XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə, 06 Yanvar 2017

- Əziz həmvətənlər.

2016-cı il tarixdə qalır. 2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri olmuşdur. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə davam etmişdir. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə aşağı düşmüşdür. Belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna nail olduq.

Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır. Onu da qeyd etməliyəm ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizin qeyri-neft sənayesi bu il 5 faiz, kənd təsərrüfatı isə 2 faizdən çox artmışdır. Biz bu il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox mühüm məsələdir. Çünki bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir.

2016-cı ildə bütün sosial proqramlar artıqlaması ilə icra edilmişdir. Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınmışdır. Əhalinin pul gəlirləri, - baxmayaraq ki, 2016-cı il böhranlı ildir, - 7 faiz artmışdır, orta əməkhaqqı isə 9 faiz artmışdır.

Bir sözlə, bütün çətinliklərə baxmayaraq Azərbaycan 2016-cı ildə də inamla inkişaf etmişdir. Bir daha qeyd etmək istəyirəm, bu il qəbul etdiyimiz qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar öz nəticəsini verəcəkdir. Eyni zamanda, biz ixracın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq. Çünki neft gəlirlərinin aşağı düşməsi nəticəsində bizim valyuta gəlirlərimiz azalıb və biz qeyri-neft ixracının inkişafı ilə bu boşluğu bərpa edə bilərik.

2016-cı ildə bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Bizim dostlarımızın sayı artıb, bizi istəməyən qüvvələr, bizə vaxtaşırı kampaniyalar aparan qüvvələr isə siyasi səhnədən gedirlər. Azərbaycan beynəlxalq təşkilatlarda böyük uğurlar qazana bilmişdir. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlər qəbul edilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xarici siyasətimizin əsas prioritetidir. Deyə bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənmişdir. Qondarma “Dağlıq Qarabağ” qurumunu heç bir ölkə tanımır və tanımayacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda, ATƏT və digər qurumların rəhbərləri dəfələrlə bəyanatlar vermişdir.

2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaqdır. 1994-cü ildən bu günə qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. Aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq bizim ordumuz düşmənə sarsıdıcı zərbələr vurmuş və işğal edilmiş torpaqların bir hissəsini azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad edilmişdir. On minlərlə hektar torpağa indi Azərbaycan Ordusu tam nəzarət edir.

Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərmişdir. Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır.

2016-cı ildə bizim böyük idman qələbəmiz də olmuşdur. Rio Olimpiya Oyunlarında idmançılarımız tarixi qələbə qazanmışdır. 18 medal qazanaraq Azərbaycan bir daha sübut etdi ki, Azərbaycan idman dövlətidir və Azərbaycan idmançıları güclülərin sırasındadır. Medalların sayına görə Azərbaycan dünya miqyasında 200 ölkə arasında 14-cü yerə layiq görülmüşdür. Azərbaycan Avropa ölkələri arasında 7-ci, postsovet məkanı ərazisində 2-ci, müsəlman aləmində isə 1-ci yerdədir. Bu, bizim böyük idman qələbəmizdir və eyni zamanda, bu qələbə xalqımızın, dövlətimizin gücünü göstərir. 

Bu il biz müstəqilliyimizin 25 illiyini qeyd edirdik. Hərbçilərimiz, idmançılarımız bu bayram ilində bizə qələbə sevinci bəxş etmişlər.

2016-cı ildə enerji təhlükəsizliyi istiqamətində önəmli addımlar atılmışdır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu ilin əvvəlində ölkəmizin təşəbbüsü ilə artıq ikinci dəfə idi ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası Bakıda keçirilmişdir və iştirak edən bütün ölkələr və beynəlxalq təşkilatlar qəbul edilmiş yekun qətnamədə Azərbaycanın liderlik rolunu bir daha vurğulamışlar. “Cənub Qaz Dəhlizi” Azərbaycanın təşəbbüsü və böyük maliyyə dəstəyi ilə icra edilən qlobal, beynəlxalq enerji layihəsidir. Bu, tarixi layihədir. Layihə icra olunandan, bütün işlər başa çatandan sonra Azərbaycan çox böyük mənfəət görəcəkdir. Beləliklə, bu il proqram üzrə bütün işlər yüksək səviyyədə aparılmışdır və əminəm ki, bu nəhəng transmilli layihə vaxtında istifadəyə veriləcəkdir. Eyni zamanda, bu il bizim yeni qaz yataqlarımızdan çıxarılacaq qazın həcmi də müəyyən edilmişdir və beləliklə, “Cənub” Qaz Dəhlizini qidalandıracaq layihələr arasında təkcə “Şahdəniz” layihəsi deyil, eyni zamanda, “Abşeron” qaz yatağı da olacaqdır.

