyi qeyd olunaraq, dövlətimizin başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmin bölgəyə müntəzəm səfərlərinin doğma torpaqlarımızın dirçəldilməsinin və böyük qayıdışın təminatı olduğu vurğulanıb.

Eyni zamanda, Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərdən bəhs olunaraq şəhid ailələrinin və yaralı hərbçilərimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu qeyd edilib.

Bildirilib ki, müharibə başlayan andan ədliyyə işçiləri də döyüşlərdə, o cümlədən könüllü iştirak edərək fədakar xidmətlər göstərib, həmçinin ordumuzla həmrəylik nümayiş etdirərək, hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini əsirgəməyib, Azərbaycan Ordusuna Yardım Fonduna və “YAŞAT” Fonduna əmək haqlarından könüllü vəsaitlər köçürüblər. Eyni zamanda, nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yaralananlara zəruri tibbi yardım göstərib, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilib, nazirliyin əməkdaşları tərəfindən döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə mütəmadi baş çəkilib və sovqatlar təqdim olunub.

Nazirlik tərəfindən, həmçinin döyüşlərdə iştirak etmiş əməkdaşların, o cümlədən şəhid ailələrinin qayğıları ilə mütəmadi maraqlanıldığı, onların problemlərinin daim diqqətdə saxlanılaraq zəruri köməklik göstərildiyi bildirilib.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə mərdliklə iştirak etmiş, vəzifə borclarını şərəflə yerinə yetirərək şəxsi igidlik göstərdiklərinə görə ədliyyə işçilərinin yüksək dövlət təltiflərinə layiq görülməsi xüsusilə qeyd edilərək ölkə başçısına dərin minnətdarlıq ifadə olunub.

Əməkdaşlar döyüş xatirələrini bölüşərək torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmələrindən böyük qürur hissi keçirdiklərini bildirib, hərbçilərimizə istər müharibə, istərsə də sonrakı dövrdə yüksək diqqət və qayğı ilə yanaşıldığını vurğulayıblar. Qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizin müdafiəsi və tərəqqisi naminə dövlətimizə və xalqımıza layiqincə xidmət etməyi özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.

Görüşdə ədliyyə nazirinin Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə bağlı Əmri elan edilib və mükafatlandırılmış müharibə iştirakçılarına təltiflər təqdim olunub.

İştirakçılar nazirliyin Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, o cümlədən yeni yaradılmış Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbəyə həsr olunan xüsusi guşə ilə tanış olublar.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində başqa sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də ciddi dönüş yaradıldı. Bu sahədə müvafiq tədbirlər həyata keçirən Heydər Əliyev gənclərlə və idmançılarla işi daha səmərəli şəkildə təşkil etmək, onların problemləri ilə yaxından tanış olmaq, gənclərin ictimai-siyasi həyatda fəal iştirakını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılması barədə sərəncam imzaladı. Bununla da gənclərin qarşısında geniş üfüqlər açıldı.

Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarixi gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə təsis edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti işləyərkən - 1997-ci il iyul ayının 31-də Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra ölkəmizdə bədən tərbiyəsi və idman, o cümlədən olimpiya hərəkatı yeni bir mərhələyə qədəm qoydu. Son 17 il ərzində dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğısı, şəxsi dəstəyi sayəsində ölkəmizdə idmanın inkişafı geniş vüsət almışdır.

Bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. Bunu Bakıda və bölgələrdə idman sahəsində yaradılan maddi-texniki baza ilə yaxından tanış olan və mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsini izləyən beynəlxalq qurumların rəhbərləri də təsdiqləyirlər. Azərbaycanda son illər güclü idman infrastrukturu yaradılmışdır. Təkcə Bakının 2015-ci il ilk Avropa Oyunlarına və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi buna əyani sübutdur. Həm də bu yarışların yüksək səviyyədə başa çatması Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gərgin əməyinin bəhrəsidir.

Bu bayram günündə qürur hissi ilə vurğulamaq lazımdır ki, 2020-ci il ərzində gənc nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, yüksək dərəcəli idmançıların hazırlanması, olimpiya hərəkatının gücləndirilməsi, Olimpiya oyunlarına yüksək səviyyədə hazırlığın təmin edilməsi, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində təqdirəlayiq işlər görülmüşdür.

2020-ci il ərzində idmançılarımız müxtəlif idman növləri üzrə Avropa, dünya çempionatı və birinciliklərində, kubok yarışlarında, eləcə də müxtəlif beynəlxalq turnirlərdə, respublika çempionatı, kubok və birinciliklərində iştirak edərək medallar qazandılar.

Ötən il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 64 respublika yarışı təşkil edilmiş, 12 beynəlxalq yarış keçirilmiş, 68 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunmuşdur.

İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplantılarında iştirak ediblər.

2020-ci illə bağlı olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 60 qızıl, 46 gümüş və 86 bürünc olmaqla, ümumilikdə 192 medal əldə edilmişdir.

Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün indiyədək 17 nəfər idmançımız 13 lisenziya əldə edib. Bundan başqa, Tokio Paralimpiya Oyunlarına indiyədək 9 lisenziya qazanılıb.

İdman növləri üzrə məşqçi-müəllimlərə ali, I və II ixtisas kateqoriyasının verilməsi ilə əlaqədar təqdim olunmuş sənədlərdə Azərbaycan Respublikasının vahid idman təsnifatına uyğun olaraq baxılıb. 2020-ci ilin ötən dövrü ərzində ayrı-ayrı idman növləri üzrə məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. O cümlədən 3 nəfər ali, 54 nəfər birinci kateqoriya alıb.

Bundan başqa, 2020-ci ildə idman növləri üzrə 33 nəfər fəxri bədən tərbiyəsi və idman işçisi, 54 nəfər əməkdar məşqçi, 12 nəfər əməkdar idman ustası, 10 nəfər Respublika dərəcəli hakim fəxri adlarına layiq görülüb.

İl ərzində 109 nəfər idman ustası normasını yerinə yetirib.

