XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə axşamı, 23 Fevral 2021

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azad Məhyəddin oğlu Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Rövşən Nəcəf - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü

Müşahidə Şurasının üzvləri

Elçin Ağakişiyev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəisinin birinci müavini

İlham Pənahov - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru

Samir Qurbanov - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri

Vüqar Məcidli - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Müşahidə Şurasının üzvləri

Rəhman Hümmətov - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Mətin Eynullayev - Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini

Zaur Qurbanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Vüqar Məcidli - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Xalid Əhədov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Müşahidə Şurasının üzvləri

Rəhman Hümmətov - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Xəyyam Məmmədov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 1, maddə 1, N 3, maddə 131; 2002, N 12, maddə 693; 2003, N 1, maddə 16; 2004, N 1, maddə 10, N 4, maddə 199, N 5, maddə 321, N 8, maddə 597, N 11, maddə 884; 2005, N 6, maddələr 463, 475, N 10, maddə 874; 2006, N 5, maddə 386, N 6, maddə 479, N 8, maddə 657, N 11, maddə 927, N 12, maddələr 1005, 1014; 2007, N 2, maddə 83, N 5, maddələr 434, 436, N 7, maddə 711, N 10, maddə 934, N 11, maddələr 1049, 1074, 1078, N 12, maddələr 1213, 1219; 2008, N 3, maddə 153, N 5, maddələr 326, 341, N 6, maddələr 471, 481, N 7, maddə 602, N 8, maddə 699, N 10, maddə 881; 2009, N 2, maddə 54, N 5, maddə 311, N 6, maddə 403, N 10, maddə 771, N 11, maddə 878, N 12, maddə 964; 2010, N 4, maddə 276; 2011, N 2, maddə 71, N 3, maddə 165, N 6, maddə 463; 2012, N 5, maddə 413, N 10, maddə 945, N 11, maddə 1049; 2015, N 1, maddə 9, N 5, maddə 488, N 10, maddə 1100; 2016, N 8, maddə 1365, N 11, maddələr 1760, 1782, 1785; 2017, N 5, maddə 726, N 6, maddə 1054, N 7, maddə 1267, N 8, maddə 1513, N 11, maddə 1974, N 12 (I kitab), maddə 2192; 2018, N 2, maddələr 158, 159, N 3, maddə 392, N 5, maddələr 864, 880, N 6, maddə 1191, N 7 (I kitab), maddələr 1383, 1428; 2019, N 1, maddə 8; 2020, N 7, maddələr 828, 851, 856, N 11, maddə 1322; Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 200-VIQD nömrəli və 24 noyabr tarixli 202-VIQD nömrəli qanunları) aşağıdakı məzmunda 11.1.2.1-1-ci, 11.1.3.3-1-ci və 11.1.4.3-1-ci maddələr əlavə edilsin:

“11.1.2.1-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;”;

“11.1.3.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;”;

“11.1.4.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri;”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 fevral 2021-ci il.

Published in Qanun

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 2, maddə 179; 2016, N 2 (II kitab), maddə 338, N 8, maddə 1384; 2019, N 5, maddə 890; 2020, N 5, maddə 602, N 9, maddə 1157) 3-cü hissəsi və 4.1 - 4.3-cü bəndləri aşağıdakı redaksiyada verilsin:

“3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqinə:

3.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

3.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

3.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.”;

“4.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

4.2. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir;

4.3. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

4.3.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

4.3.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

4.3.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

4.3.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

4.3.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

4.3.6. fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

4.3.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

4.3.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.3.9. bu Sərəncamın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan İnvestisiya Holdinqi:

3.1. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

3.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını üç ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini üç ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 12 fevral tarixli 261-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 8, maddə 440; 2006, N 3, maddə 229, N 6, maddə 498; 2007, N 2, maddələr 86, 101, N 3, maddələr 217, 227, N 7, maddə 714, N 9, maddə 867, N 10, maddə 948, N 12, maddə 1242; 2008, N 1, maddə 9, N 3, maddələr 173, 179, N 6, maddə 499, N 8, maddələr 717, 723; 2009, N 2, maddə 66, N 6, maddələr 419, 421, 422; 2010, N 2, maddə 80, N 3, maddə 183, N 10, maddə 850; 2011, N 2, maddə 85; 2012, N 11, maddə 1078; 2013, N 3, maddə 236, N 8, maddə 901; 2014, N 9, maddə 1027; 2016, N 5, maddə 854, N 6, maddələr 1029, 1073; 2017, N 5, maddə 840, N 8, maddələr 1519, 1521; 2018, N 7 (I kitab), maddələr 1445, 1486, N 11, maddə 2287; 2019, N 1, maddə 76, N 4, maddə 655, N 6, maddə 1027, N 7, maddə 1211, N 8, maddə 1405; 2020, N 4, maddə 423, N 6, maddə 708; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 fevral tarixli 1279 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.4-cü yarımbəndinə aşağıdakı məzmunda 4-2-ci abzas əlavə edilsin:

“4-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 fevral 2021-ci il.

Published in Fərman

“Ağıllı kənd” təkcə infrastruktur deyil, həm də yeni həyat tərzidir

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd” layihəsi icra ediləcək. Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına son səfəri zamanı verdiyi bu açıqlama ilə azad olunmuş ərazilərin bərpasına baxış konsepsiyasını ortaya qoymuş oldu. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimiz ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunacaq. Konsepsiyanın özü də belə adlanır - “Ağıllı kənd”. 

 

“Ağıllı kənd” nədir?

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli AZƏRTAC-a açıqlamasında bildirib ki, bütün dünyada “Ağıllı kənd” layihələrinin həyata keçirilməsində əsas məqsəd kəndlərdən şəhərlərə axınının qarşısını almaqdır. Yəni kənd yerlərində insanlara elə şərait yaradılmalıdır ki, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də rahat çıxış olsun. Eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaradılmalıdır. Üçüncü məqam isə kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün tam şəraitin formalaşdırılmasıdır. Yəni, “Ağıllı kənd” konsepsiyasında xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər fərqi faktiki olaraq aradan qalxmış olur.

 

“Ağıllı kənd”: əsas komponentlər

Kənd təsərrüfatı naziri İnam Kərimovun Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyevə etdiyi təqdimatdan aydın olur ki, “Ağıllı kənd” layihəsinin əsas komponentləri yaşayış sahəsi, sosial xidmət sahəsi, dəyər zənciri və innovasiyalar əsaslı “Ağıllı kənd təsərrüfatı” və alternativ enerjidən istifadədən ibarətdir. Bu barədə danışan Toğrul Qafarbəyli bildirib ki, “Ağıllı kənd təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir.

“Ağıllı kənd” təkcə kənd təsərrüfatı ilə bağlı sahə deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formalaşdırılacağını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in nə dərəcədə üstünlüklərə malik olduğunu göstərir.          

 

“Ağıllı kənd” sadə fermerə nə verəcək?

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin sözlərinə görə, artıq oxucuda “ağıllı kənd” barədə ilkin təsəvvür var və Prezidentin azad edilmiş ərazilərdə kəndlərin “Ağıllı kənd” konsepsiyası əsasında qurulması təşəbbüsü bu baxımdan müsbət qarşılanır. Bu innovativ təşəbbüslə əlaqədar ortaya çıxan əsas sual budur: Sadə fermer bu layihədən nə əldə edəcək və “Ağıllı kənd” fermerin gəlirlərinə, həyat tərzinə necə müsbət təsir göstərəcək? Cavab aydındır - bu gün bütün dünyada kənd təsərrüfatında artıq əl əməyindən istifadə minimuma enib, aqrar sektorda daha çox yeni texnologiyalardan istifadə olunur. Sahələrin dərmanlanması dronlar vasitəsilə həyata keçirilir, məhsul yığımı kompüterləşdirilmiş texnikalar vasitəsilə aparılır, su resurslarından qənaətlə istifadə üçün müasir suvarma sistemlərindən istifadə olunur. Ən əsası bütün bu proseslər bir mərkəzdən idarə edilir, texnologiyaların tətbiqi resurslara qənaət etməyə, xərcləri optimallaşdırmağa, gəlirləri artırmağa imkan verir. “Ağıllı kənd” layihəsi bərpa olunacaq kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin “ağıllı kənd təsərrüfatı” sisteminə inteqrasiyasında mühüm rol oynayacaq.

