XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 07 Yanvar 2017

Dövlət başçısı deyib ki, son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır il olduğuna baxmayaraq, nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik

Published in Digər xəbərlər

Əl-Cəzirə telekanalı Azərbaycanın iqtisadi inkişafı barədə reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə etməsi, strateji ehtiyatları qeyri-neft sektorunun inkişafına yönəltməsi nəticəsində dünyada baş verən qlobal böhranın ölkəyə təsirini yumşalda bildiyi qeyd olunub.

İqtisadi ekspert Aydın Hüseynov və AZPROMO-nun sədri Rüfət Məmmədov jurnalistə müsahibələrində bildiriblər ki, Azərbaycanda iqtisadiyyatın neft-qaz sektorundan asılılığını minimuma endirmək, ərzaq təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda sənayenin təşviqi və inkişaf etdirilməsi, investisiyaların cəlb olunması tədbirləri çərçivəsində “Xüsusi Kimya Sənayesi Zonası” layihəsi həyata keçirilir. Bu layihənin icrasına 5 milyard dollar həcmində investisiya cəlb edilməsi planlaşdırılır. Layihə çərçivəsində 1 milyardlıq investisiya artıq cəlb edilib və 9 iri sənaye şirkəti yaradılıb.

Müxbir Ömər Xaşramın fikirlərini davam etdirən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov bildirib ki, bu, strateji investisiya layihəsidir, dövlət zəmanəti ilə yerli və xarici investisiyalar cəlb edir və investorlar üçün vergi, gömrük güzəştləri təqdim olunur.

Reportajda bildirilir ki, Azərbaycanda kənd təsərrüfatı da strateji sahəyə çevrilib. Dövlət kənd təsərrüfatı ilə məşğul olan investorları və fermerləri dəstəkləyən bir sıra qanunlar qəbul edib. Azərbaycanda kənd təsərrüfatı məhsulları, xüsusilə çay və meyvə istehsalçılarına geniş maliyyə və logistik imkanlar yaradılır.

Sonda müxbir vurğulayır ki, neft-qaz gəlirlərinin azalması Azərbaycanı kənd təsərrüfatı sahəsini və onunla bağlı istehsal sahələrini inkişaf etdirməyə sövq edib. Bu da Azərbaycan iqtisadiyyatını gücləndirmək məqsədilə həyata keçirilən strateji tədbirlərdən biridir.

 

AZƏRTAC

Published in Dünya bu gün

Yanvarın 6-da Baş Prokurorluqda 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində 2016-cı ildə Azərbaycan iqtisadiyyatı dünyada baş verən iqtisadi böhrana baxmayaraq, öz dayanıqlılığını saxlaya bilib, ölkəmizdə iqtisadi sabitlik təmin edilib. Aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar Azərbaycanın gələcək inkişafı üçün perspektivlər açıb. Həyata keçirilən islahatlar nəticəsində bütün sosial proqramlar uğurla icra edilib, qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı 2 faiz, əhalinin pul gəlirləri 7 faiz, orta əməkhaqqı 9 faiz artıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən ilin ölkəmizin hərtərəfli inkişafının parlaq gələcəyinə təminat verən qərarların qəbul olunması, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi, ordumuzun aprel döyüşlərində şanlı qələbələri, Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə ev sahibliyi etməsi ilə yadda qaldığı qeyd olunub.
Diqqətə çatdırılıb ki, 2016-cı il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. Digər hüquq-mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub. Prokurorluq orqanlarının səyləri Prezident İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və mənfi təzahürlərin təxirə salınmadan aradan qaldırılmasına yönəldilib.
Hesabat ilində qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat qurumları ilə birgə həyata keçirilən səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətlərindən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunub. Həmin cinayətlərin açılması 96,6 faiz (2015-ci ildə 95,5 faiz) təşkil edib. Hesabat dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin sayı 2015-ci illə müqayisədə 25 hadisə və açılmamış bu xarakterli cinayətlərin sayı üç hadisə azalıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi 2016-cı ildə də ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib.