2020-ci il ölkəmiz və xalqımız üçün Zəfər ili kimi tarixə düşdü. 2021-ci ilin başlanğıcından Azərbaycan idmanı uğurlu start götürmüşdür. Şahmat turnirində qrossmeystr Teymur Rəcəbov peşəkarlıq, iradə və əzmkarlıq göstərərək inamlı qələbə qazanmışdır.

Tam əminliklə deyə bilərəm ki, ölkəmizdə idman daha da inkişaf etdiriləcək, Vətənimizi yarışlarda təmsil edən gənclərimiz uğurlu nəticələrə imza atacaqlar.

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları, bu sahədə çalışan mütəxəssisləri və bütün idman ictimaiyyətini təbrik edir, Azərbaycan idmanının inkişafında onlara yeni-yeni uğurlar arzulayıram.

Ağacan ABİYEV,

Əməkdar elm xadimi,

professor, Milli Olimpiya

Komitəsinin baş katibi.

Published in İdman

Martın 5-nin artıq 16-cı ildir ki, ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilməsi bir ənənəyə çevrilmişdir. Gənclər və İdman Nazirliyi, onun tabeliyində olan qurumlar, idman federasiyaları, klubları, bir sözlə, respublikamızın idmansevərləri haqlı olaraq bu sahədə qazanılan uğurlarla öyünürlər. Binəqədi Rayon Gənclər və İdman İdarəsi də bunların sırasında olan qurumlardan biridir. İdarənin rəisi Namiq Tarverdiyev belə bir gündə ürək sözlərini oxucularımızla bölüşərək dedi:

- İlk öncə onu deyim ki, yola saldığımız 2020-ci ilin ən böyük uğuru möhtərəm Prezidentimizin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını erməni işğalından azad etməsidir. Əlbəttə, Vətən müharibəsi itkisiz ötmədi. Şəhidlərimiz oldu, yaralı qazilərimiz var. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayırıq. Sözsüz ki, tarixi Qələbəmizdə idmançı gənclərimizin də böyük payı var.

Binəqədi Rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin struktur qurumu kimi Binəqədi rayonunda gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirir. İdarə öz fəaliyyətini Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, bələdiyyələr, hüquq-mühafizə orqanları, hökumət və qeyri-hökumət təşkilatları, idman federasiyaları və cəmiyyətləri, habelə digər ictimai birliklərlə əlaqəli şəkildə qurur. Qeyd edim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi təsis edilmişdir. 5 mart tarixi isə təsadüfi seçilməmişdir. Belə ki, 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri ilə görüşmüş, elə həmin gün həm də İdman Fondunun yaradılması haqqında sərəncam imzalamışdır. Bununla da müstəqilliyimizin ilk illərindən başlayaraq ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində yeni inkişaf strategiyasına start verildi. Ümummilli liderimiz nitqlərinin birində demişdir ki, idman kimi Azərbaycanın müstəqillik rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.

Böyük öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ Dövlət Neft Şirkətinin Birinci-vitse prezidenti işləyərkən - 1997-ci il iyul ayının 31-də Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra müstəqil respublikamızda kütləvi idmanın və bədən tərbiyəsinin, o cümlədən olimpiya hərəkatının inkişafı yeni bir mərhələyə qədəm qoydu. Dövlətimizin başçısının son 18 ildə bu sahəyə göstərdiyi diqqət və qayğısı, şəxsi dəstəyi sayəsində ölkəmizdə idmanın inkişafı geniş vüsət almışdır.

Təsadüfi deyildir ki, son illər Azərbaycan dünyada idman dövləti kimi tanınır. Artıq Bakının bir neçə illərdir mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsi, dünya standartlarına cavab verən infrastrukturun yaradılması bunu deməyə əsas verir. Beynəlxalq idman təşkilatlarının rəhbərləri və mütəxəssislər respublikamıza səfərləri zamanı bu sahədə görülən işləri, olimpiya oyunlarına və müxtəlif çempionatlara yüksək səviyyədə ev sahibliyi etməyimizi dəyərləndirib və haqlı olaraq Azərbaycanı idman dövləti adlandırırlar. Yeri gəlmişkən, Bakı-2015 Birinci Avropa Oyunlarına, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 Azərbaycan Qran-prisinə Bakının yüksək səviyyədə ev sahibliyi  etməsində Azərbaycanın birinci xanımı, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi bu sahədə əldə edilən parlaq nailiyyətlər də diqqətçəkəndir.

Son illər dünyanı bürüyən maliyyə-iqtisadi böhranın və pandemiyanın iqtisadiyyata vurduğu zərər Azərbaycandan da yan keçməmişdir. Lakin ölkəmizin rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində dövlət gənclər siyasəti çərçivəsində idmanın inkişaf etdirilməsi, onun kütləviliyinin artırılması ön plana çəkilmiş və Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öncüllüyünü qoruyub saxlaya bilmişdir.

Hazırda ölkəmizdə Bakı ilə yanaşı, bölgələrlə birlikdə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Burada yaradılmış şərait gəncləri və yeniyetmələri idmana daha da ruhlandırır. Bir sıra rayonlarda belə idman komplekslərinin tikintisi davam etdirilir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında yüksək nəticələr qazanan idmançılar ölkəmizi layiqincə təmsil edirlər. Qaliblərin şərəfinə bayrağımız dalğalanır, himnimiz səsləndirilir. Onların nailiyyətləri dövlətimizin başçısı tərəfindən daim izlənilir və yüksək qiymətləndirilir. Qaliblər mənzil, pul, fəxri fərmanlar və digər ali dövlət mükafatlarına layiq görülürlər. Hər ilin sonunda Milli Olimpiya Komitəsində, Gənclər və İdman Nazirliyində bununla bağlı təntənəli mərasimlər keçirilir. Bütün bunlar isə idmançılarımızı daha yaxşı nəticələr göstərməyə ruhlandırır.

