XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə axşamı, 02 Fevral 2021

Xırdalanda Ulu Öndərin abidəsini ziyarət

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Qeyd edək ki, ötən ilin birinci rübündən pandemiya, sonuncu rübündən - postmünaqişə dövrü müxtəlif istiqamətlərdə həyata keçirilən siyasətə yeni reallıqdan baxılmasını şərtləndirib. Xırdalanda açılışı nəzərdə tutulan sosial-iqtisadi obyektlər bir daha sübut edir ki, istənilən çağırış və təsirlərə baxmayaraq, regional inkişaf strategiyası ardıcıl həyata keçirilməkdədir.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-liseydə yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub. Yeni korpusun Abşeron rayonunda şagird sıxlığının aradan qaldırılmasına müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.

Burada, həmçinin STEAM - elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb. STEAM sistemi işarələrlə, alqoritmlərlə robotexnologiyanın hazırlanması və proqramlaşdırılması, onların üzərində uşaqların birgə əməkdaşlığı, digər fənlərlə inteqrasiyasını nəzərdə tutur. Bu, mahiyyət etibarilə yeni təfəkkür formasının yaradılması deməkdir.

Qeyd edək ki, Xırdalan şəhərindəki texniki-təbiət fənləri təmayüllü məktəb-lisey üçün fevralın 1-i azı 3 hadisə ilə əlamətdardır: əvvəla, uzun fasilədən sonra 1-4-cü sinif şagirdləri üçün dərslər bərpa olunub. İkincisi, müasir təhsil infrastrukturuna malik korpus istifadəyə verilib. Nəhayət ölkədə sayca 3-cü, Abşeronda isə birinci tədris müəssisəsidir ki, 6-11 yaşlı şagirdlər də daxil olmaqla, STEAM təhsil metodunun tətbiqinə başlanılır.

 

Prezident İlham Əliyev Abşeron rayonunda “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Xırdalan” yarımstansiyasında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.

Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır.

Sonra Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyasını işə saldı.

Bildirildi ki, qəzaların qarşısının alınması və istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir.

Xırdalan şəhərində son illərdə tikilən yüzlərlə çoxmərtəbəli binanın, iqtisadi, sosial, sənaye obyektlərinin elektrik enerjisinə artan tələbatını qarşılamaq, güc qıtlığını aradan qaldırmaq üçün 110/35/10 kilovoltluq yeni “Xırdalan” yarımstansiyası da tikilib.

Prezident İlham Əliyev bu yarımstansiyanı da işə saldı.

Dövlətimizin başçısına yeni SCADA layihəsinin birinci mərhələsinin başa çatması barədə də məlumat verildi.

Qeyd edildi ki, yarımstansiyanın yeni inzibati binasında SCADA idarəetmə sisteminin tam həcmdə ehtiyat dispetçer idarəetmə mərkəzi yaradılıb. SCADA sistemi sınaqdan keçirilib. Azərbaycanın enerji sisteminin - 25 elektrik stansiyasını, 100-dən artıq yarımstansiyanı, o cümlədən “Azərişıq” ASC-nin idarəetmə mərkəzi ilə əlaqəni özündə əks etdirən məsafədən idarəolunan SCADA əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarətdir.

İşğaldan azad olunan torpaqlarda qurulacaq sistemlər də SCADA sistemi vasitəsilə məsafədən idarə olunacaq. İndiyədək bu ərazilərdə görülən işlərə gəldikdə,  Suqovuşan qəsəbəsi və ətraf ərazilərin elektrik enerjisi təchizatı üçün “Tərtər” yarımstansiyasından “Suqovuşan” yarımstansiyasına birdövrəli müasir tipli 35 kilovoltluq elektrik verilişi xətti çəkilir.  Suqovuşan qəsəbəsinədək mövcud 10 kilovoltluq hava xətti təmir edilir.  Talış kəndinə qədər mövcud 10 kilovoltluq hava xəttinin əsaslı təmiri və 2 yeni mərkəzin quraşdırılması işləri aparılır. Həmçinin Qubadlı və Zəngilan rayonlarının ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunması üçün mövcud şəbəkələrdən istifadə edilən 10 kilovoltluq elektrik verilişi xətlərinin bərpası və yenidən qurulması davam etdirilir.

Görülən işlər sübut edir ki, pandemiya ilə əlaqədar 2020-ci ilin iqtisadi cəhətdən fərqli il olmasına baxmayaraq, Prezident İlham Əliyevin davamlı strategiyasına əsasən digər sahələrdə olduğu kimi, energetika sahəsində həyata keçirilən layihələr də təxirə salınmayıb.

 

Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 4 hektar sahədə inşa olunan 150 çarpayılıq tibb müəssisəsi Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən zəruri avadanlıqla təchiz edilib. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub.

Yeni tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi.

 

Prezident İlham Əliyevin müsahibəsi

–Cənab Prezident, ilk növbədə, müsahibəyə vaxt ayırdığınıza görə Sizə minnətdarlığımızı ifadə edirik. İlk sualım açılışını etdiyiniz bu səhiyyə ocağı ilə bağlı təəssüratlarınız barədə olacaq. Necədir təəssüratlarınız?

–Təəssüratlar çox müsbətdir. Yeni tikilmiş bu xəstəxana bizim səhiyyə sahəsindəki fəaliyyətimizi əks etdirir. Bildiyiniz kimi, son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Ona görə əminəm ki, bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb.

Bir də ki, xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Burada 200-dən çox həkim və bütövlükdə 600-dən artıq tibb işçisi çalışacaq və təbii ki, onların da iş şəraiti müsbətə doğru dəyişir. Əminəm ki, burada göstəriləcək tibbi xidmət vətəndaşların sağlamlığını təmin edəcək, bərpa edəcək. Xəstəxananın inşası bir daha onu göstərir ki, bu sahədəki fəaliyyətimiz ardıcıl şəkildə davam etdirilir və Abşeron rayonunda da müasir xəstəxana artıq fəaliyyət göstərir. Bunun üstünlüyü, eyni zamanda, ondadır ki, bu vaxta qədər müxtəlif tibb müəssisələri fərqli-fərqli yerlərdə məskunlaşmışdı, amma indi burada artıq həm xəstəxana, poliklinika, uşaq poliklinikası, doğum şöbəsi, təcili tibbi yardım şöbəsi - bütün şöbələr bir yerdə fəaliyyət göstərəcək. Əlbəttə ki, bu, insanların rahatlığı üçün də çox önəmlidir.

–Cənab Prezident, Sizin təşəbbüsünüzlə Azərbaycanın bütün bölgələrində ən müasir standartlara cavab verən xəstəxanalar tikilib. Bundan sonrakı mərhələ barədə fikrinizi öyrənmək istəyərdik, yəni, bu proqram artıq bitib, yoxsa icrası davam etdiriləcək?

–Hesab edirəm ki, bütövlükdə artıq başa çatmaq üzrədir. Çünki ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir. Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin bu xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə ki, biz, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırmaq üçün əlavə addımlar atacağıq.

Səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi. Mən xatırlayıram, 2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Sözün düzü, o vaxt bizim qara qızılımızın həcmi o qədər də böyük deyildi, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ inşa edilməmişdi, ancaq biz bütün bu işləri artıq proqnozlaşdıra bilirdik. Bilirdik ki, bizi böyük neft hasilatı dövrü gözləyir. Ona görə neftdən əldən edilən gəlirləri insan kapitalına yönəltmək mənim başlıca vəzifəm idi. Dediyim kimi, bu vəzifə artıq bütövlükdə icra edildi. Bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir.

