XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə, 17 Fevral 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Hildi Hamid dedi:

–Zati-aliləri Prezident İlham Əliyev. İndoneziya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim etməkdən şərəf duyuram. İcazə verin, həmçinin Sizə Prezident Coko Vidodonun İndoneziya hökuməti və xalqı adından səmimi salamlarını çatdırım. Prezident Coko Vidodo İndoneziya ilə Azərbaycan arasında, xüsusilə iqtisadiyyat sahəsində daha güclü əməkdaşlığın və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi arzusundadır. Təşəkkür edirəm. 

Səfiri salamlayan Prezident İlham Əliyev dedi:

–Xoş gəlmisiniz, cənab səfir. Sizi görməyə çox şadam. Xahiş edirəm mənim də ən xoş salamlarımı cənab Prezident Coko Vidodoya çatdırın. Mən bizim əməkdaşlıqda sürətli inkişafı görəcəyimə ümid edirəm. Siz də qeyd etdiyiniz kimi, iqtisadi sahədə daha mühüm tərəfdaşlıq istiqamətlərini müəyyən etmək üçün bizim çox böyük potensialımız var. Əlbəttə ki, müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün güclü siyasi əlaqələr çox faydalı olacaq. Biz siyasi sahədə çox uğurla əməkdaşlıq edirik, beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında bir-birimizi dəstəkləyirik. Sözsüz ki, biz səylərimizi Qoşulmama Hərəkatı Təşkilatı çərçivəsində koordinasiya edirik. Biz Qoşulmama Hərəkatında təşəbbüslərimizə dəstək nümayiş etdirdiyinə görə İndoneziyaya minnətdarıq.

Bildiyiniz kimi, Qoşulmama Hərəkatında şərəfli missiya olan sədrliyi üzərimizə götürəndə mən dedim ki, Azərbaycan öz fəaliyyətində, atdığı addımlarda beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Biz işğal illəri ərzində İndoneziya tərəfindən Azərbaycana davamlı dəstəyin göstərilməsinə görə xüsusilə minnətdarıq. İndoneziya BMT Baş Assambleyası, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı tərəfindən qəbul edilmiş dəstək xarakterli qətnamələrə həmişə qoşulmuşdur və Azərbaycanın haqq işini dəstəkləmişdir. Bu dəstək uzun illər ərzində nümayiş etdirilmişdir və münaqişənin həlli üçün bizim mövqeyimizi, çox möhkəm hüquqi bazanın yaradılması prosesini gücləndirmişdir. Münaqişə zamanı hökumətiniz Azərbaycana dəstəyini ifadə etmişdir, biz bunu yüksək qiymətləndiririk. Xarici İşlər Nazirliyi erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dəstək olaraq bəyanat vermişdir. Biz buna görə sizə çox minnətdarıq. Həmçinin ölkənizin parlamenti, parlamentinizin bir çox üzvləri Azərbaycanla həmrəy olduqlarını ifadə etmiş və dəstəyini bildirmişdir.

Bütün bunlar Azərbaycan xalqına məlumdur və bu, Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirilir. İndoneziya Birləşmiş Millətlər Təşkilatında müzakirələr zamanı müharibə gedən vaxt bizim mövqeyimizə güclü dəstək göstərən Qoşulmama Hərəkatının digər üzvləri arasında olmuşdur. Bildiyiniz kimi, Təhlükəsizlik Şurasının bəzi üzvləri yeni qətnamələrin və qərarların qəbul edilməsi prosesinə başlamaq istəyirdilər. Bu, əslində, bizim ərazilərin işğaldan azad olunması ilə bağlı haqq işimizi dayandırmaq üçün bir cəhd idi. Bu cəhdlər və düşünülmüş bu mətnlər Təhlükəsizlik Şurasının üzv ölkələri tərəfindən qəbul edilmiş qətnamələrə istinad etmirdi. Beləliklə, İndoneziya Qoşulmama Hərəkatının üzvü olan digər dost ölkələrlə birlikdə ərazi bütövlüyümüzün bərpa edilməsinin dayandırılmasına  yönəlmiş bu cəhdlərin qarşısını aldı və biz bunu çox yüksək qiymətləndiririk. Biz buna görə minnətdarıq. Bu, həmrəyliyin, dəstəyin və dostluğun ifadəsidir. Beləliklə, bu, bizim  əməkdaşlığın siyasi əsasıdır.

