XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə, 05 Fevral 2021

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 fevral 2021-ci il.


Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 4 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında
ƏSASNAMƏ

1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi (bundan sonra - xüsusi nümayəndəlik) işğaldan azad olunmuş ərazilərdə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının struktur bölməsidir.
1.2. Xüsusi nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Xüsusi nümayəndəlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqan və qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Xüsusi nümayəndəlik fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi inzibati ərazi vahidində və ya onun hissələrində (bundan sonra - müvafiq ərazi) həyata keçirir və onun səlahiyyətləri həmin ərazi ilə məhdudlaşır. Xüsusi nümayəndəlik müvafiq ərazidə yerləşir.
2. Xüsusi nümayəndəliyin
fəaliyyət istiqamətləri
2.1. Xüsusi nümayəndəliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək;
2.1.2. müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək;
2.1.3. müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək;
2.1.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Xüsusi nümayəndəliyin
vəzifələri və hüquqları
3.1. Xüsusi nümayəndəliyin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin, digər təşkilatların müvafiq ərazidə əlaqələndirilmiş fəaliyyətini təmin etmək;
3.1.2. müvafiq ərazi üzrə əhalinin yaşayış yerlərinə qayıtması və məskunlaşması üçün zəruri təhlükəsizlik, iqtisadi, sosial, kommunal və digər tədbirlər planları layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq olunmuş planların icrasına nəzarət etmək;
3.1.3. müvafiq ərazidə əhalinin rifahının yaxşılaşdırılmasına nail olunması üçün müvafiq dövlət proqramları layihələrinin hazırlanmasında və təsdiq edilmiş proqramların icrasına nəzarətdə iştirak etmək;
3.1.4. müvafiq ərazidə mülkiyyətin, o cümlədən dövlət əmlakının mühafizəsi istiqamətində tədbirlər görülməsini təşkil etmək və onların icrasına nəzarət etmək;
3.1.5. müvafiq ərazidə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılmasının təşkilinə nəzarət etmək;
3.1.6. müvafiq ərazidə mülkiyyətə, o cümlədən dövlət əmlakına zərər vurulmasının qarşısının alınması, vurulmuş zərər ilə əlaqədar əvvəlki vəziyyətin bərpası, zərərin əvəzinin ödənilməsi və digər tədbirlər barədə dövlət orqanları (qurumları) qarşısında məsələ qaldırmaq;
3.1.7. müvafiq ərazi hüdudlarında dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya istifadəyə, icarəyə verilməsinin müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə uyğunluğunu yoxlamaq, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların səmərəli istifadəsi və mühafizəsi üçün zəruri tədbir görülməsi ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları), bələdiyyə qarşısında məsələ qaldırmaq;
3.1.8. müvafiq ərazidə kənd təsərrüfatı üçün yararlı torpaqların və onların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, heyvandarlıq məqsədləri üçün saxlanılan heyvanların uçotunun aparılması, saxlanılması, mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi işlərinə nəzarət etmək;
3.1.9. müvafiq ərazidə ayrı-ayrı əşyaların mülki dövriyyədən çıxarılması və ya onların mülki dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı məsələ qaldırmaq;
3.1.10. sahibkarlıq fəaliyyəti subyektlərinin müvafiq ərazidə həyata keçirdikləri və ya təqdim etdikləri biznes layihələrinin müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə uyğunluğunu yoxlamaq və müvafiq tədbirlər görmək;
3.1.11. müvafiq ərazidə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət siyasətinin effektiv həyata keçirilməsində iştirak etmək, habelə yerli səviyyədə şəhərsalma nəzarətini təşkil etmək;
3.1.12. müvafiq ərazidə milli memarlıq ənənələrinin qorunub saxlanılmasına, tarixi və təbii landşaftın qorunmasına, inkişaf etdirilməsinə, memarlıq üslubuna riayət edilməsinin təmin olunmasına, landşaft və ya məkan görünüşündən səmərəli istifadə ilə bağlı tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
3.1.13. müvafiq ərazidə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılmasına və mühafizəsinə nəzarət etmək;
3.1.14. müvafiq ərazidə tikinti layihələrinin, tikinti, tikinti-quraşdırma, bərpa, yenidənqurma, abadlaşdırma və digər bu kimi işlərin müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə uyğunluğunu yoxlamaq və müvafiq tədbirlər görmək;
3.1.15. müvafiq ərazidə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi işlərini təşkil etmək;
3.1.16. müvafiq ərazidə təxirəsalınmaz tibbi yardımla təminedilmə və digər zəruri təxirəsalınmaz tibb xidmətlərinin göstərilməsi vəziyyətini qiymətləndirmək və bu barədə aidiyyəti üzrə məlumat vermək;
3.1.17. müvafiq ərazidə istehsalat və məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi işini təşkil etmək, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlər görmək, tullantılarla davranma qaydaları barədə məlumatlandırılmanı təmin etmək;
3.1.18. müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı, mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
3.1.19. müvafiq ərazidə zəruri rabitə şəbəkəsinin qurulmasına, dövlət orqanları (qurumları) əməkdaşlarının xüsusi rabitə ilə təmin olunmasına nəzarət etmək;
3.1.20. müvafiq ərazi üzrə ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunmasının təmin edilməsinə, mühüm obyektlərin təhlükəsizliyinin təmini üçün tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
3.1.21. müvafiq ərazidə hərəkət rejiminin tənzimlənməsi işini təşkil etmək, bu sahədə əlaqələndirməni həyata keçirmək;
3.1.22. zərurət olduqda, müvafiq əraziyə giriş-çıxışın xüsusi rejimini müəyyənləşdirmək və həmin rejimin tətbiqini müvafiq ərazinin komendantı vasitəsilə təmin etmək;
3.1.23. müvafiq ərazidə minatəmizləmə və minaların zərərsizləşdirilməsi işlərinin aparılmasına nəzarət etmək;
3.1.24. müvafiq ərazidə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsinin aparılmasını, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasını və müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil etmək;
3.1.25. Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi qərarların dövlət orqanları (qurumları) tərəfindən müvafiq ərazidə həyata keçirilməsi vəziyyətini qiymətləndirmək və bununla bağlı aidiyyəti üzrə məlumat vermək;
3.1.26. müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin həvalə etdiyi digər vəzifələri həyata keçirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün xüsusi nümayəndəliyin hüquqları aşağıdakılardır:
3.2.1. xüsusi nümayəndəliyə həvalə edilmiş vəzifələrin icrası ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) qarşısında məsələ qaldırmaq;
3.2.2. müvafiq ərazi ilə bağlı normativ hüquqi aktların, dövlət proqramlarının və digər bu kimi sənədlərin layihələrinə dair təkliflər vermək;
3.2.3. təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları aidiyyəti üzrə təqdim etmək;
3.2.4. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.5. müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək;
3.2.6. qanunvericilikdə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.
4. Xüsusi nümayəndəliyin
fəaliyyətinin təşkili
4.1. Xüsusi nümayəndəliyin strukturunu və ştat vahidlərinin sayını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
4.2. Xüsusi nümayəndəliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidə xüsusi nümayəndəsi (bundan sonra - xüsusi nümayəndə) rəhbərlik edir. Xüsusi nümayəndə xüsusi nümayəndəliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.3. Xüsusi nümayəndənin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini ola bilər. Xüsusi nümayəndənin müavini xüsusi nümayəndənin ona həvalə etdiyi vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyır.
4.4. Xüsusi nümayəndə, onun müavini, xüsusi nümayəndəliyin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşlarıdır.
4.5. Xüsusi nümayəndəliyin əməkdaşlarının işə qəbulunu və işdən azad edilməsini, onlar barəsində həvəsləndirmə və intizam tədbirlərinin tətbiqini Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri həyata keçirir.

Published in Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 8, maddə 440; 2006, N 3, maddə 229, N 6, maddə 498; 2007, N 2, maddələr 86, 101, N 3, maddələr 217, 227, N 7, maddə 714, N 9, maddə 867, N 10, maddə 948, N 12, maddə 1242; 2008, N 1, maddə 9, N 3, maddələr 173, 179, N 6, maddə 499, N 8, maddələr 717, 723; 2009, N 2, maddə 66, N 6, maddələr 419, 421,422; 2010, N 2, maddə 80, N 3, maddə 183, N 10, maddə 850; 2011, N 2, maddə 85; 2012, N 11, maddə 1078; 2013, N 3, maddə 236, N 8, maddə 901; 2014, N 9, maddə 1027; 2016, N 5, maddə 854, N 6, maddələr 1029, 1073; 2017, N 5, maddə 840, N 8, maddələr 1519, 1521; 2018, N 7 (I kitab), maddələr 1445, 1486, N 11, maddə 2287; 2019, N 1, maddə 76, N 4, maddə 655, N 6, maddə 1027, N 7, maddə 1211, N 8, maddə 1405; 2020, N 4, maddə 423, N 6, maddə 708) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.9.7-1-ci və 1.9.10-1-ci yarımbəndlər əlavə edilsin:

“1.9.7-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;”;

“1.9.10-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;”.

