XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 14 Fevral 2021

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 6, maddə 491; 2011, N 11, maddə 995; 2013, N 9, maddə 1048; 2014, N 9, maddə 1060, N 10, maddə 1177; 2015, N 2, maddə 117; 2016, N 5, maddə 867, N 11, maddə 1798; 2017, N 5, maddələr 777, 818; 2018, N 12 (I kitab), maddə 2586; 2019, N 6, maddə 1029; 2020, N 8, maddə 1024) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 10.22-1-ci bəndə “barədə məlumatların” sözlərindən sonra “, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsində müəyyən edilmiş qaydada olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatların” sözləri əlavə edilsin.

2. 13.2.6-cı yarımbəndə “qeydiyyatı” sözündən sonra “, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsində müəyyən edilmiş qaydada olduğu yer üzrə qeydiyyatı” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 12 fevral 2021-ci il.

Published in Fərman

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 4, maddə 258, N 12, maddə 1058; 2009, N 2, maddə 75, N 7, maddə 532, N 8, maddə 618, N 10, maddə 776; 2010, N 2, maddə 88, N 7, maddə 610, N 8, maddə 717, N 9, maddə 770; 2011, N 4, maddə 282, N 10, maddə 891; 2012, N 8, maddə 787; 2013, N 9, maddə 1046, N 11, maddələr 1321, 1339; 2014, N 2, maddə 122, N 9, maddələr 1027, 1062; 2015, N 2, maddə 121, N 5, maddələr 521, 543, N 9, maddə 989; 2016, N 2 (II kitab), maddə 228, N 3, maddə 470, N 5, maddələr 869, 879, N 9, maddə 1464, N 10, maddə 1643, N 11, maddə 1816; 2017, N 2, maddələr 173, 185, N 5, maddələr 776, 817, N 8, maddə 1521; 2018, N 2, maddə 189, N 3, maddə 449, N 4, maddələr 662, 682, N 8, maddə 1688, N 9, maddə 1840, N 10, maddə 1985, N 11, maddə 2264, N 12 (I kitab), maddələr 2565, 2585; 2019, N 6, maddə 1009; 2020, N 6, maddə 705, N 11, maddə 1356; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 yanvar tarixli 1264 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 10.2.1.6-cı yarımbəndə “qeydiyyatı haqqında” sözlərindən sonra “, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsində müəyyən edilmiş qaydada olduğu yer üzrə qeydiyyata alınması haqqında” sözləri əlavə edilsin.

2. 11.14-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.15-ci bənd əlavə olunsun:

“11.15. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotunun aparılması məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri, Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslər üzrə məlumatlar.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 12 fevral 2021-ci il.

Published in Fərman

“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, N 1, maddə 54, N 5, maddə 861) 2-ci hissəsindən “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə” sözləri çıxarılsın və həmin hissədə “onların” sözü “onun” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 12 fevral 2021-ci il.

Published in Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2.  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

2.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron su təsərrüfatı” informasiya sisteminin (bundan sonra - ESTİS) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

2.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə ESTİS-in təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

2.3. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, ESTİS-in aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş ESTİS haqqında Əsasnamə”nin 6.1-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların ESTİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etsinlər və bu barədə ildə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. ESTİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görsün;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 fevral 2021-ci il.

 

 

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 13 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

“Elektron su təsərrüfatı” informasiya sistemi haqqında

ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1.Bu Əsasnamə “Elektron su təsərrüfatı” informasiya sisteminin (bundan sonra - ESTİS) formalaşdırılmasının, aparılmasının, digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) vasitəsilə inteqrasiyasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2.ESTİS Azərbaycan Respublikasının illik su təsərrüfatı balansının elektronlaşdırılmasını, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarının qiymətləndirilməsinə, subartezian və artezian quyularının istismarına elektron qaydada, o cümlədən real vaxt rejimində nəzarətin həyata keçirilməsini, eləcə də su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, uçotun və idarəetmənin təkmilləşdirilməsi, habelə bu sahədə operativ əlaqələndirmənin təmin edilməsi məqsədilə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasını təmin edir.

