XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 04 Mart 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib. 

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

- Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, sizin səfəriniz hərbi sahədə ölkələrimiz arasında əməkdaşlığı gücləndirəcək. Bu günə qədər bu əməkdaşlıq çox səmərəli olmuşdur və biz tərəfdaşlığımızı genişləndirmək arzusundayıq.

Əvvəlcə, müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə 44 gün çəkdi və Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatdı. Biz 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdik.

Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Pakistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü pislədi. Bu, həqiqi qardaşlıq və dostluğun nümunəsi idi. Yəqin bilirsiniz ki, Azərbaycanda insanlar Pakistan xalqı ilə, ölkənizlə bağlı öz hisslərini nümayiş etdirdilər, müharibə zamanı Pakistan bayraqlarını dalğalandırdılar. Bu, bir daha bizim birlik və qardaşlığımızı nümayiş etdirir.

Ölkələrimiz arasında əlaqələrin uzun tarixi var. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir və Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Xalqımız bundan xəbərdardır və biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək tərəfimizdən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının videokonfrans formatında Zirvə toplantısı keçiriləcək və biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığı müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə bir daha toxunaraq qeyd etmək istəyirəm ki, biz diqqətimizi iqtisadiyyat sahəsində cəmləşdirəcəyik. Buraya energetika və nəqliyyat sahəsi aiddir. Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq. Beləliklə də biz əməkdaşlığımızı bu sahədə də genişləndirmiş olacağıq.

Əlbəttə, hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz. Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb. 

Biz artıq Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinin şahidi olduq. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır. Biz beynəlxalq hüququn işləmədiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində icra edilmədiyini, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığını, Ermənistanın cəzalandırılmadığını və sonsuz danışıqların dalana dirəndiyini görəndə ədaləti özümüz bərpa etməli olduq. Yəni, beynəlxalq hüquq işləmədiyi halda, o, güc vasitəsilə həyata keçirilməlidir. Biz buna nail olduq və bunu bütün dünyaya nümayiş etdirdik.

Ancaq biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik. Beləliklə, bizim hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək. Bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi və həmkarlarınızla səmərəli iş aparmağı arzulayıram.

***

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza dedi:

- Çox sağ olun cənab Prezident. Əvvəlcə, Sizinlə görüşməkdən böyük şərəf hissi duyuram və bu cür yerinə düşən görüş fürsətinə görə Sizə olduqca minnətdaram. Sizin və Azərbaycan xalqının 44 günlük müharibədə tam Qələbəsi münasibətilə Sizi öz adımdan, Pakistanın bütün Silahlı Qüvvələri və Pakistan xalqı adından təbrik etmək istərdim. Deməliyəm ki, Zəfəriniz eyni istəklə Pakistanda qeyd olundu. Buna görə, Zati-aliləri, cənab səfir hadisələrin gedişatı haqqında bizi daim məlumatlandırırdı. Müharibənin istənilən anında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları bizim kütləvi informasiya vasitələrində əsas başlıqla gedirdi. Bir daha tam Qələbəniz münasibətilə Sizi təbrik edirəm.

 

 

AZƏRTAC

Published in Siyasət

Martın 2-də İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul olunmuş “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə”də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib.

AZƏRTAC xəbər verir ki, sənəddə Ermənistan və Azərbaycan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq məqsədilə 9 noyabr tarixində Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası dövlət başçıları tərəfindən üçtərəfli Bəyanatın imzalandığı və Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə hər üç tərəfin nümayəndələri arasında, o cümlədən yüksək siyasi səviyyədə nəqliyyat və kommunikasiya mövzuları da daxil olmaqla bir neçə dəfə müzakirələrin keçirildiyi qeyd olunub.

Qətnamədə Azərbaycan tərəfinin üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirdiyini, müharibədən əvvəl və müharibə zamanı tutulmuş bütün erməni hərbi əsirləri qaytardığını bildirdiyi qeyd olunub, Azərbaycan tərəfində saxlanılan ermənilərin məhz 9 noyabr tarixli Bəyanatın imzalanmasından sonra həbs olunduğu vurğulanıb.

Qətnamədə İtaliya hökumətindən BMT, ATƏT və Avropa İttifaqının 9 noyabr 2020-ci il tarixli Bəyanatın bütünlüklə icra olunmasına yönəlmiş təşəbbüslərini dəstəkləməsi və həbs edilmiş bütün müharibə əsirlərinin azad edilməsinə çağırış etməsi istənilib. Habelə İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuğu tədbirlərini təşviq etmək istiqamətində hər iki hökumətlə ikitərəfli səviyyədə də iş aparması tapşırılıb.

Qətnamədə, eyni zamanda, İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri qoyulub.

Xatırladaq ki, İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında 18 noyabr 2020-ci il tarixli qətnamədə 1993-cü ildən Ermənistanın Dağlıq Qarabağla yanaşı, Azərbaycanın digər ətraf yeddi rayonunu da işğal etdiyi, BMT Təhlükəsizlik Şurası tərəfindən silahlı qarşıdurmanın dayandırılması və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması, eləcə də tərəflər arasında danışıqların başlanılmasına çağıran dörd qətnamənin qəbul edildiyi vurğulanıb və Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası dövlət başçıları tərəfindən 9 noyabr tarixində üçtərəfli Bəyanatın imzalanması alqışlanaraq tərəflər bu Bəyanatdan irəli gələn digər bütün öhdəliklərə əməl etməyə çağırılıb.

 

AZƏRTAC

Published in Diaspora

Misirin “Asiaelyoum” informasiya agentliyinin baş redaktoru Əbubəkir Əbu Əl-Məcd Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı haqqında analitik məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, “Prezident İlham Əliyevin mətbuat konfransına dair siyasi-strateji fikirlər” sərlövhəli məqalədə dövlətimizin başçısının bir çox mətləblərə aydınlıq gətirdiyi, Ermənistan rəhbərliyinə, habelə Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı narahatlıq keçirən ölkələrə mesajlar göndərdiyi qeyd olunur. Müəllif vurğulayır ki, jurnalistlərin suallarını dörd dildə səlis cavablandıran İlham Əliyev dəqiqliklə işlənilmiş və həyata keçirilmiş strateji planlarını da açıqlayıb. Məhz uzun illər təmkinlə reallaşdırılan bu planlar nəticəsində Azərbaycan Ordusu qısa müddətdə torpaqları işğaldan azad edə bilib. 

