XƏBƏR LENTİ

Cümə, 05 Mart 2021 09:56

İdmanın inkişafına töhfəmizi əsirgəmirik

2020-ci il tarixə qovuşsa da bir sıra hadisələrlə yadda qalmışdır. Hələ də davam edən COVİD-19 pandemiyası həm insanların sağlamlığına təhlükə yaratmış, həm də dünya iqtisadiyyatına ölçüyəgəlməz dərəcədə zərbə vurmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, 2020-ci il bütün ölkələr üçün iqtisadi cəhətdən ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb.

Lakin buna baxmayaraq, 2020-ci il müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan il kimi daxil olmuşdur. Belə ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, müdrik siyasəti, şanlı ordumuzun qəhrəmanlığı sayəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımız azad edilmişdir.

Yola saldığımız ildə qarşılaşdığımız bi

r sıra çətinliklərə baxmayaraq, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin (“AHİT” İB) kollektivləri müəyyən nəticələr əldə edə biliblər. Qeyd edim ki, “AHİT” İB-nin nəzdində 9 idman təşkilatı, o cümlədən 5 idman cəmiyyəti (“Məhsul”, “Spartak”, “Gənclik”, “Qarabağ” və “Zenit”), 4 idman klubu (“Alpinist və turist”, “Şahmat və dama”, “Atilla” və “Pəhləvan”) fəaliyyət göstərir.

Məlum olduğu kimi, 2020-ci ilin mart ayının sonundan respublikamızın ərazisində COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə idman məktəblərində təlim-məşq prosesi və kütləvi idman tədbirlərinin keçirilməsi dayandırılmışdır. Qəbul edilən hesabatlara 2020-ci ilin ilk üç ayı, bəzi idman növlərində Olimpiya lisenziya yarışları (xarici ölkələrdə) və onlayn şahmat turnirlərinin nəticələri daxildir.

Hesabat ili ərzində Hİ idman təşkilatları 194 bədən tərbiyəsi kollektivini əhatə edərək 14687 nəfər bədən tərbiyəsi və idmanla məşğul olmuşdur. Onlardan 1378 nəfəri qadınlar və qızlardır.

Ümumiyyətlə “AHİT” İB-nin idmançıları ötən il ərzində 54 medal, o cümlədən 33 respublika, 13 beynəlxalq turnirlərdə, 8 Avropa yarışlarında qazanmışlar.

Respublikanın şəhər və rayonlarında olan 136 idman bazası və qurğularında, o cümlədən 2 atıcılıq tiri, 9 stadiondan, 5 kompleks idman qurğusundan, 57 idman zalından, 5 üzgüçülük hovuzundan, 46 sadə idman meydançasından və 18 bədən tərbiyəsi-sağlamlıq mərkəzindən, 1 digər qurğudan Hİ idman təşkilatları əhalinin sağlamlığının möhkəmləndirilməsi və idmançıların hazırlığı üçün istifadə etmişlər.

Gənc idmançıların hazırlığı ilə 2020-ci ildə Hİ idman təşkilatlarının 9 uşaq-gənclər idman məktəbi məşğul olmuşdur (bundan 1-i ixtisaslaşdırılmış olimpiya ehtiyatlı və 8-i kompleks uşaq-gənclər idman məktəbləridir).

Bu UGİM-də 19 bölmədə 1979 gənc idmançı (o cümlədən 227 qız) il ərzində idmanın 12 növü ilə 110 məşqçi-müəllimin rəhbərliyi altında müntəzəm məşğul olmuşlar.

Hesabat ili ərzində UGİM 83 nəfər dərəcəli idmançı (o cümlədən 3 Əməkdar idman ustası, 3 idman ustası, 16 idman ustalığına namizəd, 20 I dərəcəli və 41 kütləvi dərəcəli) hazırlanmışdır.

