XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə, 03 Mart 2021

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:

1. 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. 2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 mart 2021-ci il.

Published in Sərəncam

Tarixə çevrilən 2020-ci il Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qazanılan parlaq hərbi-siyasi Qələbə və 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ili kimi həkk olundu. Bu da bir faktdır ki, yola saldığımız il həm də bütün dünya dövlətlərində olduğu kimi, koronavirus pandemiyasının vurduğu ziyan Azərbaycan iqtisadiyyatından da yan keçməmişdir. Dövlətimizin başçısı 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki nitqində bu barədə demişdir: “Baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb.

Ötən ilin statistikasına nəzər salsaq, iqtisadiyyatda müəyyən geriləmələr olsa da, müsbət göstəricilər də diqqəti cəlb edir. Məsələn, ötən il iqtisadiyyatımızda 4 faiz azalma olsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artmışdır. Kənd təsərrüfatında artım 2 faizdir və bu tendensiya davam edir. Orta əməkhaqqı və orta pensiya 13-14 faiz, Dövlət Neft Fondunun vəsaiti 0,5 faiz artıb. Beynəlxalq maliyyə-iqtisadi qurumları və ekspertlər 2021-ci ildə Azərbaycan iqtisadiyyatı üçün nikbin proqnozlar söyləyirlər. Belə ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ölkəmizin iqtisadiyatındakı artımı bu il 1,7-2 faiz arasında proqnozlaşdırırlar.

Lakin Azərbaycan hökuməti iqtisadi artım tempinin 3,4 faiz olacağını planlaşdırır. Buna stimul verən səbəb kimi, işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işlərinin aparılması, kənd təsərrüfatı məhsullarının qeyri-neft sektorunda mühüm rol oynayacağı göstərilir. Digər tərəfdən, məlum olduğu kimi, dünya neft bazarında Azərbaycan neftinin bir barelinin qiyməti artıq 65 ABŞ dolları civarındadır. Ekspertlər bu tempin davam edəcəyini bildirirlər. Bu da əlbəttə ki, ölkəmizdə sosial proqram və layihələrin uğurla yerinə yetiriləcəyinə zəmin yaradır.

Qeyd edək ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə həm də qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev sözügedən müşavirədəki nitqində demişdir: “Bizim 2021-ci ildə işlərimiz çoxdur, həm ənənəvi işlər, hansılar ki, dövlət investisiya proqramında təsbit olunub, eyni zamanda, azad edilmiş ərazilərdə görüləcək işlər, mən əsasən bu haqda sözümü demək istəyirəm. Çünki, bizim ənənəvi infrastruktur layihələrimiz, demək olar ki, başa çatmaq üzrədir. Əgər azad edilmiş torpaqları istisna etsək”.

Beləliklə, bu il həyata keçiriləcək işlər içərisində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması xüsusi yer tutur və qarşıda duran vəzifələr sırasında prioritet istiqamətlərdən biridir. Yeri gəlmişkən, dövlətimizin başçısı həmin müşavirədə işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı konkret vəzifələr müəyyən etmiş və bu istiqamətdə zəruri tapşırıqlarını vermişdir.

İlk növbədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, daşı-daş üstə qalmayan şəhər və kəndlərimizdə dövlət və mülki obyektlərə, fərdi evlərə dəymiş ziyanın qiymətləndirilməsi, yaşayış yerlərinin bərpası zamanı “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına üstünlük verilməsi ön plana çəkilmişdir. Dövlət başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmış, Böyük qayıdışın həyata keçirilməsi üçün Strateji Fəaliyyət Planı hazırlanmışdır. Bir sözlə, keçmiş məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıdışına hazırlıq aparılır. Bu prosesin beynəlxalq normalara uyğun həyata keçirilməsi, dinc əhalinin təhlükəsiz və layiqli şəkildə qayıdışının təşkil edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.

İşğaldan azad edilmiş ərazilər minalardan təmizləndikcə, yol infrastrukturunun qurulması birinci yerdə durur və bu işə artıq başlanmışdır. Qarabağın incisi olan Şuşa şəhərinə yol çəkilişi ilk layihə oldu. Azərbaycan Prezidenti vurğulamışdır ki, Şuşa şəhərinə getmək üçün yol çəkilişi mütləqdi və bu sahədə işlərə start verilib. Məlumat üçün bildirək ki, Füzuli-Şuşa avtomobil yolunun (“Zəfər yolu”) təməli 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. Uzunluğu 101,5 kilometr olan yolun eni 37,7 metr təşkil edəcək. Avtomobil yolu Füzuli-Xocavənd və Xocalı rayonlarının ərazilərini əhatə etməklə 20-dən artıq yaşayış məntəqəsindən keçəcək. Layihəyə ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır. Tikinti işlərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə qardaş Türkiyənin 2 şirkəti də iştirak edir.