2. 2.1.2-ci yarımbəndə aşağıdakı məzmunda 6-1-ci abzas əlavə edilsin:

“6-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;”.

3. 2.1.3-cü yarımbəndə aşağıdakı məzmunda 1-1-ci abzas əlavə edilsin:

“1-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 fevral 2021-ci il.

Published in Fərman

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, N 10, maddə 1248; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 dekabr tarixli 1210 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.5-1-ci yarımbənd əlavə edilsin:

“6.5-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müəyyən etdiyi giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi.”.

2. Aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:

“12-1. Bu Fərmanın 4-cü, 5-ci, 7-ci və 8-ci hissələri Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin təyin edildiyi ərazilərə şamil edilmir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 fevral 2021-ci il.

Published in Fərman

Parlaq qələbə ilə başa çatan Vətən müharibəsi doğma torpaqlarımızın düşmən tapdağı altından azad olunmasıyla yanaşı, ölkədə milli ruhun oyanışına, qürurlu, mətin bir xalqın, sanki yeni azərbaycanlıların doğuluşuna səbəb oldu. Bir gözümüz hüdudsuz qələbə sevincindən doldusa da, o biri gözümüz haqq və ədalət savaşında canından keçmiş əziz şəhidlərimiz üçün yaş axıtdı və hamımızın qəlbində əbədi məşəltək alovlanacaq qürur və ağrı abidəsi - igid Azərbaycan əsgəri abidəsi ucaldı. 

AZƏRTAC tanınmış Azərbaycan şairi Leyla Əliyevanın Azərbaycan əsgərinin ölümsüzlüyü haqqında qələmə aldığı şeirlərini Salam Sarvanın tərcüməsində təqdim edir.

 

 

 

ƏSGƏR

Əsgər... Ədalətə tapınan insan.

Qəlbi Qələbənin eşqilə yanar.

Əsgər... Ürəyində vətən vəfası,

Köksündə bir sükut çığırtısı var.

 

Güllə qabağında qırpılmaz gözü,

Günəşin önünü dağ kəsə bilməz!

Əsgər gözəl bilir: sevginin üzü

Həqiqət nurundan heç vədə dönməz.

 

Qorxusuz gözləri yırtar gecəni,

Alnına qırmızı kölgə salar dan...

Zülmətdən qorxmağı anlamaq olar,

Dərd odur, dərd odur Gündən qorxasan.

 

Eşidər Allahın pıçıltısını,

İlahi nəfəsdən gərilər sinə.

O, yalan içində batan dünyanın

Yükünü qaldırar çiyinlərinə.

 

Əsgər... Öz yurduna ilahi bir pay:

Doğulub müqəddəs gündə, saatda.

Zalımın bu nankor, bu kor kölgəsi

Əriyər qəlbinin işığı altda.

 

Gərər sinəsini şərə, şeytana,

Elin hər daşının həyanı olar.

Taleyi yazılmış açıq alnını

Söykər sərhəd boyu uzanan yola.

 

Sancılar bayraqtək yüksəkliklərə,

Günəşə qoşulub yanan çıraqdı.

Yeriyər, yer titrər ayağı altda,

And yeri vicdandı, and yeri haqdı.

 

Onun vətənindən müqəddəsi yox,

Onun dağlarından yoxdu ucası.

Düşür sümüyünə torpağın indi

Mətin addımların melodiyası.

 

Hər insan Allahın səsidir axı:

Nə qorxar qanından, nə can əsirgər.

Gözünün rəngində torpaq qarası,

Kürəyi vətənin hasarı əsgər.

 

***

 

Bombalar səs-səsə veriblər yenə,

Vətənin bağrından qan axır indi.

Düşmən gülləsinə tuş olan əsgər,

Yaran qəlbin qədər dərin, dərindi.

 

Ağlayır bir ata itirmiş uşaq,

Ağlayır göylərdə Günəş də bu gün.

Ellikcə savaşa hazırıq, Vətən,

O dərdli uşağın göz yaşı üçün.

 

Bir gün qayıdacaq yerinə hər şey,

Bir gün sevinəcək bu yurd, bu ocaq...

Ancaq o atanın isti qucağı

Bir də o uşağa açılmayacaq.

 

Elimiz qələbə sorağı gözlər:

Gözləri yoldadı, qulağı səsdə.

Analar əlini  qoyub and içir

Oğul itkisinin ağrısı üstə.

 

Gün gələr, o zəfər xəbəri gələr,

Öpər igidlərin başdaşlarını.

Ata nisgililə qovrulan uşaq

Dəfn elər gözündə göz yaşlarını.

AZƏRTAC

Published in Digər xəbərlər

AZƏRTAC xəbər verir ki, verilişdə erməni işğalından azad edilmiş rayonlarımızdakı vəziyyət haqqında məlumat verilir, Ağdamdan, Zəngilandan olan köçkünlərin fikirləri təqdim edilir. Jurnalistin olduğu şəhər və kəndlərdən çəkilmiş şəkillər və məcburi köçkünlərlə söhbət radionun internet səhifəsində yerləşdirilib. 

Qeyd edilib ki, Birinci Qarabağ müharibəsinin 30 min qurbanı olub və yüz minlərlə azərbaycanlı doğma evindən qovularaq məcburi köçkün həyatı yaşayıb. Həmin köçkünlər tezliklə evlərinə qayıtmaq arzusu ilə yaşayırlar.

Jurnalist əvvəlcə Ağdam haqqında məlumat verərək, Ermənistan silahlı qüvvələrinin onu Dağlıq Qarabağ ətrafında bufer zona kimi istifadə etməsindən, şəhəri yerlə-yeksan etməsindən söhbət açır. Bildirir ki, şəhərdə yalnız ermənilərin hərbi məqsədlər üçün istifadə etdikləri tikili və tövləyə çevrilmiş məscid qalıb. Kabusu xatırladan Ağdamdan çəkilmiş şəkillər radionun internet səhifəsində yerləşdirilib.

“Bu torpaq bizim əcdadlarımızın torpağıdır. Bura bizim Vətənimizdir. Bu torpaq uğrunda mənim üçün ən əziz insanı itirdim. Qızım atasız böyüdü”, - deyə azərbaycanlı məcburi köçkün yaşadığı dəhşətlərdən söz açır.

Zəngilan rayonuna səfər etmiş fransız jurnalist bu rayonun aparılan döyüşlər nəticəsində azad olunduğunu qeyd edir. O bildirir ki, hazırda Zəngilanda yalnız minatəmizləyənlər gözə dəyir.

Zəngilanda döyüşmüş və yaralanmış Qədir jurnalistlərlə söhbətində xalqın Prezident İlham Əliyevin arxasında dayandığını bildirir. O, Prezident İlham Əliyevin qalib Ali Baş Komandan olduğunu vurğulayır: “Birinci Qarabağ müharibəsi zamanı hazırlıqlı deyildik. Ancaq ikinci müharibədə Ali Baş Komandanın yolu bəlli idi və xalq onun qələbəsinə inanırdı. Mən inanırdım ki, biz qısa zamanda qələbə qazanacağıq. Bu qələbədən sonra Prezidentimizə hörmətimiz daha çox artdı”.

Verilişdə ölkənin hər yerində “Qarabağ Azərbaycandır!” şüarının nümayiş etdirildiyi, qəhrəman əsgərlərin şücaətini əks etdirən videoların yayıldığı bildirilir.

Verilişdə mədəniyyət naziri Anar Kərimovun fikirlərinə də yer verilir. O, birgə yaşamağın davamlı həllin tapılması baxımından əhəmiyyətini qeyd edir. “Ermənilərin etdiklərini unutmuruq, ancaq hər iki icmanın barışığına açığıq”, - deyə nazir bildirir.

Sonda qeyd olunur ki, ki, müharibə yaralarının sağalması vaxt tələb edir. Həmçinin yüz minlərlə azərbaycanlı köçkünün qayıdışı, ilk növbədə, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası üçün hələ müəyyən vaxt lazımdır.   

 

 

AZƏRTAC

Published in Diaspora

Fevralın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgünlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ceyhun  Bayramov Azərbaycan ilə Türkiyə arasında mövcud olan zəngin, geniş və sıx dostluq münasibətlərini məmnunluqla qeyd edib.

Nazir ölkəmizin müstəqilliyinin ilk günlərindən üzləşdiyi ən böyük və ağrılı problem olan keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edib, qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini hər zaman dəstəklədiyini, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı rəsmi Ankaranın bütün səviyyələrdə, o cümlədən Türkiyə xalqının nümayiş etdirdiyi həmrəyliyin və mənəvi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin, “Bir millət iki dövlət” konsepsiyasının sözdə deyil, əməldə olduğunun növbəti dəfə bariz şəkildə nümayiş etdirildiyini söyləyib. Azərbaycanın dövlət başçısı tərəfindən qeyd edildiyi kimi, tərəflər arasındakı bu sıx münasibətlərin  arxasında məhz doğru siyasətin dayandığı vurğulanıb.

