XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə, 03 Fevral 2021

Fevralın 2-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya partiyanın sədri Dövlət Baxçalının salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Prezident İlham Əliyev Dövlət Baxçalının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Milliyətçi Hərəkat Partiyasının sədrinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəyi xatırlatdı. Müharibə dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatlarının Azərbaycana böyük dəstək olduğunu deyən Prezident İlham Əliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi olan Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının da açıqlamalarının siyasi, mənəvi önəm kəsb etdiyini dedi.

Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlətimizin başçısına məlumat verdi. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirdi.

Prezident İlham Əliyev bu təşəbbüsə görə təşəkkürünü bildirdi, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını dedi. İşğaldan azad olunan ərazilərdə şəhərlərin baş planlarının hazırlandığını vurğulayan dövlətimizin başçısı məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin uğurlu inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-polkovnik ali hərbi rütbəsi

general-leytenant Arzu Yusif oğlu Rəhimova

general-mayor ali hərbi rütbəsi

polkovnik Azad Hüseyn oğlu Əliyevə

polkovnik Natiq Sahib oğlu Qarayevə.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Natiq Sahib oğlu Qarayev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 fevral 2021-ci il.

Published in Sərəncam

Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2021-ci il Gənclər üçün Prezident mükafatları verilsin:

Abbaszadə Orucəli Saleh oğlu

Abdulova Nərgiz Cövdət qızı

Əhmədov Ramil Bayram oğlu

İsmayıllı İsmayıl Cəfər oğlu

Qarayev Atəş İbrahim oğlu

Qasımov Pərvin Alim oğlu

Qasımzadə Zəhra İsa qızı

Qənbərov Nəcəf Bilal oğlu

Mirzəyeva Səmra Tahir qızı

Pərdəşünas Fərid Bayram oğlu.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 fevral 2021-ci il.

Published in Sərəncam

Müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalmışdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənmişdir.
Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır.
Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəltmişdir. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır. Əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcəkdir.
Bununla yanaşı, uzun müddətdir ki, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası ilə aparılan effektiv mübarizə, ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsi və ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına zəruri əsasları gücləndirir. Əvvəlki illərdə aparılmış islahatlar hesabına ölkənin sosial-iqtisadi potensialı artmış, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşmışdır. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır.
Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 20212030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.
Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, yeni strateji dövrdə qarşımızda duran məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə qərara alıram:
1. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Prioritetlərə (bundan sonra - Milli Prioritetlər) uyğun olaraq “20212025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. “20212025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən aşağıdakıları təmin etsin:
2.2.1. qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini;
2.2.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını;
2.3. Milli Prioritetlərin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Aidiyyəti dövlət orqanları (qurumları) Milli Prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər görsünlər.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 fevral 2021-ci il.

 

Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər
QÜDRƏTLİ DÖVLƏT VƏ YÜKSƏK RİFAH CƏMİYYƏTİ

Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.
Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.
Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.
Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.
Bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin möhkəmləndirilməsini insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.
Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:
1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
1. DAYANIQLI ARTAN RƏQABƏTQABİLİYYƏTLİ İQTİSADİYYAT
Uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bu prioritetin effektiv həyata keçirilməsi üçün aşağıdakı iki məqsəd təmin olunmalıdır:
- davamlı və yüksək iqtisadi artım;
- daxili və xarici təsirlərə dayanıqlıq.
1.1. Davamlı və yüksək iqtisadi artım
İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.
İqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmalıdır. Neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir.
İqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır.
Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir.
İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir. Milli bank sektorunun dayanıqlığı təmin olunmalı, ona olan etimad yüksəlməli, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payı artırılmalı və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verməlidir. Bank kreditlərinin sahibkarlıq fəaliyyəti üçün əlçatanlığını təmin edəcək real işlək mexanizmlər hərəkətə gətirilməli, bank kreditlərinin təminatı məsələlərində bürokratik əngəllər aradan qaldırılmalıdır.
Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Lakin bu zaman ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində olmalıdır.
Dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi artırılmalıdır. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır.
Kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır.
1.2. Daxili və xarici təsirlərə dayanıqlıq
Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır.
Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır.
Xarici təsirlərə dayanıqlıq sütunlarından birini dövlətin valyuta ehtiyatları, digərini isə intizamlı borclanma təşkil edir. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır. Məcmu borc makroiqtisadi sabitliyə, o cümlədən dövlət büdcəsinin sabitliyinə xidmət etməlidir. Daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət və kvazi-dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır.
Makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olması təmin edilməlidir. Belə bir sabitlik iqtisadiyyatda gözləntiləri yaxşılaşdırmalı, əhalinin yığımlarını dəyərsizləşmədən qorumalı və investisiyaları artırmalıdır. Qiymətlərin sabitliyi daha effektiv lövbər vasitəsilə təmin edilməlidir. Makroiqtisadi sabitliyin digər mühüm meyarı olan dayanıqlı maliyyə sabitliyi maliyyə bazarlarının daim effektiv və səmərəli fəaliyyət göstərməsini, maliyyə dərinliyinin artmasını və maliyyəyə çıxışın genişlənməsini şərtləndirməlidir. Makroiqtisadi və maliyyə sabitliyini təmin edən idarəetmənin institusional çərçivəsi təkmilləşdirilməlidir.
2. DİNAMİK, İNKLÜZİV VƏ SOSİAL ƏDALƏTƏ ƏSASLANAN CƏMİYYƏT
Davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet aşağıdakı üç məqsəd əsasında uğurla reallaşa bilər:
- inkişafdan hər bir vətəndaşın bəhrələnməsi;
- yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət;
- paytaxt və regionların tarazlı inkişafı.
2.1. İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi
Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır.
Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalıdır.
Məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimullar yaradılmalı, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payı üstünlük təşkil etməlidir.
İqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görülməlidir.
2.2. Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət
Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalmalıdır. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.
Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır.
Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün tələb olunan sosial reabilitasiya infrastrukturu əlçatan olmalı, bu şəxslərin məşğulluğuna dəstək proqramları genişləndirilməli, sosial təminatı gücləndirilməlidir. Sosial cəhətdən həssas əhali qruplarının maraq və mənafelərinə cavab verən, onlara bərabər iştirak imkanları yaradan sosial xidmətlər sistemi təmin olunmalıdır.
2.3. Paytaxt və regionların tarazlı inkişafı
Ötən dövrdə regionlarla müqayisədə ölkəmizin paytaxtı daha sürətlə inkişaf etmişdir. Uzunmüddətli dövrdə əsas məqsədimiz regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır.
Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcəkdir.
3. RƏQABƏTLİ İNSAN KAPİTALI VƏ MÜASİR İNNOVASİYALAR MƏKANI
Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır. Perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacaqdır.
Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.
Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı üç məqsədə nail olunmalıdır:
- XXI əsrin tələblərinə uyğun təhsil;
- yaradıcı və innovativ cəmiyyət;
- vətəndaşların sağlam həyat tərzi.
3.1. XXI əsrin tələblərinə uyğun təhsil
Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişlənməli və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməlidir.
Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır.
Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir.
İnsanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır.
Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır.
3.2. Yaradıcı və innovativ cəmiyyət
Gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəkdir. Ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır.
Yeni dövrdə qurulacaq ekosistem (müvafiq təşviqlər, inkubasiya və akselerasiya mərkəzləri, dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə modelləri, vençur və kraudfandinq institutları və s.) iqtisadiyyatın texnoloji tutumluluğunun artırılmasına yönləndirilməlidir. Dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla texnoloji ixrac məkanına çevrilmək üçün perspektivlər yaradılmalıdır. Bu məqsədlə emal sənayesinin inkişafı dərinləşdirilməli, elmtutumlu və yüksək gəlir yaradan orta və yüksək texnoloji sahələrin inkişafı təmin edilməlidir. Nəticəyönümlü elmi tədqiqatların təşviqi üçün rəqabətli maliyyələşdirmə mexanizmləri formalaşdırılmalıdır.
3.3. Vətəndaşların sağlam həyat tərzi
Vətəndaşların uzunömürlülüyü və sağlam həyat tərzi təmin edilməlidir. Bu, vətəndaşların məhsuldar fəaliyyəti və sosial rifahının artırılması üçün mühümdür. Sağlamlıq və uzunömürlülük ölkədə səhiyyə sisteminin keyfiyyətindən birbaşa asılı olacaqdır. Müasir innovasiyaların səhiyyədə tətbiqi sahəsində yüksək nəticələr əldə edilməklə, keyfiyyətli səhiyyə xidmətlərinin milli gəlirin yaranmasında payı artırılmalıdır.
Keyfiyyətli səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin orta ömür müddətinin artımına nail olunmalıdır.
4. İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRƏ BÖYÜK QAYIDIŞ
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.
Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir.
Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.
Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı iki məqsədə nail olunmalıdır:
- dayanıqlı məskunlaşma;
- iqtisadi fəaliyyətə reinteqrasiya.
4.1. Dayanıqlı məskunlaşma
Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaratmışdır. İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.
Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.
4.2. İqtisadi fəaliyyətə reinteqrasiya
İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcəkdir.
Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdıra və onu davamlı artıra bilərik. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl tərəfdaşlığının inkişafı vacibdir.
5. TƏMİZ ƏTRAF MÜHİT VƏ “YAŞIL ARTIM” ÖLKƏSİ
Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır.
Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə aşağıdakı iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır:
- yüksək keyfiyyətli ekoloji mühit;
- yaşıl enerji məkanı.
5.1. Yüksək keyfiyyətli ekoloji mühit
Ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır.
Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılmalıdır.
İqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməlidir. Ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir.
5.2. Yaşıl enerji məkanı
Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaqdır. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.
İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcəkdir.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (bundan sonra - Agentlik) nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşdırılır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Agentlik dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. beynəlxalq təcrübə nəzərə alınmaqla “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 fevral 2021-ci il.

