XƏBƏR LENTİ

Şənbə, 20 Fevral 2021 10:15

Rusiyalı ekspert: “DQr”in müstəqilliyinin tanınması Azərbaycan Ordusunun hücumunu dayandırmağa heç cür kömək edə bilməzdi

Serj Sarkisyan 2013-cü ilin martında bəyan etmişdi ki, “əgər Azərbaycan hərbi əməliyyatlara başlayarsa, o halda biz Dağlıq Qarabağ respublikasının müstəqilliyini tanıyacağıq”. Bununla belə, 2016-cı ilin Aprel müharibəsi zamanı belə qərar qəbul edilmədi. 2020-ci ilin avqustunda özünün mətbuat konfransında isə Sarkisyan öz yanaşmasını izah edərkən, diqqəti ona çəkdi ki, 2016-cı ildə hərbi əməliyyatlar qısamüddətli idi, digər tərəfdən “bu məsələdə həddindən artıq tələskənlik bizim bundan sonrakı diplomatik uğurumuza mane ola bilərdi”.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov bu fikirləri “Svobodnaya pressa” internet-nəşrinə müsahibəsində bildirib.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bu yaxınlarda verdiyi bir müsahibəsində ölkənin indiki rəhbərliyini 2020-ci ilin payızında hərbi əməliyyatlar zamanı Dağlıq Qarabağın müstəqilliyini tanımamaqda təqsirləndirib.

Analitik əminliklə qeyd edir ki, Ermənistan rəhbərliyi (o cümlədən Serj Sarkisyanın prezidentliyi dövründə) belə bir qərarın Ermənistan üçün xeyirli cəhətlərindən daha çox riskli olduğunu açıq-aşkar görürdü. O vurğulayıb: “Yerevanda, hər şeydən əlavə, bu addıma Moskvanın mənfi reaksiyasını gözləyə bilərdilər. Bu ssenarinin icra olunacağı təqdirdə Ermənistan heç bir halda əlavə diplomatik, xüsusən hərbi dəstək almağa nail ola bilməyəcəkdi”.

Analitik qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiyanın öhdəlikləri hər bir halda yalnız Ermənistanın ərazisinə şamil edilərdi, Moskva bu məqama dəfələrlə, o cümlədən 2020-ci ilin payızında Qarabağda silahlı eskalasiyanın gedişində də istinad edib. Məsələn, 2020-ci ilin oktyabrında Vladimir Putin vurğulayıb ki, “hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır”. Bu mənada Yerevan tərəfindən “DQr”in tanınması qərarı Rusiya üçün hərbi sahədə yeni öhdəliklər yaratmazdı.

M.Neyjmakovun sözlərinə görə, çoxları (Serj Sarkisyanın prezident olduğu dövrdə də) gözləyirdi ki, Azərbaycana ciddi güzəştlər ediləcəyi halda Ermənistanda çox ciddi narazılıq partlayışı baş verəcək.

Ekspert bildirib: “Serj Sarkisyanın hakimiyyətdə olduğu dövrün müəyyən mərhələlərində Qarabağa dair danışıqların sürətləndirilməsi ilə bağlı Yerevana açıq-aşkar ciddi beynəlxalq təzyiq göstərilirdi, lakin hətta belə təzyiq altında Ermənistanın ovaxtkı rəhbərliyinin belə riskli qərarlar qəbul etməyə nə dərəcədə hazır olması böyük sualdır”. 

RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının İctimai Elmlər İnstitutunun Beynəlxalq siyasət və xarici regionşünaslıq kafedrasının müəllimi Sergey Marqulis də “Svobodnaya pressa”ya müsahibəsində bildirib ki, hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən “DQr”in tanınması artıq xüsusi məna kəsb etmirdi.

O deyib: “Bu, Azərbaycan Ordusunun hücumunu dayandırmağa heç cür kömək edə bilməzdi, əksinə, Bakını atəşkəs barədə dialoqdan çəkindirərdi. Mən əmin deyiləm ki, “DQr”in müstəqilliyinin tanınacağı halda Azərbaycan hətta indiki şəraitdə belə sülhə razı olardı”.

Yerevanın Dağlıq Qarabağın suverenliyini hələ də tanımamasının səbəblərinə gəlincə, S.Marqulisin fikrincə, bunun bir neçə səbəbi var.

“Birincisi, bu, Fransa başda olmaqla Qərb ölkələrində və ABŞ-da yaşayan diasporun təsiridir. Yerevanda haqlı olaraq ehtiyat edirdilər və yenə də ehtiyat edirlər ki, diaspor daha əvvəlki kimi “alicənab” olmayacaq, çünki diaspor nümayəndələri buna açıq-aşkar hazır deyillər, onların öz maraqları və şübhəsiz, Yerevandakı rəsmi hökumətə təsir göstərmək üçün qeyri-formal imkanları var.

İkincisi, Ermənistan ölkə iqtisadiyyatının ən mühüm kreditoru və sərmayəçisi olan Avropa İttifaqı ilə əməkdaşlığa görə narahatdır. Bundan başqa, Ermənistan bu ilə qədər “GSP+” Avropa ticarət preferensiyasına daxil idi, bu imtiyazlar Ermənistana Aİ ölkələrinin bazarlarına 6 minə yaxın adda məhsulu gömrük rüsumu olmadan tədarük etmək imkanı verirdi.

Üçüncüsü, Ermənistanın əsas tərəfdaşı və müttəfiqi olan Rusiya yəqin ki, bu addımı bəyənməzdi”, - deyə S.Marqulis bildirib.

Sarkisyanın Ermənistanın və Qarabağın siyasi elitasını Azərbaycan ilə sazişə getməyə razı sala biləcəyi barədə sözlərini ekspert belə şərh edib: “Belə addım hökmən satqınlıq kimi qəbul edilərdi, bu isə onun siyasi karyerasına son qoya bilərdi. Azərbaycana hər hansı güzəşt Ermənistanda çox sərt qarşılanır, burada isə söhbət ermənilərin yaşadıqları ərazilərin qaytarılmasından gedirdi. Əminəm ki, o, sülh şəraitində heç vaxt buna getməzdi”.

S.Marqulis əlavə edib ki, indiki şəraitdə “DQr”in suverenliyinin tanınması üçün real zəmin yoxdur.

 

 

AZƏRTAC

Read 81 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər892315

Currently are 138 guests and no members online