Səmimi qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirən Birol Akgün Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edib, qələbə xəbərinin yüksək sevinclə qarşılandığını bildirib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib. B. Akgün Türkiyə və Azərbaycan liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi bildirib. Müharibədən sonrakı quruculuq və inkişaf dövrünə toxunan fond sədri bu xüsusda təhsil sahəsinin önəmini vurğulayıb, işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsinin inkişafı məsələsində ölkəmizə müvafiq yardımın göstərilməsinə hazır olduqlarını diqqətə çatdırıb.

Tərəflər ölkələrimiz arasında bütün istiqamətlər üzrə mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini bildiriblər.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin bütün sahələrinin inkişafı üçün əlverişli şərait və imkanlar yarandı. Demokratik siyasi sistemi və bazar iqtisadiyyatını formalaşdırmaq, ermənilərin Dağlıq Qarabağla bağlı separatçı hərəkətlərinin qarşısını almaqla respublikamızın ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək Azərbaycanda hakimiyyətdə olan dairələrdən qətiyyətli və prinsipial siyasət həyata keçirməyi tələb edirdi.
Lakin həmin dövrdə Azərbaycanın daxili və xarici strateji maraqlarına, o cümlədən Dağlıq Qarabağda ermənilərin başladığı separatizm və işğalçılıq siyasətinə münasibətdə iqtidarda olan qüvvələrin vahid siyasi xətti, demək olar ki, yox dərəcəsində idi. Biri-birini əvəzləyən iqtidarlar, xüsusilə AXC-Müsavat cütlüyünün dövlət çevrilişi ilə hakimiyyəti zəbt etməsi, özbaşınalıq, səriştəsizlik, xaos və s. bu kimi ziddiyyətli və qeyri-müəyyən “siyasət”in yürüdülməsi Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə təcrid olunmasına gətirib çıxarmışdı. Ermənistanın işğalçılıq əməllərinin qarşısının alınması üçün təsirli tədbirlərin görülməməsi nəticəsində ölkəmizin 20 faiz ərazisi işğala məruz qalmışdı.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil dövlət quruculuğu istiqamətində mühüm addımların atılmasına, respublikanın geosiyasi vəziyyətini və xalqın maraqlarını ifadə edən xarici siyasətin həyata keçirilməsinə başlanıldı. Ermənistanın hərbi təcavüzünün aradan qaldırılması ilə bağlı məsələ ulu öndərin apardığı uğurlu diplomatiya sayəsində BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıldı. Bu beynəlxalq təşkilat tərəfindən respublikamızın ərazi bütövlüyünü təsdiqləyən, Ermənistanın silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsini və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılmasını nəzərdə tutan 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul olundu. Həmin dövrdən etibarən ölkəmizdə ordu quruculuğuna başlanıldı, müxtəlif siyasi partiyaların və qrupların maraqlarına xidmət edən qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid ordu yaradıldı. Dövlət müstəqilliyinə yönəlmiş daxili və xarici təhdidlərin qarşısı alındı, ictimai-siyasi sabitlik bərqərar oldu. Eyni zamanda ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər onun dünya birliyində demokratik, hüquqi və dünyəvi dövlət kimi mövqeyini möhkəmləndirdi.
Ölkəmizin mütərəqqi inkişafı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu miras alan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq dövlət başçısının yürütdüyü siyasətin əsas prinsiplə- rindəndir. Bunun nəticəsidir ki, Azərbaycanla dünya dövlətləri arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq möhkəmlənir.
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi normalar, ilk növbədə, BMT Nizamnaməsinin müddəaları və ATƏT-in Helsinki Yekun Aktında öz əksini tapmış prinsiplər çərçivəsində həllinə nail olmaq məqsədilə Prezident İlham Əliyev fəal xarici siyasət aparır. Dövlət başçısı münaqişə ilə bağlı Azərbaycanın prinsipial mövqeyini dəfələrlə BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq, regional təşkilatların tribunalarından səsləndirmiş, xarici ölkələrin rəhbərləri ilə keçirdiyi görüşlərdə və müxtəlif tədbirlərdə mütəmadi olaraq bildirmişdir. Prezident İlham Əliyev öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və mahiyyəti haqqında dünya birliyini daim məlumatlandırmış, bu məsələ ilə bağlı beynəlxalq ictimai rəyi respublikamızın xeyrinə dəyişdirməyə nail olmuşdur.
Təəssüf ki, dünya birliyi 30 ilə yaxın Ermənistanın işğalçılıq siyasətinə göz yumdu və təcavüzkarın tutduğu mövqeyindən əl çəkməsi üçün heç bir əməli tədbir görmədi. Dağlıq Qarabağ münaqişəsinin həllinə mühüm təsir göstərə biləcək beynəlxalq təşkilatlar və ölkələr ikili standartlar siyasəti aparmaqda davam etdilər. Münaqişə ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələr, ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi beynəlxalq təşkilatların qərarları və bəyannamələri heç bir nəticə vermədi. Onlar təcavüzkar Ermənistanla ərazisi işğal olunmuş Azərbaycana eyni mövqedən yanaşdılar ki, bu da heç bir məntiqə sığmırdı.
Azərbaycanın işğal olunmuş əraziləri 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında cənab Prezidentin liderlik keyfiyyətlərindən irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə, eyni zamanda xarici siyasətdə uğurları və xalq-iqtidar birliyi dayanır. Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev milli maraqları ifadə edən qətiyyətli siyasət yürütməklə özündə yüksək şəxsi keyfiyyətləri, milli dəyərləri və təcrübəli idarəetmə bacarığını birləşdirən Lider olduğunu sübut etdi.
Vətən müharibəsində xalqımız dövlət başçısının həyata keçirdiyi siyasətlə bağlı həmrəylik nümayiş etdirdi. Bir daha aydın oldu ki, erməni faşizminə qarşı mübarizədə uğurların əldə edilməsində milli birlik özünəməxsus yer tutur və onun təmin olunması, müxtəlif ictimai-siyasi qüvvələr arasında etimad mühitinin yaradılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar yüksək qiymətləndirilir. Ölkə rəhbərinə olan yüksək inamın nəticəsidir ki, xalqımızın vətənpərvər övladları onun çağırışına qoşularaq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda səfərbər olub silaha sarıldılar. Rəşadətli Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatında böyük şücaət göstərərək xalqımızın tarixinə parlaq səhifələr yazdı. Vətən müharibəsinin ilk günlərindən başlayaraq Ali Baş Komandan əsgərlərimizin qəhrəmanlığı ilə fəxr etdiyini, qürur duyduğunu bildirirdi: “Bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir”.
Bu baxımdan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, respublikanın Əməkdar jurnalisti, “Şöhrət” ordenli Bəxtiyar Sadıqovun oxuculara təqdim etdiyi “Xilaskar İlham Əliyev” adlı kitabı dövlət başçısının 2003-2020-ci illərdə apardığı siyasətin mahiyyətini geniş oxucu auditoriyasının diqqətinə çatdırmaq məqsədi daşıyır.
Dörd fəsildən ibarət olan kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer verilir, problemin aradan qaldırılması üçün Prezident İlham Əliyevin apardığı siyasət şərh olunur. Kitabda ötən illər ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və milli maraqlarının təmin olunması sahəsində Prezidentin xarici siyasət kursunun ölkəmizə beynəlxalq aləmdə çoxlu dost dövlətlər və etibarlı tərəfdaşlar qazandırdığı göstərilir.
Kitabın “Aprel xəbərdarlığı” adlı I fəslində 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalanda Milli Ordumuzun əks-hücum əməliyyatı ilə düşmənin təxribatlarının qarşısının alınmasının, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndini və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqeləri işğaldan azad etməsinin əhəmiyyəti təhlil olunur. Müəllif qeyd edir ki, Ermənistanın təxribatına Azərbaycan Ordusu layiqincə cavab verdi: “Təkcə mən yox, doğma yurd-yuvasından didərgin salınmış yüz minlərlə insan qoyub gəldikləri evlərinə qayıdacaqlarına, həm də lap tezliklə geri dönəcəklərinə əmin oldular!”.