İkinci yol layihəsi Gəncə-Toğanalı-Kəlbəcər yoludur. Yeni yolla bağlı layihələndirmə işləri aparılır. Bu işlərə də Türkiyə şirkətləri cəlb olunub. Yol birinci texniki dərəcəyə uyğun Ömər zirvəsinə (Murovdağı) qalxmadan çəkiləcək, bir neçə tunel də inşa olunacaq. Eyni zamanda Füzulinin Horadiz qəsəbəsindən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilməsinə hazırlıq işlərinə başlanılıb. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna qədər davam etdiriləcək və beləliklə, iki tərəfdən - həm şimaldan, həm də cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaranacaq.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti, Ali Baş Komandan həmçinin Laçın ya Kəlbəcərdə yeni beynəlxalq hava limanının tikiləcəyini, Füzuli şəhərində də beynəlxalq hava limanının inşa ediləcəyini vurğulamışdır. Bu layihələrin həm Qarabağ bölgəsinin inkişafı üçün lazım olduğunu, eyni zamanda Şuşaya gəlmək istəyən xarici qonaqların rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklərini bildirmişdir. Çünki iki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etməkdə, yüklərin daşınmasında, turizm sektorunun inkişafına kömək göstərməkdə, insanların rahatlığında böyük rol oynayacaq.

Qarabağ bölgəsində çəkiləcək yeni dəmir yolu xətləri də mühüm layihələrdəndir. Bu layihələrdə Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yolunun tikitisi nəzərdə tutulub. Horadiz-Ağbənd dəmir yolu da yenidən tikiləcək. Bu yol Naxçıvan dəhlizini açmaq üçün xüsusi əhəmiyyət daşıyır.

Müşavirədə həmçinin Azərbaycan Prezidenti azad edilmiş torpaqlarda kənd təsərrüfatı məhsuldarlığının artırılması üçün suvarma işləri sürətlə getməli və bu ərazilərdə ən müasir suvarma sistemlərinin təşkil edilməli olduğunu, orada su mənbələrinin də kifayət qədər çoxluğunu, bölgədə enerji təchizatı ilə bağlı göstərişlər verdiyini, həm ənənəvi, həm bərpa olunan enerji növlərinin bu ərazilərdə geniş vüsət alacağını və Qarabağın yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacağını bildirmişdir.

Dövlətimizin başçısı Qarabağın turizm potensialını belə dəyərləndirib: “Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri zəngin və əhatəlidir. Məlum olduğu kimi, dövlətimizin başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. İşğaldan azad olunmuş ərazilərə edilən bu səfər tarixi əhəmiyyət daşıyan hadisələrlə əlamətdar olmuşdur.

Səfər çərçivəsində ölkə rəhbərinin ilk dayanacağı Füzuli rayonu oldu. Azərbaycan Prezidenti burada Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu layihə olduqca vacib və əhəmiyyətlidir. Ona görə ki, yeni qurulacaq bu nəqliyyat infrastrukturu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasında mühüm rol oynayacaq. Ümumiyyətlə, Azərbaycandan Naxçıvana quru dəhlizin açılması böyük tarixi nailiyyətdir.

Həmin gün dövlətimizin başçısı Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Qeyd edək ki, Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edildi. Azərbaycan Prezidenti buradakı çıxışında bildirmişdir ki, mənfur düşmən 30 illik işğal dövründə bu stansiyalardan istifadə edib. Lakin Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində bütün su elektrik stansiyalarını darmadağın edib, avadanlıqları aparıb, stansiyaların binalarını dağıdıb, o cümlədən Güləbird Su Elektrik Stansiyasını da. Ancaq verilən tapşırıqlar nəticəsində qısa müddət ərzində bu stansiyanın açılışı qeyd olunur.

Ümumiyyətlə, Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan və Cəbrayıl rayonlarında isə daha çox günəş enerjisinin böyük potensialı var.