Həmkarları İttifaqları İdman Təşkilatları kütləvi-sağlamlıq tədbirlərini və spartakiadalar təşkil edir və yüksək səviyyədə keçirirlər. Lakin pandemiya ilə əlaqədar məşqlərin və yarışların keçirilməsi təxirə salınmışdır. Buna baxmayaraq bir neçə cəmiyyət və klubun yarışlarda iştirakı mümkün olmuşdur. Bunlar aşağıdakılardır:

“Zenit” İC-nin idmançıları yola saldığımız rəsmi beynəlxalq və respublika yarışlarında 7 medal qazanmışlar (onlardan 4 yer beynəlxalq, 3-ü isə respublika yarışlarına aiddir).

“Zenit” İC-dən Cəbrayıl Həsənov (Avropa çempionatı), Səbinə Qədirova (Avropa kuboku) - hər ikisi 3-cü yeri tutmuşlar. Respublika yarışlarında qazanılan yerlər: I yer 1 nəfər, II yer 2 nəfər.

“Atilla” İK-nın idmançıları 2020-ci ildə rəsmi beynəlxalq respublika yarışlarında 16 medal qazanmışlar. Onlardan 9-u beynəlxalq yarışlarda, 7-si respublika yarışlarında olmuşdur.

“Atilla” İK-nın dünya və Avropa yarışlarında qazandığı yerlər: Səfərov Orxan Avropa çempionatı - I yer, Məmmədəliyeva Gültac Avropa birinciliyi - II yer, Bayramov Turan Avropa birinciliyi - II yer, Orucov Rüstəm Avropa çempionatı - III yer, Qasımov Elmar Avropa çempionatı - III yer.

“Atilla” İK-nın respublika yarışlarında qazandığı nəticələr: (I yer-3 nəfər), (II yer-1 nəfər), (III yer-3 nəfər).

“Məhsul” İC-nin idmançıları 2020-ci il ərzində beynəlxalq və respublika yarışlarında 14 medal əldə etmişlər. Onlardan 3 yer beynəlxalq, 11 yer respublika yarışlarına aiddir.

“Məhsul” İC-dən Səbinə Qədirova Avropa Kuboku - III yer, respublika yarışlarında I yerə 5 nəfər, II yerə 3 nəfər, III yerə 3 nəfər layiq görülmüşdür.

“Spartak” İC-nin 2020-ci il ərzində rəsmi respublika yarışlarında 6 idmançı medal qazanmışdır (6 nəfər 1-ci yerə çıxmışdır).

“Pəhləvan” İK-dan idmançıları 2020-ci il ərzində rəsmi respublika yarışlarında 6 idmançı fəxri kürsiyə qalxmışdır (1 nəfər II yeri, 5 nəfər 3-cü yeri tutmuşdur).

“Şahmat və dama” İK-dan ötən il beynəlxalq yarışlarında 5 idmançı fəxri yerlərə layiq görülmüşdür. Bundan başqa, Cahandar Azadəliyev Avropa birinciliyində I yerə çıxmış, Riad Səmədov isə Avropa birinciliyində III yerlə kifayətlənmişdir.

Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasını 115 illik yubileyi münasibətilə “AHİT” İctimai Birliyinin əməkdaşlarından “AHİT” İB-nin sədri Nadir Əliyev, şöbə müdiri Binyamin Mənsimzadə, “Gənclik” TİC-in sədri Tofiq Xanəliyev, “Məhsul” İC-nin sədri Rasim Əliyev, “Zenit” İC-nin sədri Fazil Hadibəyov, “Atilla” İK-nın sədri Fərhad Əliyev AHİK-in 115 illik yubileyi döş nişanları ilə təltif olunmuşlar.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “AHİT” İB-nin rəhbərliyi adından bütün həmkarlarımızı təbrik edir, onlara 2021-ci ildə səmərəli fəaliyyət və yeni idman nailiyyətləri arzulayırıq.

Binyamin MƏNSİMZADƏ,

Azərbaycan Həmkarlar İttifaqları

İdman Təşkilatları İctimai Birliyi təşkilatı işlər, kadrlar və idman şöbəsinin müdiri.

Read 154 times