Hesab edirəm ki, bu il biz nəqliyyat təhlükəsizliyi istiqamətində tarixi addımlar atmışıq. Bildiyiniz kimi, uzun illər davam edən Şərq-Qərb nəqliyyat dəhlizinin icrası artıq başa çatır və Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində Azərbaycan çox önəmli addımlar atmışdır. Demək olar ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan tərəfinə düşən payı üzrə görüləcək işlər artıq görülübdür. Biz qısa müddət ərzində bütün işləri başa çatdırdıq və beləliklə, gələcəkdə əlavə səylər qoyaraq çalışacağıq ki, bu iki önəmli magistral tezliklə işə düşsün.

2016-cı ildə Azərbaycanda referendum keçirilmişdir. Referendum azad, şəffaf şəkildə aparılmışdır. Bütün exit-pollar referendumun rəsmi nəticələrini təsdiqləmişdir. Beynəlxalq müşahidəçilər də qeyd etmişlər ki, referendum azad, şəffaf şəkildə həyata keçirilmişdir, heç bir pozuntu olmamışdır və Azərbaycan xalqının iradəsi referendumun nəticələrində öz əksini tapmışdır. Referendumun nəticələri bizim siyasətimizə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən bu dəstəyə, bu inama görə Azərbaycan xalqına bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Bir daha Azərbaycan xalqını əmin etmək istəyirəm, bütün səylərimi qoyacağam ki, bundan sonra da dövlətimizin, xalqımızın maraqları layiqincə qorunsun.

2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Bu il ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Azərbaycan bir daha dünyaya sübut etmişdir ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, bir səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Azərbaycan multikulturalizm ideyalarının dünyada təbliği işində müstəsna rol oynayan bir ölkədir.

Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Mən bütün dünya azərbaycanlılarını səmimi qəlbdən salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Onlar bilirlər və bilməlidirlər ki, onların arxasında möhkəm, güclü Azərbaycan dövləti dayanır.

Əziz bacılar və qardaşlar, mən sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!

 

 

 

Published in Məktublar

Hörmətli həmvətənlər!

Sizi, Azərbaycanın xristian icmasını İsa Peyğəmbərin mübarək mövludu - Milad bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

Xristianlıq Azərbaycanda çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz bizim ölkəmizdə təşəkkül tapmışdır. Səmavi dinlər burada əsrlər boyu dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin yaranmasında misilsiz tarixi rol oynamışdır. Azərbaycanda məskunlaşmış xalqlar və etnoslar arasında heç vaxt milli-irqi ayrı-seçkilik, etnik-dini dözümsüzlük halları mövcud olmamışdır.

Müstəqil Azərbaycan Respublikası bu gün də öz tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən, vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün bərabər demokratik şərait yaradılmışdır.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxkonfessiyalı və çoxmillətli  Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması həmişə olduğu kimi, bu gün də, sabah da ölkəmizin tərəqqisi və inkişafı naminə öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirəcək.

Əziz dostlar!

Şəfqət və mərhəmət duyğularının, təmiz və nəcib idealların rəmzi olan müqəddəs Milad bayramı münasibətilə hamınızı bir daha təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram.

Bayramınız mübarək olsun!

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 yanvar 2017-ci il.

 

 

 

Published in Məktublar

Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

İstanbulda gecə klubunda bayram şənliyinə toplaşmış insanlara qarşı qəddarcasına silahlı hücum törədilməsi, çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı bu xain əməldən hədsiz dərəcədə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizəni dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar kədəri

nizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 1 yanvar 2017-ci il.