Azərbaycan idmançıları beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri ildən-ilə artırmağa nail olurlar. Məsələn, milli komandamız ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarında ikinci, 2016-cı ildə Rio-de Janeyroda (Braziliya) 18 medal qazanaraq 14-cü yeri, Bakı 2017-ci IV İslam Həmrəyliyi oyunlarında birinci yeri tutmuş, şahmatçılarımız 2 il əvvəl üçüncü dəfə Avropa çempionu adına layiq görülmüş, Teymur Rəcəbov ötən il Dünya kubokunun qalibi olmuş, yeniyetmə şahmatçımız Aydın Süleymanov 14 yaşlılar arasında dünya çempionu adına sahib çıxmışdır. Bütün bunlar Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları nailiyyətlərin bəzilərdiir.

Paytaxtın digər rayonlarında olduğu kimi, Binəqədidə də idmanın inkişafı və kütləviliyi diqqət mərkəzindədir. Son illər rayonun qəsəbələrində yeni və müasir tipli idman kompleksləri və qurğuları tikilib istifadəyə verilmişdir. Bunların sırasında Bakı Tennis Akademiyasını (8-ci mikrorayon), Bakı Atıcılıq Mərkəzini, Azəryol Voleybol Kompleksini (Xocəsən qəsəbəsi), Xocəsən qəsəbə stadionunu, Lokomotiv İdman Sağlamlıq Kompleksini (Biləcəri), Binəqədi İdman Sağlamlıq Kompleksini (Binəqədi qəsəbəsi) və sairləri göstərmək olar. Bu idman komplekslərində həm rayon səviyyəli, həm də Bakı birinciliyi üzrə, eyni zamanda mötəbər yarışlar təşkil olunur. Stadion və komplekslərdə idmançılar və tamaşaçılar üçün lazımi şərait yaradılmışdır. Məsələn, ötən ilin sentyabr ayında Binəqədi İdman Sağlamlıq Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə uşu idman növü üzrə Bakı şəhər turniri keçirilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə hər bir vətəndaşın idmanla məşğul olmasını tövsiyə edərək demişdir: “Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcəkdi”.

Bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Binəqədi rayonunun idmançıları bundan sonra da ölkə idmanının inkişafında var qüvvələrini əsirgəmiyəcək, daha parlaq qələbələr qazanılmasına yeni töhfələr verəcəklər. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idmançılarımızı təbrik edir, yeni-yeni uğurlara imza atmalarını arzulayıram.

Ramiz YUSİFLİ,

“Respublika”.

Published in İdman

2020-ci il tarixə qovuşsa da bir sıra hadisələrlə yadda qalmışdır. Hələ də davam edən COVİD-19 pandemiyası həm insanların sağlamlığına təhlükə yaratmış, həm də dünya iqtisadiyyatına ölçüyəgəlməz dərəcədə zərbə vurmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, 2020-ci il bütün ölkələr üçün iqtisadi cəhətdən ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb.

Lakin buna baxmayaraq, 2020-ci il müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan il kimi daxil olmuşdur. Belə ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, müdrik siyasəti, şanlı ordumuzun qəhrəmanlığı sayəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımız azad edilmişdir.

Yola saldığımız ildə qarşılaşdığımız bi

r sıra çətinliklərə baxmayaraq, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin (“AHİT” İB) kollektivləri müəyyən nəticələr əldə edə biliblər. Qeyd edim ki, “AHİT” İB-nin nəzdində 9 idman təşkilatı, o cümlədən 5 idman cəmiyyəti (“Məhsul”, “Spartak”, “Gənclik”, “Qarabağ” və “Zenit”), 4 idman klubu (“Alpinist və turist”, “Şahmat və dama”, “Atilla” və “Pəhləvan”) fəaliyyət göstərir.

Məlum olduğu kimi, 2020-ci ilin mart ayının sonundan respublikamızın ərazisində COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə idman məktəblərində təlim-məşq prosesi və kütləvi idman tədbirlərinin keçirilməsi dayandırılmışdır. Qəbul edilən hesabatlara 2020-ci ilin ilk üç ayı, bəzi idman növlərində Olimpiya lisenziya yarışları (xarici ölkələrdə) və onlayn şahmat turnirlərinin nəticələri daxildir.

Hesabat ili ərzində Hİ idman təşkilatları 194 bədən tərbiyəsi kollektivini əhatə edərək 14687 nəfər bədən tərbiyəsi və idmanla məşğul olmuşdur. Onlardan 1378 nəfəri qadınlar və qızlardır.

Ümumiyyətlə “AHİT” İB-nin idmançıları ötən il ərzində 54 medal, o cümlədən 33 respublika, 13 beynəlxalq turnirlərdə, 8 Avropa yarışlarında qazanmışlar.

Respublikanın şəhər və rayonlarında olan 136 idman bazası və qurğularında, o cümlədən 2 atıcılıq tiri, 9 stadiondan, 5 kompleks idman qurğusundan, 57 idman zalından, 5 üzgüçülük hovuzundan, 46 sadə idman meydançasından və 18 bədən tərbiyəsi-sağlamlıq mərkəzindən, 1 digər qurğudan Hİ idman təşkilatları əhalinin sağlamlığının möhkəmləndirilməsi və idmançıların hazırlığı üçün istifadə etmişlər.

Gənc idmançıların hazırlığı ilə 2020-ci ildə Hİ idman təşkilatlarının 9 uşaq-gənclər idman məktəbi məşğul olmuşdur (bundan 1-i ixtisaslaşdırılmış olimpiya ehtiyatlı və 8-i kompleks uşaq-gənclər idman məktəbləridir).

Bu UGİM-də 19 bölmədə 1979 gənc idmançı (o cümlədən 227 qız) il ərzində idmanın 12 növü ilə 110 məşqçi-müəllimin rəhbərliyi altında müntəzəm məşğul olmuşlar.

Hesabat ili ərzində UGİM 83 nəfər dərəcəli idmançı (o cümlədən 3 Əməkdar idman ustası, 3 idman ustası, 16 idman ustalığına namizəd, 20 I dərəcəli və 41 kütləvi dərəcəli) hazırlanmışdır.