Analitik məqalədə Prezident İlham Əliyevin 10 noyabr Bəyanatının şərtlərinin yerinə yetirilməsi, Türkiyə və Rusiyanın müşahidə missiyasının fəaliyyəti, uzun illər pulsuz silahla təchiz edilən Ermənistan silahlı qüvvələrinə qarşı preventiv tədbirlərin həyata keçirilməsi haqqında fikirləri yer alıb. Müəllif vurğulayıb ki, Azərbaycanın inamlı Qələbəsinə aparan yolun təməli ötən əsrin 90-cı illərinin əvvəlində ölkəni məhv olmaqdan xilas edən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulub. Sovet İttifaqının rəhbərlərindən biri olmuş bu müdrik siyasətçi həm postsovet məkanında vəziyyəti, həm də regionda geostrateji şəraiti hər kəsdən yaxşı bilir, Rusiya və MDB ölkələri ilə yanaşı, Qərblə də yüksək səviyyədə əməkdaşlıq siyasəti yürüdürdü. Onun neft strategiyası, Azərbaycanın iqtisadi qüdrətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər sayəsində yaradılan ordu öz gücünü göstərdi. Qırx üç yaşında dünyanın ən gənc prezidentlərindən biri olan İlham Əliyev isə atasının uzaqgörən siyasətini davam etdirərək adını tarixə Müzəffər Ali Baş Komandan kimi yazdırdı.

Məqalədə Azərbaycanın son 17 ildə keçdiyi inkişaf yolundan, həyata keçirilən transmilli neft-qaz və nəqliyyat layihələrindən ətraflı bəhs edilib. Müəllif, həmçinin Prezident İlham Əliyevin mətbuat konfransında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların səmərəsizliyi, atəşkəs dövründə işğalçı Ermənistanın hərbi təxribatlarını davam etdirməsi, 44 günlük müharibədə, xüsusən Şuşanın azad edilməsi uğrunda döyüşlərdə Azərbaycan əsgərinin şücaəti barədə fikirləri də yer alıb.

Sonda Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri, Ermənistanda son vəziyyət haqqında mülahizələri geniş təhlil edilib.

AZƏRTAC

Published in Diaspora

Martın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək, üzərinə əklil və gül dəstələri qoyublar.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general Nadim Raza “Şərəf kitabı”nı imzalayıb.

Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Müdafiə naziri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin komandanlığı ilə Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir bildirib ki, Ordumuzun bu müharibədə qazandığı döyüş təcrübəsi dünyanın bir çox ölkəsinin orduları və beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir.

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etməsindən məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəklədiyinə, həmçinin ölkəmizə göstərilən humanitar yardıma və mənəvi dəstəyə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.

Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.

Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Vətən müharibəsində qazanılan Qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Xalqlarımız arasında tarixən dostluq əlaqələrinin olduğunu qeyd edən general N.Raza bu münasibətlərin digər sahələrdə olduğu kimi, ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın da inkişafına böyük töhfə verdiyini bildirib.

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general N.Raza azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu bir daha diqqətə çatdırıb. General, həmçinin iki ölkənin hərbi sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş potensialın olduğunu bildirib.

Tərəflər hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyini əsas gətirərək bu sahədə səylərin daha da artırılmasının zəruriliyini qeyd ediblər. Hərbi əməkdaşlığın əsas istiqamətlərinin müzakirəsi zamanı Azərbaycan Ordusu ilə Pakistan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Martın 3-də Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovla görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonağı salamlayan sədr müavini bildirib ki, ölkələrimiz arasındakı münasibətlər qədim köklərə malikdir. İki ölkə arasındakı əlaqələrin inkişafında dövlət başçılarının rolundan danışan vitse-spiker belə yüksəksəviyyəli səfərlər zamanı bir sıra mühüm ikitərəfli sənədlərin imzalandığını diqqətə çatdırıb.

Adil Əliyev səfirə ölkəmizə təyin olunduğu 2020-ci ilin Azərbaycan tarixinə Zəfər ili kimi düşdüyünü, bu tarixə qədər Ermənistanın torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxladığını, bir milyondan çox həmvətənimizin məcburi köçkün kimi öz yurd-yuvasından ayrı düşdüyünü xatırladıb. Bildirib ki, bu işğal faktı regionda sülhün və sabitliyin yaranmasının qarşısında əsas əngəl idi. 2020-ci il sentyabrın 27-də isə təmas xəttində düşmən növbəti dəfə təxribat törədərək, mülki əhalinin yaşadığı əraziləri atəşə tutdu, nəticədə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbə vuruldu və Ermənistan məğlubiyyətə uğradıldı. Bununla da 30 ildən sonra BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Ümid edirik ki, Ermənistan bundan sonra təcavüz siyasətindən əl çəkəcək və regionda sülh bərqərar olacaq.

