XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə axşamı, 10 Yanvar 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Arya İnkeri Makkonenin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Arya İnkeri Makkonen fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Arya İnkeri Makkonen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yaxşı təcrübəyə malik olduğunu bildirdi. Prezident İlham Əliyev özünün Finlandiyaya, Finlandiyanın dövlət başçısının isə Azərbaycana rəsmi səfərinin əhəmiyyətini qeyd etdi. Finlandiya Prezidenti ilə beynəlxalq tədbirlər çərçivəsində görüşlərini də məmnunluqla xatırlayan dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əlaqələrimizin mühüm hissəsini təşkil etdiyini dedi. Prezident İlham Əliyev əlaqələrimizin bir çox istiqamətlərdə, o cümlədən ticarət və nəqliyyat sahələrində, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğuladı. Azərbaycanla Finlandiya arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev səfir Arya İnkeri Makkonenin ölkəmizdəki fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Arya İnkeri Makkonen Finlandiya Respublikasının Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu deyən səfir ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və müxtəlif sahələrdə qarşılıqlı səfərlərin artırılması istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı. Parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunan səfir Arya İnkeri Makkonen Azərbaycan və Finlandiya arasında bu sahədə qarşılıqlı əlaqələrin və səfərlərin vacibliyini qeyd etdi.

Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistönün salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Finlandiyanın Prezidentinə çatdırmağı xahiş etdi.  

 

 

AZƏRTAC

 

 

 

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasinin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Luis Manuel Santiaqo Markoviç Monasi fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Luis Manuel Santiaqo Markoviç Monasi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Luis Manuel Santiaqo Markoviç Monasi Peru Respublikasının Prezidenti  Pedro Pablo Kuçinskinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin gücləndirilməsi ilə bağlı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün çox yaxşı fürsət yarandığını dedi. Perulu diplomat iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq mədəni əlaqələri genişləndirməyin və xalqlarımızın bir-birini yaxından tanımalarının zəruriliyini vurğuladı. Siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin önəmini qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, xüsusilə ticarət və turizm sektorlarında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün imkanların araşdırılmasının vacibliyini diqqətə çatdırdı, ölkələrimizin istehsal etdikləri müxtəlif məhsulların qarşılıqlı ixracının mümkünlüyünü bildirdi. 

Dövlətimizin başçısı Peru Respublikasının Prezidenti  Pedro Pablo Kuçinskinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Peru dövlətinin Prezidentinə çatdırmağı xahiş etdi.

 

 

AZƏRTAC

 

 

 

Published in Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında aqrar elmin inkişafında xidmətlərinə görə Qərib Şamil oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 yanvar 2017-ci il.

 

 

 

Published in Sərəncam

Möhtərəm Ayətullah Xameneyi həzrətləri,

İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bütün fəaliyyəti və həyat yolu ilə dövlətinə və xalqına sədaqət nümunəsi göstərmiş Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani müdrik və uzaqgörən siyasətçi kimi tanınmışdır. Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə böyük töhfə vermişdir.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 9 yanvar 2017-ci il.

 

 

 

Published in Məktublar

Hörmətli cənab Prezident,

İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

İran İslam İnqilabının qələbə çalmasında fəal iştirak etmiş Əli Əkbər Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə vermişdir. Onun əziz xatirəsi daim yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 9 yanvar 2017-ci il.

 

 

 

Published in Məktublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Marin Mittusun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Marin Mittus fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Marin Mittus etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı özünün Estoniyaya, Estoniya Prezidentinin də Azərbaycana səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasında çox yaxşı qarşılıqlı anlaşmanın mövcud olduğunu və siyasi sahədə ölkələrimizin daim bir-birini dəstəklədiyini qeyd edərək, eyni zamanda bildirdi ki, ticarət sahəsində bir o qədər də fəal əməkdaşlıq həyata keçirilmir. Azərbaycanın Estoniyada uzun illərdir səfirliyinin fəaliyyət göstərdiyini vurğulayan dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimizin fəal əməkdaşlıq etdiklərini dedi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, ikitərəfli münasibətlərin inkişafında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi işinə daha çox önəm veriləcək və bu da öz növbəsində Estoniya ilə Azərbaycan arasında qarşılıqlı idxal-ixrac əməliyyatlarının stimullaşdırılması, imkanların müəyyənləşdirilməsi üçün yaxşı şərait yaradacaq. Dövlətimizin başçısı əlaqələrimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini də qeyd etdi, mədəniyyət sahəsində əməkdaşlığın xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin Avropa İttifaqı çərçivəsində uğurlu inkişafından məmnunluğunu ifadə etdi.