Əgər biz buna nail olmasaydıq, son illərdə hər il 5 milyon insan tibbi müayinədən keçə bilməzdi. Hesab edirəm ki, bu da böyük nailiyyətdir. Çünki mən bəlkə də 100-dən çox, - bəlkə də daha çox, indi hamısını xatırlamıram, - xəstəxananın, tibb müəssisəsinin açılışında olarkən dəfələrlə bir məsələyə vətəndaşların diqqətini cəlb edirdim ki, mütləq hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Artıq bunu demirəm, buna ehtiyac yoxdur. Çünki bu, həll olundu və artıq bir neçə ildir ki, kütləvi surətdə müayinədənkeçmə prosesi gedir. Yenə də deyirəm, dövlət hesabına 5 milyon insanı - ölkə əhalisinin yarısını tibbi müayinədən keçirmək böyük təşkilatçılıq və maliyyə resursları tələb edir. Azərbaycan nadir ölkələrdəndir ki, bu təşəbbüsü həm irəli sürüb, həm də bunu reallaşdırıb. Eyni zamanda, bildiyiniz kimi biz indi, icbari tibbi sığorta sisteminə keçmişik. Bu keçid də mərhələli yollarla həll olunub. Pilot layihələrin icrası bizə ilkin məlumatlar verib və məlumatlar da çox müsbət idi. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədə idi. Ona görə biz artıq bu sistemə də keçmişik. Əgər müasir xəstəxana fondu olmasaydı, buna keçmək mümkün olmazdı. Yəni, biz hər şeyi ardıcıllıqla edirik və yəqin ki, gələn 1-2 il ərzində böyük xəstəxanaların tikintisinə artıq son qoyulacaq və daha çox səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində addımlar atılacaqdır.

–Cənab Prezident, yəqin ki, bu xəstəxananın açılışının məhz pandemiya dövründə edilməsinin də bir xüsusi əhəmiyyəti var. Yəni, qlobal pandemiya bir ildən artıqdır ki, davam edir. İndiyə qədər Azərbaycanda bu virusla mübarizədə görülən işləri necə qiymətəndirirsiniz?

–Bəli, əlbəttə, bu xəstəxananın açılışının pandemiya dövrünə təsadüf etməsi əlamətdar hadisədir. Amma təbii ki, bu xəstəxananın tikintisi pandemiyaya qədər başlamışdı və biz bu xəstəxanaların tikilməsi ilə özümüzü mümkün olan sürprizlərdən sığortalamalı idik. Çünki heç kimin ağlına gələ bilməzdi ki, pandemiya baş verəcək. Ancaq başqa hansısa xoşagəlməz hadisələr baş verə bilərdi. Ona görə bizim xəstəxana fondu buna hazır olmalı idi. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, hesab edirəm ki, istədiyinə nail oldu. Biz vəziyyəti bütün dövrlərdə, yəni, bu bir il ərzində nəzarətdə saxlamağı bacarmışıq. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər və bunu biz keçiririk. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Yəni, bu, çox böyük rəqəmdir.

Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi ilə məşğul olmağa başlamışdıq və hesab edirəm ki, burada da liderlik göstərdik. Çünki bizdən sonra bir çox ölkələr oxşar addımlar atmışdır. Ancaq istehsalçılar artıq çatdıra bilmirdilər. Biz isə modul tipli 13 xəstəxananı Azərbaycana gətirdik, quraşdırdıq. İndi bizdə xəstəxana fondu tam imkan verir ki, xəstəliklə bağlı bütün məsələlər həll olunsun və həm palatalar, həm reanimasiya palataları kifayət qədərdir. Bunun və eyni zamanda, son həftələr ərzində dövlət siyasətinin nəticəsidir ki, müsbət dinamika müşahidə olunur, sağalanların sayı xəstələnənlərin sayından xeyli çoxdur. Hesab edirəm ki, vaksinasiya başladığı üçün bu sahədə daha da uğurlu addımlar atılacaq. Məhz buna görə biz indi yumşalma mərhələsinə qədəm qoymuşuq. Biz il ərzində rejimi gah yumşaldırdıq, gah sərtləşdirirdik, vəziyyətə uyğun şəkildə addımlar atırdıq ki, insanların sağlamlığını qoruyaq, eyni zamanda, insanlar üçün lazım olmayan halda əlavə çətinliklər yaratmayaq. Yəni, biz daim bu məsələyə çox həssaslıqla yanaşmışıq ki, bu iki vacib məsələni həll edək - insanların sağlamlığı, onların rahatlığı və necə deyərlər, mənəvi durumu.

–Cənab Prezident, biz həm də Azərbaycanın bu preventiv, eyni zamanda, mübarizə tədbirlərinin beynəlxalq səviyyədə çox yüksək qiymətləndirildiyinin şahidi olmuşuq, müxtəlif aparıcı beynəlxalq qurumlar bu barədə öz fikirlərini ifadə ediblər. Hətta mübarizədə “Azərbaycan modeli” ifadəsindən də bəzi hallarda istifadə olunurdu. Bu barədə fikirlərinizi bilmək istərdik.

–Bəli, bu, bizi, əlbəttə, çox sevindirir. Biz, əlbəttə, çox məmnunuq ki, beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. Ancaq əsas vəzifəmiz ondan ibarət idi ki, xalqımızı, vətəndaşlarımızı qoruyaq. Çünki pandemiyanın ilk günlərində bəlli deyildi ki, bu xəstəliyin hansı təhlükələri, yaxud da ki, hansı fəsadları ola bilər və bu gün də tam axıra qədər tədqiqatlar aparılmayıb. Ona görə biz ilk günlərdən bu addımları ataraq və eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışmışıq. Qeyd etdiyiniz kimi, artıq Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Eyni zamanda, bu yaxınlarda mənə verilən məlumata görə, dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Yəni, həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, biz düzgün yoldayıq, hər zaman vətəndaşlara həqiqəti demişik. Hər zaman vətəndaşlara problem yarada biləcək hansısa məhdudiyyətlər haqqında danışanda deyirdik ki, bu, zəruridir, bu, labüddür, bunu biz etməsək, böyük problemlərlə üzləşə bilərik, bizim səhiyyə sistemimiz artan xəstələrin müalicəsi ilə bağlı öz resurslarını səfərbər edə bilməyəcək. Şadam ki, bizim bütün çağırışlarımız vətəndaşlar tərəfindən də anlayışla qarşılandı. Nəticə etibarilə həm dövlət siyasəti, həm vətəndaşların artan məsuliyyəti imkan verdi ki, bu gün vəziyyət nəzarət altındadır.

–Biz həm də bu müddət ərzində xarici ölkələrə Azərbaycanın yardımının da şahidi olmuşuq.

–Doğrudur. Biz bunu bir məsuliyyətli ölkə kimi özümüzə borc bildik. Xüsusilə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi mütləq bunu etməli idi. Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər. Belə olan halda, biz hesab edirik ki, mütləq imkan daxilində bu yardımı etməliyik. Beləliklə, bu dövr ərzində 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilmişdir, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilmişdir. Onun 5 milyonu onların ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan xüsusilə kasıb ölkələrin yardımına istiqamətləndirilmişdir.

Bundan əlavə, biz beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olmuşuq. Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşü COVİD-19-a həsr edilmişdir. Onların da çox müsbət nəticələri olmuşdur. Çünki birinci belə bir təşəbbüs idi, bunu da biz irəli sürdük, hər iki qurumun sədri kimi. Ondan sonra artıq Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirdik. Bu, o qədər də asan deyildi. Çünki Baş Assambleyanın xüsusi sessiyasını keçirmək üçün bir çox amillər lazımdır. Deyə bilərəm ki, bəzi ölkələr açıq etiraz etməsələr də, buna o qədər də maraqlı deyildilər. Çünki bəziləri hesab edirdi ki, belə bir təşəbbüs, necə deyərlər, ancaq böyük ölkələrə məxsus olmalıdır və belə bir təşəbbüs yəqin ki, onların fikirlərinə görə gərək, daha əvvəl razılaşdırılaydı. Biz isə onu öz təşəbbüsümüz kimi irəli sürdük. Bildiyiniz kimi, Ermənistan buna qarşı çıxmışdır və bu da böyük təəccüb doğururdu. Yəni, Ermənistanda azərbaycanafobiyanın nə qədər böyük olduğunu Ermənistan bir daha bütün dünyaya göstərdi və bu, müharibədən əvvəl olan hadisə idi.

BMT Baş Assambleyasının xüsusi sessiyasında mən Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırmışdım ki, bu bəlaya qarşı mübarizədə biz səylərimizi birləşdirməliyik, burada hansısa birtərəfli addımlar atılmamalıdır, zəngin ölkələr məsuliyyət göstərməlidirlər. Peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta demişdim ki, kasıb olan ölkələrin vətəndaşları üçün zəngin olan ölkələr o peyvəndi alıb onlara ötürsünlər. Şirkətlərə də çağırışlar etmişdim ki, onlar da bu sahədə qazanc dalınca qaçmasınlar, yəni, məsuliyyətli olsunlar. Prinsipcə, mənim bu çağırışlarımı bir çox ölkələr dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə tam başqa mənzərə nümayiş etdirir. Burada sözlə əməl arasında böyük bir fərqi görürük.

