XƏBƏR LENTİ

Çərşənbə axşamı, 19 Noyabr 2019 09:04

DÜNYA BU GÜN

ƏRDOĞAN: TÜRKIYƏ “PATRIOT”LARA GÖRƏ “S-400”LƏRDƏN IMTINA ETMƏYƏCƏK
Türkiyə “Patriot”lara görə Rusiyanın “S-400” raket sistemlərindən tam şəkildə imtina edə bilməz. “Report” informasiya agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin yekunlarına dair ölkəsinə qayıdarkən jurnalistlərlə görüşü zamanı bəyan edib.
Məlumata görə, Vaşinqtonda prezident Donald Trampla danışıqları zamanı “Patriot” raket sistemlərini satın almağa hazır olduqlarını qeyd edən Ərdoğan bildirib ki, NATO-da ikinci ən böyük orduya sahib olan Türkiyə Amerika ilə sıx əlaqələrə malikdir.
Rəcəb Tayyib Ərdoğan deyib: “Müdafiə mənbələrimizi şaxələndirmək milli mənafeyimizin və suveren hüquqlarımızın zəruri parçasıdır. “S-400”lərin müdafiə sistemimizdə yerinə böyük əhəmiyyət veririk. Əlverişli şərtlərlə versəniz, “Patriot”lardan da alarıq. Hərçənd “Patriot”ları alarkən “S-400”ləri tamamilə qırağa qoymaq təklifini də suveren hüquqlarımıza gətirilən məhdudiyyət olaraq görür və əsla düzgün hesab etmirik. Hazırda Yunanıstanın “S-300”ləri var, oraya dair heç belə təkliflər irəli sürülmədi”.
“F-35” qırıcı təyyarələrlə bağlı proqramda müştəri yox, tərəfdaş qismində iştirak etdiklərini vurğulayan Türkiyə prezidenti Vaşinqtonda keçirdiyi danışıqlar zamanı amerikalı həmkarı Donald Trampı çox müsbət, yanaşmalarında daha konstruktiv gördüyünü dilə gətirib.

 

MORALES: PARLAMENT ISTEFAMI TƏSDIQ ETMƏSƏ ÖLKƏYƏ QAYIDACAM
Boliviyanın sabiq prezidenti Evo Morales bildirib ki, əgər parlament onun istefa haqqında göndərdiyi ərizəni təsdiq etməsə, vətənə qayıdacaq. “Report” agentliyinin məlumatına görə, bu barədə o, “Universal” qəzetinə müsahibəsində bildirib.
“Mənim istefa haqqında ərizəm assambleyadadır. Əgər assambleya onu qəbul etməsə, mən geri qayıdacam. İndi hiss edirəm ki, Boliviyanı sakitləşdirməyə qadirəm”, - deyə Evo Morales müsahibəsində qeyd edib.
Eyni zamanda, Meksikada siyasi sığınacaq almış sabiq prezidentin sözlərinə görə, sülhü silahla gətirmək olmaz. Evo Morales vurğulayıb ki, Boliviyaya sülhü BMT-nin, katolik kilsəsinin və vasitəçi ölkələrin iştirakı ilə dialoq gətirəcək.
Xatırladaq ki, Evo Moralesin başçılıq etdiyi Boliviya hökuməti noyabrın 10-da istefaya gedib və sabiq prezident ölkəni tərk edib. Prezident səlahiyyətləri müvəqqəti olaraq Senatın müxalifətçi vitse-spikeri Janin Anyesə keçib.


“SARI JILETLILƏR” DÖVLƏTƏ 2,5 MILYARD AVRO ZIYAN VURUB
“Sarı jiletlilər” hərəkatının etiraz aksiyaları fransalı iş adamlarına və dövlət büdcəsinə ciddi ziyan vurub. “Report” agentliyinin məlumatına görə, nümayişlərin başlamasından bir il sonra hökumət dəymiş zərəri 2,5 milyard avro dəyərində qiymətləndirib.
Verilən xəbərə görə, ötən bir il ərzində nümayişçilərin aqressiv hərəkətlərindən zərər görmüş 5 min istehsalçı və kommersiya müəssisəsi biznesin bağlanmaması üçün dövlətdən kömək istəyib.
Eyni zamanda, iş adamları 460 milyon avro məbləğində sosial sığorta fonduna və digər vergi ödəmələrinin təxirə salınmasını istəyiblər. Son bir ildə sığorta şirkətləri 13 min müəssisəyə 230 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Fransada “sarı jiletlilər”in aksiyaları 2018-ci il noyabrın 17-də başlayıb. Nümyişlər əvvəlcə avtomobil yanacağının qiymətinin artmasına etiraz olaraq keçirilib. Məhz buna görə də etirazçılar sarı jiletlər geyinirdilər.
Təşkilatçıların məlumatına görə, ilk aksiyaya 282 min iştirakçı qatılıb. Hazırda ictimai kampaniyanın iştirakçılarının tələblərinə təkcə sosial-iqtisadi deyil, həm də hökumətə qarşı siyasi iddialar da daxildir.