Səfir Estoniya Respublikasının Prezidenti Kersti Kaljulaidın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Xoş sözlərə görə minnətdarlığını bildirən səfir siyasi əlaqələrimizin uğurla inkişaf etdiyini deyərək yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Səfir iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirdiyini və bir-birilərini dəstəklədiklərini vurğuladı.

Görüşdə ölkələrimiz arasında ticarət, nəqliyyat, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Kersti Kaljulaidın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Estoniyanın Prezidentinə çatdırmağı xahiş etdi.  

 

 

 

AZƏRTAC

 

 

 

Published in Siyasət

İran İslam Respublikasının dördüncü Prezidenti, görkəmli dövlət  xadimi Əli Əkbər Haşimi Rəfsəncani 2017-ci il yanvarın 8-də vəfat edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğuna gəlib, görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Ali Məclisin Sədri Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbərini kədərlə qarşıladığını bildirib. Ali Məclisin Sədri Azərbaycan-İran əlaqələrinin əsasının ümummilli lider Heydər Əliyev və görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən qoyulduğunu qeyd edib, Naxçıvan Muxtar Respublikasının ağır dövründə Əli Əkbər Haşimi Rəfsəncaninin xidmətlərini diqqətə çatdırıb.

İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom Əli Əkbər Haşimi Rəfsəncaninin İran İslam Respublikasının inkişafı sahəsində gördüyü işlərdən danışıb, göstərilən diqqətə görə minnətdarlıq edib.

Sonra Qurani-Kərimdən ayələr oxunub.

Ali Məclisin Sədri baş konsulluqda Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar açılan xatirə dəftərini yazıb, İran dövlətinə və xalqına başsağlığı verib.

 

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

Son illərdə Azərbaycan iqtisadiyyatı məhz qeyri-neft sektoru sayəsində xeyli inkişaf edib, illik orta artım 10 faiz olub. Ölkə neftin qiymətlərinin düşməsinin mənfi təsirlərini azalda bilib. Bu gün neft-qaz sektoru ölkə iqtisadiyyatının 30 faizini təşkil edir, qalan hissəsi isə qeyri-neft sektorunun payına düşür. Bundan əlavə, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi prosesinin dərinləşdirilməsinə yönələn yeni iqtisadi islahatlar həyata keçirir.

Bu barədə İtaliyanın “Eurasian Business Dispatch” portalında dərc olunmuş “Cənubi və Mərkəzi İtaliya şirkətlərinin Azərbaycana ixrac imkanları” adlı məqalədə bildirilir. Yazıda İtaliyanın cənub bölgəsi sahibkarlarının Azərbaycanda sərmayə yatırması və yerli məhsulların Qafqaz bölgəsində tanıdılması imkanlarından bəhs olunub.

Qeyd olunur ki, nüfuzlu təşkilat və agentliklərin rəyinə görə, Azərbaycanda daxili tələbat həm istehlak, həm də sərmayə nöqteyi-nəzərindən orta perspektivdə artımın əsas mənbəyi olacaq və digər sektorları da arxasınca aparacaq. Asiya İnkişaf Bankı hesab edir ki, Azərbaycan hökumətinin neftin qiymətlərinin azalması ilə əlaqədar yaranmış vəziyyətdən çıxmaq üçün gördüyü tədbirlər tezliklər bəhrəsini verəcək.

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər
Çərşənbə axşamı, 10 Yanvar 2017 05:50

Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib

Yanvarın 9-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, qəbulda çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O, Milad bayramının Azərbaycanda yüksək səviyyədə keçirildiyini, bu bayramda hazırda müasir dünyamız üçün mühüm aktuallıq kəsb edən sülhə çağırışın olduğunu vurğulayıb.

Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu bildirən arxiyepiskop deyib ki, multikulturalizm ölkəmizdə dövlət siyasətinin tərkib hissəsidir. O, Azərbaycanda “Multikulturalizm ili”nin uğurla başa çatdığını deyib. Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlamasını yüksək qiymətləndirən Aleksandr ölkəmizdə tolerantlığın yaşayış tərzi olduğunu vurğulayıb. O, Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanların sülh şəraitində yaşadıqlarını bir daha diqqətə çatdırıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunu oxuyub.