 

 

 

Published in Məktublar

Hörmətli cənab Prezident,

Myanma İttifaqı Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 30 dekabr 2016-cı il.

 

 

 

Published in Məktublar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On doqquz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,0 (on dörd) milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 yanvar 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair “Maliyyələşdirmə Sazişi” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Komissiyasına bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2016-cı il.

 

 

 

Published in Fərman

Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Horadiz şəhərindəki Heydər Əliyev adına Parkda rayon ictimaiyyətinin, “N” saylı hərbi hissənin əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, Horadiz əməliyyatında iştirak etmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək 1990-cı illərin əvvəllərindəki hərbi-siyasi vəziyyətdən, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlər nəticəsində cəbhədəki vəziyyətdə dönüş yaranıb. 1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Azərbaycan ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində nail olub.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadizdə və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanılıb. Ötən dövr ərzində təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları həll edilib. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” - deyən Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Son 5 ildə Prezident İlham Əliyev Füzuliyə 3 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 7 Sərəncam imzalayıb.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıb. Bildirib ki, məhz Horadiz əməliyyatı ilə Azərbaycan ordusunun qələbə əzmi özünə qayıdıb. “Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusuna çevrilib. Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad etməyə hazırdır”, - deyə Bahar Muradova bildirib.

“Azərbaycan bayrağı” ordenli Sevindik İsmayılov, Horadizdə erməni bayrağını endirib Azərbaycan bayrağını sancan Şakir Bayramov və digər çıxış edənlər Horadiz əməliyyatını hərb tariximizin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıblar.

Qeyd olunub ki, cəbhə bölgəsində düşmənlə bir neçə addımlıqda yaşayan və işləyən füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhvali-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır.

Çıxışlarda Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Füzuli rayonunun digər ərazilərinin də düşmən tapdağından azad olunacağına əminlik ifadə edilib.

Tədbir rayonun incəsənət ustalarının konsert proqramı ilə davam edib.

AZƏRTAC

Published in Digər xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edilib.

Xidmətin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, Ulu Öndərin abidəsi önünə əklil qoyulub.

Bu əlamətdar bayramlar münasibətilə Prezident İlham Əliyevin adından hərbi hissənin bütün şəxsi heyətini təbrik edən general-leytenant Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar diləyib.

Bildirilib ki, Azərbaycan Respublikasının inkişaf strategiyasının banisi ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə sürətlə tərəqqi edən respublikamızın siyasi-iqtisadi nüfuzu gündən-günə artır. Ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrimizin modernləşdirilməsi nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində cari ilin aprel ayında ordumuz düşmənə sarsıdıcı zərbələr vuraraq, gücünü bütün dünyaya nümayiş etdirib. Bu isə xalqımızda böyük ruh yüksəkliyi yaradaraq, işğal olunmuş ərazilərimizin azad olunmasına inam hissini və əzmini daha da artırıb.

Qeyd edilib ki, bu gün DTX-nin hərbi hissəsində şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Əsas məqsəd ölkə rəhbərliyinin və xalqın göstərdiyi yüksək etimadı doğrultmaq, işğal altında olan vətən torpaqlarını azad etmək üçün daim hazır olmaqdır.

Sonra general-leytenant Mədət Quliyev aprel döyüşlərində qardaşları qəhrəmancasına həlak olmuş iki əsgəri həvəsləndirmə qaydasında məzuniyyətlə mükafatlandırıb.

Çıxış edən valideynlər Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən genişmiqyaslı işləri qeyd edib, ordu quruculuğuna da böyük diqqət yetirildiyini vurğulayıblar. Əsgər və zabitlərimizə göstərilən qayğı hər bir valideyni qürurlandırır. Fəxr edirik ki, bu gün bizim də övladlarımız etibarlı vətən müdafiəçiləri sırasındadır. Ən böyük arzumuz, istəyimiz isə torpaqlarımızın işğaldan azad edilməsi ilə qələbə sevincini yaşamaqdır.

Sonda respublikanın tanınmış incəsənət xadimləri tərəfindən vətənpərvərlik mövzusunda ifa edilən mahnılar rəğbət və coşqu ilə qarşılanıb.