Müəllifin sözlərinə görə, Aprel müharibəsi həm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində indiyədək yaranmış vəziyyəti ərazi baxımından qismən dəyişdi, həm qüvvələr nisbətində baş vermiş ciddi dəyişiklikləri nümayiş etdirdi, həm də çox ciddi psixoloji dönüşə səbəb oldu! Cəmi dörd gün çəkən Aprel müharibəsi göstərdi ki, Azərbaycan iqtisadi, siyasi, mənəvi-psixoloji və hərbi cəhətdən düşməndən qat-qat güclü və üstün mövqedədir.
“Sərkərdənin gücü - Azərbaycanın qüdrəti” adlı II fəsildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin liderlik keyfiyyətlərinin ölkəmizin inkişafında yeri və rolu təhlil olunur. Müəllif qeyd edir ki, Prezident İlham Əliyevin praqmatik və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın güclü iqtisadiyyatı və sənaye kompleksi yaradılıb. Hərbi quruculuq məsələsinə kitabda xüsusi yer ayrılır və konkret faktlarla göstərilir ki, Azərbaycanın müasir texnologiyalara əsaslanan silahlarla silahlanmış, mükəmməl təlim görmüş modern ordusu yaradılıb. 2020-ci ilin iyul ayında cəbhənin Tovuz istiqamətində Ermənistan Azərbaycana qarşı hərbi təxribata əl atarkən Milli Ordumuz İlham Əliyevin sərkərdəliyi ilə düşmənə sarsıdıcı zərbələr endirərək, zabit və əsgərlərimizin şücaətini bütün dünyaya göstərdi.
“Vətən müharibəsi” adlı III fəsildə 44 gün davam edən müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi qələbənin tarixi- siyasi əhəmiyyəti şərh olunur. Azərbaycanı zəfərə aparan yolun siyasi, sosial-iqtisadi, diplomatik və s. tərəfləri yüksək jurnalist peşəkarlığı ilə işıqlandırılır. Müəllif bildirir ki, Azərbaycan Ordusunun güclü maddi-texniki bazaya malik olması, zabit-əsgər heyətinin yüksək hərbi hazırlığı və vətənpərvərlik əhvali-ruhiyyəsi, xalq-ordu birliyi Vətən müharibəsində qələbənin əldə edilməsində mühüm rol oynadı. Sübut olundu ki, Azərbaycan xalqı müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Silahlı Qüvvələri ilə fəxr edə bilər.
“Zəfərin təntənəsi” adlı IV fəsildə Vətən müharibəsinin nəticələrinin Azərbaycanın geosiyasi vəziyyətinə, dünya birliyində tutduğu mövqeyinə təsiri təhlil olunur. Kitabda ümumiləşdirmələr aparılaraq vurğulanır ki, Azərbaycan Ordusunun şanlı qələbəsi ermənilərin tarixən özləri haqqında yaratdığı miflərin üzərindən xətt çəkdi, onun boşluğunu və mənasızlığını döyüşlərdə sübut etdi.
Müəllifin fikrincə, 44 günlük hərbi əməliyyatlar zamanı ortaya yeni strategiya və taktika qoyan, XXI əsrin yeni müharibə nümunəsini göstərən, ən yeni silahlarını nümayiş etdirən İlham Əliyev ordusu hər şeyin tam dəyişdiyini əyani şəkildə, döyüş meydanında hamıya göstərdi. Müəllif bildirir ki, Azərbaycan Prezidenti müharibə dövründə “hücum diplomatiyası”na start verərək, beynəlxalq qurum və təşkilatlarda, ayrı-ayrı ölkələrdə ermənilərin şər-böhtan kampaniyasına qarşı mübarizəni gücləndirdi. Azərbaycan-Türkiyə qardaşlığı bu sahədə mühüm rol oynadı, həmin dövrdə hər iki dövlətin diasporunun əlaqəli fəaliyyəti təmin olundu. Qonşu dövlətlərlə, habelə dünyada xüsusi çəkisi olan ölkələrlə qarşılıqlı maraqlara və hörmət prinsipinə əsaslanan əlaqələr möhkəmləndirildi.
Kitabda yenidən müstəqillik əldə etdiyi vaxtdan hazırkı dövrədək Azərbaycanda gedən ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-mədəni proseslər müxtəlif mərhələlər üzrə müqayisəli şəkildə təhlil olunur. Müəllif müasir Azərbaycan dövlətinin davamlı inkişafının Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətlə, azərbaycançılıq məfkurəsinə söykənən milli ideologiya ilə sıx şəkildə bağlı olduğunu tarixi hadisələr və faktlarla sərrast şəkildə izah edir.
Kitabın əhəmiyyətini artıran xüsusiyyətlərdən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətinin siyasi-ideoloji baxımdan müfəssəl və səlis şəkildə ictimai fikrə çatdırılmasıdır. Kitabda verilmiş məqalələr 44 günlük Vətən müharibəsinin, şanlı Azərbaycan Ordusunun Müzəffər Komandanı Prezident İlham Əliyevin Böyük Qələbəyə aparan siyasətinin salnaməsidir. Bu məqalələrdə əsgərlərimizin şücaəti, Vətən sevgisi, Qarabağ ruhu vardır.
Bəxtiyar Sadıqovun indiyə qədər nəşr etdirdiyi “Qeyrət və xəyanət”, “İnsan və zaman”, “Həqiqət və yalan”, “Ömrün söz yadigarı” kimi kitabları öz ətrafında geniş oxucu auditoriyası toplamışdır ki, bu da müəllifin yüksək ədəbi-bədii təxəyyülə, cəmiyyətdə gedən prosesləri dərindən müşahidə etmək qabiliyyətinə malik olmasından irəli gəlir.
Qeyd edək ki, Azərbaycan ictimaiyyəti Bəxtiyar Sadıqovu istedadlı jurnalist və bir-birindən dəyərli kitabların müəllifi kimi çox yaxşı tanıyır. 50 ildən artıqdır jurnalistikada “külüng çalan” Bəxtiyar müəllim öz sənətinin ən peşəkarları sırasında dayanır və adını Azərbaycanın mətbuat tarixinin şərəfli səhifələrinə həkk etdirib. Mətbuatın milli və bəşəri ənənələrinin fədakar qoruyucusu olmaqla yanaşı, yeni media trendlərinin də fəal tərənnümçüsüdür və müstəqillik dövrünün yeni mətbuat ənənələrinin, bazisinin formalaşmasında müstəsna xidmətlər göstərib. Azərbaycan Mətbuat Şurasının ilk qurucularından olan və indiyədək də qurumun ali orqanı olan İdarə Heyətin üzvü kimi fəaliyyət göstərən Bəxtiyar müəllim media-oxucu, media-cəmiyyət, media-dövlət münasibətlərinin formalaşmasında və təkmilləşməsində hər zaman sağlam mövqeyi ilə fərqlənib.
Bəxtiyar Sadıqovun baş redaktoru olduğu rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzeti ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Mütərəqqi mətbuat ənənələrini davam etdirən qəzetdə analitik xarakterli yazılar, elmi araşdırmalar, publisistika, ədəbiyyat və incəsənətə dair materiallara geniş yer verilir. Qəzet oxucuların informasiya tələbatını daim nəzərə alır, onları düşündürən aktual məsələləri diqqət mərkəzində saxlayır.
Bəxtiyar Sadıqov Yeni Azərbaycan Partiyasının da sınanmış, sadiq, fədakar üzvlərindəndir, Partiya həyatında daim yaxından iştirak edən siyasi həmkarımız təsadüfi deyildir ki, 5 dəfə ard-arda YAP-ın rəsmi namizədi kimi parlament seçkilərinə qatılıb və hər birində də deputat mandatı qazanıb. 27 il düşmən əsarətində olan, nəhayət, Vətən savaşında azadlığına qovuşan Ağdam rayonunun, yüz minlərlə məcburi köçkünün parlamentdə səsi, vəkili, carçısı olmaq həm də Bəxtiyar Sadıqovun sağlam əqidəsinin, vicdanlı siyasi mövqeyinin, fədakar vətəndaş münasibətinin bariz təzahürlərindəndir.
Bəxtiyar Sadıqov bütün həyatı boyu, istər jurnalistikada, istər siyasi proseslərdə daim ardıcıl, dəyişməz, prinsipial mövqeyi ilə fərqlənib. Heydər Əliyevin şanlı irsinin, mükəmməl dövlətçilik kursunun yorulmaz təşviqatçısı və təbliğatçısı olan Bəxtiyar müəllim həm də möhtərəm Prezidentimiz İlham Əliyevin cahanşümul fəaliyyətinin də ən mükəmməl salnaməçilərindən, araşdırmaçılarındandır. Gələcək nəsillər həm də elə Bəxtiyar müəllimin dəyərli məqalələri, sanballı kitabları ilə müstəqillik dövrümüzü daha yaxından, ən əsası isə daha doğru formada öyrənəcək, özlərində düzgün yanaşma formalaşdıracaqlar.
İnanırıq ki, Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabı özünün siyasi-ideoloji məzmununa və ədəbi-bədii dəyərinə görə böyük oxucu marağına səbəb olacaq. Kitabı Azərbaycanın müstəqil qalibiyyət tarixinin geniş əhatə olunduğu dəyərli mənbə hesab etmək olar.

Mübariz QURBANLI,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri, Yeni Azərbaycan
Partiyasının İcra katibinin müavini.