–Siz vaksinlərin ədalətli bölgüsünə toxundunuz. Bir məsələ ilə bağlı da fikrinizi öyrənmək istəyərdik. Ümumiyyətlə, hazırda pandemiya ilə mübarizədə deyə bilərik ki, yeni bir mərhələ başlayıb - dünya üzrə vaksinasiya. Hətta bu sahədə də artıq müəyyən ölkələr arasında ümumən gərginliyin şahidi olmaqdayıq. Misal üçün, Avropa İttifaqı ilə Böyük Britaniya arasında olan qalmaqalı göstərə bilərik. Sizcə, bunun səbəbi nədir?

–Bunun səbəbi, yenə də deyirəm, ədalətsizlikdir, bu sahədə hətta müttəfiqlər arasındakı münasibətlərdə olan ziddiyyətlərdir. Dediyiniz bu fakt özlüyündə çox narahatedici bir faktdır. Çünki Böyük Britaniya bu vaxta qədər Avropa İttifaqının üzvü idi və Avropa İttifaqı ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır. Eyni zamanda, bu ölkələr NATO-nun üzvləridir və onların arasında belə qalmaqal, əlbəttə ki, bir çox suallar doğurur. Biz bunu açıq mətbuatdan görürük. Misal üçün, mən bu yaxınlarda görmüşəm ki, Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir. Hətta mən o rəqəmləri də xatırlayıram. Bildirilmişdir ki, Böyük Britaniya vətəndaşlarının 13 faizi artıq peyvəndi alıb, Avropa İttifaqı vətəndaşları isə 2 faiz. Əgər belə gedərsə, Böyük Britaniya əhalinin 75 faizini iyul ayına qədər vaksinlə təmin edəcək, Avropa İttifaqı isə oktyabr ayına qədər. Yəni, bu, çox düşündürücü açıqlamalardır. Hətta ondan sonra biz gördük ki, bəzi embarqolar da qoyuldu. Bildiyiniz kimi, bəzi istehsal sahələri Avropada təşkil olunub. Ona görə belə bir qalmaqal yarandı. Əlbəttə ki, biz gərək buna diqqətlə nəzər salaq. Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm.

Ona görə biz Qoşulmama Hərəkatının sədri olaraq və öz bəyanatlarımıza sadiq qalaraq artıq dünya arenasında bu məsələni qaldırırıq. Mən sədrliyi öz üzərimə götürərkən demişdim ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək və biz bunu edirik. Bu iki Zirvə görüşünün və bir xüsusi sessiyanın keçirilməsi onu göstərir ki, biz özümüzü bu sahədə də məsuliyyətli ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər.

–Cənab Prezident, icazənizlə vaksinləmə prosesinin Azərbaycana aid olan hissəsinə qayıdaq. Siz çıxışınızın əvvəlində artıq qeyd etdiniz ki, ölkəmizdə bu prosesə başlanılıb. Görülən işləri necə qiymətləndirirsiniz?

–Mən müsbət qiymətləndirirəm. Çünki Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda, biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Amma onların bəzilərinin icrası indi yubanır, yəqin ki, bax, dediyim bu səbəblərə görə. Eyni zamanda, biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib, Çin istehsalı olan vaksinlər. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün deyə bilərəm ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar, əlbəttə ki, bu, vaksinasiya sahəsində də bizim səmərəli işimizin təzahürüdür.

Onu da bildirməliyəm ki, indiki şəraitdə, xüsusilə zəngin ölkələr arasında olan bu ixtilaflar istehsalçılara da mənfi təsir göstərir, bir çox ölkələrin vətəndaşlarını bu vaksinlərdən məhrum edir. Ondan başqa, bu, dünyada ölkələr arasındakı inamsızlığı da alovlandırır. İndi siz Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı qalmaqaldan danışdınız, amma başqa misallar da var. Misal üçün, yenə də açıq mətbuata istinad edərək deyə bilərəm ki, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir. “Moderna” vaksini var, səhv etmirəmsə, Amerika istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. “Pfizer” Avropa istehsalı vaksinidir. “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər? Onlar xəstələnəndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisəedilməz dərəcədə geridə qalıb. Ona görə, bax, bu məsələlər haqqında biz danışmalıyıq, bunu gizlətməməliyik. Ancaq bu məlumat açıq mətbuatda gedir, sanki ondan sonra unudulur. Çünki sərf etmir. Dünya mediasına rəhbərlik edən qurumlara sərf etmir. Çünki bu, o aktorların sözlərinin əməlləri ilə böyük fərqini göstərir.

Bir misal da gətirə bilərəm. Bu yaxınlarda verilən məlumata görə, Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayrakdar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə, o maraqların 4-5 mislini təmin etməklə, necə deyərlər, öz maraqlarını təmin edirlər.

Bu, sadəcə olaraq, bu xəstəliklə bağlı olan məsələ deyil. Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır. Azərbaycan - Qoşulmama Hərəkatına sədrlik edən ölkə burada səssiz qalmır və qalmayacaq. Bu gün mən bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək.

–Siz Vətən müharibəsi məsələsinə toxundunuz. İcazənizlə, növbəti sualım erməni işğalından azad edilən torpaqlarla bağlı olacaq. Həmin ərazilərə artıq bir neçə dəfə səfər etmisiniz. Təəssüratlarınızı bir daha eşitmək istəyərdik.

–Təəssüratlar - əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı hansı hissləri keçirir, mən də o hissləri keçirirəm, bəlkə daha çox. Çünki mən artıq əyani şəkildə o torpaqlarda olmuşam. İndi vaxtaşırı televiziya reportajlarında dağıdılmış, viran qoyulmuş o ərazilər göstərilir. Amma, əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında, Şuşa şəhərində olmuşam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur, bircə hərbi hissənin üç-dörd mərtəbəli binasıdır. Cəbrayıl şəhərinin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda, sadəcə olaraq, bir neçə ev qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. O evlərdən də onlar polis şöbəsi kimi, deməli, hərbi baza kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dənə də salamat bina yoxdur. Kəndlərin bütün binaları dağıdılıb, talan edilib. Bu mənzərə indi bütün dünyaya təqdim edilir və təqdim edilməlidir. Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları bunu gizlədirdilər. Sanki belə bir şey yoxdur. Beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edirik. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır.

Mən özümə sual verirdim ki, nə üçün onlar bunu edib? Sözün düzü suala cavab tapa bilmirəm, bu günə qədər də. Bir səbəb ondan ibarətdir ki, onlar hesab edirdilər, belə olarsa, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Çünki onlar hesab etmirdilər ki, biz o faciədən sonra ayağa dura bilərik, möhkəmlənə bilərik, zəngin təbii ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edib, ölkəmizi inkişaf etdirə bilərik, bu torpaqları, əraziləri bərpa edə bilərik. Onlar hesab edirdilər ki, heç vaxt biz oraya qayıtmayacağıq. Bu, birinci səbəb. İkinci səbəb, - bəlkə də bu, birinci səbəbdir, - onların ürəyində bizə qarşı olan düşmənçilikdir. Biz bunu sovet dövründə bilmirdik, hiss etmirdik. İndi mən o illəri yaxşı xatırlayıram. Azərbaycanda minlərlə erməni yaşayırdı. Bizim onlara münasibətimiz çox müsbət idi. Onlar da özlərini burada cəmiyyətin normal üzvləri kimi aparırdılar. Heç bir ədavətdən, düşmənçilikdən söhbət gedə bilmirdi. Bəs necə oldu ki, 1992-93-cü illərdə onlar bizə qarşı bu qədər qəddarlıq göstərdilər? Xocalı soyqırımı, günahsız insanların öldürülməsi ilə nəticələnən onların digər hərbi əməliyyatları, dinc əhaliyə qarşı bu qədər qəddarlıq. Deməli, bunların ürəyində bu düşmənçilik toxumları həmişə var idi. İndi bu gün Azərbaycan onların belini qırıb, onların başını əzib, onların ordusunu məhv edib, onların ideologiyasını məhv edib, illər boyunca, onilliklər boyunca onların yetişdirdikləri ideoloji əsasları məhv edib. Əlbəttə ki, aydın məsələdir, bu gün onların bizə münasibəti nədir? Bəs o vaxt biz nə pislik etmişdik? Heç bir pislik etməmişdik. Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstlərini gülləbaran etmək üçün gərək adamın ürəyində nə qədər nifrət olsun, nə qədər düşmənçilik olsun, özü də kimə? O xalqa ki, sənə burada yer verib. Sən burada yuva salmısan. Sənin üçün yad olan torpağa, Qarabağa köçürülmüsən, Anadoludan, İrandan köçürülmüsən, gəlmisən, sənə burada qucaq açıb Azərbaycan xalqı, çörək verib. Sən çox sağ ol əvəzinə, 1992-93-cü illərdə bütün binaları dağıdırsan, məscidləri dağıdırsan, təhqir edirsən. Bu kadrlar var internetdə. O, hərbi cinayətkar və bu dəfə Qarabağ müharibəsində Qarabağa gəlmiş və siçan kimi oradan qaçmış Koçaryan Ağdam məscidinin önündə dayanıb və Ağdam məscidinin divarının üzərində təhqiramiz ifadələr. O, bax, budur. O, bu hisslərlə yaşayıb. Biz onların belini qırdıq, onları məhv etdik.

Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək istədik. Ümid edirəm ki, onlar xilas olunacaqlar. Əks-təqdirdə, Ermənistan dövlətinin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq.

–Cənab Prezident, mətbuatda gedən bir məlumatda deyilir ki, Mərkəzi Bankın sədri təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin açılacağını bildirib və bu məsələyə münasibətinizi öyrənmək istəyərdik.

–Mənim buna münasibətim mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır.

İkincisi, biz bütün işləri ardıcıllıqla edirik. Mən bu ardıcıllıq haqqında Azərbaycan xalqına dəfələrlə demişəm ki, biz hansı işləri görəcəyik, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər, əlbəttə ki, başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Əgər biz ziyanın qiymətləndirilməsini etməsək, sabah təzminat davasında da uğur qazana bilmərik. Ona görə də, ilk növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını aparmalıdır. Video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma aparmalıdır. Hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur.

Bu işlər görüləndən sonra infrastruktur layihələri icra edilməlidir. Axı, infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yoxdursa, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox - “ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan durub deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bu, birincisi. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər - xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək, amma kim oraya gedəcək. Orada adam yoxdur.

Şuşa şəhərinə gəldikdə, Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki, dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Orada başqa bina yoxdur. Bir də “xruşşovkalar”, hansılar ki, çoxdan öz ömrünü bitirib, orada da 2 min erməni yaşayırdı. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və bunun insanlara hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Onları da mən deyə bilərəm, sadalaya bilərəm, qoy, Azərbaycan vətəndaşları bilsinlər. “Azəravtoyol”. Onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada “Azəravtoyol” qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Heç kim öz hesabına yol çəkmir, dövlət büdcə ayırır. Şuşada “Azəravtoyol”un regional mərkəzinin nə işi var? İstəyir ki, özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada necə deyərlər, təbiəti seyr etsin. AZAL. Onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?

Bilirsiniz, bu adamların beyninə belə ziyanlı fikirlər gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi. Nazir mənə müraciət edib ki, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi Azərbaycan xalqı da güləcək. Xidmətin rəisi mənə zəng edib deyir ki, icazə verin biz sərhəd xidmətinin Şuşa zastavasını da yaradaq. Dedim ki, a kişi, Şuşada sərhəd var? Deyin də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm, bəs nə zastava yaradırsan? İndi bizim o boyda sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar.

Bir də ki, mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Misal üçün, Xurşidbanu Natəvanın sarayı necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. O, hansı formada bərpa edilməlidir? Onun yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da elə formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb. Bu suala mənim cavabım yoxdur, çünki mən mütəxəssis deyiləm. İndi müxtəlif yerli, xarici şirkətlər məşğul olurlar artıq bu işlərlə. Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra “xruşşovkalar”la bağlı, - indi qabaqlamaq istəmirəm, - mənim fikrim var ki, onların bir çoxu oradan yığışdırılmalıdır. Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir. Ancaq bununla bağlı mən, sadəcə olaraq, öz fikirlərimi bölüşürəm. Amma necə olacaq, onu mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa bütün bunlar, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa, bilin ki, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək.

Mən indi o biri məsələni də demək istəyirəm. Mən müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Mən əminəm ki, biz buna nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin.

–Cənab Prezident, vaxt ayırdığınıza görə bir daha Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında da iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı.

Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir. Artıq yeni parkda ətraf ərazilərin sakinlərinin istirahəti üçün bütün şərait var.

Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlətimizin başçısını və xanımını salamladılar.

Qeyd edək ki, yeni istifadəyə verilən park şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yüksəksəviyyəli infrastruktur əsasında abadlaşdırılıb. Yeni park həm də şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından əhəmiyyətlidir.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Humay Elçin qızı Əfəndiyeva Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilsin.

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Sahibə Qafarova

Bakı şəhəri, 1 fevral 2021-ci il.

Published in Hüquqi aktlar

İqtisadiyyat Nazirliyi və “Azərbaycan Coca-Cola Bottlers” MMC arasında Azərbaycanda yeni zavodun tikintisi barədə anlaşma memorandumu imzalanıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, COVİD-19 bütün dünyada olduğu kimi, milli iqtisadiyyatı da yeni çağırışlarla üz-üzə qoyub, məcburi məhdudlaşdırmalar iqtisadi fəallığın zəifləməsinə, biznesin maliyyə itkiləri ilə qarşılaşmasına səbəb olub. Pandemiyanın iqtisadiyyata təsirlərinin minimallaşdırılması üçün qeyri-neft sektorunda iqtisadi fəallığın canlandırılması, iş yerlərinin qorunması, stimullaşdırıcı layihələrin və tədbirlərin həyata keçirilməsi, özəl investisiya qoyuluşunun təşviq edilməsi, tikinti, məşğulluq və digər istiqamətlərdə təkanverici tədbirlərin görülməsi hazırda qarşıda duran əsas hədəflərdəndir. Bu hədəflərə nail olunması istiqamətində digər tədbirlərlə yanaşı, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bir sıra layihələr həyata keçirilir. Belə layihələrdən biri də “Azərbaycan Coca-Cola Bottlers” MMC-nin yeni spirtsiz içkilər istehsalı müəssisəsinin yaradılması layihəsidir. Belə ki, Azərbaycanın investisiya mühitinin, iqtisadiyyatın dayanıqlığının, həmçinin iqtisadiyyata dəstək proqramlarının, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən mühüm sənədlərin qəbul edilməsinin nəticəsi olaraq, “Azərbaycan Coca-Cola Bottlers” MMC ölkəmizdə fəaliyyətinin genişləndirilməsini və yeni istehsal sahələrinin yaradılmasını planlaşdırır. 30 milyon ABŞ dollarından çox sərmayə qoyuluşunu nəzərdə tutan investisiya planına əsasən, “Azərbaycan Coca-Cola Bottlers” MMC İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu quracaq. Müəssisədə 100-dək yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da bölgədə məşğulluğun daha da artmasına töhfə verəcək.

Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən “Coca-Cola” ölkəmizin qeyri-neft sektorunda ən böyük xarici investorlardan biridir. 400 nəfərdən çox əməkdaşı olan “Azərbaycan Coca-Cola Bottlers” MMC indiyədək ölkə iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb və dövlət büdcəsinə 300 milyon manatdan artıq vergi ödəyib.

 

 

AZƏRTAC

Published in İqtisadiyyat
Çərşənbə axşamı, 02 Fevral 2021 07:16

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib

Yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. 

AZƏRTAC xəbər verir ki, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Belə ki, iclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minir. 

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılmasına səbəb kimi son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərclərinin artması, həmçinin Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əməkhaqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlərin fəaliyyət üzrə xərcləri qarşılamaması göstərilib. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, istehlakçıların keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunması, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə dövlət büdcəsindən hər il olaraq investisiya şəklində maliyyə vəsaiti ayrılır. Tarif tənzimlənməsində tariflərin mümkün olan aşağı səviyyədə saxlanılması, əhalinin optimal qiymətlərlə su ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb.

“Azərsu” ASC-nin xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya ayrılır (2021-ci ildə 45 milyon manat).

Tarif tənzimlənməsi “Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılmasına imkan yaradacaq. Həmçinin fasiləsiz su təminatının əhatə dairəsinin daha da genişlənməsinə şərait yaranacaq, Səhmdar Cəmiyyətin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə imkanlar formalaşacaq. Dövlət büdcəsindən “Azərsu” ASC-yə vəsait ayrılması dayandırılacaq və bu vəsaitin sərbəstləşməsinə imkan yaranacaq.