Biz indi irəliyə baxmalıyıq. Azərbaycan öz ərazilərini azad etdikdən və ərazi bütövlüyünü bərpa etdikdən sonra iqtisadi əməkdaşlıq üçün böyük imkanlar var, həmçinin işğaldan azad olunmuş torpaqlarda da. Biz planlaşdırdığımız müxtəlif layihələri icra etmək, həmçinin birliyimizi nümayiş etdirmək üçün İndoneziya şirkətlərini tərəfdaşlarımız, podratçılarımız qismində görmək istəyirik. Bu, bizim planımızdır. Sizə burada xoş vaxt keçirməyi, çox fəal iş arzulayıram. Çünki ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün iqtisadi sahədə çoxlu işlər görülməlidir. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı biz yaxşı irəliləyiş görəcəyik.

Səfir Hildi Hamid: Zati-aliləri, İndoneziya ilə əlaqələrə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. Zati-aliləri cənab Prezident, İndoneziyanın Azərbaycandakı səfiri təyin olunmağımdan şərəf hissi duyur, vəzifəmin məsuliyyətini tam dərk edirəm. Səfir olduğum müddətdə hər iki ölkənin hökumətləri və xalqları arasında dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı anlaşmanı və dostluğu yaxşılaşdırmağa səy göstərəcəyəm. İndoneziya ilə Azərbaycan arasındakı əlaqələrin yeni səviyyəyə çatdırılması üçün əlimdən gələni əsirgəməyəcəyəm ki, Zati-alinizin və hökumətinizin tam dəstəyi ilə ölkələrimiz arasında əməkdaşlıq davam etdirilsin. Azərbaycan Respublikasına inkişaf, Azərbaycan xalqına isə rifah diləyirəm.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Andrey Ravkov dedi:

–Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti, icazə verin, Sizi salamlayım. Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun etimadnamələrini Sizə təqdim etməyi özümə şərəf sayıram. Bu etimadnamələrlə o, mənə Belarus Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi son dərəcə məsuliyyətli bir missiyanı etibar edir.

Sizə bildirirəm ki, əvvəlki səfir Gennadi Vladimiroviç Axramoviç işini başa çatdırıb və Belarus Respublikasına gedib.

Səfiri salamlayan Prezident İlham Əliyev dedi:

–Sağ olun. Sizi Azərbaycanda salamlayıram, vaxtınızın xoş keçməsini və fəal iş arzu edirəm. Mənim fikrimcə, iş çox olacaq. Ona görə ki, bizim dövlətlərarası münasibətlərin gündəliyi yetərincə genişdir, çox sahələri əhatə edir. Son illərdə biz həm siyasi, həm iqtisadi sahələrdə, həm də sənaye kooperasiyası sahəsində fəal qarşılıqlı işlər görmüşük. Əlbəttə, bu cür fəal qarşılıqlı işləri davam etdirmək niyyətindəyik.

Əsas məsələ ölkələrimiz arasında dostluq münasibətləridir. Uzun illər boyu bu münasibətlər böyük potensiala, yaxşı dinamikaya malik olduğunu göstərir. Ali səviyyədə tez-tez əlaqə saxlamağımız, qarşılıqlı səfərlər, əlbəttə, münasibətlərimizin inkişafına böyük təkan verir və biz əməkdaşlığın yaxşı nümunələrini görürük. Bu, ticarət sahəsinə də aiddir. Hərçənd, pandemiya ilə əlaqədar təbii ki, bütün ölkələrdə ümumi daxili məhsulun və əmtəə dövriyyəsinin azalması müşahidə olunur. Buna baxmayaraq, düşünürəm ki, pandemiyadan sonra biz qısa müddətdə vəziyyəti bərpa edəcəyik. Bütövlükdə pandemiyadan əvvəlki son illərdə bizim ticari-iqtisadi münasibətlərin çox fəal dinamikası, idxal və ixrac etdiyimiz malların çeşidinin genişlənməsi müşahidə olunurdu.

