XƏBƏR LENTİ

Çərşənbə axşamı, 06 Aprel 2021 08:45

DÜNYA BU GÜN

VLADIMIR PUTIN DAHA IKI DƏFƏ PREZIDENT SEÇILƏ BILƏR
Rusiya prezidenti Vladimir Putin seçki və referendumların Rusiya Federasiyasının Konstitusiyasına uyğunlaşdırılması ilə bağlı qanun imzalayıb. Bu qanun hazırkı dövlət başçısına daha iki müddət prezidentliyə namizəd olmağa imkan verir. “Sputnik” informasiya agentliyinin məlumatına görə, müvafiq sənəd rəsmi hüquq məlumatları internet portalında dərc olunub.
Prezidentlik müddətləri barədə təşəbbüsün müəllifləri deputatlar Pavel Kraşeninnikov, Olqa Sevastyanova, eləcə də Andrey Klişasdır.
RF Konstitusiyasının 81-ci maddəsinin tələbi nəzərə alınmaqla “RF prezidentinin seçilməsi barədə” qanunda qeyd olunur ki, “35 yaşdan yuxarı, ölkə ərazisində ən azı 25 il yaşamış və əvvəllər başqa ölkənin vətəndaşı olmamış, yaxud orada yaşamaq hüququ və ya digər sənəd əldə etməmiş şəxs Rusiya Federasiyasının prezidenti seçilə bilər”. Bu tələb vaxtilə özü və ya bir hissəsi federal konstitusiya qanunu ilə RF-in tərkibinə daxil olmuş dövlətlərin vətəndaşlığına malik olan, yaxud həmin dövlətlərdə daimi yaşayan şəxslərə şamil edilmir.
Bundan əlavə, qanunda Rusiya Federasiyası prezidenti vəzifəsinə iki müddətdən artıq seçilməyin məhdudlaşdırılması ilə bağlı müddəalar aydınlaşdırılıb. Rusiya Federasiyası Konstitusiyasının eyni şəxsin Rusiya Federasiyası prezidenti vəzifəsini tuta biləcəyi müddət sayını məhdudlaşdıran müddəası Rusiya Federasiyası prezidenti vəzifəsini tutmuş və hazırda tutan şəxsə müvafiq məhdudlaşdırmanı nəzərdə tutan qanunun qəbulundan əvvəl vəzifədə olduğu müddətlər nəzərə alınmadan şamil edilir.


PEYVƏNDLƏNMƏNIN NƏ VAXT BAŞA ÇATACAĞI AÇIQLANIB
Bu gün bütün dünyanı maraqlandıran suallardan biri də peyvəndlənmə prosesinin nə qədər davam edəcəyidir. Bu barədə “Sputnik” informasiya agentliyi Türkiyə mediasına istinadən xəbər verib.
Bildirilir ki, hazırda 138 ölkədə təxminən 565 milyon dozada peyvəndlənmə həyata keçirilib. Bir gün ərzində isə 13,9 milyon insan peyvəndlənib.
Bu rəqəmlər ilk baxışda yüksək görünür. Lakin 7,8 milyardlıq dünya əhalisi üçün bu rəqəm çox cüzidir. Odur ki, mütəxəssislər peyvəndləmə prosesinin daha uzun sürəcəyini proqnozlaşdırırlar. Onlar bildirirlər ki, bu sürətlə davam edərsə, dünya əhalisinin peyvəndlənmə prosesinin 3 il və daha artıq davam edəcəyi gözlənilir.
Dünyaca məşhur “Economist” dərgisində yer alan məlumata görə, inkişaf etmiş ölkələrdə peyvəndlənmə 2022-ci ilin ortalarında, orta gəlirli ölkələrdə 2022-ci ilin sonu, yoxsul ölkələrdə 2023-cü ilin əvvəllərində başa çatacaq. Daha yoxsul ölkələrdə isə bu prosesin 2024-cü ilədək davam edəcəyi ehtimal olunur.


ƏFQANISTANDA 75 “TALIBAN” SILAHLISI ZƏRƏRSIZLƏŞDIRILIB
Əfqanıstanın təhlükəsizlik qüvvələrinin əməkdaşları ölkənin cənub əyaləti Qəndaharda “Taliban” hərəkatının 75 silahlısını zərərsizləşdirib. “Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin xəbərində bildirilir.
Verilən xəbərə görə, hərbçilər xüsusi əməliyyat nəticəsində Qəndaharın Arqandab rayonu üzərində nəzarəti ələ almağa müvəffəq olublar.
Qəndaharın Polis İdarəsinin məlumatına görə, öldürülənlər arasında qruplaşmanın bir neçə komandiri də var.
Əfqanıstanın Müdafiə Nazirliyindən əlavə ediblər ki, “taliblər”dən təmizlənmə üzrə əməliyyatlar həmçinin Zabul, Kunar, Nanqarhar və Taxar əyalətlərində keçirilib.
Eyni zamanda, məlumata əsasən, “Taliban” hərəkatının nümayəndələri qisas əməliyyatı haqqında xəbərdarlıq ediblər. Qruplaşma həmçinin ölkənin paytaxtı Kabildə təhlükəsizlik qüvvələri əməkdaşlarına hücumların təşkil ediləcəyini bildirib.