Səfər çərçivəsində dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunda olub, burada çinar ağacı əkiblər. Daha sonra çaya balıqlar buraxılmışdır. Ermənilər işğal altında saxladıqları dövrdə bu qoruqda da ekoloji terror törədiblər. Məlumat üçün bildirək ki, Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır.

Azərbaycan Prezidenti bu bölgəyə səfəri zamanı kənd təsərrüfatının inkişafı ilə bağlı tövsiyə və tapşırıqlarını da vermişdir. 100 min hektar torpaq sahələri bol suları olan Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylarla suvarılacaq, bununla da 6-7 rayonun kənd təsərrüfatı sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaqdır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri çərçivəsində bir sıra infrastruktur layihələri açılışında və təməl qoyma mərasimlərində iştirak etməsi Qarabağ torpaqlarında yenidənqurma və bərpa işlərinə start verildiyinin bariz nümunəsidir. Yollar tikilir, işıq xətləri yenilənir, su elektrik stansiyalarının, hava limanlarının təməli qoyulur, əkinəyararlı torpaqların becərilməsinə başlanılıb. Dövlətimizin başçısının bu bölgəyə səfərləri Qarabağa Böyük Qayıdışın daha da sürətləndirilməsinə, görülən işlərin və infrastruktur layihələrinin icrasına yol açır.

Ramiz YUSİFLİ,

“Respublika”. 

Published in Digər xəbərlər

İtaliyanın “İl Giornale”, “Messenger News”, “Focus News 24”, “Kmetro”, “Metroct”, “Politicamente Corretto”, “EurasiaNews”, “Globus Magazine”, “Agenzia Nova” kimi mətbu orqanları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə dair məlumatlar dərc edib. Məlumatlarda çoxsaylı yerli və xarici media nümayəndələrinin iştirak etdikləri mətbuat konfransının 4 saatdan artıq davam etdiyi və Prezident İlham Əliyevin 50-yə yaxın sualı cavablandırdığı vurğulanıb.

Məlumatlarda Prezident İlham Əliyevin açılış nitqində 1992-ci il 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən 613 mülki azərbaycanlının qətlə yetirildiyi Xocalı faciəsindən bəhs etdiyi bildirilib.

Yazılarda jurnalistlərin suallarını cavablandıran dövlət başçısının Vətən müharibəsinin nəticələrinə dair məlumat verdiyi, bunun otuz illik səmərəsiz danışıqlardan daha effektli olduğunu bildirdiyi qeyd olunub. Prezident İlham Əliyevin bu sözlərinə yer verilib: “Biz öz sərhədimizdə dayanmışıq və erməni əhalisinə qarşı hər hansı bir zərərli addımlar atmırıq. Biz orada “Azərbaycana xoş gəlmisiniz” lövhəsi asmışıq və mən anlamıram, bu, nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur. Biz yanlış heç nə yazmamışıq”.

Həmçinin dövlətimizin başçısının fikirlərinə istinadən bildirilib ki, Azərbaycan mümkün olmayanı 44 gün ərzində reallığa çevirib, Xocalı qurbanlarının intiqamını döyüş meydanında alıb: “Biz Xocalıya da qayıdacağıq. Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir”.

Məlumatlarda, həmçinin ölkə başçısının Ermənistanın üçtərəfli Bəyanatın icrasını pozmağa cəhd göstərəcəyi halda bunun onun üçün sui-qəsd olacağını, hər hansı revanş cəhdlərinin Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacağını bildirdiyi qeyd edilib. Prezident İlham Əliyevin Ermənistanda baş verən böhrana münasibətdə bu tragikomediyaya son qoyulmalı olduğunu bildirdiyi vurğulanıb. “Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir... Müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Biz yeni reallıq yaratdıq və indi hər kəs bu reallıqla barışmalıdır, hesablaşmalıdır”, - deyə ölkə başçısının fikirlərinə istinad olunub.

Əcnəbi əsgərlərə münasibətdə Prezident İlham Əliyev onların Azərbaycan ərazisində fəaliyyət göstərməsinin müvəqqəti xarakter daşıdığını, onların xüsusi missiya icra etdiklərini, bunun hərbi baza anlamına gəlmədiyini, beş ildən sonra Azərbaycanın bu məsələ ilə bağlı fərqli fikir sərgiləyəcəyi halda onların fəaliyyətinə son veriləcəyini, onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda, azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacağını, Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsinin müzakirə mövzusu olmadığını, işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyinin təmin edildiyini, müntəzəm reydlər keçirildiyini, buna görə vəziyyətin tam nəzarət altında olduğunu bildirdiyi qeyd olunub.