Səmimi görüşə görə minnətdarlığını bildirən Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ölkəmizdə müşahidə edilən hərtərəfli inkişafın təqdirəlayiq olduğunu deyib. Azərbaycanın ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Ağdam  və işğaldan azad edilmiş digər rayonlara təşkil etdiyi səfərlərdən danışan səfir diqqətə çatdırıb ki, o, həmin səfərlər zamanı Ağdam və işğaldan azad edilmiş digər ərazilərdə ermənilər tərəfindən tarixi abidələrə qarşı törədilmiş terroru, mədəni abidələrin dağıdılmasını şiddətlə qınayıb. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq bildirilib, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Martın 3-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn formatda hesabat-plenumu keçirilib.
AZƏRTAC xəbər verir ki, plenumda ittifaqın sədri Mehman İsmayılov, nazirliyin aparat, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrləri iştirak ediblər.
Plenumda Mehman İsmayılovun FHN işçiləri həmkarlar ittifaqının 2020-ci ildəki fəaliyyətinə dair geniş hesabat məruzəsi dinlənilib. Bildirilib ki, dünyada baş verən COVİD-19 pandemiyası səbəbindən ölkə ərazisində müəyyənləşdirilmiş karantin rejimi qaydalarına uyğun olaraq, hər il ittifaqın üzvlərinin azyaşlı uşaqları üçün təşkil edilən Yeni il və Novruz şənliklərinin keçirilməsi ötən hesabat ilində təxirə salınıb.
Məruzəçi bildirib ki, məlum pandemiya səbəbindən Fövqəladə Hallar Nazirliyi, FHN-in İdman-Sağlamlıq Klubu, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə keçirilən mədəni-kütləvi idman tədbirlərinin bir çoxu təxirə salınıb. Bu tədbirlərdən yalnız FHN-in İdman-Sağlamlıq Klubu və FHN işçiləri həmkarlar ittifaqının təşkilatçılığı ilə yanvarın 27-31-də nazirliyin qurumları arasında şahmat, fevralın 19-21-də çoxnövçülük üzrə yarışlar keçirilib. Ötən il yanvarın 31-də FHN-in həmkarlar ittifaqının təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə 53 gənc, eləcə də dekabrın 16-da FHN işçilərinin peşə bayramı günü münasibətilə FHN aparatı və qurumlarında vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş 177 nəfər təcrübəli əməkdaş fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Ötən ildə Aprel döyüşləri zamanı şəhid olan kiçik gizir Orxan Həmidovun iki övladı - 2007-ci il təvəllüdlü Vüsal Həmidli və 2009-cu il təvəllüdlü Fərid Həmidli FHN işçilərinin həmkarlar ittifaqı tərəfindən himayəyə götürülüb. Sentyabrın 1-dən etibarən hər ay, mütəmadi olaraq şəhidin ailəsinə hər övlada görə 150 manat olmaqla 300 manat məbləğində maddi yardım verilir.
İttifaq tərəfindən Mülki Müdafiə Qoşunları komandanlığının şəxsi heyətinə paylamaq məqsədilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslər haqqında məlumatları özündə əks etdirən “Milli Qəhrəmanlarımız” adlı kitabça hazırlanıb, 5 min nüsxədə çap edilərək müvafiq hərbi hissələrə göndərilib.
Natiq qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 2020-ci il 1 oktyabr tarixli məktubuna uyğun olaraq ittifaq tərəfindən Azərbaycan Ordusuna Yardım Fonduna maddi dəstəyin göstərilməsi məqsədilə AHİK-in maliyyə hesabına 90 min manat vəsait köçürülüb. Eyni zamanda, Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını fəda etmiş qəhrəmanlara və onların ailələrinə diqqət və qayğının göstərilməsini hər zaman öz fəaliyyətinin başlıca istiqamətlərindən birinə çevirmiş FHN işçilərinin həmkarlar ittifaqı dekabrın 9-da “YAŞAT” Fonduna 50 min manat məbləğində pul vəsaiti köçürüb.
Bildirilib ki, oktyabrın 28-də düşmən tərəfindən Bərdənin mülki əhaliyə qarşı atılmış raket-artilleriya zərbələri nəticəsində xidməti borcunu yerinə yetirərkən həlak olmuş Mülki müdafiə qoşunları komandanlığının “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Rəşad Şəfiyevin yas mərasiminin və qəbirüstü işlərinin həyata keçirilməsinə ittifaq tərəfindən 3 min manat dəyərində maddi kömək göstərilib.
M.İsmayılov məlumat verib ki, ötən il ittifaq üçün əlamətdar işlərdən biri Fövqəladə Hallar Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı arasında “2020-2022-ci illər üçün Sahə Kollektiv Sazişi”nin bağlanmasıdır. Hesabat dövründə həmkarlar ittifaqının əsas işlərindən biri pandemiyaya qarşı profilaktik maarifləndirmə işlərinin görülməsi olub. Belə ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ittifaq tərəfindən AHİK-in maliyyə hesabına 50 min manat məbləğində vəsait köçürülüb. FHN tərəfindən hazırlanmış “Koronavirus (2019-CoV) yaddaş kitabçası”nın 10 min nüsxədə çap edilməsi ittifaqın maliyyə vəsaiti hesabına həyata keçirilib.
M.İsmayılov qeyd edib ki, ötən dövrdə maddi vəziyyəti aşağı olan, vəfat etmiş və ya ailə üzvlərindən birinin vəfatı ilə əlaqədar, özünün və ya ailə üzvünün xəstəliyinin müalicəsinə maddi kömək məqsədilə 381 üzvə maddi yardım ödənilib. 2020-ci ildə ümumilikdə 243 nəfər olmaqla, 50, 60, 70 illik yubiley yaşları tamam olan təcrübəli üzvlər həmkarlar ittifaqı tərəfindən fəxri fərmanla təltif edilib, qiymətli hədiyyə ilə mükafatlandırılıblar. Eyni zamanda, həmkarlar ittifaqına müvafiq qaydada müraciət etmiş, səhhətində problemlər yaranmış üzvlərdən 52 nəfərə məzuniyyət vaxtında sosial sığorta hesabına “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Qaranquş” və “Şıx” sanatoriyalarına müalicə və istirahət üçün dəyərinin 15 faizini ödəmək şərtilə yollayış verilib. Bundan əlavə, döyüşlərdə iştirak etmiş veteran və maddi imkanı az olan işçilər də unudulmamış, onlardan 6 nəfərə müvafiq yollayışlar pulsuz olaraq verilib.
Daha sonra ittifaqın digər illik cari məsələləri müzakirə olunub.
Sonda həmkarlar ittifaqı sahəsində göstərdiyi səmərəli əmək fəaliyyətinə görə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Qalib Qarayevə, FHN-nin Əməliyyat-istintaq idarəsi işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Güldəstə Maqsudovaya, FHN-nin Dövlət Material Ehtiyatları Agentliyi işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Sevda Həsənovaya və nazirliyin Mülki Müdafiə Qoşunları Komandanlığı işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Xanlar Əliyevə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsis edilmiş “Azərbaycan Həmkarlar İttifaqları - 115 il” yubiley döş nişanları təqdim edilib. Döş nişanları Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov tərəfindən təqdim olunub.

AZƏRTAC

Published in Digər xəbərlər

Ukraynanın İrpen şəhərində akademik Zərifə Əliyeva adına 12 saylı orta məktəbdə Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında açıq dərs keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səfirliyin üçüncü katibi Təranə Sadıqova, soydaşımız, hərbçi Vidadi İsrafilov ölkəmizin İkinci Dünya müharibəsində qələbəyə verdiyi töhfələr, Bakı neftinin qələbədə rolu, xalqımızın qəhrəman oğullarının fədakarlığı haqqında geniş məlumat veriblər. Şagirdlər Əhmədiyyə Cəbrayılovun keçdiyi döyüş yolu haqqında məlumatlandırılıb.

Eyni zamanda, Əhmədiyyə Cəbrayılov haqqında sənədli film nümayiş etdirilib. Filmdən sonra iştirakçılarla viktorina keçirilib və ən çox düzgün cavab verən şagirdlərə hədiyyələr təqdim edilib.