Tarif tənzimlənməsi ilə əlaqədar dövlət büdcəsində sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq sosialyönümlü tədbirlərə yönəldiləcək. 

Son tarif tənzimlənməsi 2016-cı il mayın 13-də aparılıb. Ötən müddət ərzində abonentlərin sayı 200 mindən çox artıb. “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının əhatə dairəsi 50%-dən 70%-ə, fasiləsiz su təchizatı isə 65,6%-dən 70,5%-ə yüksəlib. 2016-2020-ci illərdə orta aylıq əməkhaqqı 41%, pensiya 69% artıb. Hazırda orta aylıq əməkhaqqı 703,5 manat təşkil edir. Qeyd edək ki, bundan əvvəlki tarif dəyişikliyi aparılmış 2016-cı ildə orta aylıq əməkhaqqı 500 manat idi.

Tənzimləmədən sonra belə, tariflər bir sıra MDB ölkələrində olduğundan aşağıdır. Belə ki, əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətinin birlikdə tarifi Moskvada (Rusiya) 1,70 manat/kubmetr, Kiyevdə (Ukrayna) 1,42 manat/kubmetr, Minskdə (Belarus) 1,17 manat/kubmetr, Ankarada (Türkiyə) isə 0,64-1,28 manat/kubmetr təşkil edir.

Tarif dəyişikliyi məhdud su ehtiyatlarından daha səmərəli və qənaətlə istifadəyə sövq edəcək.

Tarif dəyişikliyinin aylıq istehlak səbətinə 2,50 manat, bir abonentin aylıq xərcinə isə təxminən 5 manat təsir edəcəyi proqnozlaşdırılır.

 

AZƏRTAC

Published in Digər xəbərlər
Çərşənbə axşamı, 02 Fevral 2021 07:16

AZƏRBAYCAN GƏNCLİYİ DÖVLƏTİN DİQQƏT MƏRKƏZİNDƏDİR

Bəşər tarixində hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Hər bir cəmiyyət yeni nəslini öz mədəniyyəti ruhunda tərbiyə edir. Qədim spartalılar gənclərə nizam-intizam, qəhrəmanlıq və cəsarət, amerikalılar sahibkarlıq bacarığı və rəqabət, çinlilər loyallıq, yaponlar isə əməkdaşlıq təlqin edirlər. Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Azərbaycan gənci daima döyüş meydanlarında, zəfərlərdə böyümüş, inkişaf etmişdir. Müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev biz gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət verir: “Gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq”. II Qarabağ müharibəsindəki şanlı qələbəmiz buna bariz nümunədir. Bu gün torpaqlarımızın azadlığı uğrunda canından keçən, vətən üçün könüllü şəhidliyi qəbul edən gənclərimiz qürur mənbəyimiz, səcdəgahımızdır.

 

Biz gənclər çox xoşbəxtik ki, indiki müstəqillik dövründə formalaşırıq. Bəzi hallarda xəyalımıza belə gələ bilməz ki, vaxtilə yaşadığımız ölkədə müəyyən məhdudiyyətlər olmuşdur. Sərbəst fikir söyləmək, başqa cür düşünmək, fərqli dünyagörüşünə malik olmaq kimi hər bir insan üçün təbii olan imkanlar mövcud deyildi. Bu gün müstəqil ölkədə yaşayıb fəaliyyət göstərməyimiz bizim hamımız, o cümlədən gənclərimiz üçün ən böyük xoşbəxtlikdir. Müstəqil, azad, demokratik dövlətə xas olan bütün amillər Azərbaycanda mövcuddur. Hər bir xalqın tarixində onun borclu olduğu uzaqgörən, qurucu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün ümummilli liderimiz Heydər Əliyevə borcludur. Ümummilli liderimiz həmişə xalqına arxalanıb, onun gəncliyinə böyük ümidlər bəsləyib. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verirdi. Hələ ötən əsrin 70-80-ci illərində onun diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib. Ümummilli liderin təşəbbüsü əsasında 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlayıb. Forumlarda Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulub. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev yeni nəsil qarşısında tarixi bir vəzifə qoyub: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu öndər 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - 2 fevral tarixini Azərbaycan Gəncləri günü elan edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən bu fərman gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə müsbət təsir göstərib.

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait gənclərə böyük diqqət və qayğının nəticəsidir. Hazırda öz sıralarında yüz minlərlə gənci birləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu gün ABŞ, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Moldova, Almaniya, Bolqarıstan və İtaliyanın hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir. Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyeva ulu öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz layiqli töhfələrini verməkdədir. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri ilk növbədə vətənpərvərlikdən irəli gəlir.

Dövlətin gənclər siyasətinin reallaşdırılması sahəsində təhsil aldığım doğma Bakı Dövlət Universitetinin xüsusi payı vardır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti və milli iftixarı” adlandırdığı bu təhsil ocağında biz gənc nəslə hərtərəfli qayğı göstərilir, onların elm və təhsil sahəsində fəal iştirakının təmin olunması, beynəlxalq aləmdə tanınan və qəbul edilən nailiyyətlər əldə etməsi üçün bütün şərait yaradılmışdır. Universitetin yaradılmasının 100 illik yubileyində çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev qeyd edib: “Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik”.

Mən 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin bakalavr pilləsində təhsil almışam və fərqlənmə diplomuna layiq görülmüşəm. 2016-cı ildə yüksək tədris göstəricilərimə, liderlik keyfiyyətlərimə, ictimai fəaliyyətimə, tələbə və müəllim kollektivinin rəğbətini qazandığıma görə “İlin Ən Yaxşı Tələbəsi” fəxri adına layiq görülmüşəm. 2018-ci ildə Bakı Dövlət Universitetinin ən yaxşı, məqsədyönlü və məsuliyyətli məzunu kimi Fəxri fərmanla təltif olunmuşam. Hələ tələbəlik dövründən elmə qarşı böyük marağım olub. 2014 və 2015-ci illərdə Bakı şəhərində Avropa Birliyi Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) və AMEA Botanika İnstitutunun Bioloji Məhsuldarlığın Fundamental Problemləri Şöbəsinin (hazırda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu) təşkilatçılığı ilə təşkil olunan elmi-praktiki seminarlarda fəallıq göstərdiyimə görə sertifikatlara layiq görülmüşəm. 2017-ci ildə Bakı Dövlət Universitetində keçirilən Gənc Alimlərin və Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransında yüksək səviyyədə çıxış etdiyimə görə Təşəkkürnamə almışam. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2014-cü ilin əsas qrant müsabiqəsinin qalibi olmuş “Azərbaycanda tərəvəz bitkilərində xəstəlik törədən təhlükəli virus və fitoplazmalar və onların həşərat vektorlarının yeni molekulyar və seroloji metodlarla tədqiqi” mövzusunda layihənin fəal icraçılarından biri olmuşam. 2018-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Botanika ixtisası üzrə magistraturasına daxil olmuşam. 2020-ci ildə “Naxçıvan MR-in bəzi dərman əhəmiyyətli bitkiləri və onların molekulyar səviyyədə öyrənilməsi” mövzusunda magistr dissertasiya işini uğurla müdafiə edərək fərqlənmə diplomuna layiq görülmüşəm. Eyni zamanda, 2018-ci ildə “İlin Tələbəsi” adını almışam. Təhsildə və ictimai işlərdə fəallığa görə əlaçı təqaüdü ilə yanaşı, akademik Abdulla Qarayev adına təqaüdə layiq görülmüşəm. 2018-ci ildən “Elm - gənclərin sosial-intellektual inkişafına dəstək ictimai birliyi”nin fəal üzvüyəm. Magistraturada təhsil aldığım müddətdə də bir sıra beynəlxalq və yerli konfranslarda iştirak etmişəm. 2019-cu ildə AMEA-da keçirilən “Gənc bioloqların qış məktəbi - 2019” adlı layihədə fəal iştirakıma görə sertifikatla təltif olunmuşam. Təhsil ilə paralel olaraq 2016-cı ildən AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda böyük laborant kimi əmək fəaliyyətinə başlamışam. Hazırda mən Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsində mütəxəssis kimi fəaliyyət göstərirəm. Eyni zamanda universitetin Biologiya fakültəsində Bitki morfologiyası və anatomiyası fənni üzrə laboratoriya dərslərini aparır, tələbələrimə yeni biliklər verməyə çalışıram. Hesab edirəm ki, mənim bütün uğurlarım ölkə rəhbərliyinin biz gənclərə olan diqqət və qayğısının təzahürüdür.