Məlumatlarda, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına dair Prezident İlham Əliyevin fikirlərinə yer verilib.

Mətbuat konfransında, habelə Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin qovulduğu ərazilərə qayıtmasının qrafiki məsələsinə də toxunduğu, onların qayıtmasından öncə ərazilərin minalardan təmizlənməli olduğunu, ziyanın qiymətləndirilməsinin tamamlanmalı, infrastrukturun bərpa edilməli, şəhər və kənd planlamasının başa çatdırılmalı olduğunu bildirdiyi qeyd edilib. Habelə Prezidentin sözlərinə istinadən vurğulanıb ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və Füzuli Beynəlxalq Hava Limanının bu payız istifadəyə verilməsi planlaşdırılıb. Hazırda həmin hava limanı ilə yanaşı, Şuşa şəhərinə də iki magistral yolun tikildiyi, Laçın və Zəngilan hava limanları da inşa ediləcəyi, Zəngilanın əhəmiyyətli bir logistik mərkəzə çevriləcəyi vurğulanıb.

Prezident İlham Əliyevin davamlı sülh və təhlükəsizliyin 10 noyabr Bəyanatına sadiq qalmaqla, revanşizmdən çəkinmək və əməkdaşlığa üstünlük verməklə təmin edilə biləcəyini, məqsədin üçtərəfli əsasda əlaqəni bərpa etmək və Zəngəzur dəhlizini yaratmaq olduğunu, bunun reallığa çevriləcəyi halda Ermənistanın da sülhdən faydalanacağını bildirdiyi qeyd olunub.

Yazılarda ölkə başçısının erməni tərəfinin minalanmış sahələrin xəritələrini təqdim etməməsini cinayət kimi qiymətləndirdiyi, bu səbəbdən müharibə bitdikdən sonra  həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında həlak  olanların olduğunu, minalanmış sahələrin xəritələrini ölkəmizə verməməyin dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək demək olduğunu bildirdiyi diqqətə çatdırılıb. 

AZƏRTAC

Published in Diaspora

İraqın rəsmi mətbu orqanı olan “əs-Sabah” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, qəzetin müxbiri işğaldan azad olunmuş torpaqlarımıza, o cümlədən Ağdam şəhərinə səfəri zamanı gördüyü dağıntıların həcmindən dəhşətə gəldiyini qeyd edir.

Məqalədə müxbir Azərbaycan Prezidentinin fevralın 26-da keçirdiyi mətbuat konfransında iştirak etdiyini bildirib və bu barədə təəssüratlarını çatdırıb. Qəzet Prezident İlham Əliyevin iraqlı jurnalistin sualına cavabından fikirləri təqdim edib.

Prezident İlham Əliyev təkcə Ağdam məscidinin deyil, vaxtilə işğal altında qalan digər ərazilərimizdəki bütün məscidlərin, dini, tarixi və mədəniyyət abidələrimizin dağıntılara, təhqiramiz hallara məruz qaldığını bildirib: “Doğrudan da, Ağdam şəhərinin görüntüləri hamımız üçün çox ağrılıdır və bütün dünya bunu görməlidir. Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir. Biz bunu belə qəbul edirik. Bu təhqiri edənlər bu gün Ermənistan siyasi müstəvisində də özləri üçün yer tapmaq istəyirlər. Ermənistanın keçmiş prezidenti Köçəryanın dağılmış və üzərində təhqiramiz ifadələr olan həmin Ağdam məscidinin önündə fotoşəkilləri var. Onlar bu cinayəti törədiblər və mən dəfələrlə müxtəlif tədbirlərdə, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşlərində və digər beynəlxalq tədbirlərdə qeyd edirdim ki, bu cinayəti törədənlər, İslam müqəddəslərinin təhqirini özünə rəva bilənlər heç vaxt müsəlman ölkələri ilə dost ola bilməzlər”.