Əlbəttə, sənaye kooperasiyası əməkdaşlığın mühüm istiqamətidir. Azərbaycanda Belarus-Azərbaycan müştərək müəssisələrinin yaxşı nümunələri var. Biz hətta üçüncü ölkələrin bazarlarına birlikdə çıxırıq. Fikrimcə, bu istiqamətdə əlavə addımlar atılacaq. Uzun illər boyu uğurla həyata keçirilən hərbi-texniki əməkdaşlıq mühüm sahədir. Biz hərbi-texniki əməkdaşlığın potensialını artırmaqla, o cümlədən yüksək texnologiyalar sahəsində də əməkdaşlıq edirik. Beləliklə, gündəlik yetərincə genişdir. Əminəm ki, Azərbaycanda olduğunuz müddətdə siz qarşılıqlı fəaliyyətin potensialını daha da artırmaq üçün bu məsələlərlə fəal məşğul olacaqsınız. Əlbəttə, biz əvvəl olduğu kimi, bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik. Əminəm ki, belə çoxtərəfli və çoxplanlı birgə fəaliyyət bundan sonra da ölkələrimizin yaxınlaşmasına şərait yaradacaq. Sizə uğurlu iş və Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm.

Səfir Andrey Ravkov: Sağ olun, cənab Prezident. İcazə verin, ilk növbədə, Sizə Aleksandr Qriqoryeviç Lukaşenkonun ən səmimi salamlarını və xoş arzularını çatdırım, Azərbaycan Respublikasının Prezidenti, onun dostu kimi həm ikitərəfli formatda, həm də beynəlxalq məkanlarda Belarus Respublikasına göstərdiyiniz dəstəyə görə Sizə onun səmimi təşəkkürünü bildirim.

Belarus Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü həmişə bütün məsələlərdə və ardıcıl olaraq dəstəkləyib. Biz atəşkəs barədə bəyanat imzalanması və Azərbaycanın əzəli torpaqlarını öz tərkibinə qaytarması xəbərini böyük ruh yüksəkliyi ilə qarşıladıq.

Hörmətli cənab Prezident, Siz tamamilə düzgün olaraq dediniz ki, dövlət rəhbərləri arasında dostluq və yüksək səviyyədə əlaqələr bu inkişafın, qarşılıqlı münasibətlərin möhkəmlənməsinin rəhnidir. Belarus da bunda maraqlıdır.

Dövlətimizin başçısı Belarus Prezidentinin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş etdi.

 

 

AZƏRTAC

Published in Siyasət

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 259-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 259-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. İşğaldan azad edilmiş kənd ərazilərindəki yaşayış məntəqələrinin bərpası ilə bağlı ərazi planlaşdırılması işlərinin daha səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müvafiq dəyişikliklər etsin.

2. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 259-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 fevral 2021-ci il.

Published in Sərəncam

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, N 1, maddə 26; 2016, N 2 (II kitab), maddə 348, N 3, maddə 448; 2020, N 5, maddə 601) 2-ci hissəsi və 3.1-3.3-cü bəndləri aşağıdakı redaksiyada verilsin:

“2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

2.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqinə:

2.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

2.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

2.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

2.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.”;

“3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

3.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

3.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

3.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

3.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

3.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

3.2.6. fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

3.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

3.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

3.2.9. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan İnvestisiya Holdinqi:

3.1. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

3.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını iki ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 11 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 24-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 9, maddə 838; 2016, N 2, II kitab, maddə 215; 2017, N 2, maddə 154; 2018, N 2, maddə 164; 2019, N 1, maddə 39; 2020, N 4, maddə 391) 2.2-ci maddəsində “8 il” sözləri “11 il” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 fevral 2021-ci il.

Published in Qanun

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 3, maddə 316; 2016, N 2 (II kitab), maddə 339; 2017, N 8, maddə 1521; 2020, N 5, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədən “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində” sözləri çıxarılsın;

1.2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

3.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

3.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

3.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.”;

1.3. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Müəyyən edilsin ki:

3-1.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

3-1.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

3-1.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

3-1.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

3-1.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

3-1.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

3-1.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

3-1.2.6. fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

3-1.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

3-1.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

3-1.2.9. bu Sərəncamın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan İnvestisiya Holdinqi:

3.1. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

3.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını iki ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin layihəsini, strukturuna və nizamnamə kapitalının miqdarına dair təkliflərini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 11 fevral 2021-ci il.