1.3.ESTİS-də yaradılan, əldə edilən və toplanılan informasiya Azərbaycan Respublikasının mülkiyyətidir.

1.4.ESTİS-in formalaşdırılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.5.dövlət orqanlarından (qurumlarından) ESTİS-dən məlumat almağa, habelə digər formada istifadəyə görə ödəniş tələb olunmur.

2. Əsas anlayışlar

2.1.Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1.istifadəçi - normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada ESTİS-dən informasiya əldə etmək və ya istifadə etmək hüququ verilmiş dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər;

2.1.2.iştirakçı - ESTİS-in informasiya proseslərində iştirak edən dövlət orqanları (qurumları);

2.1.3.sahib - normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada ESTİS üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə sistemin aparılmasını təmin edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

2.1.4.operator - sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə ESTİS-in fəaliyyətinin həyata keçirilməsi sahəsində hüquq və vəzifələrini həvalə etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs;

2.1.5.elektron kabinet - istifadəçilərin (fiziki və hüquqi şəxslər istisna olmaqla) bu Əsasnamə ilə müəyyən edilmiş funksiyalar çərçivəsində, Vahid Giriş Sistemi (“ASAN Login”) ilə eyniləşdirilməklə, ESTİS-ə daxil olmasına və istifadəsinə imkan verən, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə.

2.2.Bu Əsasnamədə istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Su Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda (bundan sonra - Qaydalar), eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

3. ESTİS-in fəaliyyətinin prinsipləri

3.1.ESTİS, Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla, aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

3.1.1.istifadə rahatlığı - ESTİS-dən istifadənin və məlumat mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

3.1.2.fasiləsizlik - ESTİS-də aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

3.1.3.funksionallıq və davamlı inkişaf - ESTİS-in inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması və ən son texnologiyalardan istifadə edilməklə ESTİS-in daim təkmilləşdirilməsi;

3.1.4.operativlik - ESTİS-də məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin surətli şəkildə həyata keçirilməsi;

3.1.5.sərbəstlik - ESTİS-in fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;

3.1.6.şəffaflıq - ESTİS-in fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.

4. ESTİS-in strukturu

4.1.ESTİS-in strukturu aşağıdakı modullardan ibarətdir:

4.1.1.“əməliyyatlar” modulu;

4.1.2.“istifadəçilər” modulu;

4.1.3.“məlumatlar” modulu;

4.1.4.“hesabatlar” modulu.

4.2.ESTİS-in strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

4.2.1.“əməliyyatlar” modulu vasitəsilə elektron su təsərrüfatı göstəricilərinə uyğun parametr üzrə tapşırıq yaradılması, tapşırıqla bağlı tələb olunan məlumatların daxil edilməsi, daxil edilən məlumatların yoxlanış üçün göndərilməsi və təsdiqlənməsi;

4.2.2.“istifadəçilər” modulu vasitəsilə sistemdə istifadəçi hesablarının yaradılması, istifadəçi hesablarının dövlət orqanları (qurumlar) ilə əlaqələndirilməsi, istifadəçi hesabı üzrə səlahiyyətlərin müəyyənləşdirilməsi və əlaqəli digər əməliyyatların idarə edilməsi;

4.2.3.“məlumatlar” modulu vasitəsilə su obyektlərinə dair parametrlər üzrə tapşırıqların və balans göstəriciləri ilə bağlı məlumatların idarə edilməsi;

4.2.4.“hesabatlar” modulu vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi.

5. ESTİS-in texniki-texnoloji

infrastrukturu

5.1.ESTİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

5.1.1.proqram-texniki vasitələr və proqram təminatı;

5.1.2.telekommunikasiya kanalları;

5.1.3.əsas və ehtiyat mərkəzlər;

5.1.4.informasiya ehtiyatı və onun idarəetmə paneli;

5.1.5.ESTİS-in test mühiti.

5.2.Proqram-texniki vasitələr və proqram təminatı ESTİS-in bu Əsasnamənin 1.2-ci bəndində qeyd edilən funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə istifadəçilərin ESTİS-dən istifadəsini və məlumat mübadiləsini təmin edir.

5.3.ESTİS-in öz fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətləri vardır.