 

 

Azərbaycan Respublikası Prezidentinin

2021-ci  il 2 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin

NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan (bundan sonra - minalardan və hərbi sursatdan) təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir. 1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) və digər fərqləndirici nişanı vardır.

1.6. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Agentliyin rəsmi adı aşağıdakı kimidir:

1.7.1. tam halda - Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, qısaldılmış halda - ANAMA;

1.7.2. ingilis dilində tam halda - Mine Action Agency of the Republic of Azerbaijan, ingilis dilində qısaldılmış halda - ANAMA.

1.8. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları və qurumları ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.4. müvafiq sahədə təhlil və proqnozlaşdırma işlərini təşkil etmək;

2.1.5. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini həyata keçirmək;

2.1.6. müvafiq sahədə fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirmək.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.3. dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.4. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini, həmçinin onların müvəqqəti saxlanılmasını, daşınmasını və zərərsizləşdirilməsini təmin etmək;

3.1.5. müvafiq sahədə elektron məlumat bazası yaratmaq;

3.1.6. minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış əraziləri nişanlamaq, həmin ərazilərin, eləcə də minalardan və hərbi sursatdan təmizlənmiş ərazilərin xəritələrini tərtib etmək və elektron məlumat bazasına daxil etmək;

3.1.7. müvafiq sahədə təhlil və tədqiqat işlərinin aparılmasını təmin etmək, proqnozlaşdırmanı həyata keçirmək;

3.1.8. minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalması ehtimal edilən ərazilərdə axtarış işlərini təşkil etmək;

3.1.9. əhalinin minalardan və partlamamış hərbi sursatdan zərərçəkmə riskinin minimuma endirilməsi məqsədilə tədbirlər görmək;

3.1.10. aidiyyəti dövlət orqanlarının və qurumlarının müraciəti əsasında Azərbaycan Respublikasının ərazisində aşkar edilmiş minaların və hərbi sursatın (kimyəvi silah istisna olmaqla) müvəqqəti saxlanılmasını, daşınmasını və zərərsizləşdirilməsini təmin etmək;

3.1.11. Azərbaycan Respublikası ərazisində keçmiş sovet ordusunun yerləşdiyi hərbi hissə, obyekt və poliqon ərazilərinin, həmçinin onların ətrafının minalardan və hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini təşkil etmək;