Sonda məktəbin direktoru Valentina Antonenko səfirliyə təşəkkür edib və ukraynalı gənclərə vətənpərvərlik hissinin aşılanması baxımından bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

 

 

AZƏRTAC

Published in Diaspora

Bəşər cəmiyyətinin davamlı mövcudluğu, dünya və axirət səadətinə nail olması, başqa sözlə, həyatının bütün istiqamətlər üzrə müsbət şəkildə inkişaf etməsi, ömür mərhələlərinin layiqincə keçməsinin təmin edilməsi məqsədilə nazil edilmiş Allah kəlamında elm və alimlər barədə yer almış fikirlər, həzrət Peyğəmbərin alimlərə verdiyi qiymət heç də təsadüfi xarakter daşımır. İctimai formasiyaların bir-birini əvəz etməsinə, cəmiyyətdə baş verən təbəddülatlara baxmayaraq alimlərin özünəməxsus yeri və cəmiyyətin inkişafına təsiri danılmazdır. Bütün bunları nəzərə alan islam Peyğəmbəri (s) hədislərinin birində alimlər haqqında belə buyurmuşdur: “Alimlərin digər insanlar üzərindəki fəziləti bədirlənmiş ayın digər ulduzlar arasındakı fəziləti kimidir”. Alimlərin cəmiyyətdəki yerini tam mənası ilə müəyyənləşdirən, onların dərəcəsini bildirən bu hədis professor İmamverdi Həmidovun timsalında özünün təsdiqini bir daha sübut edir. Quran təbirinə əsasən həzrət Peyğəmbərin həvayi-həvəsdən danışmadığını, dediklərinin yalnız Allaha aidliyini nəzərə alsaq, alimlərin dərəcəsinin Uca Rəbbimizin yanında nə qədər yüksək olduğunu dərk edə bilərik.