5.4.Ehtiyat mərkəz ESTİS-in fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək, habelə ESTİS-də formalaşdırılan, ESTİS-ə daxil edilən və ESTİS-dən ötürülən məlumatların ehtiyat surətlərini saxlamaq məqsədilə yaradılır.

5.5.ESTİS-də formalaşdırılan, ESTİS-ə daxil edilən və ESTİS-dən ötürülən məlumatlar ESTİS-in informasiya ehtiyatında saxlanılır.

5.6.ESTİS-in idarəetmə paneli informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.

5.7.ESTİS-də aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.

5.8.ESTİS sahibin və operatorun, habelə müvafiq dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının identikləşdirilməsi və göstərilən xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi məqsədilə Vahid Giriş Sistemi (“ASAN Login”) ilə təchiz olunur.

5.9.ESTİS-in modulları ESTİS-in texniki-texnoloji infrastrukturuna uyğun olaraq, bu Əsasnamənin 3-cü hissəsində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.

6. ESTİS-ə informasiya sistemlərinin

inteqrasiyası və məlumat

mübadiləsinin təşkili

6.1.ESTİS-ə daxil edilən, habelə EHİS vasitəsilə ESTİS-ə ötürülən məlumatlar aşağıdakılardır:

6.1.1.Azərbaycan Respublikasının illik su təsərrüfatı balansına dair məlumatlar;

6.1.2.ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmləri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmləri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi barədə məlumatlar;

6.1.3.subartezian və artezian quyularının istismarı barədə məlumatlar;

6.1.4.su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar.

6.2.Dövlət orqanları (qurumları) su ehtiyatları ilə bağlı formalaşdırdıqları məlumatları (sənədləri) hər gün müəyyən edilmiş müddət ərzində elektron formatda ESTİS-ə inteqrasiya pəncərəsi vasitəsilə daxil edirlər.

6.3.Dövlət orqanları (qurumları) informasiya sistemlərinə və ehtiyatlarına malik olduqda, həmin informasiya sistemləri və ehtiyatları EHİS vasitəsilə ESTİS-ə inteqrasiya olunduqdan sonra su ehtiyatları ilə bağlı formalaşdırdıqları məlumatları (sənədləri) real vaxt rejimində ESTİS-ə ötürürlər.

6.4.ESTİS-in digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir. ESTİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi mümkün olmadıqda, məlumatların (sənədlərin) ESTİS-ə daxil edilməsi bu Əsasnamənin 6.2-ci bəndi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7. Sahibin funksiyaları

7.1.ESTİS-in fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı funksiyaları vardır:

7.1.1.ESTİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;

7.1.2.ESTİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq etmək;

7.1.3.ESTİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

7.1.4.normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları ESTİS-ə daxil etmək;

7.1.5.ESTİS-ə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görülməsinə, məlumatların aktuallığına, etibarlılığına, əlçatanlığına, tamlığına, konfidensiallığına, habelə onların ehtiyat surətlərinin saxlanılmasına və qorunmasına, informasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;

7.1.6.tələb edilən sənədlər barədə məlumatlar dövlət informasiya ehtiyatında və sistemində olduqda, həmin məlumatların ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görmək;

7.1.7.ESTİS-in dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

7.1.8.ESTİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

7.1.9.ESTİS-də dəyişikliklər, təkmilləşdirmələr aparılması üçün operatora təkliflər verir və onların həyata keçirilməsinə nəzarət etmək;

7.1.10.ESTİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (bundan sonra - Dövlət Agentliyi) təqdim etmək;

7.1.11.ESTİS-in təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılması üçün Dövlət Agentliyinə zəruri şərait yaratmaq;

7.1.12.bu Əsasnamədən irəli gələn digər funksiyaları həyata keçirmək.