Published in Digər xəbərlər

(Qərəzli suallar və sərrast siyasi cavablar)

Published in Digər xəbərlər

Bəşər aləmində baş verən bütün müharibələr insanlara fəlakət gətirib. Müharibə ölüm, qan-qadadır, anaların göylərə bülənd olan fəryadı, göz yaşıdır. Amma nə qədər itkilər, dağıntılar olsa da, doğma torpaq, sərhədlərimizin bütövlüyü uğrunda aparılan müharibələr haqq savaşıdır və hər bir xalq da öz sərhədlərini düşmən basqılarından qorumağa borcludur. 44 günlük Vətən müharibəsində igidlərin canı-qanı bahasına 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması xalqımıza böyük sevinc yaşatdı. Bu ağır döyüşlərdə Azərbaycanın bütün bölgələrindən vətənin müdafiəsinə qalxan oğullarımız əsl qəhrəmanlıq göstərdilər. Haqq savaşında çoxlu şəhid verdik. Mənim yaşadığım Sabirabad rayonundan da 43 igidimiz şəhid oldu... Bu günlər rayonda bir çox şəhid ailəsində oldum, onların valideynləri, doğmaları ilə görüşdüm. Ürəkağrısı, həm də qürur, fəxarət hissilə şəhidlərin keçdiyi döyüş yolu ilə tanış oldum. Onların yaşadıqları qısa, həm də şərəfli ömür yolunu gələcək nəslə tanıtmaq qərarına gəldim. Bu yazıda onlardan bir neçəsini oxucularımıza təqdim etməyi mənəvi borcum hesab edirəm. Vətən yolunda canlarından keçən bütün şəhidlərin ruhu qarşısında baş əyir, onları tərbiyə edən, vətənə sadiq oğullar kimi yetişdirən anaların gözlərindən, əllərindən öpürəm...
“Azərbaycan Bayrağı” ordenli Aqşin Quliyev
İnsan torpaq həsrətli yaralarından içəri süzülən işıqdan ətrafına boylananda, o işığın altında hər şey nura boyanır, dünya dəyişir, məmləkət azadlığa qovuşur, insanlar pislikdən, xıltdan təmizlənir, saflaşır. Quliyev Aqşin Dilavər oğlu da belə işıqlı insanlardan idi. O, 12 dekabr 1996-cı ildə Çiçəkli kəndində dünyaya gəlib. Çiçəkli Sabirabadın mərkəzdən uzaqda olan kəndlərindəndir. Başqa kəndlər kimi, Çiçəkli də bağ-bağatlı, insanları isə istiqanlı və mehribandır. Aqşinin bir müddət əvvələdək yaşadığı bu kəndə axşama yaxın gəldim, atası Dilavərlə darvazanın önündə görüşüb, təzə tikilmiş hündür evin həyətinə keçirik, pilləkənin başında əlləri qoynunda, qara paltarlı, qara yaylıqlı orta yaşlı qadın qarşılayır bizi. Çox kədərli görünür, üçümüz də Aqşinin divar boyu böyüdülmüş və divarında irili-xırdalı çoxlu sayda şəkilləri asılmış otağa daxil oluruq. Otağın şəkillər olan tərəfində qoyulmuş uzun masanın üstündə Aqşinin müxtəlif vaxtlarda çəkdirdiyi fotoları, şəxsi əşyaları və Quran kitabı var. Müharibədə qan-qada görməsinə baxmayaraq, şəkillərdə mülayim görünən Aqşinlə göz-gözə gəlirəm, qəlbən salamlaşıram...
Aqşin Quliyev 2003-cü ildə Ə.Şərbətov adına Çiçəkli kənd tam orta məktəbin birinci sinfinə getmiş və 2014-cü ildə təhsilini bitirmişdir. Dərslərindən əla və yaxşı qiymətlər alıb, bəlkə lap kafi aldığı vaxtlar da olub, amma həyat dərsindən qiyməti yalnız “əla” oldu onun... İdmana böyük həvəsi vardı, orta məktəbdə oxuduğu illərdə keçirilən “Şahin” Hərbi İdman və Turizm oyunlarının zona yarışlarında və 2012-ci ildə Şirvan UGİM-in yunan-Roma güləşi üzrə yarışlarında birinci yerə layiq görülmüşdür. 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılan Aqşin səkkiz ay Ağdamda xidmət etmiş, sonra isə Xüsusi Təyinatlı Qoşunların sıralarına qəbul edildiyi üçün Bakıda yerləşən “N” saylı hərbi hissədə xüsusi təlimlərə qatılmışdır. Yüksək hərbi təlimlərdə uğurlu nəticələr göstərən Aqşin dörd günlük Aprel döyüşlərində də iştirak etmiş və bundan sonra təyinat üzrə Cəlilabad “N” saylı hərbi hissəyə dəyişdirilmişdir.
2018-ci ildə Türkiyə Respublikasının İzmir şəhərində, 7-11 May tarixində keçirilən “EFES-2018” ərazidə döyüş atışlı təlimlərdə MAXE kimi Azərbaycanı layiqincə təmsil etdiyinə və yüksək peşəkarlıq nümayiş etdirərək birinci yerə layiq görüldüyünə görə “Fəxri Fərman”la, Azərbaycana döndükdən sonra isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı” medalla təltif edilmiş və komandanlıq tərəfindən ona “Gizir” rütbəsi verilmişdir. Yenidən Cəlilabada dönən gizir ermənilərin dinc əhalini Tovuz rayonu istiqamətindən hədəf seçdiyi vaxtlarda da düşmənin dərsinin layiqincə verilməsində iştirak etmişdir.
Müharibə dəhşətdir, heç kəs müharibə istəmir, xalqımız da hər zaman sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Lakin 30 ilə yaxın bir vaxtda düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmək uğrunda apardığımız Vətən müharibəsi haqq savaşımız idi. Azərbaycan dövləti otuz ilə yaxın bir vaxt ərzində tarixən ona məxsus olan qədim torpaqlarını işğaldan azad etmək üçün ayağa qalxdı. Çünki Ermənistan dövləti beynəlxalq hüquq normalarına əməl etməyərək torpaqlarımızdan çıxmaq istəmirdi.
Xalqımız işğalda olan torpaqlarını azad görməyə təşnə idi, Ordumuz isə hər dəqiqə döyüşməyə hazır vəziyyətdə olduğundan elə ilk gündən qələbəyə şübhə yeri qalmadı. Bu müharibədə ordu, xalq və dövlətin birliyi zəfərimizi labüd etdi...
Bacarıqlı kəşfiyyatçı-istehkamçı Aqşin Quliyev İkinci Qarabağ müharibəsinin ilk günündən xidmət etdiyi hərbi hissə ilə döyüşlərin ön sıralarında gedərək Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Qubadlı rayonlarının və kəndlərin düşməndən azad edilməsində böyük cəsarət və igidlik göstərmişdir. O, komandiri olduğu qrupla birgə dəfələrlə düşmən arxasına keçərək koordinatları müəyyən edib komandanlığa ötürmüş, düşmən səngərlərinə girərək əlbəyaxa döyüşdə çoxlu sayda erməni əsgərini məhv etmişdir. Əməliyyatların birində isə üç nəfər döyüşçü ilə 200-ə qədər düşmən əsgərinə qarşı vuruşaraq onları məhv etmişdir. Bu döyüşdə iki igidimiz şəhid olmuş, bir əsgərimiz də yaralanmışdır. Aqşin Quliyev 17 oktyabr 2020-ci ildə Füzulinin Qarğabazar kəndində düşmənin snayperdən açdığı atəş nəticəsində şəhidlik məqamına yüksəlmişdir. Ölümündən sonra Aqşin Dilavər oğlu Quliyev “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Qəhrəman kəşfiyyatçı-istehkamçı doğulub boya-başa çatdığı Poladtoğay kəndində dəfn olunmuşdur.