Hesabat dövründə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən dövlət və özəl sektorun 313 vəzifəli şəxsi barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlər üzrə vurulmuş 202 milyon 430 min manat maddi ziyandan 31 milyon 752 min manatının ödənilməsi təmin edilib, 78 milyon 283 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.
Xüsusi vurğulanıb ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin dövlət əmlakının mənimsənilməsi və digər qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq 11 vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Vurulmuş ziyanın 18 milyon 778 min manatının ödənilməsi təmin edilib, 66 milyon 985 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.
Qeyd edilib ki, Baş İdarənin səmərəli fəaliyyəti nəticəsində Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) kimi mötəbər beynəlxalq təsisatlar tərəfindən ölkəmizin 4-cü mərhələ üzrə dəyərləndirmə prosesi uğurla davam etdirilib, Azərbaycan Respublikası hər iki monitorinq qiymətləndirməsi üzrə uyğunluq reytinqini qazanıb.
Hesabat dövründə respublikada ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində yüksək peşəkarlıqla yekunlaşdırılib. Belə ki, qanunsuz fəaliyyət göstərən radikal dini ekstremist qüvvələrin, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Cinayətkarlığa qarşı mübarizə sahəsində müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılıb. Bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Respublikanın digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsində hesabat dövründə cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunduğu, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlərin davam etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla qulluğa qəbul edilmiş gənc hüquqşünasların hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 62 faizini təşkil etməsi, eləcə də prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlərin görüldüyü barədə geniş məlumat verilib.
Dövlətin həyata keçirdiyi sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqət və qayğı ilə yanaşılıb. Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin olunub.
Baş prokurorun birinci müavini Rüstəm Usubov hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2016-cı ilin ikinci yarımilinə dair iş planının icra vəziyyəti və cari ilin birinci yarımili üçün iş planı barədə, İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov hesabat ilində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.
Baş Prokurorluğun əlaqədar struktur qurumlarına başvermə müddətindən asılı olmayaraq, əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.
Bildirilib ki, çox ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, 2016-cı ildə aparılmış xidməti yoxlamalar nəticəsində 49 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 9 nəfər prokurorluq orqanlarından xaric edilib.
Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə digər struktur qurumların rəhbərlərindən tələb edilib ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan mənfi təzahürlərə qarşı mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.
Eyni zamanda, 2016-cı il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsinə yekun vuran baş prokuror Zakir Qaralov ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2017-ci ildə də öz səlahiyyət hədləri daxilində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin reallaşdırılmasında, digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında zəruri tədbirlərin görülməsini təmin edəcək.
AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən, Hərbi Hava Qüvvələrinin aviabazasında yeni inşa edilən növbəti yaşayış binasının yanvarın 6-da açılışı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən nazir, general-polkovnik Zakir Həsənov tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, yeni binaların istifadəyə verilməsi hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsidir. Bu, ümumilikdə Silahlı Qüvvələrdə şəxsi heyətin mənzil təminatının yüksəldilməsi istiqamətində icra olunan kompleks tədbirlərin davamıdır. Dövlətimizin qayğısı nəticəsində son illərdə mindən çox hərbi qulluqçu daimi mənzillə, 1400-dək hərbi qulluqçu isə xidməti mənzillə təmin olunub. Bu işlər cari ildə də davam etdiriləcək.

Müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri və avadanlığın alınaraq silahlanmaya daxil edildiyini xatırladan general-polkovnik Z.Həsənov görülən kompleks tədbirlərin dövlətimizin başçısının Silahlı Qüvvələrə göstərdiyi qayğının bariz nümunəsi olduğunu xüsusi qeyd edib.

Yeni tikili ilə tanışlıq zamanı məlumat verilib ki, beşmərtəbəli, 50 mənzilli bina tam təmirli üçotaqlı mənzillərdən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub. Binada hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Mənzillə təmin olunan hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında onlarla söhbət edib.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikası Prezidentinin əsasını insan amili təşkil edən sosial-iqtisadi siyasətinə uyğun olaraq və verdiyi müvafiq tapşırığa əsasən, 2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi həyata keçirilib. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və əczaçılıq sənayesinin inkişaf etdirilməsi barədə AZƏRTAC-ın suallarını iqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev cavablandırıb.

 

–Cənab nazir, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesini necə dəyərləndirmək olar?
–Məlum olduğu kimi, məsələnin həm sosial, həm də iqtisadi əhəmiyyəti nəzərə alınaraq dərman vasitələri bazarında müşahidə edilən xaotik vəziyyətin aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi və ölkədə əczaçılıq sənayesinin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.
Böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələri bazarının tənzimlənməsinə 2015-ci ilin ortalarından başlanılıb, proses intensiv şəkildə davam etdirilib, müxtəlif doza və qablaşdırma miqdarı nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10166 dərman vasitəsinin qiymətləri təsdiq edilib. 2016-cı ilin 1 sentyabr tarixindən etibarən yalnız qiymətləri təsdiq edilmiş dərman vasitələrinin satışına icazə verilir.
Manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymət tənzimlənməsi nəticəsində dərman vasitələrinin çox hissəsinin qiymətləri tənzimləmədən əvvəlki qiymətlərdən yenə də dəfələrlə aşağıdır. Pərakəndə satış qiymətlərinin təhlili göstərir ki, daha çox tələbat olan, məsələn, xolesterin tənzimləyici, qan durulaşdırıcı, ağrıkəsici, təzyiq, diabet, allergiya və astma əleyhinə, mədə-bağırsaq və sinir sistemi xəstəliklərində istifadə olunan və s. dərmanların qiymətləri dəfələrlə, bir sıra hallarda 5-10 dəfə aşağı salınıb. Nəticədə həm əhalinin xərclərinə, həm də dərman idxalı ilə bağlı ölkədən valyuta çıxışına qənaət olunur.
Konkret rəqəmlərə istinad etsək, 2014-cü ildə bir qutu dərman vasitəsinin orta idxal qiyməti 3 ABŞ dolları təşkil etdiyi halda, həmin göstərici tənzimləmədən sonra 1,4 ABŞ dolları səviyyəsinə enib. Təhlillər göstərir ki, tənzimləmə nəticəsində əhalinin və dövlət büdcəsinin dərmanla bağlı xərclərinə il ərzində 400 milyon ABŞ dollarından çox, idxal olunan dərmanlara görə xaricə ödənilən valyuta vəsaitinə isə 250 milyon ABŞ dollarından artıq qənaət edilir.
–Bir müddət əvvəl bəzi KİV-də aptek təşkilatlarının təchizatında problemlərin yarandığı qeyd edilirdi...
–Bildiyiniz kimi, ölkəmizdə tətbiq edilən tənzimləmə metodu “referans qiymət yanaşması” adlanır və beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur. Azərbaycan dərman vasitələrilə bağlı referans qiymət sistemini aydın metodologiya çərçivəsində və şəffaf şəkildə ən qısa zamanda uğurla tətbiq edən ölkə kimi nümunə göstərilir. Həmin metodologiya hazırlanarkən Avropa ölkələri də daxil olmaqla 20-yə yaxın ölkənin təcrübəsi öyrənilib. Bu mexanizm optimal qiymətlərin müəyyənləşdirilməsinə tam imkan verir.
Qanunvericilikdə həm topdansatış əczaçılıq müəssisələri, həm də aptek təşkilatları üçün mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla məqbul səviyyədə - hər biri üçün 20 faizədək marja nəzərdə tutulur ki, bu da normal rentabelli fəaliyyəti təmin edir və dərman vasitələrinin idxalı və təchizatı baxımından heç bir problem yaratmır. Yeri gəlmişkən qeyd edim ki, ötən il ərzində 2015-ci illə müqayisədə qutu sayı ilə ifadədə ölkəyə dərman vasitələrinin idxalı 20 faiz artıb.
Buna baxmayaraq, manatın ABŞ dollarına olan rəsmi məzənnəsinin dəyişməsi və idxalçıların banklardan xarici valyuta alışındakı çətinliklər səbəbindən ötən ilin noyabr ayının ikinci yarısında dərman vasitələrinin aptek təşkilatlarına təchizatında müvəqqəti problemlər yaranmışdı. İdxalçıların xarici valyuta alışındakı çətinlikləri həllini tapdıqdan və Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problem aradan qaldırılıb.
Gələcəkdə manatın məzənnəsindəki dəyişikliklərin dərman təchizatına təsirinin neytrallaşdırılması və daha çevik tədbirlərin görülməsi məqsədilə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasında müvafiq dəyişikliklər edilib.