Həmkarları İttifaqları İdman Təşkilatları kütləvi-sağlamlıq tədbirlərini və spartakiadalar təşkil edir və yüksək səviyyədə keçirirlər. Lakin pandemiya ilə əlaqədar məşqlərin və yarışların keçirilməsi təxirə salınmışdır. Buna baxmayaraq bir neçə cəmiyyət və klubun yarışlarda iştirakı mümkün olmuşdur. Bunlar aşağıdakılardır:

“Zenit” İC-nin idmançıları yola saldığımız rəsmi beynəlxalq və respublika yarışlarında 7 medal qazanmışlar (onlardan 4 yer beynəlxalq, 3-ü isə respublika yarışlarına aiddir).

“Zenit” İC-dən Cəbrayıl Həsənov (Avropa çempionatı), Səbinə Qədirova (Avropa kuboku) - hər ikisi 3-cü yeri tutmuşlar. Respublika yarışlarında qazanılan yerlər: I yer 1 nəfər, II yer 2 nəfər.

“Atilla” İK-nın idmançıları 2020-ci ildə rəsmi beynəlxalq respublika yarışlarında 16 medal qazanmışlar. Onlardan 9-u beynəlxalq yarışlarda, 7-si respublika yarışlarında olmuşdur.

“Atilla” İK-nın dünya və Avropa yarışlarında qazandığı yerlər: Səfərov Orxan Avropa çempionatı - I yer, Məmmədəliyeva Gültac Avropa birinciliyi - II yer, Bayramov Turan Avropa birinciliyi - II yer, Orucov Rüstəm Avropa çempionatı - III yer, Qasımov Elmar Avropa çempionatı - III yer.

“Atilla” İK-nın respublika yarışlarında qazandığı nəticələr: (I yer-3 nəfər), (II yer-1 nəfər), (III yer-3 nəfər).

“Məhsul” İC-nin idmançıları 2020-ci il ərzində beynəlxalq və respublika yarışlarında 14 medal əldə etmişlər. Onlardan 3 yer beynəlxalq, 11 yer respublika yarışlarına aiddir.

“Məhsul” İC-dən Səbinə Qədirova Avropa Kuboku - III yer, respublika yarışlarında I yerə 5 nəfər, II yerə 3 nəfər, III yerə 3 nəfər layiq görülmüşdür.

“Spartak” İC-nin 2020-ci il ərzində rəsmi respublika yarışlarında 6 idmançı medal qazanmışdır (6 nəfər 1-ci yerə çıxmışdır).

“Pəhləvan” İK-dan idmançıları 2020-ci il ərzində rəsmi respublika yarışlarında 6 idmançı fəxri kürsiyə qalxmışdır (1 nəfər II yeri, 5 nəfər 3-cü yeri tutmuşdur).

“Şahmat və dama” İK-dan ötən il beynəlxalq yarışlarında 5 idmançı fəxri yerlərə layiq görülmüşdür. Bundan başqa, Cahandar Azadəliyev Avropa birinciliyində I yerə çıxmış, Riad Səmədov isə Avropa birinciliyində III yerlə kifayətlənmişdir.

Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasını 115 illik yubileyi münasibətilə “AHİT” İctimai Birliyinin əməkdaşlarından “AHİT” İB-nin sədri Nadir Əliyev, şöbə müdiri Binyamin Mənsimzadə, “Gənclik” TİC-in sədri Tofiq Xanəliyev, “Məhsul” İC-nin sədri Rasim Əliyev, “Zenit” İC-nin sədri Fazil Hadibəyov, “Atilla” İK-nın sədri Fərhad Əliyev AHİK-in 115 illik yubileyi döş nişanları ilə təltif olunmuşlar.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “AHİT” İB-nin rəhbərliyi adından bütün həmkarlarımızı təbrik edir, onlara 2021-ci ildə səmərəli fəaliyyət və yeni idman nailiyyətləri arzulayırıq.

Binyamin MƏNSİMZADƏ,

Azərbaycan Həmkarlar İttifaqları

İdman Təşkilatları İctimai Birliyi təşkilatı işlər, kadrlar və idman şöbəsinin müdiri.

Published in İdman

Sizlərə təqdim etdiyim bu yazıda Azərbaycan xalqına, dünya azərbaycanlılarına və türk dünyasına milli mənəvi dəyərimizin alınmaz qala simvolu kimi müqəddəslik qədər əziz olan Şuşa şəhərindən, bu şəhərdə keçirilmiş poeziya və muğam festivallarından biri ilə bağlı xatirələrimi danışacağam.

Bəri başdan deyək ki, bir ölkənin böyüklüyü o ölkənin ərazisi ilə deyil, insanlarının mədəni səviyyəsi ilə qiymətləndirilir. Qürur hissi ilə deməliyik ki, belə mədəni şəhərlərdən biri də Azərbaycanın Mədəniyyət Mərkəzi sayılan Şuşadır.

Dahilər söyləyiblər tərifin bizdən əzəl,

Gecələr ulduzların qoynunda yatan Şuşam!

Həqiqətən də, Şuşa başqa bir aləmdir, başqa bir dünyadır...

Sizdən nə gizlədim: ləl-gövhər yatır,

Şuşa torpağının hər guşəsində.

Özgə gözəllik var, özgə ətir var,

Şuşa torpağının bənövşəsində.

Zəngin flora və faunaya malik olan Şuşanın havası buz salı kimi şəffaf, gül-çiçəklərinin rəngi isə qeyri-adidir: qırmızıdırsa al qırmızıdır, sarıdırsa sapsarıdır, ağdırsa parlaq ağdır. Bu, torpaqdan, sudan və havadan asılıdır...