Bu gün ölkəmiz öz tarixinin şərəfli, qalibiyyətli və eyni zamanda mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın suverenliyinin, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunub möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. Bu gün biz - Azərbaycan gəncləri ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığımızı xalqımıza, dövlətimizə həsr etməyə hazır olduğumuzu əməli fəaliyyətimizlə sübut edəcəyik!

Əsmər HÜSEYNOVA,

Bakı Dövlət Universitetinin əməkdaşı.

Published in Digər xəbərlər
Çərşənbə axşamı, 02 Fevral 2021 07:15

CƏMİYYƏTİN APARICI QÜVVƏSİ

Gənclər ölkəmizin sürətli inkişafında, tərəqqisində, ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı qüvvədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirilir. Dövlətimizin siyasətində gənclərlə bağlı məsələlərə xüsusi önəm verilir. 

Müstəqil Azərbaycanın iqtisadi və maliyyə imkanları yüksəldikcə, bütün sahələrin inkişafına kapital qoyuluşu artır. Gənc nəsil də bu prosesdən kənarda qalmayıb. Hərtərəfli, yüksək intellektli, vətənpərvər gənclərin yetişməsi üçün yeni, müasir layihələr həyata keçirilir. Gənclərin təhsili, inkişafı, dünyaya inteqrasiyası istiqamətində çox mühüm işlər görülür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan gənclər siyasətinin başlıca istiqamətlərindən biri gənc nəslə dövlət dəstəyinin gücləndirilməsindən, onlara müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin, liderlik keyfiyyətinin aşılanmasından  ibarətdir.

Aparılan səmərəli işin nəticəsində gənclər son illər elm, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə  böyük nailiyyətlər əldə edib. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Vətən Müharibəsində qazanılan şanlı qələbədə ordumuzun sıralarında mətinləşmiş gənclərin misilsiz xidmətləri olmuşdur. Onlar 44 günlük haqq savaşında yüksək igidlik, şücaət, qəhrəmanlıq göstərərək düşməni diz çökdürmüş, torpaqlarımızı işğaldan azad etmişlər.

Hakimiyyətdə olduğu bütün dövrlərdə ulu öndər gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Müdrik rəhbərin imzaladığı qanunda gənclər siyasətinin məqsədləri, prinsipləri, istiqamətləri, təşkilati-hüquqi əsasları müəyyənləşdirilmiş,  gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması öz əksini tapmışdır.

1996-cı il fevral ayının 2-də Azərbaycan gənclərinin I Forumu keçirildi. İlk forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də ulu öndər fevral ayının 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında sərəncam imzaladı.

Ümummilli lider Heydər Əliyevin 2002-ci ildə “Gənclər siyasəti haqqında” imzaladığı qanun, Azərbaycan Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramları, digər sərəncam və sənədlər gənclərə göstərilən diqqət və qayğının parlaq təzahürüdür. Bu tarixi sənədləri Azərbaycan gənclərinin həyatında yeni mərhələyə doğru dönüş hesab etmək olar.

Bu gün uğurla həyata keçirilən dövlət gənclər siyasəti ölkəmizi inkişafa aparan təməl prinsiplərdən biri kimi qəbul olunur. Gənclər cəmiyyətin və dövlətin gələcəyidir. Güclü cəmiyyətin və güclü dövlətin formalaşdırılması üçün sağlam ruhlu gənclərin olması çox vacib və əhəmiyyətlidir. Sevindirici haldır ki, gənclər dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, ana dilimizi, ata-babalardan miras qalmış gözəl adətlərimizi layiqincə qoruyub yaşadırlar.

Yola saldığımız il müəyyən çətinliklər və uğurlarla yadda qalıb. Prezident İlham Əliyevin sərəncamı ilə ötən il ölkəmizdə “Könüllülər ili” elan olunmuşdur. Lerikdə də gənclərin iştirakı ilə könüllülük hərəkatı geniş vüsət alıb. Onlar könüllülük proqramlarına cəlb olunur, təcrübə toplayır, karyera irəliləyişlərinə doğru ilk addımlarını atırlar. Yaradılmış əlverişli biznes mühitində gənclər özəl sektorda fəaliyyət göstərərək ölkəmizin iqtisadi inkişafına dəyərli töhfələr verirlər.

Ötən il dünyanı bürümüş koronavirus infeksiyası təəssüf ki, ölkəmizdən də yan keçmədi. Narahatlıqlar, həyəcanlar arxada qaldı. İnfeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli şəkildə tədbirlər görüldü. Vətəndaşların sağlamlığını düşünərək qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, vəziyyətə uyğun zəruri addımların atılması, insanların sosial müdafiəsinin təmin olunması Azərbaycan Prezidenti İlham Əliyevin xalqa dərin məhəbbətinin, dövlətə sədaqətinin bariz nümunəsidir. Cənab Prezident hər bir vətəndaşın qayğısına qalır,  sağlamlığını hər şeydən üstün tutur və təhlükəsizliyinin təmin olunması üçün var qüvvəsini əsirgəmir.

Rayonumuzun gəncləri pandemiyanın qarşısının alınması istiqamətində dövlət başçısının yürütdüyü siyasətə fəal qoşularaq onu dəstəkləyir,  birlik və həmrəylik nümayiş etdirirlər. Sevindirici haldır ki, gənclərimiz sözün həqiqi mənasında “ön cəbhə”də çalışan müəyyən dövlət strukturlarının, eləcə də həkimlərin yanında olur, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına dəstəyini əsirgəmirlər. Yaşlı nəslinin nümayəndələrinə, aztəminatlı ailələrə, tənha yaşayanlara yardımların çatdırılmasında,  maarifləndirmə işlərinin aparılmasında gənclər təmənnasız xidmətilə könüllülük hərəkatının aparıcı qüvvəsi kimi çıxış edirlər.

Müstəqil Azərbaycan gəncliyi fəal ictimai-siyasi fəaliyyəti, həm də vətənpərvərliyi ilə tarixə imza atır. 27 sentyabr 2020-ci il tarixdə başlamış, 44 gün davam edən və Ermənistanın rusvayçı kapitulyasiyası ilə başa çatan Vətən Müharibəsi dövründə gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində ardıcıl  tədbirlər həyata keçirilmişdir. Müharibənin ilk günlərindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinə könüllü ordu sıralarına yazılan yüzlərlə gəncin yolasalma mərasimləri təşkil olunmuşdur.  

Azərbaycanın haqq səsinin dünya iştimaiyyətinə çatdırılması, erməni yalanlarının ifşası istiqamətində Gənclər və İdman Nazirliyinin start verdiyi kampaniyaya lerikli gənclər fəal  qoşularaq idarənin rəsmi facebook, istagram, tvitter səhifələrində mütəmadi paylaşımlar etmişlər.

Azərbaycan Bayrağı və Zəfər Günü münasibətilə Lerik şəhərində rayon gənclərinin yürüşü təşkil olunmuşdur. Vətən Müharibəsində igidlik, şücaət göstərərək tərxis olunan əsgər və zabitlərin təntənə ilə qarşılanması üçün “Müzəffər əsgəri zəfər çələngi ilə qarşıla” aksiyasına start verilmiş, onlara “Zəfər çələngi” təqdim olunmuşdur. Aksiya rayon ictimaiyyəti, gənclər tərəfindən  böyük sevinclə, rəğbətlə qarşılanmışdır.

Vətən Müharibəsində canından və qanından keçərək şəhidlik zirvəsinə ucalanları geniş ictimaiyyətə yaxından tanıtmaq üçün idarənin rəsmi facebook səhifəsində şəhidlərin tanıtma aksiyası aparılmışdır.

Dekabr ayının sonunda məktəblilər arasında Vətən Müharibəsində qələbəyə həsr olunmuş “Zəfər günü” adlı onlayn şeir müsabiqəsi keçirilmişdir. Müsabiqəyə onlayn qaydada 58 şeir təqdim olunmuş, qaliblərə idarənin diplomları təqdim olunmuşdur.