Qeyd olunmalıdır ki, tənzimləmədən sonra bu sahədə şəffaflıq təmin edilib, ictimai və dövlət nəzarəti güclənib, artıq hər bir vətəndaş hansı dərmanın hansı qiymətə olduğunu bilir və dərmanlar bütün apteklərdə eyni qiymətə satılmaqla, vətəndaşların ucuz aptek axtarmaq zərurəti tam aradan qalxır və süni qiymət artımının qarşısı alınır. Xüsusilə, uzun illər sabit məzənnə rejiminin tətbiq edildiyi ölkəmizdə dəyişən məzənnə rejimində dərman vasitələrinin qiymətləri ilə manipulyasiya etmək halları tam aradan qaldırılıb. Belə ki, Tarif (qiymət) Şurasının qərarı olmadan dərman vasitələrinin qiymətlərində hər hansı bir dəyişiklik, o cümlədən qiymətlərin bahalaşması qanunaziddir.
Təsəvvür edin ki, tənzimləmədən əvvəl məzənnənin sabit olduğu bir dövrdə dərman vasitələrini dəfələrlə baha satan “marketinq firmaları” tənzimləmə aparılmasaydı, məzənnənin belə dəyişməsindən istifadə edərək dərman vasitələrini hazırkı qiymətlərdən dəfələrlə baha qiymətə satacaqdılar.
Bir daha vurğulayım ki, tənzimləmənin məqsədi dərman vasitələri üzrə optimal qiymətlərin tətbiqinə nail olmaqdır. Aydındır ki, əczaçılıq subyektləri gəlirlərinin çox olması üçün əsasən yuxarı qiymətlərin, istehlakçılar isə xərclərinin az olması üçün aşağı qiymətlərin təsdiq olunmasını arzu edirlər. Optimal qiymət mümkün olan qiymətdir, yəni, əhalinin dərman vasitələrilə etibarlı təchizatının mümkün olduğu minimal qiymətdir.
Ümumilikdə, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi davamlı prosesdir, həm yeni dövlət qeydiyyatından keçən dərman vasitələri üzrə qiymətlər müəyyən edilməlidir, həm də qiymətləri təsdiq edilən digər dərmanların istinad ölkələrindəki qiymət dəyişmələrinin mütəmadi monitorinqi aparılmalıdır.
–Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin idxalın strukturuna, keyfiyyətə və rəqabətə təsiri barədə nə deyə bilərsiniz?
–Nüfuzlu əczaçılıq şirkətləri sivil ölkələrdə qəbul edilən normaların, etik prinsiplərin hakim olduğu, şəffaf və aydın mexanizmlə qiymət tənzimlənməsinin həyata keçirildiyi, yəni, proqnozlaşdırılabilən, sabit inkişafa və əlverişli mühitə malik dərman bazarında fəaliyyət göstərməyə üstünlük verirlər.
Ötən il üzrə idxalın təhlili göstərir ki, dərman vasitələri idxalının təqribən 80 faizi Avropa ölkələrinin və digər inkişaf etmiş ölkələrin payına düşür. Dərman vasitələrinin digər hissəsi isə əsasən Rusiya, Ukrayna və Belarusdan idxal olunur. İdxal üzrə strukturda ölkələrin payı dərman vasitələrinin dövlət qeydiyyatı üzrə strukturuna uyğun olduğundan ucuz və ya bahalı dərman məsələsi optimal şəkildə tənzimlənir.
Müşahidələr göstərir ki, dünyada tanınmış nüfuzlu əczaçılıq şirkətləri tərəfindən istehsal olunmuş dərman vasitələri bəzi Avropa ölkələrində ucuz, bəzilərində isə baha qiymətə satılır. Hətta eyni istehsalçının dərman vasitələrinin qiymətləri Müstəqil Dövlətlər Birliyinə üzv olan bir sıra ölkələrdə Avropa ölkələri ilə müqayisədə dəfələrlə bahadır. Qiymətlərin ucuzluğu o demək deyil ki, həmin Avropa ölkələrində dərman vasitəsini istehsal edən şirkətlər və ya keyfiyyətə nəzarət edən aidiyyəti qurumlar qiymətin aşağı olması üçün keyfiyyətə diqqət yetirmirlər. Dərman vasitələrinin müxtəlif ölkələrdə bir-birindən kəskin fərqlənən qiymətlərlə satışa çıxarılması bazarın xüsusiyyəti ilə bağlıdır. Ümumi meyil belədir ki, hansı ölkələrdə dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənirsə, istehsalçılar həmin ölkələr üzrə daha münasib qiymət siyasəti həyata keçirirlər.
Yuxarıda da qeyd edildiyi kimi, tənzimləmədən əvvəl ölkəyə bir qutu dərman vasitəsi orta hesabla 3 ABŞ dollarına idxal olunduğu halda, hazırda 1,4 ABŞ dollarına idxal edilir.
Burada əsas məqam ondan ibarətdir ki, dərman bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və bu sahədə sərbəst rəqabətin olması qiymətlərin aşağı düşməsini təmin etmir. Belə ki, vətəndaş digər məhsullardan fərqli olaraq dərman vasitəsini öz istəyi və seçimi əsasında almır. Vətəndaş ona təyin olunan dərman vasitəsini almaq məcburiyyətindədir. Qiymətlər sərbəst olduğu halda isə “marketinq firmaları” bundan istifadə edərək müxtəlif “yollarla” qiymətləri dəfələrlə artırırlar.
Məhz bu kimi xüsusiyyətlər nəzərə alınaraq, dərman vasitələrinin qiymətləri “maya dəyəri”, “keyfiyyət” kimi amillər əsasında deyil, istinad ölkələrində qiymətlərin müqayisəsinə dayanan referans qiymət sistemi əsasında bir sıra inkişaf etmiş və tam liberal Avropa ölkələrində də bu və ya digər formada dövlət tərəfindən tənzimlənir. Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ölkədə istehsalın hansı səviyyədə təşkil edilməsindən asılı olmayaraq optimal qiymətlərin formalaşmasına xidmət edir.
Dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə yanaşı, keyfiyyətinə nəzarət də davam etdirilir. Məlum olduğu kimi, dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər əvvəlcə dərman vasitəsinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət edirlər. Səhiyyə Nazirliyi tərəfindən dərman vasitəsinin ekspertizası və sınağı keçirilir, yalnız bundan sonra dərman vasitəsi dövlət qeydiyyatına alınır, dövlət reyestrinə daxil edilir və qeydiyyat vəsiqəsi verilir. Həmin dərman vasitəsi Azərbaycana idxal olunduqda da Səhiyyə Nazirliyi tərəfindən təkrarən hər partiya üzrə nümunə götürülür və keyfiyyəti yoxlanılır.
–İstehlakçıların maariflənməsi nə səviyyədədir, qiymət intizamına ictimai nəzarətin təmin edildiyini deyə bilərikmi?
–Tənzimləmə prosesi istehlakçıların maariflənməsini, dərman vasitələrinin ticarət adından asılılığının tədricən aradan qalxmasını və ən əsası qiymət intizamına ictimai nəzarəti zəruri edir. Bu çərçivədə həm həkimlər, həm də apteklərdə çalışan əczaçılar sosial və peşə məsuliyyətlərinə uyğun olaraq əhalinin maariflənməsinə öz töhfələrini verməli, həkim reseptinə dərman vasitələrinin ticarət adı əvəzinə tərkibi yazılmalıdır. Qeyd edim ki, bu barədə Səhiyyə Nazirliyinin müvafiq qərarı vardır.
Qiymət intizamına ictimai nəzarət tam təmin edilib. Belə ki, ilk gündən qeyd etdiyimiz kimi, ən səmərəli nəzarət mexanizmi ictimai nəzarətdir və bunun üçün hər cür imkan yaradılıb. Bildiyiniz kimi, hər bir dərman vasitəsinin ƏDV daxil olmaqla təsdiq edilmiş pərakəndə satış qiyməti qablaşdırıldığı qutunun üzərində göstərilir. Eyni zamanda, dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri ticarət adı, təsiredici maddənin adı və dozası, farmasevtik forması, ticarət qablaşdırılması, qablaşdırmanın miqdarı, istehsalçı ölkə və şirkət göstərilməklə təsdiq edilib və vahid siyahı şəklində həm Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində, həm də İqtisadiyyat və Səhiyyə nazirliklərinin internet səhifələrində yerləşdirilib. İstehlakçılar həmin cədvəli mobil telefonlara və planşetlərə yükləməklə elektron kitabça kimi istifadə edə bilirlər. Həmçinin İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi” (195-2) vasitəsilə məlumat almaq mümkündür. Beləliklə, aptekdən dərman vasitəsi alan zaman istehlakçıya qiymətin tənzimlənmiş qiymətlə eyni olub-olmadığını asanlıqla müəyyən etmək imkanı yaradılıb.
Qeyd edim ki, dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi, tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması və ya qiymətləri tənzimlənmədən satılması qiymət intizamının pozulması və istehlakçıların aldadılması deməkdir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişikliklər edilib və belə hallara yol verən əczaçılıq subyektləri barəsində qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.
Vətəndaşlar bir çox hallarda dərman vasitəsi kimi bioloji fəallığa malik qida əlavələrinin qiymətlərindən şikayətlənirlər. Bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə istifadə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyildir və onların qiymətləri digər ölkələrdə də dövlət tərəfindən tənzimlənmir. Bununla bağlı “Dərman vasitələri haqqında” Qanuna müvafiq dəyişikliklər edilib. Artıq bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır, üzərində və içlik vərəqlərində aydın şəkildə “dərman vasitəsi deyildir” sözləri yazılmalıdır. Reklam edilərkən də onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.
Dünyadakı mütərəqqi meyilə uyğun olaraq, ölkəmizdə də dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi, xüsusilə indiki məzənnə dəyişikliyi şəraitində həm idxalçılar, həm də investorlar üçün bazarın proqnozlaşdırılabilən olmasına xidmət edir. Görülən işlər əczaçılıq sahəsində yerli istehsalın inkişafına və icbari tibbi sığorta sisteminin tətbiqinə öz töhfəsini verməkdədir.
–Ölkəmizdə əczaçılıq sənayesinin inkişaf potensialı barədə fikirlərinizi bilmək istərdik.
–Beynəlxalq təcrübə göstərir ki, əhalinin rifah səviyyəsi yüksəldikcə insanlar öz sağlamlığına daha çox diqqət yetirirlər və nəticə etibarilə dərman vasitələrinin istehlakı artır. Azərbaycan 10 milyona yaxın istehlakçısı olan, daxili tələbatı ilbəil artan və dinamik inkişaf edən dərman vasitələri bazarına malikdir. Daxili tələbatın ödənilməsi məqsədilə dərman vasitələrinin mütləq əksəriyyətinin idxal olunması bu sahədə yerli istehsalın təşkili məsələsini də aktuallaşdırır. Eyni zamanda, dərman vasitələrinin istehsalı ilə bağlı əlverişli investisiya mühitindən danışarkən, - potensial investorların da vurğuladığı kimi, - ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin və hazırda pilot layihə kimi başlayan icbari tibbi sığorta sisteminin gələcəkdə tam tətbiqinin üstünlükləri nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, məhz qeyd edilən istiqamətlərdəki tədbirlərdən sonra ölkəmizdə dərman vasitələrinin istehsalına xarici investorların marağı əhəmiyyətli dərəcədə artıb.