Ölkəmizin şərqşünaslıq məktəbi nümayəndələri arasında özünəməxsus dəst-xətti olan, elmi, mədəniyyəti, təvazökarlığı və səmimiyyəti ilə seçilən professor İmamverdi Həmidov Azərbaycan - ərəb ədəbi əlaqələrinin inkişafı, ərəb dili və ədəbiyyatının tədrisi, klassik və sakral mətnlərin oxunması sahəsinə öz töhfəsini verməkdə davam edir. Belə ki, o, AMEA-nın Ədəbiyyat İnstitutunda mühüm şöbələrdən birinə rəhbərlik etməklə yanaşı, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olur, gənc nəslin ərəb dili və ədəbiyyatının sirlərinə vaqif olması işində əlindən gələnləri əsirgəmir.
Reklam olunmağı, daim gündəmdə qalmağı sevməyən İmamverdi müəllim öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir, Azərbaycan elminin, mədəniyyətinin, alimlərinin ərəb ölkələrində təbliği sahəsində yorulmadan fəaliyyət göstərir. Onun ərəb mətbuatında ölkəmizin tanınması ilə bağlı fəaliyyəti çoxşaxəli olub elm və mədəniyyətin bir çox sahələrini ehtiva edir.
İmamverdi müəllimin gənc yaşlarında məşhur ərəb alimi İbn Qüteybənin həyat və yaradıcılığına həsr etdiyi namizədlik dissertasiyası ərəblərin diqqətini cəlb etmiş, İordaniyanın “Əl-Dustur” qəzeti bu haqda bir məqalə nəşr edərək onun dissertasiya işini təqdir etmişdir. Çox keçmədən, o zamankı Yəmən Xalq Demokratik Respublikasının “Əl-Sovri” və “Ərbətə Aşarə Uktubir” qəzetlərində Mirzə İbrahimov, Səməd Vurğun və Nəbi Xəzri haqqında məqalələr çap etdirən İmamverdi müəllim poetik nümunələrin tərcüməsi ilə də məşğul olur, S.Vurğunun “Azərbaycan” və “Dağlar” şeirlərini uğurla ərəb dilinə çevirir. Bu istiqamətdə fəaliyyətini davam etdirən İ.Həmidov Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının ərəb dilinə tərcümə edilməsi və tamaşaya qoyulmasında öz dəyərli məsləhətlərini verir və həmin əsər 1978-ci ildə Ədən Milli Teatrının yaradılması münasibətilə Əflatun Nemətzadənin rejissorluğu ilə tamaşaya qoyulur.
Azərbaycan-ərəb ədəbi əlaqələrinin inkişafı və Azərbaycan ədəbiyyatının ərəb ölkələrində təbliği müstəvisində yorulmadan çalışan İmamverdi müəllim 60-cı illərdə Bakıda olmuş tanınmış iraqlı alim, Füzuli haqqında kitabın müəllifi Hüseyn Əli Məhfuzla görüşmüş və onlar alimin ərəb dilində işlənən türk sözləri məqaləsini müzakirə etmişlər. İmamverdi müəllimin bu istiqamətdə apardığı işlər daha geniş fəaliyyət dairəsini əhatə edir. O, İraqın tanınmış alimlərindən olan Davud Səllamla Azərbaycan-ərəb əlaqələrinin inkişafının təmin edilməsi məqsədilə gələcək elmi mövzuların müəyyənləşdirilməsi istiqamətində görüşlər keçirir. Professor İ.Həmidov eyni zamanda İraq Yazıçılar Birliyinin Türkman bölməsi ilə sıx əlaqələr saxlayır, “Yurd” (Əl-Vatan) qəzeti və “Birlik Səsi” (Sovt Əl-İttihad) jurnalında “Nizaminin “Leyli və Məcnun”un qaynaqları”, “Kitabi-Dədə Qorqud” və onun ərəb dilinə tərcüməsi” mövzularında Azərbaycan və ərəb dillərində məqalələr nəşr etdirmişdir.
Ərəb ədəbiyyatşünaslığı və Azərbaycan-ərəb ədəbi əlaqələri sahəsində geniş tədqiqatlar aparan İmamverdi müəllimin elmi fəaliyyəti ərəb alimləri tərəfindən daima izlənilir, əsərlərinin nəticələri onların ölkələrində müzakirə olunur. İ.Həmidovun Moskvada “Narodı Azii i Afriki” jurnalında dərc edilmiş İbn Qüteybə haqqında məqaləsi 1973-cü ildə Bağdad Universitetinin müəllimi, doktor Cəlil Kəmaləddin tərəfindən ərəb dilinə tərcümə edilərək “Əl-Movrid” jurnalında çap olunur. Bundan əlavə, onun “Azərbaycan ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcüməsi məsələləri” və “Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundov” adlı məqalələri İraqın nüfuzlu nəşrləri olan “Əl-İştiqaq” (Şərqşünaslıq) və “Əl-Afaq Əl-Arabiyyə” (Ərəb üfüqləri) jurnallarında çap edilmişdir.
Qeyd etmək lazımdır ki, professor İmamverdi Həmidovun Azərbaycan-ərəb ədəbi əlaqələri kontekstində daha geniş fəaliyyəti Misir Ərəb Respublikasında yerləşən universitetlər və Elmi mərkəzlərlə bağlıdır. Belə ki, o, 2002 və 2006-cı illərdə Qahirə Universitetinin Ərəb dili mərkəzində ixtisaslaşmada olarkən Xaqani, Nizami və Füzuli irsini öyrənən Misir alimləri prof. Məhəmməd Səid Camaləddin, prof. Əbdüssəlam Əbdüləziz, prof. Əhməd Mursi Əl-Safsafi və prof. Şirin Həsəneyn ilə ədəbi əlaqələr mövzusunda fikir mübadiləsi etmişdir.
Misirli jurnalist və alim Tariq Əl-Tahir İmamverdi müəllimlə 2017-ci ildə Qahirədə görüşdüyü zaman aldığı təəssüratlar barədə “Əl-Əhram” qəzetinin əlavəsi olan “Ədəbiyyat xəbərlərində” bir məqalə nəşr edərək yazır: “... böyük Azərbaycan alimi İmamverdi Həmidovla görüşdüm”.
İmamverdi müəllimin Azərbaycan-ərəb ədəbi əlaqələrinə verdiyi töhfələr daima ərəb mətbuatının diqqətini cəlb etmiş və alimimiz bir çox ərəb televiziya kanallarına dəvət olunmuşdur. O, 2006-cı ildə Azərbaycan Xarici İşlər Nazirliyi, AMEA və BDU-nun təmsilçilərinin iştirak etdiyi nümayəndə heyətinin tərkibində Misirə səfəri zamanı Xaqani irsinin tədqiqatçısı Əbdüssəlam Əbdüləzizlə görüşərək iki xalq arasında mövcud olan ədəbi və mədəni əlaqələr mövzusunu müzakirə etmişdir. Həmin ildə Qahirə Universitetinin dəvəti ilə iki həftəlik ixtisaslaşmada olarkən Misirin nüfuzlu kanallarından olan “Nil” televiziyasına dəvət olunmuş, orada Azərbaycan, o cümlədən Azərbaycan ədəbiyyatı haqqında çıxış etmiş və alimin “Azərbaycan-ərəb ədəbi əlaqələri” adlı kitabı təqdim olunmuşdur.
İmamverdi müəllim ərəb ölkələrində keçirilmiş bir çox konfranslarda iştirak edərək, maraqlı elmi mövzularla çıxış etmişdir. O, 2010 və 2011-ci illərdə Əlcəzairdə keçirilmiş “təsəvvüf” mövzusuna həsr edilmiş konfranslarda aktual məsələlərdən danışmış, Dünya Elm Fondunun 2017-ci ildə İordaniyada, 2019-cu ildə isə Budapeştdə təşkil etdiyi forumlarda iştirak etmişdir.
İ.Həmidov Əlcəzair alimləri doktor Zaim Xanşlaviyə və doktor Xalafallah Muluda Azərbaycan şairi Nəsimi irsinin tədqiqi və dərk edilməsi ilə bağlı məsləhətlər verməkdə davam edir.
Müxtəlif ərəb ölkələrinin alimləri ilə mütəmadi elmi-ədəbi müzakirələrdə iştirak edən İmamverdi müəllimin Fələstin alimləri doktor Nasr Muhamməd Abbasın və doktor Fatimə Əl-Zəhra Əl-Məvafinin həmmüəllifliyi ilə yazdıqları “Azərbaycan ədəbiyyatı” kitabı 2003-cü ildə Əbu Dabidə nəşr edilmişdir.
Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində çıxan “Əl-Naşer Əl-Usbui” jurnalı həmyerlimizin iki xalq arasında mədəni əlaqələrin inkişaf etdirilməsindəki xidmətlərini nəzərə alaraq Azərbaycan ərəbşünası professor İ.Həmidovun Azərbaycan-ərəb ədəbi əlaqələrinin öyrənilməsi sahəsindəki fəaliyyətindən bəhs etmişdir. Bundan əlavə, o, Yəmən, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Fələstin alimləri ilə elmi-ədəbi mövzularda bağlı mütəmadi məsləhətləşmələr aparır, həmin ölkələrin elmi məcmuələrində məqalələr çap etdirir, beləliklə də, Azərbaycan və ərəb xalqları arasında mədəni və ədəbi əlaqələrin möhkəmlənməsinə öz zəngin töhfəsini verir.
Ərəb ölkələrində keçirilmiş konfrans və tədbirlərdə dəfələrlə birgə iştirak etdiyimiz, ərəb elmi və ədəbi mühitində, akademik dairədə xüsusi hörməti olduğunu şəxsən müşahidə etdiyim, təvazökar və həlim xasiyyətli insana, səksən yaşını yenicə qeyd etdiyimiz ağsaqqalımıza - əziz İmamverdi müəllimə cansağlığı, elmi fəaliyyətində uğurlar arzulayıram!

Nəsrulla MƏMMƏDOV,
BDU-nun Ərəb filologiyası
kafedrasının professoru.

Published in Digər xəbərlər
Cümə axşamı, 04 Mart 2021 05:43

QARABAĞ ADƏTLƏRİ YAŞAYIR

Azərbaycan xalqının adət-ənənələri bölgələrdə mövcud olan bəzi fərqli cəhətlər nəzərə alınmaqla eynidir. Xalqımıza məxsus qədim tarixə malik adətlər zaman-zaman müəyyən dəyişikliklərə uğrasa da onların əsas mahiyyət və xüsusiyyətləri bu gün də yaşamaqdadır. Mentalitetimizə uyğun olan adət və ənənələr zaman boyunca həyat tərzimizdə nəsillərə ötürülmüşdür. Əlbəttə, ictimai davranış qaydası kimi yaranan adət və ənənələr insanların maddi və mənəvi həyatını ata-baba ruhunun ifadəsi kimi özündə təcəssüm etdirmişdir. Məsələn, qonşuluq, dostluq, qonaqpərvərlik, qarşılıqlı yardım, kömək, əməksevərlik, yaşlılara hörmət kimi adətlərə hörmət etmək tarixən müqəddəs olmuş, həyat vərdişimizə çevrilmişdir. “Qonaqsız ev uğursuz olar”, “Hər şeyin təzəsi, dostun köhnəsi”, “Qonşunu iki inəkli istə ki, özün də bir inəkli olasan”, “El gücü, sel gücü”, “Birlik harada, dirilik orada”, “İnsanın əli dəyən yerlər qızıla dönər”, “Böyüyə hörmət kiçiklərin borcudu”...


