XƏBƏR LENTİ

Bazar, 07 Mart 2021 10:16

Sosial həyat

Qazilərimizə göstərilən reabilitasiya xidmətləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya xidmətləri ilə tanış olmaq üçün media-tur təşkil edilib.

Bildirilib ki, post-müharibə dövründə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib. Artıq yüksək texnologiyalı protezlə təminata başlanıb və 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. Media nümayəndələri Sumqayıt Reabilitasiya Mərkəzində qazilərimizlə bağlı aparılan reabilitasiya işlərini izləyiblər. Müharibədə yaralanmış hərbiçilər mərkəzdə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiyaya cəlb olunurlar. Müəssisədə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni prosedurlar tətbiq olunur. Onlara sosial-psixoloji xidmətlər də göstərilir. Müəssisə il ərzində əlilliyi olan 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərmək imkanına malikdir.

Məlumat üçün bildirək ki, 2019-2020-ci illərdə Yevlax və Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, bu günlərdə isə Şağan Reabilitasiya Pansionatı istifadəyə verilib. Cari ildə isə Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin açılması planlaşdırılıb. Nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artaraq 30 minə çatacaq.

 

DOST mərkəzlərində 303 mindən çox şəxs

DOST mərkəzlərinin xidmətlərindən 2019-cu ildə 62 948 nəfər, 2020-ci ildə 2,8 dəfə çox olmaqla 177 632 nəfər istifadə edib. Bu ilin yanvar-fevral aylarında isə 62 516 nəfər mərkəzlərin xidmətlərindən faydalanıb.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 2019-cu ilin may ayından Bakıda 3 DOST mərkəzi istifadəyə verilib. Paytaxtın 8 rayonunun (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) sakini DOST xidmətləri ilə əhatə olunub. ümumilikdə DOST xidmətləri ilə əhatə olunanların sayı bu ilin 1 mart tarixinə 303 mini ötüb. DOST mərkəzlərində dövlət sosial xidmətləri “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 97 faizdir. 142 - Çağrı mərkəzi tərəfindən isə 2020-ci ildə əvvəlki ilə nisbətən 3,3 dəfə çox olmaqla 673 374 vətəndaş müraciəti cavablandırılıb. Bu ilin yanvar və fevral ayları (81 051 müraciət) da daxil olmaqla Çağrı mərkəzi vasitəsilə 956 716 müraciətin cavablandırılması təmin olunub.

Mustafa KAMAL,

“Respublika”.

Read 74 times