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır. Bu məqsədlə xüsusi olaraq Pirallahı Sənaye Parkı yaradılıb. Qeyd edim ki, ötən ilin noyabr ayında sənaye parkında Rusiya ilə birgə müəssisənin - Almaniya və İtaliyanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunmasını nəzərdə tutan əczaçılıq zavodunun təməli qoyulub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus və diareya əleyhinə preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə, zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman vasitələri istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcəkdir. Gələcəkdə istehsal daha da genişləndiriləcəkdir.
Layihənin reallaşdırılmasında qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq və müvafiq beynəlxalq norma və qaydalara uyğun yeni nəsil dərman istehsalı təcrübəsi tətbiq ediləcəkdir.
Bununla yanaşı, yanvar ayında İran ilə də birgə müəssisə formasında əczaçılıq zavodunun təməlinin qoyulması nəzərdə tutulur. İstehsal müəssisəsinin yaradılmasının mərhələli şəkildə icrası planlaşdırılır. Birinci mərhələdə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə daha geniş çeşiddə antibiotik dərmanların istehsalı planlaşdırılır. Layihənin birinci mərhələsinin dəyəri 20,5 milyon ABŞ dolları təşkil edəcəkdir və bu zaman 54 təsiredici maddə üzrə 84 çeşiddə ağrıkəsici, vitamin, iltihab əleyhinə vasitə və antibiotik, kardiovaskulyar, antihistamin və antiallergik, qan təzyiqi problemləri, göbələk, sinir sistemi və qastroenteroloji xəstəliklərə qarşı dərman vasitələri istehsal ediləcəkdir.
Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə və Ukraynanın bir neçə şirkəti ilə də danışıqlar aparılır. Artıq həmin şirkətlər tərəfindən müvafiq biznes plan və əsaslandırma sənədləri hazırlanır. Eyni zamanda, Azərbaycanda əczaçılıq sənayesinin təşkilinə aparıcı Avropa şirkətlərinin cəlb edilməsi istiqamətində işlər görülür. Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Almaniya və İsveçrəyə səfər edərək potensial tərəfdaş şirkətlərlə müzakirələr aparıb. Qeyd edilən görüşlərdə Almaniya və İsveçrə şirkətləri Azərbaycanda əczaçılıq məhsullarının istehsalı sahəsində əməkdaşlığa dair maraqlarını ifadə ediblər. Məsələn, dünyanın bir sıra aparıcı əczaçılıq şirkəti ölkəmizdə yaradılacaq əczaçılıq istehsalı müəssisəsində patent hüququ qorunan dərmanlarının qablaşdırılmasının təşkilinə maraqlarını bildiriblər.
Əczaçılıq zavodları ilə yanaşı, tibbi təyinatlı digər məhsulların da ölkəmizdə istehsalına investorlar tərəfindən maraq var. Məsələn, hazırda birdəfəlik şprislərin istehsalı layihəsinin icrası ilə bağlı işlər aparılır.
Ümumiyyətlə, Azərbaycanda yaradılacaq dərman istehsalı zavodları ölkəmizin əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır.
–Əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması sahəsindəki təbirlər barədə də məlumat verməyinizi xahiş edirik.
–Bildiyiniz kimi, “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli Fərmanına uyğun olaraq, 2015-ci il noyabrın 2-dən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanılıb.
Həmçinin dövlətimizin başçısının “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli Fərmanına əsasən, lisenziyaların müddətsiz verilməsi müəyyən edilib, həmin Fərmanın qüvvəyə mindiyi tarixə qüvvədə olan lisenziyalar müddətsiz hesab olunub, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib.
Eyni zamanda, lisenziyaların verilməsinə görə ödənilən dövlət rüsumlarının məbləği 2 dəfə, o cümlədən regionlar üzrə 4 dəfə azaldılıb. Hazırda dərman vasitələrinin istehsalına lisenziya verilməsi üçün 2250 manat, topdansatışına lisenziya verilməsi üçün 2250 manat, pərakəndə satışına lisenziya verilməsi üçün isə dövlət rüsumu 1000 manatdır.
İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanıldığı tarixdən ötən ilin sonuna kimi sahibkarlara 3382 lisenziya verilib ki, bunun da 1788-i yeni verilmiş, 1594-ü isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır.
Qeyd edilən dövr ərzində əczaçılıq fəaliyyəti sahəsində 979 lisenziya verilib və bunun da 418-i yeni verilib, 561-i isə müddətsiz lisenziya ilə əvəz edilib. Həmçinin dərman vasitələrinin istehsalına 2-si yeni, 2-si isə müddətsiz ilə əvəz edilmiş olmaqla 4 lisenziya verilib.
Hazırda əczaçılıq fəaliyyəti sahəsi (dərman vasitələrinin topdan və pərakəndə satışı, istehsalı) üzrə qüvvədə olan lisenziyaların sayı 2257-dir. Məlumat üçün bildirim ki, ölkəmizə dərman vasitələrinin idxalı 50-yə yaxın fəal idxalçı tərəfindən həyata keçirilir. Eyni zamanda, əhalinin hər 100 min nəfərinə düşən aptek təşkilatlarının sayı 22-dir ki, bu da İqtisadı Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə orta göstəriciyə (25) uyğundur.
Sonda bir daha vurğulayım ki, bu islahatlar dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlmiş kompleks və ardıcıl tədbirlər sisteminin mühüm tərkib hissəsidir.