 

Yüksək texnologiyalara əsaslanan “Ağıllı kənd” sistemi

“Ağıllı kənd” konsepsiyasına əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. “Ağıllı kənd” suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu bir sistemdir. Toğrul Qafarbəyli bildirib ki, “Ağıllı kənd” həm də ən qabaqcıl texnologiyalar və texnotransferlərin tətbiqini nəzərdə tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası “Ağıllı kənd”in konsepsiyasını tamamlayacaq.

Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu cür həllərin reallaşması “Ağıllı kənd” layihəsini zamanın zərurətinə çevirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu layihənin işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilməsi Böyük Qayıdış proqramının icrasında davamlı müsbət nəticələrə gətirib çıxaracaq.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycanın Qarabağ bölgəsi qədim tarixi, zəngin maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi, eləcə də adət-ənənələri ilə fərqlənir. Bütün bunlar bədii təfəkkür və yaradıcılığa müsbət təsir göstərən bölgənin əsrarəngiz təbiətinin, təbii sərvətlərinin zənginliyinin nəticəsidir. AZƏRTAC olaraq Azərbaycan Ordusunun işğaldan azad etdiyi şəhər və kəndlərimizdən mütəmadi reportajlar hazırlayır, ölkə və dünya ictimaiyyətini bölgənin mədəniyyəti, tarixi abidələri, təbiəti, eləcə də erməni işğalçıları tərəfindən 30 ilə yaxın dövrdə həyata keçirilən vandalizm barədə məlumatlandırırıq. Budəfəki səfərimiz qədim abidələri, gözəl təbiəti, zəngin təhsil ənənələri olan Tuğ kəndinədir. 

Qısa məlumat: Xocavənd rayonunun Tuğ kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Kəndin əsas özəlliklərindən biri onun Azərbaycan və dünya tarixi üçün xüsusi əhəmiyyətə malik məşhur Paleolit düşərgələri olan Azıx və Tağlar mağaralarının yaxınlığında yerləşməsi, kəndin ərazisində erkən orta əsrlərə aid bir neçə alban məbədinin olmasıdır. Tuğ kəndində işğala qədər əhali üzümçülük, taxılçılıq, tərəvəzçilik, baramaçılıq və heyvandarlıqla məşğul olub. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana fəaliyyət göstərib. 1991-ci il oktyabrın 30-da ermənilər tərəfindən işğal edilən kənd Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları zamanı 2020-ci il noyabrın 9-da azad olunub.

 

Doğma yurda qayıdış

Sürücü avtomobili Tuğ kəndinin mərkəzində saxlayır. Bizimlə birlikdə gələn kənd sakinlərinin sevincinin həddi-hüdudu yoxdur. Yolboyu doğma kəndlərinin gözəlliklərindən, işğalaqədərki xoşbəxt günlərindən, xoş xatirələrdən bəhs edən sakinlər həyəcanlı idilər. Çünki 29 ildir ayrı düşdükləri, ötən müddətdə hər gün xəyal etdikləri doğma yurda qədəm qoyurdular.

Kənd sakini Cəmil Bayramov yaxınlıqdakı evinə tələsir. Biz də onunla gedirik. Uçuq evin divarına yaxınlaşıb, “Bura bizim evimizdir, ermənilər dağıdıb”, - deyir. Sonra onun yanındakı ikimərtəbəli evi göstərir: “Bura isə Azərbaycan Xalq Cümhuriyyətinin nəqliyyat naziri Xudadat bəy Məlikaslanovun evidir. Sovetlər dövründə bu ev kolxoz idarə heyətinin binası kimi istifadə edilib. 1960-cı illərdə Məlikaslanovun ailə üzvləri evi geri qaytarıb təmir elədilər. Xudadat bəyin nəvələri yay fəslində gəlib qalırdılar. Görünür ki, işğaldan sonra evdə erməni ailəsi yaşayıb. Ev salamat qalsa da, quruluşu dəyişdirilib”.

