XƏBƏR LENTİ

Çərşənbə, 17 Mart 2021 10:15

Tanınmış ziyalı Teymur Əhmədovun xatirəsi qəlbimizdə həmişə yaşayacaq

Azərbaycan media ictimaiyyətinə ağır itki üz verib. “Respublika” qəzetinin baş redaktoru, tanınmış alim, filologiya üzrə elmlər doktoru, professor Teymur Əkbər oğlu Əhmədov 2021-ci il mart ayının 16-da 90 yaşında vəfat edib.

Teymur Əhmədov 1930-cu il dekabrın 25-də Şəmkir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsində, Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

Görkəmli jurnalist 1965-1968-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə Nizami Gəncəvi adına Dil və Ədəbiyyat İnstitutunda  baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini, 1988-ci ildən aparıcı elmi işçi olub.

1990-1991-ci illərdə “Vətən həsrəti”, 1992-1993-cü illərdə “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru işləyib.

1995-ci ildən “Respublika” qəzetinin baş redaktoru, 1996-cı ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində çalışıb.

Teymur Əhmədovun Azərbaycan jurnalistikasının inkişafı sahəsində göstərdiyi xidmətlər və səmərəli əməyi yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı, akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilib. 1996-cı ildə “İlin layiqli ziyalısı” fəxri adına layiq görülüb, Həsən bəy Zərdabi və Beynəlxalq Atatürk mükafatları, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2002-ci ildə “Tərəqqi” medalı, 2020-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış ziyalı, qayğıkeş və səmimi insan Teymur Əkbər oğlu Əhmədovun xatirəsi media ictimaiyyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

 

 

Əhməd İsmayılov,

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru.

Read 171 times