AZƏRTAC

 

 

 

Published in Müsahibələr

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov yanvarın 5-də Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyi qeyd edilib.

Daha sonra tərəflər arasında baxılmaqda olan saziş layihələrinə dair müzakirələr aparılıb. Andorra xarici işlər naziri yerli şirkətlərin Azərbaycanda sərmayə yatırmaqda həvəsli olduğunu bildirib, bu baxımdan ölkəsinin Azərbaycanla iqtisadi yönümlü sahədə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edib.

Səfir A.Məhərrəmov son zamanlar Azərbaycanda iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verib, bunun artıq öz müsbət nəticələrini verdiyini bildirib. Azərbaycanın qarşılıqlı maraqlar əsasında digər ölkələrlə əməkdaşlıq edilməsinin tərəfdarı olduğunu bildirən səfir bu baxımdan Andorra ilə münasibətlərin genişləndirilməsinin mümkünlüyünü qeyd edib.

Daha sonra nazir ötən ilin sonunda təmas xəttində baş verən gərginlikdən narahatlığını ifadə edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə maraqlanıb.

Təmas xəttində yaşanan son gərginliyin Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş növbəti təxribat əməli olduğunu bildirən səfir A.Məhərrəmov bu baxımdan Ermənistanın daha ağır nəticələrlə üzləşdiyini qeyd edib.

Nazir münaqişənin sülh yolu ilə, ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin tərəfdarı olduğunu qeyd edib, bu məsələdə tezliklə ədalətin bərqərar olunacağına ümid etdiyini bildirib.

Söhbət zamanı səfir A.Məhərrəmov Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı layihələrdən danışıb, bu layihələrin region ölkələrinin inkişafına xidmət etdiyini bildirib. Ermənistanın apardığı işğalçı siyasət nəticəsində sözügedən layihələrdən kənarda qaldığını diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

AZƏRTAC

 

 

 

Published in Siyasət

Cənub bölgəsində qabaqcıl müəllim, ağsaqqal hüquqşünas, gözəl şəxsiyyət kimi tanınan Sabir Qarayev mənalı, keşməkeşli bir yol keçib.

1937-ci ilin yanvar ayının 3-də Lənkəran şəhərində anadan olub. Uşaqlığı Böyük Vətən Müharibəsinin məşəqqətli, ağır illərinə düşüb. Beş yaşında olanda atası Mirzağa kişi xəstəlikdən dünyasını dəyişib. Valiyə ana Sabiri və iki qız övladını çox çətinliklə böyüdüb ərsəyə çatdırıb.

Sabir Qarayev Lənkəran şəhərindəki 5 nömrəli yeddillik məktəbini və Lənkəran Pedaqoji Texnikumunu əla qiymətlərlə bitirib. Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1962-ci ildə ali təhsilini başa vurub bir vaxtlar oxuduğu doğma məktəbdə əmək fəaliyyətinə başlayıb.

Bütün enerjisiylə çalışır, çoxlu axtarışlar aparır, şagirdlərə riyaziyyatın sirlərini öyrədirdi. Qısa vaxtda savadlı, bacarıqlı, yenilikçi müəllim kimi rayonda tanındı. Dərsdə əyaniliyə daha çox üstünlük verirdi. Hazırladığı elektron lövhə, əyani vəsaitlər tədris prosesində köməyinə gəlirdi. Respublika müəllimləri arasında avtomatlaşdırılmış tədris sistemini ilk quranlardan idi.

Ən çətin mövzuları yeni metodlarla şagirdlərə çatdırır, fizika və riyaziyyat fənlərini yüksək pedaqoji ustalıqla tədris edirdi. Məktəbin məzunları ali məktəblərə qəbul imtahanlarında bu fənlərdən yüksək bilik nümayiş etdirir, digər məzunlardan seçilirdilər.

Sabir müəllimin uğurları pedaqoji ictimaiyyət və rayon rəhbərliyi tərəfindən rəğbətlə qarşılandı. Qabaqcıl iş təcrübəsi Lənkəran rayonunun məktəblərində yayıldı. Haqqında respublika mətbuatında yazılar dərc olundu. Əməyi dövlət tərəfindən yüksək qiymətləndirildi. 1976-cı ildə pedaqoji sahədə səmərəli fəaliyyətinə görə keçmiş SSRİ-nin ən hörmətli təltiflərindən olan “Oktyabr inqilabı” ordeninə layiq görüldü.

Deyirlər ki, gənclik ömrün baharıdır. Bahar hər il gəlir. Ömrün baharı isə geri qayıtmır. Sabir müəllim ömrünün baharını zəhmətə, yaradıcı işə, təhsilə, elmə həsr edib. Qiyabi yolla Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1978-ci ildə sevimli müəllim peşəsindən ayrılıb haqqın-ədalətin keşiyində durdu. Həmin ilin oktyabr ayında Lerik rayon məhkəməsinin hakimi seçildi.

“Dünya dağılsa belə, qoy ədalət zəfər çalsın” müdrik kəlamını özünə həyat devizi seçdi. Ucqar dağ rayonunda işləmək o qədər də asan deyildi. Rayonun başçısı hüquq-mühafizə orqanlarının işinə qarışır, bəzən problem də yaradırdı. Sabir müəllim qanunun aliliyini hər şeydən üstün tutur, haqqı-ədaləti müdafiə edirdi.

Kəndlərin rayon mərkəzindən uzaqlığını, yolların bərbad vəziyyətdə olmasını nəzərə alaraq bəzi cinayət və mülki işlərə səyyar məhkəmə iclaslarında baxırdı. Rayon prokurorluğu, polis şöbəsi ilə birgə hüquq gecələri təşkil edir, mühazirələr oxuyur, əhali arasında hüquqi bilikləri geniş təbliğ edirdi. Həyata keçirilən tədbirlər nəticəsiz qalmır, cinayət hadisələrinin sayı ildən-ilə azalırdı.

