XƏBƏR LENTİ

Cümə, 19 Fevral 2021 08:50

DÜNYA BU GÜN

TÜRKIYƏ XİN-I RUSIYANIN KRIMDA KEÇIRDIYI ƏMƏLIYYATLARLA BAĞLI BƏYANAT YAYIB
“Ötən gün səhər saatlarında Krımda soydaş Krım tatar türklərinin evlərinə edilən basqınları və həbs qərarlarını narahatlıqla qarşılayırıq”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
“Krım yarımadasında yerli nümayəndə olan Krım tatarlarına qarşı bu cür tədbirlərə son verilməsinə çağırırıq. Krımın qeyri-qanuni ilhaqını tanımayan Türkiyə Krım tatarlarının yanında olmağa davam edəcək”, - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, son iki gündə Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukraynanın işğal altındakı Krım yarımadası daxil olmaqla ölkənin bir çox regionunda terrorçuluğa qarşı əməliyyatlar keçirib. Əməliyyatlar zamanı saxlanılan şəxslər terrorçu təşkilatla əlaqədə olmaqda ittiham edilir.
Qeyd edək ki, yarımadanın işğalından sonra Krım Tatar Milli Məclisinin “ekstremist təşkilat” olaraq fəaliyyəti yasaqlanıb. Bununla da Məclislə birbaşa əlaqəsi olan 2500-dən çox tatar “ekstremist təşkilat” üzvü hesab edilib. Həmçinin minlərlə tatar yarımadanı tərk edib.
Bununla yanaşı, verilən xəbərə görə, Krım tatarlarının evlərinə, məscidlərə, uşaq evlərinə edilən təzyiqlər və “terror təşkilatına üzv olma” iddiası ilə saxlanılmalar davam edir.
Eyni zamanda, bildirilir ki, təkcə 2019-cu ildə Rusiya təhlükəsizlik qüvvələri Krım tatarlarına aid evlər, məscidlər və məktəblərdə 86 əməliyyat keçirib. Bu basqınlarda 157 nəfər saxlanılıb, 194 nəfər dindirilib, 335 nəfər isə həbs edilib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.


İTALIYA SENATI YENI HÖKUMƏTƏ ETIMAD GÖSTƏRIB
İtaliya Senatı Nazirlər Kabinetinin sədri Mario Draqinin rəhbərlik etdiyi yeni hökumətə etimad göstərib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Varese News” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, Nazirlər Kabinetinin lehinə 262 nəfər səs verib, 40 senator ona qarşı çıxıb. İki nəfər səsvermədə iştirakdan imtina edib. Bu halda minimal hədd 161 səs təşkil edib.
Mario Draqi çıxışı zamanı deyib: “Göstərilən hörmətə görə sizə təşəkkür edirəm, bu, mənim rəhbərliyim altında olan hökumətin fəaliyyəti ilə əsaslandırılmalı və təsdiqlənməlidir”.
Avropa Mərkəzi Bankının keçmiş sədri Mario Draqinin rəhbərlik etdiyi İtaliyanın yeni hökuməti fevralın 13-də prezident Serjo Mattarellanın iştirakı ilə respublikaya sədaqət andı içib.
Bildirilir ki, yeni Nazirlər Kabineti 23 üzvdən ibarətdir. Hökumətdə bütün siyasi partiyalar təmsil olunur. Keçmiş baş nazir Cüzeppe Kontenin hökumətini təmsil edən bəzi nazirlər, o cümlədən xarici işlər naziri Luici Di Mayo, daxili işlər naziri Luçanu Lamorceze, müdafiə naziri Lorenso Querini, səhiyyə naziri Roberto Speransu, mədəniyyə naziri Dario Françeskini öz postlarını qoruyublar.


QLOBAL BORC 282 TRILYON DOLLARA YÜKSƏLIB
2020-ci ildə koronavirus pandemiyasının təsiri ilə qlobal borcun məbləği 24,1 trilyon ABŞ dolları və yaxud 9,4 faiz artaraq bu il yanvarın 1-nə 281,5 trilyon dollar təşkil edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun “Qlobal Borc Monitoru” hesabatında bildirilir.
Sənədə əsasən, illik artım 61 ölkəni əhatə edib və son 10 ildə qlobal borcun məbləğində qeydə alınmış 88 trilyon dollarlıq artımın 1/4-dən çoxdur.
Ötən il qlobal borcun dünya üzrə ümumi daxili məhsulun (ÜDM) dəyərinə nisbəti isə 35 faizlik bəndi aşaraq 355 faiz təşkil edib. Bu il isə sözügedən dinamikanın bir qədər səngiyəcəyi gözlənilir.
Hesabat tarixində qlobal borcun 82,3 trilyon dolları dövlətlərin, 80,6 trilyon dolları qeyri-maliyyə şirkətlərinin, 67,5 trilyon dolları maliyyə şirkətlərinin, 51,1 trilyon dolları isə ev təsərüfatlarının payına düşüb.
Bundan başqa, inkişaf etmiş ölkələr qlobal borcda 203,7 trilyon dollar (11,4 faiz çox), inkişaf etməkdə olan ölkələr isə 77,7 trilyon dollar (4,2 faiz çox) paya malik olub.