 

Küçələrin, evlərin quruluşu və memarlıq üslubu diqqəti cəlb edir

Tuğ kəndində küçələrin, evlərin özünəməxsus quruluşu və memarlıq üslubu diqqəti cəlb edir. Evlər, divarlar hamar qaya daşı ilə hörülüb. Dağlar, daşlar və yaşıllıqlar vəhdət təşkil edir. Qədim tikililərlə zəngin Tuğ kəndində insan özünü başqa zamanda, başa dünyada hiss edir. 

İşğala qədər Qarabağın ən abad yaşayış məntəqələrindən olan Tuğ kəndi sanki keçmişdə qalıb. İşğal dövründə burada ermənilər yaşasalar da, kəndin inkişafı üçün heç bir iş görülməyib. Əksinə, hər tərəf xarabalıqları xatırladır. Azərbaycanlılara məxsus evlərin çoxu dağıdılıb.

Cəmil kişi ilə söhbət edə-edə kəndi gəzirik. “Bu görünən dağılmış bina mənim nənəmin evi idi. Evin yanındakı yanmış bina isə məktəb olub. Səkkiz il bu məktəbdə oxumuşam. Məktəbin ətrafındakı evlər Səlim bəyin, Astan bəyin və Mehdi bəyin evləri olub. O görünən bina isə mədəniyyət evi idi. Orada respublikamızın tanınmış musiqiçiləri vaxtaşırı konsert verirdilər. Ermənilər mədəniyyət evinin binasını da dağıdıblar. Bu isə qədim Alban məbədidir. Ermənilər məbəddə rekonstruksiya işləri aparıb, özününküləşdirmək istəyiblər...”.

 

1988-1991-ci illər - təzyiqlər, təqiblər və işğal...

Cəmil Bayramov söhbət zamanı bildirdi ki, kənddə azərbaycanlılarla ermənilər bir yerdə yaşasalar da, 1980-ci illərin sonlarına qədər milli zəmində heç bir insident olmayıb. 1988-ci ildən başlayaraq kəndə ayaq açan “Krunk”, “Daşnaksütyun” təşkilatlarının üzvləri erməni əhali arasında təbliğat aparır, təxribatlar təşkil edirdilər. Kənddə ilk qanlı hadisə 1989-cu il noyabrın 17-də törədildi. 9-cu sinif şagirdi Teyyub Süleymanov məktəbdə ermənilər tərəfindən qətlə yetirildi. Ermənilər getdikcə daha da azğınlaşırdılar. Azərbaycanlıların evlərini daşlayır və yandırır, kənddə Ermənistanın bayrağını asırdılar. 1991-ci il mayın 1-də “Dəyirmana bənd” deyilən yerə ermənilərin qoyduğu partlayıcının partlaması nəticəsində iki kənd sakini həlak oldu. İyulun 23-də iki sakin avtomobil yuduqları zaman odlu silahla qətlə yetirildi. Ermənilər onların meyitləri üzərində qeyri-insani hərəkətlər də etmişdilər. Sentyabrın 7-də məktəbdən aşağıdakı bostan sahəsində iki nəfər öldürüldü. Oktyabrda azərbaycanlılara məxsus bir neçə ev yandırıldı, 1 nəfər evində öldürüldü. Nəhayət ermənilər oktyabrın 30-dan 31-nə keçən gecə meşə tərəfdən kəndi atəşə tutmağa, Azərbaycanlılar yaşayan evləri yandırmağa başladılar. Köməksiz sakinlər kəndi tərk etməli oldular. Beləcə, kənd də işğal edildi. 

 

135 yaşlı Tuğ kənd məktəbi

Kənd sakini Vahid Göyüşovla Azərbaycanın zəngin tarixə, mütərəqqi ənənələrə malik təhsil ocaqlarından olan Tuğ məktəbinin ermənilər tərəfindən yandırılmış binasının qarşısında söhbət etdik. Əsası 1885-ci ildə Azərbaycanın görkəmli şairi Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik Aslanbəyov, Məmməd bəy Məlikyeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi ziyalılar müəllimlik ediblər. Fəaliyyət göstərdiyi 135 il ərzində Tuğ məktəbi ölkəyə yüzlərlə alim, dövlət məmuru, hərbçi, təhsil, mədəniyyət və incəsənət işçiləri bəxş edib. Məktəbin görkəmli məzunlarından biri Azərbaycan Xalq Cümhuriyyətinin dəmir yol, poçt və teleqraf naziri, parlamentin üzvü olmuş, sonrakı illərdə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuş texnika elmləri doktoru Xudadat bəy Məlikaslanovdur.