Dövlət başçısı mətbuat konfransında iştirak edən media nümayəndələrinin nəzərinə çatdırıb ki, Azərbaycan dövləti azad olunmuş torpaqları, oradakı tarixi, dini, mədəniyyət abidələrini, eləcə də bütün məscidləri bərpa edəcək. “İslam ölkələrinin nümayəndələri bu məsələ ilə bağlı öz təkliflərini verirlər. Bu yaxınlarda sizin də qeyd etdiyiniz kimi, İCESCO-nun nümayəndə heyəti Azərbaycanda idi. Onlar Ağdam məscidini ziyarət etmişlər və ondan sonra İCESCO-nun Baş katibi ilə görüş əsnasında belə bir təklif irəli sürüldü ki, İCESCO bizim tarixi abidələrimizin bərpası işində öz rolunu oynaya bilər”, - deyə Prezident iraqlı jurnalistin sualına cavabında bildirib.

Xatırladaq ki, mətbuat konfransında Azərbaycan Prezidenti dünyanın 35 media qurumunun nümayəndələrinin 50-dək sualını cavablandırıb, İkinci Qarabağ müharibəsinin başlanma səbəblərini, Rusiya sülhməramlılarının, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini, azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini, Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini və digər məsələləri geniş şərh edib.

AZƏRTAC

Published in Diaspora

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində martın 2-5-də virtual formatda Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

QH tarixində ilk dəfə baş tutacaq bu tədbirdə iştirak üçün QH üzv dövlətlərindən yüzlərlə gənc müraciət edib və rəqabətli seçim prosesi nəticəsində 39 QH üzv dövlətini təmsil edən 60 gənc məşğələdə iştirak hüququ qazanıb.

İştirakçılar QH üzv dövlətlərinin yüksək vəzifəli rəsmilərinin rollarını canlandırmaqla COVİD-19 pandemiyasından sonrakı dövr üçün Qoşulmama Hərəkatına üzv dövlətlərin tövsiyələrini hazırlayacaqlar.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibinin gənclər üzrə xüsusi elçisi Cayatma Vikramanayake çıxış ediblər.

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi adından çıxış edən xarici işlər naziri Ceyhun Bayramov iştirakçılara COVİD-19-a qarşı mübarizədə Azərbaycan Respublikasının ölkə başçısı adından QH sədri qismində irəli sürülmüş təşəbbüslər barədə məlumat verib. Nazir, eyni zamanda, COVİD-19-a qarşı vaksinlərin pandemiyanın sona çatması ilə  bağlı müəyyən ümidlər yaratdığını, lakin vaksinlərin qlobal miqyasda qeyri-bərabər və ədalətsiz bölgüsünün bu istiqamətdə əsas əngəllərdən biri olduğunu vurğulayıb. Gənclərin postpandemiya bərpa dövrü ilə bağlı öz yanaşmalarını sərgiləmələrinin əhəmiyyətindən bəhs edən nazir hazırkı tədbirin bu istiqamətdə olduqca faydalı olacağını bildirib.

BMT Baş katibinin elçisi isə öz çıxışında Qoşulmama Hərəkatının COVİD-19 pandemiyasına qarşı mübarizədə oynadığı rola xüsusi diqqət çəkərək, pandemiyanın BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin icrasına ciddi əngəllər törətdiyini və gənclərin pandemiyadan sonrakı reabilitasiya dövründə oynayacağı rolun əhəmiyyətini vurğulayıb. Bu xüsusda, BMT nümayəndəsi BMT Baş katibinin təşəbbüsü ilə irəli sürülmüş BMT-nin Gənclər siyasəti üzrə 2030-cu il Strategiyasından bəhs edib. Sonda BMT elçisi simulyasiya məşğələsinin iştirakçılarına uğurlar arzu edərək simulyasiyada iştirak edən gənclərlə tədbirdən sonra da işləməyə hazır olduğunu bildirib.

Məşğələnin 5 marta qədər davam edəcək növbəti hissələrində iştirakçıların regional bölgü (Latın Amerikası, Asiya və Afrika/Avropa) əsasında qrup müzakirələrinin və bütün iştirakçıların iştirakı ilə keçiriləcək plenar iclaslarının baş tutması və sonda Simulyasiyanın yekun sənədinin razılaşdırılıb qəbul edilməsi gözlənilir.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Energetika sahəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib. Görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin mövcud səviyyəsi və inkişaf perspektivləri istiqamətində müzakirələr aparılıb.

Nazir Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində görülən işlər haqqında məlumat verib.

Səfir bərpaolunan enerji sahəsində Almaniya təcrübəsi haqqında danışıb, həmçinin cari il martın 16-17-də keçirilməsi planlaşdırılan “Berlin Energy Transition Dialogue 2021” beynəlxalq konfransına dəvət məktubunu təqdim edib. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in İqtisadiyyat

Martın 2-də Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev Türkiyənin Azərbaycanda fəaliyyət göstərən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbərliyi ilə görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları salamlayan vitse-spiker bildirib ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın münasibətləri fonunda uğurla inkişaf edir.

