XƏBƏR LENTİ

Çərşənbə, 02 Aprel 2014 23:24

Binəqədi rayonu: Milli Qəhrəman Fərhad Hümbətovun anım günü qeyd edilmişdir

Binəqədi rayonunda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Azərbaycan Respubliasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Fərhad Hümbətovun anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə keçirilən tədbirdə Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, cəbhə yoldaşları, orta məktəb şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Füzuli Həsənov, Milli Qəhrəman Fərhad Hümbətovun müəllimi Sayad Rəfiyev, cəbhə yoldaşları Şahin Ağayev və Mütəllim Səfərov, həmçinin müharibə veteranı İlham Qayıbzadə şəhidin qısa, lakin mənalı və şərəfli ömür yolu barədə xatirələrini danışmışlar. Onlar Fərhad Hümbətovun bir şəxsiyyət kimi yüksək insani keyfiyyətlərindən bəhs etmişlər. Çıxış edənlər həmçinin, Vətən uğrunda canlarını qurban vermiş oğullarımızın ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsinə toxunaraq bu diqqətin və bu qəbildən olan tədbirlərin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını iştirakçıların diqqətinə çatdırmışlar.

Daha sonra tədbirdə Binəqədi RİH başçısının müavini Aygün Əliyeva çıxış etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Fərhad Hümbətovun timsalında şəhidlərimizin, Milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirmişdir. A.Əliyeva şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasına diqqət çəkərək bu məsələnin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını bildirmişdir.

Anım tədbiri Binəqədi rayonu 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən istedadlı yeniyetmə və gənclərin ifasında təqdim olunan ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etmişdir.

Sonda Milli Qəhrəmanın anım günü ilə əlaqədar ehsan verilmişdir.

Ramiz YUSİFLİ,

“Respublika”.

 

 

 

Read 290 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər496904

Currently are 229 guests and no members online