Qarabağ camaatının qərinələr, əsrlər boyunca əsas məşğuliyyəti maldarlıq, əkinçilik olmuşdur. Buna görə də onlarda təbiət hadisələrilə bağlı çölçülük adətləri formalaşmışdır: “Dağaköçmə”, “Köç günü”, “Seyrə çıxmaq”, “Şum bayramı”nı buna misal çəkmək olar. Bu adətlər azərbaycanlıların arasında həmişə yaşamışdır. “Ata-baba günü”, yəni, ata-baba ruhuna ehtiram adəti də hər zaman mövcud olmuşdur.
Qədim azərbaycanlılar ruhların yaşadığına, mənsub olduqları el-oba, ailə ilə “əlaqə” saxladığına etiqad edirdilər. Onların inamına görə bu ruhlar hər il martın 15-25-i arasında evlərinə gəlir. “Ata-baba günü” mərasimi sonralar öz məzmununu bir qədər dəyişmişdir. Belə ki, Novruz ərəfəsi məzar üstə gedib, dünyasını dəyişənləri yad edir, bunlar yeni nəslin köhnə nəslə ehtiramı, onları unutmadığının ifadəsi kimi bu gün yaşamaqdadır. Novruzda həmçinin qohum-qonşulara, qocalara pay aparırlar.
Məlumdur ki, söz sənəti inciləri də Qarabağın zəngin təbiəti, füsunkar gözəlliyi ilə ideal ahəng təşkil edir. Vətənindən, elindən ayrı düşmüş Ağabəyim ağa Cavanşirin söylədiyi bu bayatı da onun Şuşa nisgili ilə yaşadığının möhtəşəm ifadəsidir:
Əzizinəm Qarabağ,
Şəki, Şirvan Qarabağ!
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
VII əsrdə Azərbaycanda İslam dininin qəbul edilməsi ilə Qarabağda milli ideologiya kimi mövcud olan dini birlik parçalandı. Qarabağın düzən zonası və əsas hissəsi İslam dinini qəbul etdi. Yalnız Dağlıq bölgələrdə yaşayan əhali xristian dini ideologiyasını davam etdirmişdi. 1836-cı ildə Rusiya çarı I Nikolayın fərmanı ilə alban mənəvi birliyinin dayağı olan Alban kilsəsi sənədləri ilə birgə ləğv edilir. Bununla da orada albanlar erməniləşməyə qarşı mənəvi-ideoloji mübarizə imkanlarını itirdilər. Bu hadisələr də qarabağlıların sonrakı həyat tərzlərinə, adətlərinə təsirsiz ötüşmədi.
Mənbələrdən XIX əsrdə Qarabağ bölgəsində övladı olmayan qadınların vənglərə, Alban məbədlərinə getmələri də məlumdur. Bu, yerli əhalinin İslam dinini qəbul etməsindən əvvəl alban-xristian dini ibadətgahlarına getmələri ənənəsinin qalıqları idi.
Məişətində yaşanan adətləri isə təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: qonaqpərvərlik, çörəyə hörmət, ailədə keçirilən bayram və ənənələr, məhərrəmlik, orucluq, Qurban bayramının eldə-ailədə icra edilməsi. Ailə bayramları ailə adətlərinin tərkib hissəsidir. Onların bir qismi ailə daxilində, müəyyən qismi də həm ictimai bayramlar kimi qeyd olunur.
Milli Məclisin 27 oktyabr 1992-ci il tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən Orucluq, Qurban, Novruz və s. bayramlar dövlət səviyyəsində qeyd olunur.
Milli bayramlar və tarixi günlər, həmçinin beynəlxalq bayramlar və tarixi günlərin xalq arasında əsaslı sayılanları ailə səviyyəsində də qeyd olunur. Məsələn, Milli bayramlar sırasında Novruz bayramı, Orucluq, Qurban bayramını göstərmək olar. Beynəlxalq bayramlar və tarixi günlərdən isə Yeni il bayramı, Beynəlxalq Qadınlar günü, Faşizm üzərində Qələbə günü, digər tarixi, təqvim peşə günlərini də qeyd etmək lazımdır.
Azərbaycanda İslam dininin və müsəlmançılığın təsiri ilə yaranmış bir sıra mərasimlər, məsələn, məhərrəmlik də ailələrdə icra olunur.
Orucluq və Qurban bayramının tarixi qədimdir. Sovetlər dövründə də Azərbaycanın hər yerində Qurban bayramı günü keçirilirdi. Qoyun, inək kəsilir, camaat arasında paylanır və bu mərasim “qurbanlıq” adlanırdı.
Azərbaycanlıların məişətində qeyd olunmuş xalq bayramları ənənəvi şəkildə və təntənə ilə keçirilir. Bu baxımdan Novruz bayramının xalq arasında xüsusi yeri vardır. Bununla yanaşı, əsrlər boyu “Qadınlar bayramı”, “Gül-çiçək bayramı”, “Məhsul və peşə bayramları” da həyatımıza daxil olmuşdur.
Adətlərə riayət olunması ictimai rəyə əsaslanır. Adətlərin bir neçə nəslin həyatı müddətində yaşamasının səbəbi də onların uzunömürlü olmasından irəli gəlir və tez-tez təkrar edilməsinə əsaslanır. Ənənələr də qanunlar kimi zaman-zaman yaranır, vaxt ötdükcə yeniləri ilə əvəz olunur. Elə ənənələr də olur ki, klassik nümunələr kimi yaşayır, həmişə insanların həyat tərzində özünü göstərir. Ənənələr bəzən konkret bir mərhələni, dövrü də özündə əks etdirir. Tarixi mənbələrdən və etnoqrafik materiallardan aydın olur ki, Azərbaycanın xalq bayramları da qədim bir tarixə malikdir.
Azərbaycanda daha geniş şöhrət tapmış bahar fəslinin başlanmasını xəbər verən çərşənbələr, Novruz bavramının qeyd olunmasıdır. Səbirsizliklə yazın gəlməsini gözləyən, xalq, bir neçə həftə əvvəl Novruz bayramına hazırlıq görməyə başlayırdı. Çərşənbə axşamları və martın 21-də (köhnə təqvimlə martın 9-da) el şənlikləri, əyləncələr keçirirdi.