Bildirilib ki, ölkələrimiz ortaq tarixə malik, ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” olan iki qardaş dövlətdir. Ölkəmizin apardığı haqq savaşında Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyi Azərbaycan xalqı hər zaman xatırlayacaq.

Qeyd olunub ki, qələbədən sonra qarşımızda dayanan əsas məsələ Qarabağın bərpa edilməsidir. Hazırda bu sahədə ölkə rəhbərliyinin göstərişinə əsasən genişmiqyaslı işlər görülməkdədir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev çıxışlarında Qarabağın bərpası zamanı görüləcək işlərə Türkiyə şirkətlərinin də cəlb edilməsinin vacibliyini vurğulayıb. Ölkəmiz üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətə başlayıblar.

Görüşdə qardaş Türkiyə ilə iqtisadi, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlıqdan söhbət açılıb, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndələri iki ölkənin ortaq dəyərləri bölüşdüyünü, bundan sonra da daim bir-birinə dəstək vermələrinin vacibliyini qeyd ediblər. Qonaqlar qüdrətli Azərbaycan Ordusunun Ermənistan ordusunu məğlubiyyətə uğradaraq qazandığı tarixi qələbədən, ərazilərimizin işğaldan azad olunmasından məmnunluqlarını ifadə ediblər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir Anar Kərimovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankarada görüşü keçirilib.

Martın 2-də keçirilən görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluq ifadə edilib. Ölkələrimizin həyata keçirdikləri birgə layihələrin əhəmiyyəti vurğulanıb. Dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Söhbət zamanı Türkiyə-Azərbaycan birliyinin təcəssümü olan tarixi Zəfərdən, 44 günlük Vətən müharibəsində qardaş ölkənin göstərdiyi böyük dəstəkdən söz açılıb.

Görüşdə ikitərəfli münasibətlər, mədəniyyət sahəsində inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Martın 2-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın nüfuzlu “Le Mond” qəzetinin müxbiri Emmanuel Qrinzpam ilə görüşüb müsahibə verib.

QMİ-dən AZƏRTAC-a bildiriblər ki, Qafqaz, Azərbaycan müsəlmanlarının dini lideri ilə görüş imkanını yüksək dəyərləndirən fransız jurnalist onu maraqlandıran sualları Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlayıb. Fransalı jurnalistin sualları sırasında Azərbaycanın dini modeli, ölkədə hökm sürən dinlərarası harmoniyanın təməlində duran dəyərlər, bunun tarixi aspekti və bugünkü reallıqları, dövlət-din münasibətlərinin səviyyəsi, Avropa üçün örnək ola biləcək dinlər və konfessiyalararası münasibətlər nümunəsi, məzhəblərarası anlaşma mühitini şərtləndirən səbəblər, sekulyar cəmiyyətlərdə dinin yeri, rolu və bu kimi digər məsələlər yer alıb. Fransalı jurnalist üçün xüsusi önəm kəsb edən məqamlar Azərbaycanın, Qafqazın müsəlman dini liderinin uzun onilliklər ərzində beynəlxalq miqyasda tanınan, mövqeyi dəyərləndirilən mənəvi xadim, ağsaqqal statusunda qəbul edilməsi kontekstində şeyxülislamın şəxsiyyəti, formalaşdığı mühit ilə bağlı suallarda əksini tapıb. Tanınmış müxbir müsahibə zamanı Fransada dinlərarası münasibətlər nümunəsindən bəhs edərək, Azərbaycanla müqayisəli şəkildə, paralellər apararaq da bəzi suallar səsləndirib.

Erməni kilsəsi ilə dinlərarası əlaqələrin səviyyəsi, indiyədək baş tutmuş görüşlər, habelə 44 günlük İkinci Qarabağ müharibəsi dövrünə dair məsələlər də fransalı media təmsilçisini maraqlandıran suallar sırasında olub.