3.1.12. hərbi obyektlərdə baş vermiş partlayış fəsadlarının aradan qaldırılmasında iştirak etmək, onların yerləşdiyi ərazilərin partlamış hərbi sursatın qalıqlarından təmizlənməsini, partlamamış hərbi sursatın (kimyəvi silah istisna olmaqla) müvəqqəti saxlanılmasını, daşınmasını və zərərsizləşdirilməsini aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə təmin etmək;

3.1.13. minatəmizləmə fəaliyyətinin monitorinqini aparmaq, bu fəaliyyətin beynəlxalq humanitar minatəmizləmə standartlarına uyğun və təhlükəsiz həyata keçirilməsinə nəzarət etmək;

3.1.14. minalardan və partlamamış hərbi sursatdan təmizlənmiş əraziləri minatəmizləmə işinin keyfiyyətlə tamamlanmasına dair sənədlərlə birlikdə aidiyyəti dövlət orqanlarına və qurumlarına təhvil vermək;

3.1.15. Azərbaycan Respublikasının ərazisində həyata keçirilən minatəmizləmə fəaliyyətinə müqavilə əsasında fiziki və hüquqi şəxsləri cəlb etmək, qanunla nəzərdə tutulduğu halda onları akkreditasiyadan keçirmək;

3.1.16. Agentlik, habelə aidiyyəti dövlət orqanları və qurumları minatəmizləmə fəaliyyətinə bu Nizamnamənin 3.1.15-ci yarımbəndində nəzərdə tutulmuş şəxsləri cəlb etdiyi halda minalardan və partlamamış hərbi sursatdan təmizlənmiş əraziləri həmin şəxslərdən minatəmizləmə işinin keyfiyyətlə tamamlanmasına dair sənədlərlə birlikdə təhvil almaq;

3.1.17. zərər çəkmiş əməkdaşlarının reabilitasiyası və reinteqrasiyası ilə bağlı müvafiq tədbirlər görmək;

3.1.18. müvafiq sahədə əhalinin maarifləndirilməsi üçün tədbirlər görmək;

3.1.19. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üzrə mütəxəssislər hazırlanmasını təşkil etmək;

3.1.20. fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.21. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.22. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.23. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.24. Agentliyə ayrılan dövlət büdcəsi vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.25. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.26. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.27. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

3.1.28. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.29. müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək;

3.1.30. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları və qurumları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.9. beynəlxalq və yerli əməkdaşlıq çərçivəsində müqavilə əsasında ödənişli və ya ödənişsiz təlimlər keçirmək;

3.2.10. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək;

3.2.11. əməkdaşlarının peşə biliklərinin artırılması məqsədilə onların beynəlxalq təlimlərdə, təlim-məşq toplanışlarında və digər tədbirlərdə iştirakını təşkil etmək;

3.2.12. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.13. təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.14. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.15. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

4.3. İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən - Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.2. Agentliyin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;

4.5.3. Agentliyin fəaliyyətinə nəzarət etmək;

4.5.4. Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) məbləğini təsdiq etmək, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.5.5. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.6. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.5.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.5.8. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.9. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.5.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.11. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.5.12. Agentliyin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə Agentliyin aktivləri ilə bağlı əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.13. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə mənfəətinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı qərar qəbul etmək;

4.5.14. Agentliyin fəaliyyətini təşkil etmək;

4.5.15. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.5.16. bu Nizamnamənin 3.1.24-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.5.17. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.5.18. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.5.19. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin iclasları ayda iki dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.

4.7. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.8. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.

4.10. İdarə Heyətinin sədri:

4.10.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.10.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.10.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.10.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.10.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.10.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.10.7. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.10.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.10.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.10.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.10.11. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.10.12. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.10.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.10.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.10.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.10.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.11. İdarə Heyətinin üzvləri:

4.11.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.11.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.11.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.11.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.11.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.12. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin ilkin nizamnamə fondu 100 000 (yüz min) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Agentliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.

5.6. Agentliyin xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.

6. Agentliyin fəaliyyətinə nəzarətin

forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin İdarə Heyəti həyata keçirirlər.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Agentliyin yenidən təşkili və ləğvi

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Published in Fərman

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gənclər Günü münasibətilə rəsmi “İnstagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir:

“Bu gün 2 Fevral - Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən təbrik edirəm! Qoy sizin həyatınız daim parlaq, maraqlı və mənalı olsun! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm!”  

