XƏBƏR LENTİ

Bazar, 07 Mart 2021 10:46

Ulu öndərin Azərbaycan qadınları ilə unudulmaz görüşləri

Azərbaycan qadını hər zaman öz iradəsi, mərdliyi, saflığı ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında böyük rol oynamışdır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadın əməyi hiss olunmasın. Çox mürəkkəb və şərəfli bir yol keçən Azərbaycan qadını dünya tarixinə öz nümayəndələrini bəxş etmişdir. Eramızdan əvvəlki minilliklərdə Azərbaycan dövlətinə rəhbərlik etmiş qadın hökmdarları, tariximizin sonrakı dövrlərində ayrı-ayrı sahələrdə tanınan görkəmli qadın şəxsiyyətləri xalqımızın başucalığıdır. 

 

 

Qadınlarımız son əsrdə daha böyük inkişaf yolu keçmiş və dövlətin qayğısını hər zaman hiss etmişdir. Ümummilli liderimiz Heydər Əliyev isə bu sahədə də xeyli fərqlənmiş, Azərbaycan qadınları, qadın təşkilatları ilə görüşləri, bu görüşlərdəki mənalı, dolğun çıxışları, səmimi söhbətləri ilə hər kəsə unudulmaz anlar yaşatmışdır. O, qadınlarımız haqqında həmişə yüksək fikirlər söyləmiş, hərtərəfli inkişafları, cəmiyyətdə fəal mövqe tutmaları üçün çalışmışdır. Azərbaycan dili və onun inkişaf etdirilməsində qadınların rolundan danışan ulu öndər demişdir: “Şair və sənətkarlarımıza ilham verən Azərbaycan qadınları ana dilimizi, adət-ənənələrimizi, xalq yaradıcılığının ən gözəl nümunələrini qoruyub saxlamaqla milli mədəniyyətimizin inkişafında misilsiz rol oynamışdır. Həqiqətən bütün Azərbaycan mədəniyyəti əslində həssas qadın qəlbini, qadın zəkasını və nadir qadın müdrikliyini əks etdirən güzgüdür”.

1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Bu qurultayda Nəriman Nərimanov məruzə ilə çıxış etmişdi. Həmin qurultaydan keçən qısa bir müddətdə Azərbaycan qadınlarının maarifləndirilməsi, ictimai fəallığının artması sahəsində böyük işlər görüldü. 1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi. Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında əsas rol oynadı.

1972-ci il iyunun 15-də Azərbaycan qadınlarının IV qurultayı baş tutdu. O vaxt artıq üç il idi ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edirdi. Qurultaya da Mərkəzi Komitənin təbriki göndərilmişdir.

1974-cü il may ayının 15-də “Azərbaycan qadını” (“Şərq qadını”) jurnalının 50 illiyi qeyd olunurdu. Bu münasibətlə keçirilən təntənəli yığıncaqda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev çıxış etdi. O, Azərbaycan qadınlarının I qurultayını xatırlayaraq: “Azərbaycan qadınlarının qurultayları ideya-siyasi tərbiyəvi, diqqətəlayiq məktəb olmuşdur. Birinci qurultay 1921-ci ilin fevralında keçirilmişdir. Nəriman Nərimanov qurultayın rəyasət heyətinin sədri seçilmişdi. Nümayəndələr arasında 500 azərbaycanlı qadın var idi. Onların yalnız üç nəfəri təhsilli idi” - deyən Heydər Əliyev ötən dövrdə Azərbaycan qadınının böyük inkişaf yolu keçdiyini xüsusi vurğulayaraq, qadının ana kimi yüksək ad daşımasını, onun ailənin möhkəmləndirilməsindəki rolunu yüksək dəyərləndirdi: “Vətən məhəbbəti bizim qanımıza ana südü ilə hopur. İlk xeyir-duanı ananın dilindən eşidirik. Ana uşağını məktəbə yola salır, övladın ilk maaşı ananı sevindirir. Ana öz övladına namuslu və səmimi, doğma ölkənin həqiqi vətənpərvəri, beynəlmiləlçi, əməksevər olmağı öyrədir”.

1995-ci il martın 8-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli mərasim keçirilirdi. Həmin mərasimdə Heydər Əliyev bənzərsiz çıxışı ilə hər kəsin qəlbində özünə böyük bir sevgi qazana bildi: “Mən uzun illərin fasiləsindən sonra burada qadınlar bayramında iştirak edirəm... İndi mən həyəcan içərisindəyəm. Çünki burada, bu kiçik salonda Azərbaycanın görkəmli xanımlarını görürəm. Mən onları görməkdən çox məmnunam. Biz uzun illər bir yerdə çalışmışıq, işləmişik, əlaqələrimiz və münasibətlərimiz olubdur. Mən indi burada, xalqımızın bu ağır, çətin dövründə qadınları yenə də bayram əhval-ruhiyyəsində görəndə çox sevinirəm: - deyən ulu öndər qadınların ünvanına xoş sözlər söyləmiş və təbrikini aşağıdakı sözlərlə bitirmişdir: “Bu gün mənim həyəcanlanmağımın səbəbi odur ki, xalqımız çətin, ağır vəziyyətdə, müharibə şəraitində yaşayır - bunların hamısını mən bilirəm, bu çətinliklərə görə qəlbən əzab-əziyyət çəkirəm, çünki bunların hamısına cavabdehəm. Ancaq eyni zamanda sizi şən, xoşbəxt görəndə, nikbin görəndə mən bir daha inanıram ki, xalqımız bu çətinliklərin hamısından çıxacaqdır. Bizim qələbəmizin dayağı qadınlardır, qadınlardır, qadınlardır!”