Gənclər daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Ölkəmizin hər yerində olduğu kimi Lerik rayonunda da gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində mühüm işlər görülür, dövlətçiliyə sadiq, yüksək intellektə və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Lerikli gənclər daim öz sevimli liderinə-cənab Prezidentə güvənir, dövlət başçısının ətrafında sıx birləşərək həm doğma rayonumuzun, həm də müstəqil Azərbaycanın inkişafına öz layiqli töhfələrini verirlər.

 

Natiq İsaqov,

Lerik rayon gənclər və idman

idarəsinin rəisi.

Published in Region

Rusiya Prezidenti Vladimir Putin Qarabağda vəziyyətin nizama salınması üzərində bütün incəlikləri nəzərə alaraq işləyib. Əgər onun səyləri olmasa idi, münaqişə hələ də davam edəcəkdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev jurnalistlərə müsahibəsində söyləyib. O qeyd edib ki, münaqişənin qaynar mərhələsi başa çatandan sonra vəziyyət bütövlükdə sakitləşdi: “İnsanlar həlak olmurlar, inkişaf üçün imkanlar var. Yanvarın 11-də üç ölkənin liderləri Moskvada görüşdülər və vəziyyətin iqtisadi cəhətdən sağlamlaşdırılması yollarını müəyyən etdilər. Bu da çox vacibdir”. D.Medvedevin fikrincə, hazırda müəyyən parametrləri, o cümlədən Rusiya Federasiyasının sülhməramlı kontingentini saxlamaqla iqtisadi əməkdaşlığı inkişaf etdirmək imkanı var.

D.Medvedev Qarabağda vəziyyətin nizama salınması məsələsinin Türkiyə ilə müzakirə olunmasının vacibliyini də diqqətə çatdıraraq vurğulayıb ki, regionda reallıq belədir.

“Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Türkiyə həm də Azərbaycana çox yaxın ölkədir. Bu amili nəzərə almamaq olmaz. Moskva və Ankara arasında səmərəli dialoq qurulub, iki ölkənin prezidentləri bu mövzu ilə əlaqədar daim ünsiyyətdədirlər, ümumi vəziyyətə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət xüsusi nəzarət mərkəzi yaradılması barədə qərar qəbul edilib. Bu da ümumi sabitləşmə elementidir. Lakin mən bunu uzunmüddətli siyasətin elementi kimi qiymətləndirməz, yaxud konspiroloji nəzəriyyələrdən birini qurmazdım. Sadəcə biz regionda mövcud reallıqları nəzərə almağa borcluyuq. Reallıq isə belədir ki, bu gün bu məsələni həm də Türkiyədən olan tərəfdaşlarımızla müzakirə etməliyik”, - deyə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini bildirib.

AZƏRTAC

Published in Dünya bu gün
Çərşənbə axşamı, 02 Fevral 2021 07:13

DÜNYA BU GÜN

MEDVEDEV RUSIYA-ABŞ MÜNASIBƏTLƏRINDƏN SÖZ AÇIB

Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev bəyan edib ki, hazırkı ABŞ prezidenti Cozef Bayden onda normal təəssürat yaradıb, lakin insanın qiymətləndirilməsi və siyasi mövqe müxtəlif aspektlərdir. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Eyni zamanda, Dmitri Medvedevin sözlərinə görə, yeni ABŞ liderinin komandasının əksəriyyəti Rusiyaya dostyana münasibəti ilə seçilmir.

“Baydenlə tanışam, biz onunla görüşmüşdük. Yaxşı xatırlayıram, görüşlərdən biri Silvio Berluskoninin dəvəti ilə baş tutmuşdu. O, bir dəfə mən prezident olduğum vaxt məni nahara dəvət etmişdi. O, mənə bildirdi ki, Cozef Baydeni dəvət etmək istəyir. Dedim çağır. Biz oturduq, söhbət etdik, danışdıq. O, alicənab, hörmətli insan təəssüratı bağışlayır. Lakin insanın qiymətləndirilməsi və siyasi mövqeyi müxtəlif olur”, - deyə Medvedev Rusiya KİV-nə müsahibəsində bildirib.

Dmitri Medvedev vurğulayıb ki, Bayden administrasiyasının digər üzvlərini tanımır, lakin onlar Rusiya tərəfinə “yaxşı tanışdırlar”.

“Çünki onların böyük əksriyyəti mənim yaxşı tanıdığım sabiq prezident Barak Obamanın komandasıdır. Bu insanlar, açıq desək, Rusiyaya qarşı dostyana münasibətləri ilə seçilmirlər. Bilmirəm, onlar indi özlərini necə aparacaqlar, lakin ehtimal etmək olar ki, onların mövqeləri əvvəlki kimi qalıb”, - deyə Rusiyanın sabiq prezidenti qeyd edib.

Medvedev həmçinin qeyd edib ki, istənilən ölkə kimi, Rusiya “xalqın seçdiyi administrasiya, prezident, ölkə başçısı ilə” işləyir. O deyib: “Bizim üçün fərqi yoxdur Amerikada hakimiyyətdə demokratlardır və ya respublikaçılardır. Sadəcə o, legitim şəxs, legitim prezident olmalıdır”.

 

BILL QEYTS PANDEMIYA ILƏ BAĞLI ITTIHAMLARA CAVAB VERIB

“Vaksinləmə haqqında şayiələrin yayılması koronavirus epidemiyasınının müddətini uzada bilər”. “Report”  agentliyinin verdiyi xəbərə görə, bunu “Microsoft” şirkətinin banilərindən biri, iş adamı və xeyriyyəçi Bill Qeyts Almaniya nəşrinə müsahibəsində bildirib.

Bill Qeyt həmçinin növbəti dəfə pandemiyada əli olması barədə şayiələri təkzib edib. “Bu, insanların sadə qərarlar axtardıqları böyük çağırışdır. Onlar pandemiyanın arxasında kiminsə dayanıb-dayanmaması barədə suallar verirlər”, - deyə iş adamı vurğulayıb.

Sahibkar qeyd edib ki, onun fondu artıq insanların vaksinə inamsızlığı ilə qarşılaşıb.

“Pakistan və ya Nigeriya kimi ölkələrdə poliomielitlə mübarizə zamanı vaksin haqqında şayiələr gəzirdi ki, o təhlükəsiz deyil və qadınlarda sonsuzluğa səbəb olur”, - deyə Bill Qeyts əlavə edib.

Eyni zamanda, Bill Qeytsin sözlərinə görə, bu cür yanlış fikirlərlə mübarizə aparmaq üçün nüfuzlu insanlara, ictimai xadimlərə və ya böyük nüfuza malik olan dini liderlərə müraciət etmək lazımdır. Bill Qeytsin fikrincə, peyvəndin əhaliyə faydalarını yalnız onlar izah edə bilərlər.

Qeyd edək ki, yeni koronavirusun ortaya çıxdığı gündən sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda Bill Qeytsin pandemiyada əli olmasına dair fikirlər yayılıb.

Bir sıra portallar və sosial şəbəkə istifadəçiləri Qeytsin bunu dünya əhalisinə qlobal nəzarət üçün etdiyinə dair iddia irəli sürüblər. Sahibkar isə bildirib ki, pandemiyada əli olması barədə fikirlər axmaqlıqdır.

 

ALMANIYA DAŞQIN FƏLAKƏTI ILƏ ÜZ-ÜZƏ QALIB

Son günlər Almaniyada aramsız yağan yağış və dağlarda qarın əriməsi Reyn, Mayn, Rozel və Nekar çaylarının daşmasına səbəb olub. “Report” agentliyinin məlumatına görə, nəticədə çayların sahilində yerləşən ərazilər su altında qalıb.

Ən acınacaqlı vəziyyət Vetterau şəhərinin Büdingen qəsəbəsində qeydə alınıb. Qədim qəsəbədəki evlər, iş yerləri və ticarət obyektlərini su basıb. Əhalinin gecədən başlayan evakuasiyası səhər saatlarına kimi davam edib.

Hessen Əyalət Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, Reyn və Main çaylarının sahilindəki ölçmə qurğularında suyun səviyyəsi 5,5 metr olaraq qeydə alınıb. Lakin yağıntıların bir neçə gün davam edəcəyi təqdirdə çaylardakı bu səviyyəsinin 6, bəzi sahillərdə isə son 30 ildə görülməmiş 8 metr səviyyəsinə çatacağı proqnozlaşdırılır.

Nazirlikdən bildirilib ki, artıq bu çay sahillərinə yaxın yaşayan sakinlərə evlərini könüllü tərk etmələri və onlar üçün yaradılan müvəqqəti sığınacaqlara yerləşmələri barədə xəbərdarlıq edilib.