8. Operatorun funksiyaları

8.1.Operatorun funksiyaları aşağıdakılardır:

8.1.1.ESTİS-in idarə olunmasını təşkil etmək və ESTİS-in funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

8.1.2.ESTİS-i EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

8.1.3.ESTİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

8.1.4.ESTİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün digər tədbirlər görmək;

8.1.5.ESTİS-in dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək, təkmilləşdirilməsi üçün tədbirlər görmək;

8.1.6.ESTİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsinə dair profilaktik işlər aparmaq;

8.1.7.sahibin təklifləri əsasında ESTİS-də dəyişikliklər edilməsi və təkmilləşdirmələr aparılması üçün tədbirlər görmək;

8.1.8.sahibin müraciəti əsasında, normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;

8.1.9.ESTİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə təqdim etmək;

8.1.10.ESTİS-in təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdikdə, qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün tədbirlər görmək, bu mümkün olmadıqda isə ESTİS-in ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;

8.1.11.bu Əsasnamənin 8.1.10-cu yarımbəndində qeyd edilən hallar barədə sahibi məlumatlandırmaq;

8.1.12.ESTİS-dən istifadə zamanı yaranan nasazlıqları aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər görmək;

8.1.13.ESTİS-in parametrlərində dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;

8.1.14.ESTİS-in proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışları təşkil etmək;

8.1.15.ESTİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilən tələblərə uyğun formada aparmaq;

8.1.16.bu Əsasnamədən irəli gələn digər funksiyaları həyata keçirmək.

9. İştirakçıların funksiyaları

9.1.İştirakçıların aşağıdakı funksiyaları vardır:

9.1.1.ESTİS-in fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

9.1.2.ESTİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

9.1.3.ESTİS-ə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;

9.1.4.aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə ESTİS-ə daxil etmək (ötürmək), bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;

9.1.5.məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

9.1.6.ESTİS-dən və sistemdə olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;

9.1.7.ESTİS-də saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat vermək;

9.1.8.sahibin sorğularını vaxtında və tam cavablandırmaq, habelə qeyd olunan sorğular əsasında zəruri məlumatları (sənədləri) ona təqdim etmək;

9.1.9.sahibin ESTİS-ə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları daim izləmək;

9.1.10.ESTİS-in fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

9.1.11. normativ hüquqi aktların tələblərinə uyğun olaraq informasiya təhlükəsizliyini, o cümlədən fərdi məlumatların qorunmasını təmin etmək;

9.1.12.bu Əsasnamədən irəli gələn digər funksiyaları həyata keçirmək.

10. ESTİS-dən istifadə

10.1.Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan dövlət orqanlarının (qurumlarının) ESTİS-dən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 5-ci hissəsinə uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

10.2.Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan dövlət orqanlarının (qurumlarının) ESTİS-dən istifadəsi sistemdə yaradılan elektron kabinet vasitəsilə təmin edilir. Bu halda dövlət orqanlarının (qurumlarının) möhür hüquqlu rəhbər şəxsi tərəfindən ESTİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxsləri identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetə daxil olaraq, sistemdən istifadə edirlər.

10.3.Hüquqi və fiziki şəxslər internet informasiya ehtiyatı vasitəsilə ESTİS-də olan açıq məlumatlarla, o cümlədən su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə məlumatlarla tanış ola bilərlər.

10.4.Sahib istifadəçinin ESTİS-in məlumatlarına giriş hüquqlarını aşağıdakı hallarda məhdudlaşdırır:

10.4.1.ESTİS-ə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;

10.4.2.bu Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.

Published in Fərman

Dövlətimizin başçısı vurğulayıb: İndi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də artıq dəvət etmişik.

Published in Digər xəbərlər

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə qardaş Türkiyədən ölkəmizə gəlmiş bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt fəaliyyətini uğurla davam etdirir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazirliyin psixoloqları və Türkiyədən dəvət olunmuş mütəxəssislər arasında təcrübə mübadiləsi də aparılır. Həmçinin fevralın 12-dən etibarən “Posttravmatik stres pozuntusunun müalicəsində effektiv terapiya metodları” mövzusunda təlimlərə başlanıb. Təlimlərdə Vətən müharibəsi iştirakçıları, qazilər, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvləri, erməni terrorundan zərər görmüş vətəndaşlarımızla aparılan terapevtik seansların nəticələri barədə müzakirələr aparılır, müharibənin mənfi fəsadlarının qısa müddətdə aradan qaldırılması üsulları təhlil olunur.