Published in Sərəncam

Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı həmin şəxslərin reabilitasiya vasitələri ilə təminatı sisteminin gücləndirilməsinə də imkan yaradıb.

Bu vasitələrin növlərinin siyahısına ötən il daha 23 yeni növ əlavə edilib. Hazırda əlilliyi olan şəxslər 60 növ reabilitasiya vasitələri ilə təmin olunur. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri ilə görüşdə bildirib. Görüşün məqsədi Azərbaycanda reabilitasiya vasitələri ilə təminat sisteminin gücləndirilməsi sahəsində əməkdaşlıq layihəsinin təqdimatı olub.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, nazir ölkəmizdə reabilitasiya sisteminin təkmilləşdirilməsi işlərini, ötən il daha 6 bölgədə müasir reabilitasiya və sosial xidmət müəssisəsinin açıldığını, bu il 4 belə müəssisənin də açılacağını deyib. 2021-ci ilin sonuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya və sosial xidmət müəssisələrinin sayının 30-dan çox olacağını, reabilitasiya xidmətləri göstərilənlərin illik sayının 30 minə çatacağını qeyd edib.

S.Babayev ötən il əlilliyi olan 11344 şəxsin 35 000 reabilitasiya vasitəsi ilə təmin edildiyini bildirib. O, dövlət başçısının tapşırığı ilə ölkəmizdə yüksək texnologiyalı protezlərlə təminat proqramına da başlandığını, bu sahədə ardıcıl işlərin aparıldığını vurğulayıb. Tarixi zəfərimizlə başa çatan Vətən müharibəsinin iştirakçılarına, onlardan yaralanmış hərbi qulluqçulara sosial-psixoloji və reabilitasiya dəstəyinin göstərilməsi, həmin şəxslərin tibbi-sosial ekspertizasının operativ, vaxtında, keyfiyyətlə, mərkəzləşmiş şəkildə aparılması üçün görülən işləri diqqətə çatdırıb. Azərbaycanda reabilitasiya vasitələri ilə təminat üzrə işlərin gücləndirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutan yeni layihənin əhəmiyyətini diqqətə çatdırıb.

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı qeyd edib ki, 2021-ci ili əhatə edən layihə çərçivəsində reabilitasiya vasitələrinə ehtiyacların müəyyən edilməsi sahəsində tədqiqatlar nəzərdə tutulur. Bu tədqiqatlar nəticəsində reabilitasiya vasitələrin növlərinin siyahısının daha da genişləndirilməsinə dair təkliflər hazırlanacaq.

M.MUSTAFAYEV,

“Respublika”.

Published in Sosial həyat

Fevralın 16-da Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə ölkəmizdə fəaliyyət göstərən televiziya kanalları rəhbərlərinin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Rövşən Məmmədov (“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti), Mirşahin Ağayev (Real TV), Balakişi Qasımov (İctimai Televiziya), Kamil Şahverdiyev (Space TV), Murad Dadaşov (Xəzər TV), Azər Xəlilov (Azad Azərbaycan TV), Vüqar Xəlilov (CBC TV), Radik İsmayılov (ARB TV) və Lider TV-nin nümayəndəsi Nazxanım Bağırova iştirak ediblər.

Əvvəlcə görüş iştirakçıları Milli İncəsənət Muzeyinin “Azərbaycan incəsənəti minilliklər boyu” adlı daimi sərgisi ilə tanış olublar. Ekspozisiyada Azərbaycanın qədim maddi və mənəvi mədəniyyətini özündə əks etdirən ilkin və sonrakı dövrlərdə təkmilləşən tətbiqi və təsviri sənət nümunələri sərgilənir.

Sərgidə nümayiş olunan miniatür əsərlərə baxış zamanı nazir Anar Kərimov Azərbaycan Prezidentinin Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu, eyni zamanda, ötən il dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” mədəni elementinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bunları nəzərə alaraq miniatür sənətinə diqqət artırılmalı, televiziyalarımız da bu sənətlə məşğul olan insanları cəmiyyətə tanıtmalıdır.