İncəsənət, sənət adamları ilə görüşlər, onların yubiley mərasimlərində iştirak etməsi bu böyük insanın fəaliyyət dairəsində özünə həmişəlik yer almışdı. Qadın sənətçilərlə görüşlərində Heydər Əliyev son dərəcə təbii, səmimi olurdu. Bütün bunlar qarşı tərəfin nümayəndələrini daha da ürəkləndirir və onların arasında maraqlı diskussiya yaranırdı.

1998-ci il aprelin 23-də Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 85 illiyi münasibətilə Respublika (indiki Heydər Əliyev) sarayında keçirilən təntənəli yubiley gecəsində çıxış edən Heydər Əliyev tarixdə özünə yer almış qadın şairlərimizi yada salıb Məhsəti Gəncəvi, Ağabəyimağa Ağabacı, Heyran xanım, aşıq Bəsti, Xurşidbanu Natəvanın öz əsərlərində Azərbaycan qadınının yüksək mənəvi-intellektual zirvələrə qalxdığını sübut etdiklərini və bütün dünyaya nümayiş etdiklərini onların milli iftixarımız olduqlarını söyləyərkən XX əsrdə bu ənənəni davam etdirən qadın şairlərimizin iki böyük nümayəndəsinin də adını böyük məhəbbətlə çəkmişdi: “Bunu XX əsrdə davam etdirən ən görkəmli qadın şairlərimiz Mirvarid Dilbazi və Nigar Rəfibəyli olmuşlar. “Bu gün biz böyük şairimiz Mirvarid Dilbazinin 85 illiyini qeyd edirik. Eyni zamanda, biz bu gün gözəl Azərbaycan qadını, anası - qeyrətli, namuslu, ismətli, fədakar Azərbaycan qadını Mirvarid Dilbazinin yubileyini qeyd edirik” - deyən ulu öndər təbrik nitqini daha kövrək, səmimi sözlərlə bitirmişdi: “Əziz Mirvarid xanım, mən sizi öpürəm, sağ olun!”

Heydər Əliyev bütün görüşlərində hisslərini heç zaman gizlətmir, bunu biz onun “Sevil” Azərbaycan qadınları Məclisinin şöbə sədrləri ilə görüşlərində, həyatın müxtəlif sahələrində tanınmış insanlara dövlət mükafatlarının təqdimolunma mərasimlərində, yubiley münasibətilə həmin insanlara ünvanlanmış təbriklərində də duyuruq.

1999-cu il aprel ayının 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli alim, akademik Zərifə Əliyevaya həsr edilmiş, “Zərifə xanım Əliyeva” kitab-albomunun təqdimat mərasimində iştirak edən Heydər Əliyevin etdiyi çıxış qısa, lakin hər kəsdə kövrək bir hiss oyadan bir çıxış idi. “Gecənin proqramı xatirə anlayışına uyğundur. Ona görə də bu, qəmli-kədərli bir gecəyə çevrildi. Bəlkə də biz bu hissiyyatları yaşamağımızdan da məmnunuq. Eyni zamanda, hörmətli dostlarımız, qonaqlarımız bu hissiyyatlarımızı siz bizimlə bərabər yaşadınız. Bunlara görə, bugünkü gecədə iştirak etdiyinizə görə hamınıza təşəkkür edirəm”. O, sonra sözünə davam edərək demişdi: “O, insanları sevirdi, insanlar da onu sevirdilər. Ona görə də mən bu gecəni bir növ dostluq, birlik gecəsi adlandırıram. Bu, Zərifə xanımın xatirəsinə ən dəyərli bir abidədir. Bu gecədə nə qədər təsirləndinizsə, eyni zamanda, mən istəyirəm ki, buranı tərk edərkən şad əhval-ruhiyyədə dağılışasınız”.

Heydər Əliyev auditoriyanın ab-havasını tutmaqda heç zaman çətinlik çəkmirdi. Bu da ona çıxışını hansısa ruhda qurmağa kömək edirdi. O, bəzən sərt, bəzən mülayim olurdu, narahatlığını, narazılığını bildirməkdən çəkinmirdi. Yeri gələndə həmsöhbətinin qadınlığını nəzərə alıb iradlarını nisbətən yumşaltmağa çalışırdı. İstər ABŞ-ın dövlət katibi xanım Madelin Olbrayt olsun, istər BMT-nin qaçqınlar üzrə ali komissarı xanım Cadako Oqata olsun. Azərbaycanın milli maraqları necə tələb edirdisə, ulu öndər elə də hərəkət edirdi. O, Azərbaycan qadınlarına isə ən səmimi arzularını dönə-dönə təkrar etməkdən qürur hissi duyurdu: “Azərbaycanın bütün qadınlarına cansağlığı, bütün işlərində uğurlar arzulayıram. Sizə, Azərbaycanın bütün qadınlarına günü-gündən gözəl olmağı arzu edirəm...”

Zümrüd QURBANQIZI,

“Respublika”.

Read 138 times