XƏBƏR LENTİ

Cümə, 22 Avqust 2014 13:17

Uşaqlar bizim xoşbəxt gələcəyimizdir

Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunmuşdur.

Viktor Hüqo demişdir: “Mən dünyada körpə qığıltısından əzəmətli himn görmədim”. Doğrudan da hər evin, hər ailənin bəzəyi, yaraşığıdır uşaqlar. Uşaqlar həm də bir dövlətin, bir millətin sabahı, gələcəyidir.

Bu doğma hisslərin, fikirlərin təsiri altında yolumuzu Yasamal rayonunda yerləşən 290 saylı körpələr evi-uşaq bağçasından saldıq. 1986-cı ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçasına açıldığı gündən bu günədək işinə vicdanla yanaşan Rəna Axundova rəhbərlik edir.

Rəna xanım qayğıkeşliyi, zəhmətsevərliyi ilə kollektivin və valideynlərin etimadını qazanıb. Onun rəhbərliyi ilə bağçada möhkəm qayda-qanun hökm sürür, nizam-intizama ciddi riayət olunur. Burada səliqə-sahman, gigiyena baxımından da hər şey öz qaydasındadır. Bütün bunların nəticəsidir ki, kollektiv uzun illər ərzində valideynlərin hörmətini qazanmışdır.

Bağçanın 16 nəfər işçisindən 8-i tərbiyəçi-müəllimdir. Onlar 60-dan çox azyaşlı uşağın təlim-tərbiyəsi ilə məşğul olurlar. Onlardan qabaqcıl müəllimlər; orta qrup metodistləri Fatma Babayeva, Rəfiqə Rüstəmova, kiçik qrup metodistləri Südabə Məmmədova, Zərifə Vəliyeva və hazırlıq qrupunda uşaqların tədrisi ilə məşğul olan Samirə Pənahovanın adını xüsusi qeyd etmək yerinə düşər.

Bağça digər təhsil müəssisələri kimi, 1998-ci ildə başlanan islahatlara uyğun yeni metodlarla işləyir.

Uşaqlar arasında diqqət, hafizə, düşüncə, riyazi təfəkkür, nitqin inkişafı ilə bağlı testlər aparılır, onların intellektual səviyyəsinin yüksəlməsi daim diqqət mərkəzində saxlanılır. Balacalara rəsm, əmək, riyaziyyat, ətraf mühitlə tanışlıq, musiqi kimi fənlərin ilkin əsasları böyük həvəslə öyrədilir.

Müəllim və uşaqların əl işlərini əks etdirən müxtəlif əşyalardan, çınqıllardan hazırlanmış rəngarəng çiçək buketləri bağçanın divarlarını bəzəyir. Dəniz və səmanı xatırladan, mavi çalarları ilə otağın interyerini tamamlayan rəngli əşyalar musiqi otağına xüsusi yaraşıq verir. Burada müxtəlif oyun guşələri vardır. Artıq kiçik yaşlarından balacalar inşaat alətləri, tərəzi və oyuncaqlardan necə istifadə etməyi, yol hərəkəti qaydalarını öyrənirlər.

Fürsətdən istifadə edərək Rəna xanımın fikirlərini öyrənmək istədik. O dedi: “Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda hökumətin sosial siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Son illərdə uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm, məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Respublika Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı nəticəsində balaca fidanların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir.

Gördüyünüz bütün müsbət hallar təbii ki, dövlətimizin diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Bağça Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən hər cür qayğı ilə təmin olunur. Müəssisəmizdə tibb otağında müntəzəm olaraq balacaların sağlamlığı yoxlanılır, profilaktiki tədbirlər görülür. Burada valideyn komitəsi fəaliyyət göstərir. Valideynlərlə müntəzəm görüşlər keçirilir. Qaçqın və məcburi köçkün düşmüş valideynlərin uşaqları bağçada çoxluq təşkil edir ki, bu bizi onlarla daha həssas davranmağa sövq edir. Kollektivimiz var gücü ilə çalışır ki, onlar qaçqın və məcburi köçkün olduqlarını hiss etməsinlər. Bu hissləri daha yaxından yaşayan müəssisə işçiləri işğal olunmuş torpaqlarımızın tezliklə qaytarılmasını, sülhün bərqərar olunmasını səbirsizliklə gözləyirlər. Qarabağ dərdi tək onların yox, hər birimizin yaralı yeridir. Çox istərdik ki, “qaçqın”, “köçkün”, “didərgin” məfhumları bir daha işlənilməsin, körpələr doğma torpaqda özlərini qərib hiss etməsinlər. Bütün bu arzulara çatmaq üçün bu gün balaca fidanlarımızın sağlam, firavan böyüməsi, milli ruhda tərbiyə olunması vacib şərtlərdən biridir”.

Bəli, Rəna xanımın sözlərində böyük həqiqət var. Bu, ömrünü, bütün həyatını sabahımız olan fidanların təlim-tərbiyəsinə həsr edən bir pedaqoqun, təcrübəli bir insanın, bacarıqlı bir təşkilatçının fikirləridir. Şərəfli peşə sahibinə, onun kollektivinə biz də uğurlar arzulayırıq.

Nurəngiz ADİLQIZI,

“Respublika”.

 

 

 

Read 11007 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər892343

Currently are 53 guests and no members online