PALATA SƏDRI D.TRAMPI KORRUPSIYADA ITTIHAM EDIB
“ABŞ Konqresinin Nümayəndələr Palatasında şahidlərin ifadələri ABŞ prezidentinə qarşı korrupsiya iddialarını təsdiqləyib”. “Report” agentliyinin “Deutsche Welle” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə palatanın sədri Nensi Pelosi bildirib.
Məlumata əsasən, söhbət ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Uilyam Teylor və ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Corc Kentin dindirilməsindən gedir.
“Prezident tərəfindən təyin olunan insanlar çox açıq şəkildə bir sıra məsələlərə toxundular, bu sarsıdıcı ifadələr korrupsiya faktlarını təsdiqlədi”, - deyə Nensi Pelosi vurğulayıb.
Eyni zamanda, Nensi Pelosinin sözlərinə görə, Donald Tramp siyasi rəqibinə qarşı istintaq aparılmayacağı təqdirdə Ukraynanı hərbi yardımı dayandıracağı ilə hədələyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib və içdiyi andı pozub.
Nəşrin məlumatına görə, Nensi Pelosi Donald Trampın əməllərində korrupsiya əməli kimi “quid pro quo” (xidmətə qarşı xidmət - red.) prinsipini qəbul edir.
“Biz burada latın dilində danışırıq... quid pro quo - bu, rüşvətxorluqdur. ABŞ Konstitusiyasında da impiçment proseduru ilə bağlı bu barədə maddə mövcuddur. Bu, açıq-aşkar prezidentin 2020-ci il seçkilərində üstünlük əldə etmək üçün cəhdi olub. ABŞ Konstitusiyasına əsasən, rüşvətxorluq məmurların, o cümlədən prezidentin vəzifəsindən uzaqlaşdırılmasına əsas verir”, - deyə Nensi Pelosi vurğulayıb.
Qeyd edək ki, ABŞ-da siyasi qalmaqal D.Trampın bu il iyulun 25-də Ukrayna prezidenti Vladimir Zelenskiylə telefon danışığı ilə bağlı yaranıb. KİV-də yayılan məlumatlara görə, söhbət əsnasında Ağ Evin rəhbəri rəsmi Kiyevi 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində Trampın potensial rəqibi olan Cozef Bayden, həmçinin onun oğlu Hanter barəsində istintaq başlatmağa məcbur etməyə çalışıb.


ÇILIDƏ AKSIYALAR ZAMANI 26 MINDƏN ÇOX ADAM SAXLANILIB
Çilidə etiraz aksiyaları başlayandan 26 mindən artıq insan saxlanılıb. “Report” agentliyi “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin Ali Məhkəməsinin açıqlamasına əsasən, oktyabrın 18-dən ölkə boyu keçirilən etiraz nümayişləri zamanı noyabrın 11-nə olan məlumata görə, 26126 nəfər saxlanılıb.
Tutulanlardan 1100-ə yaxını azad edilib. Saxlanılanlardan 1396 nəfər prokurorluğun tələbilə həbs edilib, 320 halda belə bir tələb əsassız sayılıb.
“Vəziyyət ciddidir. Məncə, ən qısa vaxtda dialoqa başlayaraq razılaşma yolları tapılmalıdır”, - deyə Ali Məhkəmənin sədri Lamberto Sisternasın nümayəndəsi bildirib.
Xatırladaq ki, ötən ayın əvvəllərində Santiaqo metrosunda qiymətlərin qaldırılmasından sonra başlayan etiraz aksiyaları tez bir zamanda başqa şəhərlərə də sirayət edərək təhsil və səhiyyənin acınacaqlı səviyyəsinə, maaşların azlığına, bahalığa qarşı etirazlara çevrilib.
Ötən gecə hökumətlə müxalifət arasında gələn ilin aprel ayında yeni Konstitusiyaya dair ümumxalq referendumu keçirmək, ölkədə sabitliyi və asayişi bərpa etmək barədə razılaşma imzalanıb.


RUSIYADA GƏLƏN IL “AĞILLI DAYANACAQLAR” INŞA EDILƏCƏK
Gələn il Rusiyada pilot rejimində avtobuslar çağıracaq “ağıllı dayanacaqlar” inşa ediləcək. “Report” agenliyinin məlumatına görə, bu barədə “Avtonet” Milli Texnologiya Təşəbbüsünün rəsmi nümayəndəsi Yaroslav Fedoseyev bildirib.
İnnovasiya infrastrukturunun ideyası sərnişinlərin dayanacaqda toplaşacağı təqdirdə, müşahidə kameralarının köməyi ilə sistemin ictimai nəqliyyat vasitəsini gözləyənlərin lazımi sayına əmin olmasından sonra avtobusun marşrut xəttinə çıxarılmasından ibarət olacaq.
Xidmətin iş prinsipi bundan ibarətdir: dayanacaqda qurulmuş avtobusun xüsusi çağırış düyməsini işə salmaq lazımdır, bundan sonra sistem videodetektorun köməyi ilə sərnişinlərin sayını yoxlayacaq. Əgər avtobus gözləyənlərin sayı beş nəfərdən çox olarsa, sistem marşrut xəttinə avtobus çıxaracaq.
Bundan başqa, dayanacaqda təqaüdçülərə və imtiyazlı şəxslərə sosial taksi çağırışı üçün düymələr qurulacaq. Bu sosial qrupdan olan sərnişinlər üçün qabaqcadan avtobus sifarişi nəzərdə tutulub.
Yaroslav Fedoseyev bildirib ki, texnologiya Samara, Volqoqrad və Kursk əyalətlərində sınaqdan keçiriləcək.

Read 55 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər496881

Currently are 166 guests and no members online