Bu müqəddəs şəhərin yaranma tarixi, memarlıq və incəsənət abidələri, dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətləri, şair və xanəndələri, sənətkarları, nəhayət, mənfur düşmənə - vətənsiz və işğalçı ermənilərə əbədi göz dağı olması ilə bağlı xeyli yazılar da yazmışam. Ayağım dəyən ölkələrdə, iştirakçısı olduğum tədbirlərdə, ayrı-ayrı mətbuat səhifələrində, radio və televiziya verilişlərində, hətta bir neçə xarici ölkə mətbuatında da Şuşadan söz açmağı, dünyaya tanıtmağı özümə mənəvi borc bilmişəm. Məndən Şuşanın necə şəhər olduğunu, hansı coğrafi məkanda yerləşdiyini soruşanlara:

Üç min il yaşayır sərv ilə çinar,

Onlar evkaliptin kölgəsindədir.

Everest zirvələr şahı olsa da,

Şuşa ulduzların cərgəsindədir!..

- cavabını vermişəm.

Şuşa həm keçmişi, həm də indiki qəhrəmanlıqlarıyla dolu və saysız-hesabsız hadisələrin şahidi olan Azərbaycan şəhəridir. Şuşa dədə-babalarımızın Vətənimizə sonsuz sevgi və məhəbbətlərindən, milli ruhlarından, milli istəklərindən, milli birliklərindən yaranmış şəhərdir...

Sizlərdən nə gizlədim, Şuşadan ayrı düşdüyüm 29 ilə yaxın müddətdə bir an da olsun yadımdan çıxarmadığım, ümidimi üzmədiyim, nə vaxtsa yenidən qovuşacağıma olan inamımı itirmədiyim, muzeyləşdirib ürəyimdə - ruhumda yaşatdığım Ana Vətənim Şuşaya:

Bir qara daşın da əzizdir mənə,

Qarış torpağını yada qıymaram.

O, ürək yerinə sığıb sinəmə,

Yüz il vəsf eləsəm yenə doymaram!

- dediyim bu şəhəri ona görə ürəyimdə muzeyləşdirmişəm ki, Şuşanın özünün və övladlarının nəyə qadir olduqlarını məndən soruşanlara tanıda bilim. Muzeyləşdirmişəm ki, Şuşaya qayıdanda (təəssüf ki, işğaldan azad olduğu gündən bu günə qədər gedib görməyimə şərait yaradılmamışdır...) Ana Vətənimə əliboş qayıtmayım!..

Qürur hissi ilə deməliyəm ki, Şuşa 8 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qəhrəman əsgərlərinin, zabitlərinin, xüsusilə canlarını Vətən uğrunda qurban vermiş şəhidlərimizin, qazilərimizin və xalqımızın monolit birliyinin sayəsində düşməndən azad edilmişdir. Şuşanı, eləcə də digər şəhər və kəndlərimizi işğaldan azad edən qəhrəman əsgərlərimizin, şəhidlərimizin, qazilərimizin qarşısında baş əyirəm!

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm!

Apardığımız araşdırmalardan məlum olmuşdur ki, Şuşa ilə bağlı 2000-dən çox əsər yazılmışdır. Və yazılacaqdır...

Şair, gözəlliyin vurğunusansa,

Dolan Qarabağı, dayan Şuşada.

Yat zümrüd meşədə, bulaq başında,

Bülbül nəğməsinə oyan Şuşada!

...1989-cu ilin may ayının 21-i idi. Həmin gün evimizin on addımlığında yerləşən, adı dillər əzbəri olan Cıdır düzündə “Xarı bülbül” festivalı keçirilirdi. Həmin gün Şuşa və şuşalılar öz bəxtəvər günlərini yaşayırdılar.

Həmin gün:

Qarabağın güllərinin,

Şeh öpürdü yanağından.

Şuşadakı qızılgülün

Bal axırdı dodağından!..

Ətrafdakı zümrüd meşələr, başı qarlı əzəmətli dağlar, qoyunlu-quzulu yaylaqlar, buz köynəkli qumru bulaqlar, nəğməkar bülbüllər adamı ovsunlayırdı. Üçmıxın sinəsindəki min bir dərdin dərmanı rəngbərəng çiçəklər, öz qeyri-adi görünüşü və gözəlliyi ilə insanı məftun edən Xarı bülbül gülü əl-əl gəzərək ilk dəfə görənləri sözün həqiqi mənasında heyrətləndirirdi...

Sıldırım qayaların üstündə əsrlərlə qərar tutan, neçə-neçə yadellilərin işğalına məruz qalan, öz məğrurluğunu qoruyub saxlayan, Şuşanın belinə kəmər kimi qurşanan möhtəşəm qala divarları, bürclər qədim Çin səddini xatırladırdı. Bir sözlə, Şuşanı ilk dəfə görənlər sanki möcüzələr aləminə düşmüşdülər...

Mərhəmətli ana təbiət öz əlləri ilə Cıdır düzünə gül-çiçəklərdən xalı döşəmişdi. Allah bu torpaqdan heç bir gözəl payını əsirgəməmişdi...

Festivala Qazaxıstandan, Başqırdıstandan, Türkmənistandan, Moskvadan, Pribaltika ölkələrindən, Ukraynadan, Dəmir Qapı Dərbənddən, Borçalıdan, Belqoroddan, əsasən də Azərbaycanın öz şəhərlərindən: Bakıdan, Naxçıvandan, Şamaxıdan, Şəkidən, Füzulidən, Cəbrayıldan musiqiçilər, xanəndələr, şairlər, sənətkarlar və pəhləvanlar gəlmişdilər. Şuşadakı Şərq Musiqi Alətləri Fabrikinin ustalarının düzəltdikləri tar, kamança, saz, qaval, ud, nağara və digər musiqi alətləri ilə yanaşı, öz mahir sənətkarlığı ilə tanınan şəbəkə ustası (ona Şuşada “şəbəkə” Rafiq deyirdilər. Hazırda Bakıda yaşayır, sənətini övladlarına: Vüsala və Fəridə də öyrədibdir - Ə.Ş.) Allahverdiyev Rafiq Qaffar oğlunun düzəltdiyi şəbəkə nümunələrinə qonaqlar heyranlıqla tamaşa edirdilər. Tədbirdə iştirak edən bir çox qonaqlar adlarını sadaladığımız musiqi alətlərindən və şəbəkə nümunələrindən alıb öz ölkələrinə apardılar.