Təlimlərin bir ay müddətində keçirilməsi nəzərdə tutulub.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı arasında razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Ombudsman və Aparatın əməkdaşları tərəfindən hərbi hissələrə, hərbi təhsil və tibb müəssisələrinə başçəkmələr müntəzəm qaydada davam etdirilir.

Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə mövcud pandemiya tələblərinə əməl etməklə baxış keçiriblər. Bu barədə mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, tədbir zamanı Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəhbərliyi tərəfindən Ombudsmana məktəbin yaranma tarixi və fəaliyyəti, tədrisin təşkili, həmçinin Vətən Müharibəsində iştirak edən və təltif olunan Daxili Qoşunların Ali Hərbi Məktəbinin məzunu olan hərbi qulluqçularla bağlı məlumat verilib.

Ombudsman Ali Hərbi Məktəbin tədris korpusuna, kursant yataqxanasına, yeməkxanaya baxış keçirib, kursantlar üçün yaradılmış istirahət və məişət şəraiti ilə tanış olub. Yeməkxana korpusunda olarkən orada işləyən mülki şəxslərlə görüşüb, mövcud şəraitlə maraqlanıb.

Görüş zamanı təhsildə fərqlənən kursantlar Ombudsmanın loqosu əks olunmuş xatirə hədiyyələri ilə təltif edilib.  Ombudsman Ali Hərbi Məktəbin rəhbərliyi ilə gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə edib.

M.MUSTAFA,

“Respublika”.

Published in Digər xəbərlər

Bakı Mühəndislik Universitetində (BMU) Himayəçilər Şurasının növbəti iclası keçirilib.

Təhsil nazirinin müavini İdris İsayevin sədrliyi ilə keçən iclasda şuranın üzvləri - Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev, AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Arif Həşimov, “Azərkimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə, “SAP Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov və universitetin iclasa dəvət olunan professor-müəllim heyəti iştirak edib.

İclasda öncə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini İdris İsayev ötən il Qarabağın düşmən tapdağından azad edildiyini və bunun bütövlükdə 200 illik tariximizin ən mühüm hadisəsi olduğunu vurğulayıb. “Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa olunub, qısa müddətli hərbi əməliyyatlar nəticəsində möhtəşəm Qələbə əldə edilib. Bununla da bütün dünya sürətlə inkişaf edən Azərbaycanın, onun Prezidenti və Ordusunun gücünün bir daha əyani şahidi olub”- deyən nazir müavini çıxışında 2020-ci ildə ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan da danışıb, ali təhsil sistemi ilə bağlı mövcud pandemiya şəraitində görülmüş işlərə, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən mühüm tədbirlərə toxunub.

İdris İsayev Himayəçilər Şurasının ali təhsil müəssisəsinin strateji inkişaf məsələləri üzrə fəaliyyət göstərən idarəetmə orqanı olduğunu və bugünkü iclasın gündəliyinin “Dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin Himayəçilər Şurası haqqında Əsasnamə”sinə uyğun tərtib edildiyini bildirib.

BMU-nun rektoru, professor Havar Məmmədov ötən il Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın qüdrətli Ordumuz tərəfindən işğaldan azad edildiyini vurğulayaraq, bu tarixi hadisənin önəmindən bəhs edib.

Hesabat məruzəsində universitetin fəaliyyət istiqamətlərinə toxunan rektor 2020/2021-ci tədris ilində BMU-ya tələbə qəbulu üzrə yüksək göstəricilərin qeydə alındığını diqqətə çatdırıb. Havar Məmmədov ötən il universitetə yeni və innovativ ixtisaslar üzrə tələbə qəbulunun həyata keçirildiyini, distant təhsilin əhatə dairəsinin genişləndirilməsi və təhsildə keyfiyyətin artırılması sahəsində işlərin daha da təkmilləşdirilməsi məqsədilə Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin fəaliyyətə başladığını bildirib.

Rektor BMU-da elmi araşdırmaların sayının əhəmiyyətli dərəcədə artdığını,  2020-ci ildə universitet əməkdaşlarının impakt faktorlu jurnallarda 50-dən çox məqaləsinin nəşr olunduğunu, universitetin Web of Science portalının Publons bazasında elmmetrik göstəricilərə görə Azərbaycan ali təhsil müəssisələri üzrə ikinci yerdə qərarlaşdığını vurğulayıb.