 

AZƏRTAC

Published in Siyasət

Fevralın 2-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlamentin sədri qonağı səmimi salamlayaraq bildirib ki, Azərbaycan və İran iki dost və mehriban qonşu ölkələrdir. Bizi bir-birimizə bağlayan tarixi, mədəni və mənəvi dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma şəraitində inkişafı üçün yaxşı zəmin yaradır.

İkitərəfli əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolu və siyasi iradəsi mühüm rol oynayır. Bu baxımdan, yüksək səviyyəli görüşlər, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər böyük əhəmiyyət daşıyır.

Sədr bildirib ki, Azərbaycan ilə İran arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərimizə də müsbət təsir edir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi günbəgün artır. Biz belə hesab edirik ki, mövcud potensial bu sahədə daha yüksək göstəricilər əldə etməyə imkan yaradır. Sədr Azərbaycanın onun dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi İran İslam Respublikası ilə həyatın digər sahələrində də əlaqələri dərinləşdirmək niyyətində olduğunu söyləyib.

Sahibə Qafarova münasibətlərimizin inkişafında parlamentlərin rolunu vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini təqdir edib. Bildirib ki, bu sahədə tərəflər arasındakı mövcud xoş münasibətlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıqda özünü büruzə verir. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, deputatlarımızın mütəmadi təmasları ölkələrarası əməkdaşlığın da dərinləşməsinə öz dəyərli töhfəsini verir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ölkəsinin dost və qardaş Azərbaycan ilə əlaqələrin inkişafına böyük maraq göstərdiyini ifadə edib. Bildirilib ki, İran ölkəmizin apardığı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, haqqın və ədalətin tərəfində olub. Səfir 44 günlük hərbi əməliyyatlar zamanı qazanılmış Zəfərə görə xalqımızı və Milli Məclisin sədrini təbrik edib.

Bildirilib ki, hər iki ölkənin yüksək səviyyəli dövlət rəsmiləri arasında mövcud olan münasibətlər iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir. Heç də təsadüfi deyil ki, əməkdaşlığımız artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Münasibətlərimizin bu səviyyəyə çatmasına parlamentlərimiz də öz layiqli töhfəsini verməkdədir. Deputatlarımız arasında keçirilən görüşlər tərəflər arasında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir. Qeyd edilib ki, İran gələcəkdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini intensivləşdirmək, əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindədir.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər barədə danışılıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Fevralın 2-də iqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb. Videoformatda keçirilən görüşdə İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri və quruma tabe strukturların rəhbərləri iştirak ediblər.

Əvvəlcə İqtisadiyyat Nazirliyinin şəhid olmuş əməkdaşının, habelə torpaqlarımızın azad olunması uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, M.Cabbarov nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşlarını sağ-salamat yenidən ailəsinə, işinə qayıtması münasibətilə təbrik edib. Qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Ordumuzun şücaəti nəticəsində topraqlarımız işğaldan azad olunub, ölkəmiz Vətən müharibəsində böyük Zəfər qazanıb. 44 günlük müharibədə tarix yazan rəşadətli Ordumuz, qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq mübarizəsində sarsılmazlığını, qələbə əzmini, hərb meydanında yüksək döyüş məharətini bütün dünyaya nümayiş etdirib.

Nazir Vətən müharibəsində iştirak edərək milli tariximizə qəhrəmanlıq salnaməsi yazan rəşadətli Ordumuzla, qəhrəman əsgər və zabitlərlə bütün Azərbaycanın fəxr etdiyini, İqtisadiyyat Nazirliyinin döyüşdə xüsusi şücaət göstərən bir qrup əməkdaşının Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə medallarla təltif olunduğunu diqqətə çatdırıb.