“Yaz bayramı” adı ilə Novruzun qeyd olunması haqqında ilk yazılı məlumat e.ə. 505-ci ildən məlumdur. Novruz bayramında analar səməni bişirir, “Səməni saxla məni, ildə göyərdərəm səni” - deyərək, xonçalarda bahar, yaşıllıq rəmzi olan səməninin yanında şam yandırırlar.
Novruz bayramı qabağı, axır çərşənbədə uşaqlar yumurta döyüşdürürlər. Qoy yeni baharda hər şey təmiz olsun deyərək evlərdə, həyət-bacalarda yır-yığış edilir, adamlar təzə paltarda küçəyə çıxır, yasda olan ailələri yasdan çıxarır, küsülülər barışır.
Novruz əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün: Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranmışdır. Novruzun başlanmasına dörd həftə qalmış həmin dörd ünsürlə bağlı xalq özünün yaratdığı adət, ənənə, etiqad və ayinləri icra edir.
Novruz bayramı bütövlükdə xalqın həyat tərzi ilə bağlı olduğundan xalqımızın Novruzla səsləşən musiqisi, rəqsləri, mahnıları, şənlikləri də yaranmışdır. Şənliklərdə bayatılar səslənir, mahnı oxunur və deyişmələrlə yanaşı, müxtəlif rəqslər, güləş, dirədöymə və onlarla başqa əyləncələr icra edilir. El arasında axırıncı çərşənbə kiçik, 21-i axşamı isə böyük bayram adlanır. Kənd camaatı bütün çərşənbələrdə və bayram günü həyətlərdə qaladığı tonqalın üstündən hoppanır, şar (lopa) atırlar. Axır çərşənbə axşamı kimin mətləbi varsa ürəyində arzu tutur, qapı pusmağa gedir.
İl təhvil olana yaxın şamları yandırır, qız-gəlinlər barmaqlarına xına yaxırlar. Xalq inamına görə “şam-od” insana, heyvana xeyir gətirir, onları xəstəliklərdən qurtarır.
Ailə məişətində ənənəvi olaraq davam edən uşaqların pay alması mərhələsi - “baca-baca”, “papaqatdı”, “qurşaqatdı” adlanır. “Dan atmaq”, “çilə çıxartmaq”, “aş bişdi” mərasimləri də qeyd olunur. Bu mərhələdə axşamçağı qızlar rəfiqələrdən birinin evinə yığışırlar. Tədarük üçün hamı sovqat gətirir, onlar plov bişirir, birgə şam edir, yelləncək qurub yellənirlər. Bəzən də evlərə xanəndələr dəvət olunur, bayram süfrəsi arxasında axşamdan səhərə qədər birgə şənlənir, kim dözməyib yatarsa, onu yorğan-döşəyə tikir və gülüş doğuran məsxərəyə qoyurlar.
Bayram axşamı bayram süfrəsi açılır, axşam və sübh çağı tonqal yandırılır. Adamlar gecə saat 12-dən sonra və səhər tezdən çay kənarına gedir, ürəklərində arzu tuturlar. Əl-üzlərini yuyur, yüngülləşirlər.
Xalqımızın birliyinin ifadəsi olan və nəsildən-nəslə ötürülən ənənələr, tarixi hadisə və bayramları (28 may, Konstitusiya günü, Müstəqillik günü, Qurtuluş günü, Gül bayramı, digər peşə və təqvim bayramları) mütəşəkkilliklə qeyd olunur.
Sovetlər dönəmindən qeyd olunan “Müəllim günü”, “Tibb işçisi günü”, “Energetik günü”, “Maldar günü”, “İnşaatçı günü”, “Sağıcı günü” və s. kimi bayramlar bu gün də öz əhəmiyyətini itirməyib.
Göründüyü kimi, Azərbaycan xalqının adət-ənənələrinin saxlanılması, gənc nəslin bu ruhda tərbiyə olunması ilə yanaşı yeni yaranan adətlərə də riayət olunur.
Qarabağ bölgəsinin qədim və zəngin toy adətləri də Azərbaycanın digər ərazilərinin toy adətlərini xatırladır. Lakin bu mahalda bəzi xarakteriklik xüsusiyyətlər də nəzərə çarpır. Bu bölgədə toylara əvvəlcə el arasında “təhlivçi” adı ilə tanınan şəxs dəvət olunur. Toya da adamları o dəvət edir. XX əsrin 60-70-ci illərinə qədər Ağcabədi rayonunun bəzi kəndlərində gəlini oğlan evinə gətirərkən qara zurna çalanlar evin damına çıxıb zurna çalır va hamı toyun həmin gün harada olacağını bilir. Qız üçün “süd pulunun” verilməsi hələ də qalmaqdadır. Toylarda adətən qıza cehiz olaraq yorğan-döşək, yataq dəsti, qab-qacaq və başqa məişət əşyaları verirlər. Toylarda “nəmər” (pul) yığılardı. Qız toyunun xərcini oğlan evi çəkirdi. Bu xərc pul və ya ərzaq formasında ödənilirdi. Bu adət indi də qalmaqdadır.
Bərdədə toy günü ev sahibləri mağarda bəyin qarşısında oynamaqla toyu açıq elan edir, sonra gəlini gətirməyə gedirlər. Orada belə bir adət də var: oğlan evində gəlini otaqdan çıxaranda pilləkənin bütün pillələrində boşqab qoyurlar və gəlin boşqabları ayağı ilə sındırıb, qalxır. Toyun axırında bəyin dostları “papaq-papaq” oyunu oynayırlar. Oyun belədir: Bəy ortada oynayanda başına papaq qoyulur. Papağı kim birinci götürsə, deməli o, birinci evlənməlidir. Sonra papaq yenə də bəyin başına qoyulur və bu təkrar olunur. Bəy oturandan sonra papağı birinci götürən öz başına qoyur, sonra oyunda qalib gələnlər arasında mübarizə gedir. Oyunda bəyin 10-15 nəfər dostları da iştirak edir.
Füzuli rayonunda gəlin evdən çıxarkən üzərlik yandırırlar. Gəlin bəy evinə bərəkət üçün çörək, nəzər qaytarmaq üçün qoyun ayağı və çıraq aparır. Bunları yengə götürür. Gəlin bəy evinə aparılarkən qarşısına güzgü tutur və şamları yandırırlar, başına konfet, qənd tökürlər. Rayonun kəndlərində XX əsrin 20-30-cu illərdə ənənəvi olaraq gəlini at belində aparırdılar. Gəlinə çəhrayı, yaxud qırmızı rəngdə tuman, kofta, üstündən qırmızı kəmər, saçaqlı, məxməri bəzəkli arxalıq geyindirir, onu aparan atı da bəzəyirdilər.