Cıdır düzündə Azərbaycanın məşhur pəhləvanı mərhum Qaçay Balaca oğlu Hüseynovun özünün və oğlanları Təvəkkülün, Allahverdinin, qız nəvəsi 10 yaşlı Rəşadın, pəhləvanın qızının (adını unutmuşam -Ə.Ş.) atıb-tutduqları ağır çəki daşları, dartıb saxladıqları minik maşınları, xüsusilə Qaçay pəhləvanın arxası üstə uzanaraq sinəsinin üstündən yük yerində 30-40 nəfər adamla dolu “Qaz-53” markalı maşını keçirməsi səhnəsi zamanı alqışlar hələ də gözlərimin önündə canlanır.

Xanəndələrin zəngulələri dağlarda, dərələrdə əks-səda verirdi...

Yeddi rəngdə düzəldilmiş çadırlar qədim Oğuz-türk fatehlərinin çadırlarını xatırladırdı. Sanki yeni bir dünyaya düşmüşdük... Yadımda ikən deyim ki, “Xarıbülbül” festivalının baş tutmaması üçün Azərbaycanın Xankəndi şəhərini terror yuvasına çevirmiş vətənsiz, mədəniyyətsiz, mənəviyyatsız, vəhşi, işğalçı və paxıl ermənilər Ağdamdan Şuşaya gələn yolları keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının əsgər və zabitləri ilə birlikdə bağlamışdılar. Onlar Şuşanın ətrafındakı Şuşakənddən, Mıxatardan, Qırmızı kənddən, Sığınaqdan, “Topxana” meşəsindən və digər yerlərdən hər gün Şuşanı mərmi atəşinə tuturdular. Hətta onlar Cıdır düzünə toplaşmış festival iştirakçılarına bir neçə dəfə güllə atmışdılar. Şuşadan başqa rayonlara gediş-gəliş olduqca çətin idi. Elə buna görə də şənlikdə iştirakı nəzərdə tutulmuş bir çox mötəbər qonaqlar Əsgəran, Xocalı, Xankəndi və Şuşa yollarında təhlükəsizliklərinə şərait yaradılmadığı üçün yarı yoldan geri qayıtmağa məcbur olmuşdular, bir çoxları isə vətənpərvər oğullarımızın köməyi ilə gəlib çıxmışdılar.

Xankəndidə erməniləri qoruyub saxlayan, havadarlıq edən Volski hökuməti və onun tabeçiliyində olan “Xüsusi Təşkilat Komitəsi”nin “sülhməramlı” qoşunları ermənilərlə birlikdə qəsdən qonaqların Şuşaya gəlmələrinə əngəl yaratmışdılar.

...Amfiteatrı xatırladan Cıdır düzündə bir-birindən 30-40 metr aralı qurulmuş çadırların qapısının üstündə ifa ediləcək muğamın adı yazılmışdı.

Qazax, Türkmən və Başqırd musiqiçiləri yerə döşənmiş xalı və gəbələrin üstündə bardaş qurmuşdular.

Festivalın açılışında dahi Üzeyir Hacıbəylinin milli ruhundan, milli istəyindən yaranmış “Koroğlu” uvertürası səsləndirildi. Bu qəhrəmanlıq və vətənpərvərlik əsərinin sədaları dağlarda, dərələrdə, Qarabağın bütün el-obalarında, göylərin sonsuzluğunda əks-səda yaradırdı. Bu möhtəşəm musiqi əsəri Şuşanın böyük şəxsiyyətlər Vətəni olduğunu dünyaya çatdırırdı... Bu uvertüra həm də o vaxtlar Qarabağın və onun zümrüd tacı sayılan Şuşanın üstünə uzanan düşmən caynaqlarının təhlükəsindən xəbər verirdi, bizi ayıq-sayıq olmağa çağırırdı...

Mən Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən təməl daşının qoyulduğu Şuşanın oğluyam. Səmimi deyim ki, Şuşanın işğal altında olduğu illərdə məni doğma şəhərimizə qayıdacağımıza güclü inamı yaşadıbdır. Səmimi deyim ki, Şuşadan ayrı düşdüyüm illərdə:

Ümidi qoymadım puç ola gedə,

İçimdən kədəri, qəmi qovmuşam.

Sönmüş çıraqları yandırmaq üçün,

Gah alov olmuşam, gah od olmuşam!

...Yaxşı yadımdadır: moskvalı Vyaçeslav, xarkovlu Natalya çıxış etdilər. Onlar Qarabağın, Şuşanın, Xankəndinin, Şahbulağın, Əsgəranın, Xocalının Azərbaycan xalqına məxsusluğundan, ermənilərin 1828-1830-cu illərdə Qarabağa köçürülüb gətirildiklərindən elmi əsaslarla tarixi faktlar söylədilər, Şuşanın gözəlliyi qarşısında heyranlıqlarını dönə-dönə dilə gətirdilər. Onların çıxışları alqışlarla qarşılandı.

“Xarı bülbül” festivalında Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu da iştirak edirdi.

Azərbaycan Respublikasının Xalq artisti, mərhum professor Vasif Adıgözəlovun çıxışı iştirakçılarda xoş təsir yaratdı.

“Xarı bülbül” festivalında Vasif Adıgözəlovla birlikdə Oqtay Quliyev, Bayram Hüseynov, Həsən Adıgözəlov, Şamil Axundov və Qarabağın gözəli, təkrarsız və bənzərsiz muğam ifaçısı, Xalq artisti Sara Qədimova da iştirak edirdi. Söz çıxış üçün Sara xanıma verildi. Sara xanım bir anlığa gözlərini Cıdır düzündən açıq-aydın görünən Şahbulağa, Əsgərana, Xocalıya, Xankəndiyə, “Topxana” meşəsinə, Daşaltı çayına, Qırxqız və Kirs dağlarına, Gülablıya, Malıbəyli və Quşçular kəndlərinə, bir sözlə, Qarabağın mənzərələrinə tərəf yönəldərək “Qarabağ şikəstəsi” muğamını oxudu.