TÜRKIYƏDƏ ISTEFADA OLAN 10 ADMIRAL SAXLANILIB
Türkiyədə Montrö konvensiyası ilə bağlı yayılan bildirişi dəstəkləyən istefada olan 10 admiral şübhəli şəxs qismində saxlanılıb, daha 4 şübhəliyə isə 3 gün ərzində polisə müraciət etmələri üçün bildiriş göndərilib. “Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ankara Baş Prokurorluğu açıqlama yayıb.
Bildirilib ki, şübhəlilər “103 admiraldan Montrö bildirişi” başlığı altında internet saytlarında və sosial şəbəkədə yayılan bildirişi dəstəkləyiblər. Onlar dövlətin təhlükəsizliyinə və Konstitutisyasına qarşı suç işləməkdə ittiham olunurlar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan istefada olan 104 admiralın birgə bəyanatına münasibət bildirərkən deyib: “Təqaüdə çıxan heç bir dövlət qulluqçusunun kollektiv şəkildə hər hansı bir təşəbbüslə çıxış etmək haqqı yoxdur. Biz indiyə qədər bu admiralların, diplomatların bir yerə toplanaraq son dövrlərdə Kiprdən Qarabağa qədər apardığımız mübarizə ilə bağlı ölkəmizə dəstək bəyanatları yaydıqlarını görmədik. Eyni zamanda 15 iyul dövlət çevrilişinə cəhddə də onların millətimizin yanında olduğunu görmədik”.
Xatırladaq ki, aprelin 4-də istefada olan 103 admiral adından yayılan bildirişdə Montrö konvensiyasını Türkiyənin diplomatik qələbəsi adlandırıblar. Onlar hesab edib ki, həmin sənədə əsasən, Bosfor və Dardanel boğazlarında Türkiyənin suveren hüquqları bərpa edilib. Onlar sözlərinə görə, Bosfor boğazına paralel olaraq keçəcək, Mərmərə və Qara dənizləri birləşdirəcək “İstanbul” kanalı layihəsi ilə əlaqədar razılaşmaya yenidən baxılması haqqında müzakirə qəbuledilməzdir.


MARK ZUKERBERQIN ŞƏXSI MƏLUMATLARI ƏLƏ KEÇIRILIB
“Facebook” şirkətinin banisi Mark Zukerberqin telefon nömrəsi, şəxsi məlumatları və sosial şəbəkənin daha 533 milyon istifadəçisinin şəxsi məlumatları sosial şəbəkəyə sızıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Daha əvvəl “Business Insider” nəşri bildirib ki, “Facebook”un 106 ölkədən istifadəçisinin şəxsi məlumatları və telefon nömrələri internetə sızıb. Nəşrin məlumatına görə, bu informasiya haker forumunda dərc edilib.
ABŞ-dan olan 32 milyondan çox sosial şəbəkə istifadəçisinin, Səudiyyə Ərəbistanından 28 milyondan çox istifadəçinin, həmçinin Rusiyadan demək olar, 10 milyondan çox şəxsin məlumatları ələ keçirilib. Söhbət adlardan, yerin təyin olunması, doğum tarixlərindən və başqa məlumatlardan gedir.
Qəzet bildirib ki, Mark Zukerberqin şəxsi məlumatlarının itkisinə diqqəti “Twitter” istifadəçilərindən biri yönəldib. O, öz hesabında “Facebook”un banisinin şəxsi məlumatlarının göstərildiyi skrinşotu paylaşıb.
“İtkiyə gəlincə, söhbət 533 milyon insanın şəxsi məlumatından gedir. İstehza doğuran budur ki, Mark Zukerberq də həmçinin onların arasındadır”, - deyə bildirilir.
Məlumat üçün qeyd edək ki, “Facebook” şirkəti və eyniadlı sosial şəbəkənin əsası 2004-cü ildə Mark Zukerberq tərəfindən qoyulub.


LG SMARTFON ISTEHSALINI DAYANDIRDI
Cənubi Koreyanın “LG Electronics Inc” şirkəti maddi ziyana və yüksək rəqabətə görə mobil telefonlar bazarından getdiyini elan edib. “Report”un verdiyi xəbərə görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, şirkət smartfonların istehsalının satışını Vyetnamın “Vingroup” və Almaniyanın “Volkswagen” avtokonserni ilə müzakirə etsə də, razılaşmalar əldə olunmayıb.
Bununla yanaşı, agentliyin məlumatına görə, LG-nin mobil biznesi 2015-ci ildə zərərlə işləməyə başlayıb, ötən il onun ümumi məbləği 4,4 milyard ABŞ dolları təşkil edib.
Məlumat üçün qeyd edək ki, “LG Group” Cənubi Koreyanın miqyasına görə dördüncü maliyyə-sənaye qrupudur.
Daha əvvəl bildirilib ki, LG bu ilin fevral ayından smartfonların inkişaf etdirilməsini dayandırıb. Növbəti qərar şirkətin ilin birinci yarısında planlaşdırılan yeni smartfonların təqdimatını təxirə salması olub.

Read 79 times