QMİ sədri sualları geniş şəkildə cavablandırıb. Azərbaycan xalqının öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qazandığı Zəfərin mənəvi önəmi, bu zəfərin qazanılmasında Azərbaycanda yaşayan bütün dini konfessiyadan olan vətəndaşlarımızın dövlət ətrafında sıx birləşməsindən, Vətənin ərazi bütövlüyünün bərpa olunmasında azərbaycanlılarla yanaşı, ruslar, yəhudilər, ukraynalılar arasından şəhid qəhrəmanlarımızın olduğunu fəxarətlə vurğulayan şeyxülislam Allahşükür Paşazadə Azərbaycan dövlətinin hər zaman sülh, bölgədə dinc qonşuluq, iqtisadi əməkdaşlıq tərəfdarı olduğunu qeyd edib. QMİ sədri Azərbaycan Prezidentinin bu yaxınlarda yerli və xarici media ilə keçirdiyi, böyük beynəlxalq rezonans doğurmuş press-konfransda erməni tərəfinə ünvanlı səsləndirilmiş dinc birgəyaşayış ismarıclarının ermənilər tərəfindən lazımınca dəyərləndirilməsinin vacibliyinə diqqəti çəkib. 

Şeyxülislam dinlər və konfessiyalar arasında qarşılıqlı anlaşma və əməkdaşlıq mühitinin formalaşmasında təkcə din xadimlərinin səylərinin kifayət etmədiyini, bunun üçün dövləti iradənin, siyasi xəttin vacib əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Dünyada sülh və əmin-amanlığın təmin olunmasında dini liderlərin səylərinin önəm kəsb etdiyini bildirən Şeyxülislam Allahşükür Paşazadə bu istiqamətdə özünün hər zaman fəal şəkildə çalışdığını, istər Sovetlər dönəmində, istər Azərbaycanın müstəqillik illərində dinlərarası dialoq müstəvisində səylərini əsirgəmədiyini faktlarla fransalı müxbirin diqqətinə çatdırıb. Bir insanın həyatının xilasını bütün bəşərin xilası ilə eyni dəyərdə qiymətləndirən İslam dininin hökmlərini rəhbər tutaraq 30 ildən artıq müddətdə erməni kilsəsinin dini liderləri ilə apardığı dialoqlardan, münaqişənin dini müstəviyə keçməməsi üçün səylərindən bəhs edib. QMİ sədri təəssüflə bildirib ki, erməni kilsəsi dinin sülhyaratma missiyasını rəhbər tutmaq əvəzinə hərbə, işğala haqq qazandırma mövqeyindən çıxış edərək, öz xalqını müharibəyə sövq edir, dünyada, o cümlədən Avropa miqyasında yalan təbliğatlar aparır, işğal dövründə Qarabağdakı dini məbədləri məhv edən, məscidləri talan edib, həqarətə məruz qoyan, qədim alban, pravoslav kilsələrini qriqoryanlaşdırdıqları halda, Azərbaycanın dini məbədlərə münasibətinə dair qarayaxmalar yayır. Azərbaycanın haqq mübarizəsinin əsl həqiqətlərini dünya ictimaiyyətinə geniş yaymaq üçün bütün müstəvilərdən, o cümlədən üzvü olduğu beynəlxalq və regional qurumların xitabət kürsülərindən istifadə etdiyini, onları mütəmadi məlumatlandırdığını qeyd edən QMİ sədri erməni kilsəsinin qonşu xalqlar olan Azərbaycan və Ermənistan arasında sülhün və gələcək əlaqələrin qurulmasını deyil, qarşıdurmanı təşviq edən mövqeyini qınadığını bildirib.

Şeyxülislam Fransaya səfərlərini xatırlayaraq, orada müsəlman din xadimləri ilə görüşlərindən söhbət açıb, əslən fransalı xristian din xadimləri ilə birgə beynəlxalq dinlərarası dialoq müstəvisində əməkdaşlıq nümunələrindən bəhs edib. O, Qarabağda Azərbaycana qarşı döyüşən terrorçuların Fransada mühakimə ediləcəyi ilə bağlı xəbərləri müsbət dəyərləndirdiyini bildirib. 

Dünyada və bölgəmizdə sülh və anlaşmanın bərqərar olması üçün bundan sonra da səylərini davam etdirəcəyini bildirən şeyxülislam Allahşükür Paşazadə Fransanın nüfuzlu nəşrinin Azərbaycan barədə həqiqətləri yaymaq istəyini yüksək qiymətləndirdiyini qeyd edib.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
Çərşənbə, 03 Mart 2021 10:54

Nazirlikdə kollegiya iclası

Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq

Published in Digər xəbərlər
1 -dən səhifə 4