Aqşinin qardaşı Həzi də hazırda Azərbaycan Silahlı Qüvvələrinin Daxili Qoşun hissələrində MAXE kimi xidmət edir. Anası Fərqanə xanım, atası Dilavər övladları ilə fəxr edir, “Aqşinsiz yaşamaq çətindir, Vətənsiz yaşamaq isə ondan da çətindir”, deyən valideynləri Vətən müharibəsinin başa çatmasında Aqşinin də payı olduğundan qürur duyurlar. Nur içində uyu, Şəhidim!
Şəhid mayor Şahlar Cəfərov
Hərdən sözümə necə və nədən başlayacağımı bilmirəm. Bəzən axtardığım ünvan özü qarşıma çıxır, bəzən də xeyli axtarmalı oluram. Xəlfəli kəndində Şahların atası Fəzail kişi ilə yolun başlanğıcında rastlaşıram, sonra birbaş ünvana gəlirik, Şahların doğulub böyüdüyü və bir az əvvələ qədər də yaşadığı evə...
Şəhid Şahlar Fəzail oğlu Cəfərov 5 iyul 1975-ci ildə dünyaya gəlib. Uşaqlığını hamı kimi keçirib, iməkləyib, körpə ayaqları üstündə durub, ilk addımlarını atıb, valideynlərini sevindirib, yıxıla-dura böyüyüb. T.Nurullayev adına Xəlfəli kənd tam orta məktəbini bitirdikdən sonra tale onu Bakı Ali Hərbi Birləşmiş komandanlıq məktəbinə gətirib. 1993-cü ildə daxil olduğu bu məktəbi 1997-ci ildə leytenant hərbi rütbəsi ilə bitirib. Təyinatla Mingəçevir “N” saylı hərbi hissəyə göndərilən Şahlar beş il burda çalışıb və Kapitan hərbi rütbəsinə yüksəlib. Bundan sonra, 2002-ci ilədək hərbi vəzifəsini Tərtər rayonundakı “N” saylı, daha sonra isə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə yerinə yetirmişdir. Gəncədə altı il yarım vətənə xidmətdən sonra 2009-cu ildə Beyləqana gələn zabit bir il sonra Cəlilabad “N” saylı hərbi hissədə komandirin siyasi işlər üzrə müavini vəzifəsində bir il altı ay, daha sonra isə iki il müddətində Tovuzun ermənilərlə sərhəddə yerləşən Muncuqlu kəndindəki “N” saylı hərbi hissədə Qərargah rəisi kimi xidmət göstərmişdir. 2014-cü ildə iyirmi beş illik hərbi xidmətini nümunəvi başa vuran Şahlar Cəfərov ordudan tərxis olunmuş və yaşadığı Xəlfəli kəndinə qayıtmışdır...
Lakin daim qaynar və maraqlı hərbçi həyatı yaşayan zabit sakit kənd həyatına uyğunlaşa bilmir. Gənc yaşından sonrakı ömrünü yalnız təqaüdçü kimi yaşamaq ona dözülməz göründüyündən məktəblərin birində hərbi müəllim kimi çalışmaq üçün əlaqədar təşkilatlara müraciət etsə də, cəhdləri boşa çıxır. Bir qədər sonra isə böyük oğlu, 1999-cu il təvəllüdlü Seyfi də orta məktəbi bitirib ordu sıralarına çağrılır. 2019-cu ildə hərbi xidmətdən qayıdan Seyfi müharibə başlamazdan bir həftə öncə Beyləqanda hərbi təlim keçməyə çağrılır, bir qədər sonra isə atası Şahlar Cəfərov ehtiyatda olan zabit kimi orduya səfərbər olunur...
29 sentyabr 2020-ci ildən döyüşlərə qatılan zabit Füzuli və Hadrut istiqamətində gedən ağır döyüşlərdə Batalyon komandiri kimi iştirak etmişdir. Qırx dörd günlük Vətən müharibəsinin tarixini yazanlardan biri kimi Şahlar da düşmənə nifrət, qəzəb hissi ilə coşaraq igidliklə döyüşür. Cəsur döyüşçü 14 oktyabr 2020-ci ildə Hadrutda gedən qanlı döyüşlərin birində qəhrəmanlıqla şəhid olmuşdur. 20 oktyabr 2020-ci ildə isə kənd qəbiristanlığında torpağa tapşırılır. Allah rəhmət eləsin...
Orduda olduğu müddətdə qüsursuz xidmətə görə 1 və 2-ci dərəcəli medallara və digər təltiflərə layiq görülən Şahlar Cəfərov, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şahlar Cəfərov sevib seçdiyi Dilbər xanımla ailə qurmuşdu, onların üç oğlu vardır. Seyfi hərbçi olsa da, ortancıl oğlu Səməndər atasının arzusuna görə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur.
Səməndər atasının keyfiyyətlərindən - mərdliyi, alicənablığı, ailəcanlı olmasından, vətənpərvərliyindən danışıraq deyir ki, o, torpaqlarımızın işğal altında olması ilə heç vəchlə barışmırdı. Vətən müharibəsi başlayanda çox sevinirdi. Deyirdi ki, torpaqlarımızı mütləq işğaldan azad edəcəyik, qələbə bizim olacaq.
Babanın öz adını verdiyi sonbeşiyi Fəzail altıncı sinifdə oxuyur. Bütün söhbətimiz boyu yaşlı gözlərini üzümə dikib sakitcə bizi dinləyən bu oğlan sualıma baxışlarını yayındırmaqla cavab verdi... Bu dolu gözlərdən nələr oxunmurdu...
Şəhidin atası “Vətən sağ olsun”- deyir, beş oğlum var, amma Şahların yeri ayrı idi. Bir qarışqanı belə incitməzdi, ədəbli-ərkanlı, qayğıkeş oğul idi... Vətən sağ olsun!
Həyat yoldaşı Dilbərin solğun bənizindən oxuyuram hər şeyi, orda Şahlarlı günlərin bəxtəvərliyinə Şahlarsız günlərin necə kölgə saldığını görürəm, amma o da nə danışırsa, elə hey “Vətən sağ olsun!” deyərək sanki qəlbinin ağrılarını azaltmağa çalışırdı...
Müharibələr zorla başlayır, ağılla bitir deyirlər. Azərbaycanın öz ərazi bütövlüyü uğrundakı haqq savası da Ali Baş Komandanın düşünülmüş, ağıllı siyasi gedişləri və qəbul etdiyi qərarları nəticəsində, Ordumuzun cəsur əsgərlərinin gücü, qüdrəti sayəsində zəfərlə başa çatdı. Kaş ki, qanla yuyulan torpaqlara bir daha yağı ayağı dəyməyəydi! Qələbən mübarək, Azərbaycan!..
Şəhid Qüdrət Həsənov
Hindistanın azadlıq hərəkatının lideri, Hindistanda rəsmi şəkildə “xalqın atası” elan edilən filosof Mahatma Qandi İmam Hüseynin həyatını öyrəndikdən sonra belə demişdir: “Mən Hüseyndən (ə) zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim”.
İkinci Qarabağ müharibəsi şəhidlərindən yazmağa başlayandan bu fikir düşüncəmi sarmışdı. Şəhidlərimiz də elə Hüseyn yolunu getdilər. Uzun illər tarixi ərazilərimizi - cənnət Qarabağımızı işğal edən düşmən özünü qalib hesab edirdi. Bərəkətli torpaqlarımızla vandalcasına davranan düşmən utanmadan gah yurd yerlərimizdən videoçarxlar çəkib paylaşır, gah Cıdır düzündə kef məclisi düzəldir, ev-eşikləri talan edir, ekoloji terror törədərək meşələri talayır, yandırır, ağacları kəsib, doğrayaraq Ermənistana daşıyır və bütün bunlardan vəhşicəsinə zövq alırdı. Amma nə edirlər-etsinlər, atalar demiş, haqq nazilər, amma üzülməz...
Əlbəttə, səbirin də bir həddi var, axır ki, xalqımızın səbri dolub-daşdı, tükəndi. Ali Baş Komandan əmr verdi, Vətən müharibəsi, xalqımızın haqq savaşı başladı, hamı bir nəfər kimi ayağa qalxaraq, Prezidentimizin ətrafında sıx birləşdi.