Məlumat üçün qeyd edək ki, Almaniyada sonuncu belə təbii fəlakət, yəni çaylarda su səviyyəsinin 8 metrə qədər qalxması 1988-ci ildə qeydə alınıb.

 

MYANMADA DÖVLƏT ÇEVRILIŞI BAŞ VERIB

Myanma hərbçiləri prezidentin və dövlət müşavirinin saxlanılmasından sonra ölkədə 1 illik fövqəladə vəziyyət rejimi elan ediblər. “Report”un verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Eyni zamanda, “Röyters” agentliyinin məlumatına görə, hərbçilər seçkilərdə baş verən saxtakarlıqlara cavab olaraq bir neçə nəfəri saxlayıblar.

Daha əvvəl hakim “Demokratiya üçün Milli Liqa” Partiyasının nümayəndəsinə istinadən “Röyters” bildirib ki, Myanma prezidenti Vin Myin və faktiki hökumət başçısı hesab edilən dövlət müşaviri Aun San Su Çji naməlum şəxslər tərəfindən saxlanılıb.

Ölkə prezidenti və faktiki dövlət başçısından əlavə saxlanılanlar arasında Şan əyalətinin Planlaşdırma və Maliyyə Naziri, hakim partiyanın Kaya əyalətindəki şöbəsinin sədri və İravadi bölgəsinin parlamentindəki bəzi partiya nümayəndələri də var.

Agentliyin verdiyi xəbərə əsasən, Yanqon şəhər meriyasının ətrafında qoşunlar yerləşdirilib.

Hərbçilər ölkədə hakimiyyətin Silahlı Qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bildiriblər. Bununla yanaşı, hərbçilər vitse-prezident Myint Şveni müvəqqəti prezident təyin ediblər.

 

RUSIYANIN RAKET SISTEMI ƏLƏ KEÇIRILDI

Rusiyanın “Pantsir-S1” hava hücumundan müdafiə sistemi Liviyadan ABŞ-ın Almaniyadakı hava bazasına aparılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, ötən il ABŞ tərəfindən ələ keçirilmiş Rusiyanın “Pantsir-S1” sistemi gizli bir tapşırıq üçün Almaniyadakı Amerika hava bazasına göndərilib. Missiya çərçivəsində ABŞ Hava Qüvvələrinə məxsus “C-17 Globemaster” yük təyyarəsinin 2020-ci ilin iyun ayında Tripolinin qərbindəki Zuvara hava limanına endiyi bildirilib.

Qiyamçı Xəlifə Həftar qüvvələrinin nəzarətində olan Vətiyə Hava Bazasında ələ keçirilmiş “Pantsir-S1”in Almaniyadakı Ramşteyn bazasına aparıldığı iddia edilib.

Məlumata əsasən, Ramşteynə gətirildikdən sonra “Pantsir-S1”in taleyinin necə olduğu məlum deyil.

Eyni zamanda, bir Rusiya rəsmisi nəşrə Moskvanın ABŞ-ın “Pantsir-S1” hava müdafiə sistemini ələ keçirməsindən xəbərdar olduğunu bildirib. Bununla birlikdə, ələ keçirilmiş sistemlə bağlı kəşfiyyat məlumatlarının az olduğu vurğulanır.

 

TÜRK DRONLARI UKRAYNA DONANMASINDA

Ukrayna Hərbi Dəniz Donanması Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatları ilə gücləndiriləcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Ukrayna Hərbi Dəniz Donanmasının komandanı Aleksey Neijpapa bəyan edib.

Komandan bildirib ki, donanmaya PUA-lar almaq məqsədilə Türkiyə hərbi-sənaye kompleksi ilə danışıqlar aparılır. “Alacağımız PUA-lar həm quru, həm də dənizdə xidmətə cəlb ediləcək”, - deyə Aleksey Neijpapa vurğulayıb.

Qeyd edək ki, Ukrayna və Türkiyə hərbi-sənaye kompleksləri arasında 2020-ci ildə müdafiə sahəsində əməkdaşlıq sazişləri imzalanıb.

Ukrayna hərbi-sənaye kompleksinin rəsmisi Vadim Nozdrya bildirib ki, Ukrayna 12 ədəd PUA almağı planlaşdırır.

Xatırladaq ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin hərbi arsenalında Türkiyə istehsalı olan PUA-lar mövcuddur.

Published in Dünya bu gün

Biznesinizi 9.90 AZN-dən başlayan qiymətlərlə limitsiz internet paketlərilə genişləndirin

Published in Digər xəbərlər
Çərşənbə axşamı, 02 Fevral 2021 07:12

BİLDİRİŞ

19.01.2021-ci il tarixində keçirilmiş “Bakı Metropoliteni” QSC üçün Frezlər,burğular və laqonda daşlarının “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə “METAL ELMİ-TEXNİKİ MRKZİ” MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 27.01.2021-ci il tarixdə 171 454,00 manat (yüz yetmiş bir min dörd yüz əlli dörd manat 00 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


“Azəralüminium” MMC tərəfindən Fərdi mühafizə vasitələrinin satınalınması məqsədilə etender.gov.az portal vasitəsilə keçirilmiş açıq tender prosedurunun nəticələri qiymətləndirilmiş və “Taryel-Hicran” MMC qalib seçilmişdir. Qalib təşkilatla 22.01.2021-ci il tarixli, yekun məbləği 88,303.00 AZN olan satınalma müqaviləsi imzalanmışdır.


“AZƏRALÜMİNİUM” MMC tərəfindən 30 oktyabr 2020-ci il tarixində elanı verilmiş “Yağlama soyutma mayesi (alüminium lövhələrin yayılması üçün)” satınalınması məqsədilə keçirilən açıq tenderin qalibi Poti şəhəri, Poti Azad İqtisadi Zonası ünvanında yerləşən Gürcüstan Respublikasının “Serchem İndustrial Lubricants LLC” şirkəti olmuşdur. “Serchem İndustrial Lubricants LLC” şirkəti ilə 08.01.2021-ci il tarixində 280,000.00 ABŞ dolları məbləğində müqavilə bağlanmışdır.


“AZƏRALÜMİNİUM” MMC tərəfindən 13 noyabr 2020-ci il tarixində elanı verilmiş “Partlayış üsulu ilə qaynaq edilmiş alüminium polad təbəqələrin (bimetal, 235x205x40 (Polad)x12 (Al) mm)” satınalınması məqsədilə keçirilən açıq tenderin qalibi Bakı şəhəri, C.A.Quluzadə küçəsi, ev 4, mənzil 52 ünvanında yerləşən “Brass Group” MMC şirkəti olmuşdur. “Brass Group” MMC şirkəti ilə 08.01.2021-ci il tarixində 78,470.00 AZN məbləğində müqavilə bağlanmışdır.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tender iştirakçılarının müraciəti əsasında sənədlərin təqdim olunması 29.01.2021-ci il saat 15:00 tarixə, tender təklifi və bank təminatının təqdim olunması 08.02.2021-ci il saat 17:00 tarixə qədər uzadılır.

Zərflərin açılışı 09.02.2021-ci il tarixdə, saat 15:00-da portal vasitəsilə həyata keçiriləcəkdir.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tender iştirakçılarının müraciəti əsasında sənədlərin təqdim olunması 01.02.2021-ci il saat 15:00 tarixə, tender təklifi və bank təminatının təqdim olunması 09.02.2021-ci il saat 17:00 tarixə qədər uzadılır.

Zərflərin açılışı 10.02.2021-ci il tarixdə, saat 15:00-da portal vasitəsilə həyata keçiriləcəkdir.


"Beyləqan-Taxıl" ASC səhmdarlarının ümumi yığıncağının elanı

AZİNŞAAT RVİS ASC-nin səhmdarlarının nəzərinə!

09 mart 2021-ci il tarixində saat 11:00-da "Beyləqan-Taxıl" ASC səhmdarlarının növbədən kənar yığıncağı keçiriləcəkdir.

Gündəliyə çıxarılan məsələ.

- Hüquqi ünvanın dəyişməsi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi

- Digər məsələlər.

Ünvan: Beyləqan rayonu, Birinci Şahsevən

Telefon: (050) 317 58 96

Published in Reklam və elanlar
1 -dən səhifə 2

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər894118

Currently are 42 guests and no members online