Təbrik məktubunda qeyd edilir ki, müstəqil Azərbaycan Respublikası bu gün də öz tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün bərabər demokratik şərait yaradılıb.

Vurğulanır ki, çoxkonfessiyalı və çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması həmişə olduğu kimi, bu gün də, sabah da ölkəmizin tərəqqisi və inkişafı naminə öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirəcək.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təbrik məktubu oxunub.          

AZƏRTAC

 

 

 

 

Published in Sosial həyat

Yanvarın 9-da Fəxri xiyabanda Xalq Şairi Zəlimxan Yaqubun ölümünün ildönümü münasibətilə xatirəsi anılıb və məzarüstü abidəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları, elm, mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və şairin yaxınları iştirak edib.

Akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxışını Zəlimxan Yaqubun ruhuna müraciətlə başlayaraq onun Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərindən danışıb: “Əziz qardaşım, böyük şair, səninlə ayrılığın bir ilinin tamamında, abidəyə çevrilərək millətə qayıtdığın bu anlarda çıxışımı sənə müraciətlə başlayıram. Bura elə bir məkandır ki, burada Azərbaycanın böyük şəxsiyyətləri uyuyur. Sən də müqəddəs Vətən torpağına burada qovuşmusan. Zəlimxan Yaqub Tanrının fitri şairlik istedadı bəxş etdiyi nadir söz ustadlarından idi. Zəlimxan Yaqub Vətənini, xalqını sevirdi. Dövlətinə sadiq insan idi və bütün bunları yaradıcılığında əks etdirirdi. Zəlimxan Yaqub bütün yaradıcılığı ilə onsuz da abidəyə çevrilmişdi. O, bu gün abidə formasında yenidən bizə qayıtdı. 66 il ömür sürən Zəlimxan Yaqub Azərbaycanın ən dəyərli şairlərindən biridir. O, daima Azərbaycan tarixində, ədəbiyyatında yaşayacaq”.

Rafael Hüseynov qeyd edib ki, Zəlimxan Yaqubun yaradıcılığına, onun istedadına ən böyük qiyməti ümummilli lider Heydər Əliyev verib. Prezident İlham Əliyev də daim şairə xüsusi diqqət və qayğı ilə yanaşıb.

Milli Məclisin mədəniyyət komitəsinin sədri vurğulayıb ki, Zəlimxan Yaqubun yaradıcılığında təkcə Güneyli-Quzeyli Azərbaycan həqiqətləri yox, bütün Türk və İslam dünyası öz əksini tapıb. Elə ona görə də Zəlimxan Yaqub bütün Türk və İslam dünyasına mənsub  şairdir.

Professor Qəzənfər Paşayev şair haqqında xatirələrini bölüşüb. Bildirib ki, Zəlimxan Yaqub sözün tarixi məsuliyyətini hiss edən və ömrünün sonunadək əlindən qələmi yerə qoymayan şair idi.  Onun yurd, xalq sevgisindən yoğurulmuş şeirləri Azərbaycan insanı ilə həmişə bir yerdə olacaq.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov Zəlimxan Yaqubun müasir Azərbaycan poeziyasının böyük simalarından biri olduğunu deyib. Vurğulayıb ki, Zəlimxan Yaqub yaratdığı əsərləri ilə qüdrətli qələm sahibi kimi daim ürəklərdə yaşayacaq. O, həm gözəl poeziya nümunələri yaradır, həm də Azərbaycan poeziyasını bütün dünyada təbliğ edirdi. O, ürəyindən keçənləri özünəməxsus intonasiya ilə dünyaya çatdırırdı. Zəlimxan Yaqub, eyni zamanda türk dünyasının böyük şairidir və hər yerdə onun xatirəsi ehtiramla anılır.

Bildirilib ki, Xalq Şairinin abidəsinin müəllifi, Xalq rəssamı Natiq Əliyev, memarı isə Tərlan Həsənovdur.

Şairin ailəsi adından çıxış edən oğlu Bəhlul Yaqubov Zəlimxan Yaqubun xatirəsinə göstərdikləri yüksək hörmət və ehtirama görə hər kəsə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Zəlimxan Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.

AZƏRTAC

 

 

 

 

Published in Sosial həyat
1 -dən səhifə 2