Sabir Qarayev 1982-1990-cı ilərdə Masallı rayon məhkəməsinin sədri işləyib. O, bu vəzifəyə seçiləndə kifayət qədər təcrübəli idi. Həmin dövrdə rayon məhkəməsi köhnə, qəzalı vəziyyətdə olan binada yerləşirdi. Sabir müəllimin təşəbbüsü ilə məhkəmə üçün ikimərtəbəli, yaraşıqlı bina tikildi. Bu bina respublikada ən yaxşı məhkəmə binası sayılırdı və şəkli Moskvada çıxan “Selskaya jizn” qəzetində dərc edilmişdir.

O, 1990-cı ilin avqust ayında Lənkəran rayon məhkəməsinin sədri vəzifəsinə təyinat alır. Doğma rayonda hörmətlə-izzətlə, sədaqətlə işləyir. Bir ağsaqqal kimi rayonun hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, səmimi münasibət yaradır. Məhkəmə iclaslarına ictimaiyyətin nümayəndələrini dəvət edir, qərar və qətnamələrin obyektiv, ədalətli olmasına çalışır, məhkəmə sədri işlədiyi 22 il ərzində daha çox üç prinsipə əməl edirdi: qanunun aliliyini qorumalı, verilmiş cəza insanları tərbiyə etməli və hakimlik vəzifəsi əbədi deyil. Sabir Qarayev 2000-ci ildən təqaüddədir.

Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev həmkarı barədə deyir:

- Sabir Qarayev yüksək peşəkarlığa malik hüquqşünas kimi qanunları dəqiq və düzgün tətbiq etdiyi üçün ədalətli hakim imicini qazanmışdır. İşlədiyi bütün dövrlərdə yüksək vətəndaş mövqeyi nümayiş etdirmiş, öz xalqına, dövlətinə sədaqətlə xidmət etmiş, tutduğu vəzifəsinin və peşəsinin nüfuzunu yüksəklərə qaldırmışdır. Onun uzunmüddətli həyat təcrübəsi və ədliyyə orqanlarında zəngin iş təcrübəsi bu gün gənclər, həm də hüquq-mühafizə orqanlarında çalışanlar üçün əsl həyat məktəbidir.

Bu gün Sabir Qarayev ömrün müdrik çağlarını yaşayır. Təqaüddə olsa da, daim həmkarlarının, dostlarının, Lənkəran ictimaiyyətinin arasındadır. Təcrübəli hüquqşünas, dəyərli ziyalı, nüfuzlu ağsaqqal kimi gənclərə tövsiyə və məsləhətlərini verir, doğma rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.

 

 

 

Published in Digər xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu 2016-cı ildə 3,26 milyon sərnişinə xidmət göstərib. Bu Azərbaycan mülki aviasiya tarixində rekord göstəricidir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərnişin dövriyyəsinin 83,5 faizi beynəlxalq daşımaların payına düşüb. 2016-cı ildə Azərbaycanın paytaxtına Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirib. Xaricə gedən sərnişinlərin 51,3 faizi AZAL-ın payına düşüb. Populyar xarici aviaşirkətlərin beşliyinə “Türk Hava Yolları”, “Aeroflot”, “S7 Airlines”, “FlyDubai” və “Qatar Airays” daxil olub.

İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edib - ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 milyon nəfər təşkil edib.

2016-cı ildə “İraqi Airays”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo”, “Komiaviatrans” aviaşirkətləri və Rusiyanın “Pobeda” loukosteri Azərbaycana uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu “Skytrax” konsaltinq şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

İctimaiyyətin böyük marağına səbəb olan “UNEC Ekspert” jurnalının növbəti sayı təqdim edilib.

“UNEC Ekspert” jurnalının yeni sayında oxucular dünyada və ölkədə baş verən iqtisadi proseslərə ölkənin aparıcı alimlərinin münasibətini öyrənməklə yanaşı, onların təklifləri ilə də tanış olacaqlar. Məlumat-təhlil tutumu zəngin olan jurnalda iqtisadiyyatın müxtəlif sahələri üzrə ekspert yanaşmaları yer alıb. Beynəlxalq təcrübə geniş təhlil edilib.

Dünyanın mürəkkəb iqtisadi və biznes aləmindəki vəziyyətin rasional proqnozlaşdırma və analitik təhlilə ehtiyac duyulduğu bir zamanda jurnalın məqalələri çox aktualdır. Bu baxımdan “İdman turizminin davamlı iqtisadi inkişafda rolu”, “Azərbaycanın kimya sənayesinin ixrac potensialı”, “Texnologiya tutumlu kənd təsərrüfatına doğru”, “Vergi məcəlləsinə dair təkliflər”, “Azərbaycanın iqtisadiyyatının rəqabət qabiliyyətinin artımında universitetlər necə kömək edə bilərlər?” başlıqlı araşdırma-təhlil məqalələri diqqəti daha çox cəlb edir.

Jurnal ildə iki dəfə olmaqla nəfis tərtibatla nəşr olunur.

 

 

 

Published in Digər xəbərlər
1 -dən səhifə 2