Sara xanımın insanı ovsunlayan qeyri-adi səsi göylərin ənginliklərində buludlara layla çalırdı. Onun zəngulələri Təbrizə, Ərdəbilə, Dəmir Qapı Dərbəndə, Borçalıya qanadlanırdı. Bu sehrli şikəstə Şuşadan bütün türk dünyasına yayılırdı... Mənə elə gəlirdi ki, bir vaxtlar vətənindən ayrı düşmüş Ağabəyim ağanın ruhu da Şuşada gəzib-dolaşırdı. Sara xanım Ağabəyim ağanın dilindən deyilmiş bayatını olduğu kimi oxuyurdu:

Əziziyəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ...

Bu məşhur bayatı ilə “Qarabağ şikəstəsi” Şuşada bir-birinə qovuşmuşdu... Səmimi deməliyəm ki, bu “Qarabağ şikəstə”si milli ruhumuzun, tariximizin, mədəniyyətimizin, poeziyamızın qızıl səhifələrindəndir.

Həmin anlarda “Ağzıyastı” kahanın qarşısında çay dəstgahı süfrəsi ətrafında əyləşmiş “Məclisi-üns”ün və “Məclisi-fəramuşan”ın şair və xanəndələrinin ruhları da festivala qovuşmuşdu.

...Naxçıvanlılar “Segah” çadırında çıxış etdilər. Xanəndə Hünər Əliyevi tarda Elman Əliyev, kamançada Nazim Hüseynov müşayiət edirdilər. Onlar öz çıxışları ilə tamaşaçıları feyziyab etdilər.

Şəkililər “Şur” çadırında oxuyurdular. Milli geyimdə 75-80 yaşlı qoca xanəndənin şaqraq zənguləsini bu vaxta qədər unutmamışam. Onu tarda Əbdülrəşid Məmmədov, kamançada Fərrux Məmmədov müşayiət edirdilər. Şəkililərin mədəniyyət evi Ələsgər Abdullayevin adını daşıyırdı. Xanəndənin adı Əbülfəz Nəcəfov idi. Onun yanıqlı səslə oxuduğu “Dərdimi söylədim bir gözəl qıza, o da bənzəyirdi aya, ulduza” mahnısının əvəzi yox idi... Bu vaxta qədər onların ifa etdikləri “Ah gülə-gülə” mahnısını da unuda bilməmişəm.

Şamaxılılar “Rast” çadırında çıxış edirdilər. Ağakərim və Hafiz adlı xanəndələr oxudular. Onları tarda Şamil İsmayılov, kamançada Azər Hacıbalayev milli geyimdə və başlarında gümüşü papaqla müşayiət edirdilər.

Füzulilərin çadırı “Şüstər” adlanırdı. Məşhur xanəndə Ağabala Abdullayevin oğlu Nizami Abdullayev və Təşkilat Nəsirov oxudular. Təşkilatı, Nizamini və Fatma Əhmədovanı tarda Rasim Tahirov, kamançada Əhməd Vəliyev müşayiət edirdilər. Fatmanın şaqraq və yanıqlı səsi adamı ovsunlayırdı.

Cəbrayıl elindən gələnlər “Bayatı-Şiraz” çadırında əyləşmişdilər. Bu muğamı Məmməd Muradov adlı xanəndə oxudu. Onu tarda Nurəddin Quliyev, kamançada şuşalı Vaqif Mirzəyev müşayiət etdilər. Çox gözəl çalıb-oxudular.

Bakı Muğam Teatrının nümayəndələri “Çahargah” çadırında idilər. Xanəndə Mehman Səmədovu tarda Mirxalid Salayev, kamançada Zahid Rzayev müşayiət etdilər. Mehman Səmədovun qeyri-adi səsini hələ də unutmamışam. Onun “Göstər ey gül üzünü, bülbüli-şeyda gülsün” misraları ilə başlanan qəzəllə oxuduğu muğam hamını ovsunlamışdı.

Dünyanı heyrətə salan - Qafqazın konservatoriyası sayılan Şuşanın çadırı ağ rəngdə idi. Şuşanın muğam və mahnı ifaçıları mərhum Hüseyn Məşədiyev, Gülnaz Tağıyeva, Hafiz Sədirzadə, Mehdi Mehdiyev, mərhum xanəndə İsa Rəhimov, qarmon və tar ifaçısı mərhum Tapdıq Zeynalov, tarzən mərhum Nadir Abbasov, tarzən mərhum Gülağa Zeynalov (Gülağa Zeynalov uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olmuşdur), tarzən İntiqam Abbasov, nağarada Natiq İbrahimov, kamançada Mərkəz Əliyev, sazda Əli Baxşəliyev öz məharətlərini göstərdilər. İsa Rəhimov klassik xanəndələrə xas olan dəstgahla “Qarabağ şikəstəsi” və “Heyratı”, Gülnar Tağıyeva, “Qatar”, Hafiz Sədrzadə “Şur”, Hüseyn Məşədiyev “Mənsuriyyə” muğamlarını məharətlə ifa etdilər. Şuşalıların ansamblına Əməkdar incəsənət xadimi Eldar Əliyev rəhbərlik edirdi. Konsertmeystr Rəsul İsmayılov idi. Şuşalılar sözün əsl mənasında tədbirə sonsuz gözəllik qatdılar. Tədbirə Nizami Gəncəvinin, Əfsələddin Xaqaninin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin, İmadəddin Nəsiminin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Xurşidbanu Natəvanın, Seyid Əzim Şirvaninin, Cabbar Qaryağdıoğlunun, Zabul Qasımın, Keçəçi oğlu Məhəmmədin, Əbdülbaği Zulalovu (Bülbülcanın), Sadıqcanın, Üzeyir Hacıbəylinin ruhları qovuşmuşdu.

Bu möhtəşəm tədbirdə mən mərhum tarzən Gülağa Zeynalovun çaldığı “Zabul” segahın müşayiəti ilə “Aman Allah, Şuşada nə möcüzələr vardı?!.” və “Şuşaya gəlməlisən” şeirlərimi söylədim.