Sonra görüş dəyirmi masa formatında fikir mübadiləsi ilə davam edib. Milli televiziyanın yaranması günü münasibətilə televiziya rəhbərlərini təbrik edən Anar Kərimov bildirib ki, cəmiyyətin inkişafında, milli həmrəyliyin gücləndirilməsində televiziyaların böyük rolu var: “Rəqəmsal platformaların daha çox vüsət aldığı bir vaxtda statistika göstərir ki, ənənəvi media vasitələri öz mövqelərini qoruyub saxlamaqda davam edir. Bu gün televiziyalar ictimai fikrin formalaşmasında, müstəqil dövlətçiliyimizin təbliğində mühüm rol oynayır. Bunun bariz nümunəsini biz 44 günlük Vətən müharibəsi zamanı televiziyalarımızın fəaliyyətində görə bildik”.

Daha sonra Anar Kərimov Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlardan söz açıb. Nazir, həmçinin dövlət başçısının tapşırığına uyğun olaraq mədəniyyət sahəsində həyata keçirilən islahatların və yeniliklərin ictimaiyyətə təqdim edilməsi prosesinə televiziyaların da dəstək göstərməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə mədəniyyətin bütün sahələrinin işıqlandırılmasının diqqətdə saxlanılması, o cümlədən Qarabağın mədəni irsinin təbliği (Mədəniyyət Nazirliyinin “Mədəniyyəti Qarabağa qaytarırıq” layihəsi) məsələləri müzakirə edilib.

Anar Kərimov mədəniyyət sahəsinin təbliği ilə bağlı görüş iştirakçılarının təkliflərini dinləyib. Müzakirə zamanı televiziyaların film nümayişi siyasətinə yeni baxış, nazirliklə televiziyalar arasında işçi qrupun yaradılması, eləcə də birgə fəaliyyət planının hazırlanması ilə bağlı fikirlər səsləndirib.

Diskussiyalarda vətənpərvərlik mövzusunda verilişlərin hazırlanması, mədəniyyətin müxtəlif sahələrində insan resurslarının inkişafı, cizgi filmlərinin istehsalı və yayımı məsələlərinə toxunulub. Kino sahəsindəki yeniliklər və bu sahədə görüləcək işlər, eləcə də televiziyaların “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlıq məsələləri də görüşün müzakirə obyektlərindən olub.

Görüşdə kino, teatr, sirk sənəti, digər sahələr üzrə kadrların hazırlanması kimi məsələlərə diqqət yönəlib. Nazir yaxın zamanlarda film.az platformasının yaradılacağını diqqətə çatdıraraq qeyd edib ki, bu platforma həm xarici, həm də yerli kanal və şirkətlərin Azərbaycanda film və pavilyon çəkilişlərindən asanlıqla istifadəsinə şərait yaradacaq. Görüşdə, həmçinin “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı, Zəfər muzeyinin yaradılması və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Televiziya rəhbərləri müəyyən məqamlarla bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, “Mədəniyyət” kanalı Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edir və bundan sonra da nazirliyin platforması kimi birgə layihələri davam etdirəcək. Nazirlik tərəfindən yaradılacaq Azərbaycan Kino Agentliyi ilə əlaqələrin qurulması da müsbət qarşılanan fikirlər sırasında olub.

Həmçinin regional mədəniyyət idarələri ilə sıx əməkdaşlıq, ali və peşə təhsili müəssisələrində operator, səs rejissoru və digər sənət sahələrinin gənclər arasında populyarlaşdırılması və inkişafı, teatrlarda milli satirik ruhlu tamaşaların müasir yanaşmalarla təqdim edilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş iştirakçıları Əqli Mülkiyyət Agentliyi tərəfindən musiqi əsərlərinin lisenziyalaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Qeyd olunan məsələlərə münasibət bildirən nazir verilən təkliflər üzrə yaxın zamanlarda işçi qrupunun yaradılacağını və bu istiqamətdə artıq müəyyən addımların atıldığını deyib. Bildirib ki, səsləndirilən bütün təkliflər nəzərdən keçiriləcək. Təkliflərin reallaşdırılması həm nazirliyin, həm də televiziyaların fəaliyyətinə töhfə verəcək.

Sonda nazir Anar Kərimov səmimi və faydalı fikir mübadiləsinə görə televiziya rəhbərlərinə təşəkkür edib.

 

 

AZƏRTAC

Published in Mədəniyyət

“Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən növbəti mərhələdə, fevralın 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVİD-19 xəstəliyinə qarşı vaksinasiyası nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyin mətbuat xidmətindən bildirilib.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVİD-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Bunun üçün “COVİD-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Qeyd edək ki, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.