RUSIYA XİN: DUBLINDƏ “CASUS BAZASI” YARATMIRIQ
Rusiya İrlandiyadakı səfirliyində heç bir “casus bazası” yaratmır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə irland mətbuatında bununla bağlı irəli sürülən iddiaya Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilib.
Açıqlamada qeyd edilib ki, səfirlik işə başladıqdan sonra İrlandiya Xarici İşlər Nazirliyinin rəhbərliyi və yerli KİV nümayəndələri səfirliyin binasına gələrək, hər şeyi öz gözləri ilə görmək fürsəti əldə ediblər.
XİN vurğulayıb ki, yerli KİV-lərdə Rusiya səfirliyinə qarşı bu cür əsassız iddialar ilk dəfə deyil ki dərc olunur.
İrlandiya mediası ötən həftə paytaxt Dublində yeni açılan Rusiya səfirliyinin binasının ölkənin təhlükəsizliyi üçün ciddi təhdid olduğunu yazıb.
İddiaya əsasən, İrlandiyanın yerli hakimiyyət orqanları Rusiyanın diplomatik nümayəndəlik ərazisində gizli casus bazası qura biləcəyindən ehtiyat edir.
Bununla yanaşı, irland mənbələri Rusiyanın səfirliyin yerləşdiyi ərazidə hərbi məqsədlər üçün - siqnalları və məlumatları ötürmək, eləcə də qəbul etmək üçün gizli bazaların inşa edə biləcəyi barədə xəbərdarlıq edib.


90 NƏFƏR ÖZ ISTƏYI ILƏ KORONAVIRUSA YOLUXDURULACAQ
İngiltərədə “COVID-19”a qarşı mübarizə çərçivəsində inkişaf etdirilən peyvənd və müalicə üsulları üçün yeni və qeyri-adi tədqiqat aparılacaq. Bu barədə “Sputnik” informasiya agentliyi Türkiyənin “NTV” telekanalına istinadən məlumat yayıb.
Dünyada ilk dəfə həyata keçiriləcək və artıq razılığı alınmış “COVID-19” üzrə insan təcrübələrində 18-30 yaş arası 90 nəfər peyvənd və müalicə testləri üçün öz istəyi ilə koronavirusa yoluxdurulacaq.
Verilən xəbərə əsasən, bu təcrübəyə sağlam və gənc könüllülər cəlb olunacaq. Elmi təcrübəyə gələn həftə başlanılması gözlənilir. Xüsusi olaraq seçilən 90 nəfərə təhlükəsiz və nəzarət altında olan mühitdə “COVID-19” virusu inyeksiya ediləcək. Həmin şəxlər hər an tibb işçilərinin müşahidəsi altında olacaqlar.
“Human Challenge” adı verilən tədqiqatda İngiltərə hökumətinin peyvənd qurumu, “İmperial College London”, “Royal Free London NHS Foundation Trust” ve “hVİVO” şirkəti iştirak edirlər.
Peyvənd qurumunun rəhbəri Clayv Diks deyib: “İngiltərəni bir sıra təhlükəsiz və effektli peyvəndlərlə təmin etdik, lakin virusun tamamilə yox olması üçün “COVID-19”a qarşı yeni peyvənd və müalicə üsulları inkişaf etdirməliyik”.
Bununla yanaşı, Clayv Diks qeyd edib ki, bu tədqiqat virusun necə işlədiyinə dair misilsiz məlumatlar əldə etməyə imkan verəcək və hansı peyvənd preparatının infeksiyanın qarşısını almaqda daha təsirli olduğunu anlamağımıza kömək edəcək.


GÜRCÜSTANDA TIBBI MASKA ILƏ BAĞLI CƏZALAR SƏRTLƏŞDIRILIR
Gürcüstanda qoruyucu maskadan istifadə etməməyə görə cəzalar sərtləşdirilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bununla bağlı ölkə parlamenti İnzibati Xətalar Məcəlləsinə düzəlişlər layihəsini üçüncü oxunuşda təsdiqləyib.
Sənədə əsasən, qapalı və açıq məkanlarda maska taxmayan şəxslər 20 lari məbləğində cərimə olunacaq. İndiyədək bu cərimə yalnız qapalı məkanlara aid idi.
Vətəndaş açıq və qapalı ictimai yerlərdə qoruyucu maskadan istifadə qaydalarını təkrar pozarsa, həmin şəxs 40 lari məbləğində cərimə ödəməli olacaq.
Düzəlişlərə görə, maskasız şəxslərin qapalı məkanlara daxil olmasına icazə verən obyektlərə qarşı min lari məbləğində cərimə cəzası tətbiq olunacaq.
Qeyd edək ki, Gürcüstanda ötən ilin noyabrından həm qapalı məkanlarda, həm də açıq havada qoruyucu maskadan istifadə məcburi olub. Martın 2-dək qüvvədə olan məcburi istifadə müddətinin artırılması nəzərdə tutulub.

Read 133 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər892351

Currently are 115 guests and no members online