Bu gün Şuşa bizi qələbə ruhu ilə öz ana qucağına çağırır. İnanırıq ki, tezliklə, hamılıqla yolumuzu gözləyən el-obalarımıza qovuşacağıq, xarabalıqdan cənnətə döndərilmiş şəhərlərimizi və kəndlərimizi yenidən gülüstana çevirəcəyik!

Şuşa bizi çağırır ki, 1993-cü ildən bu günümüzə qədər unutmadığımız, qoruyub saxladığımız “Məclisi-üns”ümüzü (“Məclisi-üns” - “Söz-gülüstanı” adı ilə fəaliyyət göstərir) və “Məclisi-fəramuşan”ı öz anasına - Şuşaya qovuşduracağıq.

İnanırıq ki, tezliklə Şuşa şəhərində xalqımızın, bütün türk dünyasının, eləcə də dünyanın sülhsevər ölkələrinin şairləri, yazıçıları, musiqiçiləri, sənət korifeyləri, dövlət xadimləri, muğam ifaçıları, xüsusilə də Şuşanı və digər el-obalarımızı işğaldan azad edən qəhrəman əsgərlərimiz “Xarıbülbül” festivalı süfrəsi ətrafında əyləşəcəklər!

 

Əyyub ŞIRLANLI,

şair-publisist, Əməkdar müəllim,

Birinci Qarabağ müharibəsinin veteranı,

“Məclisi-üns” - “Söz gülüstanı” Ədəbi Birliyinin rəhbəri.

Published in Digər xəbərlər

Bu gün xalqımız şanlı tariximizin ən qürurverici səhifələrindən birini yaşamaqdadır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 17 il ərzində yaratdığı hərbi strategiyanın, güclü ordu quruculuğunun həyata keçirilməsi, dəyanəti və əzmi böyük güclərin diplomatik təzyiqləri qarşısında qələbəmizi təmin etdi. Sərkərdəmizin rəhbərliyi ilə şanlı ordumuz, mərd, cəsur, qəhrəman əsgərlərimizin yenilməzliyi sayəsində düşmənin 30 ildə qurduğu istehkamları, mövqeləri 44 gün ərzində məhv edildi, işğalda olan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XXI əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Ali Baş Komandanımız xalqımıza son yüzilliklər ərzində əldə etmədiyimiz qələbənin sevincini yaşatdı və bu zəfər ilə öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı.

Şanlı qələbəmizdən keçən qısa bir müddət ərzində işğaldan azad olunmuş torpaqlarımızda tikinti-quruculuq işlərinə start verilib və layihələndirmə işləri aparılır. Erməni terrorçuları tərəfindən tamamilə yerlə-yeksan edilmiş bütün ərazilərimiz yenidən bərpa ediləcək, dağıdılmış şəhər və rayonlarımız, kəndlərimiz tez bir zamanda yenidən quruculacaqdır. Bunun üçün Azərbaycan dövlətinin iradəsi və güclü iqtisadiyyatı mövcuddur.

Ölkə başçısı görüləcək gələcək işlər barədə danışarkən vurğulayıb ki, Qarabağ münaqişəsinin bu həlli ölkəmizə yeni nəfəs verəcək, insanlar öz dədə-baba torpaqlarına qayıdacaqlar. İşğaldan azad edilmiş torpaqlar yenidən qurulacaq, evlər, inzibati binalar, məktəblər tikiləcək və beləliklə, ölkəmiz üçün yeni bir dövr başlayacaq. Bu dövr böyük imkanlar açacaq, Azərbaycan daha da qüdrətli ölkəyə çevriləcəkdir, Respublikamızın gələcəyi daha parlaq olacaqdır. Şəhərlərin və kəndlərin inkişafına dair baş planının tərtib edilməsi prosesi artıq başlayıb. Vətəndaşların qayıtması üçün əsas məsələlər bunlardır. Pilot layihələrin icrasına da start verilib. Bir layihə - “Ağıllı kənd” layihəsi artıq icra olunmaqdadır. 30 il ərzində öz dədə-baba torpaqlarından didərgin düşmüş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Onlar yaxşı yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Zəngilan rayonunun üç kəndində - birinci, ikinci, üçüncü Ağıllı kəndlərində həyata keçiriləcək. Cari ilin sonuna qədər tam başa çatacaqdır. Orada təxminən 1000-ə yaxın insan yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək. Zəngilanda tikilən beynəlxalq aeroport ilə yanaşı, Şuşa şəhərinə iki avtomobil yolu çəkilir. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Ölkəmizin vətəndaşları həmçinin digər ölkələrin nümayəndələri və qonaqlar Qarabağa gəlmək imkanına malik olacaqlar; Böyük şəhərlərin baş planları tərtib ediləcək. Ağdam şəhərində müharibədən əvvəl təqribən 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artıb, olub 50 mindən çox. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılmalıdır, infrastruktur yaradılmalıdır. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Bu, böyük bir zaman tələb edir. Bütün güclər səfərbər edilib, dost ölkələrdən olan şirkətlər də bərpa işlərinə cəlb olunacaq. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. İşin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı da açıla bilər. Bu cür layihələr ümumən regionun geosiyasi statusunu dəyişdirəcək; İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq. İcra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. Üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Aeroportların tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk ödənişlər də edilib. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib; Hələ müharibədən əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Məhz azad edilmiş ərazilərdə yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik. Füzulidə aeroportun tikintisi sürətlə gedir. Ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlanıb.

Azərbaycan öz ərazi bütövlüyünü təmin edi

b. İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanlara normal həyat şəraitinin yaradılmasıdır. Bunu şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə etmək lazımdır. Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıbdır.

 

Ülviyyə İSMAYILOVA,

Bakı şəhəri, Nizami rayonu

70 saylı məktəb-liseyin

direktoru.

Published in Digər xəbərlər
1 -dən səhifə 2