Hüseyn (ə) ilk şəhidlik məktəbinin banisi idisə, Azərbaycanın haqq işi uğrunda döyüşən cəsur əsgərlərimiz də bu məktəbin yetirmələri oldular. Belə oğullardan biri Həsənov Qüdrət Səfər oğlu 1995-ci il, sentyabr ayının 5-də Qardaşkənd kəndində dünyaya gəlmişdi. Doqquzillik təhsilini də P.Əhmədov adına Nəsimikənd tam orta məktəbində almışdı. Bütün uşaqlar kimi, o da qışda yağan qara sevinib, yazda sapsarı, zərif iydə çiçəklərinin ətrini alıb. Qızılgüllərdən dəstə bağlayaraq sevimli müəlliminə aparıb. Yaşı artdıqca düşüncələri cilalanıb, vətəninimizin 20 faizinin düşmən tapdağında qalması ürəyində qubar bağlayıb. Gənc Qüdrət Bakı İdarəetmə və Texnologiya kollecinə qəbul olunaraq təhsilini davam etdirmişdi. Kolleci bitirəndən sonra, 2014-cü ilin yayında həqiqi hərbi xidmətə çağırılmış və əsgərliyinə Naxçıvanda “N” saylı hərbi hissədə sürücü kimi başlamışdır Qüdrət Həsənov. Vətənə bağlı, həyatsevər və ünsiyyətcil oğlan idi. Yoldaşları da, komandirləri də ondan razı idilər...
2016-cı ildə vətən borcunu yerinə yetirib evinə dönən Qüdrət kənddə çox qala bilmir və şəhərə qayıtmaq qərarına gəlir. Atası onun istəyinə qarşı çıxmır və Qüdrət Bakıya gələrək şirkətlərin birində mühafizəçi kimi işə düzəlir. Bir qədər bu vəzifədə işləyəndən sonra elə həmin şirkətin daxilində sürücü kimi işinə davam edir. Qüdrətin Bakıya can atmasının əsl səbəbi sonradan bəlli olur, heç demə o, Aynurə adlı bir qıza bir könüldən min könülə aşiq olubmuş. Sevgisi qarşılıqlı olan gəncin 2019-cu ildə toyu olur və yeni bir ailənin təməli qoyulur...
Amma ermənilərin həyasızlığı, sərhəd rayonlarında hər gün törədilən qanlı cinayətlər, günahsız insanların, dinc əhalinin atəşə tutulması, tökülən nahaq qanlar Qüdrətin də gündüzünü gecə kimi qaraltmışdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin qismən səfərbərlik haqqında əmrini eşidən kimi, Qüdrət Həsənov da cəbhəyə getmək üçün Hərbi Komissarlığa müraciət edir və 29 sentyabr 2020-ci ildə valideynlərinin xeyir-duasını alaraq cəbhəyə yola düşür. O, Ağcabədi rayonundakı hərbi hissədə bir neçə gün təlim keçəndən sonra döyüşlərə qatılmış və Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. 29 oktyabrda Qubadlı uğrunda gedən ağır döyüşlərin birində şəhidlik məqamına yüksəlsə də itkin kimi qeydə alınmış və nəşi yalnız 29 noyabrda ailəsinə təhvil verilmişdir...
Qüdrət Səfər oğlu Həsənov Nəsimikənd qəbiristanlığında, babası Bədəl kişinin yanında torpağa tapşırılmış və ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Mən bu adın ünvanına uzun və narahat yollarla gedib çıxdım, Qüdrətin bir vaxt yaşadığı ata yurduna dönən yolun kənarında, iri dəmir çərçivədə xoşbəxtcəsinə gülümsəyən şəkli qarşıladı bizi və evin yerini də özü nişan verdi. Qapıda isə bizi atası gözləyirdi. Salamlaşaraq həyətə keçirəm. İlahi, bir zaman xoş günlərin şahidi olan geniş, səliqəli həyət-baca, ikimərtəbəli ev indi necə də kədərli görünür... Mən ailəni mirvaridən düzülmüş bir boyunbağı kimi təsəvvür edirəm, bir nəfərin yoxluğu o mirvarinin birinin sapından qırılıb düşməsinə bənzəyir. Onu bir daha əvvəlki tək düzmək olmur...
O gün Qüdrətin nənəsi və valideynləri ilə xeyli söhbət etdim. Nənələr üçün nəvələrin yeri bir başqadır. Qüdrətin yoxluğundan sonra Gülcahan nənə də ömrünün qışını yaşayır, kədərinə, qəminə sığınan nənə nəvəsindən danışmaqdan doymur. Deyir, babası ilə bir-birinə çox bağlı idilər, mən də ki, elə bilirdim onu dünyaya özüm gətirmişəm. O da məni elə ana kimi sevirdi, sirrini-sovunu mənə deyirdi. Nəvələrimin arasında Qüdrətin yeri başqaydı.
Anası Şamama xanım, atası Səfər oğulları ilə qürur duyur, yarımçıq arzularına heyfslənir, amma hamımız Vətənə qurban olaq, Vətən sağ olsun, deyərək başlarını dik tuturlar...
Şəhid Ağa Hüseynov
Azərbaycan xalqı bineyi-qədimdən sülhsevərdir, lakin doğma yurdlarımıza iddialı olan işğalçılara qarşı da barışmaz olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi də bizi torpaqlarımızı işğaldan azad etmək uğrunda mübarizəyə səfərbər etdi.
Hüseynli Ağa Aydın oğlu 7 sentyabr 2001-ci ildə Moranlı kəndində dünyaya gəlib. İki qız övladından sonra düşmən çəpəri olacaq oğlu doğulub Səadət xanımın. Ana qəlbinin hərarəti, nuru ilə boy atan oğul da ayla, illə deyil, günlə boy atıb böyüyüb. Ana onu yurduna elə bir məhəbbətlə böyüdüb ki, Vətənə layiq oğul olsun. Ağa hələ məktəb illərində idmanın Cüdo növü ilə məşğul olub, uğurlara imza da atıb, müxtəlif təltiflərə layiq görülüb. Ş.Hüseynov adına Moranlı kənd tam orta məktəbini bitirən Ağa 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Əsgərliyini Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə çəkirdi, kəşfiyyatçı-snayper idi, düşməni gözündən nişan almaq üçün yiyələnirdi bu hərbi sənətə... İdmançı olması burada da karına gəlirdi.
Müharibə başlayan gündən elə birbaşa xidmət etdiyi hərbi hissədən döyüşlərə qatılan Ağa, Tərtər, Füzuli, Cəbrayıl istiqamətində döyüşüb. Gülləsi boşa getməyib, düşməni elə gözündən, ürəyindən nişan alıb. Amma özü də düşmən gülləsinə tuş gəlib və Füzuli uğrunda gedən ağır döyüşlərin birində şəhid olub. 8 oktyabr 2020-ci ildə doğulub böyüdüyü kənddə də dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib...
Anası Səadət xanım yeganə oğlunu itirdiyi üçün kədərlidir, uşaqlıqdan onu böyütmək üçün çəkdiyi əziyyətlərdən danışır, xatırlayır və göz yaşlarını saxlaya bilmir: “Onu doqquz ay idi ki, görmürdük, böyük ümidlə xidmət vaxtının bitməsini gözləyirdik...”. Amma həm də qürurludur ana. Çünki oğlu Vətənin azadlığı uğrunda şəhid olmuşdur. Şəhidlər isə əbədi yaşayırlar...
İndi Ağa cismən aramızda yoxdur, qısa ömründən kəsik-kəsik xatirə lentləri qalır, lakin arzuları yaşayır. Onun adı Azərbaycanın tarixi qələbəsini qanı ilə yazan oğullarımızdan biri kimi gələcək nəsillər tərəfindən həmişə xatırlanacaq!