Təyin olunan vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Həmçinin bildirək ki, elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.

AZƏRTAC

Published in Digər xəbərlər

Bu gündən Azərbaycanda hərbi qulluqçuların yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiyasına başlanılıb.

Azərbaycan ordusunda COVİD-19 əleyhinə vaksinasiya prosesi “SARS-COV-2 vaksinasiyasına rəhbərliyin” tələblərinə riayət olunaraq aparılır. AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında peyvənd olunacaq şəxslər şəxsiyyət vəsiqələri ilə və sosial məsafəni gözləməklə yaradılmış peyvənd məntəqələrinə yaxınlaşır, sonra müvafiq jurnalda qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçdikdən sonra həkim tərəfindən onlara tibbi baxış keçirilir, bədən hərarəti yoxlanılır, COVİD-19 xəstəliyini keçirib-keçirməməsi, əks göstərişlərin olub-olmaması müəyyənləşdirilir.

Xatırladaq ki, təlimata görə, son 6 ay ərzində xəstəliyi keçirənlərə peyvənd vurulmur. Hər hansı bir əks-göstərişi olmayanlar peyvənd vurulma otağına daxil olurlar. Burada onları peyvənd qrupları qarşılayır. Aseptika və antiseptika qaydaları gözlənilməklə və soyuq zəncir prinsiplərinə əməl edilərək saxlanılmış peyvənd vurulur. Vaksinasiya olunmuş şəxs xüsusi ayrılmış palatada 30 dəqiqə ərzində müşahidədə saxlanılır, hər hansı bir ciddi əlamət müşahidə edilməzsə, evə yaxud xidmət yerinə buraxılır.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında COVİD-19 xəstəliyinin diaqnostikası üçün müasir standartlara cavab verən laboratoriya təşkil olunub. Laboratoriya bütün lazımi avadanlıq və cihazlarla təchiz edilib. Burada xaricdə təhsil almış, eləcə də treninqlər keçmiş tibb işçiləri çalışırlar. COVİD-19 xəstəliyinə şübhəli olanlar laboratoriyanın xüsusi girişində yaradılmış nümunələrin götürülməsi sektorunda qeydiyyata alınır və əsnək və burundan yaxmalar götürülür. Nümunələr işləndikdən sonra “Real-Time PZR” aparatına yerləşdirilir. Nəticələr oxunduqdan sonra müvafiq elektron portala daxil edilir.

Silahlı Qüvvələrin baş sanitar həkimi, tibb üzrə fəlsəfə doktoru, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədovun sözlərinə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın icrasının təmin edilməsi barədə əmr imzalayıb, Azərbaycan ordusunda COVİD-19 xəstəliyi əleyhinə könüllülük prinsipi əsasında peyvəndləmə işlərinə başlanılıb. Vaksinasiya Strategiyasına uyğun olaraq, ilk növbədə, risk qruplarına peyvənd vurulur. Vaksinasiyanın həyata keçirilməsi üçün Bakı qarnizonu üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad olunmuş ərazilərdə və digər yerlərdə yerləşən müvafiq hospitallarda həkimlər və tibb bacılarından ibarət peyvənd qrupları təşkil olunub, bütün lazımi şərait yaradılıb.

“Məhz Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daimi diqqət və qayğısı, Ordu rəhbərliyinin ciddi tələbkarlığı, eləcə də hərbi həkimlərin fədakarlığı sayəsində Azərbaycan ordusunun epidemiya əleyhinə təminatı yüksək səviyyədə təşkil olunub. Belə ki, nə 44 günlük Vətən müharibəsinin gedişində, nə də ondan sonrakı dövrdə nəinki COVİD-19, eləcə də digər yoluxucu xəstəliklərlə kütləvi xəstələnmə halları qeydə alınmayıb. Həyata keçirilmiş epidemiya əleyhinə effektli tədbirlərin nəticəsidir ki, hazırda Azərbaycan ordusunda COVİD-19 xəstəliyinə görə epidemioloji vəziyyət stabil və qənaətbəxşdir”, - deyə S.Məmmədov bildirib.

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər894140

Currently are 49 guests and no members online