Universitetin beynəlxalq əlaqələrindən söz açan Havar Məmmədov BMU-nun 6 ölkənin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzaladığını söyləyib, eyni zamanda Koreyanın İnha Universiteti ilə icra edilən ikili diplom proqramından ətraflı danışıb.

Sonra BMU-nun baş mühasibi Samir Musayevin, Audit Komitəsinin üzvü Elçin Əhmədovun 2020-ci ili əhatə edən hesabatları dinlənilib.

Gündəlikdəki məsələlərlə bağlı Şuranın üzvləri çıxış edərək rəy və təkliflərini bildiriblər. Strateji İnkişaf Proqramından irəli gələn vəzifələr ətraflı şəkildə müzakirə olunub, gələcək fəaliyyətlə bağlı müvafiq vəzifələr müəyyənləşdirilib.

İclasda gündəlikdəki məsələlər səsə qoyularaq təsdiq olunub.

Sonda Himayəçilər Şurasının cari il üzrə iş planı qəbul edilib.

 

BMU-nun

İctimaiyyətlə Əlaqələr Şöbəsi.

Published in Digər xəbərlər

Ölkənin gələcək inkişaf mərhələlərinin əsas konturlarının müəyyənləşdirilməsi zərurəti həm də onunla şərtlənir ki, respublikamızda aparılan islahatlar dövrün qlobal çağırışlarına əsaslanır.

İlk növbədə, qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması təsərrüfat sahələrinin şaxələndirilməsinin genişlənməsi, rəqabət qabiliyyətinin yüksəldilməsi və məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunması əsas şərtlər sırasına daxildir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkədə iqtisadiyyatın formalaşdırılması üçün kompleks, sistemli və dinamik iqtisadi islahatların davamlı həyata keçirilməsi labüddür.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı ölkəmizin iqtisadi potensialının artırılması üçün mühüm amillərdən biridir. Son illər uğurla həyata keçirilmiş Dövlət proqramları və bu sahədə görülən tədbirlər, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlar qeyri-neft sektorunun yüksək templə inkişaf etdirilməsinə təkan vermişdir.

“Carlsberg Azerbaijan” pivəbişirmə şirkətinin də ölkəmizdə iqtisadiyyatın inkişafında öz payı vardır. Burada pandemiya dövründə bazar çağırışlarına uyğun olaraq müvafiq zamanla görülən tədbirlər sayəsində ötən il üzrə satışın həcmi 2019-cu illə müqayisədə 16 faiz artmışdır.

Ənənəvi ticarət kanallarında (kiçik mağazalar) satış həcminin artımı 20 faiz, müasir ticarət kanallarında isə (şəbəkə mağazalarında) 58 faiz təşkil etmişdir.

COVİD-19 virusunun yayılmasının qarşısının alınmasına yönəlmiş kafe və restoranların fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdə şirkət diqqətini pivə bazarının nisbətən yeni kanalı olan DIOT kanalına (mağazalarda çəllək pivəsi) yönəltdi. Süzmə avadanlığının böyük şəbəkə mağazalarında maksimum yerləşdirilməsi bu kanalda satış həcmində əhəmiyyətli bir artım əldə etməyə imkan verdi. On-trade kanalında (kafe, restoranlar) satış həcmi qeyd olunan məhdudiyyətlər səbəbindən 43 faiz azaldı.

Şirkətin, demək olar ki, bütün brendləri üzrə satış həcmlərinin artımı müşahidə olundu: Xırdalan (+7 faiz), Carlsberg (+180 faiz), Kuler (+27 faiz), Əfsanə (+122 faiz). Carlsberg pivəsinin satış həcmlərinin əhəmiyyətli dərəcədə artımı pərakəndə satış nöqtələrindəki kommunikasiya dəstəyi və promo-aktivliklərlə, Xırdalan pivəsinin satış həcmlərinin artımı, Xırdalan Non-filtered (filtrasiya olunmamış) növünün banka qablaşdırmada istehsal olunması, Əfsanə pivəsinin isə satış göstəricilərinin artımı - dizaynın yenilənməsi və pivə xəttinin genişlənməsi ilə əlaqədardır. Ötən il ərzində mağazalara təqdim olunan yeniliklər artıq istehlakçılar tərəfindən sevilmiş zəngin dadı olan, yetişmiş albalının ətri və yüngül acılığı olan “Baltika 9 Albalı” və tərkibində təbii moruq şirəsi və vitaminlər olan alkoqolsuz pivə “Baltika 0 Moruq” məhsullarıdır.