M.Cabbarov dövlət başçısının rəhbərliyi ilə hökumətin Qarabağın işğaldan azad olunmuş ərazilərinin bərpası planları, bölgənin inkişaf strategiyası barədə danışıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə artıq abadlıq-quruculuq işləri aparılır və bu torpaqlarımıza Böyük Qayıdış başlayır. O, döyüş meydanında öz sözünü demiş nazirlik əməkdaşlarının işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Qarabağın dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsinə də öz töhfəsini verəcəklərinə əminliyini ifadə edib.

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Vətən müharibəsində iştirak etmiş nazirlik əməkdaşları barədə məlumat verib. Bildirilib ki, Vətən müharibəsində İqtisadiyyat Nazirliyinin 131 əməkdaşı iştirak edib, onlardan biri - Asəf Nəsibov şəhid olub.

Görüşdə çıxış edən Asif Nəsibov Vətən müharibəsində şəhid olmuş qardaşı, İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşı Asəf Nəsibov haqqında xatirələrini danışıb, şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.

İqtisadiyyat Nazirliyinin döyüş əməliyyatlarında iştirak etmiş əməkdaşları - Kamran Umudov, “Cəsur döyüşçü” medalı ilə təltif edilimiş Musa Abbasov, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş Əli Məmmədov, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş Araz Ağayev döyüş xatirələrini bölüşüblər.

Görüşün sonunda M.Cabbarov iştirakçılara işlərində uğurlar arzulayıb.

 

 

AZƏRTAC

Published in İqtisadiyyat

Göygöl şəhəri 2021-ci ilin “Gənclər paytaxtı” elan edilib

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə 2020-ci ildə nazirliyin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonra Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyevin, Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin, Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin və Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun gənclərə təbrik və müraciətlərindən ibarət videoçarx təqdim edilib. 

Tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən ötən il mədəniyyət, elm, təhsil, rəssamlıq, bəstəkarlıq, fotoşəkil, memarlıq və ictimai sahələrdə fəallıqları ilə fərqlənən 62 gənc və gənclər təşkilatına pul mükafatları və diplomlar verilib.

Ötən il nazirliyin fəaliyyətini onlayn şəkildə davam etdirməsinə baxmayaraq, bu dövrdə də gənclərlə bağlı bir çox layihələr uğurla gerçəkləşdirilib. Nazirliyin mərkəzi aparatı tərəfindən 2020-ci ildə gənclərin müxtəlif sahələrdə maraqlarını əhatə edən 115 tədbir və layihə həyata keçirilib.

Gənclər evləri haqqında məlumat verilərkən diqqətə çatdırılıb ki, “Gənclər siyasəti haqqında” qanuna və “Azərbaycan Gəncliyi” Dövlət proqramlarına müvafiq olaraq Gənclər və İdman Nazirliyinin tabeliyində 12 Gənclər evi fəaliyyətə başlayıb. 2020-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə əlavə olaraq daha 15 Gənclər evi nazirliyin tabeliyinə verilib. Mövcud Gənclər evlərindən 19-u aktiv fəaliyyət göstərir. Digər 8 Gənclər evi isə cari ildə müvafiq sənədləşmə işlərinin yekunlaşmasından sonra fəaliyyətə başlayacaq. Ötən il Gənclər və İdman Nazirliyinin tabeliyində olan Gənclər evləri tərəfindən 1851 tədbir keçirilib. Onlardan 470-i vətənpərvərlik sahəsində, 205-i isə pandemiya ilə bağlı olub. Ümumilikdə 112 min 835 gənc Gənclər evləri tərəfindən keçirilən tədbirlərdə iştirak edib. Gənclər evlərinin fəaliyyəti Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli qərarı ilə təsdiqlənmiş Gənclər evi sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması qaydaları ilə tənzimlənir.

Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimində ölkənin 5 şəhəri - Göygöl, Xaçmaz, Mingəçevir, Sabirabad, Tovuz arasında püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən Göygöl şəhəri 2021-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” elan edilib.

2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunur. Bu günədək Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı şəhər və rayonları Azərbaycanın “Gənclər paytaxtı” seçilib.

Daha sonra “Zoom” proqramı vasitəsilə Gənclər Gününə həsr olunmuş toplantı keçirilib.

 

 

 

AZƏRTAC

Published in Sosial həyat
1 -dən səhifə 3

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər894118

Currently are 32 guests and no members online