Şahnaz ŞAHİN.

Published in Digər xəbərlər
Cümə, 05 Fevral 2021 10:06

Görkəmli Azərbaycan alimi

AMEA-nın 70 illik yubileyində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev çıxışında Akademiyaya etdiyi tövsiyə “məqalə çap etdirmək xatirinə işləmək deyil, elmi tədqiqatları ölkənin iqtisadiyyatına, hərbi qüdrətinə və digər sahələrə yönəltmək lazımdır” çağırışından sonra son illərdə bu sahələrdə xeyli irəliləyişlər olmuşdur. Bu istiqamətdə görüləcək əsas yüklərin böyük hissəsi, xüsusilə nəzəri fizikanın dominantlıq təşkil etdiyi təbiət elmlərinin üzərinə düşür. Azərbaycan Respublikasının Sovet Sosialist Respublikaları İttifaqı tərkibinə daxil olduğu illərdə yetişmiş nəzəriyyəçi fiziklər, akademiklər Nəriman Quliyev, Firudin Həşimzadə, Bəhram Əsgərov, Təyyar Cəfərov, AMEA-nın müxbir üzvləri Yuhənnas Seyidov, Abdulla Muxtarov, Sabir Hacıyev, İsmət Nəcəfov, İsgəndər Cəfərov, Rauf Hüseynov, elmlər doktorları Hafiz Paşayev, Faiq Sadıxov, Yılmaz Verdiyev, Natiq Atakişiyev, Rəsul Muradov, Şakir Nağıyev və digərləri ilə yanaşı, nəzəriyyəçi kimi müstəqillik illərində formalaşan, bu sətirlərin müəlliflərindən biri (akademik Ənvər Nəhmədov), AMEA-nın müxbir üzvü Vəli Hüseynov və digərləri arasında öz təkrarolunmaz parlaq dəst-xətti ilə seçilən nəzəriyyəçi fiziklərdən biri də Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun baş elmi işçisi, nəzəri fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Rauf Qədir oğlu Cəfərovdur.
Bu günlərdə 60 yaşı tamam olacaq Rauf Cəfərov 10 fevral 1961-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanın Gedərçay məhəlləsində müəllim ailəsində dünyaya göz açmışdır. O, 1968-ci ildə, əsası şuşalı Haşım bəy Nərimanbəyov tərəfindən qoyulmuş İrəvan gimnaziyasının (sonralar Kirov adına Azərbaycan məktəbi) xələfi, M.F. Axundovun adına İrəvan şəhər Azərbaycan orta təhsil məktəbinin birinci sinfinə getmiş, 1972-ci ildə erməni milliyyətçiliyinin şiddətlənməsi dövrlərində ailəlikcə Bakıya köçmüş və Bakı şəhəri Kirov rayonu (indiki Binəqədi rayonu) 248 saylı məktəbdə orta təhsilini davam etdirərək oranı ilk azərbaycanlı kimi qızıl medalla bitirmişdir. R.Q.Cəfərov 1978-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti - BDU) fizika fakültəsinə daxil olub, orada müvəffəqiyyətlə oxumuş, AMEA-nın Fizika İnstitutunun Nüvə Fizikası laboratoriyasında diplom işi yazıb universiteti bitirdikdən sonra, BDU fizika fakültəsinin maddə quruluşu kafedrasında nəzəri və riyazi fizika ixtisası üzrə qiyabi aspiranturaya qəbul edilərək təyinat ilə 1987-ci ilədək Moskvanın Tətbiqi Fizika İnstitutunun Bakı filialında (sonralar Fotoelektronika İnstitutu) mühəndis vəzifəsində işləmişdir.
Rauf Cəfərov 1987-ci ildən bu günlərimizədək BDU-nun fizika fakültəsində (2005-ci ildən paralel olaraq BDU-nun Fizika Problemləri İnstitutunda) əmək fəaliyyətini davam etdirərək, baş elmi işçi və professor vəzifələrinədək yüksəlmişdir. O, aspiranturada və doktoranturada əsası keçən əsrin 20-30-cu illərində D.Hartri və böyük sovet və rus nəzəriyyəçi-fiziki, akademik V.A.Fok tərəfindən qoyulan və müasir kvant nəzəriyyəsinin korifeyləri olan Hans Bete, Edvin Salpeter, SSRİ Elmlər Akademiyasının həqiqi üzvləri, Nobel mükafatçısı İ.E.Tamm, A.A.Loqunov, V.Q.Kadışevski, professor B.A.Arbuzov və digər nəzəriyyəçi-fiziklər tərəfindən inkişaf etdirilən substrukturlu relyativistik sistemlərin rabitəli hallarını öyrənən, qeyri-perturbativ kvant sahə nəzəriyyəsi metodlarına həsr olunan Bete-Salpeter tənliklərinin və onların daha mükəmməl variasiyalarının tədqiqi ilə düz 35 il məşğul olaraq, əvvəlcə 1988-ci ildə “Skalyar, spinor və Yanq-Mills nəzəriyyələrində səpilmə amplitudunun tədqiqi” adlı namizədlik (fəlsəfə doktoru) və 2007-ci ildə “Çoxzərrəcikli tənliklər nəzəriyyəsi metodları ilə kvant sahəsinin Qrin funksiyalarının və fiziki müşahidə olunan kəmiyyətlərin tədqiqi” mövzularında dissertasiyalar müdafiə etmiş, uyğun olaraq fizika-riyaziyyat elmləri namizədi və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələri almışdır. Onun dissertasiya işləri haqqında klassik nəzəriyyəçi fiziklərdən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin D.V.Skobeltsın adına Nüvə Fizikası ETİ-dən professor B.A.Arbuzov, Braziliyanın San-Paulo Universitetinin Fizika İnstitutunun keçmiş direktoru və nüvə fizikası fakültəsinin keçmiş dekanı, Rusiya EA-nın P.N.Lebedev adına REA-nın Fizika İnstitutunun baş elmi işçisi, Rusiyanın Tomsk Dövlət Universitetinin Kvant intensiv sahələr laboratoriyasının banisi professor D.M.Gitman, Moskva Dövlət Universitetinin nəzəri fizika kafedrasının professoru V.Ç.Jukovski, Gürcüstan Dövlət Universitetinin Yüksək Enerjilər Fizikası İnstitutunun baş elmi işçisi, Gürcüstan EA-nın müxbir üzvü A.A.Xelaşvili, Gürcüstan EA-nın Fizika İnstitutunun Plazma Fizikası şöbəsinin müdiri, professor V.İ.Berejiani, Nyu-York Universitetinin professoru, Almaniyanın Münix M.Plank İnstitutunun direktoru Giy Dvali, Yaponiyanın Hiroşimo Universitetinin professoru Tomohiro İnagaki, Azərbaycanın görkəmli nəzəriyyəçı-fizikləri İ.H.Cəfərov və V.A.Hüseynov və digərləri yüksək fikirlər söyləmişlər.
Rauf Cəfərov 1993-1994-cü illərdə Rusiya EA-nın P.N.Lebedev adına Fizika İnstitutunun İ.Y.Tamm adına nəzəri fizika şöbəsinin elementar zərrəciklər fizikası sektorunda elmi işçi vəzifəsində işləyərək, zamandan asılı ikinci növ əlaqəli sistemlərin kvantlanması metodunu hazırlamışdır. O, 1992-1993-cü illərdə fasilələrlə İtaliyanın Triyest şəhərindəki Nobel mükafatçısı Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində, 2010-cu ildə Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda, 2000-2007-ci illərədək Rusiya “Kurçatov İnstitutu” akademik A.A.Loqunov adına Protvino Yüksək Enerjilər Fizikası İnstitutunda, 2014-cü ildə Türkiyə Kocaeli Universitetində elmi təcrübə keçərək elmi tədqiqat işləri aparıb “O redjevskoy asimptotike amplitudı rasseəniə skalərnıx çastiü na proizvolğnıe uqlı”, “Fermion-Bozon scattering in ladder approximation”, “On quantization of time-dependent systems with constraints”, “Mean-field expansion and meson effects in chiral condensate of analytically regularized Nambu-Jona-Lasinio model”, “Two-regularizations as two different model of Nambu - Jona-Lasinio”, “Calculation of multiquark functions in effective models of strong interactions” adlı məqalələrini nüfuzlu İnternational Journal of Modern Physics Letters, Journal of Physics, Central-Europian Physics Journal, Journal Physics of Atomic Nuclei, Russian Physics Journal kimi elmi jurnallarda dərc etdirmişdir. O, elmdə ilk dəfə olaraq böyük impulslarda və sıfırdan fərqli bucaqlar altında səpilmə hallarında Bete-Salpeter tipli inteqral tənliklərin müxtəlif nəzəriyyələrdə analitik həllərini və uyğun olaraq qeyri-fiziki Landau polyusunun dəf edilməsi probleminin rəqəmsal üsulla həlli yolunu tapmışdır. 70-dən artıq elmi məqalənin, “Teoriə mnoqoçastiçnıx uravneniy v primenenii v fizike adronov“ adlı monoqrafiyanın, “Quantum Mechanics-lectures notes” və “Kvant mexanikası” adlı iki dərsliyin müəllifi olan Rauf Cəfərovun elmi nəticələri beynəlxalq aləmdə yüksək qiymətləndirilərək adron və nüvələrin subzərrəciklər olan kvarkların rabitəli halı və plazma effektli kvant-fiziki modellərə həsr olunmuş “Mean-Field Expansion, Regularization İssue, and Multi-Quark Functions in Nambu-Jona-Lasinio Model” adlı ümumiləşmiş əsəri, mənzil qərargahı İsveçrənin Bazel şəhərində yerləşən Multidisciplinary Digital Publishing İnstitute Co-də dərc olunan SYMMETRY mötəbər elmi jurnalında çap edilmişdir.
Professor Rauf Cəfərov ABŞ, Braziliya, Yaponiya, Çin, Rusiya, İran kimi ölkələrlə geniş beynəlxalq əlaqələrə malikdir. O, Gürcüstan Akademiyasının Georgian Scienific Journal of Physics, Rusiya ali məktəblərinin orqanı olan İzvestiə Vuzov. Fizika (Russian Physics Journal), Baku Engineering University Journal of Physics kimi dərgilərin Redaktorlar Heyətinə daxildir. Onun Rusiyanın, Gürcüstanın, Türkiyənin, İranın bir sıra şəhərlərində keçirilən elmi konfranslarda plenar məruzələri böyük maraqla qarşılanmışdır. Bundan əlavə, o, ulu öndər Heydər Əlirza oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş “Nəzəri və riyazi fizikanın tərs məsələləri” Beynəlxalq konfransın (2003, Sumqayıt Dövlət Universiteti), “Modern Trends in Physics”, “Contemprorary Problems of Physics and Mathematics with Application” requlyar Beynəlxalq konfransların əsas təşkilatçılarından biridir.
Püxtələşmə illərini yaşayan alim hazırda böyük yaradıcılıq həvəsi və enerjisi ilə fizikanın müxtəlif sahələrində elmi tədqiqatlarını davam etdirərək gənc nəsil fiziklərin yetişdirilməsində də fəaldır. Biz Rauf müəllimə Azərbaycanda elmin inkişaf dövrünün bu məsul illərində yaradıcılıq uğurları və cansağlığı arzulayırıq.

Adil QƏRİBOV,
akademik,
Kərim ALLAHVERDİYEV,
Avropa Elmlər Akademiyasının həqiqi üzvü,
Ənvər NƏHMƏDOV,
akademik.

Published in Digər xəbərlər
1 -dən səhifə 2

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər894119

Currently are 30 guests and no members online