Son illər ərzində “Carlsberg Azerbaijan” qeyri-neft sektorunda Azərbaycanın ən böyük vergi ödəyicilərindən biri olmuşdur. Beləliklə, 2020-ci ildə dövlət büdcəsinə vergi ödəmələrinin məbləği 35,7 milyon AZN təşkil edib ki, bu da 2019-cu il üçün vergi ödəmələrindən 47 faiz çoxdur.

Ötən il “AzərŞəkər” şirkəti ilə “Carlsberg Azerbaijan” arasında Azərbaycanda pivəlik arpa becərilməsi üzrə tərəfdaşlıq çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Xatırladaq ki, 2019-cu ildə pivəlik arpanın lokallaşdırılması məqsədi ilə “Carlsberg Azerbaijan” və “AzərŞəkər” Azərbaycanda pilot layihəyə başlamışlar və layihənin uğurlu nəticəsi təşəbbüskarlara bu prosesin daha da miqyaslanmasını planlaşdırmağa imkan vermişdir. 2020-ci il noyabr ayının ortalarında Şəmkir rayonunda 70 hektar ərazidə pivəlik arpa əkilmişdir ki, bu da “Carlsberg Azerbaijan”-ın 2021-ci ildə arpaya illik tələbatının 10 faizini təmin edəcək və 2022-ci ilədək yerli arpa tədarükünü xeyli artıracaqdır.

2020-ci ilin aprel və may aylarında şirkət Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə COVİD-19 pandemiyasına qarşı mübarizəyə dəstək olaraq xeyriyyə tədbiri təşkil etmişdir. “Biz birlikdə güclüyük” şüarı altında keçirilən aksiyada Abşeron rayonunun tənha yaşlı sakinlərinə və aztəminatlı ailələrinə 1000 qida səbəti paylanmışdır. Pandemiya zamanı “Carlsberg Azerbaijan” şirkəti xəstəxanalara və karantin zonalarına 300 mindən çox birdəfəlik qablar göndərmişdir. Cəmiyyətə dəstək tədbirləri Abşeron Rayon İcra Hakimiyyəti və TƏBİB tərəfindən yüksək qiymətləndirilmişdir.

Bəybala BƏYBALAYEV,

“Respublika”.

Published in Digər xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın vaxtlarda Əmək münasibətləri və məşğulluq altsisteminin (ƏMAS) tətbiqi nəzərdə tutulur. ƏMAS bütün işəgötürənlər və işçilər, habelə dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolu oynayacaq. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, yeni sistem əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçotu sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsinə xidmət edəcək. ƏMAS-ın tətbiqi ilə əmək və məşğulluq sahəsində kağız üzərində aparılan bütün əməliyyat və yazışmaların, işçilərlə əmək münasibətlərinə dair məlumatların, ştat cədvəllərinin və s.elektronlaşması təmin olunacaq.

Altsistemin  tərkibində risk əsaslı yoxlama, elektron audit və s. ilə bağlı modullar da yaradılacaq. Vakansiya bankının daha təkmil formalaşdırılması və xüsusi alqoritmlərlə işəgötürən üçün işçi, işçi üçün isə işəgötürən seçimi təşkil ediləcəkdir. Nəticə etibarilə ƏMAS işəgötürənlər (xüsusilə də kiçik və orta sahibkarlar) üçün əmək münasibətlərinin daha rahat şəkildə tənzimlənməsində mühüm önəm kəsb edəcək.

Mustafa KAMAL,

“Respublika”.

Published in Sosial həyat
1 -dən səhifə 2

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər892307

Currently are 134 guests and no members online