Müasir dövrdə də bu rayonda əksər toylarda toyun sonunda bəylə-gəlini oynadırlar. “Bəy tərifi” başlanır. Toyun axırında bəylə gəlinə çoxlu pul verirlər, həmçinin pulu onların başına səpirlər, fişəng atır, qığılcımlar yandırır, süni yağış kimi su tökürlər. “Bəy oturma” mərasimində xanəndə muğamat oxuyur və bəylə gəlinin qohum-əqrəbasından xələt istəyir. Füzuli rayonunda qız toyunu “toybaşı” adlandırılan qadın idarə edir. Oynayaraq istədiyindən xalat alır, ağacının başına bağlayır və həmin şəxsin havasını çaldırır. Oğlan toyunda toy mağarı ilə yemək mağarı ayrı olur. Bəyin sağdışı və soldışının biri subay, digəri isə evli olur.
Burada gəlini bəzəyəndən sonra əlini öz başına qoyurlar. Deyirlər ki, gəlin süd pulu istəyir. Bu pul isə anaya çatır. Toy günü oğlan evinə gedən qızlar təzə ayaqqabısının altına adlarını yazırlar. Adətə görə hansı ad tez getsə, o qız da tez ərə gedir.
Azərbaycanın Laçın, Ağcabədi və bir sıra başqa rayonlarında ənənəvi toy mərasimi zamanı “Gərdək qaçırmaq” oyunu keçirilir. Belə ki, toy günü cavan və yaşlı adamlar at belində qız evinə gəlirlər. Qız evinin nümayəndəsi gərdəyi mümkün qədər öz qohum və tanışlarına verməyə çalışır ki, oğlan evindən xələt alsın. Oyunçu gərdəyi əlində yuxarı qaldıraraq at üstündə qız evindən oğlan evinə tərəf qaçır. Digər oyunçular da atlarını çaparaq gərdəyi alıb oğlan evinə birinci çatmaq uğrunda mübarizə aparırlar.
Laçın rayonunun Ərikli kəndində toylarda masabəyiyə padşah deyirdilər. Xonça dağıtmaq adəti toylarda xüsusi yer tuturdu. Belə ki, xonça düzəldir, xonçaya qiymət qoyur, üstünü örtürdülər. Xonçanın örtüyünü açan şəxs xonçadakıları paylayır, xonça boşqabını isə sındırırdı. Toylarda sağdış qardaşlıq adlanırdı. Qardaşlıq gəlinə paltar, qızıl, qoyun, mal gətirirdi. Öz növbəsində qardaşlığa at bağışlayırdılar. Toya dəvət olunanları at ilə çağırışçı çağırırdı. Gəlini oğlan toyunun axırında aparardılar. Gəlini gətirəndə bəy qonşuda gizlənirdi. Sonra məşəl yandırar, musiqinin müşayiəti ilə bəyi gətirər və bəy tərifi olardı.
Gəlin üç gün gərdəyin arxasında otururdu. Qayınata gəlinə at, mal bağışlayar və gəlin üzə çıxardı.
Azərbaycanın hər yerində olduğu kimi, Qarabağda da toy mərasimləri zamanı, xüsusilə də toy günlərində qarşılıqlı yardım formalarından biri kimi, toy evinə qohum-əqrəbanın ərzaq, qoç-qoyun gətirməsi ənənəsi vardı. Azərbaycanın bir çox bölgələrində “diz dayağı”, “toy payı” adlanan bu ənənə Qarabağda da icra olunurdu. Eyni zamanda qədim Azərbaycan toylarında “bəydurma”, “bəyoturma”, “bəylik taxtı”, “bəybaşı” adlanan bəyin sağdış-soldışla mağara gətirilməsi ənənəsi də Qarabağda mövcud idi. Bu mərasim zamanı Qarabağ toylarında gənclər arasında “Xan-xan”, “Xan-vəzir”, “Maral oyunu” kimi xalq-meydan tamaşaları geniş yayılmışdı.
Qədimdə Azərbaycanda, o cümlədən Qarabağda “Hümmət toyu” deyilən bir adət varmış. Kənd ağsaqqalı yoxsul, yetim bir gəncin toyunu təşkil edir və kənd camaatını bu toya dəvət edirdi. Toya gələnlər də imkanları müqabilində yeni yaranan ailəyə lazım olan əşyadan, ərzaqdan “toy payı” gətirirdi. Bu tip toylara indi də qismən rast gəlinir. Lakin toyu oğlanın qohumlarından biri təşkil edir. Zəngin irsə malik olan Qarabağ bölgəsinin toy mərasimlərində ənənəvi, lokal ənənələr indi də qalmaqdadır.
Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və ətrafdakı ərazilərinin 20%-nin 30 ilə yaxın bir müddətdə təcavüzkar ermənilərin nəzarətində olması bu ərazidə yaşayan əhalinin məcburi köçkün vəziyyətində yaşamaları onların yaşayış tərzinə, adət-ənənələrinə təsir göstərmişdir.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Prezident Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribat törətdiklərini bəyan etdi. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqın birliyi, ordumuzun qüdrəti nəticəsində Azərbaycan dövləti qalib gəldi.
Bu gün Qarabağın işğaldan azad edilmiş torpaqlarında Azərbaycan dövlətinin rəşadəti, səyi nəticəsində dağıdılmış şəhərlər, kəndlər yenidən tikiləcək, o yerlər yenə də çal-çağırlı olacaq, Qarabağ öz doğma sakinlərini yenidən qoynuna alacaq. Bağlar, bağçalar, tarlalar yenə də əvvəlki növrağına qayıdacaq.

Nərgiz QULİYEVA,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi,
tarix üzrə elmlər doktoru, professor.

Published in Digər xəbərlər

Daha bir beynəlxalq İSO - Keyfiyyətin İdarə Olunması standartı lider mobil operatorun abunəçilərinə göstərdiyi yüksək xidmət səviyyəsinin növbəti göstəricisidir

Published in Digər xəbərlər
1 -dən səhifə 2