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

Latviya ilə Azərbaycan arasında parlamentlərarası münasibətlər sürətlə inkişaf edir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Latviya Seyminin deputatı Xosam Abu Meri deyib.

Deputat Azərbaycan ilə Latviya arasındakı sıx əməkdaşlıqdan danışaraq bildirib: “Son illər parlamentlərarası əlaqələrimiz möhkəmlənib və bu əməkdaşlıq Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına önəmli töhfə verir”. 

X.A.Meri vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda Latviyanın ən mühüm tərəfdaşıdır. Ən yüksək səviyyədə siyasi dialoq çox konstruktivdir. Son illər Latviyanın bütün yüksək vəzifəli dövlət məmurları Azərbaycanda olublar. Ən mühüm səfərlər sırasında, əlbəttə ki, Latviya Respublikasının keçmiş Prezidenti Andris Berzinşin 2013-cü ildə Azərbaycana səfərini qeyd edə bilərəm. 2014-cü ilin fevralında Azərbaycan parlamenti ilə əməkdaşlıq edən deputat qrupu Bakıya səfər edib. 2016-cı ilin oktyabr ayında isə Latviya parlamentinin sədri İnara Murnietse Bakıda olub.  

Dostluq qrupunun sədri Aİ səviyyəsində Latviya-Azərbaycan əlaqələrindən də danışıb. “İki ölkə vətəndaşlarının səfərlərinin asanlaşdırılmasını əməkdaşlığın mühüm nailiyyətlərindən biri hesab edirəm. Hazırda Azərbaycan və Latviya arasında xidməti pasport sahibləri üçün viza rejiminin ləğv edilməsi barədə parlamentlərarası saziş razılaşdırılıb. Latviya və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlığı genişləndirməyə kömək edən bir sıra sazişlər imzalanıb”, - deyə deputat vurğulayıb.

X.A.Meri bildirib ki, Latviya tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bildirib. Seymin 100 deputatından 53-ü Xocalı soyqırımı ilə bağlı Bəyanat imzalayıb. Deputat deyib: “Xocalı soyqırımı Azərbaycan tarixində faciəli gün, tarixi ədalətsizlikdir. Azərbaycanın səfirləri və digər vəzifəli şəxsləri ilə görüşlərində Latviyanın yüksək vəzifəli şəxsləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə təsdiqləyiblər”.  

Dostluq qrupunun sədri vurğulayıb ki, Azərbaycan həmişə regionda rolu yüksələn və çox sürətlə inkişaf edən ölkə kimi xarakterizə edilir.

 

AZƏRTAC

 

 

 

Published in Müsahibələr

ABŞ-ın “Cape Cod Times” qəzetində “Ermənistanın silahlı hücumu qınanmalıdır” adlı məqalə dərc edilib.

Məqalədə 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə hücumundan və Ermənistanın Azərbaycana qarşı artıq 25 ildir davam edən təcavüzündən bəhs olunur.

Yazıda Ermənistan hərbçilərinin Azərbaycanın dövlət sərhədini keçməsi, düşmənin dekabrın 29-da Tovuz rayonunda diversiya hərəkətləri və Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülən müvafiq tədbirlər haqqında məlumat verilir. Məqalədə Azərbaycan ərazisinin 20 faizinin işğalının davam etməsindən və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrindən (822, 853, 874 və 884) söhbət açılır.

Qeyd edək ki, məqalə Azərbaycan ərazilərinin işğal edilməsi ilə əlaqədar ABŞ ictimaiyyətini və Administrasiyasını məlumatlandırmaq üçün ABŞ Azərbaycanlıları Şəbəkəsinin həyata keçirdiyi yazılı kampaniyanın nəticəsi olaraq dərc edilib. Təşkilatın üzvləri, həmçinin ABŞ Administrasiyasını və ATƏT-in Minsk qrupunu Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməsi və Azərbaycana qarşı təcavüzü dayandırması üçün rəsmi Yerevana təzyiq göstərməyə çağırıblar.

AZƏRTAC

 

 

 

Published in Dünya bu gün
1 -dən səhifə 2