Tuğ məktəbinin məzunlarından olan Vahid Göyüşov bildirdi ki, uşaqlığı, gəncliyi bu kənddə keçib. “Gördüyünüz bu dağılmış məktəbdə təhsil almışam. 8-ci sinfə qədər bu məktəbdə, 9-10-cu sinifləri isə başqa məktəbdə oxumuşuq. Məktəb 1978-ci ilə qədər köhnə binada fəaliyyət göstərib. Ulu Öndərin Sərəncamına əsasən 1975-1978-ci illərdə Tuğ kəndində müasir tipli yeni məktəb binası inşa edildi. Ermənilərlə eyni məktəbdə, amma ayrı-ayrı siniflərdə dərs keçirdik. Qarabağda erməni separatizmi başlayanda ermənilər bir azərbaycanlı şagirdi bıçaqla qətlə yetirdilər. Bundan sonra azərbaycanlı şagirdləri başqa binaya köçürdülər. 1991-ci il oktyabrın 30-da Tuğ kəndi işğal ediləndən sonra köhnə məktəbin binası gördüyünüz kimi, ermənilər tərəfindən yandırılıb. Allaha şükürlər olsun ki, Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində kəndimiz işğaldan azad edildi və mən bu gün öz doğma yurduma gəlmişəm. Əminəm ki, tezliklə kəndimizdə həyat yenidən qayıdacaq”.

Qədim Tuğ kəndindən fotoları təqdim edirik.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfər çərçivəsində fevralın 22-də Ankara Universitetində olub.

AZƏRTAC xəbər verir ki, Ankara Universitetinin rektoru Necdet Ünüvar ilə görüş zamanı nazir Emin Əmrullayev pandemiya dövründə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün Ankara Universiteti tərəfindən bir sıra ixtisaslar üzrə məsafədən təhsilin təşkilinə görə rektora təşəkkürünü bildirib.

Sonra Azərbaycan nümayəndə heyəti universi

tetdə Xocalı soyqırımına həsr olunmuş anma mərasimdə iştirak edib. Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, təhsil naziri Emin Əmrullayev və Ankara Universitetinin rektoru Necdet Ünüvar mərasimdə çıxış ediblər.

Səfir Xəzər İbrahim çıxışında diqqətə çatdırıb ki, Azərbaycan vətəndaşları hər zaman güclü və yüksək təhsilli olmalıdır. Azərbaycanın güclü və qüdrətli olması təkcə Türkiyə üçün deyil, bütüm türk dünyası üçün önəmlidir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində rəşadətli qələbə qazandığını vurğulayan nazir Emin Əmrullayev qeyd edib ki, indi biz qalib Azərbaycan olaraq Xocalıya ədalət tələb edirik. Gələcək nəsillərə Xocalı soyqırımını unutdurmamaq üçün hələ görüləsi çox işlərimiz var. Zəfər qazanmışıq, lakin “Xocalıya ədalət!” əldə etmək üçün hələ çox çalışmalıyıq.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət iki dövlət!”, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” kəlamlarını xatırladan rektor Necdet Ünüvar diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri ölkələrimizi bir-birinə daha möhkəm bağlayıb.

Tədbirdə Ankara Universitetinin professoru, hüquq elmləri doktoru Cavid Abdullazadə “Xocalıya elmi baxış” mövzusunda təqdimatla çıxış edib.

Anım mərasimindəki çıxışlarda və təqdimatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallar tərəfindən Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımının səbəb və məqsədlərindən bəhs olunub.

Günün sonunda Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyə Milli Təhsil Nazirliyinin nəzdindəki Ölçmə və Dəyərləndirmə Mərkəzini ziyarət edib və pandemiya dövründə təhsilin təşkilinə dair Türkiyə təcrübəsi ilə yaxından tanış olmaq imkanı qazanıb.

 

 

AZƏRTAC

Published in Elm və təhsil
1 -dən səhifə 2

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər892299

Currently are 143 guests and no members online